Azərbaycan Könüllü Təşkilatları İttifaqı (AKTİ), “ASAN Könüllüləri” Təşkilatının “Mədəniyyət Carçısı” proqramı və Bakı Gənclər Mərkəzinin birgə təşkilatçılığı ilə istedadlı Azərbaycan könüllülərinin təqdimatında Üzeyir Hacıbəylinin doğum günü və Milli Musiqi Gününə həsr olunmuş konsert proqramı baş tutub.
Azərbaycan Könüllü Təşkilatları İttifaqından AZƏRTAC-a bildirilib ki, konsertdə İttifaqın sədri Yusif Vəliyev, “ASAN Könüllüləri” Təşkilatının sədri Emiliya Bayramova, Bakı Gənclər Mərkəzinin direktoru Nərgiz Babayeva, AKTİ katibliyi, eləcə də İttifaqa üzv təşkilatları təmsil edən könüllülər iştirak ediblər.
Könüllülərin ifasında müxtəlif xalq və bəstəkar mahnıları səsləndirilib, milli rəqslər səhnələşdirilib.
Sonda könüllülərə rəsmilər tərəfindən təşəkkürnamələr təqdim edilib.
“Tac”, “Ted Lasso” və “Kraliçanın addımı” serialları “Emmy mükafatları”nın qalibi seçilib.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, 73-cü mükafatlandırma mərasimi ötən gün Los-Acelesdə keçirilib.
“Tac” 24 kateqoriya üzrə namizədliyini irəli sürərək ümumi nominasiyalar arasında liderliyini saxlayıb. Bu filmlə bərabər ən yaxşı faciəvi serial adı uğrunda “Mandalorian”, “Qaqalar”, “Bridcerton”, “Qulluqçunun nağılı”, “Lavkraft ölkəsi”, “Duruş”, “Bu bizik” ekran əsərləri mübarizə aparıb.
Azərbaycan Turizm Bürosu aviabiletlər üzrə metaaxtarış mühərriki olan “Aviasales” ilə birgə sosial media istifadəçiləri üçün xüsusi kampaniyaya start verib.
Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, sentyabrın 17-dən etibarən başlayan kampaniya “Avisales” platformasının instaqram sosial şəbəkəsindəki izləyiciləri üçün nəzərdə tutulub.
Müsabiqənin şərtlərinə tam şəkildə əməl edən izləyicilər arasından xüsusi tətbiq vasitəsilə təsadüfi şəkildə seçiləcək qalib Azərbaycana biletlə mükafatlandırılacaq.
Şərtlərə əsasən, iştirakçılar “Aviasales”in instaqram səhifəsində müsabiqə paylaşımını bəyənərək onu öz hekayələrində yerləşdirməli, “Aviasales” və “Experience Azerbaijan” səhifələrini izləməli, şərhlərdə Azərbaycanda görmək istədikləri yerlər və ya digər turistik fəaliyyətlərlə bağlı fikirlərini bildirməlidirlər.
Müsabiqə sentyabrın 24-nə qədər davam edəcək.
Bundan əlavə, “Aviasales” auditoriyasının ölkəmizdə ilboyu mövcud olan səyahət imkanları ilə bağlı yaxından tanış olmaları məqsədilə platformanın instaqram səhifəsində ətraflı məlumat yayımlanıb. 12 hissədən ibarət olan paylaşım vasitəsilə ilin bütün ayları üzrə ölkəmizin görməli yerləri və turistik fəaliyyətlər cəlbedici görüntülərlə təqdim olunub.
Sosial media istifadəçiləri arasında təbliğatın vacibliyini vurğulayan Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid beynəlxalq təbliğat kampaniyaları çərçivəsində “Aviasales”lə qurulan əməkdaşlığın Azərbaycanın turizm imkanlarının hərtərəfli tanıdılmasına xidmət etdiyini qeyd edib.
O bildirib ki, müsabiqə şərtləri də istifadəçilər üçün Azərbaycanla bağlı maraq doğuran məqamları öyrənməyə imkan verir.
Qeyd edək ki, 2007-ci ildən istifadəyə verilmiş, hədəf bazarları Rusiya və MDB ölkələri olan “Aviasales” platforması aviabilet axtarış sistemdir. Aylıq auditoriyası təqribən 15 milyon təşkil edən “Aviasales” verilən axtarışa əsasən mövcud uçuşları seçimlərə uyğun müqayisə edir, sorğuya əsasən ziyarətçini aviaşirkət və agentliklərin rəsmi saytlarına yönəldir.
Xəzər rayonu Binə qəsəbəsində şəhid leytenant Məmməd Zamanlının xatirəsinə inşa olunan bulağın açılışı olub.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində Binə qəsəbə nümayəndəliyi, qazilər,149 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi, Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi, şəhidin ailə üzvləri və kənd sakinləri iştirak ediblər.
Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin rəisi polkovnik-leytenant İlkin Qayıbov şəhidin qısa, lakin hər bir gənc üçün örnək olan həyat və döyüş yolu barədə ətraflı məlumat verib.
Digər çıxış edənlər şəhidin Vətən müharibəsinin başladığı ilk gündən komandiri olduğu taqımın şəxsi heyəti ilə birlikdə hərbi əməliyyatlarda fəal iştirak etdiyini, şəxsi mərdlik və igidlik nümunələri göstərdiyini qeyd ediblər. Şəhidin yaxınlarına bir daha başsağlığı verilib.
H.Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistlərinin vətənpərvərlik mövzusunda ifaları tədbir iştirakçılarına duyğulu anlar yaşadıb.
Qeyd edək ki, Məmməd Zamanlı 1998-ci il avqustun 3-də Şərur rayonunun Püsyan kəndində anadan olub. Orta təhsilini M.Əsgərov adına Püsyan kənd orta məktəbində alıb, daha sonra isə Naxçıvan şəhər Heydər Əliyev adına Hərbi Liseydə təhsilini davam etdirib. 2015-ci il liseydən məzun olub, Heydər Əliyev adına Ali Hərbi Məktəbə qədəm qoyub. 2019-cu il iyul ayında Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissədə artilleriya üzrə leytenant rütbəsi ilə Vətənə xidmətə başlayıb.
2020-ci il sentyabrın 27-də Füzuli istiqamətində gedən döyüşlərə əsgərləri ilə birgə qatılan komandir, düşmən tərəfindən atılan mərmi nəticəsində şəhidlik zirvəsinə yüksəlib.
Azərbaycan Milli Xalça Muzeyində “Həyatını ilmələrdə yaşadan sənətkar: Zəhra Əliyeva” adlı mühazirə keçirilib.
Xalça Muzeyindən AZƏRTAC-a bildirilib ki, Əməkdar mədəniyyət işçisi, ölkəmizin tanınmış xalçaçılarından biri, xalça texnologiyalarının mahir bilicisi və tədris ustası Zəhra Əliyevanın doğum gününə həsr olunan mühazirədə sənətkarın fəaliyyəti barəsində ətraflı söhbət açılıb. Toxucu ailəsində böyüyən Zəhra xanımın görkəmli alim Lətif Kərimovun tələbəsi olduğu, onun dəvəti ilə 1969-cu ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda “Dekorativ-tətbiqi sənət” kafedrasının xalça bölməsində tədris ustası kimi fəaliyyətə başladığı bildirilib. Sənətkarın Qarabağın "Balıq" çeşnisi üzrə toxuduğu xalçanın 1968-ci ildə Moskvada Ümumdünya Gənclər sərgisində I yerə layiq görüldüyü söylənib. Qeyd edilib ki, xovlu və xovsuz xalçaların bütün toxunma texnikalarını mükəmməl bilən Zəhra Əliyeva 1997-ci ildən indiyədək Azərbaycan Milli Xalça Muzeyində çalışır. O, muzey toxucularına ənənəvi və unudulmaqda olan xalça texnologiyalarını öyrədir. Zəhra xanım 2001-ci ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında pedaqoji fəaliyyətlə məşğuldur.
Tədbirdə Z.Əliyevanın toxuduğu "Dəvə karvanı" xalçasının 2005-ci ildə Ər-Riyadda “İslam ölkələrində turizm və ənənəvi əl sənətkarlığı” adlı birinci beynəlxalq konfrans çərçivəsində keçirilən sərgidə birinci yeri tutduğu vurğulanıb. Zəhra Əliyevanın toxuduğu xalçaların yerli muzeylərimizlə yanaşı, xarici kolleksiyalarda qorunduğu bildirilib.
Özbəkistanın Qaraqalpaq Respublikasının mərkəzi Nukus şəhərində UNESCO-nun himayəsi ilə “Arxeologiya və turizm: potensialın müəyyənləşdirilməsi və milli irsin idarə olunması” mövzusunda beynəlxalq konfrans keçirilib.
Konfransda Özbəkistandan başqa Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Pakistan, Rusiya, Fransa, Tacikistan, Böyük Britaniya, Niderland, İtaliya, Monqolustan və digər ölkələrin alimləri, arxeologiya üzrə mütəxəssislər, ekspertlər iştirak ediblər.
Ölkəmizi bu tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktor müavini Şahin Mustafayev, institutun şöbə müdiri, professor Fərda Əsədov, Bakı Dövlət Universitetinin dosenti Qənirə Pirquliyeva təmsil edib.
Konfransı Özbəkistan Baş nazirinin müavini, turizm və idman naziri Aziz Abduhakimov açaraq bildirib ki, belə bir konfransın Qaraqalpaqda keçirilməsi Mərkəzi Asiya ölkələri üçün əlamətdar hadisədir və tədbirdə regionun arxeologiya sahəsi, görülən işlər və qarşıda duran vəzifələr diqqət mərkəzində olacaq.
Şahin Mustafayev “Mərkəzi Asiya və Azərbaycanın ortaq geomədəni rəmzi olaraq İpək Yolu”, Fərda Əsədov isə “Tarixçilər və arxeologiya: qarşılıqlı münasibətlər” mövzularında məruzələr ediblər. Konfransın bölmələr üzrə keçirilən iclaslardan birinə Şahin Mustafayev moderatorluq edib. O, məruzəsində bildirib ki, müasir dövrdə müxtəlif ölkələrin öz geomədəni sahələrini tanıtmaq üçün müəyyən dəyərləri özlərinə bir simvol, rəmz olaraq seçdikləri və təbliğ etdikləri şəraitdə ümumi tarixi və etnomədəni irsə sahib olan Azərbaycan və Mərkəzi Asiya ölkələrinin İpək Yolu fenomeninə xüsusi diqqət yetirmələri zərurəti ön plana çıxır. Çünki İpək Yolu bu ölkələrin həm qədim və Orta əsrlər tarixinə təsir edən, həm də müasir dövrdə yeni kommunikasıya sistemini və bu ölkələrin beynəlxalq ticarət əlaqələrinin dünyaya inteqrasiyasını müəyyənləşdirən bir amildir.