Vətən müharibəsinin fəal iştirakçısı Salayev Rauf Yasər oğlu Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Salyan regional idarəsinin Lənkəran rayonu üzrə Baş mütəxəssis-abidə mühafizəçisi vəzifəsinə işə qəbul edilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, bununla əlaqədar Dövlət Xidmətinin rəisi Azad Cəfərli qəhrəman döyüşçümüzü qəbul edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Qeyd edək ki, Rauf Salayev İkinci Qarabağ müharibəsində Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonu istiqamətlərində gedən döyüşlərdə fəal iştirak edib.
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.
Şair, ssenarist Turan Uğurun “Sətirlər” kitabı “Mücrü” nəşriyyatında çapdan çıxıb.
AZƏRTAC xəbər verir ki, dünya və Azərbaycan ədəbiyyatının poetik nümunələri ilə ömürlərə sətir – sətir yazılacaq “Sətirlər” kitabının ilk sayı Əhməd Cavada, Mikayıl Müşfiqə, İsmayıl Şıxlıya, Xəlil Rzaya, Anara, Sabir Rüstəmxanlıya, habelə Viktor Hüqoya, Aleksandr Dümaya, Anna Axmatovaya, Nəcib Fazilə, Qabriel Qarsia Markesə və digər ədiblərə həsr olunur.
Oxucular müəllifin bir çox ssenari və müxtəlif səpkili şeirləri ilə son iki il yarım ərzində “Mədəniyyət” kanalından yayımlanan “Sətirlər” verilişindən tanışdırlar. Lakin bu dəfə həmin ssenarilərdə ehtiva olunan şair, yazıçı talelərini Xalq artisti Mehriban Zəkinin nəfis təqdimatı ilə deyil, şair, ssenarist Turan Uğurun daxili pıçıltıları ilə oxuyacaqlar.
Müəllif oxucuları nəzərə alaraq, kitabda ssenari formatından çıxarılmış, texniki cəhətdən sadələşdirilmiş mətnləri təqdim edib. O, “Azərbaycan ədəbiyyatından seçmələr”, “Dünya ədəbiyyatından seçmələr”, “ Baharda doğulanlar”, “İtirdiklərimiz”, “Nobel mükafatçıları” kimi daimi rubrikaları da nəşrə əlavə edib.
Azər Qismətin redaktorluğu ilə işıq üzü görən kitabda Turan Uğurun 60 ssenarisi, 11 şeiri və fransız dilindən tərcümə etdiyi 3 şeir yer alıb. Bundan əlavə, müəllif verilişin prinsip və ana xəttini kitabda da nəzərə alıb.
Turan Uğurun şeirləri, esseləri, həmçinin fransız dilindən etdiyi tərcümələri müntəzəm olaraq müxtəlif dərgilərdə nəşr edilib. “Sətirlər” kitabı gənc yazarın oxucularla ilk görüşüdür.
"Art management" layihəsi çərçivəsində silsilə vebinarlar davam edir.
AZƏRTAC xəbər verir ki, Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə oktyabrın 1-də saat 15:00-da layihə çərçivəsində “Müəllif hüquq qanunvericiliyi haqqında” mövzusunda vebinar keçiriləcək.
Layihə çərçivəsində baş tutacaq təlim Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Müəllif-hüquq obyektlərinin qeydiyyatı və hüquq ekspertizası şöbəsinin müdiri Nadirə Bədəlbəyli tərəfindən reallaşacaq.
Qeyd edək ki, “Art management” layihəsinə yaradıcı şəxslərin bu sahə üzrə hazırlıq səviyyəsini yüksəltmək, mövcud çatışmazlıqları vaxtında aşkar edərək tədbirlər görmək, proseslərin inkişafı üçün yeni bilgi və təcrübə mübadiləsi platformasını yaratmaq məqsədilə start verilib.
“Zoom” tətbiqi vasitəsilə keçiriləcək treninqdə dinləyici qismində iştirak etmək istəyən şəxslərdən qeydiyyat üçün “Art management” başlığını qeyd etməklə (artmanagementadrq@gmail.com) elektron-poçt ünvanımıza müraciət etmələri xahiş olunur.
Layihə çərçivəsində baş tutan vebinarlar barədə məlumatları Azərbaycan Dövlət Rəsm Qalereyasının rəsmi saytı (www.azgallery.az), feysbuk və instaqram sosial media hesablarından izləmək mümkündür.
Mədəniyyət Nazirliyi, “ASAN xidmət”, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası, Xətai Sənət Mərkəzinin və “ASAN Könüllülük Məktəbi”nin təşkilatçılığı ilə 27 sentyabr-Anım Gününə həsr olunmuş “Misilsiz cəsarət” adlı rəsm sərgisi açılıb.
Dövlət Rəsm Qalereyasından AZƏRTAC-a bildirilib ki, sərginin ekspozisiyasında Azərbaycan rəssamları və heykəltəraşlarının müxtəlif üslub və janrlarda Vətən müharibəsi qəhrəmanlarının xatirəsini əbədiləşdirdiyi 40-a yaxın əsəri yer alıb.
Sərgi Nazirlər Kabineti yanında Operativ Qərargahın COVID-19 pandemiyası ilə əlaqədar qəbul etdiyi karantin qaydalarına uyğun keçirilib.
Beynəlxalq Muzeylər Şurasının (ICOM) builki “Muzeylərin gələcəyi: dirçəliş və yeni baxış” devizinə uyğun olaraq sentyabrın 27-də beynəlxalq onlayn videokonfrans keçirilib.
Bu barədə AZƏRTAC-a Milli Xalça Muzeyindən bildirilib.
Konfransın “Muzeylər üzərindən ərəb sivilizasiyasının müxtəlifliyi” mövzusunda sessiyasına fəxri qonaq kimi qatılan Azərbaycan Milli Xalça Muzeyinin direktoru, ICOM Azərbaycan Milli Komitəsinin sədri Şirin Məlikova “Qarabağ nümunəsində müharibə və hərbi toqquşmalar zamanı tarixi və mədəni abidələrin, muzeylərin məhvi” adlı məruzə ilə çıxış edib.
Məruzədə qeyd olunub ki, konfliktlər dövründə dünyanın tarixi və mədəni abidələrinin məhvi, qəsdən dağıdılması beynəlxalq hüquqa açıq hörmətsizlik, UNESCO, Haaqa və Avropa Şurası konvensiyalarına zidd və bəşəriyyətə qarşı törədilən ən böyük vəhşilikdir. Beynəlxalq qurumların mədəni sərvətlərin məhv edilməsinin qarşısını almaq üçün real təsir mexanizmlərinin olmaması da çox narahatedicidir ki, bu, özünü Qarabağ müharibəsi dövründə bariz şəkildə göstərdi.
Şirin Məlikova 30 illik işğal dövründə Qarabağın mədəni sərvətlərinin ardıcıl şəkildə məhv edildiyini bildirərək dağıdılmış abidələrin, muzeylərin, kitabxanaların, teatrların işğaldan sonra çəkilmiş fotolarını nümayiş etdirib. Evakuasiya etmək mümkün olmadığı üçün 22 muzeyə aid minlərlə eksponatın taleyinin naməlum olduğunu, məscidlərin dağıdılması ilə Azərbaycan xalqının dini inanclarının təhqir edildiyini, qədim Alban abidələrinin saxtalaşdırıldığını, qanunsuz aparılmış arxeoloji qazıntıları və digər mühüm məsələləri konfrans iştirakçılarının nəzərinə çatdırıb. O, həmçinin azad olunmuş ərazilərdə qısa zaman ərzində aparılan bərpa işləri haqqında danışıb, yenidən rekonstruksiya edilmiş tarixi memarlıq abidələrinin fotolarını sessiya iştirakçılarının diqqətinə təqdim edib.
Qeyd edək ki, ICOM Birləşmiş Ərəb Əmirlikləri Komitəsinin direktoru Əssam Əl-Nəcdinin moderatorluğu ilə baş tutan sessiyada ICOM Ərəb Ölkələri Regional İttifaqının vitse-prezidenti Eç Çerki Dahmalı, ICOM Asiya-Sakit Okean İttifaqının idarə heyətinin üzvü, ICOM “Ailə forumu”nun yaradıcısı, IVCOM-un təsisçilərindən Məhəmməd Axtər Caved, ICOM Birləşmiş Ərəb Əmirlikləri Komitəsinin prezidenti Rəşad Buxaş salamlama və açılış nitqi ilə çıxış ediblər. Daha sonra Sivilizasiyalar Qovşağı Muzeyinin yaradıcısı və direktoru Əhməd Əl-Mənsuri (Dubay), Saadabad Mədəni və Tarixi Kompleksinin tədqiqatçı eksperti Sara Kəriman, sərgilər və kolleksiyalar üzrə menecer Fərhad Əl-Həsəni (Oman, Zübeyir Muzeyi), Acman Memarlıq, İncəsənət və Dizayn Kollecinin dosenti Qamal Əl-Samanudi (BƏƏ) tərəfindən məruzələr iştirakçılara təqdim olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 44 günlük Vətən müharibəsinin başlandığı 27 sentyabr ölkəmizdə Anım Günü kimi qeyd olunur, torpaqlarımız uğrunda qəhrəmancasına döyüşmüş, ərazi bütövlüyümüz uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilir. Bu tarixi gündə uzun illər boyu Azərbaycana qarşı işğalçılıq siyasəti yürüdən Ermənistanın ölkəmizə hücumunun qarşısını almaq və ərazi bütövlüyümüzü bərpa etmək məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev cəbhəboyu əks-hücuma keçmək əmrini verdi.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Teatr Xadimləri İttifaqı tərəfindən hazırlanan “Milli qürur günü” sərlövhəli yazıda yer alıb. Yazını təqdim edirik.
Məlum həqiqətdir ki, 1988-ci ildən başlayan Qarabağ hadisələri nəticəsində tarixi torpaqlarımız işğal olundu, on minlərlə günahsız insan, o cümlədən uşaqlar və qocalar öldürüldü, yüz minlərlə həmvətənimiz öz tarixi torpaqlarından didərgin düşdü. Şəhərlər, kəndlər dağıdıldı, tarixi və mədəniyyət abidələrimiz məhv edildi.
Azərbaycan dövləti dəfələrlə münaqişənin danışıqlar yolu ilə həllinə çalışsa da, qarşı tərəf beynəlxalq hüquq qaydalarını kobud şəkildə pozdu və məsələnin həlli üçün uzun illər aparılan danışıqlar nəticəsiz qaldı. Bu müddət ərzində Azərbaycan tarixi torpaqlarının işğalı ilə barışmadığını dəfələrlə nümayiş etdirdi. 2016-cı ilin aprel ayında Lələtəpədəki, 2020-ci ilin iyul ayında Tovuzdakı döyüşlər və s. bunun bariz nümunəsidir.
İşğalçı Ermənistanın çirkin siyasətini davam etdirməsi, dinc əhaliyə mütəmadi atəş açması, ərazilərimizdə təxribatlar törətməsi dövlətin və xalqın səbir kasasını doldurdu. 27 sentyabr 2020-ci il tarixdə düşmənin növbəti təxribatını dəf etmək və təcavüzə son qoymaq üçün Ali Baş Komandanımız İlham Əliyev cəbhəboyu əks-hücuma keçmək haqqında əmr verdi. Onun müdrik rəhbərliyi ilə işğalçı Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə cavab olaraq, torpaqlarımızın azadlığı uğrunda qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlar həmrəylik, əzm və iradə nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirdilər. Beləliklə, 44 gündən sonra müzəffər Azərbaycan Ordusu ölkəmizin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi, haqq savaşında ZƏFƏR çaldı.
Qüdrətli Azərbaycan dövləti və xalqı haqq və şərəf işimiz olan Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, canı, qanı bahasına Azərbaycan bayrağını əzəli və əbədi torpaqlarımızda dalğalandırmış şəhidlərimizin işıqlı xatirəsini daim yaşadacaq. Allah şəhidlərimizə rəhmət eləsin.
Biz TÜRKSOY-un media mükafatçıları ilə birlikdə Şuşadayıq. Vətən müharibəsi dövründə Azərbaycanda yaşanan tarixi hadisələri, Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə obyektiv çatdıran və yayımlayan yerli və xarici media təmsilçilərinin Azərbaycana gəlib, bu mükafatı alaraq Şuşaya səfərini təşkil etməmək doğru olmazdı. Biz öz proqramımıza Şuşaya səfər daxil etdik. Ötən il sentyabrın 27-dən başlanan və 44 gün davam edən Vətən müharibəsində Şuşanın azad edilməsi ilə düşmən kapitulyasiya aktını imzalamağa məcbur oldu. Prezident İlham Əliyev Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan etdi. Şuşanı gözümüzlə görmək, bir il ərzində burada görülən quruculuq işləri ilə tanış olmaq üçün buradayıq. Türkiyə, Qazaxıstan, Xorvatiya, Azərbaycan, Özbəkistan və Qırğızıstandan olan jurnalistlər azad olunmuş əraziləri, erməni vandalizminin izlərini gördülər.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycanın Beynəlxalq Türk Mədəniyyəti Təşkilatındakı (TÜRKSOY) təmsilçisi Elçin Qafarlı söyləyib.
Hazırda Şuşada böyük bərpa işlərinin aparıldığını və buranın möhtəşəm mədəniyyət tədbirlərinə ev sahibliyi edəcəyini vurğulayan E.Qafarlı deyib: “Biz TÜRKSOY olaraq Azərbaycanın qədim mədəniyyət ocaqlarından biri olan Şuşa şəhərinin 2023-cü il üçün “Türk Dünyasının Mədəniyyət Paytaxtı” elan etməyi düşünürük. Bu təklif mədəniyyət naziri Anar Kərimov tərəfindən səsələndirilib. İnanırıq ki, “Türk Dünyasının Mədəniyyət Paytaxtı” ilində Şuşa yeni görkəmi ilə hamını heyran qoyacaq. Şuşanın haqq səsini, mədəniyyət paytaxtı olma şərəfini dünyaya çatdıracağıq. Burada tarixi abidələrimiz, məscidlərimiz və digər mədəniyyət ocaqlarımız bərpa olunaraq əvvəlki görkəminə qaytarılır. Artıq bu istiqamətdə böyük işlərin aparıldığının şahidi olduq. Vaqifin məqbərəsi, Bülbülün ev-muzeyi bərpa olunub, “Xaribülbül” festivalı, Vaqif Poeziya Günləri, Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının konserti təşkil edilib. Qarşıdakı illərdə Şuşa neçə-neçə belə möhtəşəm tədbirlərə ev sahibliyi edəcək”.
Vətən müharibəsi Azərbaycan tarixinin qürur, şərəf və ləyaqət səhifəsidir. Xoşbəxt adamlarıq ki, bu tarixə şahidlik etmək bizə nəsib oldu. Azərbaycan xalqı 30 ilə yaxın idi ki, yurd-yuva həsrəti ilə yaşayırdı. Taleyinə köçkünlük düşən insanlar bu ağrı-acını yaşasalar da, heç vaxt inamlarını itirmədilər. İndi hamımız torpaqlarımızın azad olunmasının sevincini yaşayırıq. Bu sevinci bizə Ali Baş Komandanımız, Prezident İlham Əliyev yaşatdı.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti, professor Azər Paşa Nemətov deyib.
“Sentyabrın 27-də erməni təxribatçıları bizə qarşı növbəti çirkin niyyətlərini həyata keçirməyə çalışdılar. Ali Baş Komandanın iradəsi və göstərişi ilə ordumuz əks-həmlə hücumuna başladı. 44 gün davam edən müharibədə Azərbaycanın igid oğulları görünməmiş qəhrəmanlıq göstərdilər və illərdir düşmən tapdağı altında qalan yurd yerlərimiz öz azadlığına qovuşdu. Biz bu 44 gündə nə gördük? Əlbəttə, xalqın öz liderinin ətrafında necə qətiyyət və məhəbbətlə birləşməyini. Böyük ruh yüksəkliyi, şövq, sabaha olan tükənməyən inam. Məhz bu ali keyfiyyətlər bizi qələbə apardı”,-deyə Xalq artisti bildirib.
Azər Paşa Nemətov deyib: “Bu gün Qarabağ azaddır. Birinci və ikinci Qarabağ müharibəsində qanı tökülən şəhidlərimizin ruhu şaddır. Onların qisası düşməndən alınıb. Onların qanı yerdə qalmayıb. Şuşada “Xarıbülbül” festivalı və Vaqif Poeziya Günləri, Üzeyir Hacıbəyliyə həsr olunmuş musiqi günləri böyük uğurla başa çatdı. Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan olunub. Bundan sonra biz Şuşada hələ çox belə tədbirlər keçirəcəyik. İnşallah, Şuşada teatr tamaşaları oynayacağıq. Ən möhtəşəm premyeralarımızı Şuşada təqdim edəcəyik. Bu, bütün teatr xadimlərinin arzusudur”.
Bu gün Qarabağda quruculuq işləri aparıldığını söyləyən Azərbaycan Teatr Xadimləri İttifaqının sədri vurğulayıb ki, tezliklə Şuşa, Ağdam, Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl və başqa rayonlarımız dünyanın ən gözəl şəhərlərinə çevriləcək: “Mən Vətən yolunda canından keçmiş bütün oğullarımızın unudulmaz xatirəsi qarşısında baş əyirəm. Qazilərimizə can sağlığı, şəhid ailələrinə səbr, dözüm və təmkin arzu edirəm. Azərbaycan xalqı bu oğulları heç zaman unutmayacaq”.