Noyabrın 6-da Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə Vətən müharibəsində Qələbəmizin ildönümünə həsr olunmuş “Qələbə hünəri” adlı respublika yaradıcılıq sərgisi açılacaq.
Dövlət Rəsm Qalereyasından AZƏRTAC-a bildirilib ki, sərgi Azərbaycanın, xüsusən də işğaldan azad olunmuş ərazilərin təbiət gözəlliklərinin tərənnümü, Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığının və qazanılmış möhtəşəm tarixi Zəfərin əsərlərdə nümayişi məqsədilə təşkil olunacaq.
Xətai Sənət Mərkəzində açılacaq sərgidə 100 əsər nümayiş ediləcək. Nümayiş olunan əsərlərin müəllifləri sertifikatla təltif olunacaqlar.
Sərginin Nazirlər Kabineti yanında Operativ Qərargahın COVID-19 pandemiyası ilə əlaqədar qəbul etdiyi karantin qaydalarına uyğun keçirilməsi planlaşdırılır.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 6 nömrəli filialının əməkdaşı Fəridə Qarayeva 44 günlük Vətən müharibəsinin iştirakçısı, şəhid Cavid Həsənov haqqında “Vətənin qürurlu övladları" adlı videoçarx hazırlayıb.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, videomaterialda şəhid Cavid Həsənovun ömür yoluna geniş nəzər salınıb.
Cavid Həsənov 1993-cü il martın 6-da Bakı şəhərində anadan olub. 1999-2006-cı illərdə Nizami rayonunda V.Sadıqov adına 214 nömrəli tam orta məktəbdə, 2006-2010-cu illərdə isə Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseydə (FRITL) təhsil alıb. O, 2010-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasına daxil olub. 2014-cü ildə ali təhsilini başa vuraraq Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissədə həqiqi hərbi xidmət keçib.
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusunun əks-hücum əməliyyatında iştirak edən Cavid Həsənov bütün döyüş tapşırıqlarını şərəflə yerinə yetirib. O, oktyabrın 20-də Xocavənd uğrunda gedən döyüşlərdə şəhid olub. İkinci Fəxri xiyabanda dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün ölümündən sonra "Vətən uğrunda", “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Videoçarx kitabxananın sosial media hesabları üzərindən paylaşılıb.
Ölkəmizin mədəni həyatında Azərbaycan klassik vokalçılar festivalı bir bayrama çevrilib. Festival ilk dəfə 2019-cu ildə Azərbaycan Vokalçılar Festivalı adı ilə təşkil olunub. Dövlətimizin dəstəyi ilə baş tutan budəfəki festival artıq beynəlxalq statusu alıb. Bu, o deməkdir ki, müstəqil Azərbaycanın klassik ifaçıları artıq dünyanın tanınmış musiqiçiləri ilə eyni səhnəni bölüşəcəklər.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Heydər Əliyev Sarayının rəhbəri, Əməkdar artist Ramil Qasımov oktyabrın 15-də Heydər Əliyev Sarayında II Azərbaycan Beynəlxalq Vokalçılar Festivalına həsr olunmuş konfransda deyib.
Bildirib ki, ölkəmizdə keçirilən irimiqyaslı festivallar, müsabiqələr dövlətimizin diqqət və qayğısı sayəsində gerçəkləşir. Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən Qəbələ Beynəlxalq Musiqi Festivalı, Şəki İpək Yolu Festivalı ilə yanaşı, digər festivalların hər biri klassik musiqimizin təbliğinə xidmət edir. İnanıram ki, beynəlxalq vokalçılar festivalı da neçə-neçə istedadlı gəncin üzə çıxmasına və bu janra məhəbbətin daha da artmasına xidmət edəcək.
Festivalın proqramı barədə məlumat verən Ramil Qasımov bildirib ki, Mədəniyyət və İncəsənət Universitetində Rəşid Behbudovun repertuarından mahnılar dinləniləcək, Bakı Musiqi Akademiyasının tələbələrinin ifasında klassiklərimizin musiqiləri səslənəcək, Dövlət Xor Kapellasının çıxışı olacaq. Festivalda bir neçə mədəniyyət ocağının iştirak edəcəyini bildirən Əməkdar artist bağlanış mərasiminin Heydər Əliyev Sarayında keçiriləcəyini söyləyib.
Tədbirdə Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sənətşünasıq üzrə fəlsəfə doktoru, dosent Nərgiz Hüseynova “Azərbaycan vokal sənətinin inkişaf mərhələləri” mövzusunda çıxış edib. Bildirib ki, Azərbaycanda vokal ifaçılıq sənəti XIX əsrin sonu XX əsrin əvvəllərinə təsadüf edir. O zamanlar Bakıda Rusiya və digər ölkələrdən gələn truppalar çıxış edirdi. Onların çıxışları Azərbaycanda vokal sənətinə də marağı artırırdı. Azərbaycan Opera və Balet Teatrının fəaliyyəti sonradan vokal sənətinin inkişafına səbəb olub. Yeni-yeni vokalçıların meydana gəlməsinə təsir edib. Bunun nəticəsində Azərbaycanda bəstəkarlıq məktəbi formalaşmağa başlayıb, opera tamaşaları səhnəyə qoyulub. Bu səbəbdə də Şərqdə ilk opera tamaşası məhz Azərbaycanda yaranıb.
Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı “Bülbül Azərbaycan vokal sənətinin banisidir” mövzusunda çıxış edib. Bildirib ki, böyük sənətkar Bülbül zəngin yaradıcılıq yolu keçib və özünün çoxşaxəli fəaliyyəti ilə Azərbaycanın musiqi mədəniyyəti tarixində silinməz izlər qoyub. Onun Şərqlə Qərbin musiqi ənənələrinin qovuşuğunda novatorcasına yüksək məharətlə canlandırdığı rəngarəng obrazlar ifaçılıq sənətinin bənzərsiz nümunələridir. Milli musiqi xəzinəsi incilərinin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılmasında Bülbülün müstəsna xidmətləri vardır.
Bülbülün böyük şəxsiyyət, böyük sənətkar, Azərbaycan professional vokal sənətinin banisi olduğunu deyən S.Təhmirazqızı bildirib ki, onun ifasında səslənən xalq mahnıları, muğam, klassik opera partiyaları Azərbaycan musiqisinin qızıl fondunu təşkil edir.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru Məryəm Babayeva Rəşid Behbudov yaradıcılığına toxunub. Onun xalq mahnılarının mahir ifaçısı olduğunu söyləyib.
Konfrans məruzələrlə davam edib.
Azərbaycan Yazıçılar Birliyi (AYB) katibliyinin növbəti toplantısında birliyin pandemiya səbəbindən təxirə salınmış XIII Qurultayının tarixi müzakirə edilib.
AZƏRTAC xəbər verir ki, toplantıda qurultayın 2022-ci ildə, yaz aylarında Şuşada, Vaqif Poeziya Günləri ərəfəsində keçirilməsi qərara alınıb. Qurultaya hazırlıq işləri ilə bağlı təkliflər səsləndirilib. Seksiyalara məruzələrin hazırlanmasının tapşırılmasına və məruzələrin yanvar ayında müzakirə edilməsinə, qurultay nümayəndələrinin yanvar ayından etibarən seçilməsinə qərar verilib. Toplantıda seksiyalara yeni təyinatlar da müzakirə edilib. Səyyad Aran nəsr seksiyasının, Kamran Nəzirili tərcümə seksiyasının sədri, İbrahim İlyaslı isə poeziya seksiyası sədrinin müavini təyin edilib.
Daha sonra Yazıçılar Birliyi üzvlərinin üzvlük haqlarının vaxtında ödənilməsi məsələsi müzakirə edilib. Qeyd edilib ki, üzvlük haqları borcunun silinməsinə baxmayaraq, 2020-2021-ci il üçün üzvlük haqlarını ödəməyən çoxsaylı üzvlər var. Bu üzvlərə xəbərdarlıq edilməsinə, üç il üzvlük haqlarını ödəməyən üzvlərin birliyin sıralarından xaric edilməsinə, üzvlük haqlarının ödənilməsinin asanlaşdırılması üçün Yazıçılar Birliyinin bank kartının elanlarda qeyd edilməsinə qərar verilib.
Azərbaycanda “Səhnə” adlı yeni teatr yaradılıb.
AZƏRTAC xəbər verir ki, teatr “1 Səhnə” prodüser mərkəzinin nəzdində açılıb. Mərkəzin direktoru, aktyor Elçin Hacı bu barədə məlumat verərək teatrsevərləri təbrik edib.
“Səhnə” teatrının bədii rəhbəri Xəqani Əliyev yaradıcı kollektivin insanlarda teatra marağı daha da artıracağına inandığını bildirib.
Teatrın ilk işi Mirzə Fətəli Axundzadənin “Hekayəti-müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadukuni-məşhur” əsərinin motivləri əsasında hazırlanan “Bir dəfə Qarabağda” adlı etno-muzikl janrında tamaşa olacaq. Tamaşa oktyabrın 30-31-də Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində təqdim olunacaq. Biletləri iticket.az saytından əldə etmək olar.
Tamaşanın rejissoru Elvin Mirzəyev, bəstəkarı Azər Hacıəsgərli, şeirlərin müəllifi Eminquey Akifdir. Rolları Elçin Hacı, Əhliman Ərşadlı, Ramil Məmmədov, Mətanət Eres, Abdulla Elşadlı, İranə Kərimova, Ülvi Haşim və Ruhiyyə Yəhyayeva canlandıracaq. Tamaşada səsləndirilən musiqilər qədim milli musiqi alətlərindən ibarət “Əsrlərin sədası” ansamblına məxsusdur. Ansamblın bədii rəhbəri Məmmədəli Məmmədovdur.
Tahir Salahov kimi görkəmli mədəniyyət ustaları bizim ortaq irsimizdir.
Rusiyalı jurnalist və hərbi ekspert, “Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko bu sözləri Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin “Azərbaycan” pavilyonunda Xalq rəssamı Tahir Salahovun xatirə gecəsində söyləyib.
O deyib: “Biz görkəmli Azərbaycan rəssamı Tahir Salahova ehtiramımızı bildirməklə onun xatirə gecəsini Rusiya və Azərbaycan xalqları arasında əlsıxma, dostluq körpüsü, daha yaxın olmaq, bütün sahələrdə, o cümlədən ən mühüm sfera olan mədəniyyət sahəsində əlaqələri inkişaf etdirmək istəyi kimi qiymətləndiririk. Mədəniyyət müharibənin əleyhinədir, o, millətləri və xalqları yaxınlaşdırır, mədəniyyət bəşəriyyətin ümumi sərvətidir. Belə görkəmli mədəniyyət ustaları bizim ümumi irsimizdir”.
Məşhur rusiyalı jurnalist vurğulayıb ki, bu tədbir Rusiya və Azərbaycan xalqlarını, onların mədəniyyətini daha da yaxınlaşdırır. O deyib: “Mən özüm sosialist realizminin böyük pərəstişkarıyam. Bu yaxınlarda Tretyakov qalereyasının filialında böyük sərgi keçirildi. Orada nümayiş etdirilən işlər arasında Tahir Salahovun əsərləri də vardı. Bu, bir daha sübut edir ki, Rusiya və Azərbaycanı ortaq fundamental dəyərlər bağlayır”.
Ümümdünya Turist Bələdçiləri Assosiasiyaları Federasiyasının (WFTGA) beynəlxalq təlimçiləri İris Berri və Qennadiy Çudnoveç tərəfindən turist bələdçiləri üçün keçirilmiş “Təlimçilərin təlimi” yekunlaşıb.
Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, 1 həftə ərzində 8 ingilisdilli, 12 rusdilli bələdçiyə keçirilmiş təlimin əsas məqsədi sertifikatlaşdırılmış milli təlimçilərin sayını artırmaqdır.
Nəzəri və praktiki məşğələlərdə müdavimlərə təlimçinin rolu, ixtisaslaşma proqramlarının hazırlanmasına dair beynəlxalq standart, kursların dizaynı və hazırlanması, iştirakçı rəyinin vacibliyi, praktiki qiymətləndirmə, yazılı imtahanların təşkili və digər mühüm mövzular barədə ətraflı biliklər verilib.
Təlimin həyata keçirilməsi prosesində Azərbaycan Turizm Bürosu və Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasına Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin (BMZ) tapşırığı ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) tərəfindən icra edilən “Cənubi Qafqazda özəl sektorun inkişafı və peşə təhsili və təlimi” proqramı çərçivəsində dəstək göstərilib.
Çili Respublikasının Azərbaycanda müvəqqəti işlər vəkili Fidel Ko¬loma Dövlət Tərcümə Mərkəzində olub.
Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, görüş zamanı Azərbaycan–Çili ədəbiyyatlararası əlaqələr istiqamətində qarşıda duran vəzifələr, ədəbi mübadilələrin onlayn formatda təşkili məsələləri müzakirə edilib.
Fidel Koloma deyib: “Azərbaycan yazıçılarının, xüsusilə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin əsərlərinin, hikmətli kəlamlarının Çili oxucularına, Çili yazarlarının əsərlərinin Azərbaycan oxucularına daha operativ şəkildə, onlayn formatda çatdırılması ədəbiyyatlararası mübadilələrin intensivliyinə öz müsbət təsirini göstərəcək. Hazırda səfirliyimizdə bu istiqamətdə işlər gedir, Azərbaycan yazıçılarının əsərlərinin Çili ədəbiyyat portallarında yerləşdirilməsi üçün müvafiq araşdırmalar aparılır. Bu layihənin xalqlarımız arasında dostluq və anlaşma körpülərini yaradacağına, hər iki ölkənin ədəbi-mədəni həyatına əlamətdar töhfələr verəcəyinə əminik”.
Sonunda qonaq Moskvada nəşr olunmuş “Çili ədəbiyyatı antologiyası” kitabını Mərkəzə hədiyyə edib.
“YARAT Akademiyası”nın çoxdan gözlənilən və “YARAT”-ın 10 illiyinə həsr olunan “Tarix yazılarkən” adlı payız sessiyası davam edir.
“YARAT”dan AZƏRTAC-a bildirilib ki, debat formatında təşkil olunacaq bu sessiyada iştirakçıları yerli və xarici ekspertlərin çox maraqlı müzakirələri gözləyir. Hər bir debat “YARAT”-da keçirilmiş ən yadda qalan sərgilərə həsr olunacaq. Layihədə iştirak etmək üçün onlayn müraciət formasını doldurmaq vacibdir. Qeydiyyatdan keçmək üçün: cutt.ly/TE4xsL1 linkinə müraciət etmək olar.
Sessiyaya qatılmaq istəyənlər oktyabrın 21-dək müraciət edə bilərlər.
Xarici dildə olan mühazirələr Azərbaycan dilinə sinxron tərcümə ilə keçiriləcək.
Proqram iştirakçılarında COVID pasportun olmağı mütləqdir.
“YARAT” Müasir İncəsənət Mərkəzi “Art-terapiya” dərslərinə yenidən başlayıb.
“YARAT”dan AZƏRTAC-a bildirilib ki, əvvəllər də olduğu kimi, sessiyalara sənətşünas, rəssam və art-terapevt Mehriban Şəmsədinskaya rəhbərlik edəcək. “Art-terapiya” iştirakçılara daxili dünyaları və yaradıcı təbiətlərinin kəşf edilməsində əvəzedilməz köməkçi olacaq. Qeyd edək ki, seanslarda iştirak etmək üçün rəsm bacarıqlarının olması vacib deyil. Dərslərə qatılmaq üçün yaş məhdudiyyəti yoxdur.
Dərslər oktyabrın 20-si, 27-si və noyabrın 3-də saat 16:00-da keçiriləcək.