Masallı Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə həyata keçirilən “Mədəniyyət kəndlərdə” layihəsi çərçivəsindəki növbəti tədbir Yardımlı rayonunun Çayüzü kəndində gerçəkləşib.
AZƏRTAC xəbər verir ki, mədəniyyət işçiləri, yerli rəsmi şəxslər, ziyalılar, media mənsubları və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə Yardımlının tarixi, adət-ənənələri, tanınmış ziyalıları, yaradıcı insanları və s. barədə məlumat verilib.
Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov çıxışında tədbirin həyata keçirilməsində rol alan mədəniyyət işçiləri və rayon rəsmilərinə minnətdarlıq edib. O, mədəniyyətin yerlərdə təbliğinin və kənd icmalarının tədbirlərə cəlb olunmasının əhəmiyyətini vurğulayıb, istedadlı gəncləri bu layihədə fəal iştiraka çağırıb.
Sonra mədəniyyət müəssisələrinin xalq sənətkarlığı nümunələri, rəsm və əl işlərindən ibarət sərgilərinə baxış keçirilib. Çayüzü kənd folklor klubu üzvlərinin ifasında şəhidlik məqamının ucalığını ifadə edən bayatılar deyilib, həzin musiqilər səsləndirilib. Məktəblilər isə hərbi-vətənpərvərlik mövzusunda şeirlər söyləyiblər.
Sonda tədbirlərdə fəal iştirak edən könüllülərə idarənin təşəkkürnaməsi təqdim olunub.
Rejissor Şamil Əliyevin “Yaradanlar” bədii-sənədli filmi beynəlxalq film festivalında (Florida, ABŞ avqust – sentyabr 2021) münsiflər tərəfindən “Ən yaxşı sənədli film” mükafatına layiq görülüb.
AZƏRTAC xəbər verir ki, “Yaradanlar” bədii-sənədli filmi görkəmli memarlar Mikayıl Hüseynov və Sadıq Dadaşovun həyat və yaradıcılığı fonunda XX əsrdə kommunist ideologiyasının Azərbaycan mədəni irsinə, əxlaqına vurduğu amansız zərbənin araşdırılmasından bəhs edir.
Qeyd edək ki, “Yaradanlar” filmi 2020-ci ildə Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnamə” studiyasında istehsal olunub. Filmin ssenari müəllifi Natiq Rəsulzadə, operatoru Rüfət Süleymanov, bəstəkarı Azər Əsgərov, rəssamı Lalə Hüseynzadə, prodüseri Nazim Hüseynovdur.
Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası “Tarix yazan igidlərimiz” layihəsi çərçivəsində şəhidləri tanıtmağa, onların qəhrəmanlığını təbliğ etməyə davam edir.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində növbəti material 44 günlük Vətən müharibəsində şəhid olmuş Emin İsmayılova həsr edilib.
Şəhidin ailəsi tərəfindən kitabxanaya verilən məlumatlar əsasında onun əziz xatirəsini yad etmək məqsədilə videoçarx hazırlanıb.
Videoçarxda şəhidin həyat yolu və şücaəti haqqında məlumatlar əks olunur. Həmin məlumatlar onun uşaqlıqdan müharibə dövrünə kimi olan fotolarının müşayiətilə verilir.
Emin İsmayılov 2001-ci il mayın 12-də Nəsimi rayonunda anadan olub. Əslən Cəbrayıl rayonundan olan Emin İsmayılov, Nəsimi rayon 54 nömrəli tam orta məktəbdə təhsil alıb. O, 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib. Emin İsmayılov 2020-ci il oktyabrın 6-da Kəlbəcər rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub, İkinci Şəhidlər xiyabanında dəfn edilib. O, ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif olunub.
“YARAT” Müasir İncəsnət Mərkəzində rejissor Nuh Baumbaxın "Frensis Ha" (2012) filmi nümayiş edilib.
AZƏRTAC xəbər verir ki, xronometrajı 82 dəqiqə olanekran əsəri Azərbaycan dilində altyazıları ilə təqdim olunub. Film, rəqqasə olmamasına baxmayaraq, öz xəyallarını gerçəkləşdirmək üçün təcrübəçi qismində rəqs truppasına qoşulan nyu-yorklu 27 yaşlı Frensisdən bəhs edir. Baxmayaraq ki, baş qəhrəmanın xəyalları real həyatı ilə üst-üstə düşmür, o, həyatını izaholunmaz sevinc və rahatlıqla yaşayır…
Türkiyənin oxunaqlı “dibace.net” ədəbiyyat portalı Azərbaycanda elan olunmuş “Nizami Gəncəvi İli” ilə əlaqədar dahi şairin həyatı və yaradıcılığı haqqında geniş məlumata və türk dilinə çevrilmiş “Sənsiz” qəzəlinə səhifə ayırıb.
AZƏRTAC xəbər verir ki, şeirin türk dilinə tərcümə müəllifi Dövlət Tərcümə Mərkəzinin türk dili üzrə mütəxəssisi Sənan Nağıyevdir.
Haaqa şəhərində tanınmış “Ciconia consort” simli orkestrinin təşkilatçılığı, orkestrin dirijoru Dick van Gasterenin təşəbbüsü və rəhbərliyi ilə “Qafqazın səsləri” adlı konsert təşkil olunub.
AZƏRTAC xəbər verir ki, konsertdən əvvəl dirijor Dick van Gasteren Azərbaycanın böyük mütəfəkkiri və şairi Nizami Gəncəvi haqqında məlumat verib. Bildirib ki, 2021-ci il Azərbaycan Prezidentinin Sərəncamı ilə “Nizami Gəncəvi İli” elan olunub. Bakıda Nizami Gəncəvinin adını daşıyan muzey, küçə, metro stansiyası olduğunu deyərək, dahi şairin heykəlinin təkcə Bakıda deyil, Moskva, Sankt-Peterburq, Kiyev kimi şəhərlərdə də ucaldığını qeyd edib. Gəncədə anadan olmuş Nizaminin həyat və yaradıcılığından söz açaraq, onun əsərlərinin toplusu olan “Xəmsə”dən, poemalarındakı obrazlardan danışıb. Qeyd edib ki, Nizami böyük filosof olub. Nizami əsərlərində Şərq və Qərb mühiti hiss olunur.
Böyük şairin poema və şeirlərinə əsasən bəstələnən musiqi əsərlərindən söz açaraq, hələ gənc yaşlarından Nizami poeziyasına marağı olan Azərbaycan klassik musiqi sənətinin görkəmli nümayəndəsi Fikrət Əmirovun simli orkestr üçün yazdığı “Nizami” simfoniyası və “Şur” simfonik muğamından danışıb. Həmçinin Azərbaycan ənənəvi musiqisi olan muğamın 2003-cü ildə UNESCO-nun Qeyri-Maddi Mədəni irsin qorunması üzrə Reprezentativ Siyahısına daxil edildiyini bildirərək, Beynəlxalq Muğam Mərkəzi, milli musiqi alətlərimiz - tar, kamança, dəf, balaban, qoş nağara, haqqında məlumat verib. Muğamın Qərb musiqisi ilə sintezindən danışıb.
Sonda “Ciconia consort” simli orkestri Dick van Gasterenin dirijorluğu ilə Fikrət Əmirovun əsərlərini səsləndirib.
Bosniya və Herseqovina İtaliyada keçiriləcək “Eurovision 2022” mahnı müsabiqəsində iştirak etməyəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Bosniya və Herseqovinanın teleradio şirkəti “BHRT” məlumat yayıb.
Buna səbəb kimi “BHRT” ilə Avropa Yayım Birliyi arasındakı hələ də həll olunmayan maliyyə problemləri göstərilir. Belə ki, “BHRT” Avropa Yayım Birliyinə olan borcunu ödəyənə qədər ölkə “Eurovision”da iştirak edə bilməyəcək.
Xatırladaq ki, Bosniya və Herseqovina sonuncu dəfə 2016-cı ildə “Eurovision” mahnı müsabiqəsinə Dalal və Deenin ifasında “Ljubav JE” mahnısı ilə qatılıb, mahnı yarımfinalda 11-ci yeri tutub və lakin finala vəsiqə qazana bilməyib.
Bosniya və Herseqovina “Eurovision” mahnı müsabiqəsində ilk dəfə 1993-cü ildə olmaqla ümumilikdə 19 dəfə iştirak edib. Ölkənin ən yaxşı göstəricisi 2006-cı ildə Hari Mata Harinin “Lejla” mahnısı ilə qeydə alınıb və 229 xalla üçüncü olub.
Qeyd edək ki, “Eurovision 2022” mahnı müsabiqəsinə İtaliyanın Turin şəhəri ev sahibliyi edəcək. Müsabiqəsinin yarımfinalları gələn il mayın 10-12-də, finalı isə mayın 14-də İtaliyanın ən böyük qapalı arenalarından olan “PalaOlimpico”da keçiriləcək. “Rai” televiziyası Avropa Yayım Birliyi ilə birgə mahnı müsabiqəsinin canlı yayım hüququna malik olacaq.
Azərbaycan Turizm Bürosu oktyabrın 12-də Ukraynanın Kiyev şəhərində keçirilən “Deluxe Travel Market” adlı vorkşopda iştirak edərək Azərbaycanın turizm imkanlarını təbliğ edib.
Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, vorkşopda 35 şirkətlə B2B (Biznesdən biznesə) formatında görüşlər keçirilib.
Görüşlərdə Azərbaycana ukraynalı turistlərin göndərilməsi və Azərbaycanın turizm şirkətləri ilə tərəfdaşlığın qurulması, eləcə də Ukrayna ilə Azərbaycan arasındakı aviauçuşlar kimi məsələlər müzakirə olunub.
Həmçinin görüş iştirakçılarına Azərbaycanda fəaliyyət göstərən hotellər, ölkədə pandemiya şəraitində ictimai məkanlarda tətbiq olunan qaydalar haqda məlumat verilib.
Sərhədlərin açılmasından sonra Ukrayna turizm şirkətlərinin Azərbaycanda işgüzar və müalicəvi turizm, ekoturzm və ekskursiyalar kimi turizm məhsullarına maraq göstərəcəyi bildirilib.
Qeyd edək ki, epidemioloji vəziyyətlə əlaqədar hazırda Ukraynadan Azərbaycana səfərlərə məhdudiyyət tətbiq olunur.
İştirakçı və tədbirlərin sayı, yüksək təşkilatçılıq və geniş ziyarətçi marağı Bakı Beynəlxalq Kitab Sərgisinin regionun ən böyük kitab bayramı olduğunu təsdiqlədi. Oktyabrın 6-dan 10-dək Bakı Ekspo Mərkəzində keçirilən 7-ci Bakı Beynəlxalq Kitab Sərgisi böyük təəssüratlarla öz işini yekunlaşdırdı. Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş sərgi artıq ənənə halını almış bu tədbirin nüfuzunu əhəmiyyətli dərəcədə artırdı.
AZƏRTAC xəbər verir ki, Mədəniyyət Nazirliyinin təşkilatçılığı və “Caspian Event Organisers” (“CEO”) şirkətinin təşkilati dəstəyi ilə baş tutan sərgidə 12 ölkədən (Türkiyə, Rusiya, Bolqarıstan, Gürcüstan, Fransa, İndoneziya, İran, Kolumbiya, Qazaxıstan, Qırğızıstan, Misir, Özbəkistana) 43 xarici təşkilat, 122 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə iştirak etdi və sərgi müddətində, müxtəlif formatda 200-dən çox tədbir təşkil olundu.
Sərgi mütaliə mədəniyyətinin təbliği, oxucuların nəşriyyat işi sahəsində olan rəqəmsal yeniliklərlə tanışlığı, ölkəmizdə kitab sənayesi sektorunun və müasir ədəbi proseslərin inkişafının dəstəklənməsi istiqamətində öz rolunu uğurla həyata keçirdi.
Sərginin davam etdiyi 5 gün ərzində gənclərin və uşaqların çoxluq təşkil etdiyi on minlərlə ziyarətçi dünya ədəbiyyatının klassik əsərlərini, dərslikləri, elmi araşdırmaları və uşaq ədəbiyyatının nümunələrini böyük maraqla nəzərdən keçirdilər və satın aldılar.
Tanınmış yerli və xarici yazarlar – Çingiz Abdullayev, Elxan Elatlı, Elçin Əliyev, Reyhan Yusifqızı, Nail Əlizadə, Gülseren Buğdayıcıoğlu, Ercan Kesal, Sinan Yağmur, Şah Səlimi Türkay, Toğrul Mehti Niyazi və başqaları sərginin müxtəlif günlərində tədbirin xüsusi qonaqları oldular.
Qarabağ mövzusu, Prezident İlham Əliyevin komandanlığı ilə şanlı Azərbaycan Ordusunun Vətən müharibəsində parlaq Zəfəri sərginin yaradıcılıq nöqteyi-nəzərindən əsas mövzusu idi. Müəlliflər Qələbəyə həsr olunmuş kitab, esse və şeirlərini təqdim etdilər.
Sərgi zamanı Nizami Gəncəvinin 880 illiyinə həsr olunan “Nizami Gəncəvi” guşəsinin və Nizami Gəncəvi ilə bağlı yeni nəşr olunan kitabların təqdimatı keçirildi.
“Günün qonağı” olan Xalq yazıçısı Çingiz Abdullayev sərgidə gənc nəslə Vətən sevgisini, təhsilin önəmini aşılayan yazarların kitablarının təqdim olunmasını yüksək qiymətləndirdi.
Şairə Nigar Həsənzadənin “İgidlərin sözü” layihəsi xüsusi maraqla qarşılandı. Layihə çərçivəsində qazilər 44 günlük Qarabağ müharibəsi vaxtı yazılmış şeirlərini səsləndirdilər.
Sərgidə qardaş Türkiyənin nəşriyyatları geniş tərkibdə təmsil olundu. Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Şule Yıldız Bakı Beynəlxalq Kitab Sərgisinin işini bəyəndiklərini, növbəti illərdə sərgidə iştirakları ilə bağlı daha maraqlı planlarının olduğunu dedi. “İmza günü” keçirilən türk yazıçısı və tədqiqatçısı Sinan Canan sərgiyə, bilavasitə kitaba ölkəmizdə geniş marağın olmasını təqdir etdi.
Yazıçı-publisist, Bakı Kitab Mərkəzinin direktoru Günel Anarqızı bildirdi ki, bu sərgi Azərbaycanda kitab çapının inkişafına təkan verəcək, çünki burada əlaqələr qurulur, çoxsaylı görüşlər keçirilir və bunun nəticəsində yeni layihələr üçün imkanlar yaranır.
Türkiyədə yayımlanan “Çukur” adlı serialda İdris Koçovalı obrazı ilə milyonların sevgisini qazanmış məşhur aktyor və yazıçı Ercan Kesal sərginin qonağı oldu. Çoxsaylı oxucuları ilə görüş keçirdi və görüşə qatılanlar üçün kitablarını imzaladı.
Yazıçı, şair Elxan Elatlı görüş zamanı çoxsaylı gənc ziyarətçilərin əhatəsində - “indi tez-tez deyirlər ki, gənclər az kitab oxuyurlar, məncə sərgi bu faktı uğurla təkzib etdi”, - dedi.
Sərginin keçirildiyi günlərdə foyedə uşaqlar üçün Nizami Gəncəvinin əsərlərinin motivləri əsasında hazırlanmış tamaşa, həmçinin “Tıq-Tıq xanım” və “Cırtdan” kukla tamaşaları təqdim edildi, müxtəlif ustad dərsləri (xalça eskizlərinin hazırlanması, ebru sənəti) keçirildi. Uşaq yazıçısı Solmaz Amanova milli nağıl personajlarını kitablar və oyunlar ilə azyaşlı ziyarətçilərə təqdim etdi.
Sərgidə bir ilk də yaşandı, sevdikləri yazıçının oxucularla görüş keçirəcəyini öyrənən gənclər - Cavidan Əliyev və Rəhmilə Ağayeva toy günü sərgini ziyarət etdilər.
Ümumilikdə iştirakçıların tərkibi, xüsusi qonaqların qatılımı, çoxsaylı tədbirlərin təşkili və ziyarətçi sayı baxımından Bakı Beynəlxalq Kitab Sərgisinin regionun ən böyük kitab bayramı olduğu aydın müşahidə edildi. Ziyarətçilər və iştirakçılar bunu tədbir boyunca dəfələrlə xoş sözlərlə ifadə etdilər.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası 44 günlük Vətən müharibəsi ilə bağlı videogörüntüləri mütəmadi olaraq sosial şəbəkə vasitəsilə izləyicilərə təqdim edir.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, təqdim edilən videoçarxlarda kitabxananın virtual oxucuları Fatimə Abuzərova, Nəzrin Mayılova, Ülvi Mayılov, Mədinə Abışova Zəfər savaşımıza yazılmış vətənpərvər ruhlu şeirləri, kitabxananın fəal oxucusu Zəhrəxanım Hüseynova isə şəhidlərin əziz xatirəsinə həsr olunmuş şeiri fəxarət hissi ilə səsləndirib.
Virtual oxucu Mahmud Mirzəyev ifa etdiyi “Azərbaycanım” mahnısının videoçəkilişini kitabxanaya göndərib.
Vətən sevgisi ilə böyüyən uşaqların hazırladıqları videoçəkilişləri kitabxananın rəsmi instaqram hesabından izləyə bilərsiniz.