Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin məlumatı
    İctimaiyyətə məlum olduğu kimi, iki ilə yaxındır, dünya ölkələrinin qlobal probleminə çevrilən pandemiya bütün sahələrə, xüsusən mədəniyyət sahəsinə öz mənfi təsirini göstərib. Etiraf etməliyik ki, bu baxımdan ən çox zərər çəkən sahə teatr, kino sahəsidir. Bu gün kinoteatrların, teatr-konsert müəssisələrinin fəaliyyətinin bərpa olunması Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, xüsusən mədəniyyət nazirinin şəxsi diqqətindədir. Öncə də bildirdiyimiz kimi, pandemiya şərtlərinə əməl edilməklə, kinoteatrların, teatr-konsert müəssisələrinin fəaliyyətinin qismən bərpasına icazə verilməsi ilə bağlı tərəfimizdən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət ünvanlanmışdır. Qeyd edək ki, hazırda davam edən Bakı Caz Festivalının, ötən il online formatda keçirilən Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının böyük məhdudiyyətlərlə olsa da, bu il canlı keçirilməsinə nail olmuşuq. Hazırkı şəraiti nəzərə alaraq, bu fakt özü özündə ölkə rəhbərliyinin məsələyə verdiyi önəmin bir göstəricisidir. Bu festivallar bizim üçün bir sınaq rolunu oynayır. Belə ki, gedişat uğurlu olarsa, bunu teatr-konsert müəssisələrinin açılmasına yönəlik müsbət addım hesab etmək olar.  Doğrudur, teatr-konsert müəssisələrində fəaliyyət göstərən əməkdaşların böyük əksəriyyəti vaksinasiyadan keçmişdir. Ancaq bu işdə təkcə müəssisələrə deyil, vətəndaşlarımızın da üzərinə sosial məsuliyyət düşür.  Vaksinasiya prosesində uğurlu nəticələr əldə edildikdən sonra kinoteatrların, teatr-konsert müəssisələrinin fəaliyyətinin ənənəvi qaydada bərpa ediləcəyinə ümid edirik. İnanırıq ki, bu bəla xalqımızın başı üzərindən sovuşacaq və ölkəmizdə həyat tezliklə öz axarına qayıdacaq. Amma hələ ki, bu real təhlükə mövcuddur və dövlətimiz ilk növbədə əhalinin sağlamlığını düşünməyə məcburdur.
  • Xarkovda Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsinin açılış mərasimi olub
    Ukraynanın ikinci böyük şəhəri olan Xarkovda dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsinin açılış mərasimi keçirilib. Abidə 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsinə dair Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamından irəli gələrək Azərbaycanın Ukraynadakı səfirliyi, Xarkovdakı Fəxri konsulluğu və Xarkov şəhər meriyasının birgə dəstəyi ilə ucaldılıb. Şəhərin mərkəzi hissəsində ucaldılan abidənin açılış mərasimində Azərbaycanın mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, Azərbaycan-Ukrayna Parlamentlərarası Dostluq Qrupunun həmsədri Rüfət Quliyev, Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova və Xarkov Şəhər Şurasının katibi, merin səlahiyyətlərini icra edən İqor Terexov, Xarkov Vilayət Dövlət Administrasiyası sədrinin müavini Yevgeni Qritskov, Azərbaycanın Xarkovdakı Fəxri konsulu Əfqan Salmanov, Xarkov vilayət Administrasiyası rəsmiləri, deputatlar, Azərbaycanın diaspor rəhbərləri, soydaşlarımız, şəhər sakinləri iştirak ediblər. Açılış mərasimi Ukrayna və Azərbaycanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Sonra çıxış edən İqor Terexov bildirib ki, adları dünya tarixinə qızıl hərflərlə yazılmış şəxsiyyətlər arasında dahi mütəfəkkir Nizami Gəncəvi də var. Bu abidənin açılışı təkcə şəhər üçün deyil, həm də Ukrayna üçün əlamətdar bir hadisədir. “Mən Azərbaycana öz minnətdarlığımı bildirirəm ki, Nizami Gəncəvi kimi dahi insanın abidəsi üçün Xarkov şəhərini seçib”, - deyə İqor Terexov əlavə edib. Dahi şairin abidəsinin Xarkovda ucaldılmasının tarixi hadisə olduğunu deyən Azərbaycanın mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev qeyd edib ki, Xarkov şəhəri Ukraynanın paytaxtı olub, burada güclü Azərbaycan diasporu fəaliyyət göstərir. Nizami Gəncəvinin heykəlinin ucaldılması soydaşlarımız və şəhər sakinləri üçün əlamətdar hadisədir. “Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir. Azərbaycanın klassik ədəbi-mədəni irsinə həmişə milli təəssübkeşlik və vətənpərvərlik mövqeyindən yanaşan ümummilli lider Heydər Əliyev Nizami irsinə də xüsusi diqqət yetirib. Bu gün bu qayğı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir”, - deyə Elnur Əliyev vurğulayıb. Səfir Elmira Axundova isə çıxışında qeyd edib ki, Xarkov şəhərində dahi şair və mütəfəkkir Nizami Gəncəvinin abidəsinin ucaldılması Azərbaycan ilə Ukrayna arasında etibarlı tərəfdaşlığın bariz nümunəsidir. O dünyəvi şair olduğu üçün bəzi ölkələrdə abidəsi ucaldılır. Nizami Gəncəvi lirikası yüksək sənətkarlığı, məhəbbətə dünyəvi münasibəti, insan taleyi haqqında humanist düşüncələri onu dünyada sevdirib. “Mən inanıram ki, Nizami Gəncəvinin abidəsi olan park şəhər sakinlərinin və qonaqların sevimli məkanına çevriləcək”,- deyə səfir əlavə edib. Tədbirdə daha sonra Milli Məclisin deputatı Rüfət Quliyev, Xarkov Vilayət Dövlət Administrasiyası sədrinin müavini Yevgeni Qritskov çıxış edərək iştirakçılara öz təbriklərini çatdırıblar. Abidənin müəllifi, Ukraynanın xalq rəssamı Katib Məmmədov göstərdikləri dəstəyə görə, Azərbaycanın Ukraynadakı səfirliyinə, Xarkovdakı Fəxri konsulluğuna və Xarkov şəhər meriyasının rəhbərliyinə təşəkkürünü bildirib. Bundan sonra Nizami Gəncəvinin abidəsinin üzərindəki örpək açılıb. Təntənəli açılış mərasimlə əlaqədar olaraq Xarkov Vilayət Filarmoniyasının binasında konsert keçirilib. Konsertdə Azərbaycanın Xalq artisti, professor Yalçın Adıgözəlovun rəhbərliyi ilə Xarkov Simfonik Orkestrinin ifasında Azərbaycan, Ukrayna və Avropa bəstəkarlarının əsərləri səsləndirilib. Xatırladaq ki, Heydər Əliyev Fondunun dəstəyi və təşəbbüsü ilə Ukraynanın paytaxtı Kiyev şəhərinin mərkəzi hissəsində, Taras Şevçenko adına Kiyev Milli Universitetinin Nəbatat Bağında da Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsinin ucaldılmasına dair Anlaşma Memorandumu imzalanıb.
  • Ukraynanın Xarkov vilayəti Azərbaycanla mədəni əməkdaşlığı genişləndirmək istəyir
    Sentyabrın 15-də Xarkov Vilayəti Şurasının sədri Tatyana-Yeqorova Lutsenko və Xarkov Dövlət Vilayət Administrasiyasının sədri Aleksandr Skakun Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini Elnur Əliyevlə görüşüb.   Görüşdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rüfət Quliyev, Azərbaycan Respublikasının Ukraynadakı Səfirliyinin ikinci katibi Samir Allahverdiyev, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin şöbə müdiri Rüfət Həsənov, Azərbaycan Respublikasının Xarkovdakı fəxri konsulu Əfqan Salmanov, “Turboatom“ ASC-nin baş direktoru Viktor Subbotin iştirak edib.   Qonaqları salamlayan Tatyana Yeqorova-Lutsenko Xarkov vilayətinin Azərbaycanla çoxillik dostluq münasibətləri olduğunu vurğulayıb, iki minə yaxın azərbaycanlı tələbələrin burada təhsil aldığını və müxtəlif sahələrdə əməkdaşlıq təcrübəsinin olduğunu diqqətə çatdırıb. “Bütün planlarımız və fikirlərimiz gerçəkləşməsi üçün səmərəli əməkdaşlıq bizim üçün vacibdir. Biz mədəniyyət və sənaye də daxil olmaqla müxtəlif sahələrdə bölgə üçün faydalı investisiya layihələrinin həyata keçirilməsi üçün əməkdaşlıq etməkdə maraqlıyıq. Xarici həmkarlarımı əmin etmək istəyirəm ki, Xarkov vilayəti etibarlı tərəfdaşdır. Əminəm ki, mövcud əməkdaşlıq sahələrində işlərimizi genişləndirə biləcəyik“ – deyə sədr qeyd edib. Tatyana Yeqorova-Lutsenko Xarkov vilayətinin diplomatik platforma yaratmaq üçün artıq hazırlıqlara başladığını bildirib. Bu platformanın iş dünyasının nümayəndələri, dünyanın hər yerindən diplomatik dairələr və hökumət arasında qarşılıqlı əlaqə və səmərəli əməkdaşlıq üçün şərait yaratmaq məqsədi daşıyacağını deyib.Şura sədri xarici qonaqları bölgədəki genişmiqyaslı film festivalına qatılmağa dəvət edib. Səmimi görüş üçün təşəkkürünü bildirən Elnur Əliyev qeyd edib ki: “Azərbaycan və Ukrayna ortaq dəyərlərə malikdir, biz ədalət anlayışına, insan münasibətlərinə eyni dərəcədə inanırıq. Elə buna görə də, Ukraynada yarım milyon azərbaycanlı yaşayır. Bu görüşə görə çox minnətdaram. Bizim üçün Ukrayna, o cümlədən Xarkov vilayəti vacib tərəfdaşdır.”
  • Mədəniyyət naziri Anar Kərimov Özbəkistanda bir sıra görüşlər keçirib
    Xəbər verdiyimiz kimi, mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistanda səfərdədir. Sentyabrın 15-də Anar Kərimovun Özbəkistan Baş nazirinin müavini Aziz Abduhakimovla görüşü keçirilib. Nümayəndə heyətini salamlayan Baş nazirin müavini əsrlərlə dost və qardaşcasına yaşayan Azərbaycan və Özbəkistan arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini, bu əlaqələrin möhkəmlənməsində Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin xüsusi rolu olduğunu vurğulayıb. O, 44 günlük müharibədə torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı təbriklərini çatdırıb, Özbəkistanın Azərbaycanın haqq işini dəstəklədiyini bildirib. Baş nazirin müavini 2019-cu ildə Azərbaycanın ev sahibliyi etdiyi UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasında iştirakından söhbət açıb, səfər çərçivəsində İçərişəhərdə olduğunu xatırladıb. Bakının bu tarixi məkanının Xivədəki İçan Kala şəhər qoruğu ilə oxşarlığından, İçərişəhər təcrübəsinin İçan Kala qoruğunda tətbiqi barədə fikir mübadiləsi aparılıb. İki ölkə arasında əlaqələrin inkişafından məmnunluğunu bildirən Anar Kərimov Vətən müharibəsi zamanı Özbəkistanın ilk günlərdən Azərbaycanın haqlı mövqeyini dəstəkləməsini yüksək qiymətləndirib.  Daha sonra nazir Azərbaycanın işğaldan azad olunmuş ərazilərində ermənilərin mədəni irsimizə qarşı həyata keçirdiyi vandalizm barədə məlumat verib. Bildirib ki, 30 illik işğal zamanı Ermənistan tərəfindən Azərbaycan xalqına məxsus tarixi abidələr, məscidlər də daxil olmaqla, bütün infrastruktur dağıdılıb, talan edilib. Hazırda işğaldan azad olunmuş ərazilərdə Azərbaycan dövləti tərəfindən geniş bərpa və yenidənqurma işləri aparılır. Görüş zamanı yeni konservasiya və bərpa mərkəzlərinin, arxeoloji ekspedisiyaların yaradılması, mədəniyyət sahəsinin dəstəklənməsi məqsədilə müvafiq fondların təsis edilməsi ilə bağlı Özbəkistan təcrübəsinin bölüşülməsi məsələsinə diqqət çəkilib. Azərbaycan və Özbəkistanın bərpa və konservasiya sahəsində qarşılıqlı mütəxəssis mübadiləsi, habelə birgə təlimlərin, bu sahədə Özbəkistanın müvafiq təhsil ocaqlarında yaradılan fakültələrdə təhsil barədə fikir mübadiləsi aparılıb. Bundan əlavə, Özbəkistanda məşhur olan xalq yaradıcılığı, xüsusən ağac üzərində oyma, keramika, ipək və digər sahələr üzrə qarşılıqlı təcrübə mübadiləsi, iki ölkədən sənətkarların iştirakı ilə festivalların keçirilməsi barədə söhbət açılıb. * * * Həmin gün Anar Kərimovun Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekovla da görüşü olub. Nazir ilk olaraq Özbəkistana dəvət üçün təşəkkürünü bildirib, keçirilən tədbirləri yüksək qiymətləndirib. Özbəkistan Baş nazirinin müavini Aziz Abduhakimovla görüşü barədə söhbət açan Anar Kərimov müzakirə olunan məsələlər haqqında məlumat verib. Görüşdə Özbəkistanda əl sənətinin inkişafı xüsusi vurğulanıb, birgə tədqiqat işlərinin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Eyni zamanda Özbəkistan Makam (muğam) İnstitutu ilə Bakıdakı Beynəlxalq Muğam Mərkəzi arasında əməkdaşlığın qurulmasının əhəmiyyəti vurğulanıb. Özbəkistanda Xarəzmşahların sonuncu hökmdarı Cəlaləddin Manquberdi (1199-1231) haqqında filmin çəkilməsi, Azərbaycan aktyorlarının ekran işində iştirakı barədə söhbət açılıb. Həmçinin tanınmış sərkərdə haqqında araşdırmaların aparılması, fəaliyyətinin müəyyən bir dövrünün Azərbaycanla bağlı olmasına görə ölkəmizə də elmi ekspedisiyanın təşkili və s. məsələlər diqqət mərkəzinə çəkilib. Bundan əlavə, “Özbəkfilm”lə birgə Türk dünyasının məşhur əfsanəvi siması Molla Nəsrəddin haqqında filmin çəkilməsinin bu sahədə əməkdaşlığın dərinləşdirilməsinə töhfə verəcəyinə inam ifadə olunub. Görüşdə iki ölkənin beynəlxalq təşkilatlar, xüsusilə də UNESCO, TÜRKSOY və Türk Şurası çərçivəsində əməkdaşlığının gücləndirilməsi, UNESCO-nun müvafiq siyahıları üçün Azərbaycan və Özbəkistan tərəfindən birgə nominasiyaların hazırlanmasının əhəmiyyəti qeyd olunub. Nazirlərin görüşündə həmçinin Azərbaycanın Şuşa şəhərinin 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı”nın elan edilməsi və gələcək əməkdaşlığın perspektivləri haqqında fikir mübadiləsi aparılıb.
  • Moskvada Azərbaycan xalçalarının ixracına həsr olunmuş dəyirmi masa təşkil edilib

    Moskvadakı “Heimtextil 2021” interyer parça, ev tekstili və bəzək materiallarının ixtisaslaşdırılmış beynəlxalq sərgisi çərçivəsində “Azərbaycan xalçalarının ixracı. Azərbaycan xalçalarının və tekstil məhsullarının Rusiyada populyarlaşması” adlı dəyirmi masa keçirilib.

    AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Rusiyadakı Ticarət Nümayəndəliyinin təşəbbüsü və “Russian Business Guide”nın informasiya dəstəyi ilə təşkil edilib. Dəyirmi masanın moderatoru, “Russian Business Guide”nın Baş redaktoru Mariya Suvorovskaya olub.

    Müzakirələrdə Azərbaycan və Rusiya nümayəndələri, xalça və tekstil istehsalçıları, ekspertlər, dizaynerlər, sənətşünaslar və digərləri iştirak edib.

    Azərbaycanın Rusiyadakı ticarət nümayəndəsi Ruslan Əliyev tədbiri açaraq Azərbaycan xalçaçılığının tarixindən danışıb. Ticarət nümayəndəsi qeyd edib ki, sərgi çərçivəsində tərəfdaş şirkətlərlə danışıqlar fəal şəkildə aparılır və Azərbaycan əl işi xalçalarının ilk partiyası tezliklə Rusiya bazarına çıxacaq. R.Əliyev onu da qeyd edib ki, Yekaterinburq, Tatarıstan, Sankt-Peterburq və Rusiyanın digər şəhərlərində Azərbaycan xalçalarının sərgi-satışları keçiriləcək.

    Rusiya Federasiyası Ticarət və Sənaye Palatasının İstehlak Bazarının İnkişafı Şurasının sədri Aleksandr Borisov Azərbaycanın tarixi və mədəniyyətini, o cümlədən xalçaçılıq ənənələrini, daha yaxından öyrənməyə imkan verən bu cür müzakirələrin vacibliyini qeyd edib. "Maraqlıdır ki, Azərbaycanın hər bir bölgəsinin öz xalçaçılıq ənənələri var və müasir sənətkarlar bu ənənələri dəstəkləyir və inkişaf etdirir", - deyə o qeyd edib. İlk yarım il ərzində Rusiya ilə Azərbaycan arasındakı ticarət dövriyyəsinin bir milyard dolları keçdiyini xatırladaraq, o deyib: "Rusiya Azərbaycanın əsas ticarət ortağıdır, ümid edirəm ki, Azərbaycan xalçaları Rusiyaya ixracatda layiqli yerini tutacaq", - deyə A. Borisov vurğulayıb.

    "Azərxalça"nın İdarə Heyətinin sədri Emin Məmmədov Azərbaycanda xalçaçılığın inkişafına dövlət dəstəyindən danışıb. O, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycan xalçasının UNESCO-nun bəşəriyyətin qeyri-maddi mədəni irsi siyahısına daxil edildiyini xatırladıb. E.Məmmədovun sözlərinə görə, "Azərxalça" konserni ixracat fəaliyyətinə Rusiyadan başlayır. "Azərbaycan xalçaları bütün dünyada tanınır, qədim xalçalarımız dünyanın bir çox məşhur muzeylərində saxlanılır", - deyə “Azərxalça”nın rəhbəri qeyd edib.

    Dəyirmi masa çərçivəsində “Azərxalça”nın yaradıcı direktoru Əsmər Abdullayeva, “ARCHKON” memarlıq bürosunun rəhbəri İlya Meytıs, Moskva Regional Sənayeçilər və Sahibkarlar Birliyinin idarə heyətinin üzvü, Moskvadakı “Monolit” Tekstil Birliyinin prezidenti Sergey Lukyanov və digərləri "Moskvada keçirilən sərgi tədbirlərində Azərbaycan xalçalarının populyarlaşması", "Azərbaycan xalça məmulatlarında at simvolunun rolu", "Azərbaycan xalçalarının sənət obyekti kimi populyarlaşdırılması təcrübəsi" mövzularının müzakirəsində iştirak ediblər.

  • “BBC News”: Zəngin mədəni irsə malik olan Bakı şəhəri müasir memarlıq mayakına çevrilib

    “BBC News” televiziya kanalının saytında Azərbaycanın müasir və tarixi memarlıq abidələrindən bəhs edən “Zəngin mədəni irsə malik olan Bakı şəhəri müasir memarlıq mayakına çevrilib” sərlövhəli məqalə dərc edilib.

    AZƏRTAC xəbər verir ki, məqalədə memarlıq həvəskarları üçün Azərbaycanın paytaxtı Bakı şəhərində bir sıra qədim və müasir memarlıq incilərinin olduğu bildirilir. Müəllif qeyd edir ki, həm şərqdən, həm də qərbdən gələn müxtəlif təsirlər nəticəsində son 20 ildə dünyanın ən iddialı və möhtəşəm memarlıq layihələri ilə görünüşünə yeni imic verən Bakı daim inkişaf etməkdədir.

    Vurğulanır ki, qədimliklə müasirliyin vəhdət təşkil etdiyi Bakı şəhərində müasir göydələnlər, qədim qalalar, tarixi abidələr mövcuddur. Yazıda UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmiş İçərişəhərin ərazisində yerləşən və Bakının rəmzi hesab olunan XII əsrin tarixi memarlıq abidəsi olan Qız qalası, Şirvanşahlar Sarayı kompleksi, dünyaca məşhur memar Zaha Hadidin layihəsi əsasında inşa olunan Heydər Əliyev Mərkəzi, Dövlət Bayrağı meydanı yaxınlığındakı “Crystal Hall, “Külək-alov” konsepsiyası əsasında tikilən “SOCAR Tower”, səthi tamamilə LED ekranlarla örtülən “Alov qüllələri”, “Park Bulvar” ticarət mərkəzi, barokko memarlıq üslubunda inşa edilmiş Hökumət Evinin binası, Azərbaycan Milli Xalça Muzeyi habelə inşası davam edən iri tikililər barədə məlumat verilib.

    Yazıda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan məscid barədə də məlumat yer alıb. Müəllif hündür minarələrin, xüsusi bəzək elementlərinin, o cümlədən günbəzlərin məscidin daxilinə xüsusi gözəllik verdiyini bildirir. O, Bakı şəhərində 90-cı illərdə əsaslı şəkildə təmir edilmiş XIII əsrə aid olan Bibi-Heybət məscidi barədə də məlumat verir.

    Müəllif vurğulayır ki, qabaqcıl və dünya səviyyəli memarlıq üslublarını dəstəkləyən Azərbaycan önümüzdəki illərdə dünyanın ən maraqlı və innovativ memarlıq layihələrinin bir çoxunu özünə cəlb etmək niyyətindədir.

  • Qahirə Universitetinin professoru Nizami Gəncəvi haqqında məqalə ilə çıxış edib

    Misirin Qahirə Universitetinin beynəlxalq əlaqələr şöbəsinin direktoru, professor Bəhlul Əbdel Hadi Əli Əlcəzairin “Əl Hərir” portalında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi haqqında məqalə ilə çıxış edib.

    AZƏRTAC xəbər verir ki, misirli professorun Azərbaycan Dövlət Tərcümə Mərkəzi ilə əməkdaşlıq şəraitində qələmə aldığı “Nizami Gəncəvi: Odlar Yurdunun şair və mütəfəkkiri” sərlövhəli məqalədə dahi Azərbaycan şairinin İslam aləminin ən görkəmli mütəfəkkirlərindən biri və poeziya nəhəngi olduğu vurğulanıb.

    Nizami Gəncəvinin həyatı və zəngin yaradıcılığı haqqında müfəssəl məlumat verən misirli professor qeyd edir ki, dahi şairin yaradıcılığında müqəddəs Quran və hədislərdən də istifadə olunub, İslam Peyğəmbəri vəsf edilib. Eyni zamanda, Nizaminin əsərlərində astrologiya sahəsində, göy cisimləri ilə bağlı dərin biliklər də yer alıb. Müəllif dahi şairin “Xəmsə”si ilə bağlı elmi tədqiqatlardan da bəhs edib.

    Məqalənin sonunda Nizami Gəncəvinin vətəni olan Gəncə şəhəri və onun buradakı məqbərəsi haqqında da məlumat verilib.

  • “Nargin – saralmış kədər” və ya gələcək nəsillərə yönəlmiş manifest

    Əməkdar jurnalist Yunis Orucovun “Nargin – saralmış kədər” kitabının təqdimatı olub

    Tarixi roman yazmaq çox çətindir. Bunun öhdəsindən layiqincə gəlməyi bacaran Yunis Orucovun bu romanında insan taleləri, ağır həyat dramları sanki tarixin canlı şahidləri kimi görünür. Üstündən 100 ildən çox vaxt keçsə də, bu mövzunun hələ də aktuallığını qoruyub saxlaması bir çox mətləblərdən xəbər verir. Çünki biz Nargin əsirlərinin taleyinə yalnız Birinci Dünya müharibəsinin gətirdiyi fəlakətlər, qardaşlarımızın üzləşdiyi faciələr prizmasından deyil, ən çətin anlarda polad birliyimizin nümayişi bucağından baxırıq. Ortaq tariximizdə iz qoymuş Çanaqqala döyüşləri, Nuru paşanın komandanlığı altında Bakının işğalçılardan azad edilməsi, İstiqlal savaşında azərbaycanlıların iştirakı, 44 günlük Vətən müharibəsində ölkəmizə birmənalı dəstək göstərməsi və yüzlərlə bu kimi qürur duyduğumuz hadisələri xatırlamaq yerinə düşər. Bu baxımdan Yunis Orucovun romanını, eyni zamanda, gələcək nəsillərə yönəlmiş manifest də adlandırmaq olar.

    AZƏRTAC xəbər verir ki, bu fikirləri “Libraf” Kitab Mağazasında Əməkdar jurnalist Yunis Orucovun “Nargin – saralmış kədər” kitabının təqdimat mərasimində çıxış edən Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü professor Musa Qasımlı söyləyib.

    Tədbir Azərbaycan və Türkiyənin Dövlət himnlərinin səslənməsi ilə başlayıb və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Birinci Dünya müharibəsi zamanı Nargin adasında işgəncələrə məruz qalanlara həsr edilmiş videoçarx nümayiş olunub.

    Musa Qasımlı qeyd edib ki, kitab milli hisslərimizi gücləndirən və Türkiyə ilə bağlılığımızı artıran bir əsərdir. Ötən əsrin əvvəllərində, Birinci Dünya müharibəsinin gedişində regionumuzda baş verən hadisələrə, Nargin adasında saxlanılan türk əsirlərin acı taleyi və bunları özündə əks etdirən tarixi sənədlərə istinad edən alim deyib ki, bu mövzuda tarixi roman yazaraq ərsəyə gətirmək müəllifdən geniş zəka, dərin analitik təfəkkür və mənbələri müqayisəli təhlil etmək bacarığı tələb edir.

    Yunis Orucovu gözəl dost, publisist, vətənpərvər ziyalı kimi dəyərləndirən nəşrin redaktoru Əməkdar jurnalist Firuzə Nadir qeyd edib ki, türkün yenilməz ruhunu, qüdrətini, qəhrəmanlığını yaşadan bu roman iki qardaş ölkənin bugünkü kimi çiyin-çiyinə dayandığı bir dövrü göstərir. “Kitab Türkiyə və Azərbaycan dostluğununa, bu qardaşlığın dünəninə, bu gününə müəllifin ucaltdığı bir abidədir. Bu kitabı çox zamanında yazılıb. Çünki 30 illik işğaldan sonra igid övladlarının qanı ilə torpaqlarını azad edən Azərbaycanın Qarabağa, Şuşaya asdığı üçrəngli bayraq “bir millət, iki dövlət”in düşməndən sorduğu hesabıdır, aldığı qisasdır - elə hər şeyə görə, həm dünəninə, həm də bu gününə görə...”, - deyə Firuzə Nadir vurğulayıb.

    Təqdimat mərasimində Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondunun icraçı direktoru Pərviz Əmirov, Türkiyənin ölkəmizdəki səfirliyinin mətbuat müşaviri Hüseyn Altınalan, hərbi ekspert Ədalət Vəliyev, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid və şəhid Dinar Mustafayevin bacısı Şəfəq Mustafayeva çıxış edərək kitabın Azərbaycan-Türkiyə qardaşlığının tərənnümü baxımından əhəmiyyətindən bəhs ediblər.

    Çıxışlarda qeyd olunub ki, uzun axtarışlar və araşdırmalar nəticəsində ərsəyə gələn roman tarixi faktlar əsasında qələmə alınıb və real həyat hadisələrini təsvir edir. Romanda Birinci Dünya müharibəsinin gedişində Nargin adasında əsir tutulan minlərlə türk hərbçisinin taleyi, onların işgəncələrlə dolu ağır həyatı, Azərbaycan xalqının, ziyalılarımızın və milyonçuların əsirlərin adadan qaçırılaraq xilas edilməsi yolunda göstərdiyi fədakarlıqlar əks olunub.

    Sonda tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü çatdıran müəllif kitab haqqında fikirlərini bölüşərək bildirib ki, romanı 1915-1918-ci illərdə Bakıdan cəmi on kilometr aralıda – Xəzərin qoynunda qubara dönən Nargin adasında qətlə yetirilən minlərlə əsir türk qəhrəmanlarının əziz xatirəsinə həsr edib: “Kitabı hamının görmək istədiyi, əlimizin çatdığı qədər yaxın, həm də uzaq olan Nargində can verən mehmetçiliyin uzun illərin yasaqlarında it-bat olan, amma xalqın qəlbində əbədi yuva salan ölməz sevgisinə ithaf etmişəm”.

    Sonda müəllif imzalı kitablarını oxuculara hədiyyə edib.

    Qeyd edək ki, kitab Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondunun dəstəyi ilə çap olunub və geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

  • Mədəniyyət naziri Anar Kərimovun rəhbərliyi ilə nümayəndə heyəti Özbəkistanda səfərdədir
    Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovun rəhbərliyi ilə nümayəndə heyəti sentyabrın 14-də Özbəkistana səfər edib. Nümayəndə heyəti Özbəkistanın Xivə şəhərində “Xivə - Türk dünyasının mədəniyyət paytaxtı – 2020” proqramının açılış mərasimində iştirak edib. Xatırladaq ki, Xivə şəhəri 2019-cu ildə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un Qırğızıstanın Oş şəhərində keçirilən toplantısında 2020-ci il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilmişdi. Ancaq COVİD-19 pandemiyası ilə əlaqədar paytaxt ili çərçivəsində nəzərdə tutulan tədbirlər proqramı təxirə salınmışdı. Əlamətdar ilin açılış mərasimində Türk dünyasının bundan öncə “mədəniyyət paytaxtı” missiyasını daşımış şəhərlərinə həsr olunmuş fotosərgi və Özbəkistanın ənənəvi geyimlərinin təqdimatı təşkil edilib. Tədbir çərçivəsində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Türkmənistan və Macarıstanın musiqi və rəqslərindən ibarət konsert proqramı təqdim olunub. Konsertdə Özbəkistanın M.Turgunbayeva adına “Bakhor“ Dövlət Rəqs Ansamblının ifasında “Lalələr” Azərbaycan mahnısı səsləndirilib. * * * Sentyabrın 15-də mədəniyyət naziri Anar Kərimov Xivə şəhərində UNESCO himayəsi altında keçirilən “Mərkəzi Asiya dünya sivilizasiyalarının kəsişməsində” Beynəlxalq Mədəniyyət Forumunun açılış mərasiminə qatılıb. Forumda UNESCO, Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurası (İCOMOS), Mədəni Mülkiyyətin Qorunması və Bərpası üzrə Beynəlxalq Tədqiqat Mərkəzi (İCCROM), TÜRKSOY və Türk Şurasının nümayəndələri, 50-dən çox ölkədən mədəni irs, elm, incəsənət və digər sahələr üzrə mütəxəssislər iştirak edib. Açılış mərasimində Özbəkistan Baş nazirinin müavini, Özbəkistanın və Qırğızıstanın mədəniyyət nazirləri, İCESCO və İCCROM-un rəhbərlərinin çıxışı olub. Mədəniyyət naziri Anar Kərimov çıxış edərək tədbirin təşkilinə və yüksək qonaqpərvərliyə görə Özbəkistana təşəkkürünü bildirib. Qeyd edib ki, bu cür təşəbbüslər bölgənin ortaq mədəniyyətini və ortaq irsini öyrənmək və populyarlaşdırmaq üçün yeni fürsətlər yaradır. Belə tədbirlər eyni zamanda beynəlxalq aləmdə məlumatlılığın artırılmasında əhəmiyyətli rol oynayır.  Nazir vurğulayıb ki, qədim İpək Yolu mədəniyyətlərarası mübadilənin inkişafına mühüm töhfələr verib. İpək Yolu eyni zamanda bu yol boyunca yerləşən ölkələrin yeni sosial-fəlsəfi baxışlar sisteminin, mədəni nümunələrinin qlobal məkana inteqrasiyasına vəsilə olub. Bir sözlə, qədim İpək Yolu Orta Asiya xalqlarının tarixində və mədəniyyətində dərin iz qoyub. Anar Kərimov diqqətə çatdırıb ki, Orta Asiya ilə yanaşı, Azərbaycan da bu tarixi qloballaşma yolunu keçib və onun müxtəlif izlərinə hələ də ölkəmizin müxtəlif yerlərində rast gəlinir. “Azərbaycan dünyəvi bir ölkə olaraq müxtəlifliyi özünün ən böyük fəzilətlərindən hesab edir və bu müxtəlifliyin inkişafı üçün çalışır. Sivilizasiyaların kəsişməsində yerləşən Azərbaycan mədəniyyətlərarası dialoq üçün etibarlı məkandır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülən mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi” və bu platforma çərçivəsində ölkəmizin ev sahibliyi etdiyi Mədəniyyətlərarası Dialoq Forumu bunun əyani təzahürüdür. “Bakı Prosesi” fərqli anlayışlı insanlar və qruplar arasında qarşılıqlı anlaşma və hörmətə əsaslanan açıq dialoq üçün qlobal platformadır”, - deyə nazir əlavə edib. Tədbirin açılış mərasimindən sonra Anar Kərimov Özbəkistanın “Dunyo boylab” və “Mədəniyyət” telekanallarına müsahibə verib. Azərbaycan ilə Özbəkistan arasında tarixi-mədəni əlaqələri və qardaşlıq münasibətləri haqqında danışan nazir beynəlxalq forumun işini yüksək qiymətləndirib.
  • TİKA-nın Bakı üzrə yeni koordinatoru Fatih Yılmaz ilə görüş keçirilib
    Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı üzrə yeni koordinatoru Fatih Yılmaz ilə görüşüb. Görüşdə Azad Cəfərli Azərbaycanla Türkiyə arasında bütün sahələrdə olduğu kimi mədəniyyət sahəsində də əlaqələrin daim inkişaf etdiyini vurğulayıb. İki qardaş ölkə arasında mədəni irsin qorunması, tarixi abidələrin bərpası istiqamətində də münasibətlərin inkişaf edərək genişlənməsindən məmnunluğunu  ifadə edib. Fatih Yılmaz səmimi qəbula görə təşəkkür edərək, mədəni irsin və tarixi abidələrin bərpası ilə bağlı TİKA-nın bundan sonra da ölkəmizlə birgə layihələrinin, eyni zamanda beynəlxalq əməkdaşlıq sahəsində işlərin davam etdiriləcəyinə əminliyini vurğulayıb. Görüş zamanı TİKA tərəfindən Azərbaycanda mədəni irsin bərpası sahəsində müxtəlif təlim və layihələrin həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb. İki ölkə arasında mədəni irs sahəsində əlaqələrin gələcək inkişafı, təcrübə mübadiləsi, mədəni irsin mühafizəsi, tarixi abidələrin bərpa və konservasiyası sahəsində əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.