Oktyabrın 6-da Milli Məclisin Mədəniyyət komitəsinin onlayn iclası keçirilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, komitə sədri Qənirə Paşayeva iclası açaraq gündəlik barədə məlumat verib. Qeyd olunub ki, iclasda İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizədləri irəli sürülmüş şəxslərin seçilməsi məsələsinə baxılacaq.
Vurğulanıb ki, “İctimai televiziya və radio yayımı haqqında” Qanuna uyğun olaraq İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına Sahibkarlar Şurası, gənclər təşkilatları, qadın cəmiyyətləri tərəfindən irəli sürülmüş namizədlərin 6 illik səlahiyyət müddəti 2021-ci il mayın 29-da başa çatıb.
Bildirilib ki, İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə Sahibkarlar Şurası tərəfindən Zeynalov Vüqar Eldar oğlu (Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti), Abdullayeva İlhamə Xanlar qızı (Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri), gənclər təşkilatları tərəfindən Əliyev Azər Ruslan oğlu (Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri), Axundova Ülviyyə Süleyman qızı (“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin sədri), qadın cəmiyyətləri tərəfindən Yusifova Sevil Şərif qızı (Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının prezidenti), Mansurova Zərəngiz Dəmirçi qızı (Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin Qadınlar Şurasının sədr müavini) yeni namizədlər olaraq irəli sürülüblər.
İclasda Qənirə Paşayeva vurğulayıb ki, “İctimai televiziya və radio yayımı haqqında” Qanuna uyğun olaraq, həmin qurumların irəli sürdüyü namizədlər arasından hər təşkilatdan bir nəfər olmaqla, qarşıdakı müddətə yeni şəxslər təsdiqlənməlidir.
Sonra Mədəniyyət komitəsi sədrinin müavini Fazil Mustafa, deputat Nizami Cəfərov müzakirə olunan məsələ ilə bağlı rəy və təkliflərini səsləndiriblər, ölkəmizdə televiziya məkanındakı durumla bağlı öz fikirlərini bölüşüblər.
Müzakirələrin yekununda İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizədlikləri irəli sürülmüş şəxslərin seçilməsi məsələsi parlamentin plenar iclasına tövsiyə olunub.
Onlayn iclasda Milli Məclisin deputatları Novruz Aslanov, Cavanşir Feyziyev, Əziz Ələkbərli, Ülviyyə Ağayeva, Mixail Zabelin və Ülviyyə Həmzəyeva iştirak ediblər.
Oktyabrın 6-dan Bakı Ekspo Mərkəzində VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində Milli Kitabxananın “Nizami Gəncəvi əlyazmaları dünya kitabxanalarında” mövzusunda təşkil etdiyi sərginin açılışı və eyniadlı elektron məlumat bazasının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində Baş nazirin müavini Əli Əhmədov, mədəniyyət naziri Anar Kərimov, təhsil naziri Emin Əmrullayev, Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Əhməd Misbah, Milli Məclisin deputatları Anar İsgəndərov, Qəzənfər Paşayev və digər şəxslər iştirak ediblər.
Kitabxananın direktoru Kərim Tahirov iştirakçıları Milli Kitabxana stendində yaradılmış “Ulu öndər Heydər Əliyevin Milli Kitabxanaya bağışladığı kitab kolleksiyasından”, “Nizami Gəncəvi əlyazmaları dünya kitabxanalarında layihəsindən”, “Nadir kitablar kolleksiyasından”, “Milli Kitabxananın Qızıl fondundan”, “Milli Kitabxananın nəşrləri” bölmələrindəki kitablarla tanış edib. Direktor Nizami Gəncəvinin dünya kitabxanalarından gətirilən əlyazmaları ilə xüsusilə, Topqapı, Tehran nüsxələrini onlara göstərib. Vurğulayıb ki, Mədəniyyət Nazirliyi və Milli Kitabxana milli mənəvi dəyərlərimizin hamisi və təəssübkeşi olan Heydər Əliyev Fondunun və onun vitse-prezidenti Leyla xanım Əliyevanın dəstəyi ilə artıq iki ildir ki, “Milli-mənəvi dəyərlərimizin Vətənə qayıdışı” layihəsi çərçivəsində dünyanın milli kitabxanalarında və muzeylərində mühafizə edilən Azərbaycan ədəbiyyatının klassiklərinə mənsub olan qiymətli əlyazmaların müəyyən olunaraq onların elektron və kağız nüsxələrinin Milli Kitabxanaya gətirilməsi layihəsini həyata keçirir. Həmin layihə çərçivəsində Nizaminin, Nəsiminin, Füzulinin və digər Azərbaycanın müdrik şəxsiyyətlərinin əlyazmaları Milli Kitabxanaya gətirilib və həmin əlyazmalarla tanış olunur.
Tədbirin davamında Azərbaycan Milli Kitabxanası ilə M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanası arasında Qarşılıqlı əməkdaşlığa dair Memorandum imzalanıb.
Bildirilib ki, hər iki ölkənin iqtisadi, siyasi sahədə inkişaf edən yaxınlığı mədəniyyət sahəsində də imzalanan bu memorandumdan sonra daha da möhkəmlənəcək.
M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının baş direktoru Pavel Kuzmin Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirova öz nəşrlərindən hədiyyə və kitabxananın oxucu biletini simvolik olaraq təqdim edib. Direktor Kərim Tahirov da öz növbəsində Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə layihəsi əsasında hazırlanan “Nizami Gəncəvi 880” disk albomunu ona bağışlayıb.
Tədbirlərdə Azərbaycan Milli Kitabxanasının dəvəti ilə gələn Rusiya, Bolqarıstan, Özbəkistan, Qırğızıstan, Gürcüstan Milli kitabxanalarının əməkdaşları öz ölkələrinə dair ekspozisiya ilə təmsil olunublar.
Sonda iştirakçılarla xatirə şəkili çəkilib.
Sərgi-yarmarka çərçivəsində tədbirlər davam edir.
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində açılan VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında 12 ölkədən 43 xarici təşkilat, 121 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə iştirak edir. Sərginin iştirakçıları arasında Müqəddəs Kiril və Mefodiy adına Bolqarıstan Respublikasının Milli Kitabxanası da var.
Azərbaycanın Bolqarıstandakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, sərgidə bu ölkəni Milli Kitabxananın direktoru Krasimira Aleksandrovanın rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. Bolqarıstan nümayəndə heyəti sözügedən sərgidə stendlə təmsil olunur.
Səfər çərçivəsində, həmçinin Müqəddəs Kiril və Mefodiy adına Bolqarıstan Respublikasının Milli Kitabxanasının təqdim etdiyi kitablar əsasında M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “Bolqarıstanın kitab guşəsi”nın açılışı da nəzərdə tutulur.
Qeyd edək ki, VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası oktyabrın 7-dək davam edəcək.
Naxçıvan Muxtar Respublikası VII Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunur.
Bu barədə AZƏRTAC-a Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyindən məlumat verilib.
Bildirilib ki, daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov VII Bakı Beynəlxalq Kitab Sərgisinin açılış mərasimində iştirak edib.
Qeyd edək ki, bu sərgidə Naxçıvan Muxtar Respublikasını daimi nümayəndəlik təmsil edir.
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində açılan VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında Azərbaycan Dillər Universiteti (ADU ) də təmsil olunur.
ADU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ali təhsil ocağının nəşrlərinin təqdim edildiyi stendə baş çəkən Baş nazirin müavini Əli Əhmədov, mədəniyyət naziri Anar Kərimov və təhsil naziri Emin Əmrullayev Azərbaycan Dillər Universitetinin nəşrləri ilə tanış olublar.
ADU-nun rektoru, akademik Kamal Abdulla tədbir iştirakçılarına “Həqiqətin onomastikası” kitabı haqqında məlumat verib. Qeyd olunub ki, gərgin tədqiqat işlərinin bəhrəsi olan bu kitab erməni vandalizminin və erməni saxtakarlığının ən bariz nümunələrindən birinə – tarixi Azərbaycan torpaqlarında, indiki Ermənistan Respublikası ərazisində əsrlər boyu yaşamış azərbaycanlıların izlərinin silinməsi üçün bizə məxsus 1600-ə yaxın toponim, hidronim, oronimlərin kütləvi şəkildə dəyişdirilməsi və saxtalaşdırılması, bir çox yaşayış məntəqələrinin isə məqsədli şəkildə yer üzündən tamamilə silinməsi faktlarına həsr olunub.
Kitabın yaxın zamanda ingilis, rus və fransız dillərində nəşri nəzərdə tutulur.
Qeyd edək ki, oktyabrın 10-dək davam edəcək sərgidə ADU-nun son üç ildə çap olunan 100 adda nəşri nümayiş olunur.
Ölkəmiz artıq üçüncü dəfədir bu sərgidə iştirak edir. Kolumbiyanın Azərbaycandakı səfirliyi olaraq bu sərgidə iştirak etməkdən məmnunluq duyuruq. Fürsətdən istifadə edərək belə bir tədbirin təşkilinə görə Azərbaycanın Mədəniyyət Nazirliyinə minnətdarlığımı bildirirəm.
AZƏRTAC xəbər verir ki, bu sözləri Kolumbiyanın ölkəmizdəki səfiri Luis Antonio Dimate Kardenas söyləyib.
Səfir deyib: “Biz aktiv iştirakçıyıq. Burada biz Kolumbiyanın Nobel mükafatçısı, dünyaca məşhur Qabriel Qarsia Markesin əsərlərini nümayiş etdiririk. Həmçinin Kolumbiya haqqında, turizmi, mətbəxi və s. haqqında olan kitabları da sərgiləyirik. Bu, mənim üçün böyük şərəfdir. Bakı Xoreoqrafiya Akademiyasının xarici əlaqələr üzrə prorektoru Xalq artisti Təranə Muradovanın dəstəyi ilə Kolumbiya rəqsləri də təqdim ediləcək. Sabah isə Kolumbiyanın musiqi qrupunun onlayn konserti olacaq. Hər kəsi bizim milli pavilyona dəvət edirəm. Bu, bizim üçün çox xoş olar”.
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində açılan VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun da nəşrləri təqdim edilir.
AZƏRTAC xəbər verir ki, institut üçün ayrılmış guşədə elmi-tədqiqat müəssisəsinin sərgiyə təqdim etdiyi 2020-2021-ci illərdə nəşr olunmuş 50-dən çox müxtəlif adda ədəbiyyat yer alıb. Belə ki, institutun əlyazmalar əsasında nəşrə hazırladığı kitablar, türk, fars və ərəbdilli əlyazmaların çap kataloqları, institutda qorunan əlyazmalar əsasında hazırlanan nəşrlər, elmi müəssisədə yerinə yetirilən elmi tədqiqat işlərinin ən mühüm nəticələrini əks etdirən kitablar, əməkdaşların əsərlərinin dərc olunduğu və müəssisədə çapa hazırlanan elmi jurnallar, konfrans materialları oxucuların ixtiyarına verilib.
Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş Sərgi-Yarmarkada Əlyazmalar İnstitutunda hazırlanan Nizami əsərlərinin nəfis və illüstrativ nəşri, şairin irsinin tədqiqinə həsr olunmuş yeni monoqrafiyalar da sərgi iştirakçılarına təqdim olunub.
Qeyd edək ki, sərgi oktyabrın 10-dək davam edəcək.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası 44 günlük Vətən müharibəsi şəhidlərinə və Zəfər gününə həsr olunmuş bir sıra videoçarx təqdim edib.
AZƏRTAC xəbər verir ki, fəal oxucular tərəfindən kitabxananın sosial şəbəkə hesablarına göndərilmiş yeni videoçarx şəhid Ramazan Göydağlıya həsr olunub. Şəhidin əziz xatirəsi üçün yazılmış şeir Ülkər Sultanlı tərəfindən səsləndirilib.
Növbəti videoçarx isə kitabxananın fəal oxucusu Sadiq Nəbiliyə məxsusdur. O, videoçarxda yazıçı Elza Məmmədovanın “Şəhid bala” şeirini böyük qürurla söyləyib.
Videoçarxlar kitabxananın instaqram səhifəsində yerləşdirilib.
“Həyat, deyəsən gözəldir” tammetrajlı bədii filminin Xocavənd rayonunun Hadrut qəsəbəsində, Xızı rayonunda, Bakıda və Abşeron yarımadasında iki aydan artıq müddətdir ki, həyata keçirilən çəkilişləri yekunlaşıb.
Bu barədə AZƏRTAC-a “Azərbaycanfilm” kinostudiyasının ictimaiyyətlə əlaqələr və reklam şöbəsinin müdiri Lətif Lətifsoy bildirib.
Rejissoru Xalq artisti Vaqif Mustafayev olan film, erməni daşnaklarının 30 ilə yaxın bir müddətdə zəbt edərək talayıb viran qoyduğu Qarabağ torpaqları uğrunda gedən 44 günlük Vətən müharibəsindəki Zəfərimizdən bəhs edir. Azərbaycan Ordusunun hücumları nəticəsində ermənilər aciz qalır, təlaşa düşürlər. Əsir alınan erməni əsgərləri arasında iki qardaş da var. Qardaşların sonrakı aqibəti tragikomik janrda olan ekran əsərinin əsasını təşkil edir.
İlkin işçi adı “Fəryad II” olan filmin ssenari müəllifi və rejissoru Vaqif Mustafayev, təsvir rejissoru Orxan Abbasov, rəssamı Quram Navrozaşvili, geyim rəssamı Keti Kalandadze, bəstəkarı Tural Məmmədli, prodüseri isə Fariz Əhmədovdur. Əsas rollarda Hikmət Rəhimov, Sevinc Əliyeva, Nino Qomarteli, Dmitri Samxaradze, Giorgi Celiya və Aftandil Maxaradze çəkiliblər.
Film Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasının istehsalıdır.
Nazirlər Kabineti yanında Operativ Qərargahın teatr və konsert salonlarının fəaliyyətinə icazə verilməsi ilə bağlı qərardan sonra Beynəlxalq Muğam Mərkəzində ilk tədbir reallaşıb.
AZƏRTAC xəbər verir ki, “Mir Həmzə Nigari Qarabaği” simpoziumu çərçivəsində təqdim edilən bədii proqramda əvvəlcə tanıtım filmi nümayiş olunub. Daha sonra Xalq artisti Mənsum İbrahimov, Mircavad Cəfərov, Əməkdar artistlər Təyyar Bayramov, İlkin Niftəliyev, gənc xanəndə Kənan Bayramovun ifaları təqdim olunub. Gecədə həmçinin Mir Həmzə Nigari Qarabağinin qəzəlləri səsləndirilib.
Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzi tamaşaçıları Operativ Qərargahın qərarına əsasən zalın ümumi tutumunun 50 faizindən çox olmamaq şərti ilə qəbul edir. Mərkəzin “Unudulmayanlar”, “Qəzəllər”, “Aşıq musiqisi axşamları”, “Muğam axşamları” və digər konsertləri oktyabrın ikinci yarısından etibarən davam etdiriləcək. Tamaşaçılar konsert və digər tədbirlərin keçirilmə vaxtı ilə mərkəzin sosial şəbəkələri vasitəsilə məlumatlandırılacaq.