Oktyabrın 23-dən 30-dək İstanbulda 9-cu Boğaziçi Beynəlxalq Film Festivalı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, gənc prodüserlərə və rejissorlara yeni filmlər çəkmək üçün maddi və mənəvi dəstək yaratmaq məqsədi daşıyan festivalda Azərbaycan da təmsil olunacaq.
“Beynəlxalq qısametrajlı bədii film” bölməsində Teymur Hacıyevin “Axşama doğru” filmi mükafat uğrunda yarışacaq. Bu bölmədə Fransa, Çin, ABŞ, Rumıniya və digər ölkələrdən 9 film yer alıb. “Beynəlxalq qısametrajlı sənədli film” bölməsində isə Fariz Əhmədovun “Sonuncu” filmi mübarizəyə qoşulub. “Sonuncu” filmi də öz kateqoriyasında müxtəlif ölkələrdən 9 filmə qarşı yarışacaq.
Qeyd edək ki, festivalın “beynəlxalq bədii film” kateqoriyasının münsiflər heyətində azərbaycanlı rejissor Hilal Baydarov da var.
“Azərkitab” Kitab Təbliğatı Mərkəzində şair, ssenarist Turan Uğurun dünya və Azərbaycan ədəbiyyatının poetik nümunələri ilə ömürlərə sətir – sətir yazılacaq “Sətirlər” adlı kitabının təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, tanınmış yazıçı və şairlərin qatıldığı tədbirdən əvvəlcə müəllif imzalı kitabları oxuculara hədiyyə edib.
Təqdimat mərasimində AZƏRTAC-ın əməkdaşı Araz Fərzəliyev çıxış edərək izləyicilərin sevərək baxdığı “Sətirlər”in həm dünya ədəbiyyatına, həm Azərbaycan ədəbiyyatına maraq oyadan veriliş olduğunu söyləyib. “Oxucular müəllifin bir çox ssenari və müxtəlif səpkili şeirləri ilə son iki il yarım ərzində “Mədəniyyət” kanalından yayımlanan “Sətirlər” verilişindən tanışdırlar. Lakin bu dəfə həmin ssenarilərdə ehtiva olunan şair, yazıçı talelərini Xalq artisti Mehriban Zəkinin nəfis təqdimatı ilə deyil, şair, ssenarist Turan Uğurun daxili pıçıltıları ilə oxuyacaqlar. Xüsusilə, Viktor Hüqo haqqında hazırladığı veriliş çox bəyənilib və diqqətləri öz üzərinə çəkib. İnanırıq ki, proqram yeni-yeni uğurlara yol açacaq”, - deyə A.Fərzəliyev vurğulayıb.
Yazıçı-publisist Mustafa Çəmənli, yazıçı Azər Məmmədov və publisist Elçin Şıxlı müəllifin yaradıcılığından və kitabın məziyyətlərindən söz açaraq onun gördüyü işi yüksək qiymətləndiriblər. Çıxışlarda qeyd edilib ki, Turan Uğurun şeirləri, esseləri, həmçinin fransız dilindən etdiyi tərcümələri müntəzəm olaraq müxtəlif jurnallarda nəşr edilib. “Sətirlər” kitabı gənc yazarın oxucularla ilk görüşüdür. Kitabın ilk sayı Əhməd Cavada, Mikayıl Müşfiqə, İsmayıl Şıxlıya, Xəlil Rzaya, Anara, Sabir Rüstəmxanlıya, habelə Viktor Hüqoya, Aleksandr Dümaya, Anna Axmatovaya, Nəcib Fazilə, Qabriel Qarsia Markesə və digər ədiblərə həsr olunub.
Diqqətə çatdırılıb ki, müəllif oxucuları nəzərə alaraq, kitabda ssenari formatından çıxarılmış, texniki cəhətdən sadələşdirilmiş mətnləri təqdim edib. O, “Azərbaycan ədəbiyyatından seçmələr”, “Dünya ədəbiyyatından seçmələr”, “ Baharda doğulanlar”, “İtirdiklərimiz”, “Nobel mükafatçıları” kimi daimi rubrikaları da nəşrə əlavə edib. Kitabda Turan Uğurun 60 ssenarisi, 11 şeiri və fransız dilindən tərcümə etdiyi 3 şeir yer alıb. Bundan əlavə, müəllif verilişin prinsip və ana xəttini kitabda da nəzərə alıb.
Qeyd edək ki, “Mücrü” nəşriyyatında çapdan çıxan kitabın redaktoru Azər Qismətdir.
Oktyabrın 14-də Moskvada, Xalq Təsərrüfatı Nailiyyətləri sərgisinin “Azərbaycan” pavilyonunda SSRİ-nin, Azərbaycanın və Rusiyanın Xalq rəssamı, Sosialist Əməyi Qəhrəmanı Tahir Salahovun xatirə gecəsi və onun əsərlərinin sərgisi keçirilib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak edib.
AZƏRTAC xəbər verir ki, tədbir çərçivəsində Raya Abbasovanın müasir dövrün görkəmli sənətkarının həyat və fəaliyyətindən bəhs edən “Dialoq” kitabının təqdimatı keçirilib. Böyük sənətkarın nəvəsi Kayxan Salahov tərəfindən hazırlanmış “Sonsuzluq” adlı videoinstalyasiya da qonaqlara təqdim edilib.
Tədbirdə çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva deyib:
-Görkəmli rəssam Tahir Teymur oğlu Salahovun xatirə gecəsində sizi salamlamağa çox şadam. Bu, çox rəmzi haldır ki, bugünkü tədbir Moskvada, Xalq Təsərrüfatı Nailiyyətləri sərgisinin “Azərbaycan” pavilyonunda keçirilir. Doğma Bakı kimi Moskva şəhəri də Tahir Teymur oğlu üçün çox əziz idi. Tahir Salahov öz yaradıcılığı ilə bütün dünyanı fəth etdiyinə baxmayaraq, onun həyatının əsas hadisələri məhz Rusiyada və Azərbaycanda baş verib. Onun nadir yaradıcılıq üslubu və xarakteri məhz burada formalaşıb. İncəsənət dünyanı gözəlləşdirir. Tahir Salahovun yaradıcılığı sayəsində biz onun dünyasını – harmoniya və xoş duyğularla dolu nurlu dünyanı görürük. Biz xoşbəxtik ki, bu heyrətamiz insanla bir dövrdə yaşamışıq, onunla tanış olmuşuq, ünsiyyət saxlamışıq. Onun sənətini fərqləndirən məhz sevgidir – Vətənə, təbiətə, insanlara sevgi. Tahir Salahovun qəhrəmanları onun müasirləri, neftçilər, yazıçılar, bəstəkarlardır. O, obrazlar yaratmır, insanlar yaradırdı. Ona görə də onun əsərlərinə baxanda inanırıq və hiss edirik ki, bunlar canlı əsərlərdir, həyatın özü kimi canlıdır.
Bu gün bizimlə olduğunuza görə sizə təşəkkür edirəm. Tahir Salahovun ailəsinə, Zelfira İsmayılovna, sizə bizi dəstəklədiyinizə görə, bu tədbirin hazırlanmasında iştirak etmiş, ona qəlbinin bir hissəsini qoymuş insanların hamısına təşəkkür etmək istəyirəm. Arzum budur ki, Tahir Salahovun zəngin irsi bundan sonra da xalqlarımızı yaxınlaşdırmaqda davam etsin, gənc istedadlara yol açsın.
Sizin hamınıza xoşbəxtlik, cansağlığı arzu edirəm, ən xoş diləklərimi bildirirəm. Sağ olun.
X X X
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bu tədbirin təşkilinə görə Heydər Əliyev Fonduna təşəkkürünü bildirərək qeyd edib ki, Heydər Əliyev Fondu və onun Rusiyadakı nümayəndəliyi Azərbaycan ilə Rusiya arasında qarşılıqlı münasibətlərin möhkəmlənməsi üçün Tahir Salahov kimi çox iş görür.
Polad Bülbüloğlu deyib: “Unudulmaz rəssam, unudulmaz insan, möhtəşəm filosof. Görünür, həyatda mənim çox bəxtim gətirib ki, 1960-cı illərin əvvəlindən başlayaraq biz ünsiyyətdə olmuşuq, çoxsaylı səfərlərdə olmuşuq, sovet dövründə, 1968-ci ildə Meksika kimi unikal ölkədə 20 gün bir yerdə olmuşuq. Bu, unudulmaz günlər idi. Həmin günlər həmişəlik yaddaşımızda qalıb. Bu gün görkəmli rəssamın aramızda olmamasını təsəvvür etmək çətindir. Lakin onun əsərləri var. Allaha şükür, biz elə bir dövrdə yaşayırıq ki, video, foto, kino var. Bir insan, şəxsiyyət kimi onun xatirəsi həmişə bizimlə olacaq. Deyirlər insanı xatırlayırlarsa, deməli o yaşayır. Onu isə çox adam xatırlayır. Onun əsərləri əsasında Azərbaycan haqqında, Rusiya haqqında fikirlər yürüdəcəklər”.
Dövlət Tretyakov qalereyasının baş direktoru Zelfira Trequlova Tahir Salahov ilə yaxından tanış olduğunu söyləyib. O deyib: “Ona bir insan kimi hədsiz hörmət edirdim və bir rəssam kimi onun qarşısında baş əyirdim. Mən Tretyakov qalereyasına gələndə uzun illər boyu düşündüyüm və arzuladığım bir işi görməyə nail oldum. Bu, Tretyakov qalereyasında Tahir Teymuroviçin əsərlərinin parlaq retrospektivi idi. 2016-cı ildə Tahir Salahovun Tretyakov qalereyasında ilk sərgisi açıldı. Tahir Salahov böyük rəssam olmaqla bərabər, həm də qeyri-adi zahiri və daxili gözəlliyə malik, inanılmaz dərəcədə müdrik və eyni zamanda, çox təvazökar və nəzakətli adam idi”.
Z.Trequlova vurğulayıb ki, Tahir Salahov qeyri-adi sənətkar idi. Onun yaradıcılığında milli motivlər Moskvada görkəmli müəllimlərindən öyrəndikləri ilə uzlaşırdı. O, kifayət qədər erkən yaşlarında xarici ölkələrə səfər etməyə başlayıb, o dövrün dünya incəsənətini görüb.
Tahir Salahovun nəvəsi rəssam Kayxan Salahov böyük ustada həsr edilmiş “Sonsuzluq” adlı videoinstalyasiyanı təqdim edib. K.Salahov AZƏRTAC-ın müxbiri ilə söhbətində qeyd edib ki, bu iş gənc nəslin diqqətini Tahir Salahov yaradıcılığına cəlb etməlidir.
Tədbir iştirakçılarının diqqətinə təqdim edilmiş, “Dialoq” kitabının müəllifi Raya Abbasova söhbətində bildirdi ki, Tahir Salahov ilə onun tanışlığı çoxdan başlamışdı. R.Abbasova dedi: “2000-ci illərin əvvəlində mən ondan ilk müsahibə aldım. Sonradan dəfələrlə görüşdük. Tahir Teymuroviçin 90 illiyinə həsr edilmiş kitab üzərində işləmək mənə təklif olunanda məmnuniyyətlə razılıq verdim. Tahir Teymuroviç haqqında kitab yaratmaq ideyasına görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevaya hədsiz minnətdaram”.
Sərginin ekspozisiyasında rəssamın şəxsi arxivlərdə saxlanılan işləri, ailə albomundan fotoşəkillər təqdim olunub.
Tədbirdə Azərbaycanın və Rusiyanın görkəmli mədəniyyət xadimləri iştirak ediblər.
Kino tariximizin tədqiqi, digər tərəfdən xalqın mənəvi yaddaşının yeni nəslə çatdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Görkəmli kinorejissor, Əməkdar incəsənət xadimi, Azərbaycan kino tarixində ilk rəngli bədii filmin müəllifi Hüseyn Seyidzadə daim düşünən, axtarışda olan rejissor idi. Çəkdiyi filmlərin üzərində yaradıcılıqla işləyir, hər kadra məna verməyə çalışırdı. Belə olmasaydı təbii ki, onun filmləri ümumxalq məhəbbəti qazanmazdı.
AZƏRTAC xəbər verir ki, bu gün görkəmli kinorejissor Hüseyn Seyidzadənin anadan olmasından 111 il ötür.
1910-cu ildə qədim Azərbaycan şəhəri olan İrəvanda dünyaya göz açan Hüseyn Seyidzadə yeniyetmə çağlarından zəhmətə alışıb. Erməni daşnaklarının azərbaycanlılara qarşı törətdikləri cinayətlər zamanı onun ailəsi Bakıya köçmüş və yeniyetmə Hüseyn fabrikdə fəhləlik etmişdir. Həyata nikbin baxışı 1928-ci ildə onu aktyor kimi Bakı İşçi Teatrının səhnəsinə gətirib. O, 1929-cu ildə Leninqrada (indiki Sankt-Peterburq) Dövlət Fəhlə Gənclər Teatrına təcrübə keçməyə göndərilib və bir il sonra Bakıya qayıdaraq “İlk komsomol buruğu” bədii filmində neftçi rolunda çəkilib.
O, Moskva Dövlət Kinematoqrafiya İnstitutunda təhsil aldığı illərdə (1931-1936) Mixail Romm, Lev Kuleşov, Sergey Eyzenştey kimi tanınmış sənətkarlardan kino sənətinin sirlərini öyrənib. Bakıya qayıdan gənc mütəxəssis kinostudiyada “Bakılılar”, “Bir ailə” bədii filmlərində rejissor assistenti, dublyaj rejissoru işləyib. Onun Niyazi Bədəlovla birgə hazırladığı “Ayna” (1940) bədii filminin çəkilişləri məlum olmayan səbəblərə görə dayandırılsa da, iki il sonra həmin materiallar əsasında “Sovqat” qısametrajlı bədii filminə quruluş verib. Bir müddət “Lenfilm”, “Mosfilm” və M.Qorki adına kinostudiyalarda təcrübə keçən sənətkar, bu studiyalarda istehsal olunan filmlərdə rejissor assistenti, ikinci rejissor vəzifələrində çalışıb.
H.Seyidzadə rejissor kimi 43 il ərzində cəmi beş bədii film - “O olmasın, bu olsun”, “Koroğlu”, “Yenilməz batalyon”, “Dəli Kür”, “Qayınana”, bir qısametrajlı bədii film - “Sovqat”, iki sənədli film - “Əbədi Odlar diyarı” və “Doğma xalqımıza” ekranlaşdırıb. Hüseyn Seyidzadənin 1945-ci ildə çəkdiyi “Əbədi Odlar diyarı” tammetrajlı sənədli filmində doğma torpağın gözəllikləri, qədim abidələr tərənnüm edilmiş, tarixi şəxsiyyətlərin portretləri, Böyük Vətən müharibəsi illərində Azərbaycan xalqının rəşadəti və əmək qəhrəmanlığı öz əksini tapıb. Unudulmaz sənətkarın 1956-cı ildə Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” operettası əsasında ekranlaşdırdığı eyniadlı film bir rejissor kimi bitib-tükənməyən istedadını ortaya qoymuşdur. Görkəmli kino xadiminin sonralar bir-birinin ardınca ekranlaşdırdığı “Yenilməz batalyon”, “Dəli Kür” filmləri Azərbaycanın mədəni həyatında mühüm hadisəyə çevrilib. Sənətkarın filmlərinin ümumxalq məhəbbətini qazanması kino tarixində özünə layiq yer tutması rejissorun hər kadr üzərində yaradıcılıqla işləməsi, hər kadra məna verilməsi ilə əlaqələndirib.
Hüseyn Seyidzadə hələ 1954-cü ildə rejissor Yan Fridlə birgə çəkdiyi “Doğma xalqımıza” adlı ilk rəngli Azərbaycan bədii-sənədli filmi rejissorun milli kinematoqrafiyanı şöhrətləndirə biləcək əsərlər yaratmağa qadir olduğundan xəbər verirdi. Onun yaratdığı filmlər çox sınaqlardan çıxsa da ənənəvi qiymətdən, axından seçilən, sıçrayışlı, sərbəstliyə nümunə olan sənət inciləri idi. Sənətkarın ürəyindən vətəndaş müharibəsinin milli qəhrəmanı “Qatır Məmməd”, “Dərviş Parisi partladır”, Xan qızı Natəvan haqqında filmləri çəkib kino tariximizə bəxş etmək keçirdi. Hətta bu filmlərin çəkilişlərinə başlansa da, naməlum səbəblərdən yarıda saxlanılırdı və alınıb başqasına verilirdi. Özü deyirdi ki, “insan dünyaya ona görə gəlir ki, yaşasın, çalışsın, nəyinsə naminə mübarizə aparsın. Xoşbəxt olsun. Amma mən anadan olandan taleyimlə əlbəyaxadayam...”
Bu gün sənətkarın ekranlaşdırdığı filmlər Azərbaycan teleməkanında sevə-sevə baxılır, onun peşəkar yaradıcılığından kinosevərlər zövq alır. Bu mənada, rejissorun istər peşəkarlıq, istərsə də nəzərdə tutulan dövrün pafosunu özündə əks etdirmək baxımından yaratdığı sənət inciləri hər zaman seviləcək. 1979-cu il iyunun 2-də dünyasını dəyişən unudulmaz sənətkarımız Hüseyn Seyidzadənin həmişəyaşar yaradıcılığı sənətsevərlərin qəlbində, o cümlədən kinomuzun tarixində əbədi olaraq qalacaq.
Pakistanın paytaxtı İslamabadın ən böyük ticarət mərkəzi olan “Centaurus Mall”da ölkə ictimaiyyətini məlumatlandırmaq məqsədilə Azərbaycanın Pakistandakı səfirliyi tərəfindən 44 günlük Vətən müharibəsinə həsr olunan sərgi keçirilib.
AZƏRTAC xəbər verir ki, sərgidə 30 ilə yaxın erməni vandalizminə məruz qalan Azərbaycan torpaqlarının dözülməz vəziyyəti, 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistanın Azərbaycana qarşı təcavüzü və mülki əhaliyə qarşı məqsədli raket hücumları nəticəsində Gəncə, Bərdə, Tərtər və digər yaşayış məskənlərində həmvətənlərimizin həlak olması, eləcə də mülki infrastrukturlara dəyən zərər barədə məlumat verilir.
Bildirilir ki, Azərbaycanın özünümüdafiə hüququndan istifadə edərək əks-hücum əməliyyatlarına başlaması, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin əsgər və zabitlərinin qanı bahasına torpaqlarımızı erməni işğalından azad etməsi, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olan əsgər və zabitlərimizin, qətlə yetirilən mülki vətəndaşlarımızın və itkin düşən soydaşlarımızın xatirəsinə ehtiram əlaməti olaraq Bakı şəhərində təşkil olunan yürüş haqqında söhbət açılır.
Salonda işğaldan azad olunan ərazilərdə Azərbaycan tərəfindən aparılan bərpa və quruculuq işlərini, Şuşada keçirilən “Xarıbülbül” festivalı və Vaqif Poeziya Günlərini, eləcə də Vətən müharibəsi dövründə Pakistan tərəfindən Azərbaycana göstərilən dəstəyin nəticəsi olaraq ölkəmizdə Pakistan bayraqlarının da dalğalandığını əks etdirən fotoşəkillər yer alıb.
Hər gün təxminən 35 min adamın gəldiyi bu ticarət mərkəzində quraşdırılan ekranda Ermənistan tərəfindən 30 ilə yaxın Azərbaycan torpaqlarında törədilən vəhşiliklər, işğal zamanı Azərbaycan məscidlərində mal-qara saxlanması, Prezident İlham Əliyevin işğaldan azad olunan ərazilərə səfərləri, orada Azərbaycan bayrağını qaldırması, televiziyaya verdiyi müsahibələri, habelə Anım Günü ilə bağlı Pakistan Abidəsinin Azərbaycan bayrağı ilə işıqlandırılması nümayiş etdirilib.
Pakistanın bir sıra rəsmi şəxsləri, Azərbaycanın Pakistandakı səfiri və səfirliyin kollektivi, ictimaiyyət və KİV nümayəndələri, diplomatik korpusun üzvləri, eləcə də bu şəhərdə yaşayan azərbaycanlılar və minlərlə pakistanlı sərgini ziyarət ediblər.
İştirakçılar sərgini maraqla qarşılayıb və torpaqlarımızın işğaldan azad olunması münasibətilə Azərbaycan xalqını təbrik ediblər.
Dövlət Şərq Muzeyində Xalq rəssamı, Azərbaycan heykəltəraşlığında avanqardizm istiqamətinin banisi Fazil Nəcəfovun albomunun təqdimatı və sərgisinin açılışı olub.
AZƏRTAC xəbər verir ki, sərginin təşkilatçıları Heydər Əliyev Fondu, RF Mədəniyyət Nazirliyi, Dövlət Şərq Muzeyi və Mərcani Fondudur. Kamera sərgisində rəssamın yaradıcılığının müxtəlif dövrlərinə aid qrafika əsərləri və bürüncdən hazırlanmış heykəllər nümayiş etdirilir.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu sərginin açılış mərasimində çıxış edib. Fazil Nəcəfovu “canlı klassik” adlandıran səfir deyib: “Fazil müəllim 1935-ci ildə anadan olub. Mən ona uzun ömür və yaradıcılıq uğurları arzu edirəm. Rəssam və heykəltəraş haqqında danışmaq asan məsələ deyil. Hər kəs onun işlərinə tamaşa etsə və öz fikrini hasil etsə daha yaxşı olar. Mən bir məqamı xüsusi vurğulamaq istərdim ki, sovet dövründə incəsənətdə avanqardizm üslubunda işləmək asan məsələ deyildi. Lakin Fazil Nəcəfov davam gətirdi və bu gün bizim canlı klassikimizdir”.
Şərq Muzeyinin direktoru Aleksandr Sedov deyib: “Ekspozisiyaya Fazil Nəcəfovun son illərdə yaratdığı əsərlərlə bərabər daha erkən dövrə aid işləri də daxildir. Lakin əsas hadisə “Fazil Nəcəfov. Heykəltəraşlıq. Qrafika” adlı albomun təqdimatıdır. Albom bizim çoxdankı tərəfdaşımız Heydər Əliyev Fondunun dəstəyi ilə nəşr edilib. Bu sərgi cari ildə Heydər Əliyev Fondu ilə birgə təşkil olunmuş ikinci sərgimizdir. Birinci sərgi Nizami Gəncəviyə həsr edilmişdi. Biz əməkdaşlığı yüksək qiymətləndiririk. Ümidvarıq ki, bu əməkdaşlıq davam edəcək və öz səmərəsini göstərəcək”.
A.Sedov 1918-ci ildə yaradılmış Dövlət Şərq Muzeyinin tarixi barədə də məlumat verib. O deyib: “Bizim muzeyimizin, necə deyərlər, “göbəyi Azərbaycan ilə kəsilib”. Muzeyin bir nömrəli eksponatı 1918-ci ildə buraya daxil olmuş Qarabağ xalçasıdır. İnventar nömrəsi 1 olan xalça Tverskaya küçəsindəki xalça mağazasından gətirilmişdi. 1918-ci ildə mağaza milliləşdiriləndə xalçanı bizim muzeyə veriblər”.
Sərginin kuratoru və “Fazil Nəcəfov. Heykəltəraşlıq. Qrafika” adlı albomunun müəlliflərindən biri olan Mariya Filatovanın sözlərinə görə, heykəltəraş Fazil Nəcəfovun yaradıcılığına həsr edilmiş albom üzərində iş dörd il davam edib. M.Filatova deyib: “Bu albomun üç müəllifi var. Əsas müəllif qeyri-adi ədəbi istedada malik olan Fazil Nəcəfov özüdür. O yazmır, amma o qədər maraqlı və cəlbedici söhbətlər edir ki, hər şey aşkar təsəvvür edilir. Mən də öz növbəmdə onun duyğularını, intonasiyalarını, Bakı ləhcəsini oxucuya çatdırmağa çalışmışam. Daha bir müəllif - jurnalist Nonna Müzəffərovadır. Albom Heydər Əliyev Fondunun və Mərcani Fondunun dəstəyi ilə hazırlanıb”.
Məşhur Azərbaycan heykəltəraşı Fazil Nəcəfovun yaradıcılığına həsr edilmiş bu sanballı nəşrin üzə çıxması çoxdan gözlənilən hadisədir. Bir neçə il ərzində hazırlanmış kitabın yaradılmasında rəssam özü bilavasitə iştirak edib. Kitabdakı mətnlərin – xatirə, düşüncələr, heykəltəraşlıq əsərlərinin canlı, obrazlı təsvirlərinin yarısından çoxunun müəllifi Fazil Nəcəfovdur.
İnamla demək olar ki, Fazil Nəcəfov Azərbaycan təsviri sənətinin klassikidir. Bütün həyatını Abşeron sahillərində keçirmiş Fazil Nəcəfovu “Abşeron məktəbi”nin nümayəndələri sırasına aid edirlər.
Sərgi oktyabrın 20-dək davam edəcək.
Hindistanın Noida şəhərində Azərbaycan motivləri əsasında hazırlanan geyimlərin və mebellərin də təqdim olunduğu “5-ci qlobal moda və dizayn həftəsi” sərgisi açılıb.
Azərbaycanın Hindistandakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, tədbir zamanı Azərbaycan geyimləri kolleksiyasını təqdim edən Asiya Film və Televiziya Akademiyasının (AAFT) rektoru, Hindistanın Beynəlxalq Media və Əyləncə Sənayesi Palatasının (İCMEİ) prezidenti, “Marvah” studiyasının və “Noida” film şəhərciyinin təsisçisi və rəhbəri Sandeep Marvah gələcəyin dizaynerləri tərəfindən hazırlanan kolleksiyaların üçünün Azərbaycana həsr olunduğunu deyib. O, Azərbaycanın dahi şair və mütəfəkkiri Nizami Gəncəvi haqqında danışaraq, şairin bütün dünyada tanındığını bildirib.
Qeyd olunub ki, həmin kolleksiyaları yaradan 4 gənc hindistanlı tələbə Nizami Gəncəvinin əsərlərindən, 44 günlük Vətən müharibəsində Azərbaycanın parlaq Qələbəsinin rəmzi olan Xarıbülbül çiçəyindən, Azərbaycanın flaminqosundan və xalçalarımızın gözəl naxışlarından ilham alaraq diqqətçəkən geyimlər hazırlayıblar.
Ölkəmizin Hindistandakı səfiri Əşrəf Şıxəliyev dahi şair Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar cari ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan edildiyini diqqətə çatdırıb, iki ölkə arasında mədəni əlaqələrin inkişafında bu cür tədbirlərin rolunu yüksək qiymətləndirib.
Sonra Azərbaycan motivləri əsasında hazırlanan 27 geyimdən ibarət 3 kolleksiya nümayiş etdirilib və tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
Digər pavilyonda isə gənc tələbə dizaynerlər tərəfindən yaradılan mebel əşyalarının sərgisi keçirilib. Tələbə dizaynerin Azərbaycanın nar çiçəyindən ilhamlanaraq yaratdığı və insanın əhvalından asılı olaraq müxtəlif rənglərlə işıqlandırılması mümkün olan jurnal masası nümayiş olunub.
Britaniyalı Elton Con son 60 ildə öz kompozisiyaları ilə İngiltərənin musiqi siyahılarının ilk onluğunda qərarlaşan yeganə ifaçı adını qazanıb.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Britaniyada hit-paradların siyahısını tərtib edən “Official Charts company” şirkəti bildirib.
74 yaşlı ifaçıya bu rekordu vurmaqda, Kosovo mənşəli britaniyalı Dua Lipa ilə birgə yazdırdığı “Cold Heart (Pnau Remix)” mahnısı kömək edib. Avqustun 13-də buraxılan sinql hazırda Britaniya hit-paradlarında ikinci yeri tutur və “Shivers” mahnısı ilə birinci yerdə dayanan Ed Şiranı arxada qoymaq üçün bütün imkanlara malikdir.
Beləliklə Elton Con son 50 il ərzində İngiltərənin ilk onluğunda yer alan Elvis Presli, Şer, Klif Riçard, Maykl Cekson və Devid Boui kimi dünya şöhrətli musiqiçiləri üstələyib.
Böyük Britaniya Şurasının “Creative Spark” ali təhsil müəssisəsi proqramı çərçivəsində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA) yeni veb-sayt (https://www.creativebma.az/ ) istifadəyə verib.
BMA-dan AZƏRTAC-a bildirilib ki, 2019-cu ildən etibarən Bakı Musiqi Akademiyasında Şərqi London Universiteti və Azərbaycan Dövlət İqtisad Universiteti ilə əməkdaşlıqda “Creative Spark” layihəsi uğurla davam edir. Layihənin icra olunduğu müddətdə yaradıcı tələbələr və məzunlar üçün onların sahibkarlıq haqqında biliklərini, biznes bacarıqlarını və ingilis dili biliyini inkişaf etdirmək üçün təlimlər, vebinarlar, müsabiqələr, danışıq klubları təşkil olunur və bir sıra digər elektron resurslar təqdim olunur.
Layihənin koordinatorları BMA-nın Beynəlxalq əlaqələr, ictimaiyyətlə əlaqələr və sosial məsələlər üzrə prorektor, professor Yeganə Axundova və Beynəlxalq əlaqələr şöbəsinin koordinatoru Zülfiyyə Şəfiyevadır.
Yeni istifadəyə verilmiş veb-saytda “Creative Spark” proqramı, tərəfdaşlar, təlimlərdə uğurla iştirak etmiş tələbələr və layihə çərçivəsində görülən bütün işlər haqqında məlumat öz əksini tapıb.
Qeyd edək ki, veb-saytın yaradılmasının məqsədlərindən biri də layihədə uğurla iştirak etmiş tələbələr üçün freelancer-lik fəaliyyəti ilə bağlı imkanları genişləndirməkdir.
Azərbaycan Gənclər Fondunun dəstəyi, Mədəniyyət Nazirliyi və “RÄNG” leyblının tərəfdaşlığı, “GəncSİMA” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən “Səhnədə” müsabiqəsinin qalibləri elan olunub.
AZƏRTAC xəbər verir ki, müsabiqənin “Mədəniyyət” telekanalı ilə canlı yayımlanan final gecəsində Bakı, Gəncə, Naxçıvan, Şəki, Quba, Lənkəran və Yevlax şəhərlərində keçirilən canlı kastinqlərdən seçilmiş 10 iştirakçının səhnə ifaları təqdim edilib.
Sevda Ələkbərzadə, Pərviz İsaqov, İlhamə Qasımova, Aytən İsmixanova, Natəvan Həbibi, Muxtar Abseynov, Nərmin Kərimbəyovanın yer aldığı münsiflər heyətinin rəyi və müsabiqənin rəsmi saytı üzərindən səsvermələr nəticəsində Lalə Abdulrəhimli, Aminəxatun Şirməmmədova və Rüstəm İbrahimov qalib elan olunublar.
Final konsertinin sonunda gənc ifaçıların iştirakı ilə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan şanlı Zəfərimizə ithaf olunan “Ey Azərbaycanım!” mahnısı səsləndirilib.
Qeyd edək ki, bu ilin əvvəlində elan olunan müsabiqənin əsas məqsədi ifaçılıq istedadı olan gəncləri kəşf edərək onların qabiliyyətlərinin inkişafı və sənətdə öz yerini tapmasına dəstək olmaq, vətənpərvərlik mövzusunda mahnıların gənclər tərəfindən ifa edilməsi və gənclər arasında təbliği idi.
Xatırladaq ki, qalib ifaçılarla “RÄNG” leyblı arasında birillik prodüserlik müqaviləsi imzalanacaq.