Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Böyük qələbəmizdən bəhs edən yeni kitab - “Qalibiyyət dastanı”

    Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, şair-publisist Ramiz Duyğunun şeirlər və poemalardan ibarət yeni kitabı “Qalibiyyət dastanı” adlanır.

    AZƏRTAC xəbər verir ki, imzası Azərbaycan oxucusuna yaxşı tanış olan Ramiz Duyğu vaxtı ilə “Hünər” proqramının aparıcısı kimi böyük auditoriyanın sevimlisinə çevrilmişdir. 1973-cü ildən ciddi şəkildə hərbi jurnalistika ilə məşğul olan R.Duyğu Azərbaycan Dövlət Teleradio Komitəsinin hərbi vətənpərvərlik tərbiyəsi redaksiyası ilə əməkdaşlıq etmiş və redaksiyanın “Hünər” proqramının daimi aparıcısı və müəlliflərindən biri olmuşdur. Bu əməkdaşlıq 1990-cı ilin Qanlı Yanvar hadisələrinə qədər 17 il müddətində davam etmişdir. “Hünər” proqramı 1941-1945-ci illərin Böyük Vətən müharibəsində xalqımızın ön və arxa cəbhədə göstərdiyi qəhrəmanlıq nümunələrindən bəhs edir, eyni zamanda müharibədən qayıtmayan oğul və qızlarımızın son ünvanlarının axtarışını aparırdı. Mərhum şairimiz Məmməd Kazımın yaratdığı və rəhbərlik etdiyi proqramın kollektivinin fədakar axtarışı nəticəsində 13 mindən artıq soydaşımızın taleyinə aydınlıq gətirilərək doğmalarına məlumat verilmişdir.

    Ramiz Duyğu 11 yaşından könlünü şeirə, söz verib. Yazdığı şeirlər yaşadığı rayonda, oxuduğu orta məktəbdə hamı tərəfindən yüksək qiymətləndirilib. Onun “Yaşa Azərbaycanım” adlı ilk mətbu şeiri Tibb İnstitutunun 3-cü kursunda oxuyarkən “Gənclik” nəşriyyatında işıq üzü görən “Gəncliyin səsi” almanaxında çapdan çıxıb. “Vətən kimi şirin” adlı ilk şeirlər kitabı isə 1983-cü ildə “Yazıçı” nəşriyyatında işıq üzü görüb.

    Ramiz Duyğu onlarla şeir, publisist kitabın müəllifi olmaqla yanaşı, həm də gözəl tərcümələri ilə ədəbiyyatımıza öz töhfəsini verib.

    Onun “Əbədiyyətdən gələn məktub” pyesi əsasında 1977-ci ildə televiziya tamaşası hazırlanaraq Azərbaycan Dövlət Televiziyasında nümayiş edilib. “Xarı bülbül” adlı pyesi Qusar Dövlət Ləzgi Dram Teatrının repertuarındadır. Zəhmətkeş qələm adamı olan Ramiz Duyğunun əsərləri dövrü mətbuatda çap olunur, televiziya və radioda səsləndirilir.

    Tarixi Zəfər bayramımızı qeyd edəcəyimiz belə bir ərəfədə şairin oxucularla növbəti görüşü heç də təsadüfi deyil. O, bu günü hər zaman gözləyib və böyük ümidlə yaşayıb. Onun yeni çapdan çıxmış “Qalibiyyət dastanı” kitabına əsasən 1992-ci ildə Şuşa işğal edildikdən sonra yazılan şeir və poemalar daxil edilib. Kitab bir neçə bölmədən ibarətdir. Kitabdakı “Şuşa çağırır” bölməsinə Şuşa işğal edildikdən sonra yazılmış, “Karvan gedir öz yoluyla” bölməsinə İlham Əliyev Prezident seçildikdən sonra qələmə alınmış, “Mən səni heç zaman bağışlamaram” bölməsinə erməni-daşnak faşist işğalçılarına nifrətdən doğan, “Qalibiyyət dastanı” bölməsinə 2-ci Qarabağ müharibəsindəki möhtəşəm qələbəmizlə bağlı, “Əbədiyyət sakinləri” bölməsinə Milli qəhrəmanlarımıza həsr edilmiş şeirlər daxil edilib.

    Şair kitaba daxil edilmiş bütün şeirləri erməni faşizmi üzərindəki qələbəmizə böyük inamla yazıb. O, heç vaxt qələbəmizə inamını itirməyib və bütün yaradıcılığı boyu xalqımızı qalibiyyətə səsləyib. Onun son 7 kitabı torpaqlarımızın düşmən tapdağından azad olunmasına köklənmiş müharibəyə çağırış əhval-ruhiyyəsində olub.

    Müəllif yazır: “Xoşbəxtəm ki, mənim çağırışlarım nəhayətdə həqiqətə çevrilmiş, Silahlı Qüvvələrimizin qalib və qadir Ali Baş Komandanı, möhtərəm Prezidentimiz İlham Əliyevin yaratdığı Qəhrəman Azərbaycan Ordusu ərazi bütövlüyümüzü müharibə yolu ilə bərpa etdi və üçrəngli bayrağımız işğaldan azad edilmiş kənd, qəsəbə və şəhərlərimizdə dalğalanır.

    Xoşbəxtəm ki, mən “Qalibiyyət dastanı” adlı şeirlər kitabımı böyük siyasətçi və dövlət xadimi, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin şəxsində qəhrəman Azərbaycan Ordusunun şəxsi heyətinə həsr edirəm”.

    Ramiz Duyğunun əsas yaradıcılıq amalı və əqidəsi vətənpərvərlik duyğularını tərənnüm etməkdir. Bu kitaba daxil edilən şeir və poemaların demək olar ki, əksəriyyəti Qarabağ müharibəsi ilə əlaqəlidir və bu əsərlər, əsasən, qədim mədəniyyət, incəsənət və sənət paytaxtımız Şuşa şəhərinin erməni-daşnak faşist işğalından sonra yazılıb.

    Kitaba daxil edilmiş şeir və poemaların ruhunu ancaq silaha sarılmaq və Qələbəyə böyük inam nidaları təşkil edir və ərazi bütövlüyümüzün yalnız hərb yolu ilə bərpa olunacağına çağırışdır.

    Nə xoş ki, şair intuisiyası yanılmamış və nəticədə Qarabağ münaqişəsi qüdrətli Prezidentimiz, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin yürütdüyü məntiqli və uzaqgörən siyasəti nəticəsində “Dəmir yumruq” sayəsində tarixi Zəfərlə başa çatmışdır.

    Xalqımızın qələbə əzmini, ordumuzun məğlubedilməzliyini poetik dillə oxçuya çatdıran şair “Qalibiyyət dastanı”, “Zəfər ili” lirik poemalarında, “Böyük qələbəmizin Ali Baş Komandanı”, “Əsrimizin qəhrəmanı”, “Milli ləyaqət günü”, “Qarabağ Azərbaycandır!”, “Oxuyaq Qarabağ şikəstəsini” və digər şeirlərində Vətəni, mənsub olduğu xalqın qələbəsini, Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuzun yenilməzliyini çox yüksək poetik dillə qələmə almışdır.

    Ramiz Duyğunun “Qalibiyyət dastanı” dastana dönmüş qələbəmizi bizə yaşadanlara bir şair borcu olmaqla yanaşı, xalqımızın mübarizəsinə, torpaq sevgisinə həsr olunmuş şeir çələngidir.

  • Pikassonun rəsm əsəri Honkonq hərracında 24,6 milyon dollara satılıb

    Məşhur ispan fırça ustası Pablo Pikassonun çəkdiyi rəsm əsəri Honkonq hərracında 24,6 milyon dollara satılıb.

    AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə “Sotheby's” hərrac evi bildirib.

    Məbləğ əsərə qoyulan ilkin dəyərləndirmədən çox da kənara çıxmayıb. Satılan “Çömbəlmiş qadın” əsərində rəssam öz həyat yoldaşı Jaklin Roku təsvir edib.

    Eyni hərracda 9.1 milyon dollara Hollandiyalı rəssam Vinsent Van Qoqun natürmortu, 10,3 milyon dollara isə çin mənşəli fransız abstraksionisti Sanyunun “Yatmış gözəl” əsəri satılıb.

    Hərracda fransalı heykəltaraş Oqüst Rodenin yaratdığı Napoleon Bonapartın büstü səbəbi açıqlanmadan satışdan çıxarılıb. Bu əsər 70-90 milyon Honkonq dolları civarında qiymətləndirilmişdir. Büst 1930-cu illərdə itkin düşmüş hesab olunurdu. Sənətşünaslar 2015-ci ilə qədər onun harada olduğundan xəbərsiz idilər.

  • Araş Derambarş: Rzanın fotoları siyasi və geosiyasi mesajlar ötürür

    Atmosfer Festivalının təşkilatçılarındanam. Dünyada məşhur fotoqraf kimi tanınmış Rza Deqatini burada qəbul etməkdən çox məmnun olduq. XX əsrin sonu və XXI əsrin əvvəlində Rza dünyanın gözüdür. Yeni nəsil üçün Rzanı dəvət edirik. Bu, bir növ bilik və bacarıqların nəsildən-nəsilə ötürülməsidir.

    Bu gün Rza Deqatinin Atmosfer Festivalı çərçivəsində qəbul edirik. Məhz gənc nəslə nə etməli olduqlarını bildirmək üçün Kurbövuanın meri dünən Rza Deqatiyə şəhərin mükafatını təqdim etdi. Rza XX əsrin şahididir. Onu şəhərimizdə görmək bizim üçün böyük şərəfdir.

    Bu fikirləri Kurbövua şəhərinin merinin müavini, Paris vəkillər kollegiyasının üzvü, Atmosfer Festivalının təşkilatçısı Araş Derambarş AZƏRTAC-a müsahibəsində deyib.

    Bildirib ki, Rzanın Festival çərçivəsində təqdim etdiyi konfrans çox maraqlı olub. Nümayiş etdirdiyi şəkillər onun həyat və yaradıcılığını əks etdirir. Fotolar çox təsirləndirici idi. Müharibədən olan şəkillərini təqdim etdi. Üç müxtəlif xalqdan, xüsusilə də min illər tarixi olan Azərbaycan xalqından danışdı. Müharibədə üzləşdiyi dəhşətlərdən söz açdı. Onun foto və sərgiləri vasitəsilə reallığı görmək olur. Fotoların gücünü, eləcə də siyasi və geosiyasi planda ötürdükləri mesajı aydın görmək olur.

  • “Azərbaycan – Film destinasiyası” adlı vebinarda ölkəmizin destinasiya kimi potensialı barədə danışılıb

    Oktyabrın 8-də Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu tərəfindən təşkil olunan “Azərbaycan – Film destinasiyası” adlı vebinarda ölkəmizin film destinasiya kimi potensialı barədə danışılıb.

    Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, 30-dan çox Hindistan film istehsalı şirkəti, turizm operatoru və tədbir təşkilatı ilə məşğul olan şirkətlərin qatıldığı vebinarda Azərbaycanda unikal və araşdırılmamış çəkiliş yerləri barədə məlumat verilib.

    Vebinar iştirakçıları Azərbaycanda film çəkilişi sahəsindəki mövcud vəziyyət, kino layihəsi ilə birlikdə turizm təcrübəsinin artırılması, çəkiliş komandasına tövsiyə olunan turizm məhsulları və saytlar haqda məlumatlandırılıblar.

    Vebinarda bildirilib ki, son bir neçə il ərzində bir çox beynəlxalq idman və mədəni-humanitar tədbirlərə ev sahibliyi edən Azərbaycanı film çəkilişləri üçün xüsusi edən əsas cəhətlər turizm infrastrukturu, kəşf olunmamış məkanların mövcudluğu, ölkənin unikal coğrafi mövqedə yerləşməsi, zəngin tarixi və mədəni abidələrə malik olması, həmçinin filmlərin çəkilməsi üçün əlçatan büdcənin olmasıdır.

    Qeyd edək ki, “Azərbaycan – Film destinasiyası” vebinarı Hindistan şirkətləri tərəfindən daxil olan çoxsaylı müraciətlər əsasında təşkil edilib.

  • Şuşa Teatrı 148–ci mövsümü açıb

    Şuşa Dövlət Musiqili Dram Teatrının 148–ci mövsümünün açılışını edib.

    Teatrdan AZƏRTAC-a bildirilib ki, teatr mövsümü uşaqlar üçün Altay Məmmədovun “Dəli Domrul” əsəri əsasında hazırlanan eyniadlı tamaşa ilə açıb. Həmçinin Xanımana Əlibəylinin əsəri əsasında hazırlanan “Dovşanın ad günü” tamaşası da təqdim edilib.

    “Dəli Domrul” tamaşanın quruluşçu rejissoru, teatrın baş rejissoru Əməkdar artist Loğman Kərimov, rəssamı Valeh Məmmədov, rejissor assistenti Zəhra Salayeva, musiqi tərtibatçısı Ağasəlim Feyzullayevdir.

    “Dovşanın ad günü” səhnə əsərinin isə quruluşçu rejissoru, Əməkdar artist Loğman Kərimov, quruluşçu rəssamı Valeh Məmmədov, rejissor assistenti Mir Qabil Əkbərov, musiqi tərtibatçısı Ağasəlim Feyzullayevdir.

  • Mədəniyyət evi Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi ilə bağlı videoçarx hazırlayıb

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Şövkət Ələkbərova adına Mədəniyyət evi Prezidentin Sərəncamı ilə Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi ilə əlaqədar videoçarx hazırlayıb.

    İdarədən AZƏRTAC-a bildirilib ki, videoçarx kitabxananın sosial hesablarında oxuculara təqdim edilib.

    Videoçarxda qeyd edilib ki, Şuşa Azərbaycan mədəniyyətinin beşiyi, bir çox görkəmli sənətkarların, musiqiçi, memar, rəssam və ədiblərin, dünya mədəniyyət xəzinəsinə böyük töhfələr vermiş şəxsiyyətlərin yetişdiyi bir yerdir. Azərbaycan ədəbiyyatında satirik şeirin təməlini qoyanlardan biri olan Qasım bəy Zakir Şuşada doğulub. Şuşanın yetişdirdiyi istedadlardan biri də Xurşidbanu Natəvan olub. İbrahimxəlil xanın nəvəsi, Qarabağın sonuncu xanı Mehdiqulu xanın qızı Natəvan həm şairə, həm də rəssam olub.

    Azərbaycanda mədəniyyət və incəsənət beşiyi sayılan Şuşanı Qarabağın döyünən qəlbi adlandırırlar. XVIII əsrin II yarısından Şuşa musiqi mərkəzinə çevrilib və Azərbaycan musiqisinin yüksəlişinə səbəb olub. Öz məlahətli səsləri və böyük sənətləri ilə bütün Yaxın Şərqdə məşhur olan xanəndələrdən Hacı Hüsü, Məşədi İsi, Keştazlı Həşim, Əbdülbaği Zülalov (Bülbülcan), Cabbar Qaryağdıoğlu, Bülbül, Məşədi Məmməd Fərzəliyev, Keçəçioğlu Məhəmməd, Segah İslam, Zabul Qasım, Malıbəyli Həmid, Musa Şuşinski, Məcid Behbudov, Mütəllim Mütəllimov və bir çox başqaları Şuşanın yetirdiyi məşhur sənətkarlardır.

    Diqqətə çatdırılıb ki, Azərbaycan peşəkar musiqisinin banisi, dahi bəstəkar Üzeyir bəy Hacıbəyli Şuşanın dünya şöhrətli yetirmələrindən olub. O, Azərbaycan opera musiqisinin banisi kimi tanınmaqla yanaşı, tarixdə istedadlı jurnalist, görkəmli dramaturq, pedaqoq, musiqişünas kimi də ad qazanıb.

    Şuşada xanəndəlik sənəti ilə əlaqədar olaraq gözəl tar, kamança və qarmon ifaçıları da yetişib. Bu musiqiçilərdən böyük tarzən Sadıqcan, Məşədi Zeynal, Məşədi Cəmil Əmirov, Qurban Pirimov və başqaları ən məşhur sənətkarlardır.

    Şuşa, eyni zamanda Azərbaycanın bir çox görkəmli bəstəkarlarının vətənidir. Fikrət Əmirov, Zülfüqar bəy Hacıbəyli, Niyazi, Əfrasiyab Bədəlbəyli, Soltan Hacıbəyov, Əşrəf Abbasov, Zakir Bağırov, Süleyman Ələsgərov və bir çox başqaları gənclik illərini Şuşada – “Qız qayası”nda, “Üç mıx”da, “Cıdır düzü”ndə, “Çanaqqala”da keçiriblər. Azərbaycan musiqi sənətinin tədqiqatçısı, görkəmli musiqişünas Firudin Şuşinski də Şuşada doğulub. Şuşanın yetişdirdiyi nadir istedadlardan biri də görkəmli incəsənət xadimi Mehdi Məmmədovdur. O, milli dramaturgiya, incəsənət nəzəriyyəsi və estetikaya aid bir sıra əsərlərin müəllifidir.

    Vurğulanıb ki, Azərbaycan teatr sənətinin parlaq ulduzlarından olan Barat Şəkinskaya da Şuşada anadan olub. Şuşanı haqlı olaraq həmişə Şərqin musiqi konservatoriyası adlandırıblar. Məşhur müğənniləri dinləmək və ya ifaçılıq dərsi almaq üçün hər yerdən bura musiqi həvəskarları axışıb gəliblər.

  • “Qələbə hünəri” adlı respublika yaradıcılıq sərgisinə qeydiyyat yekunlaşıb

    Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə noyabr ayının 6-da açılacaq Vətən müharibəsində qələbəmizin ildönümünə həsr olunmuş “Qələbə hünəri” adlı respublika yaradıcılıq sərgisinə qeydiyyat yekunlaşıb.

    Dövlət Rəsm Qalereyasından AZƏRTAC-a bildirilib ki, sərgi Azərbaycanın, xüsusən də işğaldan azad olunmuş ərazilərin təbiət gözəlliklərinin tərənnümü, Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan ordusunun Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığının və qazanılmış möhtəşəm tarixi zəfərin əsərlərdə nümayişi məqsədilə açılacaq.

    Sərgidə 100 əsər nümayiş ediləcək. Seçimdə professionallıq, mövzu və ideya orijinallığı nəzərə alınacaq.

    Sərgilənəcək əsərlər təşkilat komitəsinin formalaşdırdığı və adları qabaqcadan elan olunacaq münsiflər heyəti tərəfindən seçiləcək.

    Sərgidə iştirak edəcək rəssamların siyahısı oktyabrın 15-də Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin rəsmi saytı və sosial medya hesablarında paylaşılacaq.

    Seçilmiş əsərlər oktyabrın 30-dək Xətai Sənət Mərkəzinin 3-cü mərtəbəsindəki sərgi zalına təhvil verilməlidir.

    Nümayiş olunan əsərlərin müəllifləri sertifikatla təltif ediləcəklər.

    Sərgi Xətai Sənət Mərkəzində açılacaq.

    Sərginin Nazirlər Kabineti yanında Operativ Qərargahın COVID-19 pandemiyası ilə əlaqədar qəbul etdiyi karantin qaydalarına uyğun keçirilməsi planlaşdırılır.

  • Məşhur fotoqraf Reza Deqati Qarabağda ermənilərin törətdiyi dağıntılardan danışıb

    Fransanın Korbövua (Courbevoie) şəhərində 11-ci Atmosfer Festivalı (Festival Atmospheres) çərçivəsində Azərbaycan əsilli tanınmış fransız fotojurnalist Reza Deqatinin sərgisi və onun iştirakı ilə konfrans təşkil olunub.

    AZƏRTAC xəbər verir ki, konfransda Kurbövua şəhərinin rəhbərliyi, yerli ictimaiyyətin, eləcə də Azərbaycan diasporunun nümayəndələri, fotosevərlər iştirak ediblər. Məşhur fotoqraf müxtəlif ölkələrdə olan missiyalarından danışaraq, səfər etdiyi ölkələrdə çəkdiyi fotoları nümayiş etdirib.

    Reza Deqati Qarabağda çəkdiyi seçilmiş fotoları təqdim edərək, hər fotonun tarixçəsi haqqında məlumat verib. O, Birinci və İkinci Qarabağ müharibələrində fotoqraf kimi fəaliyyət göstərməsindən söz açıb. Birinci Qarabağ müharibəsi, eləcə də XX əsrin ən qanlı faciələrindən biri olan Xocalı soyqırımı haqqında məlumat verən R.Deqati çəkdiyi fotoları göstərib. Soyqırımı qurbanı olmuş ərinin və oğlunun cəsədini eyni vaxtda görən qadının haray çəkdiyi anı, eləcə də cılız, üzündə övlad itkisinin əzabları ifadə olunan, əlində itkin düşən oğlunun kiçik şəklini tutaraq, ümidlə xəbər gözləyən yaşlı atanın şəkilləri fotoqrafın məşhur fotoları arasında diqqəti xüsusilə cəlb edib. R.Deqati hər iki şəkil haqqında ətraflı məlumat verərək, ölkəmizin üzləşdiyi ədalətsizlikdən danışıb.

    O, İkinci Qarabağ müharibəsində erməni silahlı qüvvələrinin mülki əhalini qadağan olunmuş bombalarla hədəfə almasından, yaşlılarla bərabər, məsum körpələri qanına qəltan etməsindən söz açıb. Ermənilər tərəfindən darmadağın edilmiş kəndlərin, şəhərlərin şəkillərini böyük ekranda nümayiş etdirərək, erməni vandalizmini göstərib. Bu ərazilərdən məcburi köçkün düşmüş azərbaycanlılardan, ərazilərinin azad olunmasına baxmayaraq, onların bu gün də doğma yurdlarına qayıda bilməməsindən danışıb.

    Azərbaycandakı tolerantlıq və multikulturalizm mühitinin, udi kilsəsi icmasının azərbaycanlılara iftar süfrəsi açmasının əks olunduğu foto da konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.

    Festival çərçivəsində şəhərin mərkəzində nümayiş olunan fotolar arasında Azərbaycanın Lerik rayonundan və Xınalıq kəndindən olan fotolar ziyarətçilərin diqqətini cəlb edib.

  • “Nizami Gəncəvinin əsərlərinin el variantları” və “Ölümü ömür seçənlər” kitablarının təqdimatı olub

    Mədəniyyət Nazirliyinin təşkil etdiyi VII Beynəlxalq Bakı Kitab Sərgisində Kürdəmir Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə nəşr olunan “Nizami Gəncəvinin əsərlərinin el variantları” və müəllifin təşəbbüsü ilə yayımlanan “Ölümü ömür seçənlər” kitablarının təqdimatı keçirilib.

    AZƏRTAC xəbər verir ki, əvvəlcə redaktoru və tərtibçisi Fərid Hüseyn olan “Nizami Gəncəvinin əsərlərinin el variantları” kitabı ictimaiyyətə təqdim edilib.

    Nəşrin layihə rəhbəri və ön sözün müəllifi Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı kitabın əsas ideyasını açıqlayıb: “Bəzən haqsız yerə Nizami Gəncəvini mübahisəli şair hesab edir, onu yazdığı dilin xalqına mənsub şəxsiyyət kimi təqdim edirlər. Nəzərə alaq ki, insan fiziki varlıqdır, şairin doğulduğu yer Gəncə şəhəridir. Bu kitab əyani şəkildə göstərir ki, yad, əcnəbi şairin əsərləri folklora, milli ədəbiyyata bu qədər hopa, nağıllarda, dastanlarda bunca süjetlərdə özünə həyat qazana bilməz. Yalnız xalqın həqiqi mənəvi övladı öz folkloruna bu qədər yaxın ola bilər. Həmçinin xalq yalnız öz əziz övladının əsərlərini öz mənəviyyatının carçısı bilərək onu öz şifahi yaddaşında əsrlər boyunca qoruyub-saxlaya bilər. Hansısa xalq yad düşüncəni, əxlaqı, dünyagörüşü tərzini özünə bu qədər yaxın buraxa bilərmi?! Bu kitab həm də onu göstərir ki, əlinizdəki nəşrlə bir daha Nizami Gəncəvinin Azərbaycan şairi olduğunu bariz örnəklərlə dünyaya çatdıraq. Bu kitab Nizami Gəncəvinin süjetlərinin folklorumuza nə qədər sirayət etdiyini, eyni zamanda, dahi ədibin Azərbaycanın el yaddaşından, xalq ədəbiyyatından nə qədər məharətlə yararlandığını bir daha aydınlaşdırır. Sovet dövründə ayrı-ayrı nəşrlərdə yer alan bu əsərləri, folklor nümunələrini bir araya toplamaqla, Nizaminin xalq yaddaşını, eləcə də xalqımızın Nizami yaddaşını yenidən təzələməyə çalışdıq”.

    Qeyd edək ki, “Nizami Gəncəvi İli”nə bir töhfə kimi nəşr olunan kitabın təqdimat yazısının müəllifi AMEA-nın Folklor İnstitutunun Mifologiya şöbəsinin müdiri, professor Seyfəddin Rzasoy, məsləhətçisi isə ədəbiyyatşünas Ramil Əhməddir.

    Daha sonra filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızının “Ölümü ömür seçənlər” kitabı təqdim edilib. Kitab ötən il sentyabrın 27-də başlayan və 44 gün davam edən İkinci Qarabağ müharibəsində tarix yazan, vətən, torpaq uğrunda qəhrəmanlıqla döyüşərək canını fəda edən 39 nəfər kürdəmirli şəhid haqqındadır. Kitabda bütün kürdəmirli şəhidlərin həyatından, döyüş yolundan bəhs edən oçerklər toplanıb. Müəllif şəhid qəhrəmanların ailəsinin, doğmalarının, dostları və döyüş yoldaşlarının söylədikləri xatirələri dilimizdəki bədii sözün zəngin ifadə vasitələri ilə qələmə alıb və hər bir şəhid haqqında öz düşüncələrini də əlavə edib.

    Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı çıxışında mədəniyyət müəssisələrində şəhidlərin adlarının əbədiləşdirilməsi üçün onların adını daşıyan sərgi salonlarının, oxu zallarının, dərs otaqlarının açılmasından, şəhidlərin döyüş yolunun təbliğinin önəmindən söhbət açıb. Bildirib ki, “Ölümü ömür seçənlər” kitabında hər bir şəhidimiz haqqında məlumatın yer alması onların xatirəsinin əbədiləşdirilməsi yolunda atılan önəmli addımdır və gələcək nəsillərə hərbi vətənpərvərlik ruhunun aşılanması məqsədi daşıyır.

  • İsgəndəriyyə Kitabxanası: Qədim və müasir dünya tarixinə açılan pəncərə

    Misirin ikinci ən böyük şəhəri olan İsgəndəriyyədə Aralıq dənizinin sahilindəki qədim dünyanın yeddi möcüzəsindən biri hesab edilən kitabxananın qalıqları üzərində tikilən müasir İsgəndəriyyə Kitabxanası elmi tədqiqatlar mərkəzi olmaqla yanaşı, turistlərin sevimli məkanıdır. “Silsilə” adlanan bu məkanda qədim yunan-Roma mədəniyyətinin qalıqları tarixçi alimlər üçün əvəzolunmaz mənbədir. Beynəlxalq ictimaiyyət 1600 il əvvəl güclü yanğına məruz qalmış bu qiymətli abidənin bərpası üçün böyük səylər göstərib.

    Kitabxananın beynəlxalq əlaqələr və protokol şöbəsinin müdiri Şərif Riad AZƏRTAC-ın müxbirinə bildirib ki, tarixçi alimlər qədim İsgəndəriyyə Kitabxanasının tikilməsi təşəbbüsünün eramızdan əvvəl IV əsrdə Makedoniyalı İsgəndər tərəfindən irəli sürüldüyü fikrində həmrəydirlər. Dünyanın ilk ən böyük ictimai kitabxanasının tikintisini isə eramızdan əvvəl III əsrdə Misir fironu I Ptolemey başa çatdırıb. Təxminən 700 min kitab və əlyazmanın olduğu bu elm ocağı sayəsində qədim yunan və Misir mədəniyyətinin sintezi olan Ellinizm sivilizasiyasının əsası qoyulub. Eramızdan əvvəl 48-ci ildə İsgəndəriyyə sahillərində gəmiləri yandıran Qədim Roma imperatoru Yuli Sezar bu kitabxananın böyük bir hissəsini də külə döndərib. Misirin ərəb istilasına məruz qaldığı 640-cı ildə İsgəndəriyyə Kitabxanası xəlifə Ömər ibn Xəttab tərəfindən yenidən yandırılıb.

    Müasir İsgəndəriyyə Kitabxanasının tikintisi ideyası isə 1986-cı ildə Misir hökuməti, UNESCO və BMT İnkişaf Proqramı tərəfindən irəli sürülüb. Yeni binanın layihəsini hazırlamaq məqsədilə 100-dən çox memarlıq şirkəti arasında müsabiqə keçirilib və Norveçin “Sonetta” firması qalib elan olunub. 1998-ci ildə tikintisinə başlanılan kitabxana binası 2002-ci ildə istifadəyə verilib. Sahəsi 36 min kvadratmetr olan kitabxananın fondunda ərəb, ingilis, fransız, alman, italyan və ispan dillərində 2 milyondan çox kitab saxlanılır. Onların arasında Azərbaycanın qədim tarixini əks etdirən nüsxələr də var. 2007-ci ildə İsgəndəriyyə Kitabxanası ilə Azərbaycan Milli Kitabxanası arasında əməkdaşlığa dair üçillik fəaliyyət proqramı da imzalanıb. 2015-ci ildə isə Beynəlxalq Nizami Gəncəvi Mərkəzi burada dahi Azərbaycan şairi Nizami Gəncəviyə həsr olunmuş konfrans keçirib. Dahi şair və mütəfəkkir haqqında yazılmış ərəbcə əsər, həmçinin AMEA-nın Tarix İnstitutunun ərəb dilində nəşr olunmuş “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi”, “Real tarix və “böyük Ermənistan” uydurması” kitabları və İrəvan xanlığı ilə bağlı broşürlər də İsgəndəriyyə kitabxanasının fonduna daxil edilib.

    İsgəndəriyyə Kitabxanasında müxtəlif yaş qruplarında, habelə görmə qüsurlu oxucular üçün xüsusi zallar, incəsənət və multimedia bölmələri də mövcuddur. Kitabxananın üçüncü mərtəbəsindəki Nobel mükafatı zalında isə görkəmli alim və yazıçılara həsr olunmuş eksponatlar sərgilənir. Eyni zamanda, burada Misirin müasir tarixini əks etdirən muzey də fəaliyyət göstərir. Burada Misirin dövlət başçıları Camal Əbdel Nasir və Ənvər Sadata aid guşələrdə onların hərbi və mülki geyimləri, əşyaları nümayiş etdirilir.