Bu gün Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi, böyük bəstəkar, tanınmış alim-pedaqoq və ictimai xadim, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, akademik Qara Qarayevin anadan olmasının 106-cı ildönümü tamam olur.
AZƏRTAC xəbər verir ki, Azərbaycan və dünya musiqi mədəniyyətinə böyük töhfələr vermiş Qara Qarayev milli və bəşəri xarakterli yaradıcılığı ilə gələcəyə yeni yollar açan novator sənətkar olub. Adını mədəniyyət tariximizə böyük hərflərlə yazdırmış fitri istedad sahibinin əsərləri hələ çox yüzilliklər insanların mənəvi dünyasının zənginləşməsinə, zövqünün formalaşmasına xidmət edəcək. Onun hər bir əsərinin premyerası musiqi həyatımızın xüsusi hadisəsinə, bayramına çevrilib, mədəni həyatımızda bir dönüş yaradıb.
Qara Qarayev 1918-ci il fevralın 5-də Bakı şəhərində məşhur həkim-pediatr Əbülfəs Qarayevin və Sona xanım İsgəndər qızının ailəsində anadan olub. O, nəsildə özünü musiqi sənətinə həsr etmiş ilk adamdır. Ata tərəfi Abşeronun Fatmayı kəndindən, ana babası İsgəndər bəy Axundov isə Şamaxının məşhur nəsillərindən olub.
Dünyaşöhrətli bəstəkar Qara Qarayevin əsərləri SSRİ-nin əksər şəhərlərində, Los-Anceles, Polşa, Misir, İspaniya, İtaliya, Paris, Yaponiya və Almaniyada keçirilən möhtəşəm musiqi tədbirlərində müvəffəqiyyətlə oynanılıb.
Onun Nizaminin “Yeddi gözəl” poemasından bəhrələnərək yazdığı “Yeddi gözəl” və Cənubi Afrika yazıçısı Piter Abrahamsının romanı əsasında yazdığı “İldırımlı yollarla” baletləri dünyanın bir sıra ölkələrində uğurla göstərilib. Bəstəkarın Birinci Simfoniyası Azərbaycanın ilk simfoniyaları arasında görkəmli yer tutur. “Don Kixot” simfonik qravüraları, “Leyli və Məcnun” (Nizaminin poeması əsasında), “Vyetnam süitası” əsərləri Qara Qarayev yaradıcılığının dəyərli səhifələridir. O, çoxsaylı filmlərə, o cümlədən “Dənizi fəth edənlər”, “Qızıl eşelon”, “Xəzər neftçiləri haqqında povest”, “Uzaq sahillərdə” və digər filmlərə musiqi bəstələyib.
Qara Qarayev opera janrında da özünü sınayıb. O, “Vətən” operasının (C.Hacıyev ilə birlikdə) və fransız yazıçısı Anri Barbüsün əsəri əsasında “Zəriflik” monooperasının müəllifidir. Bəstəkar, həmçinin Azərbaycan musiqisi üçün yeni olan müzikl janrına müraciət edərək fransız dramaturqu E.Rostanın “Sirano de Brejerak” komediyası əsasında “Çılğın qaskoniyalı” müziklini yaradıb.
Qara Qarayev kamera instrumental janrları ilə də maraqlanıb. 24 prelüd silsiləsi, skripka və fortepiano üçün sonata, simli kvartetlər bəstəkarın yaradıcılıq üslubunun təzahürü kimi qiymətləndirilir. Q.Qarayev A.Puşkinin şeirləri əsasında yaratdığı “Mən sizi sevirdim” və “Gürcüstan təpələrində” romansları, “Könül mahnısı”, “Səadət mahnısı” kantataları Azərbaycan musiqisinin gözəl nümunələridir.
Qara Qarayev xalq musiqisinə, torpağına, doğma Abşerona iliyinə qədər bağlı bəstəkar idi. Tələbələrinə də böyük sevgi və həssaslıqla yanaşardı. Onları "açıq kitab" kimi oxuyar, yaradıcı potensialını duyar, fərdi üslublarını qoruyar, öz dəst-xətlərini müəyyənləşdirməyə yönəldərdi. Bəlkə də atasının arzusunu yerinə yetirmişdi o... Bir təbib kimi, sağlam cəmiyyətin böyüməsində onların getdiyi yola "işıq" salıb, onlara bu yolla getmələrini, ən əsası xalq musiqisi intonasiyalarına olduqca ehtiyatla yanaşmanı tövsiyə edərdi. “...Biz soyuqqanlılıqla musiqi xəzinəmizin üst qatlarından asan mənimsənilərək istifadə etmirikmi? Xalq musiqisi doğrudan da tükənməzdir, amma onun zənginliyi tək bu qatlarda deyil, bizim düşündüyümüzdən daha dərindədir, neft yataqları kimi və lazımi "texniki yazılara" yiyələnib, o dərinliyə getmənin vaxtı çatmışdır". Bu da Üzeyir bəyin getdiyi yolun davamı idi... Bu yolun davamçıları onun tələbələri idi... B.Yermolayev, H.Xanməmmədov, R.Hacıyev, A.Məlikov, X.Mirzəzadə, T.Bakıxanov, V.Adıgözəlov, O.Zülfüqarov, M.Mirzəyev, V.Şainski, L.Vanşteyn, M.Quliyev, N.Şəfiyeva, S.İbrahimova, F.Qarayev, F.Əlizadə, İ.Hacıbəyov, R.Həsənova, A.Cəfərova, R.Şəfəq, E.İbrahimova, E.Dadaşova, A.Dadaşov, A.Əzimov, C.Abbasov... Bu siyahını onun tələbələri davam etdirərək növbəti nəsillərə aparır... Bir ağacın kökündən qidalanaraq böyüyən, budaqlara şaxələnərək ucalan qollar kimi...
"Şagirdlər bizim ən ciddi hakimlərimizdir. Əgər müəllim dərsdə bir fikir söyləyib, həyatda isə başqa cür hərəkət edərsə, bu, müəllimin mənəvi məğlubiyyətidir". Tələbələrinin xatirələrində Qara Qarayev təkcə bəstəkar deyil, geniş erudisiyaya malik ziyalı, alim, filosof, yetirmələrinin şəxsiyyətini "yonan" heykəltaraş, şair təbiətli əbədi romantik, bəzən Don Kixot, bəzən də Sirano kimi yaşayır... Amma hər zaman, sözün əsl mənasında, sənət fədaisi, Vətən, torpaq eşqi ilə yaşayan bir Məcnun idi o...
Planlaşdırdığı layihələri çox idi. "Hamlet", "Leyli və Məcnun", "Don Juan" baletləri, "Gözəl Yusif" operası, "Oxuyan daşlar" simfonik süitası, simfocaz üçün konsert, "Uşaqsız şəhər" oratoriyası... "Qərblə Şərq lap əvvəldən içimdədir", - deyərdi. Arzular tükənməz olur.
Qırx il bundan əvvəl, 1982-ci il mayın 13-də 64 yaşında Moskvada gözlərini əbədi yuman sənətkar doğma Vətənində torpağa tapşırıldı...
Ölümündən əvvəl dediyi sözlər ən həzin və kədərli nəğmə kimi bu gün də eşidilməkdədir: “Keçdiyim yola nəzər salmayaraq dünyanı tərk etməyə hazırlaşıram, gözlərim yaşla doludur... Həyatımın ən gözəl çağında malik ola bilmədiyimi itirdim. Günəş mənimçün işıq saçmır, külək mənimçün əsmir, dəniz mənimlə danışmırdı. Arxaya baxmadan gedirəm, çünki geriyə dönmək ürək ağrısı qədər ağırdır. Ölüm - yeni həyatın dünyaya gəlməsidir”.
Sevdiyi dəniz kənarı, Bakı küləyi, Fatmayı bağı və əbədi yaşayan musiqisi... “Doğum günü keçirməyi sevməzdi. Öz ailəmiz olardı. Anam, bacım Züleyxa və mən... Onun xatirəsini yaşadan ən gözəl hədiyyə isə - onun hər zaman səslənən musiqisidir", - deyir oğlu Fərəc Qarayev.
Ruhun şad olsun, Maestro!
Azərbaycan sahibkarları 27 fevral – 1 mart tarixlərində "lteca Exhibitions" və "ICA Eurasia Group"un birgə təşkilatçılığı ilə Daşkənd şəhərində keçiriləcək "Tikinti – UzBuild 2024" 25-ci Yubiley Özbəkistan Beynəlxalq İnşaat Sərgisinə dəvət olunur.
“Report” bu barədə İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə (AZPROMO) istinadən xəbər verir.
Məlumata görə, builki sərgiyə Türkiyə, ABŞ, Hindistan, Çin, Koreya, Almaniya, İspaniya, İtaliya, Avstriya, Finlandiya, Danimarka, Niderland, İsveçrə, Polşa, Qazaxıstan, Qırğızıstan, İran, Rusiya və digər ölkələrdən 400-ə yaxın şirkət qatılacaq. "UzBuild 2024"də tikinti materialları sənayesində yeniliklər və ən son texnologiyalar, müasir tikinti texnikası, inşaat məhsulları və xidmətləri nümayiş olunacaq.
Sərgi çərçivəsində tikinti texnologiyaları və avadanlıqları üzrə ixtisaslaşmış bölmə – "BuildTech" və Beynəlxalq İnşaat Sənayesi Konfransı – ICCI keçiriləcək.
Bakı-Sumqayıt yolu istiqamətində xüsusi hərəkət zolaqları təşkil edildikdən sonra avtobusların orta hərəkət sürəti 14 km/saat artıb, sərnişinlərin səfər müddəti isə 25 dəqiqə azalıb.
Bu barədə "Report"a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
"Xüsusi hərəkət zolaqları ictimai nəqliyyatının əsas komponentlərindən biri olmaqla yanaşı, zolaqların təşkili avtobusların, eyni zamanda operativ nəqliyyat vasitələrinin fasiləsiz və intensiv hərəkətinin təminatıdır", - deyə qurum bəyan edib.
Fevralın 5-də görkəmli bəstəkar, SSRİ Xalq artisti Qara Qarayevin xatirəsi onun adını daşıyan ev-muzeyində anılıb.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Musiqi Mədəniyyəti Dövlət Muzeyinin əməkdaşları Fəxri xiyabanda unudulmaz sənətkarın məzarını ziyarət ediblər.
Muzeydə davam edən tədbirdə Xalq artistləri Firəngiz Əlizadə, Fərhad Bədəlbəyli, Murad Hüseynov, Murad Adıgözəlzadə və digər tanınmış mədəniyyət xadimləri iştirak ediblər.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova Qara Qarayevin həyat və yaradıcılığı haqqında məlumat verib, musiqi mədəniyyətimizin inkişafındakı xidmətlərini diqqətə çatdırıb. O, dahi bəstəkarın Azərbaycanın bəşər mədəniyyətinə bəxş etdiyi fitri istedadlardan biri olduğunu və hələ sağlığında ölkəmizin rəmzinə çevrildiyini qeyd edib.
Qara Qarayevin ev-muzeyinin müdiri, dahi bəstəkarın qızı Züleyxa Bağırova-Qarayeva tədbirin iştirakçılarına təşəkkür edib: “Atamın sağlığında bu tarixi həmişə dostların, qohumların, atamın sevimli tələbələrinin əhatəsində qeyd edərdik. İllər keçsə belə yenə də sevənləri bir araya gəlib onu yad edirlər. Bu sevgiyə görə hər kəsə minnətdaram. Bu gün onun yubiley əsərləri səsləndiriləcək”.
Sonra Q.Qarayevin 1954-cü ildə yazdığı “Vyetnam süitası”nın Hanoy şəhərində Vyetnam Milli Simfonik Orkestri və Hanoy Filarmonik Orkestrinin ifasının videogörüntüləri nümayiş olunub.
Ölkəmizin Vyetnamdakı səfiri Şövqi Mehdizadə, sənətşünaslıq üzrə fəlsəfə elmləri doktoru Nigar Axundova və Əməkdar incəsənət xadimi, professor, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllimi Zümrüd Dadaşzadə çıxış edərək Qara Qarayevin yaradıcılığının bütün janrları əhatə etdiyini və onun əsərlərinin dünya musiqi mədəniyyətinin xəzinəsinə daxil olduğunu diqqətə çatdırıblar.
Tədbir çərçivəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Taleh Yahyayev və Azərbaycan Milli Konservatoriyasının Fortepiano kafedrasının müəllimi Nigar Hüseynzadə “Vətən” operasından Mərdanın ariyasını ifa ediblər.
Sonra Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının artistləri, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri bəstəkarın əsərlərindən ibarət maraqlı konsert proqramı ilə çıxış ediblər.
Azərbaycan Milli Kitabxanasında 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbir zamanı gənc yazar Rizvan Fikrətoğlunun “Ayaq səsləri” kitabının təqdimatı olub.
Milli Kitabxananın direktoru Kərim Tahirov əvvəlcə gəncləri bayram münasibətilə təbrik edib. Qeyd edib ki, hər il Milli Kitabxanada Gənclər Günü ilə bağlı tədbirlər keçirilir və gənc yazarların bir kitabının təqdimatı olur. Milli Kitabxana hər zaman Azərbaycanın Ulu Öndərlə başlanan gənclər siyasətini uğurla davam etdirməyə və gənclərə dəstək olmağa çalışır.
Kərim Tahirov gənc yazıçını təbrik edib və ona yaradıcılığında uğurlar arzulayıb.
Tədbirdə Əməkdar jurnalist, kitabın “Ön söz” müəllifi və redaktoru Əli Nəcəfxanlı, “Xalq qəzeti”nin şöbə müdiri Səbuhi Məmmədov, yazıçı Zaur Ustac, “Xalq qəzeti”nin əməkdaşı İlqar Həsənov, “Aytam” Uşaqların Mədəni Maarifləndirilməsi İctimai Birliyinin sədri Aygün Zamanlı və “Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri Asim Vəliyev çıxış edərək müəllifə uğurlar arzulayıblar.
Tədbirin davamında “Aytam" Uşaqların Mədəni Maarifləndirilməsi İctimai Birliyinin bədii qiraətçiləri Rəbiyyə Bayramova və Rafael İsgəndərov şeir səsləndiriblər.
Rizvan Fikrətoğlu tədbir iştirakçılarına və Milli Kitabxananın rəhbərliyinə təşəkkürünü bildirib. Gəncləri təbrik edərək onlara uğurlar arzulayıb.
Sonda gənc yazarlara və tədbirdə iştirak edən iştirakçılara Milli Kitabxananın rəhbərliyi tərəfindən təşəkkürnamələr təqdim edilib.
Fevralın 2-də Azərbaycan Yazıçılar Birliyində görkəmli qələm ustası, Xalq yazıçısı Anarın 85 illik yubileyinə həsr edilmiş hekayə müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Ədəbiyyat Fondu ilə “Ulduz" jurnalının birgə təşkilatçılığı ilə keçirilən müsabiqə ölkədə gənc nasirlərin nəsr nümunələrinin daha da püxtələşməsinə xidmət edir.
Tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar müsabiqənin təşkilində əməyi keçən hər kəsə öz təşəkkürünü bildirib, gənclərə fəaliyyətlərində uğurlar arzulayıb.
"Ulduz” jurnalının baş redaktoru, Əməkdar jurnalist, şair, publisist, Qulu Ağsəs müsabiqə üçün müraciətin 2023-cü il iyul ayına kimi davam etdiyini bildirib. Qeyd edib ki, müsabiqəyə sentyabr ayında yekun vurulub. Mövzu seçimi sərbəst olan müsabiqəyə yaşı 35-dək 200-ə yaxın iştirakçı qoşulub. O, qalib olan gənc yazarları təbrik edib.
Mətbuat Şurasının sədri Rəşad Məcid gəncləri 2 fevral - Gənclər Günü münasibəti ilə təbrik edib. Gənclər Gününün təkcə gənclərin deyil, həm də cəmiyyətimizin həyatında vacib gün olduğunu bildirib. O, yazıçı Anarın 85 illik yubileyinə həsr edilmiş hekayə müsabiqəsinin qaliblərinə uğurlar arzulayıb.
Çıxışlardan sonra 1-ci yerin qalibi Cavid Babayevə, 2-ci yerin sahibi Orxan Cuvarlıya və 3-cü yerə layiq görülmüş Xan Abdullaya mükafatlar təqdim olunub. Həvəsləndirici yerləri tutmuş Bəşir Niftəliyev və Səma Quliyevaya da həvəsləndirici diplom verilib.
Azərbaycan Gəncləri Günü münasibətilə Bakıdakı Rus evində bayram konserti təşkil olunub.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzindən (RİMM) AZƏRTAC-a bildiriblər ki, istedadlı insanlar səhnədə parlaq çıxışları ilə tamaşaçıları sevindiriblər. Tədbirin qonaqları səsləndirilən milli və klassik musiqidən, rəqs, şeir ifalarından zövq alıblar.
Ümummilli Lider Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycanda Gənclər Günü elan olunub. Həmin vaxtdan bu tarix ölkəmizdə təntənəli şəkildə qeyd edilir.
Tədbir Azərbaycanın Rus Gəncləri Assosiasiyası, “Gənclərin töhfəsi” və “Peşə Təhsilinin İnkişafı və Məşğulluğa Dəstək” ictimai birlikləri tərəfindən Bakıdakı Rus evinin dəstəyi ilə təşkil olunub.
Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində gəncliyin yaradıcılığa meylini artırmaq, dünyagörüşlərini genişləndirmək, təxəyyüllərini inkişaf etdirmək üçün “Sənətə sərhəd yoxdur” adlı ustad dərsi təşkil edilib.
Muzeydən AZƏRTAC-a bildirilib ki, ustad dərsində “Cığır” Mənəvi Dəyərlərin İnkişafına Dəstək İctimai Birliyinin üzvləri, muzey əməkdaşları və media nümayəndələri iştirak ediblər.
“Ran Art Studio” emalatxanasında gənc rəssam Novruz Əhmədov tərəfindən keçirilən dərsdə iştirakçılara qum sənətinin tarixindən, incəliklərindən məlumat verilib. Sonra iştirakçılara qum üzərində bir-birindən fərqli kompozisiyalar nümayiş olunub. Həzin musiqi sədaları altında işıqlı şüşə masa üzərində qum dənələrindən hazırlanan sənət nümunələri gənclər tərəfindən böyük maraqla qarşılanıb. Qonaqlar dərsdə, həmçinin qum sənətinin işləmə texnikasını, animasiyaların keçid ardıcıllığını da diqqətlə izləyib və həvəslə təkrarlayıblar.
Gəncliyə böyük dəyər verən Ümummilli Lider Heydər Əliyevin Fərmanı ilə 1997-ci ildən etibarən hər il fevralın 2-si respublikamızda Gənclər Günü kimi qeyd olunur. Gənclərimizin faydalı məşğulluğunun təmin edilməsi və habelə onların asudə vaxtının səmərəli təşkili məqsədilə bir sıra dövlət proqramları hazırlanır. Bunu əsas tutaraq respublikanın aparıcı muzeylərindən biri kimi Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi də gənclər və yeniyetmələr üçün mütəmadi olaraq müxtəlif mövzular ətrafında maarifləndirici konfranslar, dəyirmi masalar, görüşlər, ustad dərsləri kimi layihələr həyata keçirir.
Mədəniyyət naziri Adil Kərimli fevralın 2-də Türk Mədəniyyəti və İrsi Fondunun (TMİF) prezidenti Aktotı Raimkulova ilə görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, nazir onun Fondun yeni rəhbəri təyin olunması münasibətilə təbrik edib, işlərində uğurlar arzulayıb.
Qeyd olunub ki, Azərbaycan Respublikası Prezident İlham Əliyev tərəfindən qardaş türk respublikaları ilə əlaqələrin bütün sahələrdə inkişafına, mədəni əlaqələrin möhkəmləndirilməsinə xüsusi əhəmiyyət verilir və dövlət başçısının təşəbbüsü ilə və bütün türk dövlətlərinin dəstəyi ilə təsis edilən Türk Mədəniyyəti və İrsi Fondu bu sahədə aparıcı platformalardan biri kimi çıxış edir.
Türk Mədəniyyəti və İrsi Fondu yarandığı dövrdən qardaş xalqların tarixi-mədəni mirasının qorunması, bərpası və təbliği sahəsində diqqətəlayiq fəaliyyət göstərib. Azərbaycanın Mədəniyyət Nazirliyi, Türk dünyasının maddi və qeyri-maddi mədəni irsinin beynəlxalq səviyyədə tanıdılması və təbliği ilə bağlı proqram və layihələrdə mütəmadi olaraq iştirak edib, onların həyata keçməsinə dəstək verib.
Qəbula və təbrikə görə nazirə təşəkkürünü bildirən Aktotı Raimkulova yeni dövrün çağırışları kontekstində TMİF-nin fəaliyyət istiqamətləri barədə məlumat verib. Qeyd edilib ki, Fondun üzərinə düşən vəzifələrin uğurla icrasında üzv dövlətlərin dəstəyi əsas amildir və bu xüsusda Fondun Baş Qərargahına ev sahibliyi edən Azərbaycanın rolu xüsusi əhəmiyyət daşıyır.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən Fondun fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təklifləri və 2024-cü il üzrə Fəaliyyət Planı, xüsusilə də ortaq türk mədəni irsinin təbliği ilə bağlı nəzərdə tutduğu təşəbbüslər müzakirə edilib.
Qeyd edək ki, Aktotı Raimkulova Türk Dövlətləri Təşkilatının (TDT) 3 noyabr 2023-cü il tarixində Qazaxıstanın Astana şəhərində keçirilən 10-cu Zirvə toplantısında TMİF-nin prezidenti təyin olunub. Qazaxıstanın Əməkdar incəsənət xadimi, musiqiçi, sənətşünaslıq elmləri doktoru olan Aktotı Raimkulova 1964-cü ildə Almatı şəhərində Qazaxıstanın tanınmış yazıçısı Rahmetolla Raimkulovun ailəsində doğulub. 1987-ci ildə Kurmanqazı adına Almatı Dövlət Konservatoriyasını bəstəkar, pianoçu və musiqi nəzəriyyəsi müəllimi ixtisası üzrə bitirib. 2007-ci ildə sənətşünaslıq üzrə namizədlik (fəlsəfə doktorluğu), 2010-cu ildə doktorluq dissertasiyaları müdafiə edib. 2016–2019-cu illərdə Qazaxıstan mədəniyyət və idman nazirinin müavini, 2019–2022-ci illərdə nazir vəzifələrində çalışıb. TMİF-nin rəhbəri təyin olunanadək “Qazaxkonsert”in direktoru olub.
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası 2 Fevral - Azərbaycan Gəncləri Günü ilə əlaqədar silsilə materiallar - videoçarx, ənənəvi sərgi və “Gənclər Vətənin işıqlı sabahı, nurlu gələcəyidir” adlı biblioqrafik icmal hazırlayaraq istifadəçilərə təqdim edib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, videomaterialda Gənclər Gününün tarixi, ölkədə uğurla həyata keçirilən gənclər siyasəti - “Gənclər İli”, “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”, “Gənclər Fondu”nun yaradılması, gənclər üçün Prezident mükafatının təsis edilməsi, Könüllülük hərəkatı, gənclərlə əlaqədar elm, təhsil, mədəniyyət sahəsində qəbul edilən proqramlar haqqında geniş məlumat verilib. Azərbaycan gəncliyinin elmi, mədəni, iqtisadi, siyasi sferalarda qazandığı uğurlar, cəlb olunduğu beynəlxalq layihələr işıqlandırılıb. Materialda Ümummilli Lider Heydər Əliyevin, Prezident İlham Əliyevin gənclərə xitabən söylədikləri nitqlərdən parçalar da təqdim olunub.
“Gənclər Vətənin işıqlı sabahı, nurlu gələcəyidir” adlı biblioqrafik icmalda dövlət gənclər siyasəti haqqında qəbul edilən rəsmi sənədlər, mövzunu əhatə edən 20-dən çox kitabın biblioqrafik təsviri və annotasiyası, gənclik haqqında aforizmlər və digər maraqlı məlumatlar əks olunub.
Kitabxanada təşkil edilən ənənəvi sərgidə gənclər siyasəti, gənclərin elmi, mədəni, siyasi, beynəlxalq sahədə fəaliyyətlərini əks etdirən kitablar, dövri mətbuat materialları və kitabxana əməkdaşları tərəfindən hazırlanmış “Gənclər Vətənin işıqlı sabahı, nurlu gələcəyidir” adlı biblioqrafik icmal sərgilənib.
2 Fevral - Gəncləri Günü ilə əlaqədar hazırlanan videomaterial kitabxananın rəsmi saytında yerləşdirilib.