Norveçdə çıxan “Utrop” qəzeti Azərbaycan əsilli moda dizaynerinin yeni kolleksiyasından yazıb.
AZƏRTAC xəbər verir ki, “Utrop” qəzetində dərc olunmuş “Norveçli geyim dizayneri “Antalya 2021 Moda Həftəsi”ndə modaların rəqəmsal nümayişi zamanı öz yeni kolleksiyasını təqdim edir” sərlövhəli məqalədə Şervin Nəcəfpurun yeni əl işlərindən söhbət açılır.
Məqalədə vurğulanır ki, Oslo sakini Şervin Nəcəfpur yumşaq rəng qammasında geyimlərin yer aldığı yeni kolleksiyası ilə Türkiyə və Azərbaycan tamaşaçılarını yenə də valeh edib. Kolleksiya davam edən pandemiya ilə əlaqədar onlayn formatda keçirilən Rəqəmsal Moda Həftəsində təqdim olunub. Türkiyənin Antalya şəhərində keçirilən moda nümayişi Şervinin əl işlərinin təqdim olunduğu üçüncü tədbirdir.
Şervin Nəcəfpur jurnalistə müsahibəsində özünün moda aləminə gedən yolundan danışıb. Onun sözlərinə görə, əl işlərini yaradarkən güclü qadın modelyerlərdən və türk mədəniyyətindən ilham alır. Koko Şanel Şervin üçün kumirdir, lakin soy-kökü Türkiyə və Azərbaycana bağlı olan rəssam üçün türk mədəniyyəti elementləri ilə Skandinaviya minimalizm üslubunu birləşdirmək tamamilə təbiidir.
Həmçinin diqqətə çatdırılır ki, builki kolleksiyaya daxil olan paltarların əksəriyyətində nadir səhləb çiçəyini - “Xarıbülbül”ü görmək mümkündür. Məqalədə deyilir: “Türkiyə və Azərbaycanın mədəniyyəti və tarixi ilə tanış olmayan insanlar düşünə bilərlər ki, bu güllərin həmin geyimlərə əlavə edilməsi estetik zövqlə bağlıdır. Əslində, “Xarıbülbül” sevgi rəmzidir, bu yaxınlardakı müharibədən sonra isə bu çiçək xilaskarlıq rəmzinə, həmçinin həlak olan dinc sakinlərin və əsgərlərin xatirəsinə çevrilib. 30 il işğal altında qalmış Qarabağın azad olunmasına həsr edilmiş bu əlamətdar kolleksiya doğma ocaqlarını qoyub çıxmaq məcburiyyəti ilə üzləşən insanları birləşdirməyə qadir olan sevginin gücünə ümid rəmzidir”.
Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru İftixar Piriyevin qələmə aldığı dahi Azərbaycan şairi Nizami Gəncəvinin həyatından bəhs edən “Xəmsə və yaxud könüllər mülkünün sultanı” tamaşasının premyerası olub.
AZƏRTAC xəbər verir ki, Dərbənd Azərbaycan Dram Teatrının səhnələşdirdiyi tamaşanın quruluşçu rejissoru Əməkdar artist Sərvər Əliyev, quruluşçu rəssamı Dağıstanın Əməkdar rəssamı Naida Alimetovadır.
Tamaşa barədə fikirlərini bölüşən Sərvər Əliyev deyib: “Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən bu il ölkəmizdə “Nizami Gəncəvi İli” elan olub. Bu münasibətlə dahi şairə həsr olunan müxtəlif tədbirlər keçirilir. Biz də bu ilə töhfə olaraq “Xəmsə və yaxud könüllər mülkünün sultanı” tamaşasını hazırladıq. Tamaşanın üzərində 44 gün çalışmışıq, necə ki, Azərbaycan əsgəri 44 gün ərzində ərazi bütövlüyümüzü bərpa etdi. Onu da qeyd etmək istəyirəm ki, Nizaminin ailə həyatının bağı Dərbəndlə də bağlıdır. Belə ki, Dərbənd əmiri tərəfindən şairə kəniz kimi göndərilən Afaqla Nizami ailə həyatı qurur. Dərbəndlilər Nizami yaradıcılığını çox sevirlər”.
Səhnə əsərində dahi Nizaminin obrazını gənc aktyor Sərxan Səmədov canlandırıb.