Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzi və “Salnaməfilm” studiyası tərəfindən istehsal olunmuş “Sonuncu” sənədli filmi beynəlxalq festivalda “Ən yaxşı sənədli film” mükafatına layiq görülüb.
“Azərbaycanfilm” kinostudiyasından AZƏRTAC –a bildirilib ki, Bosniya və Herseqovinanın Palam şəhərində 15-ci Jahorina Beynəlxalq Sənədli və Qısametrajlı Film Festivalı keçirilib. Festivalın beynəlxalq proqramının “Ən yaxşı sənədli film” nominasiyasında “Golden Maple” (Qızıl Ağcaqayın) mükafatına Azərbaycanı təmsil edən “Sonuncu” filmi layiq görülüb. Bu proqramda müxtəlif ölkələrdən 30 film yarışıb.
Filmin baş prodüseri Arzu Əliyeva, prodüserləri Orman Əliyev və Nazim Hüseynov, rejissoru Fariz Əhmədov, ssenari müəllifləri Esmira Əyyub və Fariz Əhmədovdur. Filmin operatoru Polşadan dəvət olunmuş kino mütəxəssisi Mateuş Çuxnovskidir.
Film Kürdili adasının sonuncu sakini Vitali Pronindən bəhs edir. 1981-ci ildə Xəzər dənizində suyun səviyyəsinin qalxması nəticəsində vaxtilə həyat qaynayan Kürdili adaya çevrilərək yaşayış üçün əlverişsiz hala gəldi. Əhalinin əksəriyyəti adadan köçdü. Qazsız, işıqsız və demək olar ki, insansız qalan ada tənhalaşdı, təbiəti, heyvanları vəhşiləşdi, evləri dağıldı. Daha orada heç kim yaşamırdı... 68 yaşlı Vitalidən başqa… O, adayla nəfəs alır. Son nəfəsini də adada alır… Elə kamera qarşısında.
Qeyd edək ki, “Sonuncu” filmi daha əvvəl Rotterdam Beynəlxalq Film Festivalında və Rusiyanın Perm şəhərində keçirilən “Flaertiana Beynəlxalq Film Festivalı”nda iştirak edib.
“Sonuncu” filminin festival həyatı hələ davam edir.
Hazırda MDB ölkələrinin kinematoqrafçıları arasında 6-cı “Eurasia.Doc” festivalı keçirilir. Film festivalın əsas beynəlxalq müsabiqə proqramının “Avrasiya qitəsi” tematik bölməsində iştirak edir.
“Sonuncu”nun növbəti müsabiqəsi oktyabrın 1-dən 10-dək Meksikada keçiriləcək “BlackCanvas” Beynəlxalq Müasir Film Festivalıdır. Film festivalın beynəlxalq müsabiqə proqramında iştirak edir.
“Sonuncu” filminin növbəti müsabiqəsi Polşada olacaq. Oktyabrın 19-dan 24-dək Polşanın Poznan şəhərində 25-ci Beynəlxalq Sənədli Film Festivalı keçiriləcək. “Sonuncu” festivalın uzun metrajlı müsabiqə proqramında yarışacaq 13 filmdən biridir.
Latviyanın aparıcı “RigaTV 24” telekanalında 27 sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycanın Mədəniyyət Nazirliyi, Bakı Media Mərkəzi və “Azərbaycanfilm” kinostudiyasının birgə istehsalı olan latış dilinə dublyaj edilmiş “Biz” tarixi-sənədli filmi göstərilib.
AZƏRTAC xəbər verir ki, “Biz” filmində Vətən müharibəsi dövründə 44 gün ərzində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ön cəbhədə qəhrəmancasına döyüşən Azərbaycan əsgəri ilə yanaşı, arxa cəbhədə onu dəstəkləyən vətənpərvər sadə vətəndaşların da ümumi Qələbədə oynadığı rol göstərilir. Filmdə müharibə dövründə fenomenə çevrilən, videosu və fotosu ən çox paylaşılan, ən çox müzakirə olunan sadə insanların müsahibələrinə yer verilib.
Filmin təqdimatından əvvəl, ötən il ölkəmizin özünümüdafiə hüququ çərçivəsində Ermənistan silahlı qüvvələrinin növbəti hərbi təcavüz və təxribatlarının qarşısını almaq və mülki əhalinin təhlükəsizliyini qorumaq üçün cavab tədbirlərinə başladığı barədə məlumat verilir.
Məlumatda Vətən müharibəsinin Ermənistanın 30 ilə yaxın davam edən işğalçılıq siyasətinə son qoyduğu, Azərbaycanın ərazi bütövlüyünün təmin edildiyi, bir milyona yaxın məcburi köçkünümüzün əsas hüquqlarının bərpa edildiyi və bununla da BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli müvafiq qətnamələrinin tələblərinin Azərbaycanın özü tərəfindən həyata keçirildiyini və Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevi rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsinin nəticəsində ölkəmizin tarixində yeni bir dövrün başladığı və bununla da tarixi ədalətin bərqərar olunduğu diqqətə çatdırılır.
Daha sonra Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olan bütün şəhidlərin xatirəsinin Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə təsis edilmiş Anım Günündə dərin hörmət və ehtiramla yad edildiyi və “Biz” filminin Vətən müharibəsinə həsr edildiyi bildirilir.
Qeyd edilməlidir ki, “RīgaTV 24” kanalı Latviyada əsasən ictimai-siyasi diskussiya proqramları və sənədli filmlər təqdim edən aparıcı televiziya kanalıdır. Kanal həftənin aktual mövzuları üzrə latviyalı siyasətçilərin gündəlik şərhlərini ictimaiyyətə təqdim edir.
İngilis hərrac evi, 250 illik tarixi dövrü əhatə edən altı Osmanlı sultanının portretini satışa çıxaracaq.
AZƏrtac TRT-yə istinadla xəbər verir ki, auksion oktyabrın 28-də reallaşacaq.
Osmanlı sultanlarından Orxan Qazi, Sultan İldırım Bəyazid, İsa Çələbi, Çələbi Mehmed, I Səlim və II Səlimin portretlərindən ibarət əsərlərin satiş qiymətinin 2.8 milyondan çox olacağı qeyd edilir.
İki illik fasilədən sonra yenidən Nyu-Yorkda “Toni mükafatları”nın təqdimat mərasimi keçirilib.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, pandemiyaya görə hər dəfə təxirə salınan 74-cü “Toni mükafatları”nda “Mulen Ruj” müzikli əsas qalib seçilib.
Teatr aləmində “Oskar”ın analoqu sayılan “Toni mükafatları” bu il tam formatda keçirilib. Zalda əyləşənlərin hamısı maska taxıb və vaksin olunub.
28 nominasiya arasında ən çox diqqəti “Ən yaxşı tamaşa” və “Ən yaxşı remeyk” nominasiyaları cəlb edib. İlk mükafat alanlardan ABŞ ordusunda irqçilikdən bəhs edən “Əsgər pyesi” olub. Laureatlar təltif olunmada ötən il polis tərəfindən saxlanılarkən vəfat etmiş Corc Floydu xatırlayıblar. Ən yaxşı tamaşa nominasiyası üzrə mükafatı isə “İrs” tamaşası qazanıb.
"Azİz" İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının təşkilatçılığı ilə Kiryat-Yam şəhərində 27 sentyabr – Anım Gününə həsr olunmuş musiqili aksiya keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan və İsrailin dövlət bayraqlarının dalğalandırıldığı meydan guşəsində “Azİz”in fəal üzvü Salman Rabaev kamançada ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda həlak olmuş şəhidlərimizə ithaf olunan musiqi əsərlərini ifa edib. Musiqiçi şəhidlərimizin fədakarlıqlarının heç bir zaman unudulmayacağını bildirib, qazilərimizə sağlamlıqlarına qovuşmağı arzulayıb
Avropa Şurasının Strasburqdakı mənzil-qərargahında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyi ilə əlaqədar sərgi keçirilir.
Report-un yerli bürosu xəbər verir ki, tədbir Azərbaycan Prezidentinin sərəncamına əsasən elan edilən “Nizami ili” çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycanın Avropa Şurası yanında Daimi Nümayəndəliyi tərəfindən təşkil edilib.
Sərgidə öz əsərlərində sülh, ədalət, humanizm, yüksək əxlaq, azadlıq və bərabərlik kimi ideal və dəyərləri təbliğ etmiş dahi mütəfəkkirin “Xəmsə”sinə daxil olan poemaların motivləri əsasında çəkilmiş əsrarəngiz miniatürlər nümayiş olunur. Eyni zamanda xüsusi guşədə Nizami Gəncəvinin zəngin yaradıcılığından nümunələr və onun bəşər ədəbiyyatına misilsiz töhfəsi haqqında məlumatlar diqqətə çatdırılır.
Qeyd edək ki, tədbir həmçinin Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasının keçirildiyi dövrə təsadüf edir. Bu isə öz növbəsində Strasburqda yerləşən diplomatik korpus və katiblik əməkdaşları ilə yanaşı, avropalı parlamentarilər və digər qonaqların sərgi ilə tanış olmasına imkan verir.