Bu gün Əməkdar incəsənət xadimi Lətif Səfərovun doğum günüdür
Azərbaycan kinosunda öz dəst-xəti, üslubu ilə seçilən rejissorlar olub ki, onların quruluş verdiyi filmlər daim düşündürür, tərbiyəvi xarakterə malikdir və ən önəmlisi isə illər keçsə də, hər zaman baxılır. Kinonu həyatın özü hesab edən, kinoya yeni nəfəs gətirən rejissor, ssenarist, Əməkdar incəsənət xadimi Lətif Səfərovun doğum günüdür.
AZƏRTAC xəbər verir ki, bu gün tanınmış kinorejissorun anadan olmasından 101 il ötür.
Lətif Səfərov 1920-ci ildə Şuşada doğulub. Yeddi yaşında olanda rejissor Leo Murun “Gilan qızı” filmində çəkilib. Elə həmin vaxtdan balaca Lətifin kino dünyası ilə tanışlığı başlanıb. 1928-1931-ci illərdə "Sevil", "Lətif", "Qızıl kol" filmlərində uşaq obrazlarını ifa edib. Ancaq sonradan xəstələndiyi üçün Bərdəyə gəlib. Bir müddət müalicə aldıqdan sonra Gəncə Pedaqoji Texnikumuna daxil olub və qiyabi təhsil alıb. O, Bakıda əvvəlcə kinostudiyanın dublyaj şöbəsində, sonra isə filmlərdə rejissor assistenti kimi çalışıb. 1940-cı ildə Moskvadakı Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna daxil olub. Məşhur rus kinorejissoru Qriqori Kozintsevdən dərs alıb. 1950-ci ildə təhsilini başa vurub və peşəkar kinematoqrafçı kimi Bakıya qayıdır və kinostudiyada çalışmağa başlayır.
1955-ci ildə "Bəxtiyar" filmini ekranlaşdırır. "Bəxtiyar" filmi Lətif Səfərovun böyük kinoda ilk və uğurlu işidir. "Bəxtiyar" filmində baş rolu Rəşid Behbudov ifa edir və bununla da filmin şöhrəti hər yerə yayılır. Lətif Səfərov filmdə Rəşid Behbudovla yanaşı peşəkar, sevilən aktyor truppası toplayır. Ağasadıq Gəraybəyli, Ağahüseyn Cavadov, Münəvvər Kələntərli, Məmmədrza Şeyxzamanov, İsmayıl Əfəndiyev, İsmayıl Osmanlı və başqalarının yaratdığı obrazlar filmin ümumi ab-havasına çox uyğun gəlir.
Lətif Səfərovun ekranlaşdırdığı "Leyli və Məcnun", "Qızmar günəş altında" bədii filmləri də kino tamaşaçıları tərəfindən çox sevilib və uzun illər ötməsinə baxmayaraq sevilərək baxılır.
Onun taleyi bütün istedadlı, yaradıcı adamların həyatı kimi keşməkeşli olub. 1958-ci ildə Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilən Lətif Səfərov 1963-cü ilədək bu işi davam etdirir.
Lətif Səfərov 1963-cü il dekabrın 9-da faciəli şəkildə dünyasını dəyişir.
Bu gün anadan olmasından bir əsr ötən kinorejissor Lətif Səfərovun ekranlaşdırdığı filmlər yaşadıqca, böyük rejissorun da həyatı davam edəcək.
Oktyabrın 1-də dahi şairin 880 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və Kapital Bankın birgə təşkilatçılığı ilə Gəncə şəhərində, Nizami Gəncəvi məqbərəsinin ətrafında ağacəkmə aksiyası təşkil olunacaq.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, aksiyada 880 ədəd şam ağacı əkiləcək.
Qeyd edək ki, bu il dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2021-ci il ölkəmizdə “Nizami Gəncəvi İli” elan olunub.
Qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyət daşıyır. “Nizami Gəncəvi İli” çərçivəsində həm ölkə daxilində, həm də xaricdə geniş tədbirlərlə qeyd olunur.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi teatr təhsili sahəsində islahatların aparılması, kadr potensialının yüksəldilməsi məqsədilə “Gənc teatr prodüserləri üçün laboratoriya” layihəsinə başlayır.
AZƏRTAC xəbər verir ki, Mədəniyyət Nazirliyinin Rusiya Dövlət Teatr Sənəti İnstitutu (QİTİS) ilə birgə təşkil etdiyi prodüserlər üçün laboratoriya Azərbaycanda teatr menecmentinin və prodüserlik strukturunun inkişafı, teatr idarəetməsi sahəsində gənc nəslin bilik və bacarıqlarının artırılması məqsədini qarşıya qoyur.
Qeyd edək ki, laboratoriya Mədəniyyət Nazirliyinin strateji hədəflərə istiqamətlənmiş silsilə layihələrinin davamıdır.
“YARAT” Müasir İncəsənət Məkanında təşkil ediləcək laboratoriyada teatr təhsili sahəsində dünyanın ən nüfuzlu ali təhsil müəssisələrindən olan QİTİS-in prodüserlik sahəsi üzrə zəngin təcrübəyə malik pedaqoqları Elena Simurzina, Aleksandra Knyazeva, Elşən Məmmədov müasir teatr menecmenti və prodüserlik fəaliyyəti ilə bağlı bilik və bacarıqlarını bölüşəcəklər. Menecment və prodüserlik sahəsinə maraq göstərən gənclərə laboratoriyada pulsuz iştirak etmək imkanı yaradılır.
Qeyd edək ki, təlimlərə qoşulmaq istəyənlərin çoxluğunu nəzərə alaraq, müraciət müddəti 15 oktyabr tarixinədək uzadılıb, tədbir 24-31 oktyabr tarixlərinə keçirilib.
Tədbirdə iştirak etmək istəyənlər qeyd olunan tarixədək (15 oktyabr) müraciət formasını dolduraraq, k.jafarova@mct.gov.az elektron poçt ünvanına göndərə bilər.
Dahi bəstəkar, Azərbaycan klassik musiqisinin banisi, musiqişünas alim və görkəmli ictimai xadim Üzeyir Hacıbəylinin anadan ildönümü və Milli Musiqi Günü münasibətilə Vyanada Azərbaycan klassik musiqi axşamı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan Mədəniyyət Mərkəzinin direktoru Leyla Qasımova qonaqlara hər il Azərbaycanda geniş qeyd olunan Milli Musiqi Günü və bu günün birbaşa əlaqədar olduğu ölməz Azərbaycan bəstəkarı, musiqişünas alim, dramaturq, maarifçi və ictimai xadim Üzeyir Hacıbəyli barəsində məlumat verib. Qeyd edilib ki, ümummilli lider Heydər Əliyevin 1995-ci ildə imzaladığı Sərəncama əsasən məhz dahi bəstəkarın doğum günü Azərbaycanda Milli Musiqi Günü kimi bayram edilir. Sevindirici haldır ki, Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra bu il dahi Üzeyirin vətənində, Azərbaycan musiqisinin beşiyi Şuşada yenidən Azərbaycan musiqisi səslənir, festivallar keçirilir, insanlar öz doğma torpaqlarına geri dönürlər. Azərbaycan xalqı Vətən torpaqlarının azadlığı, ərazi bütövlüyünün bərpası uğrunda canından keçən bütün övladlarının əziz xatirəsini minnətdarlıqla yad edir.
Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli çıxışında bildirib ki, Azərbaycan xalqı bu il Milli Musiqi Gününü ilk dəfə tamamilə yeni şəraitdə bayram edib. Ötən il Azərbaycan tarixində silinməz izlər buraxan hadisələr baş verib və ölkənin suverenliyi və ərazi bütövlüyü bərpa olunub. Azərbaycanlılar üçün musiqi sevinc, qəm və kədərin ən dolğun mədəni və emosional ifadəsidir. Milli Musiqi Gününə həsr olunmuş klassik konsert Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canını fəda edən vətən övladlarının xatirəsinə ehtiramın təcəssümüdür.
Xarici işlər nazirinin müavini Fariz Rzayev klassik musiqi paytaxtı sayılan Vyana şəhərində Azərbaycan Milli Musiqi Gününün qeyd edilməsindən məmnunluq ifadə edib və Azərbaycan musiqiçilərinin dünya musiqi irsinin zənginləşməsinə verdikləri töhfələrin qürur doğurduğunu bildirib.
Milli Məclisin üzvü Tahir Mirkişili Azərbaycan xalqının həyatında milli və klassik musiqinin oynadığı mühüm rola toxunub, milli musiqi mədəniyyətinin xalqın inkişafı ilə həmahəng şəkildə irəlilədiyini, bütün çətinlik, məhrumiyyətlərə baxmayaraq ciddi inkişaf yolu keçdiyini diqqətə çatdırıb. O, Azərbaycanın işğaldan azad olan Qarabağ torpağının gələcəkdə musiqi və mədəniyyət beşiyinə çevriləcəyini, mühüm iqtisadi zona kimi inkişaf edəcəyini vurğulayıb.
Konsertdə Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət musiqi proqramı təqdim edilib. Avstriyada yaşayan və təhsil alan gənc Azərbaycan musiqiçiləri və onların həmkarları Jalə Rəsulova (fortepiano), Karen Danqer-Manafzadə (sopran), Abuzər Manafzadə (fortepiano), Fərid Feyzullayev (violin) Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Qara Qarayev, Səid Rüstəmov, Xəyyam Mirzəzadə, Müslüm Maqomayev, Asəf Zeynallı və digər bəstəkarların əsərlərini təqdim ediblər. Fərid Feyzullayev (violin) və Filip Henrinin (gitara) təqdimatında “Sarı gəlin“ xalq mahnısı tamaşaçılar tərəfindən böyük maraq və alqışla qarşılanıb.
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız yarım-sessiyasının üçüncü günü “Ətraf mühit və insan haqları: təhlükəsiz, sağlam və davamlı inkişaf” adlı məruzənin yüksək səviyyəli panel iclası ilə davam edib.
İclasda AŞPA-nın prezidenti Roma Papasının məktubunu oxuduqdan sonra BMT-nin Baş katibi Antonio Quterreş, Macarıstan Prezidenti Yanoş Ader, Avropa Şurasının Baş katibi Mariya Pesçinoviç, İtaliya parlamentinin sədri Roberto Fiko, Portuqaliyanın ətraf mühit və iqlim məsələləri üzrə naziri Joao Pedro Matos Fernandes, Avropa İnsan Haqları məhkəməsinin hakimi Tim Eike çıxış ediblər.
AZƏRTAC xəbər verir ki, panel iclasından sonra ətraf mühitlə bağlı məsələlər üzrə çıxışlar davam edib. Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynovun erməni işğalçılarının torpaqlarımızda törətdiyi ekoloji terrorla bağlı çıxışı dərc edilərək parlamentarilərə paylanıb.
Qarabağda erməni işğalından sonra yaranmış ağır ekoloji vəziyyətdən bəhs edən mətndə bildirilir ki, sağlam ətraf mühitdə yaşamaq hər insanın həm arzusu, həm haqqıdır. Bu mövzu həmişə aktual olub, amma ətraf mühitin yüz cür mənfi təsirlərə məruz qaldığı müasir dövrdə bəlkə də hər zaman olduğundan daha artıq diqqət tələb edir.
Nümayəndə heyətinin üzvü erməni işğalından azad edilmiş Azərbaycanın Mədəniyyət Mərkəzi Şuşaya səfərindən söz açaraq, yolboyu gördüyü dəhşətli mənzərələrdən, erməni işğalçılarının xarabalığa çevirdiyi kənd və şəhərlərdən danışıb. Bildirib ki, həmin ərazidən keçən çaylara işğal dövründə illərcə müxtəlif zəhərli tullantılar axıdılıb, torpağa həyat üçün təhlükəli kimyəvi və nüvə tullantılar basdırılıb. Hərbi təcavüz bitib, tədricən quruculuq başlanır. Amma ekoloji işğalın fəsadları hələ çox davam edəcək. Meşəsiz, ağacsız, susuz qalmış bu ərazilərdə ekoloji tarazlıq pozulub, bitki örtüyü, quşlar və vəhşi heyvanlar yoxa çıxıb. Ermənilər işğal altındakı torpaqlarımızı talan etməklə, yandıraraq yararsız hala salmaqla bərabər bu ərazilərdəki flora və faunanı tamamilə məhv ediblər.
Qeyd olunub ki, dağıntıları aradan qaldırmaq mümkün ola bilər, ancaq ekologiyaya vurulmuş son dərəcə ağır zərbələrin nəticələrinin bərpası uzun müddət tələb edir. İşğalın yaratdığı ekoloji fəsadlar uzun müddət davam edəcək.
“Müxtəlif insanları birləşdirən hədəflər, məqsədlər içərisində ən ümdəsi ətraf mühitin sağlamlığı məsələsidir. Çünki bu, bizim hər birimizin bu günü, sabahı, gələcəyi deməkdir. Gələcəyimiz naminə sağlam ətraf mühit mübarizəsində eyni istiqamətdə çalışaq. Sağlam ətraf mühit uğrunda mübarizə bu gün istisnasız olaraq bütün dünya insanlarını birləşdirə biləcək yeganə ortaq məqsəddir”, - deyə Rafael Hüseynov vurğulayıb.
Sonda azərbaycanlı deputat Avropa Şurasındakı islahatlar dalğası çərçivəsində ətraf mühit məsələləri həvalə edilmiş Komitənin ləğv edildiyini xatırladaraq, son illər sessiyada ətraf mühit məsələləri ilə bağlı getdikcə daha çox məsələlər qaldırıldığından əvvəlki Komitənin yenidən bərpa edilməsi təklifini irəli sürüb.
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, oktyabrın 1-dən ölkəmizdə teatr, kinoteatr və konsert müəssisələrinin fəaliyyəti bərpa olunacaq.
Bu münasibətlə mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev kino nümayişi müəssisələrinin rəhbərləri ilə görüş keçirib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Nizami Kino Mərkəzinin direktoru Leyli Mirzəyeva, “CinemaPlus” kinoteatrlar şəbəkəsi Müşahidə şurasının sədri Zaur Darabzadə, baş icraçı direktor Murat Camcı, “Park Cinema” kinoteatrlar şəbəkəsinin icraçı direktoru Elnur Allahverdiyev və marketinq direktoru Musa Axundov iştirak ediblər.
Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, Mədəniyyət Nazirliyində aparılan islahatlar barədə məlumat verən Elnur Əliyev kinematoqrafiya sahəsinə də xüsusi diqqət ayrıldığını, bu mənada kino nümayişinin prioritet sahələrdən olduğunu vurğulayıb.
Görüşdə kinoteatr rəhbərləri mövcud problemlər və gələcək planlar haqqında ətraflı məlumat veriblər. Bir ildən artıqdır ki, fəaliyyətini dayandıran kinoteatrlarda pandemiyanın mənfi təsiri, mövcud problemlər və perspektivlər müzakirə olunub, müəssisələrin ölkədə tətbiq olunan karantin rejimi qaydalarına əməl etməklə əhaliyə yüksək səviyyədə xidmət göstərməsinin vacibliyi diqqətə çatdırılıb.
Sonda mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev nazirliyin bu istiqamətdə kino nümayişi müəssisələrinə dəstək olacağı və birgə əməkdaşlığın inkişafı ilə bağlı lazımi tədbirlər görəcəyini bildirib.
Çoxsaylı peşə bayramlarından biri də Beynəlxalq Tərcüməçilər Günüdür. Beynəlxalq Tərcüməçilər Federasiyasının (FİT) qərarı ilə bu bayram 1991-ci ildən etibarən hər il sentyabrın 30-da qeyd edilir.
AZƏRTAC xəbər verir ki, bu tarixin seçilməsi təsadüfi deyildir: Bibliyanı (Vulqatı) latın dilinə tərcümə etmiş və ənənəyə görə tərcüməçilərin hamısı hesab olunan İeronim Stridonski 420-ci il sentyabrın 30-da dünyasını dəyişib. Çox zəngin intellekt sahibi olmuş çılğın xarakterli bu şəxs çoxlu səyahət edib, cavanlığında Müqəddəs Torpağı ziyarət edib.
Sonradan dörd il ərzində Halkid səhrasında tərkidünya dərviş kimi ömür sürüb. Burada yəhudi və haldey dillərini öyrənib. Özünün dediyinə görə, bu dövrdə onun ətrafında canlı qismindən yalnız əqrəb və vəhşi heyvanlar olub. Səhrada yaşadığı dövrdə bir neçə dəfə Qiyamət Gününün çatmasını bildirən şeypur səsləri eşidib. Qərbi Avropa rəssamları onu çox vaxt başının üstündə şeypur çalan mələkləri dinləyən vəziyyətdə təsvir edirlər.
386-cı ildə İeronim Vifleyemdə məskunlaşır. Burada uzun illər boyu Bibliyanı (Əhdi-Ətiqi və Əhdi-Cədidi) latın dilinə tərcümə edir. 11 əsrdən sonra Trident kilsəsi məhz bu tərcüməni Müqəddəs yazının (Vulqatın) rəsmi latın mətni elan edib. Bundan əlavə, İeronim “qlaqolitsa” deyilən qədim slavyan əlifbasının banisi hesab edilir.
Geniş yayılmış bir rəvayətə görə, İeronim şirin pəncəsinə batmış bir tikanı çıxarandan sonra şir onun vəfalı dostu olub. Müqəddəs İeronimin saysız-hesabsız şəkillərində o, hücrədə əyləşərək yazı yazan alim kimi təsvir edilir. Vəfalı dostu şir də onun yanındadır.
Tərcüməçilər bayramının populyarlığı ilbəil artır. Hər il bu münasibətlə açıqcalar buraxılır.
Müxtəlif illərdə tərcüməçilər günü müxtəlif devizlər altında qeyd edilib: “Tərcümə çoxdilliliyin və mədəni müxtəlifliyin əsasıdır”, “Tərcüməçinin öz peşəsi və cəmiyyət qarşısında məsuliyyəti”, “Dillər çoxdur, peşə - bir”, “Birlikdə işləyirik” və s. Aleksandr Sergeyeviç Puşkin tərcüməçiləri obrazlı şəkildə “Tərəqqinin poçt atları” adlandırırdı. Babil qülləsinin dağıdıldığı vaxtdan tərcüməçi peşəsinin bütün bəşəriyyətin həyatında çox böyük əhəmiyyəti var, hərçənd bunu bəzən hiss etmirik.
Teatr və kinoteatrların oktyabrın 1-dən fəaliyyətini bərpa etməsi bilet qiymətlərini gündəmə gətirib. Bəs bu müddət ərazində qapalı qalan mədəniyyət ocaqlarında qiymət artımı olacaqmı?
Report-un əməkdaşı məsələ ilə bağlı bir neçə teatr və kinoteatrla əlaqə saxlayıb.
Azərbaycan Dövlət Musiqili Teatrının mətbuat xidmətinin rəhbəri Fəridə Aslanova bildirib ki, qiymət artımı məsələsi müzakirə mövzusu olmayıb. Onun sözlərinə görə, bu barədə heç danışıqlar da baş verməyib.
Şəki Dövlət Dram Teatrından qeyd edilib ki, qiymət artımı gözləniləndir: “Xüsusi karantin rejimi çərçivəsində yumşalma tədbirlərinin tətbiqindən sonra fəaliyyətə başlayacaq teatrda həm tamaşaçı sayının az olması, həm də mövcud vəziyyətdən çıxmaq məqsədi ilə bilet qiymətlərində 50 % qiymət artımının olacağı gözləniləndir”.
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının mətbuat xidmətinin rəhbəri Həmidə Rüstəmova vurğulayıb ki, biletlərin qiymətində heç bir dəyişiklik yoxdur və onların satışı yalnız teatrın kassasında həyata keçirilir: “Uşaq tamaşaları üçün 3, böyük tamaşaları üçün isə biletin qiyməti 5 manatdır”.
Sabahdan Milli Kitab Satış Sərgisi başlayır.
Report xəbər verir ki, sərgi Bakı İdman Sarayında açılacaq.
Sərginin fəxri qonağı yazıçı, tərcüməçi və tarixçi, 80-ə yaxın kitabın müəllifi Əlisa Hüseynov (Əlisa Nicat) olacaq.
Qeyd edək ki, tədbir çərçivəsində yazarlarla görüşlər, oxu saatları, imza günləri, şeir saatı, musiqili proqramlar keçiriləcək.
Yazıçılıq və kitab nəşri, kitab tərtibatı, tərcümə ilə bağlı müzakirə panelləri təşkil olunacaq. Kitabların 30 faiz endirimlə satılacağı satış-sərgi Azərbaycanda ilk dəfə kitabçıların, naşirlərin, yazarların özünün təşkil elədiyi müstəqil bir yarmarkadır. Bukinistlər, fərdi kitab satıcıları, evində artıq kitabı olan insanlar kitablarını, rəssamlar və musiqiçilər isə öz əsərlərini sərgidə sata bilərlər.
Milli Kitab Satış Sərgisinin gələcəkdə digər bölgələrdə keçirilməsi də nəzərdə tutulur.
Oktyabrın 10-na qədər davam edəcək sərgiyə giriş sərbəstdir.