Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Tarixi mənbə və nümunələr əsasında hazırlanan milli geyimlərə baxış keçirilib
    Geyim mədəniyyəti maddi mədəniyyətin ən mühüm sahələrindən biridir. Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə “İnkişaf Korporasiyası” QSC tərəfindən tarixi mənbə və nümunələr əsasında müvafiq araşdırmalar aparılmaqla Azərbaycan milli geyim standartları hazırlanıb. Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev və “İnkişaf Korporasiyası”nın icraçı direktoru Vüsal Qasımov hazırlanan milli geyim standartları ilə tanış olublar.   Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev bildirib ki, zəngin tarixə malik olan, XX əsrin əvvəllərinə qədər böyük bir inkişaf yolu keçmiş milli geyimlərimiz dövrün və siyasi quruluşun dəyişməsi, Avropa mədəniyyətinin məişətimizə sirayət etməyə başlaması ilə tarixə qovuşaraq indi əsasən muzey kolleksiyalarında saxlanılır. Son dövrlər etnodəbin gündəmə gəlməsi ilə aktuallaşan milli geyimlərimiz əksər hallarda öz orijinal formasından tamamilə fərqli əlavə və dəyişikliklərə məruz qalır. Bu isə çox mənfi bir tendensiya olmaqla, gənclərin milli geyimlərlə bağlı yanlış məlumatlanmasına gətirib çıxarır, eyni zamanda hər an maddi-mənəvi dəyərlərimizi mənimsəməyə hazır olan qonşular üçün fürsət verir. Odur ki, maddi mədəniyyətin ən mühüm atributlarından biri olan milli geyimlərin yad əllərə düşməsinin, başqa millətlər tərəfindən özününküləşdirilməsinin qarşısını almaq üçün onun düzgün öyrənilməsi və təbliği çox vacibdir.  Sonda qeyd olunub ki, geyim mədəniyyətimiz dünyaya səs salan xalçalarımız və muğam sənətimiz qədər zəngin və qədimdir, türk xalqlarının dünya mədəniyyətinə bəxş etdiyi böyük töhfələrdəndir. Bu sərvətlərlə fəxr etmək mənəvi haqqımız, onu öyrənib-öyrətmək, gələcək nəsillərə sağlam və toxunulmaz şəkildə ötürmək isə borcumuzdur.
  • Azərbaycan Beynəlxalq Kitab Sərgi-Yarmarkasında iştirak edir
    24 sentyabr 2021-ci il tarixində Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində Ekspo Mərkəzində 34-cü Moskva Beynəlxalq Kitab Sərgi-Yarmarkasının açılışı olub. Sərgidə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli, əməkdaşlar İslam Hüseynov və Kamran Musayev iştirak edirlər. 10 ölkədən artıq və 200-dən çox nəşriyyatların iştirak etdiyi sərgi cari ilin 27 sentyabr tarixində başa çatacaqdır. Sözügedən tədbirdə Azərbaycan mədəniyyətini, ədəbiyyatını, incəsənətini, tarixini və coğrafiyasını əks etdirən kitablar sərgilənir. Sərginin ötənilki sərgilərdən fərqi oxucuların daha çox Qarabağla bağlı kitablara diqqət yetirməsi olub. Digər maraqlı məqam isə artıq neçə illərdir ki, Ermənistan stendində sərgilənən və erməni mifologiyasını təbliğ edən Qarabağla bağlı kitablara rast gəlinmir. Müzəffər Azərbaycan Ordusunun döyüş meydanında tarixi ədaləti bərpa etməsi dünya oxucusunun Qarabağa olan marağının daha da artırmasına vüsət yaratmışdır. Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi altında Ordumuzun Qarabağı Ermənistan işğalından azad etməsindən sonra dünya ictimaiyyətinin, dünya oxucusunun Qarabağa marağı daha da artdığı açıq şəkildə hiss olunur. Bundan başqa ölkə rəhbərinin Nizami Gəncəvi ili elan etməsi və bu qəbildən yerli və beynəlxalq tədbirlərin keçirilməsi nəticəsində xarici gənc oxucuların Nizami haqqında yeni nəşrlərlə maraqlanması da ürəkaçan bir hadisədir. Bu da öz növbəsində Azərbaycan mədəniyyətinin dünyaya daha da tanıdılması üçün uğurlu təbliğat vasitəsidir.
  • “Üzeyir Hacıbəyliyə ithaf” beynəlxalq müsabiqəsinin yekun konserti keçirilib
    Beynəlxalq Muğam Mərkəzində ABŞ-da təşkil edilən“Üzeyir Hacıbəyliyə ithaf” beynəlxalq müsabiqəsinin yekun konserti baş tutub. Tədbirdə Mədəniyyət naziri Anar Kərimov, Türkiyənin Azərbaycandakı səfirinin müavini Barış Sayqın, Kolumbiyanın Azərbaycandakı səfiri, İsrailin Azərbaycandakı səfirinin müavini, Qazaxıstanın və Britaniyanın Azərbaycandakı səfirliyinin nümayəndələri iştirak ediblər. Konserti ön sözlə açıq elan edən əməkdar artist Nərgiz Əliyarova müsabiqənin tarixindən bəhs edib.Proqramda yer alan əsərlər barədə məlumat verib. Müsabiqənin münsiflər heyətinin sədri, Xalq artisti Firəngiz Əlizadə müsabiqədəki əsərləri böyük sevgi ilə ərsəyə gətirdiyini bildirib. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov komitə adından təşkilatçılara təşəkkürünü bildirib. Prezidentin tapşırığı ilə xaricdə yaşayan soydaşlarımıza dəstək göstərildiyini xüsusi vurğulayıb. Mədəniyyət sahəsində təbliğ olunan istiqamətlərdən, onların həyata keçirilməsində bir neçə qurumun əməyinin vacibliyindən danışıb.. Türkiyənin Azərbaycandakı səfirinin müavini Barış Sayqın çıxışında tarixi zəfərimizin ardından baş tutan bu gözəl tədbirdə iştirak etməkdən məmnunluq duyduğunu qeyd edib. Tədbirdə Paris, İsrail, Kolumbiya, Türkiyə, Qazaxıstan, Britaniya, eləcə də azərbaycanlı laureat və diplomantlara mükafatlar təqdim olunub. Azərbaycan Dövlət Simli Kvarteti, Azərbaycan Dövlət Fortepiano Triosu, “cadeNZa” ansamblı, Nərgiz Əliyarova (piano), Gülnaz İsmayılova (vokal) və digər musiqiçilərin ifasında Üzeyir Hacıbəylinin və müsabiqə qaliblərinin əsərləri səslənib.  
  • “Mədəniyyət/Culture” jurnalının yeni sayı işıq üzü görüb
     “Mədəniyyət/Culture” jurnalının  növbəti sayı yenə də həmişəki kimi maraqlı məzmunu və  baxımlı siması ilə oxucuların görüşünə gəlib. Jurnalın nəfis şəkildə süslənmiş üz qabığı və forzası  xalqımızın ölkənin Birinci xanımına olan olan sevgi  və sayğısını, Mehriban xanımın  həyat yolunu,”MEHRİBANlı dünyamızı”  ehtiva edən fotoşəkillərlə ifadə edir. Oxucular mündəricat üzrə jurnalı vərəqlədikcə 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsini fəth edən mədəniyyət xadimləri haqqında “Mədəniyyətdən əbədiyyətə”, o müharibədən qalib döyüşçü kimi evə dönmüş mədəniyyət xadimləri haqqında isə “Səhnədən hərb meydanına” layihələrində məlumatlana biləcəklər. “Gözəlliklər şairinin sevinən ruhu” sərlövhəli məqalə və fotokollaj 39 illik tarixi olan Vaqif Poeziya Günlərinin 29 ildən sonra yeni həyat qazanmasını əks etdirir. “Nizami – 880” rubrikası “Nizami Gəncəvi poeziyasının Şərq qaynaqları”, «Редкие сюжеты «Хамсе» Низами» və “Elmdir cövhəri kəhkəşanların” məqalələrindən ibarətdir. “Türkün Yunus Əmrəsi” məqaləsi 2021-ci ilin Türkiyədə “Yunus Əmrə İli” elan edilməsinə “Mədəniyyət/Culture” jurnalının layiqli töhfəsidir. “Ədəbiyyat” bölümünün “Söz sultanının sarsılmayan səltənəti” adlı daha bir məqaləsi Cənubi Azərbaycanda yaşayıb-yaratmış sevimli şairimiz Məhəmmədhüseyn Şəhriyarın oğlu Hadi Behcətlə şairin Təbrizdəki ev-muzeyinə “səyahət” və varislə müsahibəni təqdim edir.  Bu bölümü görkəmli dilçi-alim Əbdüləzəl Dəmirçizadə haqqında qələmə alınmış “Dəmirçizadə dühası” və ədəbiyyatımızın sütunlarından biri Abdulla Şaiqdən bəhs edən “Milli ruh və mənəviyyatımıza işıq salan Şaiq” məqalələri tamamlayır. “Musiqi” bölümü “Barrel Jazz Nights – 2021” silsilə konsertlərinin ritmlərinin sözlə ifadəsidir. “3 Vaqif və Villis Konover” essesi caz mövzusunun orijinal davamıdır. “Teatr” bölümündə bu dəfə də Jan-Lui Barronun “Teatr haqqında düşüncələr” kitabının dilimizə tərcüməsinin davamı ilə tanış ola biləcəksiniz. “Kino” bölümü 44 günlük Vətən müharibəsinin sənədli kino ifadəsi olan 44 dəqiqəlik “BİZ” filminə həsr edilib. “Portret” bölümü musiqiçilərimizə həsr olunaraq “Zəriflik və səmimiyyət harmoniyası – xalq artisti Zəhra Quliyeva” məqaləsindən və “Musiqişünaslığa xidmətlə zinətlənən ömür” başlıqlı İmruz Əfəndiyeva ilə müsahibədən ibarətdir. Hər dəfə olduğu kimi bu dəfə də  jurnalı ədəbiyyat və incəsənətin müxtəlif sahələrini təhlil edən  elmi məqalələr yekunlaşdırır.
  • Heykəltəraşlıq abidələrinin, xatirə-memorial və memarlıq komplekslərinin ucaldılması və demontajı ilə bağlı Mədəniyyət Nazirliyinin məlumatı
    Heykəllər, büst və barelyeflər qədim zamanlardan günümüzə kimi həyatımızda mövcud olan mühüm sənət nümunələridir. Dünya şəhərsalma və memarlığında tarix boyu bu sənət nümunələrinin rolu böyük əhəmiyyət kəsb edib. Əksər hallarda açıq havada, böyük şəhərlərin meydanlarında, bağlarda, bəzən isə ictimai binaların daxilində mühüm tarixi hadisələrin, siyasi xadimlərin, sərkərdələrin, mütəfəkkirlərin, yazıçıların, xalqın rəğbətini və hörmətini qazanmış şəxsiyyətlərin şərəfinə möhtəşəm monumental heykəltəraşlıq abidələri ucaldılır. Ucaldılan hər bir monumental əsər vətəndaşlarımızla yanaşı, həm də ölkəmizə səfər edən xarici qonaqlar və turistlərdə də ölkəmiz haqqında fikir formalaşdırır. Bu səbəbdən ölkə ərazisində hər bir abidənin bədii, elmi əhəmiyyəti, onun konsepsiyası, insanlarda yaratdığı təəssürat və s. cəhətləri nəzərə alınaraq ucaldılmalıdır. Lakin son zamanlar ölkə ərazisində ictimai və tarixi məkanlarda aidiyyəti qurumlarla razılaşdırılmadan müxtəlif abidə, heykəl, büst və barelyeflərin quraşdırılması hallarına təsadüf edilir. Estetik görünüşü və bədii konsepsiyası əksər hallarda yerləşdiyi ərazinin memarlıq görkəminə uyğun gəlməyən həmin abidələr ictimaiyyət tərəfindən birmənalı qarşılanmır. Abidələrin ümumi görünüşünün qorunub saxlanılması məqsədləri üçün 2009-cu ildən etibarən Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Mədəniyyət Nazirliyi  tərəfindən yaradılmış heykəltəraşlıq abidələrinin, xatirə-memorial və memarlıq komplekslərinin ucaldılması və demontajı üzrə aidiyyəti dövlət orqanlarının nümayəndələrindən ibarət ekspert Komissiyası fəaliyyət göstərir. Bununla əlaqədar bildiririk ki, ictimai yerlərdə monumental abidələrin (heykəl, büst, barelyeflərin) ucaldılması və demontajı ilə bağlı layihələr bu sahədə peşəkar mütəxəssislər tərəfindən bədii və elmi cəhətdən qiymətləndirildikdən sonra  Komissiyanın  müvafiq rəyinə uyğun olaraq həyata keçirilməlidir.
  • Milli İncəsənət Muzeyində fortepiano musiqisi axşamı keçirilib
    XIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycan Milli İncəsənət Muzeyində istedadlı gənc pianoçu Vurğun Vəkilovun iştirakilə fortepiano musiqisi axşamı baş tutub. Vurğun Vəkilov 1998-ci ildə anadan olub. Bülbül adına orta ixtisas musiqi məktəbinin və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunudur. Bir çox beynəlxalq və respublika  müsabiqələrinin, o cümlədən VIII Beynəlxalq “Citta di Pesaro” müsabiqəsində (İtaliya, Pesaro, 2011), Adilə Əliyeva adına pianoçuların X Beynəlxalq müsabiqəsinin (Fransa, Annemas, 2016) laureatı olub. 2017-cı ildən etibarən təhsilini Fransanın Paris şəhərində yerləşən “Ecole Normale de Musique de Paris-Alfred Cortot” Musiqi Akademiyasında, Rena Şereşevskayanın sinfində davam etdirir.  Azərbaycan Dövlət Milli İncəsənət Muzeyində  keçirilən fortepiano musiqi axşamında  V.Vəkilovun həzin və romantik ifasında Modest Musorqskinin “Sərgidən şəkillər” silsiləsi, Friderik Şopenin valsları, Sergey Prokofyevin 4 saylı sonatası, Qara Qarayevin prelüdləri səsləndi.  
  • Ağdamda konsert təşkil olunub
    Üzeyir Hacıbəyli adına XIII Beynəlxalq Musiqi Festivalının 6-cı günü Dövlət Rəqs Ansamblı ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin iştirakı ilə Ağdam rayonunun Quzanlı qəsəbəsində konsert keçirildi.  Ağdam Muğam Mərkəzində baş tutan tədbirdə Ağdam rayon İcra hakimiyyətinin başçısı Vaqif Həsənov, Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəisi Qalib Həsənov, Mədəniyyət Nazirliyinin Musiqi sektorunun müdiri Vüqar  Hümbətov, musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar müəllim Xatirə Həsənzadə iştirak edərək, Azərbaycan musiqi mədəniyyətinin dahi simalarından olan, klassik musiqi və bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəylinin həyat və yaradıcılıq yolundan, musiqi mədəniyyəti tariximizə verdiyi əvəzsiz töhfələrdən söz açdılar. Təntənəli konsert proqramı milli-xalq və bəstəkarlarımızın əsərlərindən ibarət rəngarəng ifalarla yadda qaldı.  Konsertin iştirakçıları  Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı (baletmeyster Əməkdar artist Ceyhun Qubadov) və baş dirijor, respublikanın Xalq artisti Ağaverdi  Paşayevin idarə etdiyi Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri idi. Milli musiqimizin “Uzundərə”, “Naz eləmə”, “Yallı” xalq rəqsləri, “Qarabağ şikəstəsi”, “Evləri var xana-xana” xalq mahnısı kimi inciləri ilə yanaşı, klassik bəstəkarlarımızın müxtəlif janrlı əsərlərinin xalq çalğı alətləri orkestri üçün işləmələri, eləcə də ənənəvi musiqi sənət nümunələri ifa edildi. Ü.Hacıbəylinin “Cəngi” miniatürü, “Bayram süitası”, “Leyli və Məcnun” operasından kompozisiya, “Arşın mal alan” musiqili komediyasından Vəli ilə Tellinin dueti, Müslüm Maqomayevin, Niyazinin, F.Əmirovun, Vasif Adıgözəlovun, Cahangir Cahangirovun, Süleyman Ələsgərovun əsərlərini tamaşaçılar zövqlə izlədilər.  Tanınmış  solist ifaçılar və  xanəndələr  İlkin Əhmədov, Rəvanə Əmiraslanlı, Almaz  Orucova, Fəxri Kazım Nicat, klassik müğənnilərdən soprano Nərgiz Kərimova, tenor Taleh Yəhyayev və başqaları mahir ifaları alqışla qarşılandı.  
  • Azərbaycan ilə Macarıstan arasında arxiv işi sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb

    Azərbaycanın Milli Arxiv İdarəsi ilə Macarıstanın Milli Arxiv İdarəsi arasında arxiv işi sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb.

    Milli Arxiv İdarəsindən AZƏRTAC-a bildirilib ki, saziş BMT Baş Assambleyasının 76-ci sessiyası çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Macarıstanın xarici işlər naziri Peter Siyarto ilə görüşü zamanı imzalanıb.

    Sözügedən saziş tərəflərin arxiv işi sahəsində qarşılıqlı əməkdaşlıq əlaqələrinin yaradılmasını və təşviq edilməsini, arxiv işi sahəsində təcrübə, mütəxəssis və sənədlərin surətlərinin mübadiləsini, arxiv fondlarının zənginləşdirilməsini, onların elmi-praktiki istifadəsini, sərgilərin təşkili, rəqəmsal layihələrin hazırlanmasını, siyahılar, məlumat kitabları, kataloqlar, sənəd məcmuələri kimi materialları, habelə başqa xüsusi ədəbiyyatların mübadiləsini nəzərdə tutur.

  • “Nizami Gəncəvi: Şair və Müdrik” kitabının təqdimatı keçirilib

    Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT-nin Baş Assambleyası çərçivəsində “Nizami Gəncəvi: Şair və Müdrik” kitabının təqdimatını keçirib.

    AZƏRTAC xəbər verir ki, təqdimatda BMT Sivilizasiyalararası Alyansının ali nümayəndəsi Migel Moratinos, Ərəb Liqasının sabiq Baş katibi Amre Moussa, İsrailin sabiq xarici işlər naziri Tzipi Livni, Bosniya və Herseqovinanın sabiq Prezidenti Mladen İvanic, bu ölkənin sabiq Baş naziri Zlatko Lagumdzija, Xorvatiyanın sabiq Prezidenti xanım Kolinda Qrabar Kitaroviç, Bolqarıstanın sabiq Prezidenti Petar Stoyanov, o cümlədən beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

    Kitab Azərbaycan Respublikası Prezidentinin bu ilin Nizami Gəncəvinin 880 illiyinin qeyd olunması ilə bağlı Sərəncamından irəli gələrək Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Dünya Bankının sabiq vitse-prezidenti İsmayıl Seragəldin tərəfindən çap olunub. Nəşrdə əksini tapan illüstrasiyalar dünyanın tanınmış Metropoliten Muzeyi tərəfindən təmin edilib.

  • Azərbaycan Milli İncəsənət Muzeyində istedadlı pianoçu Vurğun Vəkilovun konserti olub

    Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalı davam edir. Sentyabrın 23-də festival çərçivəsində Azərbaycan Milli İncəsənət Muzeyində istedadlı pianoçu, Xalq şairi Səməd Vurğunun nəticəsi, “École normale de musique de Paris-Alfred-Cortot” ali musiqi məktəbinin tələbəsi Vurğun Vəkilovun konserti olub.

    AZƏRTAC xəbər verir ki, konsertdə klassik musiqinin şah əsərləri səslənib. Pianoçunun çıxışı böyük maraqla qarşılanıb.

    Qeyd edək ki, V.Vəkilov 2004-cü ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin birinci sinfinə gedib. İstedadlı pianoçu 2008-ci ildə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 85 illiyinə həsr olunan Gənc İfaçıların Birinci Respublika Müsabiqəsinin qalibi olub. V.Vəkilov ölkəmizi İtaliya, Yaponiya, Rusiya, Bolqarıstan, Koreya Respublikası, Çin və digər ölkələrdə keçirilən müsabiqələrdə də təmsil edib. Onun adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na daxil edilib.