Dövlət Turizm Agentliyi və Medianın İnkişafı Agentliyi (MEDİA) KİV nümayəndələri və peşəkar fotoqraflar arasında müsabiqə elan edir.
Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, “Azərbaycanın turizm potensialını tanıt” mövzusunda keçirilən müsabiqə 20 sentyabr – 20 oktyabr 2021-ci il tarixlərini əhatə edəcək.
Müsabiqədə iştirak edən yazı, TV süjet və fotolar 5 nəfərdən ibarət müstəqil münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.
Hər nominasiya üzrə 1-ci yerin sahibləri cari ilin noyabr ayında BƏƏ-nin Dubay şəhərində keçiriləcək “EXPO 2020 Dubai” tədbirində Azərbaycan pavilyonunun ziyarət etmək üçün 3 günlük iştirak haqqı qazanacaq. 2-ci yerin sahibləri Şuşaya 3 günlük səfər (“Xarı Bülbül” hoteli), 3-cü yerin sahibləri isə “Şahdağ” Turizm Mərkəzinə (“Şahdağ Hotel və Spa”) 3 günlük səfər haqqı qazanacaq.
Müsabiqənin şərtləri:
- Təqdim edilən məqalələrdə, fotolarda və televiziya süjetlərində mövzu tam əks etdirilməlidir;
- Məqalələr, fotolar və televiziya süjetləri yeni olmalıdır, müsabiqənin qüvvədəolma müddətinədək olan dövrü (20 sentyabr – 20 oktyabr 2021-ci il) əhatə etməlidir və əvvəllər hər hansı müsabiqəyə təqdim edilməməlidir;
- Müsabiqədə Azərbaycanda dövlət qeydiyyatına alınmış KİV-in nümayəndələri və müstəqil jurnalistlər iştirak edə bilərlər;
- Hər bir jurnalist, müxbir və fotoqraf müsabiqəyə yalnız bir məqalə, süjet və ya foto təqdim edə bilər;
- Müsabiqəyə təqdim ediləcək məqalənin həcmi 8 min çap işarəsindən, televiziya süjeti 3 dəqiqədən, fotolar isə peşəkara fotokamera ilə çəkilməklə 3000 piksel-ə qədər ölçüdən və JPEG formatında 5 meqabayt (MB) ölçüdən az olmadan göndərilməlidir;
- Məqalə və televiziya süjeti Azərbaycanda dövlət qeydiyyatına alınmış KİV-də çap olunmalı və ya yayımlanmalıdır;
- Materialın sonunda “Dövlət Turizm Agentliyi tərəfindən elan edilmiş müsabiqəyə təqdim edilir” sözlərindən ibarət titr qeyd olunmalıdır;
- Material qəzetdə və ya jurnalda dərc edilərsə, onun 1 nüsxəsi, elektron portalda yerləşdirilərsə, A4 formatlı vərəqdə (Arial, 12 şrift) çap olunmalı və link əlavə edilməlidir.
- Fotolar orijinal formatda, ad, soyad, əlaqə vasitəsi və aid olduğu mövzu qeyd edilməklə “fikrat.tahmazov@tourism.gov.az” ünvanına göndərilməlidir.
- Televiziya süjeti DVD-də olmaqla, KİV nümayəndəsinin vəsiqəsinin surəti ilə birlikdə 20 oktyabr 2021-ci il tarixinədək Dövlət Turizm Agentliyinə (Ünvan: Nizami küçəsi 96E, Landmark 1, AZ1010), materialın elektron versiyası isə həmin tarixədək “fikrat.tahmazov@tourism.gov.az” poçt ünvanına göndərilməlidir.
Müsabiqə ilə bağlı əlavə məlumatı Dövlət Turizm Agentliyinin məsul əlaqələndiricisindən almaq olar: (tel: +994512296043, Fikrət Təhməzov).
Materialların qiymətləndirilmə meyarları:
- Aid olduğu mövzunu əhatə etməsi, jurnalist araşdırması,
- Əsaslandırma və faktların əlaqələndirilməsi;
- Materialın informasiyalılıq səviyyəsi;
- Yazının və reportajın dil və üslub xüsusiyyətləri;
- Jurnalist obyektivliyi, qərəzsizliyi, tərəfsizliyi;
- Müqayisəli təhlil üslubu;
- İctimai maraqların müdafiəsi.
Azərbaycanda bütün mədəniyyət müəssisələrinin daha optimal idarə edilməsi üçün təkliflər hazırlanır.
Bu barədə AZƏRTAC-a məxsusi açıqlamasında Azərbaycan mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev məlumat verib.
Elnur Əliyevin sözlərinə görə, Mədəniyyət Nazirliyi mədəniyyət müəssisələrinin həm hüquqi, həm də maliyyələşmə bazasının yeniləşdirilməsinə, onlara daha çox sərmayə yatırılmasına nail olmaq istəyir.
“Azərbaycanda mədəniyyət sahəsində aparılan islahatların kökündə duran əsas siyasət mədəni dəyərlərimizə tam sahib çıxmaqdır. Ölkəmizin kifayət qədər zəngin və dərin mədəniyyəti var. Bu mədəniyyətdən irəli gələn dəyərlərə sahib çıxdıqca, daha güclü Azərbaycan görəcəyik”, - deyə Elnur Əliyev əlavə edib.
İşğaldan azad olunan ərazilərimizdə mədəniyyət müəssisələrinin və tarixi abidələrin bərpası, yenidən qurulması istiqamətində işlərin aparıldığını deyən Elnur Əliyev bildirib ki, ilkin mərhələdə tarixi abidələrin bərpası üçün reyestr hazırlanır, mümkün maliyyələşmə mənbələri dəqiqləşdirilir. Buna paralel olaraq həmin ərazilərdə mədəniyyət müəssisələrinin normal fəaliyyəti üçün də müvafiq tədbirlər görülür.
18 sentyabr – dahi Azərbaycan bəstəkarı və musiqişünası, milli bəstəkarlıq məktəbinin banisi, müasir Azərbaycan musiqi mədəniyyətinin qurucusu, Şərqdə ilk opera və musiqili komediyaların yaradıcısı, böyük mütəfəkkir alim, pedaqoq, dramaturq, publisist Üzeyir Hacıbəylinin doğum günü - ölkəmizdə musiqi bayramı kimi qeyd olunur.
Azərbaycan Respublikası Prezidentinin “Üzeyir Musiqi Gününün keçirilməsi haqqında” 1995-ci il 18 sentyabr tarixli Fərmanına uyğun olaraq hər il sentyabrın 18-də ənənəvi Üzeyir Musiqi Günü keçirilir. Bunun da böyük mədəni və tarixi əhəmiyyəti vardır. Bu, Üzeyir Hacıbəylinin adının və irsinin əbədiləşdirilməsi, qorunması, təbliği və gələcək nəsillərə ötürülməsi yolunda atılan mühüm addımdır.
Milli Musiqi Günü münasibətilə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “18 sentyabr – Milli Musiqi Günü” adlı virtual sərgi hazırlanıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə mövzu ilə əlaqəli kitablar, məqalələr, fotolar nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Milli_Musiqi_gunu/index.htm linkindən istifadə edə bilərlər.