Bu gün saat 16:00-da Azərbaycan Milli Xalça Muzeyində “Həyatını ilmələrdə yaşadan sənətkar: Zəhra Əliyeva” adlı mühazirə keçiriləcək.
Muzeydən AZƏRTAC-a bildirilib ki, mühazirə Azərbaycanın Əməkdar mədəniyyət işçisi, ölkəmizin tanınmış xalçaçılarından biri, xalça texnologiyalarının mahir bilicisi və tədris ustası Zəhra Əliyevanın doğum gününə həsr olunur.
Karantin qaydalarına əsasən, mühazirədə 10 nəfər iştirak edə bilər. Bunu nəzərə alaraq, iştirak etmək istəyənlər https://forms.gle/j8YeNXpLbFVg6ZfLA linkindən qeydiyyatdan keçə bilərlər.
Məlumat üçün qeyd edək ki, muzeyə yalnız koronavirusa qarşı I doza peyvənd olunmuş və ya COVID-19 pasportu olan iştirakçıların girişinə icazə verilir.
Mühazirə Azərbaycan dilində aparılacaq.
Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası növbəti dəfə Çində səhnəyə qoyulub. Çində keçirilən “Bir kəmər, bir yol - Böyük Çin səddi” beynəlxalq folklor və incəsənət festivalı çərçivəsində sentyabrın 16-da Lanfan şəhərindəki İpək Yolu Beynəlxalq İncəsənət Mərkəzində operettanın yeni quruluşda premyerası (konsert versiyası) təqdim olunub.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Mədəniyyət Nazirliyi, ölkəmizin Çindəki səfirliyi, Çinin Hebey vilayəti xalq hökuməti, Tiencin şəhər bələdiyyəsi və “ENN Group”un dəstəyi ilə hazırlanan konsert 18 sentyabr - Milli Musiqi Gününə və Üzeyir Hacıbəylinin doğum gününə həsr olunub.
Çinin dövlət qurumlarının, diplomatların, incəsənət adamlarının və Çin ictimaiyyətinin nümayəndələrinin tamaşa etdiyi konsertdən əvvəl çıxış edən Azərbaycanın Çindəki səfiri Əkrən Zeynallı tarixi İpək yolunun bəşəriyyət mədəni inkişafında, müxtəlif xalqlar arasında mədəni əlaqələrin inkişafında mühüm rol oynadığını, İpək yolu üzərində yerləşən Azərbaycanın öz nadir mədəni irsi, o cümlədən musiqisi, ədəbiyyatı ilə tarixən diqqət çəkən bir diyar olduğunu bildirib.
Səfir Ə.Zeynallı görkəmli ictimai xadim, dahi bəstəkar, Azərbaycan klassik musiqisinin və müsəlman Şərqində operanın banisi Üzeyir Hacıbəyli haqqında məlumat verərək deyib ki, Azərbaycan peşəkar bəstəkarlıq məktəbinin yaradıcısı olan Üzeyir bəy “Qafqazın konservatoriyası” olan Şuşada böyüyüb. Hələ gənc yaşlarında müsəlman dünyasında ilk opera olan “Leyli və Məcnun”u bəstələyən Üzeyir Hacıbəyli dünya musiqi tarixinə adını yazdırıb.
Vurğulanıb ki, dahi bəstəkarın doğum günü olan 18 sentyabr Azərbaycanda Milli Musiqi Günü kimi qeyd olunur, bu münasibətlə ölkəmizdə “Üzeyir Hacıbəyli” beynəlxalq musiqi festivalı təşkil olunur. Builki festival sentyabrın 18-24-də Qarabağda, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada təşkil olunacaq.
Sonra səhnə musiqiçilərin ixtiyarına verilib. Tiencin şəhərinin Mahnı və Rəqs Opera Teatrının orkestrinin və vokalçılarının ifasında “Arşın mal alan” operettası Çin dilində yeni quruluşda təqdim olunub. Əsərin librettosu müasir həyata uyğunlaşdırılaraq, çinli tamaşaçılar üçün daha anlaşılan edilib. Hazırlıq prosesi təxminən 3 ay davam edib.
Tamaşanın baş məsləhətçisi və koordinatoru Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, beynəlxalq müsabiqələr laureatı, Əməkdar artist Əyyub Quliyev, baş rejissoru Lanfan şəhərindəki İpək Yolu Beynəlxalq İncəsənət Mərkəzinin bədii rəhbəri Klaudia Yanq, opera üzrə kastinq direktoru Li Saofey və Lu Şen, orkestrin dirijoru Sun Cinkay olub. Rolları Çində 1-ci dərəcəli ifaçılardan olan, beynəlxalq müsabiqələr laureatı Van Cınan (Əsgər rolu), beynəlxalq müsabiqələr laureatı Can Yanron (Gülçöhrə rolu) və digərləri ifa ediblər. İfaçıların improvizasiyaları, ifa zamanı arabir Çin elementlərindən də istifadə olunması maraqla qarşılanıb və konsert böyük anşlaqla keçib.
Qeyd edək ki, bu, “Arşın mal alan” operettası Çin ictimaiyyətinə yaxşı tanışdır. Əsər ilk dəfə Çində 1959-cu il mayın 30-da Pekin Eksperimental Teatrında səhnəyə qoyulub. Diqqət çəkən məqam odur ki, “Arşın mal alan” Çində səhnəyə qoyulan ilk xarici operetta olub. Operetta həmin il ərzində Uhan Eksperimental Opera Evi və Tiencin Dövlət İncəsənət Teatrı da daxil olmaqla 3 teatr truppası tərəfindən Çinin müxtəlif şəhərlərində təqdim olunub. Sonrakı illərdə də əsər bir neçə dəfə səhnələşdirilib. Sonuncu dəfə isə 2010-cu ildə Pekində Çin Milli Operasının truppası tərəfindən səhnəyə qoyulub.
Türkiyənin Bursa şəhəri 2022-ci ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib.
AZƏRTAC xəbər verir ki, bu haqda qərar TÜRKSOY-un üzvü olan ölkələrin mədəniyyət nazirlərinin Daimi Şurasının qədim Xivə şəhərində keçirilən iclasında qəbul edilib.
Tədbiri Özbəkistan Baş nazirinin müavini, turizm və idman naziri Aziz Abduhakimov açaraq, müzakirə olunacaq məsələlər haqqında məlumat verib.
İclasda Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ərsoy, Azərbaycanın mədəniyyət naziri Anar Kərimov və digər nazirlər çıxış edərək TÜRKSOY çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsi, üzv ölkələrdə mədəni tədbirlərin keçirilməsi, o cümlədən türk dünyasının tanınmış şəxsiyyətlərinin yubileylərinin təşkili məsələləri barədə danışıblar.
Mehmet Nuri Ərsoy bildirib ki, ötən il keçirilməli olan bu iclas pandemiya ilə əlaqədar bu ilə keçirilib.
Anar Kərimov vurğulayıb ki, Azərbaycan tərəfi işğaldan azad olunan qədim Şuşa şəhərinin 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi üçün müraciət edəcək.
Qırğız yazıçısı Toktobolot Abdumomunovun və SSRİ Xalq artisti, bəstəkar Fikrət Əmirovun anma tədbirlərinin keçirilməsi, Osmanlı şahzadəsi, sufi Süleyman Çələbinin ölümünün 600 illiyinin qeyd olunması da qərara alınıb.
Tədbirdə TÜRKSOY-a sədrlik Özbəkistandan Türkiyəyə keçib. Özbəkistanın mədəniyyət naziri Azadbek Nazarbekov təşkilatın simvolunu Mehmet Nuri Ərsoya təqdim edib.
Sonda əməkdaşlığın genişləndirilməsi ilə bağlı bir sıra sənədlər imzalanıb.
İclasda Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev də iştirak edib.
Madrid əvvəlki kimi turizmin dünya etalonu olacaq.
AZƏRTAC xəbər verir ki, Madriddə Ümumdünya Turizm Təşkilatının (ÜTT) yeni mənzil-qərargahının tikintisinə 2022-ci ildə başlanılacaq. Memarların hesablamalarına görə, tikintiyə təqribən 15 ay sərf olunacaq.
Bu barədə İspaniyanın sənaye, ticarət və turizm naziri Reyes Maroto və ölkənin xarici işlər naziri Xose Manuel Albares ÜTT-nin Baş katibi Zurab Pololikaşvili və Madridin meri Xose Luis Martines-Almeyda ilə təşkilatın yeni mənzil-qərargahı üçün ayrılan yeri ziyarət etdikdən sonra birgə mətbuat konfransında bəyan ediblər.
İspaniyanın xarici işlər naziri Xose Manuel Albares ÜTT-nin İspaniya hüdudlarında kənara köçürülməsi kimi hər hansı fərziyyəni istisna edib, çünki təşkilatın mənzil-qərargahının ölkə ərazisində qalması Madrid üçün prioritet məsələdir.
Turizm məsələləri ilə məşğul olan əsas beynəlxalq təşkilat - ÜTT hamı üçün məsuliyyətli, dayanıqlı və əlçatan turizmin inkişafından ötrü 1975-ci ildə yaradılıb. Bir ildən sonra qurum BMT-yə birləşdirilib, daha sonra – 2003-cü ildə ixtisaslaşdırılmış agentliyə çevrilib. Yaradıldığı gündən mənzil-qərargahı Madriddə yerləşir, burada 152 əməkdaş fəaliyyət göstərir.
İspaniya özünün turizm sahəsinin bərpasına nikbinliklə ümid edir. Bu, ölkələr arasında səfərləri sadələşdirən vasitələrin təqdimatı ilə də bağlıdır. Belə ki, 24 milyondan artıq rəqəmsal COVID sertifikatı məhz İspaniyada verilib.
“BBC News” televiziya kanalının saytında Azərbaycan zəngin mədəni irsindən bəhs edən “Keçmişlə gələcəyin astanasında olan Azərbaycan mədəniyyəti ziyarətçilərə unudulmaz təəssürat bəxş edir” sərlövhəli məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycanın dolğun və çeşidli mədəni irsə malik olduğu bildirilir. Müəllif qeyd edir ki, zəngin və özünəməxsus mətbəx, ənənəvi sənətkarlıq nümunələri və əl işləri, təbiətin gözəlliyi və memarlıq möcüzələri, milli musiqi və incəsənət Azərbaycana ilk dəfə gələnləri ölkəni kəşf etmək üçün haradan başlamaqla bağlı seçimlərində çətinliyə sala bilər.
Qeyd olunur ki, Bakıdan 60 kilometr məsafədə yerləşən Qobustan Milli Tarixi-Bədii Qoruğu və ya “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu turistlər üçün maraqlı ziyarət yerləridir.
Məqalədə Azərbaycanın piti, plov, dolma, qutab kimi milli təamlarına geniş yer verilir. Hər il Göyçayda keçirilən Nar festivalından bəhs olunur.
Oxucuların diqqətinə çatdırılır ki, milli musiqi, rəqslər və rəngarəng xalq nağılları Azərbaycanın qədim mədəniyyət nümunələri hesab olunur. Bəzi milli incəsənət nümunələrinin tarixi min illərlə ölçülür.
Müəllif Azərbaycanda muğam sənətinin inkişafı, UNESCO-nun qərarı ilə dünya mədəniyyətinin qeyri-maddi irsinin bəşəri əhəmiyyətə malik sərvətləri sırasına daxil edildiyini vurğulayır.
Rusiyada, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində yerləşən “Azərbaycan” pavilyonunda sentyabrın 17-dən oktyabrın 7-dək Sergey Andriyakanın fərdi sərgisi keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Rusiyanın Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının həqiqi üzvü, Akvarel Akademiyası və Məktəbinin rektoru və yaradıcısı Sergey Andriyaka Rusiyada akademik akvarel rəssamlığının əsas ustadlarından biri kimi məşhurdur.
Ustadın yaradıcılığı doğma ölkəsinə, Rusiyanın qədim şəhərlərinin bənzərsiz füsunkarlığına, memarlıq abidələrinin cəzbedici gözəlliyinə və qədim əşyaların dəyərinə həsr olunub. Sergey Nikolayeviçin əsərlərinə tamaşaçı üçün ətraf mühitin gözəlliyini açır. Rəssamın təkrarolunmaz yaradıcılıq tərzi akvarel rəssamlığının klassik ənənələrini və XIX əsrin akademik rəsminin varisliyini nümayiş etdirir.
Rəssam yaradıcılıqla yanaşı, pedaqoji fəaliyyətlə də məşğul olur. Onun müəllifi olduğu çoxlaylı akvarel rəssamlığı üzrə tədris metodikası Akvarel Akademiyası və Məktəbində uğurla tətbiq olunur.
“Azərbaycan” pavilyonundakı sərginin ekspozisiyasında Sergey Andriyakanın natürmort və təbiət təsvirləri janrında müxtəlif illərdə çəkdiyi məşhur rəsm əsərləri nümayiş etdiriləcək.
İctimaiyyətə məlum olduğu kimi, iki ilə yaxındır, dünya ölkələrinin qlobal probleminə çevrilən pandemiya bütün sahələrə, xüsusən mədəniyyət sahəsinə öz mənfi təsirini göstərib. Etiraf etməliyik ki, bu baxımdan ən çox zərər çəkən sahə teatr, kino sahəsidir. Bu gün kinoteatrların, teatr-konsert müəssisələrinin fəaliyyətinin bərpa olunması Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, xüsusən mədəniyyət nazirinin şəxsi diqqətindədir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Mədəniyyət Nazirliyinin yaydığı açıqlamada yer alıb.
Açıqlamada deyilir: “Pandemiya şərtlərinə əməl edilməklə, kinoteatrların, teatr-konsert müəssisələrinin fəaliyyətinin qismən bərpasına icazə verilməsi ilə bağlı tərəfimizdən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət ünvanlanıb. Qeyd edək ki, hazırda davam edən Bakı Caz Festivalının, ötən il onlayn formatda keçirilən Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının böyük məhdudiyyətlərlə olsa da, bu il canlı keçirilməsinə nail olmuşuq. Hazırkı şəraiti nəzərə alaraq, bu fakt özü özündə ölkə rəhbərliyinin məsələyə verdiyi önəmin bir göstəricisidir. Bu festivallar bizim üçün bir sınaq rolunu oynayır. Belə ki, gedişat uğurlu olarsa, bunu teatr-konsert müəssisələrinin açılmasına yönəlik müsbət addım hesab etmək olar. Doğrudur, teatr-konsert müəssisələrində fəaliyyət göstərən əməkdaşların böyük əksəriyyəti vaksinasiyadan keçmişdir. Ancaq bu işdə təkcə müəssisələrə deyil, vətəndaşlarımızın da üzərinə sosial məsuliyyət düşür. Vaksinasiya prosesində uğurlu nəticələr əldə edildikdən sonra kinoteatrların, teatr-konsert müəssisələrinin fəaliyyətinin ənənəvi qaydada bərpa ediləcəyinə ümid edirik. İnanırıq ki, bu bəla xalqımızın başı üzərindən sovuşacaq və ölkəmizdə həyat tezliklə öz axarına qayıdacaq. Amma hələ ki, bu real təhlükə mövcuddur və dövlətimiz, ilk növbədə, əhalinin sağlamlığını düşünməyə məcburdur”.
İncəsənət tarixinin ən görkəmli simalarından olan holland rəssam Vinsent Van Qoqa məxsus qara qələmlə çəkilmiş möhtəşəm rəsm əsərləri ilk dəfə Niderlandın paytaxtı Amsterdamda nümayiş olunub.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, Van Qoq muzeyinin tədqiqatçıları, rəsmin daha əvvəl heç yerdə nümayiş edilmədiyini və ilk dəfə ortaya çıxdığını ifadə edərkən, "Study for Worn Out" əsərinin Van Qoqun karyerasının başlanğıcında 1882-ci ildə çəkildiyini bildirilər.
Niderlandiyalı ailənin şəxsi kolleksiyasına saxlanılan sözügedən rəsm 2022-ci ilin yanvarın 2-dək sərgiləndikdən sonra həmin ailəyə geri qaytarılacaq.