Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Aykut Daşkın: “Fulya” filmi göz yaşlarının Zəfərə dönüş hekayəsidir

    “Fulya” sənədli filmi həqiqətən də göz yaşlarının Zəfərə dönüş hekayəsidir. Otuz il əvvəl Azərbaycana qarşı Xocalı soyqırımı törədildi. Bu qətliam törədiləndə mən uşaq idim. Şükürlər olsun ki, böyüdük və bu qələbəni gördük.

    Bu fikirləri AZƏRTAC-a müsahibəsində “Fulya” sənədli filminin Türkiyə tərəfindən rejissoru Aykut Daşkın deyib.

    “Fulya” sənədli filmini tarixi əhəmiyyətli efir əsəri olduğunu diqqətə çatdıran rejissor A.Daşkın bildirib ki, otuz illik acıları da, böyük Zəfəri də yaşayan və qazanan Azərbaycan xalqıdır. Biz sadəcə olaraq bu tarixi kameraların gücü ilə ekranlara daşımışıq.

    Xatırladaq ki, oktyabrın 9-da Ankara şəhərində rəsmi şəxslər, diplomatlar, paytaxt ictimaiyyətinin tanınmış nümayəndələri, media təmsilçiləri, eləcə də Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov və filmin baş qəhrəmanı Fulya Öztürkün iştirakı ilə “Fulya” sənədli filminin təqdimatı keçirilib. Filmin Bakıda da təqdimatının keçirilməsi nəzərdə tutulur.

  • Muzeylərdə kolleksiyaların toplanması siyasətinin dəyişdirilməsinə həsr edilmiş konfrans təşkil olunacaq

    Oktyabrın 13-dən 15-dək Bakıda Beynəlxalq Muzeylər Şurasının (ICOM) Azərbaycan Milli Komitəsi, Muzey İdarəçiliyi (INTERCOM) və Etnoqrafiya Muzeyləri və Kolleksiyaları (ICME) üzrə beynəlxalq komitələrin birgə əməkdaşlığı ilə “Muzeylərdə kolleksiyaların toplanması siyasətinin dəyişdirilməsi: liderlik və sosial məsuliyyət zərurəti” mövzusunda konfrans keçiriləcək. Konfrans Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Xalça Muzeyinin dəstəyi ilə təşkil olunacaq.

    Milli Xalça Muzeyindən AZƏRTAC-a bildirilib ki, hibrid formatda (canlı və onlayn iştirak) keçirilən konfransın açılışı oktyabrın 13-də olacaq. Azərbaycan Milli Xalça Muzeyində keçiriləcək konfransda əyani olaraq dünyanın bir sıra ölkələrindən (Azərbaycan, Rusiya, Sloveniya, Xorvatiya, Almaniya, Rumıniya, Niderland) 10 mütəxəssis, o cümlədən beynəlxalq komitələrin sədrləri də iştirak edəcəklər. Bununla yanaşı, konfransa onlayn olaraq 100-ə yaxın xarici və yerli muzey mütəxəssisi qatılacaq.

    Üç gün davam edəcək konfransda “Muzeylərin dekolonizasiyası: mədəni dəyərlərin tarixi vətənlərinə qaytarılması və müstəmləkəçilik dövrünün neqativ nəticələrinin aradan qaldırılması”, “Muzeylər və etnoturizm” və “Müasir dövrdə muzey idarəçiliyi” mövzuları üzrə 23 məruzəçi çıxış edəcək.

    Konfrans çərçivəsində qonaqlar üçün maraqlı mədəni proqramın keçirilməsi də nəzərdə tutulub. Azərbaycan Milli Xalça Muzeyi ilə yanaşı, onlar “İçərişəhər” Muzey Mərkəzi, Heydər Əliyev Mərkəzi, Azərbaycan Milli İncəsənət Muzeyi və Milli Azərbaycan Tarixi Muzeyini ziyarət edəcəklər.

  • Pol Makkartni “The Beatles” qrupunun dağılmasının səbəbini açıqlayıb

    “The Beatles” rok-qrupunun yaradıcılarından olan Pol Makkartni hesab edir ki, kollektivin dağılması həmkarı Con Lenonun qərarı olub.

    AZƏRTAC TASS agentliyinə istinadla xavər verir ki, bu barədə Liverpul dördlüyünün bassisti BBC-yə verdiyi açıqlamada deyib.

    “Mən qrupun dağılmasına çalışmırdım, bunu edən Condur”, - deyə Pol Makkartni etiraf edib. 79 yaşlı musiqiçinin sözlərinə görə, Con Lenon bir gün otağa daxil olub qrupu tərk edəcəyini söylədi. Sonra əlavə etdi ki, onun getməsi boşanmaya bənzəyir.

    Con Lenon qrupu tərk etməsəydi, “The Beatles” öz fəaliyyətini davam etdirərdimi sualına Pol Makkartni əminliklə “ola bilər” deyə bildirib və əlavə edib ki, qrupun dağılması onun həyatında ən çətin vaxtlar idi.

    “Bu, mənim qrupum, mənim işim idi. İstəyirdim ki, bu, belə də davam etsin. Düşünürdüm ki, bizimki elə də pis alınmırdı – “Abbey Road”, “Let It Be” kifayət qədər yaxşı mahnılardı. Elə bilirdim ki, hər şey qarşıdadır”.

    Qeyd edək ki, “The Beatles” qrupu “Rolling Stone” jurnalının yazdığına görə bütün zamanların ən yaxşı ifaçıları siyahısında yer almışdır. Liverpuldan olan rok kollektivi tarixdə ən uğurlu musiqi qrupudur. Dördlüyün satdığı audiodisklərin sayı 600 milyonu ötüb.

  • Bakı Fotoqrafiya Evində “Litva tatarları” adlı fotosərgi davam edir

    Bakı Fotoqrafiya Evində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Litvanın ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə açılan “Litva tatarları” adlı fotosərgi davam edir.

    AZƏRTAC xəbər verir ki, Litva tatarlarının tarixinə həsr olunan sərgidə həm müasir, həm də tarixi əsərlər təqdim olunur. Tarixi fotoşəkillərdə XX əsrin birinci yarısında yaşayan tatarların Litva cəmiyyətinin müxtəlif sahələrində - din, təhsil, hərb, dəmir yolu və məhkəmə sistemlərinə verdiyi töhfələrlə, eləcə də tatar icmasının həyatının əsas istiqamətləri əksini tapıb. Müasir fotoşəkillər, əsasən, fəaliyyət göstərən məscidlərin indiki görünüşlərini və tatar icmasının həyatını əks etdirir.

    Qeyd edək ki, Litva Parlamenti tərəfindən bu il ölkədə “Litva Tatarlarının tarixi və Mədəniyyət İli" elan olunub. XIV əsrdən etibarən tatarlar İslama əsaslanan unikal və özlərinəməxsus mədəniyyəti qoruyaraq, eləcə də yerli dilləri doğma qəbul edərək Litvada məskunlaşmağa başlamışlar.

    Sərgi Bakı Fotoqrafiya Evində noyabrın 2-dək davam edəcək.

  • Heydər Əliyev Sarayı “Nizami” operasını səhnələşdirəcək

    Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar Heydər Əliyev Sarayı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və "BEAT Group" şirkətinin təşkilatçılığı, "VISA"nın dəstəyi ilə XX əsrin görkəmli bəstəkarı Əfrasiyab Bədəlbəylinin “Nizami” operasını səhnələşdirəcək.

    Heydər Əliyev Sarayından AZƏRTAC-a bildirilib ki, layihə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı və Azərbaycan Dövlət Akademik Filarmoniyasının Mahnı və Rəqs Ansamblı ilə birgə müştərək nəzərdə tutulur.

    Layihənin ideya müəllifi Əməkdar artist Ramil Qasımov, layihənin rəhbəri Xalq artisti Fərhad Bədəlbəyli, tamaşanın quruluşçu rejissoru Əməkdar artist İnarə Babayeva, quruluşçu dirijoru Əməkdar artist Əyyub Quliyev və quruluşçu xoreoqrafı Əməkdar artist Ceyhun Qubadova məxsusdur.

    Tamaşada Əməkdar artistlər Ramil Qasımov, İnarə Babayeva, Rza Xosrovzadə, Elmir Rüstəmov, Mahir Tağızadə və Emin İsmayılov yer alıblar.

  • İstanbulda Beynəlxalq Anadolu Teatr Mükafatlarının təqdimetmə mərasimi keçirilib

    İstanbulun Su Nümayiş Sənətləri Səhnəsində növbəti Beynəlxalq Anadolu Teatr Mükafatlarının təqdimetmə mərasimi keçirilib.

    AZƏRTAC xəbər verir ki, bu il yeddinci dəfə baş tutan tədbir Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Oyun Yazarları və Tərcüməçiləri Dərnəyi, Anadolu Uşaq Oyunları Qolu (AÇOK) və "Sənətə bəli" platforumu tərəfindən təşkil olunub.

    Mərasimdə teatr sənəti ilə bağlı müxtəlif nominasiyalar üzrə mükafatlar sahiblərinə təqdim edilib. "Teatr tənqidçisi" nominasiyası üzrə mükafat professor İsrafil İsrafilova verilib.

  • Çinin “Qədim məskənlər” mədəniyyət parkında Heydər Əliyev Fondu tərəfindən yaradılan Azərbaycan pavilyonu açılıb

    Çin Xalq Respublikasının Benbu şəhərindəki “Qədim məskənlər” mədəniyyət parkında Heydər Əliyev Fondu tərəfindən yaradılan “Azərbaycan mədəniyyətinə pəncərə” adlı pavilyon fəaliyyətə başlayıb.

    AZƏRTAC xəbər verir ki, parkda məhdud sayda xarici milli pavilyonlardan birinci fəaliyyətə başlayanı məhz Azərbaycan pavilyonudur. Pavilyonda Azərbaycan müxtəlif xalçaçılıq məktəblərini təmsil edən xalça və kilimlər, misgərlik, dekorativ yaradıcılıq və şəbəkə sənəti nümunələri, bəzək əşyaları, milli geyimlər, musiqi alətləri, habelə Fondun Azərbaycan mədəniyyətinə, tarixinə, ölkəmizin müasir inkişafına dair nəşrləri, milli suvenirlər nümayiş olunur. Bundan başqa, Azərbaycanın dahi şari və mütəfəkkiri Nizami Gəncəvinin büstü, “Xarıbülbül”, “Qız qalası” və “Ceyranlar” silsiləsindən heykəltəraşlıq əsərləri, Qobustan qaya rəsmlərinin imitasiyası da nümayiş olunan eksponatlar arasındadır.

    “I love Baku” stendində isə ziyarətçilərə Azərbaycana aid müxtəlif suvenirlər təqdim edilir. Pavilyonda quraşdırılmış monitorlarda isə mədəniyyətimizə, ölkəmizin tarixi və müasir memarlığına, Azərbaycanda keçirilən nüfuzlu beynəlxalq tədbirlərə aid videoçarxlar nümayiş olunur.

    Əldə olunmuş razılığa əsasən, Azərbaycan pavilyonu uzunmüddətli əsasda fəaliyyət göstərəcək və Çinin ən iri turizm layihələrindən olan “Qədim məskənlər” mədəniyyət parkını hər il ziyarət edəcək milyonlarla qonaq Azərbaycan mədəniyyəti haqqında məlumat əldə edə biləcək.

    Oktyabrın 11-də Çin Xalq Nümayəndələr Yığıncağı Daimi Komitəsinin (parlament) sədr müavini, Çin Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü Van Çen, Anhuy vilayətinin və Benbu şəhərinin rəhbər şəxsləri, Çindəki diplomatik korpusun təmsilçiləri “Qədim məskənlər” pakında açılan Azərbaycan pavilyonunda olublar.

    Qeyd edək ki, Benbu şəhərindəki Lonci gölünün ətrafında salınmış “Qədim məskənlər” mədəniyyət parkı 333 hektar sahəni əhatə edən iri mədəniyyət layihəsidir. Ərazidə Çin tarixində və mədəniyyətində xüsusi yer tutan məbədlərin oxşarı da daxil olmaqla, ənənəvi Çin memarlığı üslubunda 450 bina inşa edilib. Parkın ərazisində təxminən 10 min növ nadir ağac əkilib. Anhuy vilayəti və Benbu şəhər hökumətinin dəstəklədiyi “Qədim məskənlər” parkı tarixi, mədəni və ekoloji muzey rolunu oynayır. Parkdakı pavilyonlarda Çin mədəniyyətinə, ölkənin müxtəlif bölgələrinə, Çinin tarixi şəxsiyyətlərinə və tanınmış incəsənət adamlarına həsr olunan pavilyonlarla yanaşı, müxtəlif xalqların mədəniyyəti də təqdim ediləcək.

  • “Gazelli Art House”da latviyalı rəssamların sərgisi açılacaq

    Oktyabrın 15-16-da “Gazelli Art House”da Latviyanın müasir tekstil rəssamları İrisa Blumate və onun tələbəsi İveta Vesenanenin sərgisi açılacaq.

    AZƏRTAC xəbər verir ki, sərgi Latviya Respublikasının Azərbaycandakı səfirliyinin “Gazelli Art House” ilə birgə əməkdaşlığı sayəsində təşkil olunur.

    Hər iki rəssam nəsillərarası dialoq vasitəsilə tarix boyu qobelen sənətinin inkişafını əks etdirir, ətraflarındakı müxtəlif yanaşma və üsulları araşdırırlar. Bu, tətbiqi sənət ənənələrini, bacarıqlarını və biliklərini qiymətləndirən bir araşdırma yoludur.

    “ALL IN TWO” adlı sərgisi hər iki rəssamın zamanla tekstil sənətinin inkişafı, dəyişikliklər, yeni ideyalar və hissləri özündə əks etdirən retrospektiv və müxtəlif əsərlərindən ibarətdir.

    Hər iki sənətçi eyni məktəbdə - Latviya Rəssamlıq Akademiyasında təhsil alıblar. Müəllim və tələbə ömrü boyu yaradıcılıqla məşğul olaraq bir çox beynəlxalq və milli sərgilərdə iştirak ediblər.

    Tekstil sənəti həmişə Latviya mədəniyyətinin ayrılmaz bir hissəsini təşkil edib və hər zaman məşhur bir sənət sahəsi olub. Bu sənət növü xalq yaradıcılığı dəyərlərinin və peşə bacarıqlarının irsindən qaynaqlanan dərin və tarixi ənənələrə malikdir.

  • Şəhidlər daim qəlblərdə yaşayacaq

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası, Yasamal rayon Heydər Əliyev Mərkəzi və 167 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə “Zəfər fədailəri” adlı tədbir keçirilib.

    AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Dövlət Himni səsləndirilib və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Yasamal rayon MKS-nin direktoru Lətifə Məmmədova çıxış edərək Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələrdən danışıb. O, Ali Baş Komandan İlham Əliyevin xalqa müraciəti zamanı dediyi “Biz haqlıyıq, biz öz torpağımızda vuruşuruq, öz torpağımızda şəhidlər veririk. Bizim savaşımız müqəddəs savaşdır!” sözlərini tədbir iştirakçılarının bir daha diqqətinə çatdırıb.

    Yasamal rayon Heydər Əliyev Mərkəzinin direktoru Naminə Ömərova qeyd edib ki, Ulu Öndərin adını daşıyan bu Mərkəzdə vətənpərvərlik mövzusunda tədbirlərin keçirilməsi ənənə halını alıb. Bildirib ki, işğaldan azad olunmuş torpaqlar müstəqil Azərbaycanın qürur mənbəyidir. Qələbə ilə nəticələnən 44 günlük Vətən müharibəsi Azərbaycanın tarixinə qızıl hərflərlə yazılıb.

    Kitabxananın Metodika və biblioqrafiya şöbəsinin böyük metodisti İradə Hüseynova vətən uğrunda həlak olan şəhidlərin qəhrəmanlığının daim qəlblərdə yaşayacağını söyləyib.

    Anım tədbirində hər bir şəhidə - Xəqani Aslanov, Vüsal Babayev, Anar Əsgərli, Sübhan Abdulrəhmanlı, Rəşad Niftalıyev, Rəşid Baxşəliyev, Əlizaman İslamov, Mahir Quliyev, Taleh Yusifova, Kamran Şirəliyev həsr olunmuş videoçarxlar nümayiş edilib. Sonra şəhid ailələrinin üzvləri çıxış edərək övladlarının Vətənin müdafiəsi uğrunda göstərdikləri şücaətlərdən danışıblar.

    167 nömrəli tam orta məktəbin şagirdləri şəhidlərə həsr olunmuş şeirlər söylədilər.

    Tədbirin sonunda “Xudayar təsnifi” adlı videoçarx nümayiş edilib.

  • Perunun dövlət qəzetində Azərbaycanın qədim xalçaçılıq sənəti ilə bağlı yazı dərc olunub

    Perunun rəsmi dövlət qəzeti “El Peruano”da azad olunmuş ərazilərimizdə avqust ayında səfərdə olmuş tanınmış perulu jurnalist, Peru Jurnalistləri Federasiyasının vitse-prezidenti Rikardo Sançezin müəllifi olduğu “Bakıdakı muzeydə 10 mindən çox Azərbaycan xalçası sərgilənir” başlıqlı məqaləsi dərc olunub.

    AZƏRTAC xəbər verir ki, yazıda 1967-ci ildə Bakının İçərişəhər ərazisində dünyada ilk xalça muzeyinin əsasının qoyulduğu, 2014-cü ildən isə həmin muzeyin 10 mindən çox xalçanın sərgiləndiyi bugünkü Azərbaycan Milli Xalça Muzeyi olaraq fəaliyyətini davam etdirdiyi bildirilir.

    Muzeydə Azərbaycan hökuməti tərəfindən dünyanın müxtəlif yerlərində tapılaraq vətənə qaytarılan xalçalarla yanaşı, 1992-ci ildə Şuşa şəhərinin Ermənistan tərəfindən işğalından qısa müddət öncə Şuşa Tarix Muzeyindən gətirilmiş, habelə məcburi köçkünlərin özləri tərəfindən də xilas edilərək muzeyə təqdim edilmiş xalçaların sərgiləndiyi qeyd olunur.

    Məqalədə Azərbaycanda mövcud olan müxtəlif xalçaçılıq məktəbləri, o cümlədən Qarabağ, Gəncə-Qazax, Quba-Şirvan və Təbriz məktəbləri, həmin məktəblərə xas toxuculuq üslubu, istifadə olunan ölçülər, naxışlar, rənglər, xalçalar üzərində əks olunmuş fiqurlar və onların rəmzi mənası və xalçaların istifadə təyinatı haqda ətraflı məlumat verilir.