Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Amerika Kino Akademiyasının rəhbəri istefa verəcək

    Amerika Kino Sənəti və Elmləri Akademiyasının baş direktoru Don Hadson istefa verəcəyini açıqlayıb.

    AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bununla bağlı məlumat akademiyanın rəsmi səhifəsində qeyd olunub.

    10 ildən çox akademiyaya rəhbərlik edən Don Hadson deyib: “Bu müddətdən sonra qərara gəldim ki, başqa işlərlə də məşğul ola bilərəm. Akademiyada bundan artıq heç bir iş görə bilmərəm”.

    Qeyd edək ki, Don Hadson Akademiyaya 2011-ci ildən rəhbərlik edir. O, bu müddət ərzində kadr idarəçiliyi, təhsil, akademiyaya üzvlük, maliyyə və digər məsələlərlə məşğul olub. Don Hadson həmçinin Akademiyanın tabeliyində olan muzeyin və fondun işinə də nəzarət edib.

  • Azərbaycanda polyak izlərinin turizm potensialından bəhs edən broşür hazırlanıb

    Azərbaycanda polyak memarların ərsəyə gətirdiyi abidələrdən, həmçinin ölkəmizdə yaşayıb-yaratmış məşhur polyaklardan bəhs edən broşür hazırlanıb.

    Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, Azərbaycanda polyak izlərinin turizm potensialını vurğulamaq məqsədilə hazırlanmış broşür Azərbaycan Turizm Bürosunun Polşanın ölkəmizdəki səfirliyi ilə əməkdaşlığı çərçivəsində ərsəyə gətirilib.

    Broşürdə neft bumu dövründə Bakının xüsusi görünüşünü formalaşdıran 4 görkəmli polyak memar - İosif Qoslavski, İosif Ploşko, Kazimir Skureviç və Yevgeni Skibinskinin Azərbaycandakı memarlıq fəaliyyətlərindən, həmçinin neftçıxarma üzrə mütəxəssis Pavel Pototskinin ölkənin neft sənayesinə verdiyi töhfələrdən bəhs olunur.

    Nəşrdə 4 polyak memar tərəfindən ərsəyə gətirilən Bakı Şəhər İcra Hakimiyyəti binası, Əlyazmalar İnstitutu (Tağıyevin Qızlar Məktəbi), AMEA Rəyasət Heyətinin binası – İsmailiyyə, Səadət sarayı, Baş Prokurorluq binası, Mstislav Rostropoviçin Ev-Muzeyi, Memarlar İttifaqının binası, Milli Tarix Muzeyi, Bakı Univermağı, Dövlət Kukla Teatrı, Bakı Dəmiryolu Vağzalının binası, Yeni Avropa otelinin binası, Müqəddəs Məryəm Katolik Kilsəsi və digər memarlıq nümunələri detallı məlumatlarla təqdim olunur.

    Bakının İstiqlaliyyət, İslam Səfərli, Murtuza Muxtarov, Nizami və Polşa memarları küçələrində polyak memarları tərəfindən inşa edilmiş binalar haqda geniş məlumat verilir.

    Burada, həmçinin 20-ci əsrin əvvəllərində təkcə Bakıda deyil, Şamaxı, Gəncə, Qusar və Zaqatalada da polyak memarlıq üslublarında məscid, kilsə, eləcə də şəhər planlarının hazırlandığı diqqətə çatdırılır.

     

  • “Mənim düşüncəm-2021” rəsm müsabiqəsinə 1000-dən çox əsər göndərilib

    Mədəniyyət və Təhsil nazirlikləri, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Nizami Gəncəvi İli" çərçivəsində yay tətilində rəssamlıq istedadı olan uşaq və gənclərin diqqətini çəkən mənzərə, hadisə və əşyaların öz düşüncələri ilə təsvir müstəvisində əks etdirmək bacarıqlarını inkişaf etdirmək məqsədilə elan olunmuş “Mənim düşüncəm-2021” adlı Respublika uşaq yaradışılıq müsabiqəsi başa çatıb.

    AZƏRTAC xəbər verir ki, müsabiqəyə ölkəmizin müxtəlif güşələrindən və müxtəlif yaradıcılıq studiyalarından 1000-dən çox 21 yaşa qədər uşaq, yeniyetmə və gənclər əsər göndərib.

    İlkin nəticələrə Bakı Xətai Sənət Mərkəzi feysbuk qrupunda baxmaq olar və daha sonra yekun variantda onlayn sərgi və sərginin katoloqu, seçilənlərin sayı, ən fəal tədris mərkəzlərinin adları ilə birlikdə paylaşılacaq.

    Seçim zamanı kənar (müəllim, valideyn) müdaxiləsiz işlərə üstünlük verilib, müəllifin yaşı nəzərə alınmaqla düzgün kompozisiya və mövzu seçimi nəzərə alınıb.

    Əgər müsabiqənin münsiflərinin seçimlərindən narazı qalanlar olarsa (müəllim, valideyn və şagird) onlar seçimlərin elan olunduğu vaxtdan 3 iş günü ərzində xsm.2016@mail.ru e-mail ünvanına müraciət edə bilər və təyin olunmuş bir vaxtda münsif üzvünün nəzarəti ilə rəsm çəkməklə özünü təsdiq edə bilər.

    Əsəri sərgidə nümayiş olunan müəlliflər sertifikatla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaqlar.

  • Respublika Uşaq Kitabxanasının nağıl otağında “Nağıl saatı” təşkil olunub

    F.Köçərli adına Respublika Uşaq Kitabxanasında təşkil olunan “Nağıl saatı”nda uşaq yazıçısı Mehriban Nağıyeva ilə oxucular arasında görüşü keçirilib.

    AZƏRTAC xəbər verir ki, ilk nağıl saatında Bakı şəhər 60 nömrəli tam orta məktəbin 2 və 3-cü sinif şagirdləri iştirak ediblər.

    Görüşdə yazıçı uşaqlar üçün “Xarıbülbül və Günəşin nağılı”, “Lovğa tülkü”, “Dərdli kirpi” nağıllarını, hekayə və təmsillərindən parçalar oxuyub, “Qazlar”, “Şuşa”, “Gicitkən” və digər şeirlərini səsləndirib. Uşaqların müxtəlif suallarını cavablandıran Mehriban Nağıyeva oxucularla maraqlı diskussiyalar aparıb. Yazıçı bildirib ki, nağılların təsiri ilə böyüyən hər bir uşağın söz ehtiyatı zəngin, nitqi isə səlis olaur.

    Qeyd edib ki, uşaq yazıçısı kiçikyaşlı oxuculara tərbiyəvi təsir göstərməyə çalışmalıdır. Belə ki, bədii əsərlərdəki obrazlar, psixoloji hallar, hadisələrin inkişafı uşaqların dünyagörüşünü genişləndirir.

    Sonda uşaqların hər birinə yazıçının imzaladığı “Uşaqların şeir payı”, “Əsmərin sehrli zənbili”, “Ay Səni Tülkü Lələ” nağıl kitabları və kitabxana tərəfindən təsis edilən “Göy Qurşağı” uşaq jurnalları hədiyyə edilib.

  • Milli Kitabxanada Müstəqilliyin Bərpası Günü ilə bağlı sərgi hazırlanıb

    Oktyabrın 18-i Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin otuzuncu ildönümü tamam olur. Bu illər ərzində demokratik, hüquqi və dünyəvi dövlətin qurulması xalqımızın tarixi nailiyyətidir.

    Bu tarixi gün münasibətilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “18 Oktyabr – Dövlət Müstəqilliyinin Bərpası Günü” adlı virtual sərgi hazırlanıb.

    Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə Azərbaycanın görkəmli şəxsiyyətlərinin müstəqilliyimizin bərpası ilə bağlı fikirləri, fotolar, mövzu ilə əlaqədar kitab və məqalələr nümayiş olunur.

    Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/dovlet_musteqilliyi_gunu/index.htm linkindən istifadə edə bilərlər.

     

  • Milli Kitabxanada “Füzuli – İşğaldan azad olundu!” adlı sərgi virtual rejimdə istifadəçilərə təqdim olunub

    M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Füzuli – İşğaldan azad olundu!” adlı virtual sərgi hazırlanıb.

    Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə mövzu ilə əlaqədar kitab və məqalələr, fotolar nümayiş olunur.

    Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Fuzuli/index.htm linkindən istifadə edə bilərlər.

    Qeyd edək ki, bu gün Füzulinin işğaldan azad edilməsindən bir il ötür. Keçən il Azərbaycan Ordusunun sentyabrın 27-də başladığı əks-hücum əməliyyatları nəticəsində aparılan uğurlu döyüş əməliyyatları ilə oktyabrın 17-də Füzuli tam olaraq erməni işğalından azad olundu.

    Füzuli Qarabağ dağ silsiləsinin cənub-şərq ətəklərindən Araz çayına qədər mailli düzənlik sahələri əhatə edir. O, Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları və Araz çayı boyunca İranla həmsərhəddir.

  • Ankarada azərbaycanlı heykəltaraş Səid Rüstəmin fərdi sərgisi açılıb

    Ankarada uzun illərdir Türkiyədə yaşayıb-yaradan azərbaycanlı heykəltaraş Səid Rüstəmin əsərlərindən ibarət sərginin açılışı baş tutub.

    AZƏRTAC xəbər verir ki, sərgi və sənət evi ilə tanış olanlar arasında Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədov, səfirliyimizin digər əməkdaşları da olublar.

    Tanınmış sənət adamının müxtəlif janr və üslublarda işlənən əsərləri ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.

    Qeyd edək ki, Səid Rüstəmin əsərləri əvvəllər Azərbaycan, Rusiya, Amerika Birləşmiş Ştatları, Gürcüstan və Türkiyənin müxtəlif şəhərlərində nümayiş edilib. Bu dəfəki fərdi sərgidə əsasən müxtəlif ölçülərdəki heykəllər, həmçinin rəsm işləri, zəngin material və üslub imkanlarından istifadə edilərək yaradılmış əsərlərlə tanış olmaq mümkündür.

     

  • Yeni “Yarasa adam”da superqəhrəmanı Robert Pattinson canlandıracaq

    “Warner Bros. Pictures” şirkəti ilk dəfə superqəhrəmanı canlandıran Robert Pattinsonun iştirakı ilə “Yarasa adam” filminin treylerini yayımlayıb.

    AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, şirkət treyleri öz sosial şəbəkələrdəki hesablarında yerləşdirib.

    Treylerdə yarasa adamdan başqa, Selina Kaylı (pişik adam), pinqvin və tapmaca deyən obrazlarını da görmək olar.

    Mett Rivzin rejissorluğu ilə çəkilən “Yarasa adam”da, həmçinin Zoy Kravits, Pol Dano, Kolin Farrell, Ceffri Rayt, Con Turturro, Endi Serkis və başqaları rol alıb.

  • Romada Vətən müharibəsi şəhidlərinin anım tədbirləri çərçivəsində “Üçüncü günün adamı” bədii filmi nümayiş olunub

    Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinin anılması ilə əlaqədar İtaliyada keçirilən silsilə tədbirlər çərçivəsində ölkənin Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi Əməkdaşlarının həyat yoldaşları Assosiasiyası (ACDMAE) tərəfindən təşkil olunan ənənəvi Film Festivalında “Üçüncü günün adamı” tammetrajlı bədii filmi nümayiş etdirilib.

    AZƏRTAC xəbər verir ki, filmin nümayişindən əvvəl çıxış edən assosiasiyanın prezidenti Milena Guarino Padula və ACDMAE Film Festivalının təsisçisi Puççi Rastrelli məhz 2017-ci ildə "Əli və Nino" filminin nümayişi ilə ACDMAE-nin Film Festivalının keçirilməsi ənənəsinin başlandığını, həmin filmin assosiasiyanın üzvlərində və festivala qatılanlarda Azərbaycanın zəngin tarixi və mədəniyyətinə böyük maraq oyatdığını bildiriblər. Natiqlər bu il Film Festivalının da “Üçüncü günün adamı” bədii filminin nümayişi ilə başlandığını və bunun Azərbaycan kino sənəti, eləcə də ölkəmizin həqiqətləri ilə daha yaxından tanış olmağa töhfə verəcəyinə əminliklərini bildiriblər.

    Ölkəmizin İtaliyadakı səfiri Məmməd Əhmədzadə tədbirin Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasından 30 il və Vətən müharibəsinin nəticəsində Azərbaycanın ərazi bütövlüyünün bərpasından bir il keçməsi ərəfəsində təşkil edildiyini vurğulayıb. Müstəqilliyimizin bərpasının ilk illərində Ermənistanın hərbi işğalı nəticəsində etnik təmizləməyə məruz qalmış bir milyondan çox azərbaycanlının 30 ilə yaxın doğma torpaqlarına qayıtmaqdan, öz doğmalarının məzarlarını ziyarət etməkdən məhrum olduğunu bildirən diplomat ötən ilin payızında Vətən müharibəsi nəticəsində Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə onların Vətən həsrətinə son qoyulduğunu bildirib. Səfir azad olunmuş torpaqlarımızın Ermənistanın silahlı qüvvələri tərəfindən işğal vaxtı darmadağın edildiyini və həmin ərazilərin dünyanın ən minalanmış ərazilərindən birinə çevrildiyini bildirib və azərbaycanlı məcburi köçkünlərin öz torpaqlarına qayıtması üçün ərazilərin minalardan təmizlənməsi, bərpası və yenidən qurulması işlərinin həyata keçirilməsinin vacibliyini vurğulayıb, bu istiqamətdə görülən tədbirlərdən danışıb. Diplomat nümayiş ediləcək filmin qəhrəmanlarının hekayəsindən 30 ilə yaxın Vətən həsrəti ilə yaşamış bir milyondan çox azərbaycanlının keçirdiyi ağır iztirab və acılarının, hər an öz doğma torpaqlarına qayıtmaq istəyinin gücünü anlamağın mümkün olduğunu söyləyib.

    Tədbir “Üçüncü günün adamı” bədii filminin nümayişi ilə davam edib. İştirakçıların böyük marağına səbəb olan film Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb və Qarabağ həqiqətlərindən bəhs edir. Uzunmüddətli cəzaya məhkum edilmiş filmin qəhrəmanı azadlığa çıxdıqda yaxınları dünyadan köçmüş, doğma rayonu işğal edilmiş olur. Təsadüf nəticəsində tanış olduğu həmyerlisi ilə birlikdə təmas xəttini keçərək Kəlbəcərdəki kəndinə gedib çıxan qəhrəman nəhayət öz arzusuna çatır.

  • II Azərbaycan Beynəlxalq Vokalçılar Festivalının ilk günü "Barokko musiqi axşamı" ilə başa çatıb

    Mədəniyyət Nazirliyinin dəstəyi və Heydər Əliyev Sarayının təşkilatçılığı ilə keçirilən “II Azərbaycan Beynəlxalq Vokalçılar Festivalı” çərçivəsində Azərbaycan Dövlət Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında "Barokko Musiqi" axşamı təqdim olunub.

    "Report" xəbər verir ki, konsert proqramında Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri, Xalq artistləri Gülnaz İsmayılova, Samir Cəfərov, Əməkdar artistlər Ramil Qasımov, Əyyub Quliyev, Fəridə Məmmədova, İlham Nəzərov, Səbinə Əsədova və Cəlal Kərimov dünya şöhrətli bəstəkarların əsərlərini səsləndiriblər.

    Tədbir tamaşaçılar tərəfindən böyük maraqla və alqışlarla qarşılanıb. Sonda bütün solistlər səhnədə xatirə şəkilləri çəkdiriblər.