Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Mədəniyyət naziri Dinlərarası Dialoq Forumu çərçivəsində “Təhsil və Dini müxtəliflik” mövzusunda keçirilən sessiyada çıxış edib
    Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov İtaliyanın Bolonya şəhərində keçirilən G20 sammiti çərçivəsində təşkil olunan Dinlərarası Dialoq Forumunun “Təhsil və Dini müxtəliflik” mövzusunda keçirilən sessiyasında çıxış edib. Tədbirdə BMT-nin Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Migel Angel Moratinos, İCESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik, İtaliyanın təhsil naziri Patrizio Bianki, Albaniyanın təhsil, idman və gənclər naziri Evis Kuşi və digər qonaqlar iştirak edib. İştirakçıları səmimi salamlayan nazir Anar Kərimov Forumun həyata keçirdiyi layihələri yüksək qiymətləndirərək Azərbaycanın əməkdaşlığa önəm verdiyini və birgə fəaliyyətin ölkələr arasında dostluq əlaqələrinin möhkəmləndirilməsinə istiqamətləndiyini bildirib. “Din ümumi mədəniyyətlərarası dialoq bacarıqlarının inkişafında əhəmiyyətli və müsbət rol oynayır. Dini liderlər münaqişələrin qarşısının alınmasında və dialoqun təşviqində əsas rol oynama potensialına malikdirlər. Onlar xüsusən gənclər arasında bu dialoqu gücləndirmək və təşviq etmək üçün dərin təsir gücünə malikdirlər”, - deyə nazir çıxışında qeyd edib. Anar Kərimov həmçinin bildirib ki, əsrlərdir Azərbaycanda müxtəlif xalqların və dinlərin nümayəndələri mehriban, sülh və harmoniya şəraitində yaşayırlar. Məhz buna görə də Azərbaycan çoxmillətli, çoxkonfessiyalı və sivilizasiyaların qovuşduğu ölkə kimi tanınır. Diqqətə çatdırılıb ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2008-ci ildə mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi” təşəbbüsü irəli sürülüb, 2010-cu ildə BMT Baş Assambleyasında ölkəmizin Dünya Mədəniyyətlərarası Dialoq Forumu keçirmək niyyəti bəyan edilib və Bakı şəhəri 2011-ci ildən Dünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi edir. Təsadüfi deyil ki, BMT Baş katibinin 2017, 2018 və 2019-cu illərdə Baş Assambleyaya təqdim etdiyi məruzələrdə “Bakı Prosesi”nin əhəmiyyəti xüsusi vurğulanıb və Dünya Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası və dinlərarası dialoq sahəsində BMT-nin əsas qlobal platformalarından elan olunub. Nazir bildirib ki, Azərbaycan çoxəsrlik multikulturalizm ənənələrinə, eləcə də UNESCO konvensiyalarının irəli sürdüyü dəyərlərə sadiq qalaraq təkcə Azərbaycanda deyil, dünyanın müxtəlif yerlərində mədəni irsin qorunub saxlanılmasına yönəlmiş bir sıra layihələr həyata keçirir. Heydər Əliyev Fondu Azərbaycanda yüzlərlə abidəni bərpa etməklə yanaşı, xarici ölkələrdə də bu istiqamətdə mühüm layihələr reallaşdırıb. Fond tərəfindən Parisdə Luvr Muzeyi, Vatikanda Müqəddəs Marçellino və Petro kilsəsi, Bolqarıstanda Prapezitsa qəsri və qalası, Strasburqda Notrdam kilsəsi və s. abidələrdə bərpa işləri aparılıb. Mədəniyyətin sülhə dəstək verdiyi kimi, sülhün də mədəniyyətin inkişafı üçün əsas şərt olduğunu vurğulayan nazir, müharibələrin və vandalizmin mədəniyyəti hədəf seçdiyini, bütün dünyada bunun qarşını birdəfəlik almaq məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən “Mədəniyyət üçün sülh” (#Peace4Culture) qlobal çağırışının və çağırış çərçivəsində “Sülh üçün yarat” (#Create4Peace) kampaniyasının elan edildiyini qeyd edib. Anar Kərimov çıxışında vurğulayıb ki, Azərbaycanın otuz ilə yaxın Ermənistanın işğalı altında qalmış əraziləri 2020-ci ildə azad edilib və bu ərazilərdə işğal dövründə dağıdılmış bütün dini-mədəni abidələrin, dini mənşəyinə görə heç bir ayrı-seçkilik qoyulmadan, Azərbaycan dövləti tərəfindən bərpasına başlanılıb. Baxmayaraq ki, ölkəmiz otuz ilə yaxın davam edən hərbi təcavüzə, ərazilərin işğalına, etnik təmizləməyə məruz qalıb, Azərbaycan bu gün də sülhpərvər siyasət yeridərək bu istiqamətdə təşəbbüsləri, sülh  çağırışlarını irəli sürür. Nazir çıxışının sonunda mədəni müxtəlifliyinin təşviqinin, insanlar, cəmiyyətlər və xalqlar arasında dialoq və anlaşmanın müasir dünyamızın gələcəyi üçün əhəmiyyətini bir daha vurğulayıb.  “Mən dünyada əmin-amanlıq üçün təhsil və mədəniyyət vasitəsilə bu mesajın gələcək nəsillərə çatdırılmasında uğur qazanacağımıza və bununla da istədiyimiz gələcəyi təmin ediləcəyimizə inanıram” deyən Anar Kərimov Dinlərarası Dialoq Forumunun işinə uğurlar arzulayıb. BMT Sivilizasiyalar alyansının ali nümayəndəsi Migel Moratinos öz çıxışı zamanı sülh anlayışının və fəaliyyətlərinin daha önə sürülməsinin vacibliyini qeyd edərək Azərbaycanın “Mədəniyyət naminə sülh” qlobal təşəbbüsünün zamanında irəli sürülmüş strateji layihə olduğunu qeyd etdi.
  • Kitabxana “Bilik güc, güc isə birlikdir” adlı videoçarx hazırlayıb

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi 15 sentyabr - Bilik günü münasibətilə “Bilik güc, güc isə birlikdir” adlı videoçarx hazırlayıb.

    İdarədən AZƏRTAC-a bildirilib ki, videoçarx kitabxananın əməkdaşı Zenfira Hacıyeva tərəfindən səsləndirilib və sosial hesablarında oxuculara təqdim edilib.

    Videoçarxda qeyd edilir ki, sentyabrın 15-də ölkəmizin bütün ümumtəhsil məktəblərində ali təhsil ocaqlarında yeni dərs ilinin başlandığı gün kimi qeyd edilir. 2004-cü ilədək həmin gün sentyabrın 1-nə təsadüf edilir.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 avqust 2004-cü il tarixli Fərmanı ilə ölkənin bütün təhsil müəssisələrində dərslərin 15 sentyabrdan başlanması qərara alınıb.

  • UNESCO: Azərbaycanın sədrliyi çərçivəsində Şərqi Avropa ölkələri üzrə II seçki qrupunun iclası keçirilib

    UNESCO-nun mənzil-qərargahında qurumun Azərbaycanın sədrlik etdiyi Şərqi Avropa ölkələrindən ibarət II seçki qrupunun iclası keçirilib.

    AZƏRTAC xəbər verir ki, UNESCO yanında daimi nümayəndə, səfir Elman Abdullayev iclası açaraq gündəliyini təqdim edib.

    Gündəlik qəbul edildikdən sonra UNESCO Baş direktorunun kommunikasiya və informasiya üzrə müavini Tavfik Celasi, müvafiq qərara layihələrinin məhsuldar müzakirələrlə əlaqədar “Coğrafi bölgü” üzrə İcra Şurasının açıq işçi qrupunun sədri, Çinin UNESCO yanında daimi nümayəndəsi, səfir Yanq Jin və UNESCO sosial və humanitar elmlər sektorunun icra aparatının rəhbəri Mariaqrasiya Skiçiarini çıxış ediblər.

    Davamlı inkişaf üçün kommunikasiya və informasiyadan istifadənin əhəmiyyətinə toxunan UNESCO Baş direktorunun kommunikasiya və informasiya üzrə müavini Tavfik Celasi sürətli rəqəmsal transformasiya, COVID-19 böhranı, eləcə də üzləşilən çağırışlar qarşısında ideyaların sərbəst axınının təşviqindən, koronavirus böhranından sonra “daha yaxşı gələcək qurmaq” üçün qlobal səylərin tərkib hissəsi kimi gələcəyə istiqamətlənən vahid yanaşmanın qəbul edilməsindən, Davamlı İnkişaf-2030 gündəliyinin reallaşması üçün kommunikasiya və informasiyadan istifadə edərək, ictimai mənfəət kimi informasiya vizyonunun həyata keçirilməsindən söz açıb.

    Çoxdilliliyin və dil müxtəlifliyinin təşviqi, dünya dilləri xəritəsinin istifadəyə verilməsi, beynəlxalq yerli dillər onilliyinə (2022-2032) hazırlıq, davamlı inkişaf üçün innovasiya və texnologiyanın təşviqi kimi məsələlərə toxunub.

    Pandemiya dövründə dezinformasiya və nifrət nitqlərinin artması problemlərindən söz açıb. Bu problemlərin aradan qaldırılması üçün media və məlumat savadlılığının təmin edilməsinin əhəmiyyətinə toxunub.

    Müvafiq qərar layihələrinin məhsuldar müzakirələri ilə əlaqədar “Coğrafi bölgü” üzrə İcra Şurasının Açıq işçi qrupunun sədri, Çinin UNESCO yanında daimi nümayəndəsi, səfir Yanq Jin qurumun katibliyinin işçilərinin vətəndaşlığına dair coğrafi bölgü məsələsinə toxunaraq, onun 60 il əvvəl qurumun idarə heyəti tərəfindən vacib məsələ kimi tez-tez müzakirə olunduğunu qeyd edib. Sonradan bu məsələ ilə bağlı İşçi Qrupunun yaradıldığını, UNESCO-nun insan resurslarını idarəetmə strategiyası çərçivəsində “Coğrafi bölgü”yə dair Fəaliyyət Planı hazırlandığını diqqətə çatdırıb. Bildirib ki, görülən tədbirlərə baxmayaraq, lazımi irəliləyişə hələ də nail olunmayıb və “Coğrafi bölgü”nü təkmiləşdirmək istiqamətində daha çox səy göstərilməlidir. O, üzv ölkələrin qurumun Katibliyində təmsil olunması göstəricilərini təqdim edib və bəzi ölkələrin çox zəif təmsil olunduğunu deyib. Qeyd edib ki, insan resurslarının idarə etdilməsi bürosu İşçi qrupunun katibliyi rolunu oynayır. Katibliyin “Coğrafi bölgü”nün təkmilləşdirilməsi istiqamətində həyata keçirilmiş müxtəlif tədbirlərdən, təbliğat, eləcə də işə qəbul proqramları, işə qəbul siyasətinin təkmilləşdirilməsindən söz açıb. İşçi qrupunu n əldə etdiyi əsas mülahizə və fikirləri təqdim edib.

    UNESCO sosial və humanitar elmlər sektorunun icra aparatının rəhbəri Mariaqrasiya Skiçiarini süni intellekt texnologiyası sahəsində irəliləyişlərin sürəti və miqyası, yaratdığı müsbət və mənfi imkanlardan danışıb. UNESCO-nun süni intellekt etikası ilə bağlı tövsiyələrini xatırladıb.

    İclasda Şərqi Avropa ölkələrinin müxtəlif namizədlikləri, eləcə də bütün Qrupların namizədliyi ilə əlaqədar universal cədvəlin yaradılması məsələsi müzakirə olunub.

    İclas müxtəlif məsələlər ətrafında iştirakçıların fikir mübadiləsi ilə davam edib.

  • Daşkənddə “Özbəkistanın mədəni irsi - yeni renessansın bünövrəsi” adlı beşinci konqres keçirilir

    Mədəni İrs Həftəsi çərçivəsində Daşkənddə “Özbəkistanın mədəni irsi - yeni renessansın bünövrəsi” adlı beşinci konqres keçirilir.

    AZƏRTAC xəbər verir ki, Mədəni İrs Həftəsi sentyabrın 13-dən 21-dək Daşkənddə, Xivədə və Nukusda baş tutacaq.

    Tədbirdə sosial və humanitar elmlər üzrə alimlər, filosoflar, tarixçilər, şərqşünaslar, dilçilər, sənətşünaslar, antropoloqlar, əlyazmalar və müniatürlər üzrə mütəxəssislər iştirak edir.

    Konqresə Azərbaycan alimləri də qatılıblar.

    Sentyabrın 14-15-də isə Özbəkistanın qədim Xivə şəhərində UNESCO-nun iştirakı ilə “Mərkəzi Asiya dünya sivilizasiyasının ayrıcında” adlı beynəlxalq mədəniyyət Forumu keçiriləcək.

    Tədbirə dünyanın 46 ölkəsindən 350-dən çox nümayəndə qatılacaq.

    Forumda Azərbaycanın mədəniyyət naziri Anar Kərimov da iştirak edəcək.

  • “İçərişəhər” İdarəsi və Katara Mədəniyyət Şəhərciyi arasında anlaşma memorandumu imzalanıb

    Sentyabrın 13-də Şirvanşahlar Sarayı Kompleksində “İçərişəhər” Dövlət Tarixi Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov və Katara Mədəniyyət Şəhərciyi Fondunun baş direktoru Xalid Bin İbrahim Əl-Süleyti tərəfindən anlaşma memorandumu imzalanıb.

    İdarədən AZƏRTAC-a bildirilib ki, memorandumun əsas məqsədi iki qurum arasında mədəni irsin təşviqi, birgə elmi-mədəni tədqiqatların, sərgi-ekspozisiyaların, simpoziumların, təbliğat-təşviqat tədbirlərinin təşkili istiqamətində əməkdaşlığın həyata keçirilməsi və bununla da Azərbaycan Respublikası və Qətər Dövləti arasında mədəni əlaqələrin daha da inkişaf etdirilməsinə töhfə verilməsidir.

    Qeyd edək ki, Katara Mədəniyyət Şəhərciyi Qətər Dövlətinin paytaxtı Doha şəhərində yerləşir və müxtəlif beynəlxalq mədəniyyət layihələrin, o cümlədən sərgilər, festivallar, tamaşalar, seminar və konfransların keçirildiyi mərkəz rolunu oynayır. Mərkəzin əsas məqsədi müxtəlif mədəniyyətləri bir araya gətirməklə ölkələr arasında qarşılıqlı əlaqələrin inkişafına töhfə verməkdir.

  • Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalı keçiriləcək

    Festivalın ilk konsertlərindən biri Şuşada təşkil ediləcək

    Sentyabrın 18-dən 24-dək ölkəmizdə ənənəvi Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının keçirilməsi nəzərdə tutulur. 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın qətiyyəti, Ordumuzun şücaəti nəticəsində tarixi ədalət bərpa edilib və Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan olunub.

    Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, bu səbəblə builki festivalın ilk konsertlərindən biri də Şuşa şəhərində keçiriləcək. Sentyabrın 18-də Üzeyir Musiqi Günündə Xalq artisti Ağaverdi Paşayevin rəhbərliyi altında Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı və tanınmış solistlərin iştirakı ilə Şuşada açıq havada konsert təşkil olunacaq.

    Bundan əlavə, sayca XIII olan bu festival çərçivəsində Bakı, Gəncə və Ağdamda bir neçə tədbirin təşkili planlaşdırılıb. Eyni zamanda, cari festival çərçivəsində ilk dəfə olaraq “Üzeyir sənətinin gənclik sədaları” adı altında yeni proqrama start verilib və gənclərə böyük səhnədə özlərini nümayiş etdirməyə şans yaradılıb.

    Festival çərçivəsində Azərbaycanın bədii kollektivləri, solistləri ilə yanaşı, ABŞ və Polşadan dəvət olunmuş məşhur musiqiçilərin də çıxışı nəzərdə tutulub.

    Onu da vurğulamaq lazımdır ki, mövcud pandemiya şəraiti ilə əlaqədar tədbirlərə yalnız xüsusi dəvətnamələr və COVID pasportu ilə giriş mümkün olacaq.

  • Kitabxana “Musiqi mədəniyyətinin sənət zirvəsi - Arif Məlikov” adlı videoçarx hazırlayıb

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Nizami rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası “Musiqi mədəniyyətinin sənət zirvəsi - Arif Məlikov” adlı videoçarx hazırlayıb.

    İdarədən AZƏRTAC-a bildirilib ki, görkəmli musiqiçinin həyat və ömür yolundan bəhs edilən videoçarx kitabxananın sosial hesablarında oxuculara təqdim olunub.

    Videoçarxda qeyd edilir ki, bəstəkar Arif Məlikovun yaradıcılığı parlaq istedad və özünəməxsusluq ilə səciyyələnir. O, öz əsərlərində milli musiqi ənənələrini XX əsr musiqisinin nailiyyətləri ilə birləşdirərək mütərəqqi təfəkkürə malik sənətkar kimi çıxış edib. Onun yaradıcılığına yüksək ideya, dolğun məzmun, obrazların dərin emosional-psixoloji ifadəsi xasdır. Görkəmli türk şairi Nazim Hikmətin librettosu əsasında yazdığı ilk böyük əsəri — "Məhəbbət əfsanəsi" baleti Arif Məlikova dünya şöhrəti qazandırıb.

    Arif Məlikov öz yaradıcılığının təbiətinə görə simfonistdir. Onun əsərləri onun yeni formalar, yeni konstruktiv yollar axtarışını əks etdirməklə müəllifin yaradıcılığının genişmiqyaslı olduğunu və rəngarəngliyini nümayiş etdirib. 2016-cı ildə Arif Məlikovun 28 cilddən ibarət "Not əsərlərinin tam külliyyatı" çap olunub.

  • Erik Klaptonun yeni albomu işıq üzü görəcək

    Tanınmış bluz-rok ifaçısı Erik Klaptonun “The Lady In The Balcony: Lockdown sessions” adlı yeni albomu noyabrın 12-də işıq üzü görəcək.

    AZƏRTAC guitar.com saytına istinadla xəbər verir ki, albomda Klaptonun qrup yoldaşları Natan İst (bass gitara-vokal), Stiv Qədd (zərb alətləri) və Kris Steynton (klaviş) çıxış edirlər. Albomun prodüseri Rass Titelmandır.

    Seanslar CD və DVD şəklində, audioversiyası isə sarı vinil üzlüklü 2lp formatında yayımlanacaq.

  • “İçərişəhər” İdarəsi “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda yerləşən Tərəkəmə məscidini bərpa edib

    “İçərişəhər” Dövlət Tarixi Memarlıq Qoruğu İdarəsi nəzdində fəaliyyət göstərən “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda yerləşən Tərəkəmə məscidini bərpa edib. Ölkə əhəmiyyətli abidə olan məscid XVII-XVIII əsrlərdə inşa olunub və hesab edilir ki, Hacı Ağahüseyn və Məşədi Məmmədyarovlar tərəfindən tikilib.

    İdarədən AZƏRTAC-a bildirilib ki, kəndin Cümə məscidindən sonra ən qədim dini tikilisi olan abidə uzun illər yararsız vəziyyətə düşüb. Məscidin həm sakinlər üçün mənəvi mahiyyətini, habelə abidənin tarixi əhəmiyyətini nəzərə alan idarə bu ilin iyun ayından etibarən abidənin təmirinə və planlı konservasiyasına başlayıb. İyulun 30-da tamamlanan bərpa işlərindən sonra məscid kənd əhalisinin ixtiyarına verilib. Abidənin təmiri hər gün namaz qılmağa gələn onlarla sakin tərəfindən böyük rəğbət və minnətdarlıqla qarşılanıb.

  • Mədəniyyət naziri Bolonyada ICESCO-nun Baş direktoru ilə görüşüb

    İtaliyanın Bolonya şəhərində keçirilən G-20 sammitinin Dinlərarası Dialoq Forumunda iştirak edən Azərbaycanın mədəniyyət naziri Anar Kərimov ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik ilə görüşüb.

    AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan-ICESCO əlaqələrindən söhbət açılıb, Baş direktorun bu ilin yanvar ayında Azərbaycana səfəri, həmin səfər çərçivəsində müzakirə olunan məsələlərlə bağlı yenidən fikir mübadiləsi aparılıb.

    Anar Kərimov ICESCO-nun Baş direktorunun bu səfərinin Azərbaycan cəmiyyətində böyük rezonans doğurduğunu, ICESCO-nun 44 günlük Vətən müharibəsi zamanı və müharibədən sonrakı dövrdə ölkəmizə verdiyi dəstəyin bir daha yüksək qiymətləndirildiyini diqqətə çatdırıb. Eyni zamanda, həmin səfər çərçivəsində razılaşdırılmış məqamların həyata keçirilməsi üçün konkret addımların atılması ilə bağlı müzakirələr aparılıb.

    Salim bin Məhəmməd əl-Malik öz növbəsində Azərbaycana yüksək səviyyədə rəsmi səfərə dəvət edildiyinə və Prezident İlham Əliyev tərəfindən qəbul olunduğuna görə təşəkkürünü bildirib, görüşlərdə əldə olunan razılaşmaların icrası ilə bağlı ICESCO-nun artıq fəaliyyətə başladığını deyib.

    Vurğulanıb ki, buraya ən vacib məqam olaraq Şuşa şəhərinin “İslam Mədəniyyətinin Paytaxtı” elan edilməsi, Azərbaycanda ICESCO-nun regional ofisinin açılması ilə bağlı məsələlərin tamamlanması, həmçinin ICESCO-da Nizami Gəncəvinin 880 illiyinin qeyd olunması kimi məsələlər daxildir.

    Görüş zamanı cari ilin sonuna kimi ICESCO-nun Baş katibliyində Nizami Gəncəvi irsinə həsr olunmuş böyük beynəlxalq tədbirin təşkili, regional ofis ilə bağlı məsələlərin Azərbaycan tərəfinin təklif etdiyi məqamlara aydınlıq gətirildikdən sonra işçi qrup səviyyəsində müzakirə edilməsinə dair ümumi razılıq əldə olunub. Eləcə də bu ilin sonunadək həm ICESCO Baş Konfransında, həm mədəniyyət nazirlərinin konfransında bu məqamlarla bağlı təqdimatların edilməsi razılaşdırılıb.

    Baş direktor, eyni zamanda, Azərbaycan tərəfinin yeni təşəbbüsü olan "Mədəniyyət naminə sülh" (Peace4Culture) qlobal kampaniyasına öz dəstəyini ifadə edərək 2021-ci ilin dekabr ayında keçiriləcək ICESCO Baş Konfransı çərçivəsində bu kampaniyanın geniş təqdimatının keçirilməsinə razılığını ifadə edib.