Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Bakı Uşaq və Gənclər Teatrı yeni dərs ilinə hazırlaşan bir qrup şəhid övladları üçün tədbir keçirib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Bakı Uşaq və Gənclər Teatrının aktyorları - Əməkdar artist Xəzər Gəncəli, sehrbaz Tofiq əmi, Mehman Piriyev, Gülər Ləzgiyeva, Əfruz Əliyeva, Qurban Əhmədov, Sənan Fərzəliyev və Rəhimə Abdinovanın ifasında səhnəciklər və musiqi nömrələri təqdim olunub.
Tədbirin rejissoru İlhamə Əhmədovadır.
Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə noyabr ayının 6-da Vətən müharibəsində qələbəmizin ildönümünə həsr olunmuş “Qələbə hünəri” adlı respublika yaradıcılıq sərgisi təşkil olunacaq.
Dövlət Rəsm Qalereyasından AZƏRTAC-a bildirilib ki, sərgi Azərbaycanın, xüsusən də işğaldan azad olunmuş ərazilərin təbiət gözəlliklərinin tərənnümü, Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan ordusunun Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığının və qazanılmış möhtəşəm tarixi zəfərin əsərlərdə nümayişi məqsədilə açılacaq.
Sərgidə 18 yaşdan yuxarı yerli və xarici rəssamlar, heykəltəraşlar, qrafika və akvarel ustaları əsərləri ilə iştirak edə bilər.
Sərgidə iştirak etmək üçün işlərin fotoları qelebehuneri@gmail.com elektron ünvanına göndərilməlidir.
Əsər göndərərkən işin keyfiyyətli fotosu çəkilməli (2-5MB), müəllifin ad və soyadı, işin adı, ölçü qeyd olunmalıdır.
Sərgidə 100 əsər nümayiş ediləcək. Seçimdə professionallıq, mövzu və ideya orijinallığı nəzərə alınacaq.
İştirakçı sərgiyə ən çox 3 əsərini təqdim edə bilər, lakin seçim əsasında sərgidə yalnız bir əsər nümayiş olunacaq.
Əsərlərin fotosunun göndərilməsinin son qəbul tarixi oktyabrın 10-dəkdir.
Sərgilənəcək əsərlər təşkilat komitəsinin formalaşdırdığı və adları qabaqcadan elan olunacaq münsiflər heyəti tərəfindən seçiləcək.
Sərgidə iştirak edəcək rəssamların siyahısı oktyabrın 15-də Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin rəsmi saytı və sosial medya hesablarında paylaşılacaq.
Seçilmiş əsərlər oktyabrın 30-dək Xətai Sənət Mərkəzinin 3-cü mərtəbəsindəki sərgi zalına təhvil verilməlidir.
Nümayiş olunan əsərlərin müəllifləri sertifikatla təltif ediləcəklər.
Sərgi Xətai Sənət Mərkəzində açılacaq.
Sərginin Nazirlər Kabineti yanında Operativ Qərargahın COVID-19 pandemiyası ilə əlaqədar qəbul etdiyi karantin qaydalarına uyğun keçirilməsi planlaşdırılır.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 7 nömrəli filialı mədəniyyət tariximizdə əvəzsiz yeri olan dahi bəstəkar, peşəkar musiqi sənətimizin və milli operamızın banisi, musiqişünas alim Üzeyir Hacıbəylinin yaradıcılığı haqqında videoməlumat hazırlayıb.
İdarədən AZƏRTAC-a bildirilib ki, videoməlumat kitabxananın sosial hesablarında oxuculara təqdim olunub.
Videoçarxda qeyd edilir ki, 1908-ci il yanvarın 25-də Hacı Zeynalabdin Tağıyevin teatrında oynanılan “Leyli və Məcnun” ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin əsasını qoyulub. Şərqdə ilk operettanın yaranması da Üzeyir bəyin adı ilə bağlıdır. ”O olmasın, bu olsun”, ”Arşın mal alan” musiqili komediyaları onu çox məşhurlaşdırır. Üzeyir yaradıcılığının zirvəsi “Koroğlu” operası sayılıb. Müəllif bu əsərində klassik opera qaydaları əsasında bitkin ariyalar, kütləvi xor səhnələri yarada bilib. O, 300-dən çox xalq mahnılarını toplayıb nota salıb, marş, kantanta, fantaziya, mahnı və romanslar, kamera və xor üçün əsərlər yazıb. Azərbaycan Dövlət Himninin musiqisi Üzeyir bəyə məxsusdur. Ə.Cavadın sözlərinə bəstələdiyi “Çırpınırdı Qara dəniz” mahnısı təkcə Azərbaycanda deyil, Türkiyədə də çox məşhurdur. “Sevgili canan”, “Sənsiz” romansları isə Bülbülün, Müslüm Maqomayevin ifasında Azərbaycan musiqi xəzinəsinin ən dəyərli incilərindən hesab olunub.
Ümumdünya Turizm Təşkilatının (United Nations World Tourism Organization – UNWTO) elan etdiyi “Ən yaxşı turistik kənd” müsabiqəsinə Azərbaycandan Xınalıq kəndinin namizədliyi irəli sürülüb.
Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, təşkilatın bu layihəsinin əsas məqsədi kənd ərazilərində turizmin inkişafı üzrə ən yaxşı nümunələri üzə çıxarmaq, həm də uzun illər boyunca öz unikallığını, mədəni-tarixi irsini qoruyan, bununla yanaşı, həm də müasir turizmin tələblərinə cavab verən kəndləri aşkarlamaqdır.
Dünya əhəmiyyətli abidə kimi dövlət tərəfindən qorunan Xınalıq kəndinin ərazisində 2007-ci ildə “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğu yaradılıb. Dövlət Turizm Agentliyi tabeliyində fəaliyyət göstərən “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğu orta əsrlərə xas olan özünəməxsus memarlıq strukturu və əsrarəngiz təbiət mənzərəsi ilə seçilən bir mədəni irs nümunəsi kimi qəbul edilir.
2020-ci ildə “Xınalıq, orta əsr dağ kəndi” adı ilə UNESCO-nun Ümumdünya İrsinin İlkin Siyahısına daxil edilib. Hazırda UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi üçün nominasiya faylının yazılması prosesi davam etdirilir. Dövlət Turizm Agentliyinin mütəxəssislərinin hazırladığı və İlkin Siyahıya daxil edilmiş sənəddə kəndin qədim dili, köçəri yaşayış tərzi, Qafqaz dağlarındakı qədim memarlıq ənənələri və Xınalıq icmasının təbiətlə harmoniyalı şəkildə yaşayış tərzi onun müstəsna ümumbəşəri dəyərləri kimi qeyd olunur.
Qədim tarixə malik olan Xınalıq kəndində arxeoloji qazıntı və elmi-tədqiqat işləri aparılır. Hazırda 3 hektardan çox ərazini əhatə edən “Kima Liqebiriş” adlı qədim qəbiristanlıqda qazıntılar davam edir. Qazıntı zamanı aşkar edilmiş maddi-mədəniyyət nümunələri hazırda qoruğun elmi fondunda saxlanılır və onların bir hissəsi Xınalığı ziyarət edən yerli və xarici turistlərə nümayiş etdirilir. Bundan əlavə, kənddə aşkarlanmış qədim epiqrafik abidələr və nadir əlyazmalar öyrənilir. Kənd ərazisində yerləşən dini abidələr – pirlər və ziyarətgahların qeydiyyatı aparılır.
Xınalıq kəndinin mədəni irs elementlərindən biri də özünəməxsus memarlıq üslubudur. Bu üslubu qorumaq məqsədilə kənd ərazisində qəza vəziyyətində olan, uçqunlar nəticəsində təhlükəli vəziyyətə düşən evlərin təmir və bərpa prosesi aparılır. Vətəndaşların müraciətlərinə əsasən hazırda Xınalıq kəndində 16 evin təmir işləri davam etdirilir.
Ərazidə təmir-bərpa işləri başlanmazdan əvvəl Dövlət Turizm Agentliyinin mütəxəssisləri tərəfindən beynəlxalq standartlara uyğun “Xınalıq- Bərpa Təlimat” kitabçası və ərazinin Regenerasiya Planı hazırlanıb.
Qeyd edək ki, UNWTO-nun keçirdiyi müsabiqənin nəticələri bu ilin sonunadək Mərakeşdə keçiriləcək 24-cü illik sessiyada elan olunacaq. UNWTO-nun “Ən yaxşı turistik kənd” nişanını qazanan kəndlər modernləşmə proqramında daxil ediləcək.
Energetiklər günü münasibətilə “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti “Gilavar” Foto Klubu ilə birgə “İşıqlı Azərbaycan fotolarda” adlı fotomüsabiqə keçirir.
“Gilavar” Foto Klubundan AZƏRTAC-a bildirilib ki, müsabiqənin keçirilməsinin əsas məqsədi həvəskar və peşəkar fotoqrafların baxışlarında Azərbaycanın müxtəlif məkanlarının inkişafını işıq mövzusu əsasında təqdim etmək, elektrik işıqları ilə bağlı olan yaradıcı fotoların çəkilməsinə təkan verməkdir. Hər şəhər və rayonumuzun öz gözəlliyini işıq mövzusu altında çəkmək və bu gözəllikləri insanlarımıza tanıtmaqdır.
Yarışma ilə bağlı bütün təşkilati məsələlər, o cümlədən fotoların qəbulu, münsiflərin seçimi, müsabiqənin şərtlərinə əməl olunmasına nəzarət “Azərişıq” ASC-nin nümayəndəsinin iştirakı ilə “Gilavar” Foto Klubu tərəfindən həyata keçiriləcək. Fotoqrafların işləri peşəkar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Müsabiqənin şərtləri beynəlxalq foto təşkilatlarının qayda və prinsipləri uyğun şəkildə təşkil olunur.
Fotolar “İşıqlı Azərbaycan fotolarda müsabiqəsi” mövzusu ilə gilavar.net@gmail.com elektron ünvanına göndərilməlidir. Nəticələrin elan olunması və qaliblərin mükafatlandırılması “Azərişıq” ASC-nin rəsmi saytında və sosial şəbəkədəki hesablarında, kütləvi informasiya vasitələrində elan olunacaq.
Yarışmaya fotolar oktyabrın 10-dək göndərilməlidir.
Sentyabrın 20-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının nəzdində olan Kamera və Orqan Musiqi Zalında konsert proqramı təqdim edilib.
AZƏRTAC xəbər verir ki, Milli musiqi günləri ərəfəsində reallaşan konsert proqramı “Gənclərə dəstək” layihəsi çərçivəsində gerçəkləşib. Konsertdə gənc ifaçılar Mədinə Şahgəldiyeva (kamança), Surə Rüfət (violin), Teymur Kazımov (vokal), Nadir Eyvazov (violin), Hidayət Sadıqbəyli (piano), Fatimə Əliyeva (piano), Xanım Quluzadə (piano) və Sevda Cəbrayılova (qanun) çıxış ediblər.
Konsert çərçivəsində Ü.Hacıbəyli, F.Əmirov, T.Bakıxanov, A.Bəbirov, E.Nəzirova, A.Dadaşov, V.Bağırzadə, Y.Hubay, Y.Abbasovun əsərləri səsləndirilib.
Tanınmış ispaniyalı rəssam Pablo Pikassonun qızı Maya Pikasso Fransa hökumətinə atasının 9 əsərini bağışlayacaq.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Fransanın mədəniyyət naziri Rozlin Başlo-Narken məlumat yayıb.
Burada söhbət altı rəsm əsərindən, şəkilli albomdan, heykəl və etnoqrafik sənət əsərindən gedir. Mətbuat konfransında jurnalistlərə yalnız bir əsər - kubizm üslubunda hazırlanmış “Oturacaqda şirniquş yeyən uşaq” (1938) göstərilib. Əsərlərin ən qədimi 1895-ci ilə aiddir. Bu, Pablo Pikassonun atası Don Xose Ruisonun portretidir. Əsərlər geniş ictimaiyyətə 2022-ci ilin aprelində təqdim olunacaq.