Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli filialı Milli Musiqi Günü ilə əlaqədar “Üzeyir Hacıbəyli zirvəsi” adlı videoçarx hazırlayıb.
İdarədən AZƏRTAC-a bildirilib ki, videoçarx kitabxananın sosial hesablarında oxuculara təqdim edilib.
Qeyd edilib ki, bu gün adını çox iftixarla qeyd etdiyimiz Üzeyir Hacıbəyli Azərbaycan musiqi mədəniyyəti tarixində milli bəstəkarlıq məktəbinin əsasını qoyub. Dahi bəstəkar Azərbaycan musiqisi tarixində ilk opera, ilk musiqili komediya və bir sıra digər janrlarda ilk nümunələrin yaradıcısı kimi xatırlanır. Onun işıqlı xatirəsi xalqının qəlbində əbədi olaraq daim yaşayacaq.
Azərbaycan kinosu tarixən görkəmli aktyorlarla yanaşı, korifey rejissorların sayəsində inkişaf tapıb. İstedadı, əməyi örnək olan, rejissor işində məktəb yaradan böyük sənətkarlardan biri də Xalq artisti, Azərbaycanın və Türkmənistanın Əməkdar incəsənət xadimi, görkəmli kinorejissor, ssenarist və aktyor Əjdər İbrahimovdur.
AZƏRTAC xəbər verir ki, bu gün Azərbaycan kinosunun inkişafında böyük xidməti olan Əjdər İbrahimovun vəfatından 28 il ötür.
Əjdər İbrahimov Aşqabadda dünyaya göz açıb. 1940-cı ildə Aşqabad Teatr Məktəbini bitirdikdən sonra Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Kinorejissorluq fakültəsində təhsil alıb. İkinci Dünya müharibəsinin iştirakçısı olub. 1952-ci ildə yenidən Aşqabada - “Türkmənfilm”ə qayıdıb. Burada “Firuzə”, “Xəzərin şərqində” və s. filmlərə quruluş verib. 1954-1959-cu illərdə Bakı kinostudiyasında işləyib. 1954-cü ildə Lətif Səfərovun quruluş verdiyi “Bəxtiyar” və Tofiq Tağızadənin 1955-ci ildə çəkdiyi “Görüş” filmlərində ikinci rejissor işləyib. Bakı kinostudiyasında quruluşçu rejissor kimi ilk böyük işini 1957-ci ildə reallaşdırıb və “Mosfilm”lə bu studiyanın birgə ekranlaşdırdığı “Bir məhəlləli iki oğlan” filminə İlya Qurinlə birlikdə quruluş verib. 1958-ci ildə “Onun böyük ürəyi” filmini çəkib. Bu filmin ssenarisini yazıçı İmran Qasımov qələmə alıb. Film Sumqayıt haqqında, burada gedən quruculuq işləri barədə idi. Süjetdə Böyük Vətən müharibəsi, ondan əvvəlki və sonrakı dövrlər əhatə edilib. Burada rejissor özü də Rəsulov rolunda çəkilib.
Bu filmə tamaşa edən Vyetnam mədəniyyət xadimləri Sovet İttifaqının müvafiq qurumlarına müraciətlərində rejissorun Vyetnam kinematoqrafiyasının formalaşdırılmasına yardım üçün onların ölkəsinə göndərilməsini xahiş ediblər. Hanoyda açılan kino məktəbinə minlərlə vyetnamlı ərizə vermişdi. O zaman Vyetnamda kino sənəti təzəcə ayaq açmağa başlamışdı. Bir neçə sənədli film çəkilmişdi. Burada ancaq Yaponiya və Fransanın filmləri göstərilirdi. Ancaq indi Vyetnamın öz kinosu yaradılırdı. Əjdər İbrahimov Vyetnamın əksər rayonlarını gəzib. Bu xalqı, onun adət-ənənələrini öyrənib. Kino məktəbi üçün uşaqlar toplayıb. Təhsildən sonra onların hamısına - Vyetnamın ilk peşəkar kinoaktyor və rejissorlarına diplomlar verilib. Beləliklə, 1959-1962-ci illərdə Vyetnam Demokratik Respublikasında ilk milli kino məktəbinin yaradılması, milli aktyor və rejissor kadrlarının hazırlanmasında fəal iştirak edib. Əjdər İbrahimovun bədii rəhbərliyi ilə “İki əsgər”, “Acgöz quş”, “Bir payız günündə” filmləri yaradılıb.
Bakıya qayıtdıqdan sonra o, burada “İyirmialtılar” filmini ekranlaşdırıb. Yazıçı İsa Hüseynovun ssenarisi əsasında çəkdiyi bu film sovet kinosunun ən qiymətli əsərlərindən hesab olunurdu. Bu film Moskvada keçirilən Ümumittifaq festivalında “Qızıl budaq” mükafatına layiq görülüb. Az sonra Əjdər İbrahimov həmin filmin davamı kimi “Ulduzlar sönmür” tarixi kino əsərini yaradıb. Bu film Nəriman Nərimanovun həyat və fəaliyyətini əks etdirir.
Ə.İbrahimov sonralar “Mosfilm”də rejissor kimi öz fəaliyyətini davam etdirir. Onun “Ürək əhvalatları”, “Məhəbbətim mənim, kədərim mənim” filmləri rejissorun şöhrətini daha da artırır.
Müxtəlif ölkələrdə çalışır, kino sənətinin inkişaf tapmasında əvəzsiz xidmətlər göstərir. Ancaq heç zaman Azərbaycanı, doğma torpağını unutmur.
Rejissor, eyni zamanda, “Vyetnamda gördüklərim”, “Günəş ağlayır”, “Döyüşən Vyetnamın kino sənəti” və s. kitabların müəllifidir.
Böyük sənətkar 1993-cü il sentyabrın 20-də dünyasını dəyişib.
Onun xatirəsi kinosevərlərin qəlbindən heç zaman silinməyəcək. Çünki onun yaradıcılığı insanları daim parlaq və xoş günlərə səsləyir. O, çalışdığı hər bir ölkədə milyonlarla kino həvəskarının sevimlisi olub.
Mədəniyyət Nazirliyi, “ASAN xidmət”, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası, Xətai Sənət Mərkəzinin və “ASAN Könüllülük Məktəbi”nin təşkilatçılığı ilə açılacaq “Misilsiz cəsarət” adlı rəsm sərgisinə əsər qəbulu bu gün dayandırılıb.
Dövlət Rəsm Qalereyasından AZƏRTAC-a bildirilib ki, sentyabrın 27-də təşkil ediləcək sərginin ekspozisiyasında Azərbaycan rəssamları və heykəltəraşlarının müxtəlif üslub və janrlarda Vətən müharibəsi qəhrəmanlarının xatirəsini əbədiləşdirdiyi əsərləri yer alacaq.
Qeyd edək ki, rəssamlar əsərlərinin sərgidə nümayişi üçün sentyabrın 20-dək müraciət edə bilərdilər.
Sərgi Nazirlər Kabineti yanında Operativ Qərargahın COVID-19 pandemiyası ilə əlaqədar qəbul etdiyi karantin qaydalarına uyğun keçiriləcək.
Qafqaz-İberoamerika Düşüncə Mərkəzi Kubanın tanınmış “Coro de Cámara Vocal Leo” xoru ilə birgə möhtəşəm layihəyə imza atıb.
Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, Kubanın “Coro de Cámara Vocal Leo” xoru ilk dəfə olaraq Azərbaycanın Dövlət Himnini ispan dilində ifa edib. Bu layihə Azərbaycanda hər il sentyabrın 18-də qeyd edilən Milli Musiqi Gününə həsr olunub.
Qeyd edək ki, “Coro de Cámara Vocal Leo” xoru1993-cü ildə təsis olunub. Xor Kuba, Meksika, İspaniya, Argentina, Almaniya, Qvatemala, Ekvador, Kolumbiya və ABŞ kimi ölkələrdə mühüm festivallarda iştirak edib.
Sentyabrın 27-də “Kopelhaus”da görkəmli Azərbaycan şairi Nizami Gəncəvinin 880 illiyi münasibətilə sərgi açılacaq.
AZƏRTAC xəbər verir ki, sərgi “Goethe-Zentrum Baku” və “Doklad” Müstəqil Sənət Platformasının birgə təşkilatçılığı ilə reallaşacaq. Sərgidə dahi şairin “Yeddi gözəl” əsərindən ilhamlanaraq ərsəyə gələn instalyasiyalar yer alacaq. Sərgidə yeddi pavilyonda nümayiş ediləcək instalyasiyaların dizayneri Anar Skandar, vizual rəssamı Aqil Abdullayevdir.
Oktyabrın 3-dək açıq qalacaq sərginin kuratoru Alfons Hugdur.
Sentyabrın 18-i və 19-da Estoniyanın paytaxtı Tallində “milli azlıqların yarmarkası” keçirilib.
Azərbaycan Diasporuna Dəstək Fondundan AZƏRTAC-a bildiriblər ki, Tallin şəhərinin mərkəzi Ratuş meydanında keçirilən yarmarkada ölkəmiz də təmsil olunub.
Estoniyadakı “Azərbaycan Evi” tərəfindən hazırlanmış guşədə ölkəmizin milli musiqiləri, rəqsləri, xalq geyimləri və milli mətbəximizin ləziz təamları festival iştirakçılarına təqdim edilib.
Azərbaycan tarixini, mədəniyyətini təsvir edən kitablar, milli məhsul və suvenirlərlə bəzədilən Azərbaycan guşəsi maraqla qarşılanıb. Guşədə Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi ilə hazırlanan, 44 günlük Vətən müharibəsinin şanlı Qələbəsinə həsr edilən “Xarıbülbül” və dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunan “Eternity” adlı musiqi albomları da nümayiş etdirilib.
Tədbirdə Estoniyada fəaliyyət göstərən, rəhbəri Yelena Əhmədova olan “Gratsia” rəqs qrupunun Azərbaycan milli rəqslərini nümayiş etdirməsi və Leyla Rəhimovanın ifasında “Azərbaycan” mahnısının səsləndirilməsi ilə yaddaqalan anlar yaşanıb.
Qeyd edək ki, Estoniya Milli Azlıqlar Forumunun təsis konfransı 1988-ci il sentyabrın 24-də Tallin Politexnik İnstitutunda keçirilib. O zaman Estoniyadakı Azərbaycan İcması həmin Forumun təsisçilərindən biri olub və hər il keçirilən festivalda bu məlumat xüsusi olaraq vurğulanır.
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında nəşr olunan nüfuzlu “Əl İttihad” qəzetində Azərbaycanın “Dubay Expo-2020” beynəlxalq sərgisindəki pavilyonu haqqında geniş məqalə dərc edilib.
AZƏRTAC xəbər verir ki, jurnalist Xana Əl-Həmmadinin müəllifi olduğu “Azərbaycan: Gələcəyin toxumları” sərlövhəli məqalədə Azərbaycanın bu sərgidə zəngin mədəniyyəti, milli geyimlərini, müasir inkişafını təqdim edəcəyi qeyd olunub. Müəllif yazıb ki, 2086 kvadratmetr sahəsi olan “Azərbaycan” pavilyonu ağac və yarpaqları formasında, yaşıl rəngin üstünlük təşkil etdiyi unikal dizaynı ilə seçilir. O, ziyarətçilərə insanın təbiətlə sıx vəhdətini xatırladır. Məhz bu səbəbdən Azərbaycan bu sərgidə “Gələcəyin toxumları” devizi ilə təmsil olunacaq. Bu deviz insanlara firavan gələcək və cəmiyyətə dayanıqlı inkişaf şəraiti yaradan sərmayələrə işarətdir.
Məqalədə qeyd olunub ki, pavilyonun içərisində eskalatorlarla birləşdirilən dörd seksiya fəaliyyət göstərəcək və burada Azərbaycanın iqlimi, təbiəti, biosferi, zəngin mədəni irsi təqdim ediləcək. Sonuncu mərhələdə milli mətbəxi təqdim edəcək restoran və açıq eyvan var.
Yazıda Azərbaycan kulinariyası, milli geyimlərimiz haqqında məlumat verilib. Müəllif diqqətə çatdırıb ki, Azərbaycanda qastronomik festivallar keçirilir və bunların sırasında Göyçayda təşkil edilən “Nar festivalı” əlamətdar mədəniyyət tədbiri kimi də tanınır.
Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində sentyabrın 21-də Mədəniyyət Nazirliyi və Milli Kitabxananın “Milli Musiqi xəzinəmizdən (Azərbaycan Milli Kitabxanasının fondundan)” mövzusunda həyata keçirdiyi birgə layihə çərçivəsində son iki ildə nəşr olunmuş Azərbaycan bəstəkarlarının not məcmuələrinin (cəmi 40 məcmuə) təqdimatına həsr edilmiş tədbir keçiriləcək.
AZƏRTAC xəbər verir ki, təqdimat mərasimi Mədəniyyət Nazirliyi, Bəstəkarlar İttifaqı və Milli Kitabxananın birgə təşkilatçılığı ilə realllaşacaq.
Bakıda ilk dəfə Ümumdünya Düyü Gününə həsr olunmuş festival keçirilib.
AZƏRTAC xəbər verir ki, festivalda Azərbaycanda istehsal olunan düyü növləri və onlardan hazırlanan 50-dək yemək nümayiş olunub. Yerli və xarici aşpazların hazırladıqları yeməklər maraqla qarşılanıb. Tədbirdə əsasən süfrələri milli mətbəximizə məxsus təamlar bəzəyib. Azərbaycanda fəaliyyət göstərən 5-dən çox ölkənin səfirliyi də öz mətbəx nümunələrini təqdim edib. Tədbirdə iştirak edən 50 həvəskar aşpazın iştirakı ilə müsabiqə də təşkil olunub. Gün böyü davam edən festivalda səsləndirilən musiqi nömrələri və əyləncəli proqramlar bütün iştirakçıların zövqünü oxşayıb.
Gələn il İtaliyada keçiriləcək “Avroviziya-2022” mahnı müsabiqəsində ölkəmizin iştirakı təsdiqlənib.
İctimai Televiziya və Radio Yayımları Şirkətindən Report-a verilən məlumata görə, gələn ilin mayında baş tutacaq bu müsabiqədə ölkəmizi kimin təmsil edəcəyi hələlik müəyyən edilməyib.
Müsabiqənin İtaliyanın hansı şəhərində baş tutacağı da məlum deyil. Hazırda bunun üçün namizəd şəhərlər var, lakin yekun qərar verilməyib.
Qeyd edək ki, dünyanın ən baxımlı və populyar mahnı müsabiqəsi olan “Avroviziya”nın Azərbaycanda rəsmi yayım hüququ İctimai Televiziya və Radio Yayımları Şirkətinə məxsusdur.
“Avroviziya-2022” mahnı müsabiqəsinin Azərbaycan üzrə nümayəndə heyətinin rəhbəri tanınmış bəstəkar və prodüser İsa Məlikovdur.