Mədəniyyət Nazirliyi tərəfindən tabeliyindəki kitabxanaların kitab fondlarını yeni nəşrlərlə zənginləşdirmək və komplektləşdirmək məqsədilə elan olunmuş “Nəşrlərin satınalınması müsabiqəsi”nin nəticələri müəyyənləşib. Müsabiqənin təşkilində şəffaflığı, səmərəliliyi və obyektivliyi təmin etmək məqsədilə müsabiqəni nazirlik tərəfindən yaradılan “Nəşr Planının Tərtibi və Nəşriyyat Məhsullarının Satınalınması üzrə Komissiya” həyata keçirib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, müəlliflər və müəlliflik hüququ sahibləri tərəfindən müsabiqəyə təqdim olunan kitablar Komissiya tərəfindən bir ay müddətində qiymətləndirilib, eyni zamanda, nəşrlərin dəyərləndirilməsi zamanı kitabxanaların təqdim etdiyi oxucuların sorğu kitabçasına əsasən hazırlanmış statistik məlumatlar da nəzərə alınıb.
Komissiya tərəfindən müsabiqəyə təqdim olunan nəşrlər arasından 235 adda kitabdan 14.679 nüsxəsinin satınalınması qərara alınıb, seçilən nəşrlər kitabxana fondlarının komplektləşdirilməsi baxımından məqsədəuyğun hesab edilib.
Kitabxana fondlarının oxucuların tələbatına uyğun komplektləşdirilməsi məqsədilə komissiyanın seçiminə əsasən “Altun kitab” nəşrlər evindən dəyəri 7.038,50 (yeddi min otuz səkkiz manat əlli qəpik) manat olan 44 adda 2855 nüsxə kitabın, “Parlaq İmzalar” nəşriyyatından dəyəri 11.360,00 (on bir min üç yüz altmış) manat olan 29 adda 1495 nüsxə kitabın, “Qanun” nəşriyyatından dəyəri 10.335,70 (on min üç yüz otuz beş manat yetmiş qəpik) manat olan 19 adda 1345 nüsxə kitabın, “TEAS Press” nəşriyyat evindən dəyəri 13.815,35 (on üç min səkkiz yüz on beş manat otuz beş qəpik) manat olan 35 adda 2125 nüsxə kitabın, “Xan” nəşriyyatından dəyəri 6745 (altı min yeddi yüz qırx beş) manat olan 22 adda 1000 nüsxə kitabın alınması həyata keçiriləcək.
Müsabiqə çərçivəsində digər müəlliflər və müəlliflik hüquqi sahiblərindən alınacaq kitabların siyahısı da hazırlanıb.
Siyahıda qeyd edilən hüquqi və fiziki şəxslərdən kitabların alışını təmin etmək üçün müvafiq sənədləri Mədəniyyət Nazirliyinə təqdim etmələri xahiş olunur.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 4 nömrəli filialı “Yeni kitablar” adlı səyyar kitab sərgisi təşkil edib.
İdarədən AZƏRTAC-a bildirilib ki, səyyar sərgidə müxtəlif yaş qruplarından olan oxucuların marağına səbəb olacaq kitablar nümayiş olunub.
Kitabxana əməkdaşları ətraf ərazidə yaşayanları kitabxananın fonduna daxil olan yeni ədəbiyyatla tanış ediblər.
Qeyd edək ki, sərgini təşkil etməkdə məqsəd oxucularda kitaba, mütaliəyə maraq yaratmaq, mütaliənin cəmiyyətin gündəlik vərdişinə çevrilməsinə yardım etməkdir.
Azərbaycan həqiqətlərinin dünya birliyinə çatdırılması üçün “Fulya” sənədli filmi ilə gördüyümüz işlərdən məmnunuq.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində “Fulya” sənədli filminin prodüseri Levent Cengizhan deyib.
Azərbaycan xalqına səmimi salamlarını çatdıraraq işğaldan azad olunan ərazilərin real görüntülərini ekranlaşdırmağın əhəmiyyətindən danışan Levent Cengizhan çəkiliş zamanı Ağdam, Bərdə, Tərtər və başqa yerlərdə gördükləri dağıntıların acılı olduğunu söyləyib.
Xatırladaq ki, oktyabrın 9-da Ankara şəhərində rəsmi şəxslər, diplomatlar, paytaxt ictimaiyyətinin tanınmış nümayəndələri, media təmsilçiləri, eləcə də Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov və filmin baş qəhrəmanı Fulya Öztürkün iştirakı ilə “Fulya” sənədli filminin təqdimatı keçirilib. Filmin təqdimatının Bakıda da keçirilməsi nəzərdə tutulur.
Oktyabrın 13-də Azərbaycan Milli Xalça Muzeyində Beynəlxalq Muzeylər Şurasının (ICOM) Azərbaycan Milli Komitəsi, Muzey İdarəçiliyi (INTERCOM) və Etnoqrafiya Muzeyləri və Kolleksiyaları (ICME) üzrə beynəlxalq komitələrinin birgə əməkdaşlığı ilə “Muzeylərdə kolleksiyaların toplanması siyasətinin dəyişdirilməsi: liderlik və sosial məsuliyyət zərurəti” adlı konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfrans Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Xalça Muzeyinin dəstəyi ilə təşkil olunub.
Konfransda əyani olaraq dünyanın bir sıra ölkərindən (Azərbaycan, Rusiya, Sloveniya, Xorvatiya, Almaniya, Rumıniya, Niderland) 10 mütəxəssis, o cümlədən beynəlxalq komitələrin sədrləri də iştirak ediblər.
Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova konfransın əhəmiyyətindən danışıb: “İntensiv qloballaşma prosesləri, genişlənməkdə olan siyasi-iqtisadi və mədəni inteqrasiya ilə səciyyələnən müasir dünyamız xalqların milli-mədəni özünəməxsusluğunu, unikal tarixi ənənələrinin qorunub saxlanılması və inkişaf etdirilməsi problemini daha da aktuallaşdırır. Bu proseslərin nəticəsi olaraq cəmiyyətin mədəni sərvətlərini qoruyub-saxlayan muzeylərin həyatında, bütün fəaliyyət istiqamətlərində, hətta onun ən konservativ sahəsi olan kolleksiyaların toplanması işində də dəyişikliklər baş verir.
Bugünkü konfransda muzey təcrübəsində mədəni dəyərlərin tarixi vətənlərinə qaytarılması, etnoturizm və idarəçilik kimi aktual mövzular üzrə dünyanın müxtəlif muzeylərinin mütəxəssisləri öz bilik və təcrübələri ilə bölüşəcək. Əminəm ki, bu konfrans hər birimiz üçün faydalı olacaq və xoş təəssüratlarla yaddaşımıza həkk olunacaq.
Ümidvaram ki, yüksək elmi-təcrübi əhəmiyyətə malik konfrans dünya muzey mütəxəssislərinin əməkdaşlıq əlaqələrini daha da möhkəmləndirəcək və xalqlar arasında sülhə xidmət edəcək.”
Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva bildirib ki, belə toplantılar beynəlxalq təcrübənin bölüşdürülməsinə, öyrənilməsinə yaxşı fürsət yaradır: “Muzeylər öz kolleksiyaları haqqında məlumatları nəsildən-nəslə ötürür. Texnologiya inkişaf etdikcə muzeylərin fəaliyyət forması da dəyişib. İndi hər bir muzeyi onlayn şəkildə ziyarət etmək mümkündür. Hazırda muzeylər tədqiqat aparmaq üçün bir platformaya çevrilib. Onlar həmçinin maarifləndirmə missiyasını da həyata keçirirlər. Muzeylər başqa xalqların tarixinə nəzər salmaq baxımından da əhəmiyyətlidir”.
Prezident İlham Əliyevin və Müzəffər Ordumuzun qəhrəmanlığı nəticəsində azad olunan Qarabağdakı dağıdılmış muzeylər barədə məlumat verən nazir müavini bildirib ki, hazıra işğaldan azad edilmiş ərazilərdə uzun illər düşmən vandalizminin qurbanına çevrilən muzeylər müasir tələblərə uyğun tikilir. Artıq Bülbülün ev muzeyi və Molla Pənah Vaqifin məqbərəsi tam restavrasiya olunub.
Qarabağda açıq havada Zəfər Muzeyinin tikiləcəyi barədə məlumat verən Sevda Məmmədəliyeva bildirib ki, bu konsepsiyanın hazırlanması ilə əlaqədə xarici mütəxəssislərlə danışıqlar aparılır. O, beynəlxalq təşkilatlarla əməkdaşlıq aparmağın yerli muzeylərin inkişafına müsbət təsir göstərəcəyinə ümidvar olduğunu bildirib.
Tədbirdə ICOM-İNTERCOM təşkilatının rəhbəri Qoranka Horjan deyib: “Heç nə birgə əməkdaşlıq qədər muzeylərin inkişafına təsir edə bilməz. Bizim qarşılaşdığımız bir neçə problemlər bu gün müzakirə ediləcək. Biz cari vəziyyəti əks etdirən məsələləri həll etmək üçün xüsusi mövzu seçmişik. Mütəxəssislər çıxışlarında muzeylərin mövcud vəziyyətə uyğunlaşması üçün nə etməli olduğunu bildirəcəklər”.
COVID-19-un dünyada yeni yanaşmalara gətirib çıxardığını söyləyən ICOM-ICME təşkilatının rəhbəri Ralf Ceplak Mencin bildirib ki, hazırda muzeylər öz auditoriyası ilə əlaqə yaratmağa çalışır. İndi bir çox ölkələrdə onlar öz qapılarını yenidən ziyarətçilərin üzünə açıb. Debatlarda iştirak etmək pis deyil ancaq hibrid konfranslar əməkdaşlığı yeni mərhələyə qaldırır.
Konfransda “Muzeylərin dekolonizasiyası: mədəni dəyərlərin tarixi vətənlərinə qaytarılması və müstəmləkəçilik dövrünün neqativ nəticələrinin aradan qaldırılması”, “Muzeylər və etnoturizm” və “Müasir dövrdə muzey idarəçiliyi” mövzuları üzrə məruzələr dinlənilib.
Üç gün davam edəcək konfrans çərçivəsində qonaqlar üçün maraqlı mədəni proqramın keçirilməsi də nəzərdə tutulub. Azərbaycan Milli Xalça Muzeyi ilə yanaşı, onlar “İçərişəhər” Muzey Mərkəzi, Heydər Əliyev Mərkəzi, Azərbaycan Milli İncəsənət Muzeyi və Milli Azərbaycan Tarixi Muzeyini ziyarət edəcəklər.
Bu günlərdə yazıçı-ədəbiyyatşünas Vaqif Sultanlının “Səhra savaşı” romanı Türkiyədə nəşr olunub.
AZƏRTAC xəbər verir ki, İstanbulun “Nestor” nəşriyyatında nəfis şəkildə yayımlanan kitabı Türkiyə türkcəsinə tanınmış tərcüməçi və ədəbiyyat araşdırıcısı Ənvər Uzun çevirib.
Qeyd edək ki, “Səhra savaşı” müəllifin Türkiyə oxucularına təqdim olunan ilk kitabı deyil. Bundan öncə, yazıçının roman, povest və hekayələr toplusundan ibarət “Ölüm yuxusu”, “İnsan dənizi” kitabları, habelə “Azərbaycan mühacirət ədəbiyyatı”, “Ruhun ağrıları” adlı elmi araşdırmaları Türkiyə türkcəsinə çevrilərək müxtəlif nəşriyyatlarda yayımlanmışdır.
Şərti-metafоrik üslubda qələmə alınmış “Səhra savaşı” rоmanının süjet xətti zamanın çatlaması ilə gələcəkdən imtina edərək keçmişə üz tutan qəhrəmanın taleyi fonunda aşkarlanır. Hadisə və əhvalatların bu müstəvidə çözümü müəllifə insan, zaman və dünya haqqında fəlsəfi düşüncələrini əks etdirməyə imkan vermişdir.
Yazıçının əvvəlki yazılarından yalnız məzmunca deyil, həmçinin forma-sənətkarlıq baxımından seçilən “Səhra savaşı” romanı çağdaş dünyaya hakim olan özgələşmə, yaddaşsızlaşma, yabançılaşma kimi mənəvi-əxlaqi sorunlara ciddi etiraz ruhu ilə diqqəti çəkir. Süjeti fəlsəfi-mifoloji düşüncədən qaynaqlanan romanın bədii üslubu mürəkkəb təhkiyə hörüyü ilə müşayiət olunan hadisə və epizodlarla şərtlənir.
Kitabı kitabyurdu.com, pandora.com, babil.com, amazon.com saytlarından sifariş yolu ilə əldə etmək olar.
“Hədəf Nəşrləri”nin təsis etdiyi aylıq ədəbiyyat və sənət jurnalı “Ustad” dünya standartlarına uyğunlaşdırılmaqla, il yarımlıq fasilədən sonra tam yenilənmiş, rəngli formatda işıq üzü görüb.
AZƏRTAC xəbər verir ki, 35-ci nömrəsi işıq üzü görən jurnalda müxtəlif maraqlı layihələr, yeni müəlliflər yer alıb. Jurnal filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiqin “Zəfər marşı” yazısı ilə başlayır.
“Hədəf Nəşrləri”nin direktoru, yazıçı-tərcüməçi Səbuhi Şahmursoy “Ədəbiyyat nədir, nə deyil?” rubrikasında fəlsəfi roman anlayışını təhlil edir.
Ədəbiyyatşünas, şair Qismət “TƏK” rubrikasında təzə əsrin kitablarından, “Bildungsroman” anlayışından söz açır.
Kinoşünas Hacı Səfərov “Bir il, bir kino” rubrikasında “Ümidsiz dünyanın kinoları: 1994” yazısı ilə dövrün, Türkiyədə yaşayan azərbaycanlı yazıçı Ceylan Mumoğlu isə “Psixotrap” rubrikasında Fyodor Dostoyevskinin psixoanalitik portretini cızır.
Yazıçı, şair, kinoşünas Sevinc Elsevər “Bu kino ki var...” rubrikasında “Körpə kino” araşdırması ilə kinematoqrafiyanın tarixinə işıq tutur. Yazıçı Cəmilə Məmmədli isə “Sərhədsiz incəsənət” rubrikasında görmə məhdudiyyətli aktrisa Günay Məmmədova ilə söhbətləşir.
Yazıçı Əlabbas “Hədəfdəkilər” rubrikasında Salam Qədirzadənin “Şlyapalı Mauqli” hekayələr kitabından, “İkibaşlı” rubrikasında yazıçı Xəyalə Murad ədəbiyyatdakı dilemmalardan, konkret cavabı olmayan suallardan bəhs edir. Budəfəki mövzu isə “Şoloxov yaradıcılığındakı plagiat damğası və ya “Sakit Don” nəyi gizlədir?” başlığı altında araşdırılır.
Yazıçı, jurnalist Nuranə Abbasova “Kinopasport”da “Böyük şəhərin işıqları” filmi barədə maraqlı faktlardan, jurnalist, araşdırmaçı Xavər Zahir “KainART” rubrikasında müasir rəssamlıq janrlarından bəhs edir.
“Yerli hekayə” rubrikasında Adəmin “Milçək” və “Qarışqa”, Həmid Piriyevin “Əştər və Ceyda”, “Xarici hekayə” rubrikasında isə tanınmış Braziliya yazıçısı Rubem Fonsekanın “Gecə gəzintisi” hekayələri yer alır. Şair Ümid Nəccari isə “Yad sətirlər” rubrikasında fələstinli həmkarı Mahmud Dərvişin bir neçə şeirini Azərbaycan oxucusuna təqdim edir.
“Gəl uşaq olaq!” rubrikasında üç yeniyetmə müəllifin – Fariz Zabil, Banu Məmmədzadə və Nərmin Əzimzadənin şeirləri dərc olunub.
“Sözbaz” rubrikasında isə yazmağın daşını çoxdan atmış Mirzə Bartlbi son illərdə nəşr olunmuş yerli kitabları tənqid edir.
Bundan başqa, məşhurlar “Ustad”ın müxbiri Nargisin “Hansı əsər qəhrəmanı ilə evlənərdiniz?” sualını cavablandırırlar.
Dünya ədəbiyyatının görkəmli nümayəndələri ilə bağlı maraqlı məlumatları isə Humay Hüseynli toplayıb.
Qeyd edək ki, “Ustad” jurnalını əldə edənlərə şəhid kiçik gizir Xudayar Yusifzadənin #ustadmen haştaqlı posteri, eləcə də #kitabınıgöstər fotokitabı hədiyyə olunacaq.
Azərbaycan xalçaları unikal sənət əsəridir. Dəfələrlə Azərbaycanda olmuşam və unikal xalçalara baxanda böyük zövq almışam. Xalça Azərbaycan milli mədəniyyətində layiqli yer tutur.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Tbilisi Dövlət İncəsənət Akademiyasının dekanı, professor Tinatin Kldiaşvili söyləyib. O deyib ki, UNESCO-nun “Kreativ sənayelərin inkişafı” layihəsi Gürcüstanın müxtəlif regionlarını əhatə edir.
“Bizim üçün azərbaycanlıların əsrlər boyu yaratdığı mədəniyyət nümunələri böyük əhəmiyyət kəsb edir. İnanırıq ki, layihə gürcü və Azərbaycan xalqları arasında mədəni əlaqələrin daha da güclənməsinə öz töhfəsini verəcək”, – deyə T.Kldiaşvili vurğulayıb.
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı Xalq artisti, SSRİ və Azərbaycanın Dövlət mükafatları laureatı, kinorejissor Rasim Ocaqovun adına təsis etdiyi xüsusi təqaüdü yeni tədris ili üçün Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Kino və televiziya fakültəsində Operator sənəti ixtisası üzrə ödənişli təhsil alan tələbəyə verib.
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidmətinin rəhbəri Əli Vəliyev AZƏRTAC-a bildirib ki, görkəmli kinorejissorun adına olan təqaüdə ittifaqın İdarə Heyətinin qərarı ilə təhsildə və ictimai işlərdə fərqlənən, müxtəlif tədbirlərdə mükafatlar qazanan, ailəsinin sosial-maddi durumu qənaətbəxş olmayan 4-cü kurs tələbəsi Mirzə Hüseynov layiq görülüb.
Oktyabrın 15-də Azərbaycan Milli Xalça Muzeyində “Mənalı naxış” adlı ustad dərsi keçiriləcək.
Xalça Muzeyindən AZƏRTAC-a bildirilib ki, rəssam Çingiz Babayevin iştirakı ilə reallaşacaq dərslərdə hər bir xalça ornamentinin yaranma prosesi, onun hansı məna daşımasının sirləri haqqında məlumat veriləcək. Dərslər “Xalça sənəti – mənaların təkamülü” sərgisi çərçivəsində təşkil olunacaq. Rəssam həm də müəllifi olduğu naxışı hazırlamağa kömək edəcək.
Ustad dərsləri bir neçə texnikalarda və müxtəlif yaş qrupları üçün təşkil olunur.
Azərbaycanın Özbəkistandakı səfirliyinin birinci katibi, Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) direktoru Samir Abbasov və Özbəkistan Jurnalistika və Kütləvi Kommunikasiyalar Universitetinin rektoru, Beynəlxalq Press-klubun sədri Şerzod Kudratxocayev arasında görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə ölkələrimiz arasında media, mədəniyyət, turizm, elm və təhsil sahələrində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
Ş. Kudratxocayev Azərbaycanla media sahəsində əməkdaşlığın Özbəkistan üçün prioritet olduğunu qeyd edib. Rektor Mədəniyyət Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirib, Azərbaycan mədəniyyətinin tanıdılması və təbliği istiqamətində mühüm layihələrin reallaşdırıldığını vurğulayıb. O, Azərbaycan torpaqlarının işğaldan azad olunması və qarşıdan gələn Zəfər Günü münasibətilə Azərbaycan tərəfinə təbriklərini çatdırıb.
S. Abbasov Azərbaycan-Özbəkistan arasında yüksək səviyyəli münasibətlər, dövlət başçılarımızın görüşləri, ikitərəfli əlaqələrinin genişləndirilməsi, media sahəsində əməkdaşlıq platformasının yaradılması, bu istiqamətdə birgə layihələrin həyata keçirilməsi məsələləri haqqında danışıb.
Diplomat özbək mətbuatı ilə sıx əməkdaşlıq nəticəsində Vətən müharibəsi günlərində qardaş ölkə tərəfindən Azərbaycan həqiqətlərinin yayılmasına mühüm dəstək göstərildiyini qeyd edib. S.Abbasov Azərbaycanla Türkiyə arasında yaradılan dost və qardaş ölkələrlə birgə media platformasına gələcəkdə Özbəkistanın da qoşulmasının əməkdaşlıqda yeni imkanlar açacağını söyləyib.
Rektor təklifin əhəmiyyətini vurğulayaraq gələcəkdə bu istiqamətdə əməkdaşlığın genişlənməsinin vacib olduğunu qeyd edib.
Sonda S.Abbasov Ş. Kudratxocayevə “İrəvan xalçaları” fotokitabını bağışlayıb.