Qırğızıstanda Beynəlxalq Dünya Eposlarının VI festivalının açılış mərasimi olub.
AZƏRTAC Qırğızıstanın Mədəniyyət, İnformasiya, İdman və Gənclər Siyasəti Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, tanınmış qırğız şairi, akını və dastançısı Toqolok Moldunun anadan olmasının 160 illiyinə həsr edilən festivala dünyanın 20 ölkəsindən nümayəndələr qatılıb.
Tədbirdə ölkəmizi kulturoloq Əbülfəz Babazadə təmsil edir. Sentyabrın 25-dək davam edəcək festivalda müxtəlif xalqların milli oyunları, konsertlər keçiriləcək. Festival çərçivəsində “Dünya xalqlarının epik ənənələri” və “Manas” eposu dünya mədəniyyətində: elm, incəsənət, ədəbiyyat” mövzularında simpoziumlar da olacaq.
Sentyabrın 23-də Müasir İncəsənət Muzeyində gənc rəssam Raminə Saadatxanın “Xaosun enerjisi” adlı rəsm sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, sərginin açılışından əvvəl sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Şamilli çıxış edərək rəssamın yaradıcılığı və sərgi haqqında təəssüratlarını bölüşüb.
Sərgidə rəssamın son üç ildə ərsəyə gətirdiyi 50-yə yaxın rəsm əsərinin nümayiş olunduğunu deyən E.Şamilli, Raminə Saadatxanın öz dəst-xətində universal müəllif yanaşmasını formalaşdıran bir rəssam olduğunu qeyd edib.
“Sərgidə rəssamın əsərləri təsviri sənətin müasirliyindən danışır. Rəssamın əsərləri müasir dünyaya mifləri yükləyir və zamandan asılı olmayaraq insan arxitipləri və simvollarını təsvir edir. Təsviri dilə diqqət yetirsək görərik ki, bu əsərlərdə fon yoxdur. Bütün kompozisiya fiqurlardan ibarətdir. Bu prinsiplər min illər boyu türk dünyasının xalçalarında işlənilib. O xalçaların hamısında abstrakt elementlər var. Raminə Saadatxanın yaradıcılığında qədim və müasir dünya forma və məzmun cəhətdən maraqlı şəkildə qarşılaşıb”, - deyə E.Şamilli vurğulayıb.
Rəssam tədbirin təşkilində əməyi keçən hər kəsə təşəkkür edib.
Sonra qonaqlar sərgi ilə tanış olublar.
Sərgidə nümayiş olunan əsərlərdə rəssam müxtəlif estetika və üslubları birləşdirərək, abstrakt ekspressionizm elementləri ilə kollaj pop sənəti üsullarından istifadə edərək formalar yaradıb. İstifadə etdiyi rənglər isə onun əsərlərinə əlavə şərh qatır və ya əksinə, görüntünü şifrələyir. Bu müasir dövrlə, mif və ekzotik aləmlərlə rezonans yaradır. İncil təsvirlərinə istinad edən Raminə, nəticədə ümumiləşdirmə tələb edən bəzi formalar yaratmaq üçün özünütəhlilə üz tutur.
Raminə Saadatxanın vizual oriyentasiyasının təsiri başqadır – formaların hərfi sadəliyi ilə deyil, əksinə, təsviri quruluşların ağlasığmaz mürəkkəbliyinin nümayişi ilə – təmiz abstraksiyadan tutmuş fiqurativ “sadəlövhlüyə” qədər fərqlənir. Onun əsərləri qədim Azərbaycan xalçaları və orta əsr miniatür rəsmləri ilə formaların düzülüşü, rəng kompozisiyaları və ecazkar mühitin ötürülməsi üsulları ilə müəyyən əlaqəyə malikdir.
Sərginin ekspozisiyasında, həmçinin Raminə Saadatxanın əsərlərindən ibarət məşhur Azərbaycan musiqiçisi İsfar Sarabskinin oranjiman etdiyi “Le vent nous portera” kompozisiyanın əsasında rejissor Samir Kərimoğlunun hazırladığı videoart nümayiş olunur.
Sərgi oktyabrın 24-dək ziyarətçilər üçün açıq qalacaq.
Bu günlərdə Bakı Dövlət Universitetinin professoru, yazıçı Vaqif Sultanlının “Kül qəfəs” (“Пепельная клетка”) adlı kitabı Rusiyada nəşr olunub.
AZƏRTAC xəbər verir ki, Sankt-Peterburqun “Super” nəşriyyatında yayımlanan kitaba müəllifin müxtəlif dönəmlərdə yazıb mətbuatda və antoloji toplularda dərc etdirdiyi “Zolaqlı yuva”, “Tərs axın”, “Ağ yol”, “Qütb gecəsi”, “Nəvai-Qumru”, “Kor düyün”, “Axşam günəşi”, “Ada”, “Yad”, “İlan əfsanəsi” və başqa hekayələri daxil edilib. Tanınmış yazar və tərcüməçi İnessa Lovkovanın redaktorluğu ilə nəşr olunan hekayələri rus dilinə Natəvan Xəlilova, Mədinə Eldarova, Nadir Ağasıyev, Liliya Gərayzadə və Cavid Abbaslı çeviriblər.
Kitaba daxil edilən hekayələrin əsas mövzusu çağdaş cəmiyyətin mənəviyyatına yoluxmuş özgələşmə, yaddaşsızlaşma, biganələşmə, mənəvi aşınma kimi ciddi sosial və əxlaqi sorunlara söykənir. Real və şərti-metaforik üslubun qovuşuğunda qələmə alınan yazılarda müəllif mənsub olduğu ictimai mühitin əsirinə çevrilən insanların düşüncə, həyəcan, sarsıntı və qayğılarını əks etdirməyə çalışmışdır.
Qeyd edək ki, “Kül qəfəs” Vaqif Sultanlının rusdilli oxuculara təqdim olunan ilk kitabı deyildir. Bundan öncə müəllifin “Yarpaqsız budaqların yaşıl nəğməsi” (2017), “Ölüm yuxusu” (2018), “Səhra savaşı” (2019) kitabları müxtəlif nəşriyyatlarda yayımlanmışdır.
Kitabı ozon.ru, litres ru, amazon com və başqa saytlardan əldə etmək olar.
Bülbülün Şuşadakı ev muzeyinə yeni direktor təyin olunub.
Report xəbər verir ki, bu barədə mədəniyyət naziri Anar Kərimov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, vəzifəyə telejurnalist Fəxrəddin Hacıbəyli gətirilib.
Qeyd edək ki, işğal dövründə erməni vandalizminə məruz qalan ev muzeyinin bu ilin avqustun 29-da bərpa işlərindən sonra açılışı olub. Açılış mərasimində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər.
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın ideyası ilə ərsəyə gələn “Qarabağ dastanı, otuz ilin həsrəti – 44 günün Zəfəri” kitabında Cəbrayıl haqqında xatirə və düşüncələrimi, Cəbrayılın özəllikləri, Qarabağın işğalı və indiki qələbəmizin əhəmiyyəti ilə bağlı xatirə-esse yazısı ilə çıxış etmişəm.
AZƏRTAC xəbər verir ki, bu sözləri Əməkdar incəsənət xadimi, tanınmış yazıçı Elçin Hüseynbəyli Bakı Kitab Mərkəzində “Qarabağ dastanı, otuz ilin həsrəti – 44 günün Zəfəri” kitabının təqdimatı zamanı deyib.
“Xiffət, lənət və sevgi” adlı yazısında Cəbrayılın etnoqrafik həyatı, uşaqlıqda gördüyü və indiki Cəbrayılın bütün özəlliklərinin əks olunduğunu söyləyən Elçin Hüseynbəyli deyib: “Yazıda Qarabağın gələcəyi haqqında düşüncələrim də yer alıb. Bu kitab təkcə Cəbrayılla bağlı deyil, eyni zamanda, işğaldan azad olmuş bütün torpaqlarımız haqqındadır. Kitabda oxucular, ötən əsrin 80-ci illərində Şuşada olmuş Anar, Elçin və digər yazıçıların xatirələri ilə tanış ola bilər. Kitabda həmçinin Qarabağda doğulub boya-başa çatan şairlərinin əsərləri də yer alıb. Bütün bunlar əlbəttə ki, oxucular üçün maraqlıdır. Mən deyərdim ki, bu kitab dövrün mənzərəsini əks etdirən poetik bir ensiklopediyadır. Düşünürəm ki, kitab olduqca dəyərlidir, hətta orta məktəblərdə də tədris oluna bilər. Kitabxanalara gələn oxucular da bu yeni nəşrdən Qarabağla bağlı istədikləri məlumatı əldə edə bilərlər”.
Qeyd edək ki, “Təhsil” nəşriyyatında çap edilən, geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş 528 səhifəlik kitabın ideya müəllifi Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, “Ön söz” müəllifi və redaktoru isə Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məciddir.
Kitabın üz qabığındakı “Cıdır düzündə Azərbaycan bayrağı” rəsmi Xalq rəssamı Sakit Məmmədova məxsusdur.
Azərbaycan Milli Xalça Muzeyində rəssam Çingiz Babayevin əsərlərindən ibarət “Xalça sənəti – mənaların təkamülü” adlı sərgi açılıb.
AZƏRTAC xəbər verir ki, muzeyin direktoru Şirin Məlikova tədbirin əhəmiyyətindən danışıb: “Biz artıq bu gözəl ənənələri bərpa edirik. Bu gün çox gözəl bir sərginin açılışına toplaşmışıq. 2010-cu ildə UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi İrsi üzrə Reprezentativ Siyahısına daxil edilmiş Azərbaycan xalçaçılıq sənəti günüm üzdə davamlı olaraq yeni yanaşmalarla zənginləşsə də, qədim ənənələrini itirmədən inkişaf edir. Müasir rəssamlar qədim sənətkarlığı yeni yollarla inkişaf etdirərək əsərlər yaradırlar. Azərbaycan xalçaçılıq ənənələrini təhrif etmədən, müasir sənət nümunələri yaradaraq interpretasiya edir. Beləliklə, klassik əsərlər yeni, müəllif xalçaları ilə qarşı-qarşıya qoyulur, bununla da məsafələri və zamanı qət edərək onlarla dialoqa girir”.
Bu sərgini Tatarıstan Respublikasının paytaxtında Kazan şəhərində 2 ay əvvəl açdıqlarını bildirən Milli Xalça Muzeyinin direktoru diqqətə çatdırıb ki, bu, Azərbaycan xalçaçılığına, onun ənənələrinə və müasir təcəssümünə həsr olunmuş ilk genişmiqyaslı ekspozisiya olub. Nümayiş olunan bu sərgi tamaşaçılar tərəfindən böyük diqqət və maraqla qarşılanıb: “Biz çox şadıq ki, bu gözəl əsərləri hazırda muzeyimizdə də görmək mümkündür”.
Tədbirdə çıxış edən Azərbaycan Dövlət rəssamlıq Akademiyasının professoru, Əməkdar rəssam, Milli Xalça Muzeyinin əməkdaşı Məmmədhüseyn Hüseynov, Bakı İncəsənət Mərkəzinin rəhbəri Rafael Gülməmmədli sərgidə təqdim olunan ənənəvi Azərbaycan xalçalarını şəxsi yaradıcı təxəllüsü ilə hazırlayan tanınmış rəssam Çingiz Babayeva, sərginin təşkilatçıları və iştirakçılarına təşəkkürlərini bildiriblər.
Vurğulanıb ki, Azərbaycan xalçalarının ən dolğun kolleksiyasına malik, dünyanın ilk xalça muzeyi olan Azərbaycan Milli Xalça Muzeyi XIX əsrin sonu–XX əsrin əvvəllərində toxunmuş ecazkar klassik xalça nümunələrini nümayiş etdirir. Onların hər biri ornament, rəng tərtibatı və texniki xüsusiyyətlərinə görə müxtəlif regional ənənələri əks etdirən nümunələrdir.
Sərgidə Çingiz Babayevin yaradıcılıq prosesinin sirlərindən, ənənəvi xalçanın fəlsəfəsindən və müasir yozumundan bəhs edən sənədli film nümayiş olunub.
Qeyd edək ki, “Xalça sənəti – mənaların təkamülü” sərgisi oktyabrın 17-dək davam edəcək.
Mədəniyyət Nazirliyinin dəstəyi ilə Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Azərbaycan Opera İnciləri” filmi təqdim edilib.
Bu barədə Report Mədəniyyət Nazirliyinə istinadən xəbər verir.
Filmin ideya müəllifi Əməkdar artist, Heydər Əliyev Sarayının direktoru Ramil Qasımovdur.
“Azərbaycan Opera İnciləri” filmi Şuşanın Mədəniyyət paytaxtı elan edilməsinə, həmçinin, zəngin tarixi olan opera teatrımızın şanlı fəaliyyətinə həsr edilib.
Filmdə Üzeyir Hacıbəylinin “Koroğlu”, Əfrasiyab Bədəlbəylinin “Nizami”, Müslüm Maqomayevin “Nərgiz”, Reinhold Glierin “Şaxsənəm”, Fikrət Əmirovun “Sevil” və Ramiz Mustafayevin “Vaqif” operalarından əsərlər təqdim edilib.