Daşkənddə Özbəkistanın mədəni irsi həftəsi çərçivəsində “Özbəkistanın mədəni irsi - yeni renessansın bünövrəsi” adlı V Beynəlxalq Konqres keçirilib. Tədbirdə dünyanın 46 ölkəsindən 350-dən çox nümayəndə - sosial və humanitar elmlər üzrə alimlər, filosoflar, tarixçilər, şərqşünaslar, linqvistlər, sənətşünaslar, antropoloqlar, əlyazmalar və miniatürlər üzrə ixtisaslaşmış mütəxəssislər iştirak edib.
Konqresə Azərbaycan Milli Xalça Muzeyinin direktoru, ICOM Azərbaycan Milli Komitəsinin sədri Şirin Məlikova da qatılıb.
Xalça Muzeyindən AZƏRTAC-a bildirilib ki, Şirin Məlikova konqresin işinə uğurlar arzulayıb və bildirib ki, müasir Özbəkistan öz qədim mədəni ənənələrini qoruyub inkişaf etdirməklə yanaşı, onların öyrənilməsinə və təbliğinə böyük diqqət yetirən, müasir dünya mədəni məkanına inteqrasiyaya yönəlmiş bir ölkədir. O, bu gün Özbəkistanın beynəlxalq görüşlər keçirmək üçün qonaqpərvər platforma olduğunu vurğulayıb, konqresi dünyanın hər yerindən insanları, bölgənin zəngin mədəniyyətinə olan maraqları birləşdirən körpü kimi dəyərləndirib.
Ş.Məlikovanın beynəlxalq tədbirdə “Azərbaycan mədəni irsinin qorunması və populyarlaşdırılmasında Milli Xalça Muzeyinin təcrübəsi” mövzusunda təqdimatla çıxış edib. O, muzeyin kolleksiyaları, onların zənginləşdirilməsi istiqamətində görülən işlər, Ənənəvi texnologiya şöbəsinin fəaliyyəti barədə ətraflı məlumat verib. Şöbənin işinin əsas istiqamətlərinin qədim, unudulmuş xalçatoxuma, tikmə texnikalarının dirçəldilməsi, muzey kolleksiyalarındakı xalça və tikmələrin replikalarının hazırlanması, müəllif eskizləri əsasında xalçaların yaradılması, müasir rəssamlarla, tələbələrlə birgə iş, fiziki məhdudiyyətli insanlar da daxil olmaqla böyüklər və uşaqlar üçün xalça toxuculuğunun tədrisi və s. olduğunu diqqətə çatdırıb. Burada reallaşdırılan çoxsaylı layihələr, keçirilən ustad dərsləri haqqında danışıb. Şirin xanımın çıxışı dinləyicilər tərəfindən böyük maraqla qarşılanıb.
Konqresdə Avstriya, ABŞ, Türkiyə, Rusiya, Polşa, Ukrayna, Yaponiya, Yunanıstan, İran, İsrail, Almaniya, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Böyük Britaniya, İsveçrə, Avstriya və s. ölkələrdən olan mütəxəssislərin 100-dən artıq məruzəsi dinlənilib.
Tədbir çərçivəsində “Özbəkistanın mədəni irsi dünya kolleksiyalarında” silsiləsindən 50 unikal illüstrasiyalı kitab-albomun təqdimatı keçirilib. Azərbaycan Milli Xalça Muzeyinin direktorunun konqresin işində fəal iştirakını nəzərə alaraq, ona özbək incəsənətinin şah əsərlərinə həsr olunmuş kitab albomların hədiyyə edilməsi ilə bağlı sertifikat təqdim olunub. Həmçinin “Özbəkistanın mədəni irsi dünya kolleksiyalarında” layihəsi çərçivəsində Azərbaycanda qorunub saxlanılan özbək mədəni irsinin öyrənilməsi və buna dair kitabın nəşri ilə bağlı təklif irəli sürülüb.
Yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş Əməkdar artist Yaqub Zurufçu vəfat edib.
Bunu AZƏRTAC-a "Yeni Klinika”nın reanimasiya şöbəsinin müdiri Emil Qasımov deyib.
Qeyd edək ki, Yaqub Zurufçu 1956-cı ildə aprelin 8-də Təbriz şəhərində anadan olub. O, 15 yaşında Təbrizin Milli Televiziyasında ilk dəfə çıxış edərək "Evləri var xana-xana", "De gülüm gəlsin ay nənə", "Dilbər" mahnısını ifa edib. 1989-cu ildə Gülağa Məmmədovun dəvəti, “Vətən” cəmiyyətinin köməyi ilə ilk dəfə Azərbaycana gələn müğənni 2009-cu ildə "Azərbaycan Respublikasının Əməkdar artisti" adına layiq görülüb.
Elm adamları Çilidə “uçan əjdaha” adlandırılan bir qrup pterozavra aid daşlaşmış qalıqlar tapıblar.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, Çilinin Atacama Çölündə tapılan dinozavr skeletinin 160 milyon il əvvəl dünyanı dolaşan erkən pterozavrlar qrupuna aid olduğu düşünülür. Qalıqların axtarışına rəhbərlik edən Jonathan Alarcon bildirib ki, skelet Yura dövrünə aiddir.
Qeyd edək ki, Çilidə ilk dinozavr skeleti 2009-cu ildə Atacama Çölü Milli Tarix və Mədəniyyət Muzeyinin direktoru Osvaldo Rojas tərəfindən Kerritos Bayos qəsəbəsində aşkar edilib.
Koronavirusdan vəfat edən Əməkdar artist Yaqub Zurufçunun dəfn olunacağı yer müəyyənləşib.
Mədəniyyət Nazirliyindən Report-a bildirilib ki, mərhum bu gün Bakının "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılacaq.
O, Xalq artistləri Arif Quliyev və Rafiq Hüseynovun (Rəmiş) yanında dəfn olunacaq.
Qeyd edək ki, Y.Zurufçu ötən gün "Yeni klinika"da vəfat edib.
Allah rəhmət eləsin!
Fransanın paytaxtı Parisdə azərbaycanlı rəssam Niyaz Nəcəfovun sərgisi açılıb.
Report-un Fransa bürosu xəbər verir ki, Parisin 1-ci rayonunda, Luvr küçəsində yerləşən İtaliya qalereyasında təşkil edilmiş fərdi sərgidə azərbaycanlı rəssamın 10-a yaxın əl işi sərgilənir.
“Ağ vəsiqə” adlanan sərgidə Niyaz Nəcəfovun son illər yaratdığı əsərləri yer alıb. Sərginin açılışında xeyli sayda fransalı rəsm həvəskarı iştirak edib.
Sərgi sentyabrın 25-dək davam edəcək.
Qeyd edək ki, Niyaz Nəcəfov son 10 ildə Azərbaycan incəsənətində məşhurlaşan rəssamlardandır. Onun əsərləri Rusiya, ABŞ, Almaniya, Danimarka, Fransa ilə yanaşı, digər xarici ölkələrdə də nümayiş etdirilib. N.Nəcəfovun əsərləri habelə Azərbaycanın hüdudlarından kənarda bir çox muzeylərdə və şəxsi kolleksiyalarda saxlanılır.
Kubanın hakimiyyət orqanları noyabrın ortalarından başlayaraq beynəlxalq turizm üçün sərhədləri açmağa və turizm sahəsini bərpa etməyə hazırlaşır.
AZƏRTAC xəbər verir ki, Kuba hökuməti əhalinin 90 faizinin noyabrda peyvəndlənməsini proqnozlaşdırır və koronavirusa yoluxmaların sayının aşağı düşəcəyini güman edir.
Turizm sahəsinin pandemiya səbəbindən ilyarım dayandırılmasından sonra bu ilin ilk 8 ayı ərzində ölkəyə 163.700 turist gəlib ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 95 faiz azdır.
Kuba öz tarixində ən kəskin böhranlardan birini yaşayır, 2020-ci ildə ÜDM-in səviyyəsi 11 faiz aşağı düşüb. Adanın hakimiyyət orqanları ölkə iqtisadiyyatına əhəmiyyətli töhfə verən turizm sektorunu səfərbər etmək niyyətindədirlər. Pandemiyaya qədər turizm milli iqtisadiyyata 3 milyard dollardan çox və ixrac edilən əmtəə və xidmətlərdən ümumi gəlirin təxminən 19 faizini gətirirdi.
Noyabrın 15-də Kubada bütün turizm istiqamətləri açılacaq, ölkəyə giriş prosedurları sadələşdiriləcək. Həmin tarixdən adaya girişdən ötrü beynəlxalq vaksinləmə sertifikatı qəbul ediləcək, peyvənd olunmayan turistlər polimeraz zəncirvari reaksiyanın (PZR) mənfi nəticəsini təqdim etməli olacaqlar.
Havana pandemiyanın lap əvvəlindən əhalinin öz ölkəsinin vaksinləri ilə immunlaşdırılması yolunu seçib. Hazırda adada üç vaksindən – “Soberana 02”, “Abdala” və “Soberana Plus” vaksinlərindən istifadə edilir. İndi Kuba Ümumdünya Səhiyyə Təşkilatının beynəlxalq sertifikatını almağa nail olmalıdır. Kuba vaksinləmə sxeminə üç doza daxildir. Vaksinləri işləyib hazırlayan tədqiqat mərkəzlərinin məlumatına görə, bu vaksinlər də “Pfizer” və “Moderna” kimi 92 faiz effektivliyə malikdir.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar bu gün Xarkovun mərkəzi hissəsində dahi mütəfəkkir abidəsinin rəsmi açılış mərasimi keçiriləcək.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində Azərbaycan mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, Azərbaycan-Ukrayna Parlamentlərarası dostluq qrupunun həmsədri Rüfət Quliyev, Xarkov Şəhər Şurasının katibi, merin səlahiyyətlərini icra edən İqor Terexov, ölkəmizin Ukraynadakı səfiri Elmira Axundova, Azərbaycanın Xarkovdakı Fəxri konsulu Əfqan Salmanov, şəhərin ictimai, mədəniyyət xadimləri iştirak edəcəklər.
Açılış mərasimindən öncə Azərbaycan nümayəndə heyətinin Xarkov vilayət və şəhər Administrasiyasının rəhbərləri ilə görüşəcək.
Azərbaycanın Ukraynadakı səfirliyi və Fəxri Konsulluğunun birgə dəstəyi ilə ucaldılan abidənin müəllifi Ukraynanın Xalq rəssamı, soydaşımız Katib Məmmədovdur.
Qeyd edək ki, Azərbaycanın dahi şairinin daha bir heykəli Heydər Əliyev Fondunun dəstəyi və təşəbbüsü ilə Ukrayna paytaxtında, Taras Şevçenko adına Kiyev Milli Universitetinin Nəbatat bağında ucaldılacaq. Bu heykəlin də müəllifi Ukraynanın Xalq rəssamı, soydaşımız Katib Məmmədovdur.
Sentyabrın 17-də Azərbaycan Milli Xalça Muzeyində “Həyatını ilmələrdə yaşadan sənətkar: Zəhra Əliyeva” adlı mühazirə keçiriləcək.
Muzeydən AZƏRTAC-a bildirilib ki, mühazirə Azərbaycanın Əməkdar mədəniyyət işçisi, ölkəmizin tanınmış xalçaçılarından biri, xalça texnologiyalarının mahir bilicisi və tədris ustası Zəhra Əliyevanın doğum gününə həsr olunur.
Karantin qaydalarına əsasən, mühazirədə 10 nəfər iştirak edə bilər. Bunu nəzərə alaraq, iştirak etmək istəyənlər https://forms.gle/j8YeNXpLbFVg6ZfLA linkindən qeydiyyatdan keçə bilərlər.
Məlumat üçün qeyd edək ki, muzeyə yalnız koronavirusa qarşı I doza peyvənd olunmuş və ya COVID-19 pasportu olan iştirakçıların girişinə icazə verilir.
Mühazirə Azərbaycan dilində aparılacaq.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 6 nömrəli filialı 15 sentyabr - Bilik Gününə həsr olunmuş kitab sərgisi təşkil edib.
İdarədən AZƏRTAC-a bildirilib ki, sərgidə elm, incəsənət, siyasət, uşaq ədəbiyyatı, dünya ədəbiyyatı, hüquq, Azərbaycanın klassik və müasir ədəbiyyatı sərgilənib.
Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunu ziyarət edib.
Bu barədə AZƏRTAC-a “İçərişəhər” Dövlət Tarixi Memarlıq Qoruğu İdarəsindən bildirilib.
Ziyarət zamanı qonaqlar Qala Qoruğu ilə yaxından tanış olub, onlara qoruğun tarixi və etnoqrafiyası haqqında geniş məlumat verilib.
Bildirilib ki, qoruq Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə 1988-ci ildə Qala qəsəbəsinin tarixi hissəsində yaradılıb. Ərazisi 81,5 hektar olan qoruqda 300-ə yaxın memarlıq və arxeoloji abidə qorunur. Bu abidələrin qorunması və qoruğun daha da zənginləşdirilməsi üçün 2008-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə burada açıq səma altında Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi yaradılıb.