Ölkəmizdə artıq 13-cü dəfədir ki, Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı keçirilir. Həmişə olduğu kimi, bu il də festivalın proqramı zəngindir. Festival çərçivəsində bir sıra tədbirlər keçirilib, konsert proqramları təşkil olunub. Bu gün bizim təşkil etdiyimiz elmi konfrans da bu festival ərəfəsində reallaşan tədbirlərdəndir.
AZƏRTAC xəbər verir ki, bu sözləri sentyabrın 22-də Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) sədri, Xalq artisti Firəngiz Əlizadə ittifaqda “Üzeyir Hacıbəyli və Müslüm Maqomayev” mövzusunda təşkil edilən elmi konfransda səsləndirib.
“Nizami Gəncəvi İli” çərçivəsində rəhbərlik etdiyi qurumda bir sıra tədbirlərin təşkil olunduğuna diqqətə çəkən Firəngiz Əlizadə söyləyib ki, quruma üzv olan bəstəkarlar da bu il bütün qüvvələrini səfərbər edərək çalışıblar. “Bəstəkarlar həm Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalına, həm “Nizami Gəncəvi İli”nə , həm də Zəfər Günümüzə töhfə olaraq yeni əsərlər üzərində işləyiblər. Zəfər Günü ilə əlaqədar 18 əsər hazırlanıb ki, o da yaxın günlərdə Azərbaycan Dövlət Akademik Filarmoniyasında səsləndiriləcək. Azərbaycan bəstəkarları həmişəki kimi yazıb yaradırlar. Mən musiqiçilərimizi də bu mövzuda aktiv olmağa çağırıram”, - deyə Xalq artisti vurğulayıb.
Sonra konfransda respublikanın tanınmış musiqişünasları Üzeyir Hacıbəyli və onun məsləkdaşı görkəmli bəstəkar Müslüm Maqomayevin yaradıcılığına dair məruzələri təqdim ediblər. ABİ-nin məsul katibi, sənətşünaslıq elmləri doktoru, professor Cəmilə Həsənovanın “Üzeyir Hacıbəylinin və Müslüm Maqomayevin Azərbaycan etnomusiqişünaslığında rolu”, Əməkdar incəsənət xadimi, sənətşünaslıq elmləri doktoru, professor İmruz Əfəndiyevanın “Məmməd Sadıq Əfəndiyevin Üzeyir Hacıbəylinin “Koroğlu” operası haqqında ilk elmi-tədqiqat məqaləsinə dair fikirlər”, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Güllü İsmailovanın “Üzeyir Hacıbəylinin yaradıcılığında milli məfkurə və türkçülük ideyalarının təcəssümü”, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Alla Bayramovanın “Müslüm Maqomayevin arxiv materialları Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində”, Bakı Musiqi Kollecinin və Bülbül adına Orta-İxtisas Musiqi Məktəbinin müəllimi Raya Abbasovanın “Üzeyir Hacıbəyli ənənələri Əşrəf Abbasovun yaradıcılığında və rəhbərlik fəaliyyətində” mövzularında məruzələri konfrans iştirakçılarının diqqətinə çatdırılıb.
Elmi konfrans çərçivəsində, həmçinin Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibətilə dahi bəstəkarın “Sənsiz” və “Sevgili canan” əsərləri ilə təməlini qoyduğu qəzəl-romans janrının ənənələrinin davam və inkişaf etdirilməsi məqsədilə, ABİ tərəfindən keçirilmiş “Nizami Gəncəvi İli”nə həsr olunmuş qəzəl-romans müsabiqəsi laureatlarının əsərləri, o cümlədən Lalə Cəfərovanın “Səbr et” (solist - Əməkdar artist Fərid Əliyev) və Azər Dadaşovun “Sevgi qanaddır” (solist - Nigar Cəlilova) qəzəl-romansları ifa olunub.
Sentyabrın 21-də “İçərişəhər” Muzey Mərkəzinin tabeliyində fəaliyyət göstərən Qala Dövlət Tarix Etnoqrafiya Qoruğunun
muzeylər kompleksi ərazisində Vətən müharibəsinin birinci ildönümü münasibətilə “Dəmir yumruq” abidəsinin açılış mərasimi keçirilib.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən AZƏRTAC-a bildirilib ki, Vətən müharibəsində əldə olunmuş qələbəyə, möhtəşəm zəfər tariximizə həsr olunan və Qarabağda gedən hərbi əməliyyatların simvoluna çevrilən “Dəmir yumruq” abidəsinin müəllifi həvəskar heykəltəraş, Vətən müharibəsi iştirakçısı Elvin Manafovdur.
E.Manafov “Vətən müharibəsi iştirakçısı” və “Kəlbəcərin azad olunması uğrunda” medalları ilə təltif olunub. Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinin azad olunması uğrunda Vətən müharibəsində iştirak edib, aparılan döyüş əməliyyatlarının uğurlu nəticəsindən ruhlanaraq, böyük Zəfərdən ilham alaraq “Dəmir yumruq” abidəsini hazırlayıb. Xromla üzlənmiş dəmirdən hazırlanmış abidənin alt hissəsində “Qarabağ Azərbaycandır!” şüarı yazılıb və Ordumuzun zəfər simvolu – olan Xarıbülbül həkk edilib.
Azərbaycan Ordusunun apardığı uğurlu döyüş əməliyyatlarının simvoluna çevrilmiş “Dəmir yumruq” abidəsi, əsrlər boyu xalqımızın işğalçılara qarşı necə mübariz olduğunu təsdiq edən bir nümunədir. "Dəmir yumruq" həm də 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan xalqının və müzəffər Ordunun Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında birliyin, möhkəmliyin ümumxalq devizinə çevrilib.
Belə bir abidənin məhz Qala Qoruğu ərazisində ucaldılması muzeyə gələn ziyarətçilərdə, xüsusilə gənc nəsildə tariximizin öyrənilməsində və vətənpərvərlik ruhunun aşılanmasında xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində "Leyli və Məcnun" operası nümayiş edilib.
AZƏRTAC xəbər verir ki, səhnə əsərində əsas partiyaları respublika muğam müsabiqəsinin laureatı Rəvanə Əmiraslanlı (Leyli) və Əməkdar artist Elnur Zeynalov (Məcnun) ifa ediblər. Həmçinin Əməkdar artistlər Təyyar Bayramov (Məcnunun atası), Cahangir Qurbanov (Nöfəl) və başqaları da səhnə əsərində çıxış ediblər. Opera tamaşasını Əməkdar incəsənət xadimi, Prezident mükafatçısı Sevil Hacıyeva idarə edib
Qeyd edək ki, tamaşaçılar teatra dəvətnamə ilə gəlib. Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirusla mübarizəyə qarşı müəyyən etdiyi qaydalara uyğun olaraq zala buraxılıb .
Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində Beynəlxalq Muğam Mərkəzində daha bir möhtəşəm konsert proqramı musiqisevərlərə gözəl ərməğan olub. Kamera musiqisi konsertində Azərbaycan Respublikasının Əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı, pianinoçu Nərgiz Əliyarova və P.İ.Çaykovski adına Beynəlxalq müsabiqə laureatı, ABŞ-da yaşayan virtuoz rus violonçelisti Sergey Antonov çıxış ediblər.
Konsertdən əvvəl AZƏRTACa müsahibə verən Sergey Antonov Bakıda ilk dəfə səhnəyə çıxdığını söyləyib. Üzeyir Hacıbəyli yaradıcılığına yaxından bələd olduğunu söyləyən S.Antonov deyib: “Üzeyir Hacıbəyli Şərqdə ilk operanın banisi kimi tanınan sənətkardır. Onun əsərləri dünya operalarının sırasında əzəmətlə dayanan parlaq nümunələrdəndir. Biz həqiqətən Üzeyir bəyin yaradıcılığın çox sevir və qiymətləndiririk”.
Konsertdə F.Şopenin, D.Şostakoviçin, F.Əmirovun, M.Rostropoviçin əsərləri səslənib.
Konsert pandemiya şəraitinə uyğun olaraq keçirilib.
Bakı Musiqi Akademiyasının (BMA) 100 illiyi və Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Üzeyir Hacıbəylinin musiqi irsi müasir təqdimatda” mövzusunda elmi sessiya keçirilib. Elmi sessiya Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə elmi-metodiki və ixtisasartırma Mərkəzinin və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanologiya və Akustika” elmi-tədqiqat laboratoriyasının təşkilatçılığı ilə onlayn formatda baş tutub.
Bakı Musiqi Akademiyasından AZƏRTAC-a bildirilib ki, tədbirin açılışı dahi bəstəkar Ü.Hacıbəylinin “Koroğlu” operasından “Uvertüra”nın fonunda videorolikin təqdimatı ilə edilib.
Sessiyanı açıq elan edən tədbirin moderatoru, Əməkdar mədəniyyət işçisi, Mədəniyyət Nazirliyinin Elmi təminat və araşdırmalar şöbəsinin Tətbiqi tədqiqatlar sektorunun baş metodisti Səadət Şirinova 100 illik yubiley çərçivəsində respublikamızda müxtəlif tədbirlərin keçirilməsini və nazirliyin də bu istiqamətdə bir sıra xidmətləri olduğunu bildirib.
Ü.Hacıbəyli adına BMA-nın elm və innovasiyalar üzrə prorektoru, Əməkdar incəsənət xadimi, professor Gülnaz Abdullazadə ilk öncə elmi sessiyanın iştirakçılarını Akademiyanın 100 illiyi, “Milli Musiqi Günü” və ən əsas da yaxın günlərdə bütün Azərbaycan xalqının qeyd edəcəyi şanlı Qələbə münasibətilə təbrik edib. Daha sonra G.Abdullazadə bildirib ki, təməli Üzeyir bəy tərəfindən qoyulmuş ali musiqi təhsil ocağı kimi bir çox nailiyyətlər və qələbələr əldə edərək təkmilləşən Bakı Musiqi Akademiyası, ölkə xaricində də tanınan ali təhsil mərkəzinə çevrilib. “Üzeyir bəy irsi daima aktualdır və illər ötdükcə də, dünyamız müasirləşdikcə belə öz təravətini saxlayacaq. Biz bu gün çox şadıq ki, Akademiyamızın 100 illik yubileyi çərçivəsində müxtəlif festivallar təşkil olunur, o cümlədən də musiqi mədəniyyətimizin beşiyi olan Şuşada da keçirilir. Bu günləri bizə yaşatdığı üçün bir xalq olaraq ilk öncə Azərbaycan Prezidenti İlham Əliyevə öz sevgi və ehtiramımızı bildiririk”, - deyə prorektor əlavə edib.
Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə elmi-metodiki və ixtisasartırma mərkəzinin direktoru Səadət Xələfbəyli tədbir iştirakçılarını yubiley münasibəti ilə təbrik edib və bu il xalqımızın “Milli Musiqi Gününü” qalib xalq olaraq qeyd etdiyini bildirərək, xüsusilə Ü.Hacıbəyli Musiqi Festivalının məhz Şuşada qeyd olunmasının əhəmiyyətini vurğulayıb.
Daha sonra çıxış edən BMA-nın elmi-tədqiqat laboratoriyasının müdiri, dosent Nuridə İsmayılzadə rəhbərlik etdiyi elmi–tədqiqat laboratoriyasında artıq xeyli müddətdir ki, Akademiyanın 100 illiyinə həsr edilmiş müxtəlif tədbirlərin keçirildiyini, toplular, monoqrafiyalar və məcmuələrin nəşr olunduğunu bildirib. N.İsmayılzadə qeyd edib ki, Bakı Musiqi Akademiyası üzərinə düşən vəzifələrin öhdəsindən həmişə layiqincə gəlib və Azərbaycan mədəniyyəti tarixinə parlaq səhifələr yazan görkəmli sənətkarların bir neçə nəsli məhz bu təhsil ocağının məzunlarıdır.
Elmi sessiya müxtəlif çıxışlarla davam edib.
Mədəniyyət Nazirliyinin “İslam irsimizi tanıyaq” layihəsi çərçivəsində təqdim etdiyi növbəti material Şamaxı Cümə məscidinə həsr edilib.
Bu barədə AZƏRTAC-a Mədəniyyət Nazirliyindən bildirilib.
Məlumatda qeyd edilir ki, Cənubi Qafqazın və Yaxın Şərqin ən qədim müsəlman məbədlərindən olan Şamaxı Cümə məscidi Xəlifə Xalid ibn Vəliyədin dövründə onun qardaşı Müslüm ibn Vəliyədin Azərbaycana gəlməsinin şərəfinə 743-cü ildə inşa olunub.
Bəzi mənbələrə görə, Xilafət ordularının məğlub etdiyi Xəzər xaqanı məhz bu məsciddə İslam dinini qəbul edib.
1859-cu ildə Qafqazın ən böyük quberniyalarından olan Şamaxıda baş verən dağıdıcı zəlzələdə zərər görən məscid bərpa edilib. 1902-ci ildə baş verən növbəti zəlzələ zamanı məscid dağılmayıb.
1918-ci ildə erməni daşnak dəstələri tərəfindən törədilən mart qırğınları zamanı Şamaxıda da soyqırımı aktı həyata keçirilib. Ən böyük qırğın isə Cümə məscidində baş verib. Şamaxılıların məscidə sığındığını görən ermənilər burada yanğın törədərək təqribən 1700 günahsız insanı xüsusi amansızlıqla qətlə yetiriblər.
Şamaxı Cümə məscidi Heydər Əliyev Fondunun “Tolerantlığın ünvanı – Azərbaycan” layihəsi çərçivəsində əsaslı təmir olunub. Bərpa və yenidənqurma işlərinə 2010-cu ilin martında başlanılıb. 2013-cü il mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev məscidin açılış mərasimində iştirak edib.
27 sentyabr bizim anım və qürur günümüzdür. Çünki həmin gün Ali Baş Komandan, möhtərəm İlham Əliyevin əmri ilə ordumuz döyüşə atıldı və qəhrəman oğullarımız 30 ilə yaxın bir müddətdə işğalda olan torpaqlarımızı özlərinin canları və qanları bahasına azad etdilər, zədələnmiş qürurumuzu, tapdanmış ləyaqətimizi özümüzə qaytardılar!
Bu fikirləri AZƏRTAC-a müsahibəsində yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Elçin Hüseynbəyli deyib.
“Hamımız inanırıq ki, erməni vandalizmi nəticəsində dağılmış yurdlarımız yenidən çiçəklənəcək, çünki azad etdiyimiz torpaqlar şəhidlərin qanı, anaların göz yaşları ilə suvarılıb. Biz hər dəfə onların qarşısında baş əyəndə torpağın və çiçəklərin ətrini duyacağıq. Qələbəmizdən çox az bir vaxt keçir. Amma Qarabağımız və onun tacı, döyünən ürəyi Şuşa dirçəlir. Yollar, işıq, su xətləri çəkilir, beynəlxalq hava limanları inşa olunur və bu quruculuq işləri davam edəcək”, - deyə yazıçı bildirib.
Şuşada mədəni tədbirlərin davam edildiyini deyən Elçin Hüseynbəyli bildirib ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Şuşanı Azərbaycan mədəniyyət paytaxtı elan edəndən sonra, güman ki, 2023-cü ildə Şuşa həm də bütün türk dünyasının mədəniyyət paytaxtı olacaq. Qısa zaman ərzində Şuşada “Xarıbülbül” Musiqi Festivalının, Vaqif Poeziya Günlərinin keçirilməsi, mədəniyyət ocaqlarının bərpası, sənət adamlarımıza abidələrin qoyulması görülən vacib işlər sırasındadır.
“İnanıram ki, şəhidlərimizin ruhu rahatdır, çünki tökdükləri qanların, itirdikləri canların əbəs olmadığını görürlər. Allah onlara rəhmət eləsin! Nə qədər ki, millətimiz var, onlar da ölməzdilər və daim qəlblərdə yaşayacaqlar...”, - deyə Elçin Hüseynbəyli əlavə edib.