Abdulla Qədirinin Daşkənd şəhərindəki ev-muzeyində böyük yazıçının nəvəsi, alim Xandamir Qədirinin tərtib etdiyi “Türküstanda aclıq, qıtlıq" kitabının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Özbəkistanın tanınmış alimləri və ədəbiyyatşünasları, Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) əməkdaşları, jurnalistlər iştirak ediblər.
Kitabda XIX əsrin sonlarında Türküstan bölgəsində nəşr olunan qəzetlərdə aclıqdan, böhranlı vəziyyətdən, istiqlalçılıqdan bəhs edən məqalələr toplanıb, Çar Rusiyası və bolşeviklərin hakimiyyəti dövründə Türküstanda insanların məşəqqətli həyatı, cədidçilik-maarifçilik hərəkatı, Türküstan və Cənubi Qafqaz, Azərbaycan arasında əlaqələr öz əksini tapıb.
Tədbirdə çıxış edən professor Qəhrəman Rəcəbov kitabın əhəmiyyəti haqqında danışaraq topluda verilən məqalələrin ictimaiyyətə ilk dəfə olaraq təqdim olunduğunu, əksər materialların arxivlərdən götürüldüyünü qeyd edib. O bir çox materialların isə qardaş Azərbaycan üçün də mühüm olduğunu, Azərbaycana dair maraqlı mənbələrin kitabda yer aldığını söyləyib.
Filologiya elmləri doktoru Bahodir Kərimov ötən əsrin əvvəllərində Türküstanda baş verən hadisələr, aclıq, qıtlıq, millətin ziyalılarının cədidçilik hərəkatı, milli istiqlal məfkurəsinin yaranması və inkişafı barədə məlumat verib, Sovet dövründə bolşeviklər tərəfindən həyata keçirilən siyasət nəticəsində çoxsaylı ziyalılarımızın repressiya qurbanı olduğunu vurğulayıb.
Azərbaycandakı Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umid Mirzəyev ötən əsrin əvvəllərində Türküstan və Azərbaycanda baş verən hadisələr, repressiya qurbanları barədə danışıb, erməni daşnaklarının Azərbaycan ərazilərinə təcavüzü və işğalçılıq siyasəti haqqında fikirlərini bölüşüb.
Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov xalqlarımızın dili, mədəniyyəti, adət və ənənələrinin yaxın olduğu kimi, tarixinin və taleyinin də olduqca oxşar olduğunu qeyd edib. O, Abdulla Qədiri, Çolpan, Fitrət, Həsən bəy Zərdabi, Hüseyn Cavid, Mikayıl Müşfiq, Almaz İldırım və başqa ziyalıların və maarifçilərin fəaliyyətindən danışaraq məhz onların xidmətləri sayəsində xalqımızda milli kimlik, milli düşüncə hisslərinin formalaşdığını, milli şüur oyandığını və neçə-neçə ziyalılar nəslinin yetişdiyini söyləyib.
Türküstanda, Cənubi Qafqazda, Anadoluda erməni daşnaklarının yerli əhaliyə qarşı həyata keçirdiyi soyqırımlar, qətliamlar haqqında danışan Samir Abbasov bu qətliamların əsas səbəbini türklərə qarşı ermənilərin ərazi iddialarının olması kimi səciyyələndirib. O, Azərbaycan və Türküstanda baş verən hadisələr, erməni daşnaklarının xalqımıza qarşı həyata keçirdiyi qətliamlar, xalqımızın fədakar ziyalıları və onların fəaliyyəti barədə məlumat verib.
Kitabın müəllifi Xandamir Qədiri tədqiq etdiyi mövzunun əhəmiyyəti, Türküstanda aclıq, böhranlı vəziyyət, xalqlarımızın ziyalı, qəhrəman övladlarının müstəsna xidmətləri, milli istiqlalçılıq ideyaları haqqında fikirlərini bölüşüb. O, baş verən bütün bu hadisələrin Azərbaycanla bağlılığını qeyd edib və gələcəkdə bu istiqamətdə yeni tədqiqat əsərlərinin yaradılacağına əmin olduğunu bildirib.
Sonda Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin tələbələrinin ifasında şeirlər səslənib, Özbəkistanın tanınmış muğam ustalarının çıxışı böyük maraqla qarşılanıb.
Oktyabrın 6-dan 10-dək Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bununla bağlı oktyabrın 5-də “JW Marriott Absheron” otelində mətbuat konfransı keçirilib.
Mətbuat konfransında Azərbaycan Respublikası Mədəniyyət nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin direktoru Akif Marifli, "Caspian Event Organisers” şirkətinin baş direktoru Fərid Məmmədov və “Caspian Event Organisers” şirkətinin icraçı direktoru Bəhruz Hidayətzadə çıxış ediblər.
Bildirib ki, kitab sərgisi dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə ithaf olunur. Sərginin əsas məqsədi cəmiyyətdə kitaba olan marağı artırmaq və mütaliə mədəniyyətini təbliğ etmək, oxucuları nəşriyyat işi sahəsində olan rəqəmsal yeniliklərlə tanış etmək, ölkəmizdə kitab sənayesi sektorunun və müasir ədəbi proseslərin inkişafını dəstəkləməkdir.
Sərgidə uşaqlar üçün Nizami Gəncəvinin əsərlərinin motivləri əsasında kukla tamaşaları, “uşaq aləmi”, nağıl saatları, uşaq yazarları ilə görüşlər, uşaqlar və böyüklər üçün master-klaslar, inklüzivlik və digər aktual mövzular üzrə kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, kitab sənayesi sektorunun subyektləri arasında əməkdaşlıq platformaları və musiqi proqramları təşkil ediləcək. Azərbaycanın xalq yazıçıları və şairləri, tanınmış gənc yazarlar və məşhur xarici yazıçılar və aktyorlar sərgidə iştirak edəcəklər. İştirakçılar tərəfindən sərgidə satışa çıxarılacaq bütün kitablara böyük endirimlər nəzərdə tutulur.
Qeyd edilib ki, sərgiyə 13 ölkədən 165 müəssisə qatılıb. Azərbaycan, Bolqarıstan, Gürcüstan, Fransa, İndoneziya, İran, Kolumbiya, Qazaxıstan, Qırğızıstan, Misir, Özbəkistan, Rusiya və Türkiyəyə məxsus nəşriyyat evləri, mətbəələr, kitab mağazaları, mədəniyyət mərkəzləri və poliqrafiya şirkətləri sərgidə iştirak edəcək.
Sonra jurnalistləri maraqlandıran suallar cavablandırıb.
Şuşanın dağları başı dumanlı…
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi və Azərbaycanın Rusiyadakı səfirliyinin təşkilatçılığı ilə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının Raxmaninov salonunda baş tutan muğam axşamı belə adlanırdı.
Muğam gecəsinin dinləyiciləri sırasında Türkiyənin Rusiyadakı səfiri Mehmet Samsar, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiya ictimaiyyətinin və Azərbaycan diasporunun nümayəndələri var idi.
Moskva Konservatoriyasının səhnəsindən Azərbaycanın Əməkdar artistləri Qoçaq Əsgərov (xanəndə), Babək Niftəliyev (xanəndə), Sahib Paşazadə (tar), Toğrul Əsədullayev (kamança), Kamran Kərimov (nağara), xanəndələr Səbinə Ərəbli, Almaxanım Əhmədli, Rafael Əsgərovun (balaban) ifasında “Qarabağ şikəstəsi”, “Xudayar təsnifi” və muğam xəzinəmizdən digər inciləri səslənib. Azərbaycan xalqının Qarabağ zəfərindən sonra Moskvada ilk dəfə ucalan “Şuşanın dağları başı dumanlı...” manısı dinləyicilərə xüsusi zövq verib.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ifaçıları maraqlı konsert proqramı münasibətilə təbrik edərək deyib: “Mən bu gün çox xoşbəxtəm ki, Moskva Dövlət Konservatoriyasının səhnəsində “Qarabağ şikəstəsi” səslənir”.
Azərbaycanın Rusiyadakı səfirliyinin mədəniyyət məsələləri üzrə attaşesi Nigar Axundova çıxışında qeyd edib ki, Azərbaycan muğamları UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi Mədəni İrsi üzrə Reprezentativ Siyahısına daxil edilib. “Bu axşam Moskvada Azərbaycan muğam məktəbinin korifeyləri –Bülbül, Xan Şuşinski, Seyid Şuşinski və digərlərinin layiqli davamçıları olan tanınmış xananəndələrimiz Qarabağ torpağından pərvazlanan ən füsunkar muğam nümunələrini rusiyalı dinləyicilərə təqdim edirlər”, - deyə N.Axundova bildirib.
Cəbrayılın işğaldan azad edilməsindən 1 il ötür. Azərbaycan Ordusunun sentyabrın 27-də başladığı əks-hücum nəticəsində aparılan uğurlu döyüş əməliyyatları ilə oktyabrın 4-də Cəbrayıl şəhəri erməni işğalından azad edilib.
Bu tarixi gün münasibətilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “Cəbrayıl” adlı virtual sərgi açılıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə mövzu ilə əlaqədar kitab və məqalələr, fotolar nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Cebrayil/index.htm linkindən istifadə edə bilərlər.
Parisdə UNESCO-nun mənzil-qərargahında qurumdakı Azərbaycan Daimi Nümayəndəliyi və UNESCO Baş Direktorluğunun birgə təşkilatçılığı ilə “Nizami Gəncəvi İli” çərçivəsində Azərbaycanın böyük mütəfəkkiri və şairi Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi səfir Elman Abdullayev, UNESCO Baş direktorunun mədəniyyət işləri üzrə müavini Ernesto Ottone Ramirez, Türkiyənin UNESCO yanında daimi nümayəndəsi səfir Altay Cengizer çıxış edərək Nizami Gəncəvinin yaradıcılığı və dünya ədəbiyyatına verdiyi töhfələrdən söz açılıb.
Səfir Elman Abdullayev Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondunun ölkəmizin mədəniyyətinin və ədəbiyyatının dünyada tanıdılması istiqamətində həyata keçirilmiş layihələrə toxunaraq, Nizami Gəncəvi ədəbi irsinin beynəlxalq səviyyədə tanıdılması istiqamətində reallaşdırdığı işlərdən danışıb. Dahi şairin “Xəmsə”sinin bir çox Avropa dillərinə tərcümə edildiyi qeyd edilib. Anadan olduğu Gəncə şəhərini heç vaxt tərk etməmiş böyük mütəfəkkir və şairin bir neçə dildə yazıb yaratdığı diqqətə çatdırılıb.
Səkkiz əsr əvvəl yazıb-yaratmış dahi Nizami əsərlərində bu gündə aktuallığını itirməmiş ideya və dəyərlər - qadın hüquqları, bərabərlik, ədalət, sülhü təbliğ etdiyi bildirilib. Nizami əsərlərində təbliğ olunan ideya və dəyərlərin müasir dövrümüzdə də əsas ideyalar olaraq qaldığı və UNESCO-nun da bu gün bu ideyalar uğrunda çalışdığı diqqətə çatdırılıb.
UNESCO baş direktorunun mədəniyyət işləri üzrə müavini Ernesto Ottone Ramirez Nizami Gəncəvinin fəlsəfi ideyalarının əhəmiyyətinə toxunaraq əsərlərinin məziyyətlərindən danışıb.
Qeyd edilib ki, Nizami əsərləri əsasında hazırlanmış “Miniatür sənəti” nominasiyası 2020-ci ildə UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə Reprezentativ Siyahısına daxil edilib.
Tədbir çərçivəsində sülh, ədalət, humanizm, yüksək əxlaq, azadlıq və bərabərlik kimi dəyərləri təbliğ etmiş dahi mütəfəkkir Nizami Gəncəvinin əsərlərinin motivləri əsasında çəkilmiş miniatürlərdən ibarət sərgi tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Azərbaycanlı pianoçu Etibar Əsədli və fransız violonçel Albertin Obert Nizaminin sözlərinə yazılmış musiqiləri ifa ediblər.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 nömrəli filialının əməkdaşları 246 nömrəli tam orta məktəbdə “Qarabağ Azərbaycandır” adlı tədbir keçirib.
İdarədən AZƏRTAC-a bildirilib ki, əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə məktəbin müəllimi Pərvanə Absalamova şagirdlərə Cəbrayıl rayonunun azad olunma tarixindən söhbət açıb. Daha sonra məktəbin şagirdləri vətən haqqında şeirlər söyləyiblər.
Kitabxananın müdiri Arzu Xudayarova isə şagirdlərə 44 günlük Vətən müharibəsində qazandığımız tarixi qələbəmiz haqqında məlumat verib.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi “Sən azadsan, Cəbrayıl” adlı videoçarx hazırlayıb.
İdarədən AZƏRTAC-a bildirilib ki, videoçarx kitabxananın soaial hesablarında paylaşılıb.
Videoçarxda qeyd edilir ki, Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. İşğal zamanı Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə və 97 kənddən ibarət idi. 2020-ci il oktyabrın 4-də rəşadətli Azərbaycan Ordusu Cəbrayıl rayonunu işğaldan azad edərək yenidən Azərbaycanın ərazi bütövlüyünü bərpa edib.
Oktyabrın 1-də keçirilən futzal üzrə Yüksək Liqanın birinci turunda 3 komanda debüt edib.
AZƏRTAC Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, “Xilə”, U-19 və “Alyans” ilk dəfə bu liqada oyun keçiriblər. Bununla da Yüksək Liqada indiyədək iştirak etmiş komandaların sayı 99-a yüksəlib. Bunadək 96 komanda Azərbaycanın ən güclü futzal liqasında meydana çıxıb.
Bu gün görkəmli bəstəkar, Xalq artisti Xəyyam Mirzəzadənin anadan olmasından 86 il ötür
Xəyyam Mirzəzadə musiqi mədəniyyətimizin inkişafında əhəmiyyətli rol oynamış sənətkarlardandır. Onun milli musiqi ilə müasir bəstəkarlıq texnikasının əlaqəsinə əsaslanan, özünəməxsus geniş diapazonlu yaradıcılığı Azərbaycanın zəngin musiqi sənəti salnaməsinin parlaq səhifələrindən birini təşkil edir.
AZƏRTAC xəbər verir ki, bu gün Azərbaycanın Xalq artisti, Dövlət mükafatları laureatı, görkəmli bəstəkar və pedaqoq, professor Xəyyam Mirzəzadənin anadan olmasının 86-cı ildönümü tamam olur.
Otuzadək səhnə musiqisi, çoxsaylı estrada və caz nümunələri, mahnılar yazmış, “Violin və orkestr üçün” əsərin müəllifi Xəyyam Mirzəzadə 1935-ci il oktyabrın 5-də Bakıda dünyaya göz açıb. 1952-ci ildə Azərbaycan Dövlət Konservatoriyası nəzdində 10 illik musiqi məktəbini bitirdikdən sonra həmin il Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olub, 1957-ci ildə ali təhsilini dahi bəstəkar Qara Qarayevin sinfində bəstəkarlıq ixtisası üzrə başa vurub.
Əmək fəaliyyətinə elə həmin ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında müəllim kimi başlayan Xəyyam Mirzəzadə burada baş müəllim, dosent və professor vəzifələrində çalışmış, 1971–1983-cü illərdə isə kompozisiya kafedrasının müdiri olmuşdur. O, 1983-cü ildən 2005-ci ilədək həmin təhsil müəssisəsinin professoru olaraq gənc musiqiçilər nəslinin yetişdirilməsində və yüksək ixtisaslı peşəkar musiqiçi kadrların hazırlanmasında xüsusi xidmətlər göstərib.
Qara Qarayev məktəbinin istedadlı yetirməsi və davamçılarından olan Xəyyam Mirzəzadə dünya musiqisinin nailiyyətlərindən uğurla bəhrələnərək, müxtəlif janrlarda qiymətli əsərlər yaradıb. Onun ayrı-ayrı illərdə bəstələdiyi instrumental, vokal, simfonik, xor və kamera əsərləri sənətkara böyük şöhrət qazandırıb.
Zəngin yaradıcılığı ilə Azərbaycan musiqi irsini, mədəniyyətini təbliğ etməklə yanaşı, kinomuza da töhfələr verən bəstəkar əsasən dram janrlı filmlərə musiqilər yazıb, ekran əsərlərinin məzmun ideyasını musiqi dili ilə çatdırmağa müvəffəq olub. Onun bir çox kompozisiyaları musiqi xəzinəmizin “qızıl fond”una daxildir. 40-dan artıq filmə, o cümlədən “Arxadan vurulan zərbə”, “Bağ mövsümü”, “Bakıda küləklər əsir”, “Birisigün gecəyarısı”, “Bizim küçə”, “Dənizə çıxmaq qorxuludur”, “Güllələnmə təxirə salınır”, “İlıq dənizdə buz parçası”, “O dünyadan salam”, “Yeddi oğul istərəm” və s. bədii, “Abidələr danışır”, “Bakı eyvanları” və s. sənədli, “Daş”, “Günlərin bir günündə”, “Meşəyə insan gəlir” animasiya filmlərinə yazılan musiqiləri xatırlamaq bəs edir ki, bəstəkarın sənət qüdrətinə heyran qalasan. Xəyyam Mirzəzadənin bənzərsiz kino musiqilərində mövzuya uyğun olaraq vətənə, xalqa, insanlara hörmət, sevgi, həmçinin yüksək insani keyfiyyətlər tərənnüm olunur. Eləcə də çox sayda dram tamaşalarına yazdığı musiqilər yüksək dəyərləndirilib.
Xəyyam Mirzəzadə eyni zamanda gözəl nəğmələrin müəllifidir. Onun bəstələdiyi mahnılar uzun illərdir ki, Azərbaycanın görkəmli ifaçılarının repertuarını bəzəyir.
Onun mötəbər konsert salonlarında, böyük orkestrlərdə və musiqi festivallarında müvəffəqiyyətlə səslənən əsərləri Azərbaycan musiqisinin dünyada tanınmasında böyük töhfə olub.
Bəstəkarın Azərbaycan musiqi mədəniyyətinin inkişafı və təbliği sahəsindəki uzunmüddətli səmərəli fəaliyyəti lazımınca qiymətləndirilib. O, bir çox fəxri adlara layiq görülüb, Azərbaycan Respublikasının ali mükafatlarından olan “Şöhrət” və “Şərəf” ordenləri və “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunub.
Bəstəkar enişli-yoxuşlu sənət yolu keçsə də, heç zaman usanmayıb. 1970-ci ildə Almaniyada çap edilən “50 sovet bəstəkarı” kitabında onun da yaradıcılığından bəhs olunub.
Görkəmli bəstəkar Xəyyam Hadi oğlu Mirzəzadə 2018-ci il iyulun 30-da ömrünün 83-cü ilində uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. O, ikinci Fəxri xiyabanda dəfn olunub.
Görkəmli bəstəkar, mahir pedaqoq və səmimi insan Xəyyam Mirzəzadənin əziz xatirəsi musiqisevər xalqımızın, onu tanıyanların qəlbində daim yaşayacaq.
Daşkənddə Azərbaycanın da iştirak etdiyi “İpək yolu dürdanəsi” adlı Beynəlxalq kinofestival başa çatıb.
AZƏRTAC xəbər verir ki, festivalın açılış mərasiminə dünyanın 50-yə yaxın ölkəsindən 350 qonaq qatılıb.
Festivalda Azərbaycan Mədəniyyət Nazirliyinin kinematoqrafiya şöbəsinin müdiri, kinorejissor və ssenarist Rüfət Həsənov, həmin şöbənin sektor müdiri Rüfət Əliyev, Xalq artisti, kinorejissor Vaqif Mustafayev, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Fariz Əhmədov, “Baku Media Center”in icraçı direktoru Orman Əliyev, “UNEC TF” Fondunun departament müdiri Ellada Əliyeva, Beynəlxalq “Avrasiya” Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, rejissor Afaq Yusifli və digərləri iştirak ediblər.
Festival çərçivəsində Azərbaycan filmləri günü də keçirilib. Azərbaycan kinematoqrafçılarının gətirdiyi “Daxildəki ada” (Rüfət Həsənov), “İrs” (Zaur Qasımlı, “Olimpiya (Əlisəttar Quliyev) və “Fəridə” (Kseniya Laqutina) filmləri Özbəkistanın Daşkənd, Xivə və Nukus şəhərlərində göstərilib.
Yüz əlli filmin nümayiş olunduğu Daşkənd festivalına fəxri qonaq kimi dünyanın məşhur aktyorları və rejissorları - Stiven Siqal, Jerar Depardye, Nikita Mixalkov, Timur Bekmambetov, Pavel Priluçnı, Lyuk Besson, Mithun Çakraborti qatılıb.
Qran-prini “İpək yolunda” qısametrajlı filminə görə gənc tacik rejissoru Şerzod Nazarov alıb. “Ən yaxşı rejissor” nominasiyasında Belarus rejissoru Mitri Semyonov qalib olub.
Festival çərçivəsində Özbəkistanın müxtəlif şəhərlərində yaradıcılıq görüşləri, ustad dərsləri, mətbuat konfransları keçirilib, Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun Daşkənddə filialı açılıb.