Fevralın 6-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi Xalq artisti Firəngiz Şərifovanın 100 illiyi münasibətilə aktrisanın məzarını ziyarət ediblər.
Teatrdan AZƏRTAC-a bildirilib ki, ziyarət zamanı mədəniyyət nazirliyinin müşaviri Oleq Əmirbəyov, teatrın quruluşçu rejissoru Nicat Kazımov, teatrın aktrisası Əməkdar artist Şəfəq Əliyeva, eləcə də Firəngiz Şərifovanın ailə üzvləri Xalq artistinin həyat və yaradıcılığı haqqında fikirlərini bölüşüb, onun keçdiyi sənət yoluna nəzər salıblar.
Bildirilib ki, Firəngiz Şərifova 2014-cü il, fevralın 20-də 90 yaşında vəfat edib. O, 1960-cı ildən ömrünün sonunadək Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktrisa kimi fəaliyyət göstərib. Fəaliyyəti dövründə bir-birindən maraqlı, yaddaqalan rollar ifa etməklə tamaşaçıların dərin məhəbbətini qazanıb.
Teatr sənəti sahəsindəki xidmətlərinə görə aktrisa 1960-cı ildə Əməkdar artisti, 1969-cu ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb.
Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) dəstəyi ilə Beynəlxalq Muğam Mərkəzində Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi tərəfindən Qara Qarayevin və Fərəc Qarayevin yaradıcılıqlarına həsr olunmuş “Bir məhəllədən iki oğlan” adlı musiqi gecəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Xalq artisti, bəstəkar, professor Ülviyyə Hacıbəyovanın və bəstəkar, Bakı Musiqi Akademiyasının (BMA) dosenti Aliyyə Məmmədovanın sənətkarlar haqqında müsahibələri, görkəmli bəstəkarlar haqqında çəkilmiş filmlərdən parçalar və videoçarxlar nümayiş olunub.
Musiqi gecəsində məktəbin kamera ansamblı, simli kvinteti, xalq çalğı alətləri ansamblı, müəllim və şagirdləri bəstəkarın əsərlərini səsləndiriblər.
Mədəniyyət Nazirliyində Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Əməkdar memar Elbay Qasımzadəyə 2-ci dərəcəli “Əmək” ordeni təqdim olunub.
Bu barədə "Report"a nazirlikdən məlumat verilib.
Mədəniyyət naziri Adil Kərimli E.Qasımzadəyə yüksək dövlət təltifi münasibətilə təbriklərini çatdırıb. Qeyd olunub ki, Azərbaycanda memarlıq sahəsinin inkişafında onun mühüm xidmətləri var. Uzun illər paytaxtımızın baş memarı olmuş Elbay Qasımzadənin əməyi dövlətimiz tərəfindən həmişə yüksək qiymətləndirilib. O bundan əvvəl “Şöhrət” (2000) və “Şərəf” (2018) ordenləri ilə təltif edilib.
E.Qasımzadə fəaliyyətinə verilən böyük dəyərə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Sonda nazir dövlət təltifini memara təqdim edib, xatirə şəkli çəkdirilib.
Qeyd edək ki, tanınmış memar Prezident İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli sərəncamı ilə bu ordenə layiq görülüb.
Azərbaycan məhsullarının “Alibaba” elektron ticarət platformasında satışa çıxarılması məsələləri müzakirə olunub.
"Report" bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, nazirin I müavini Elnur Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Çinə səfər edib. Səfər çərçivəsində nümayəndə heyəti Çinin nəqliyyat vasitələri istehsal edən müəssisələrin rəhbərliyi ilə görüş keçirib, zavodların istehsal fəaliyyəti ilə tanış olub. Görüşlərdə ölkəmizin əlverişli biznes mühiti və investorlar üçün yaradılan imkanlar barədə məlumat verilib.
Qeyd olunub ki, enerji səmərəliliyinin artırılması, bərpa olunan enerji və bu sektora bağlı sənaye sahələrinin inkişafı ölkəmizin əsas prioritetləridir. Azərbaycanda bu sahədə ixtisaslaşmış müəssisələrin qurulması üçün geniş imkanlar var. Çin şirkətlərinin nümayəndələrinə ölkəmizdə “yaşıl” texnologiyaların tətbiqi, ekoloji təmiz nəqliyyat vasitələrindən istifadə sahəsində həyata keçirilən tədbirlər diqqətə çatdırılıb, biznes təşəbbüslər üçün geniş perspektivlərin olduğu vurğulanıb, Azərbaycanda birgə istehsal müəssisələrinin qurulması imkanları nəzərdən keçirilib.
Azərbaycan Çinin “Alibaba” şirkəti ilənin Qloballaşma Ofisinin rəhbərliyi ilə görüşdə Azərbaycan məhsullarının “Alibaba” elektron ticarət platformasında satışa çıxarılması məsələləri müzakirə olunub.
Azərbaycan nümayəndə heyəti həmçinin Pekin şəhərində yerli məhsullarımızın tanıdıldığı, “Made in Azerbaijan” brendinin nümayiş edildiyi Azərbaycan Ticarət Evində olub.
Azərbaycanda ən böyük yanacaqdoldurma şəbəkəsinə malik olan “Azpetrol” şirkəti strateji inkişaf planına uyğun olaraq, Şuşa şəhərində 6 fevral tarixində, sayca 103-cü modul tipli yanacaqdoldurma məntəqəsini istifadəyə verib.
Yeni yanacaqdoldurma məntəqəsində “Aİ-92”, “Aİ-95” və “Dizel” yanacaq növlərinin satışı həyata keçiriləcək.
Xatırladaq ki, “Azpetrol” şirkətin ilk yanacaqdoldurma məntəqəsi - “Spartak”, 1997-ci il iyulun 15-də Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, 1013-cü məhəllə ünvanında açılıb. Hazırda Şirkətin Azərbaycanın əksər iqtisadi zonalarını əhatə etməklə ən müasir avadanlıqlarla təchiz olunmuş 103 yanacaqdoldurma məntəqəsi (YDM), 1 maye qazdoldurma məntəqəsi (QDM), 4 CNG tipli (CNG) qazdoldurma postu (Sıxılmış təbii qaz), 4 LPG postu (Propan-Butan), 1 STQ tipli (CNG) terminalı və 20 elektromobillərin enerji ilə doldurulma postu fəaliyyət göstərir.
“Azpetrol” - Daim inkişafa doğru!
Azərbaycan Milli İncəsənət Muzeyində görkəmli ictimai-siyasi və dövlət xadimi Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyinə həsr olunmuş “M.Ə.Rəsulzadə irsi Azərbaycanın mədəni və ictimai fikir tarixində” adlı tədbir keçirilib.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Əməkdar rəssam Rais Rəsulzadə və tarix elmləri doktoru, professor Solmaz Rüstəmova – Tohidi əsas məruzəçi qismində çıxış ediblər.
M.Ə.Rəsulzadənin nəvəsi, onun ailə irsinin davamçısı olan Rais Rəsulzadə babası haqqında fikirlərini bölüşərək, eyni zamanda, tədbirdə nümayiş olunan muzeyin kolleksiyasına aid Xalq rəssamları Kamil Əliyev və Oqtay Sadıqzadənin M.Ə.Rəsulzadəyə həsr olunmuş portretlərindən bəhs edib.
Professor Solmaz Rüstəmova-Tohidi Azərbaycan xalqının istiqlal mübarizəsi və ictimai fikir tarixində M.Ə.Rəsulzadənin malik olduğu rol, zəngin həyat yolu, ictimai-siyasi, ədəbi fəaliyyəti haqqında geniş danışıb. O, eyni zamanda, yeni çapdan çıxmış “II Beynəlxalq Rəsulzadə qiraətləri” kitabını muzeyə hədiyyə edib.
Daha sonra tədbirdə iştirak edən tanınmış ziyalılar, M.Ə.Rəsulzadə irsinin Almaniya və İrandan olan tədqiqatçıları məruzələr ətrafında danışaraq müzakirələr aparıblar.
Azərbaycan Milli İncəsənət Muzeyində “Muzeydə kino” layihəsi çərçivəsində “Üfüqü ötənlər” filminin təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, tammetrajlı bədii-sənədli filmin rejissoru Şamil Nəcəfzadədir.
Ekran əsəri yaradıcılıqları və yaşadıqları tale ilə yaddaşlara həkk olunan beş avanqard rəssamın həyat hekayəsindən bəhs edir.
“Muzeydə kino” layihəsi hər həftənin şənbə və bazar günləri yenilənmiş proqramla izləyicilərin qarşısına çıxır.
Fevralın 9-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində “Cəhənnəm sakinləri” tamaşası növbəti dəfə nümayiş olunacaq.
AZƏRTAC xəbər verir ki, Xalq yazıçısı Elçin Əfəndiyevin eyniadlı pyesi əsasında hazırlanan səhnə əsərinin müəllifi, quruluşçu rejissoru və rəssamı mərhum sənətkar, Xalq artisti Azər Paşa Nemətov, rejissoru Anar Sadıqovdur.
Əsər tragikomediya janrında səhnələşib.
İki hissədən ibarət olan tamaşa1937-ci ildə milli fəlakət və faciə şəklində bütün ölkəni əhatə edən repressiya hadisələrindən bəhs edir. İnsanlara qarşı həyata keçirilən kütləvi təqib, mənəvi təzyiq ər və arvadı üz-üzə qoyur, onlar böyük qorxunun əsarəti altında satqına çevrilirlər. Günahlarını bir-birindən gizlətməyə çalışsalar da, günlərin birində evlərində peyda olan çağırılmamış qonaq (ər-arvada görə Şeytan) onların əsl mahiyyətini üzə çıxarır, qorxunun insan həyatında hansı faciələrə səbəb olduğunu göstərir.
Bu gün Azərbaycanda xanəndəlik məktəbinin görkəmli nümayəndəsi, milli musiqimizin koloritini, saflığını qorumuş, təəssübünü çəkmiş, bu xüsusiyyətləri gənc sənətçilərə ərməğan etmiş Əlibaba Məmmədovun doğum günüdür.
AZƏRTAC xəbər verir ki, anadan olmasının 94-cü ilində də Xalq artisti Əlibaba Məmmədovun xatirəsi xalqımız tərəfindən böyük hörmətlə anılır.
Azərbaycan mədəniyyətinin ən görkəmli nümayəndələrindən biri olan Əlibaba Məmmədov 1930-cu il fevralın 5-də Bakının Maştağa kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra o, 1956–1960-cı illərdə Asəf Zeynallı adına Bakı orta ixtisas musiqi məktəbində məşhur xanəndə Seyid Şuşinskinin sinfində musiqi təhsili alıb, mədəni irsimizin tükənməz xəzinəsi olan muğamın sirlərinə dərindən yiyələnib.
Əmək fəaliyyətinə 1940-cı illərin sonunda Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi başlayan Əlibaba Məmmədov 1968-ci ildə Azərbaycan Dövlət Filarmoniyasının nəzdində maestro Niyazinin təşəbbüsü ilə “Humayun” xalq çalğı alətləri ansamblını yaradıb və ömrünün sonunadək həmin ansambla rəhbərlik edib. Əlibaba Məmmədov bu ansamblın bədii rəhbəri və ilk solisti oldu. Bu ilkinlik ona böyük sənət uğurları bəxş edib. “Humayun” onun ifasında mükəmməllik qazanıb. Görkəmli sənətkar Hacı Məmmədov da bununla bağlı fikrini belə ifadə edib: “Seyiddən sonra Əlibaba kimi "Humayun"u oxuyan yoxdur... ” 1959-cu ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə iştirak edən Bülbül, Xan Şuşinski, Şövkət Ələkbərova, Sara Qədimova, Hacı Məmmədov kimi sənətkarlar arasında Əlibaba Məmmədov da var idi. O zaman onun oxuduğu "Bayatı Kürd" muğamı tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb. İlk dəfə sovet hökumətinin fəxri fərmanına da həmin il layiq görülüb. Sonra isə 1963-cü ildə Azərbaycanın Əməkdar artisti, ondan düz 26 il sonra – 1989-cu ildə Xalq artisti fəxri adlarını alıb.
Azərbaycan xanəndəlik məktəbinin layiqli davamçısı Əlibaba Məmmədov milli musiqi xəzinəsini daha da zənginləşdirən sənətkarlarımızdandır. O, hələ gənc yaşlarından Bakının və Abşeron kəndlərinin özünəməxsus muğam mühitində yetkin xanəndə olaraq formalaşıb, klassik muğam ənənələrinin qorunub saxlanmasını dolğun yaradıcılığının başlıca qayəsinə çevirib. Ustad xanəndənin xüsusi məharətlə ifa etdiyi “Rast”, “Şur”, “Bayatı-Şiraz”, “Rahab”, “Dəşti” və başqa muğam dəstgahları kamil sənət nümunələri səviyyəsinə yüksəlib və musiqi mədəniyyətimizin qızıl fondunda özünə həmişəlik yer tutub. Geniş repertuarı, məlahətli səsi və bənzərsiz ifa tərzi Əlibaba Məmmədova muğamsevərlərin böyük rəğbətini qazandırıb.
Əlibaba Məmmədov xanəndəlik fəaliyyəti ilə yanaşı, 1963-cü ildən etibarən yarım əsrdən artıq bir dövr ərzində indiki Bakı Musiqi Kollecində, Bülbül adına Orta İxtisas Musiqi Məktəbində və Azərbaycan Milli Konservatoriyasında dərs deyib, muğam sənətinin incəliklərini gənc ifaçılar nəslinə aşılayıb. Ustad xanəndənin yetirmələri müxtəlif beynəlxalq festivalların və müsabiqələrin qalibi adına layiq görülüb.
Əlibaba Məmmədov az sayda xanəndələrdəndir ki, musiqi mədəniyyətimizin inkişafına təkcə muğam və təsniflərin mahir ifaçısı kimi deyil, eyni zamanda, M.Füzuli, Ə.Vahid, M.Müşfiq, S.Rüstəm, B.Vahabzadə kimi şairlərin sözlərinə yazdığı və bu gün öz şöhrətini saxlayan mahnıları ilə də xalq sevgisinin zirvəsindədir. Əlibaba müəllim bəstəkarlıq iddiasında olmasa da bir qədər əvvəldə adlarını çəkdiyimiz şairlərin sözlərinə bir-birindən bənzərsiz, yaddaqalan, sevilən mahnılar bəstələyib. Belə mahnıların təkcə adlarını çəkmək kifayətdir ki, yaddaşına yazılan musiqini şirin-şirin zümzümə edəsən. “İnandır məni”, “Yaşa hələ”, “Mənim Azərbaycanım”, “Müxalif təsnifi”, “Şur təsnifi”, “Vətən yaxşıdır”... xanəndənin yaradıcılıq fəaliyyətində hər zaman məhəbbətlə xatırlanan, ifası arzulanan mükəmməl musiqi incilərindəndir.
Bir vaxt xalq mahnılarımızın, muğamlarımızın az qala unudulması, diqqətdən kənarda qalması bir sənətkar kimi Əlibaba Məmmədovu da narahat edirdi. Nə xoş ki, milli kimliyimizi, mənsubluğumuzu, xalqın ruhunu yaşadan bu sənət incilərinə yeni həyat verən oldu. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bu sənəti unudulmaqdan xilas etdi. Sənətkarlara, xüsusilə də Azərbaycan muğamlarına, xalq mahnılarına göstərdiyi diqqət ilk növbədə yaşlı sənətkarlarımızın, o cümlədən bu sənətin xiridarı Əlibaba Məmmədovun hədsiz sevincinə səbəb oldu. O zaman Əlibaba Məmmədovun söylədiyi bu fikirləri indi hamımız xatırlayırıq: “Bakıda muğam evinin tikiləcəyi xəbərini eşidəndə qulaqlarıma inanmadım. Ara-sıra toplaşdığımız guşələr, filarmoniyanın yanı, Sahil bağı yadıma düşdü. Şükür, nəhayət, bizim də bir yerdə əyləşib söhbətləşmək, sənət düşüncələrimizi bölüşmək üçün imkanımız və yerimiz olacaq”.
Milli musiqi mədəniyyətinin inkişafı sahəsində nailiyyətlərinə görə Əlibaba Məmmədov 2000-ci ildə Azərbaycan Respublikasının ali mükafatlarından olan “Şöhrət”, 2010-cu ildə “İstiqlal” və 2020-ci ildə “Şərəf” ordenləri ilə təltif edilib.
Xalq artisti Əlibaba Məmmədov 2022-ci il fevralın 25-də ömrünün 92-ci ilində vəfat edib və Birinci Fəxri xiyabanda dəfn olunub.
Tanınmış şair, “Yazarlar” jurnalının baş redaktoru Zaur Ustacın müxtəlif illərdə yazdığı şeirlərdən ibarət “Sevgi dolu şeirlər” adlı kitab işıq üzü görüb.
AZƏRTAC xəbər verir ki, kitab nəfis tərtibatla “Zaur Ustac – 50” yubiley tədbirləri çərçivəsində nəşr olunaraq geniş oxucu kütləsinə təqdim olunub.
Filologiya elmləri doktoru, professor Vaqif Yusiflinin “Ön söz”ü ilə başlayan kitabın redaktoru Günnur Ağayeva, rəssamı isə Natiq Nəcəfzadədir. Professor Vaqif Yusifli Zaur Ustacın sevgi şeirləri haqqında belə yazır: “...Zaur Ustac sevgi şeirlərində yaşanılan, duyulan hissləri qələmə alır...”
Kitabda toplanmış müəllifin təxminən bir qərinə zaman kəsiyi ərzində qələmə aldığı nəzm nümunələri müasir Azərbaycan poeziyasının ən tanınınmış görkəmli nümayəndələrindən biri olan Zaur Ustacın yaradıcılıq prinsiplərini, estetik görüşlərini, bədii dillə ifadə etdiyi aksioloji dəyərlər sistemini təbliğ və təhlil etmək nöqteyi-nəzərindən böyük əhəmiyyət kəsb edir.
Kitabın satışından əldə olunacaq gəlir “Yazarlar” jurnalı tərəfindən gənc yazarlara dəstək məqsədilə vaxtaşırı keçirilən sosial layihələrə sərf olunacaq.