Bakı Ekspo Mərkəzində təşkil olunmuş VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində növbəti tədbir Yunus Əmrə İnstitutunun stendində reallaşıb.
AZƏRTAC xəbər verir ki, tədbir Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçının "Yukuşun çocukları" kitabının imza gününə həsr edilib.
Bakıdakı belə bir kitab sərgi-yarmarkasının açılmasından məmnunluğunu ifadə edən səfir kitabı haqqında məlumatı jurnalistlərlə bölüşüb.
"VII Beynəlxalq Bakı Kitab Sərgi-Yarmarkasında kitabımla yer almaqdan xoş hisslər keçirirəm. "Yokuşun çocukları" xatirə və avtobioqrafik janrda yazılmış bir kitabdır. Bu kitab sosial həyat yolçuluğunu ifadə edir. Kitabı, eyni zamanda, gənclər üçün də örnək hesab etmək olar. Ümid edirəm ki, kitab onu mütaliəyə edənlərə faydalı olacaq", - deyə Cahit Bağçı qeyd edib.
Sonra səfir kitabı imzalayaraq oxuculara hədiyə edib.
Yunanıstanın paytaxtı Afinada “10-cu MEDICI – Film Fondları səyahəti” adlı tədbir keçirilir. Hər il audiovizual sahə üzrə Avropanın ən böyük maliyyə fondlarını bir araya toplayan platformada bu dəfə ölkəmiz də iştirak edir. Tədbirdə Azərbaycanı Mədəniyyət Nazirliyinin Audiovizual və interaktiv media şöbəsi təmsil edir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, MEDICI platforması “Eurimages” da daxil olmaqla, Avropanın ən böyük film maliyyə fondlarını özündə birləşdirir. Audiovizual sektorun əsas problemlərinin müzakirə edildiyi bu məkanda yeni yanaşmalar təhlil edilir, media siyasəti formalaşdırılır. MEDICI platforması çərçivəsində seminarlar, panellər, konfranslar keçirilir, audiovizual məzmunun inkişafına, istehsalına və dövriyyəsinə dəstək verən bütün ictimai maliyyəçilər üçün açıq peşə təhsili tətbiq edilir.
2021-ci ilin MEDICI görüşündə ictimai film maliyyəçilərinin əsas istiqamətləri üzrə postpandemiya dövründə ortaya çıxan yeni yanaşmalar və yaranmış problemlər müzakirəyə çıxarılacaq.
Tədbirə oktyabrın 8-də yekun vurulacaq.
Azərbaycanın Misirdəki səfirliyi dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə silsilə tədbirlər təşkil edir. Misirin dünyaca məşhur İsgəndəriyyə Kitabxanasında keçirilən növbəti tədbirdə ölkəmizin Misirdəki səfiri Tural Rzayev, İsgəndəriyyə Kitabxanasının direktoru Mustafa Əl Fəki, diplomatlarımız, kitabxananın əməkdaşları, diaspor təşkilatının nümayəndələri və jurnalistlər iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları Nizami Gəncəvinin İsgəndəriyyə Kitabxanasındakı büstünün önünə gül dəstələri qoyublar.
Səfir T.Rzayev Azərbaycanın və Şərqin dahi şair və mütəfəkkirinin zəngin irsi barədə ətraflı məlumat verib. O vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2021-ci il Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilib. Diplomatımız, həmçinin Azərbaycanın mədəni irsi, coğrafi mövqeyi, Yaxın Şərq ölkələri, o cümlədən Misir ilə əlaqələrindən bəhs edib.
İsgəndəriyyə Kitabxanasının direktoru Mustafa əl Fəki bildirib ki, Misir və Azərbaycan xalqlarını ortaq mədəniyyət, din və dostluq əlaqələri birləşdirir. O diqqətə çatdırıb ki, Nizami Gəncəvi Şərqin dahi şəxsiyyətlərindən biridir. Onun büstünün İslam aləminin klassikləri və görkəmli alimləri ilə yanaşı kitabxanada qoyulması bunun bariz nümunəsidir.
Misirdə fəaliyyət göstərən “Vətənpərvər” Azərbaycan Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı alim Seymur Nəsirov Misir və Azərbaycanın ortaq tarixi və mədəni irsi ilə bağlı ərəb mənbələrində olan faktlar barədə məlumat verib. O qeyd edib ki, Nizami Gəncəvinin “İsgəndərnamə” əsərində Misirin adı çəkilir. Həmçinin böyük sərkərdə, Misir sultanı Səlahəddin Əyyubinin də Azərbaycandan olduğu ərəb mənbələrində göstərilib.
Tədbirdə Misir və Azərbaycan kitabxanalarının əməkdaşlığının daha da güclənməsinin, hər iki ölkənin tədqiqatçıları arasında birgə layihələrin həyata keçirilməsinin vacibliyi vurğulanıb.
Sonda səfir T.Rzayev Nizaminin “Leyli və Məcnun” poemasından fraqmentin təsviri olan suveniri və Azərbaycan haqqında ərəb dilində nəşr edilmiş kitabları İsgəndəriyyə Kitabxanasına hədiyyə edib.
Bu gün İspaniyanın Baş naziri Pedro Sançes hökumətin gələn ilin dövlət büdcəsi çərçivəsində gənclər üçün mədəniyyət çeki tətbiq etmək niyyətində olduğunu bildirib.
AZƏRTAC xəbər verir ki, bu çek yetkinlik yaşına çatdığı zaman bütün gənclərə təqdim ediləcək.
400 avroluq çek kitabların alınması və ya bədii fəaliyyətin hər hansı bir növü üçün veriləcək.
Pedro Sançes mədəniyyət bonuslarının Fransa və İtaliya kimi Avropa ölkələrində artıq qüvvədə olduğunu vurğulayıb.
Məqsəd gəncləri incəsənətə və mədəniyyətə cəlb etmək, koronavirus pandemiyasından zərbəni ilk alanlardan olan bu sahəni təşviq etməkdir.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi "Yol hərəkəti qaydaları uşaqların gözü ilə" mövzusunda uşaq və yeniyetmələr arasında rəsm müsabiqəsi elan edir.
DYP-dən Report-a verilən məlumata görə, müsabiqə uşaq və yeniyetmələr arasında yol hərəkəti təhlükəsizliyinə dair bilik və vərdişlərin inkişaf etdirilməsi, yol hərəkəti qaydaları haqqında məlumatlılığın artırılması, ətraf mühitin nəqliyyatın zərərli təsirlərindən qorunması, eləcə də uşaq travmatizminin qarşısının alınmasında ictimai həmrəyliyin təmin olunması məqsədilə həyata keçirilir.
Qeyd edək ki, müsabiqəyə müəyyən edilmiş mövzulara uyğun digər sənət nümünələri də təqdim edilə bilər.
Tədbirə noyabrda yekun vurulacaq, qaliblər mütəxəssislərin iştirakı ilə müəyyən ediləcək və mükafatlandırılacaq.
Müsabiqənin şərtləri və əlaqə vasitələri ilə bağlı www.dyp.gov.az saytından daha ətraflı məlumat əldə edə bilərsiniz.
Azərbaycanın ilk inklüziv teatrı olan ƏSA Teatrı İkinci Qarabağ müharibəsinə həsr olunmuş film-tamaşa hazırlayır.
Report xəbər verir ki, ƏSA Teatrının yeni layihəsində xalqımızın Vətən müharibəsində ləyaqət və şərəflə qazandığı qələbə, səhnə əsərində öz əksini tapacaq.
ƏSA Teatrı tərəfindən hazırlanacaq film-tamaşa orijinal mövzuya və ideyaya sahibdir. Belə ki, “Qonşu” adlandırılan layihə üçün məxsusi pyes yazılıb.
Film-tamaşanın əsas ideyası Azərbaycan xalqının vətənə olan əvəzedilməz sevgisinin, qarşılıqsız mərhəmətinin tərənnümü ilə yanaşı, yüz illərdir dəyişməyən, əksinə daha da alovlanan mənfur erməni xislətinin ifşasıdır.
"Qonşu" qələbəmizin bir illiyi ərəfəsində əvvəlcə film formatında, daha sonra teatr səhnəsində tamaşaçılara təqdim olunacaq.
Film-tamaşanın müəllifi və quruluşçu rejissoru Nihad Qulamzadə, bəstəkarı Vüqar Babayev, prodüseri Nicat Qulamdır. Rolları teatrın aktyorları Elşən Əsgərov, Günay Məmmədova, Elvin Şahmərdan, Səmayə Ağayarova, Anar Əliyev, İmran Lalayev, Lalə Süleymanlı və Raul Həsən ifa edəcəklər. Qeyd edək ki, aktyor Elvin Şahmərdan İkinci Qarabağ müharibəsində iştirak edib. İkinci qrup Qarabağ müharibəsinin əlili olan aktyor Şuşa və Füzuli şəhərlərinin işğaldan azad olunmasına görə müvafiq medallarla təltif olunub.
Xatırladaq ki, layihənin dəstəkçisi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı oktyabr ayı üçün repertuarını açıqlayıb.
Teatrdan Report-un sorğusuna cavab olaraq bildirib ki, ilk tamaşa oktyabrın 30-u saat 19:00-da nümayiş etdiriləcək.
Teatr 112-ci mövsümünü "O olmasın, bu olsun" (Ü.Hacıbəyli) tamaşası ilə açacaq.
Oktyabrın 31-i saat 19:00-da isə mərhum sənətkar, Xalq artisti Ramiz Məmmədovun 70 illiyinə həsr olunacaq "Qızıl Toy" (O.Kazımi, R.Heydər) tamaşası nümayiş olunacaq.
AFFFAIR markasının təsisçisi, məşhur azərbaycanlı dizayner Rüfət İsmayıl Paris moda həftəsində Azərbaycan xalçaçılıq sənətinin bənzərsiz çalarlarını özündə əks etdirən “Haute Couture Sumakh” kolleksiyasını təqdim edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Report-a verilən məlumata görə, Azərbaycan dövlət muzeyində qorunan və nümayiş etdirilən mədəniyyət irsi olan tarixi xalçalardan ilham alan dizaynerin yaratdığı “Sumax” kolleksiyasının nümayişində başda tanınmış model Günay Musayeva olmaqla 21 model podiuma çıxıb.
Kolleksiya üç ay ərzində 30 nəfərlik komanda tərəfindən ərsəyə gətirilib. Kolleksiyada təqdim olunan parçaların 80%-dən çoxu yarıqiymətli daşlar, iplər, köhnə rokoko texnikaları, qarmaqla sarma üsulları ilə bəzədilmiş əl işlərindən ibarətdir.
Qeyd edək ki, Rüfət İsmayıl kolleksiyaları Milan, İtaliya, Nyu-York, Dubay, Türkiyə və İran moda həftələri kimi möhtəşəm tədbirlərdə nümayiş etdirilən ilk və yeganə Azərbaycan və Türkiyə dizayneridir.
Xatırladaq ki, Heydər Əliyev Fondunun və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilən “Sumax” kolleksiyasına "Çələbi", "Xanlıq", "Nəlbəki" gül naxışları və Azərbaycan xalçalarının zəngin motivləri əsasında hazırlanan 21 geyim daxildir. “Haute Couture Sumakh” kolleksiyasının Moskva, Bakı və Nyu-Yorkda nümayişi planlaşdırılır.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin birgə təşkilatçılığı ilə “Şəhidlər ölməz, Vətən bölünməz!” silsiləsindən məktəbin məzunu olmuş Vətən müharibəsi şəhidi kapitan Həmid Cəfərlinin anım günü və onun xatirəsinə həsr edilmiş kitabın təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir ümummilli lider Heydər Əliyevin, Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirələrini bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
44 günlük Vətən müharibəsinə və şəhid Həmid Cəfərliyə həsr olunmuş videoçarxlar nümayiş olunub.
Tədbirdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin rəis müavini polkovnik N.Mövlanov, 1-ci və 2-ci Qarabağ müharibəsinin iştirakçıları, veteranlar və qazilər, şəhidin döyüş yoldaşları çıxış ediblər. Şəhid kapitan Həmid Cəfərlinin anası Zenfira xanım ailə üzvləri adından tədbirin təşkilatçılarına ürək sözlərini çatdırıb.
Tədbirdə, Prezident təqaüdçüsü, Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru, filologiya elmləri doktoru Həcər Hüseynova yazdığı “Şəhid kapitan Həmid Cəfərli” kitabından danışıb.
Tədbirin bədii hissəsi Baş İdarənin təqdim etdiyi vətənpərvərlik, qəhrəmanlıq ruhlu, dünya hərb tarixində yeni səhifə açmış Vətən müharibəsinə həsr olunmuş çıxışlarla davam edib. Aparıcılar Lalə Əlimuxtarova və Ayaz Məmmədov tədbir iştirakçılarını salamlayaraq, Vətən müharibəsinin bizim üçün qəhrəmanlıq rəmzi və qürur mənbəyi olduğunu vurğulayıblar. Azərbaycan Respublikasının Xalq artisti Mələkxanım Əyyubova, populyar müğənnilər Rüfət Axundov, Elnur Məmmədov, Amil Həsənoğlu, rəqqasə Fatimə Fətəliyeva şəhidlərimizin xatirəsinə ehtiram, qazilərimizə böyük hörmət hissi ilə hazırladıqları nömrələri şəxsi heyətə təqdim ediblərlər.
Xatırladaq ki, cəsur kəşfiyyatçı kapitan Həmid Cəfərli C.Naxçıvanski adına Hərbi Liseyin və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin məzunu olub, nizam-intizamı, məsuliyyəti ilə seçilib. 2013-cü ildə fəxri fərman və Silahlı Qüvvələrin yaranmasının 95 illik yubiley medalı ilə, 2017-ci ildə "Qüsursuz xidmətlərinə görə" 3-cü dərəcəli və Silahlı Qüvvələrin 100 illik yubiley medalları ilə təltif edilib.
2020-ci il 27 sentyabrdan başlayan Vətən müharibəsində ön xətdə döyüşə başlayıb, Cəbrayılın yüksəkliklərini işğaldan azad edilməsi uğrunda vuruşub və Nüzgar kəndinə Azərbaycan bayrağını sancıb. Füzuli rayonunun bir neçə kənd və yüksəkliklərini işğaldan azad edilməsində iştirak edib. Kapitan Həmid Cəfərli 2020-ci il oktyabrın 5-də Füzuli rayonunun Pirəhmədli kəndi uğrunda gedən qeyri-bərabər döyüşlərdə qəhrəmancasına şəhid olub. Bakı şəhərində II Şəhidlər xiyabanında uyuyan kapitan Həmid Cəfərlidən Vətənə 3 övladı yadigar qalıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə kapitan Həmid Kərim oğlu Cəfərli ölümündən sonra “Vətən uğrunda” , “İgidliyə görə” , “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Oktyabrın 6-da Bakı Ekspo Mərkəzində türkiyəli yazıçı Sinan Yağmurla görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüş VII Bakı Beynəlxalq Kitab Yarmarkası çərçivəsində reallaşıb.
Görüşdə əvvəlcə türkiyəli yazıçı haqqında məlumat verilib. Bildirilib ki, Sinan Yağmur "Aşkın Meali 1 Yusuf ile Züleyha", "Aşka Yolculuk Veysel Karani", "Aşkın Gözyaşları Şems-i Tebrizi", "Kerbela Aşk'a Bela: Hz. Hüseyin", "Aşka Yol Olma Defteri" kimi ibrətamiz kitabların müəllifidir. O, Türkiyədə 2011-ci ildə ən çox kitabı satılan yazıçılardandır.
Diqqətə çatdırılıb ki, bir sıra məşhur kəlamların müəllifi olan Sinan Yağmur ömrünün böyük hissəsini Mövlananın həyatını araşdırmaq və təbliğ etməklə keçibdir.
Tədbirdə, həmçinin müəllifin "Aşkın Sesi Yunus Emre” kitabının təqdimatı da keçirilib.
Görüşdə Sinan Yağmur Yunus Əmrə yaradıcılığı barədə oxuculara məlumat verib və müəllifi olduğu kitab haqqında danışıb.
Qeyd edək ki, oktyabrın 10-dək Bakı Ekspo Mərkəzində 7-ci Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçirilir. Kitab sərgi-yarmarkası dünya ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycanın dahi şair və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunub.