Sentyabrın 27-si Dünya Turizm Günüdür.
AZƏRTAC xəbər verir ki, Dünya Turizm Günü ölkəmizdə 2001-ci ildən etibarən geniş şəkildə qeyd olunmağa başlayıb. Məhz həmin il Azərbaycan BMT-nin Dünya Turizm Təşkilatının Seulda keçirilən 14-cü Baş Assambleyasında təşkilata üzv kimi qəbul olunub. 27 sentyabr tarixi ölkəmizdə həm də turizm işçilərinin peşə bayramıdır. Prezident İlham Əliyevin 2016-cı il sentyabrın 1-də imzaladığı Sərəncama əsasən Dünya Turizm Günü ölkəmizdə “Turizm işçiləri günü” kimi də qeyd olunur.
AZƏRTAC xəbər verir ki, bu il pandemiya səbəbindən turizm işçilərinin peşə bayramı geniş tədbirlərlə qeyd edilməsə də, bu sahənin inkişafı hər zamankı kimi yenə də, dövlətin ciddi nəzarətindədir.
Dövlət səviyyəsində turizmin iqtisadiyyatın aparıcı sahəsinə çevrilməsi istiqamətində görülən ardıcıl və məqsədyönlü tədbirlər turizmin inkişafında öz müsbət təsirlərini göstərir.
2015-ci ildə turizm sektorunda sahibkarlıq fəaliyyəti üçün lisenziya tələbinin ləğv edilməsini, 2016-cı ildə “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin qəbul edilməsini, elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsini və “ASAN Viza” sisteminin yaradılmasını turizm sahəsinin inkişafı üçün görülən çoxşaxəli işlər sırasına aid etmək olar.
Prezident İlham Əliyevin 20 aprel 2018-ci il tarixli “Mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Sərəncam”ına əsasən Azərbaycan Dövlət Turizm Agentliyinin yaradılması isə bu proseslərə kompleks yanaşmanın məntiqi nəticəsi kimi özünü göstərir.
Dövlət Turizm Agentliyi tərəfindən turizm sənayesinin formalaşdırılması, turizm siyasətinin həyata keçirilməsi və sənayenin üzvlərinin bu prosesə cəlb olunması, ölkənin turizm potensialının xarici bazarlarda tanıdılması, tabeliyindəki qoruqlarda tarix, mədəniyyət və təbiət abidələrinin, maddi-mədəni irsin qorunması ilə yanaşı, turistlər üçün daha maraqlı məkana çevrilməsi üçün genişmiqyaslı işlər görülməyə başlanılıb.
İlk addım olaraq “Bir daha bax” (“Take another look”) şüarı ilə Azərbaycanın yeni turizm brendi 2018-ci ilin noyabrında Londonda “Dünya Səyahət Bazarı” (World Travel Market) sərgisində dünya ictimaiyyətinə təqdim edilib. Ən mühüm tədbirlərdən biri Dövlət Turizm Agentliyinin nəzdində əsas vəzifəsi qoruqlardakı mədəni irsin effektiv idarəolunmasını təmin etmək, qoruqların büdcədən kənar gəlirlərinin daha səmərəli istifadəsinə nail olmaq olan Qoruqların İdarəetmə Mərkəzi publik hüquqi şəxsinin yaradılması olub.
Rekonstruksiyası, beynəlxalq standartlara uyğunlaşdırılması və ərazisində müasir turizm infrastrukturunun yaradılması üçün ölkə başçısının tapşırığı ilə təmir olunan “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu tamamilə yeni konsepsiyada bərpa olunaraq turistlərin ixtiyarına verilib. Bundan əlavə, Dövlət Turizm Agentliyinin tabeliyində olan 7 qoruqdan digəri “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunun Prezidentin müvafiq Sərəncamına əsasən hazırlanan yenidən qurulması konsepsiyası təqdim edilib. 2018-2023-cü illəri əhatə edəcək 5 illik konsepsiyanın əsas məqsədi qoruğun uzunmüddətli qorunması, konservasiyası, bərpası yolu ilə Basqalın tarixiliyini özünə qaytarmaq və yerli əhalinin rifahını yaxşılaşdırmaqla turizmin inkişafına nail olmaqdır. Eləcə də “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğunun mədəni, tarixi və etnoqrafik məkan olaraq qorunması və turizm imkanlarının inkişaf etdirilməsi üçün “Xınalığın inkişaf proqramı” layihəsi işlənib hazırlanıb.
Qeyd edək ki, 2019-ci il ölkəmiz üçün əlamətdar və tarixi bir hadisə olaraq UNESCO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü Sessiyasında Şəki şəhərinin tarixi hissəsi və Şəki Xan Sarayı UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Artıq Şəkidən başqa “Xınalıq” Qoruğunun da UNESCO-nun namizəd irs nümunələrinin ilkin siyahısına salınması ilə bağlı müzakirələrə başlanılıb. Digər qoruqlarda da müvafiq işlər davam etdirilir.
İnfrastrukturla bağlı layihələrin reallaşdırılması ilə yanaşı, turist məmnunluğunun artırılması məqsədilə turizm sənayesinin üzvləri proseslərə cəlb olunur, turizmin inkişafına töhfə verəcək ictimai təşkilatlandırma işinə dəstək verilir.
Azərbaycan Hotel Assosiasiyası, Bələdçilər Assosiasiyası, Azərbaycan Turizm Agentlikləri Assosiasiyası və bu kimi ictimai birliklərin yaradılması turizm sənayesinin ümumi məqsəd ətrafında birləşdirilməsinə önəmli təkandır.
Turizm sahəsində ixtisaslı kadr hazırlığı xidmət keyfiyyətinin artırılması baxımından önəm kəsb edir. Bu baxımdan Dövlət Turizm Agentliyinin tabeliyindəki Azərbaycan Turizm və Menecment Universiteti, Bakı Turizm Peşə Məktəbi və Mingəçevir Turizm Kollecinin fəaliyyəti xüsusilə əhəmiyyətlidir.
Misir bu ilin dekabrında keçirilməsi nəzərdə tutulan İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) 14-cü Baş Konfransına ev sahibliyi edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Misirin Baş naziri Mustafa Mədbuli ilə ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd Əl-Malik arasında Qahirədə keçirilən görüşdən sonra məlumat verilib.
Təşkilatın müsəlman aləmində elm, təhsil və mədəniyyətin inkişafında mühüm rolunu və İslam irsinin qorunmasında xidmətlərini xüsusi qeyd edən Misirin Baş naziri qeyd edib ki, onun ölkəsi bu mötəbər tədbirə ev sahibliyi etməkdən qürur hisi keçirir. O, konfransın yüksək səviyyədə keçirilməsi üçün bütün zəruri tədbirlərin görüləcəyini bildirib.
Görüşdən sonra ICESCO-nun Baş direktoru Misirin yeni inzibati paytaxtına gedib və burada Baş Konfransın keçiriləcəyi Konqres Mərkəzi ilə tanış olub.
Qırğızıstanda keçirilən Beynəlxalq Dünya Eposlarının VI festivalı başa çatıb. AZƏRTAC Qırğızıstanın Mədəniyyət, İnformasiya, İdman və Gənclər Siyasəti Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, ölkə müstəqilliyinin 30 illiyi və tanınmış qırğız şairi, akını və dastançısı Toqolok Moldunun anadan olmasının 160 illiyinə həsr edilən festivala dünyanın 20 ölkəsindən gələn nümayəndələr qatılıb.
Tədbirdə ölkəmizi kulturoloq və yaponşünas alim Əbülfəz Babazadə təmsil edib.
Sentyabrın 25-dək davam edən festivalda müxtəlif xalqların milli oyunları və rəqsləri nümayiş olunub.
Festival çərçivəsində “Dünya xalqlarının epik ənənələri” və “Manas” eposu dünya mədəniyyətində: elm, incəsənət, ədəbiyyat” mövzularında simpoziumlar keçirilib.
Azərbaycan aliminin “Manas” eposu dünya mədəniyyətində: elm, incəsənət, ədəbiyyat” mövzusundakı tədbirdə Türk xalqlarının və yaponların dastan ənənələri, əfsanələri haqqında öz elmi tədqiqatları əsasında hazırladığı “Yapon mədəniyyətində Türk faktoru“ adlı məruzəsi iştirakçılar tərəfindən maraqla qarşılanıb. Ə. Babazadə, eyni zamanda festivalın dünya xalqları mədəniyyətlərinin inteqrasiyası üçün bir platforma olduğunu da diqqətə çatdırıb.
Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə sentyabrın 30-da saat 11:00-da dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş “Nizami Gəncəvinin əsərləri təsviri sənətdə” respublika elmi konfransı keçiriləcək.
Dövlət Rəsm Qalereyasından AZƏRTAC-a bildirilib ki, elmi konfrans mədəniyyətimizin müxtəlif sahələr üzrə mütəxəssisləri, tədqiqatçıları, eləcə də yeni mövzuları aşkara çıxarmaq, habelə elmi biliklərin mübadiləsi, yeni əməkdaşlıq əlaqələrinin qurulması və tədqiqat təcrübəsi imkanlarından yararlanmaq məqsədilə həyata keçiriləcək.
Qeyd edək ki, konfransda respublikada fəaliyyət göstərən ali təhsil müəssisələrində təhsil alan sənətşünaslar, doktorantlar və tədqiqatçılar, o cümlədən xarici ölkədən qatılan dosentlər də iştirak edəcəklər.
Elmi konfrans Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən bu ilin “Nizami Gəncəvi İli” elan edilməsi çərçivəsində həyata keçirilir.
“Zoom” tətbiqi vasitəsilə keçiriləcək konfransda hər iştirakçı yalnız bir məruzə ilə çıxış edəcək.
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” Sərəncamına və Mədəniyyət Nazirliyinin tədbirlər planına uyğun olaraq M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Qarabağ Azərbaycandır! – 44 günlük II Qarabağ müharibəsi” adlı elektron məlumat bazası hazırlanıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, elektron məlumat bazası “Rəsmi sənədlər”, “İkinci Qarabağ müharibəsi Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir”, “Düşmən işğalından azad olunmuş şəhər, qəsəbə və kəndlərimizin siyahısı”, “II Qarabağ müharibəsi şəhidləri”, “Nəşrlər”, “II Qarabağ müharibəsinin xatirəsinin əbədiləşdirilməsi”, “Müharibə iştirakçılarına verilən orden və medallar”, “Erməni terroru”, “Videoqalereya” bölmələrindən ibarətdir.
Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatı torpaqlarımızın azad olunmasıyla nəticələndi. 44 günlük Vətən müharibəsi 2020-ci il noyabrın 10-da imzalanan atəşkəs bəyanatı ilə başa çatdı. Hərbi ekspertlər hələ də Şuşada gedən döyüşlərdən və bizim igidlərin qəhrəmanlığından danışırlar.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Xalq yazıçısı Çingiz Abdullayev deyib.
“Dəmir yumruq” əməliyyatı tariximizin qızıl hərflərlə yazılmış parlaq səhifəsinə çevrildi. İndi zəfərimiz, qələbəmiz haqqında kitablar yazılır, filmlər çəkilir. Cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət və məğlubedilməz ordu strategiyası oldu.
Düşmən işğalda olan torpaqlarımızın Azərbaycan ordusu tərəfindən qısa müddətdə azad edilməsini həzm edə bilmirdi. Təbii ki, onlar vandalizm siyasətini 90-cı illərdə olduğu kimi bu dəfə də nümayiş etdirdi. Belə ki, bütün dünya faşist xislətli ermənilərin Gəncə və Bərdə şəhərlərini tez-tez raket atəşinə tutmasının şahidi oldu. Dinc əhali arasında həlak olanlar vardı. Gəncədə bir ailənin bütün üzvləri məhv edildi. Separatçılar öz güclərini müharibə meydanında deyil, dinc əhali üzərində tətbiq etdi. Öz qorxaqlıqlarını bir daha sübuta yetirdilər.
Əfsuslan olsun ki, heç bir müharibə itkisiz olmur. Azərbaycan xalqı Vətən müharibəsində 3 minə yaxın şəhid verdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Şəhidlərimiz baş ucalığımız, qazilərimiz isə fəxrimizdi”, - deyə Ç.Abdullayev bildirib.
Torpaqlarımızın iyirmi faizinin otuz ilə yaxın bir müddətdə işğalçıların tapdağı altında qaldığını deyən yazıçı bildirib ki, bu müddət ərzində ermənilər bir sıra tarixi abidələrəmizi dağıtmışdır. Həmçinin, işğal olunmuş rayonlarımızda yerləşən və erməni kilsəsinə heç bir aidiyyəti olmayan tarixi Alban kilsələrini dünyaya erməni abidəsi kimi təqdim ediblər. Kəlbəcər rayonunda yerləşən bir çox qızıl yataqlarını vəhşicəsinə talan ediblər. Bu gün dünya ictimaiyyəti işğaldan azad edilmiş torpaqlarımızda erməni separatçı rejimin məktəblərimizi, evlərimizi, binalarımızı, xəstəxanalarımızı, hətta məscidlərimizi və qəbiristanlıqlarımızı vəhşicəsinə dağıtdıqlarının şahidi olur.
Qarabağın sürətlə bərpa edildiyini bildirən Xalq yazıçısı deyib: “Prezident İlham Əliyevin göstərişinə əsasən Qarabağda aparılan abadlıq-quruculuq işləri çox təqdirəlayiqdir. İşğaldan azad edilmiş Füzuli şəhərində hava limanı tikilib və istifadəyə verilir. Şuşa şəhərində genişmiqyaslı yenidənqurma işləri aparılır. Bu yaxınlarda “Qarabağ” hotelinin açılışı oldu. Həmçinin “Xarıbülbül” mehmanxanası da istifadəyə verildi. Gələcəkdə bu hotellər turistləri qəbul edəcək. Şuşada dahi sənətkarlarımız Bülbülün ev-muzeyinin bərpası və daha sonra açılışı oldu. Tarixi abidələr bərpa edilir, binalar tikilir...”
Şuşadakı “Xarıbülbül” musiqi festivalını xatırlayan dünya şöhrətli yazıçı bildirib ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan edilib. Vaqif Poeziya Günləri və “Xarıbülbül” musiqi festivalı da bərpa olunub. Nəhayət, Cıdır düzündə 2021-ci ilin may ayında Şuşa şəhəri işğaldan azad olunandan sonra ilk dəfə “Xarıbülbül” musiqi festivalı keçirildi: “Müxtəlif illərdə Şuşada lentə alınan azərbaycanlı korifeylərdən Bülbül, Seyid Şuşinski, Xan Şuşinski, Rəşid Behbudov və Şövkət Ələkbərovanın ifaları ilə videoların nümayiş olunması məni çox duyğulandırdı... Bütün dünya gördü ki, Şuşanın əsl sahibləri geri qayıdıb. Şuşa Azərbaycanımızın mədəniyyət paytaxtıdır. Şuşa Azərbaycandır! Qarabağ Azərbaycandır!”
"Nazirlər Kabineti yanında Operativ Qərargahla apardığımız konstruktiv danışıqlar nəticəsində oktyabrın birindən teatr, kinoteatr və konsert zalları açılacaq".
Report xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov jurnalistlərə açıqlamasında deyib.
"Amma burada müəyyən şərtlər var. Belə ki, pandemiya qaydalarına riayət etməliyik, yəni, zallar 50 faizdən çox doldurulmamalı, COVID pasportu ilə giriş və zalların dezinfeksiya edilməsi təmin olunmalıdır. Mədəniyyət Nazirliyi məsələyə ciddi nəzarət edəcək ki, bu qaydalara əməl olunsun. Nəticə etibarilə insanların virusa yolxumasına səbəb yaranmasın", - nazir bildirib.