Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Səhnəmizin əfsanəvi Məcnunu - Hüseynqulu Sarabski

    Bu gün Xalq artisti Hüseynqulu Sarabskinin anım günüdür

    Hüseynqulu Sarabski Azərbaycanın teatr və musiqi mədəniyyətinin böyük nümayəndələri sırasında layiqli yer tutan tanınmış şəxsiyyətlərdəndir. Şərqlə Qərbin musiqili teatr ənənələrinin qovuşuğunda meydana gəlmiş və dünya opera sənətinin unikal hadisəsinə çevrilmiş muğam operasının təşəkkülündə onun ifaçı kimi müstəsna xidmətləri vardır. Muğamları dərindən bilən, parlaq aktyorluq istedadına malik sənətkar milli opera və operettalarda əsas partiyaların ilk və unudulmaz ifaçısı olub, uzunmüddətli dolğun səhnə fəaliyyəti ərzində rəngarəng obrazlar qalereyası yaradıb. Sarabski respublikanın mədəni həyatında yaxından iştirak edib, eyni zamanda, muğam sənətinin təbliği və tədrisinə mühüm töhfələr verib.

    AZƏRTAC xəbər verir ki, bu gün görkəmli opera müğənnisi, aktyor, rejissor, pedaqoq, Xalq artisti Hüseynqulu Sarabskinin (Rzayev) vəfatından 79 il ötür.

    XX əsr Azərbaycan milli musiqi mədəniyyətinin parlaq şəxsiyyətləri sırasında öz yeri və mövqeyi olan sənətkar, səhnəmizin əfsanəvi Məcnunu Hüseynqulu Sarabski 1879-cu il martın 20-də Bakıda kasıb bir ailədə anadan olub.

    Uşaqlıqdan Hüseynqulu Sarabski musiqiyə böyük həvəsi və yaxşı səsi ilə seçilib. Özünün xatirələrində yazdığı kimi, məhərrəmlik vaxtında dini nəğmələr oxuyar, mərsiyə deyər, münacat çəkər, eyni zamanda, el şənliklərində, toyda-bayramda muğamlara, mahnılara qulaq asar, öyrənərdi.

    Hüseynqulu ilk dəfə 12 yaşında teatr tamaşasına baxır. Bu həvəskarların ifasında “Xan Sarabi” adı ilə səhnəyə qoyulmuş Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran” komediyası idi. Əsl soyadı Rzayev olan Hüseynqulunun sonralar götürdüyü səhnə təxəllüsü-Sarabski də bu güclü təəssüratın nəticəsidir. Elə həmin gündən teatr və musiqi onun arzu və xəyallarında qoşalaşıb.

    Hüseynqulu Sarabski teatra çətin bir dönəmdə gəlib. Teatrı “şeytan əməli”, aktyorluğu isə “kişiyə yaraşmaz peşə” hesab edənlərin tənəsinə, bəzən də hədə-qorxusuna sinə gərərək öz arzuları və xəyallarına doğru inamla gedib. Kiçik yaşlarından ağır zəhmətə qatlaşan, ağır fiziki işlərdən də çəkinməyən, dəmirçi, daşyonan, fəhlə işləyən Hüseynqulu yeni əsrin səsini eşidib. O, oxumaq, təhsil almaq istəyi ilə özünü oda-közə vurur, qazandığını kitaba, dəftərə verib. Hüseynqulu ziyalı, müəllim, təhsilli insanları özünə nümunə seçib, onlara bənzəmək istəyib. İlk dəfə gördüyü teatr tamaşası isə onun həyat seçimini bircə an içində dəqiqləşdirib. O, səhnəyə ilk baxışdan və birdəfəlik vurulub. Səhnə onun əbədi məhəbbətinə çevrilib. Bu məhəbbət qarşılıqlı oldu.

    Hüseynqulu Sarabskinin teatra gəlməsində, aktyorluq sənətini seçməsində, püxtələşməsində teatr xadimlərindən, tanınmış ziyalılardan Nəriman Nərimanovun, Əbdürrəhimbəy Haqverdiyevin, Rəhimbəy Məlikovun, həmkarları - Hüseyn Ərəblinskinin, Cahangir Zeynalovun və başqalarının böyük rolu olub.

    İlk dəfə 1902-ci ildə N.Nərimanovun “Dilin bəlası” pyesində Rəsul rolunu oynayan Hüseynqulu sonralar teatr səhnəsində M.F.Axundzadənin, N.Vəzirovun, Ə.Haqverdiyevin dram əsərlərində bir sıra müxtəlif xarakterli rollar oynayır. O, yalnız milli repertuarda deyil, Azərbaycan dilinə tərcümədə Şekspirin, Heynenin, Şillerin, Qoqolun əsərlərində də çıxış edirdi. Məhz Henrix Heynenin “Əlmənsur” pyesində ərəb səyyahının rolunu oynayarkən oxuduğu təsiredici “Hicaz” muğamı onu Azərbaycan mədəniyyətinin yeni bir aləminə - musiqili teatra, operaya gətirib. Məhz bu tamaşada Sarabski o zamanlar Azərbaycanın və Şərqin ilk operası olan “Leyli və Məcnun” üzərində işləyən Üzeyir bəy Hacıbəylinin diqqətini cəlb edib. Bu, zirvəyə gedən yolun başlanğıcı olub. Üzeyir bəy Hacıbəyli məlahətli səsə malik, muğamlara bələd olan Hüseynqulu Sarabskinin opera artisti kimi potensialını hiss edərək onu öz operasında baş rola dəvət edib.

    1908-ci il yanvarın 12-də Üzeyir bəy Hacıbəylinin “Leyli və Məcnun” operası tamaşaya qoyulur. “Məcnun”u oynayan Sarabski birinci və ikinci pərdələri həyəcan və qorxu içində var qüvvəsi ilə yaxşı oynamağa çalışır. Zaldan “Afərin!” sədalarını eşidən aktyor üçüncü pərdədə özünü tamamilə unudub “Məcnun” olur. Tamaşa bitir, pərdə enir, Hüseynqulu isə yoldaşlarının onun qucaqlayıb öpmələrinə və tamaşaçı alqışlarına yalnız göz yaşları ilə cavab verə bilir.

    Məcnun obrazı ona böyük uğur gətirir, bundan sonra dəfələrlə Bakıda, müxtəlif regionlarda, hətta Tiflisdə “Leyli və Məcnun” oynanılır. Artıq dostlar, ziyalılar arasında onu zarafatla “Məcnun” çağırırdılar, etiraz etmirdi və hətta xoşuna gəlirdi. Məcnun onun üçün doğma idi, çünki o da sənətinin məcnunu idi.

    Sənətini musiqi incisi olan “Leyli və Məcnun” zirvəsindən başlayan Hüseynqulu Sarabski bütün ömrünü bu zirvənin məsuliyyətini, onun ucalığını dərk edərək yaşayıb.

    Bu rol Hüseynqulu Sarabskiyə sözün əsl mənasında ümumxalq məhəbbəti və şöhrəti gətirib. Bu rol bəlkə də aktyorluq sənətinə hələ də “oyunbazlıq” kimi baxanların teatra münasibətini kökündən dəyişdirən təkan nöqtəsi olub. Aktyorun özünün yazdığı kimi, “vaxtı ilə onu barmaqla göstərən, ona tənə ilə baxanlar indi onu Məcnun deyə çağıraraq alqışlayır, hörmətlə qarşılayırdılar”.

    Səhnədə olduğu 30 ildən artıq bir müddətdə o, 400 dəfə bu rolun sehrini yaşadı, yaratdı, bu rolu tamaşaçıya sevdirib. Azərbaycan səhnəsinin əfsanəvi, təkrarolunmaz Məcnunu kimi tanınıb.

    Dünya opera sənətinin nadir bir səhifəsi olan Şərqin və Qərbin musiqi teatr ənənələrinin kəsişdiyi muğam operasının tarixini Hüseynqulu Sarabskisiz təsəvvür etmək mümkün deyildir. O, milli opera tarixində Üzeyir bəy Hacıbəylinin “Əsli və Kərəm”, “Şeyx Sənan”, “Şah Abbas və Xurşidbanu”, “Rüstəm və Söhrab”, “O olmasın, bu olsun”, “Ər və arvad”, “Arşın mal alan” kimi opera və operettalarında, Müslüm Maqomayevin “Şah İsmayıl”, Zülfüqar Hacıbəyovun “Aşıq Qərib” operalarındakı rolları ilə mədəniyyətimizə iz qoyub. Hər bir obraz üçün Hüseynqulu Sarabski təravətli, fərqli boyalar tapıb. Məcnunu ifa edərkən tamaşaçılarını göz yaşlarına qərq edib. Şah İsmayılı oynayanda məğrurluğu, əzəməti ilə tamaşaçıları riqqətə gətirib, Kərəm obrazını yaradanda yandırıb-yaxırdı.

    O, Üzeyir bəy Hacıbəyli, Müslüm Maqomayev, Zülfüqar Hacıbəyov ilə birlikdə çiyin-çiyinə yeni musiqi tarixinin qurucularından biri olub.

    1918-ci ildə Bakıda vəziyyət ağırlaşır, aktyorlar hərəsi bir tərəfə dağılır. H.Sarabski də İrana gedir, amma çox qala bilmir. Pulsuzluq, xəstəlik onu əldən salır və o, Bakıya qayıdır.

    1920-ci ildən sonra Hüseynqulu Sarabski yenidən teatrda işləməyə başlayıb. 1923-cü ildə onun yubileyi qeyd olunub. Görkəmli sənətkar Orta Asiya ölkələrinə, Rusiyaya təşkil olunan qastrollarda iştirak edib. 1932-ci ildə ona “Xalq artist” fəxri adı verilib.

    Teatr xadimi, opera müğənnisi, aktyor, rejissor, pedaqoq olan Hüseynqulu Sarabski 1945-ci il fevralın 2-də dünyasını dəyişib.

  • Bu gün Xalq yazıçısı Əli Vəliyevin anım günüdür

    Bu gün görkəmli qələm ustası, roman, povest və hekayələr müəllifi, Xalq yazıçısı Əli Vəliyevin vəfatından 41 il ötür.

    AZƏRTAC xəbər verir ki, ədəbi yaradıcılığa gənc yaşlarından başlayan Əli Vəliyev özündən sonra zəngin bir ədəbi irs qoyub.

    Əli Vəliyev 1901-ci il fevralın 27-də Azərbaycanın qədim Zəngəzur qəzasının Ağudi kəndində anadan olub. Kəndin 3 sinifli rus məktəbində, daha sonra Şuşa Firqə məktəbində və Bakı Mərkəzi Firqə məktəbində təhsil alıb. Ali təhsilini Azərbaycan Dövlət Darülfünununda davam etdirib. Əmək fəaliyyətinə "Şərq qapısı" qəzetinin redaktoru vəzifəsində başlayıb. Sonrakı dövrlər “Kommunist” qəzetinin baş redaktoru, Yazıçılar İttifaqının katibi, "Azərbaycan" jurnalının baş redaktoru kimi vəzifələrdə çalışıb. Beş övlad atası olub.

    Əli Vəliyev 1920–1930-cu illərdən başlayaraq dövri mətbuatda oçerk və hekayələrlə çıxış edir. Həmin illər işıq üzü görmüş “Allahın səyahəti”, “Nənəmin cəhrəsi”, “Qarlı dağlar”, “Qəhrəman”, “Ordenli çoban”, “Sübut” kimi kitabları tez bir zamanda geniş oxucu auditoriyasının rəğbətini qazanır.

    Böyük Vətən müharibəsi illərində cəbhəyə könüllü yollanan yazıçı, iştirakçısı və şahidi olduğu döyüşlər, əsgərlərimizin qəhrəmanlığı haqqında silsilə məqalələr yazır. Həmin dövrlər onun müharibədən bəhs edən “Cəbhə hekayələri”, “Ərköyün”, “Sovqat” adlı kimi kitabları nəşr olunur.

    1950–1970-ci illərdə yazıçının “Madarın dastanı”, “Ürək dostları”, 6 cildlik “Seçilmiş əsərləri” “Turaclıya gedən yol”, “Budağın xatirələri” romanları, “Zəngəzur qartalları”, “Bir cüt tərlan” povestləri, “Uşaqlara sovqat”, “Əziz nəvələrimə”, “Anaqız”, “Bir cüt ulduz”, “Yeni həyat” hekayələr kitabı, “Zamanın ulduzları”, “İstedad”, “Samovar tüstülənir”, “Gəncliyimi tapdım”, “Durna qatarı” adlı roman, povest, hekayə və oçerkləri toplanan kitabları işıq üzü görür. 1980-ci illərdə “Qarabağda qalan izlər”, “Narahat adam” romanları, “Qənirsiz gözəl”, “Zamanın ulduzları” adlı povest və hekayələrinin toplandığı kitabları kütləvi tirajlarla nəşr edilir.

    1950-ci ildə “Gülşən” povestinin motivləri əsasında görkəmli bəstəkar Soltan Hacıbəylinin bəstələdiyi eyniadlı balet Azərbaycan Opera və Balet Teatrının, 1953-cü ildə isə Ə.Nəvai adına Daşkənd Böyük Teatrının səhnəsində tamaşaya qoyulur.

    1958-ci ildə yazıçının “Gülşən” povesti və “Çiçəkli” romanı M.F.Axundov adına Dövlət mükafatına, 1952-ci ildə SSRİ Dövlət mükafatına layiq görülür. Müxtəlif dövrlərdə Lenin, “Qırmızı Əmək Bayrağı”, “Oktyabr İnqilabı”, “Şərəf Nişanı” ordenləri və SSRİ Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif edilir.

    Dilinin zənginliyi, rəvanlığı, xalq danışığından bəhrələnən şirin sadəliyi, şəxsiyyətindən doğan səmimiyyəti ilə Əli Vəliyev dövrünün ən çox oxunan, sevilən yazıçılarından olub. Janrından asılı olmayaraq əsərlərindən duyulan torpaq, çörək ətri, halallıq qoxusu bu gün də öz təzəliyini, təravətini qoruyub saxlayır. İstedadı və yaradıcı zəhməti ilə Azərbaycan ədəbiyyatının inkişafına, dilin zənginləşməsinə misilsiz töhfələr vermiş yazıçı sözün çəkisini, namusunu ləyaqətlə qorumuş, sovet rejiminin ən çətin sınaqlarından alnıaçıq, üzüağ çıxaraq, mənliyini, qürurunu, ədəbiyyata, dosta sədaqətini hər şeydən uca tutmuşdur.

    Öz “tərcümeyi-hal”ında yazdığı bu sözləri Əli Vəliyevin ömür yolunun devizi qəbul etmək olar: “Öz namuslu əməyi ilə həyat sürmək, sənəti ilə yaşayıb ömrü başa vurmaq, əsərləri ilə oxucuların qəlbinə yol tapmaq yazıçı üçün ən böyük sərvətdir”.

    Əli Vəliyev 1983-cü il fevralın 2-də Bakı şəhərində vəfat edib.

  • Bakıda “Sərhədsiz incəsənət” adlı layihənin təqdimatı keçirilib

    Fevralın 1-də Azərbaycan Milli İncəsənət Muzeyində “Sərhədsiz incəsənət” adlı ilk inklüziv layihənin təqdimatı olub.

    AZƏRTAC xəbər verir ki, tədbirin açılışında çıxış edən Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova layihənin Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin birgə təşkilatçılığı ilə birlikdə ərsəyə gətirildiyini bildirib. Tədbirin “Mədəni yaddaşımızda Qərbi Azərbaycan” sərgisi çərçivəsində keçirildiyini söyləyən Ş.Məlikova deyib: "Ölkəmizin muzey tarixində ilk dəfə bu sərgidə təsviri sənət sahəsində taktillik tətbiq olunub. Burada Mirzə Qədim İrəvaninin rəngkarlıq və qrafik üslubda çəkilmiş bir neçə məşhur portretini, eyni zamanda rus rəssamı Nikolay Qruşevin "İrəvan Sərdar məscidi" əsərinin relyef modelləri nümayiş etdirilib. Tədbirdə əsərlər haqqında məlumat Brayl əlifbası vasitəsilə qonaqlara təqdim olunub".

    Xalq rəssamı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru professor Natiq Əliyev fiziki məhdudiyyətli şəxslərin muzey həyatına, sosial və mədəni mühitə cəlb edilməsi istiqamətində davamlı layihələrin həyata keçiriləcəyinin vacibliyini vurğulayıb.

    Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Nigar Məmmədova mərkəz haqqında məlumat verərək orada 14 fəaliyyət istiqamətinin olduğunu diqqətə çatdırıb. O bildirib ki, mərkəzdə sosial cəhətdən həssas əhali qruplarının sosial müdafiəsi sahəsində işlər aparılır, onların cəmiyyətə fəal inteqrasiyası istiqamətində geniş layihələr həyata keçirilir.

    Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev qeyd edib ki, belə layihələrin daha çox keçirilməsi arzuolunandır.

    Sonda iştirakçılar “Mədəni yaddaşımızda Qərbi Azərbaycan” adlı sərgi ilə tanış olublar.

  • Gəncədə 25 memarlıq abidəsinin fasadına vurulan qanunsuz reklam lövhələri sökülüb

    Gəncədə 25 memarlıq abidəsinin fasadına vurulan qanunsuz reklam lövhələri sökülüb.

    Bu barədə "Report"a Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.

    Qeyd olunub ki, Gəncə şəhərinin Heydər Əliyev, Nizami, Atatürk prospektlərində, Cavadxan və Mirzə Abbas Abbaszadə küçələrində yerləşən bir sıra tarix-memarlıq abidələrinin fasadına qanunsuz vurulmuş reklam lövhələri aşkarlanıb. Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin əməkdaşları tərəfindən aparılan monitorinq zamanı aşkar olunan qanunsuz reklamların sökülməsi ilə bağlı obyekt sahiblərinə xəbərdarlıq edilib.

    Dövlət Reklam Agentliyi ilə əməkdaşlıq çərçivəsində qeyd olunan ünvanlarda yerləşən 25 memarlıq abidəsinin fasadına vurulmuş qanunsuz reklam lövhələri sökülərək nöqsanlar aradan qaldırılıb.

  • Milli Kitabxanada Gənclər Günü münasibətilə virtual sərgi hazırlanıb

    Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “2 Fevral - Azərbaycan Gəncləri Günü” adlı virtual sərgi hazırlanıb.

    Kitabxanadan AZƏRTAC-a bildirilib ki, həmin əlamətdar gün münasibətilə virtual sərgidə fotolar, dövri mətbuat səhifələrində dərc olunan məqalələr və mövzu haqqında kitablar nümayiş olunur.

    Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında dərin izlər buraxıb. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb. Bir çox sahədə olduğu kimi, bu sahədə də Azərbaycan bir çox ölkələri qabaqlayıb. Belə ki, Azərbaycanda Gənclər Günü təsis edildikdən xeyli sonra gənclərin işləri üzrə nazirlərin ümumdünya konfransının tövsiyəsi əsasında BMT Baş Məclisinin 1999-cu il 17 dekabr tarixli qətnaməsi ilə 12 avqust - Beynəlxalq Gənclər Günü elan edilib.

    Tam inamla demək olar ki, ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması üçün həyata keçirilən bütün zəruri tədbirlər Azərbaycan gəncliyini daha işıqlı sabaha aparacaq.

  • “Əli Tudə–100” və “Səməd Mənsur-145” adlı biblioqrafik yaddaş kitabçası virtual olaraq oxuculara təqdim edilib

    Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının Məlumat-biblioqrafiya şöbəsi tərəfindən görkəmli şair, publisist Səməd Mənsurun anadan olmasının 145 illiyi və Əməkdar incəsənət xadimi Əli Tudənin 100 illiyi münasibətilə biblioqrafik yaddaş oxuculara virtual şəkildə təqdim edilib.

    Kitabxanadan AZƏRTAC-a bildirilib ki, biblioqrafik göstəricidə şair və yazıçı barədə kitabxana fondunda mövcud olan kitab və dövri mətbuat materiallarının ədəbiyyat siyahısı yer alıb.

  • Mədəniyyət naziri xaricdə mədəniyyət sahəsi üzrə təhsil almış və təhsilini davam etdirən şəxslərlə görüşüb

    Azərbaycan Milli İncəsənət Muzeyində mədəniyyət naziri Adil Kərimli xaricdə mədəniyyət sahəsi üzrə təhsil almış və hazırda təhsilini davam etdirən şəxslərlə görüş keçirib.

    Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşün məqsədi xaricdə təhsil almış və hazırda təhsilini davam etdirən şəxslər arasında dialoq və şəbəkələşmə üçün münbit şərait yaradılması, eyni zamanda, xaricdə təhsil almış şəxslərin bilik və bacarıqlarından istifadə olunmaqla ölkəmizin mədəni inkişafına töhfə verməkdən ibarətdir.

    Görüşdə çıxış edən mədəniyyət naziri ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan danışıb. Qeyd edib ki, gənclərimizin müxtəlif ixtisaslar üzrə xaricdə təhsil alması istiqamətində ardıcıl addımlar atılır: “Sizlərin bir çoxu 2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində dünyanın nüfuzlu universitetlərində mədəniyyətin müxtəlif sahələri üzrə təhsil almısınız. Ölkə rəhbərliyi tərəfindən mədəniyyət sahəsinin inkişafı ilə bağlı qarşımızda qoyulan vəzifələrin və tapşırıqların həyata keçirilməsində beynəlxalq təcrübəyə əsaslanan biliklərə, yanaşmalara ehtiyac var”.

    Bildirilib ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbəri olduğu Heydər Əliyev Fondu tərəfindən də gənclərimizin mədəniyyət sahəsi üzrə xaricdə təhsil almalarına mütəmadi dəstək göstərilir.

    Daha sonra görüşdə iştirakçıların maraqlı fikirləri dinlənilib, mədəniyyətin ayrı-ayrı sahələri üzrə diskussiya keçirilib.

  • Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı repertuarını açıqlayıb

    Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı fevralın 1-dən 14-dək göstəriləcək tamaşaların repertuarını açıqlayıb:

    2 fevral – “Afina axşamları”

    2016-cı il yanvarın 17-də premyerası olan Pyotr Qladilinin 2 pərdədən ibarət lirik komediyası. Quruluşçu rejissor Azərbaycanın Xalq artisti Aleksandr Şarovskidir.

    Pyesin süjeti ailənin başçısı Boris Oleqoviç və onun qızı gənc pianoçu Nataşa arasında baş verən nəsil münaqişəsinə toxunur. Nataşanın nənəsi – knyaqinya Rastopçina özünəməxsus formada qarşıdurmanı yumşaldır, onun keçmişlə bağlı “şok” hekayələri dərin fəlsəfi sevgi mövzularına və həyata münasibətə aydınlıq gətirir.

    3 fevral – “Evlənmə”

    N.V.Qoqolun eyniadlı komediyası əsasında qurulmuş tamaşa ilk dəfə 2018-ci dekabrın 22-də nümayiş olunub. Onun rejissoru Emin Mirabdullayevdir.

    “Evlənmə”nin altyazısı var: “İki hissədən ibarət tamamilə ağlasığmaz hadisə”. Komediyanın süjeti yaxşı adaxlı axtarışından ibarətdir. Tacir qızı zadəgan ər istəyir, zadəgan adaxlılar isə varlı gəlin axtarırlar. Komediyanın baş qəhrəmanları qərarsızdırlar. Komik fəlakət ümumi səylərin demək olar ki, uğurla nəticələndiyi an baş verir…

    4 fevral – “Kral Benya və başqaları”

    İ.Babel və Ş.Aleyxemin hekayələri əsasında Vladimir Neverovun səhnələşdirdiyi iki hissədən ibarət evlilik və nikahdan kənar münasibətlər haqqında tamaşadır. İlk dəfə 2023-cü il fevralın 17 və 18-də səhnədə nümayiş etdirilib və quruluşçu rejissor qismində çıxış edən Azərbaycanın Xalq artisti Aleksandr Şarovskinin yubileyinə həsr olunub.

    “Kral Benya və digərləri” tamaşasının birləşdirici halqası Kral ləqəbli Bension Mendeleyeviç Krikin obrazında təqdim edilən Odessa hekayələrinin sintezidir. Bu, Moldavankadan olan usanmayan quldurlar və onların heyranedici lideri haqqında dünyaya gəlmə, sevgi və ölüm səhnələrində ustalıqla təsvir edilmiş istehzalı hekayələrdir. Bu nəsrdə həyatın özü kimi ayrılmaz şəkildə alçaq və yüksək, mənəvi və cismani, canlı, ifadəli dildə təsvir üsulları mövcuddur.

    9 fevral – “Yuxularıma gəlmə”

    “Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanı əsasında səhnələşdirilmiş, premyerası 2018-ci il iyunun 30-da keçirilən, Xalq yazıçısı Anarın anadan olmasının 80 illiyinə həsr olunmuş iki pərdədən ibarət melodramdır. Quruluşçu rejissor – Azərbaycanın Xalq artisti Aleksandr Şarovskidir.

    Tamaşa Zaurla Təxminə arasında mühafizəkar cəmiyyətdə xoşbəxt sonluqla bitməyən ehtiraslı eşq macərasından bəhs edir. Zaurun ailəsi intriqa və təlqin yolu ilə onların birləşməsinə hər cür mane olur, hətta onu qonşunun qızı Firəngizlə evləndirir. Lakin Zaur vida məktubunda ona itirilmiş sevgi həsrəti və yuxularında dəyişməz olaraq görünən bir obraz qoyaraq dünyasını dəyişən Təxminə ilə bağlı duyğularını unuda bilmir.

    10 fevral – “Albalı bağı”

    A.P.Çexovun eyniadlı pyesi əsasında tamaşanın premyerası 2023-cü il oktyabrın 20-21-də olub. Quruluşçu rejissor – Azərbaycanın Xalq artisti Aleksandr Şarovskidir.

    Pyes Çexov tərəfindən 1903-cü ilin payızında, ölümündən bir qədər əvvəl yazılıb. O, yazıçı tərəfindən dönüş dövründə Rusiyanın simasını əks etdirən komediya kimi düşünülüb. Albalı bağı ötən günlərin simvolu, zadəganların mənasız malikanə həyatının prototipidir. Faciə elementlərinin də yer aldığı bu komediya mülkədarların laqeydliyi, onların özlərini deyil, nəyisə dəyişmək istəyindən bəhs edir, bu isə nəticədə uğursuzluğa – albalı bağının məhvinə gətirib çıxarır. Yeni sahibə bağ lazım deyil, o, onun gözəlliyini, mənəvi dəyərini dərk etmir və kommersiya məqsədləri üçün amansızcasına məhv edir. Lopaxin XIX əsrin sonlarında Ranevskaya, Qayev və digər zadəgan nümayəndələrini əvəz edən yeni dövrün prototipidir.

    11 fevral – “Üç gözəl”

    V.Krasnoqorovun pyesi əsasında qurulan tamaşanın premyerası 2024-cü il yanvarın 13-də olub. Quruluşçu rejissor – Azərbaycanın Xalq artisti Aleksandr Şarovskidir.

    “Üç gözəl” pyesi qadın tənhalığı, zərif cinsin özünü reallaşdıra bilməməsi, tükənməyən sevgi, valideyn-övlad münasibətləri problemlərini gündəmə gətirir və bir çox qadınların həyat yolunun bütün spektrini nümayiş etdirir.

    “Üç gözəl” komediyası sübut edir ki, yaş sevgi və xoşbəxtlik üçün maneə deyil və "qadın hər yaş dövründə sevginin sevincini hiss edir" və hətta 50 yaşını "bir az" keçmiş olsanız da, yenidən başlamaq üçün heç vaxt gec deyil...

    14 fevral – “Əli və Nino”

    Tamaşa Qurban Səidin dünyaca məşhur romanı əsasında qurulub. Quruluşçu rejissor İlqar Safatdır.

    Tamaşanın süjeti aristokrat Şirvanşirlər sülaləsindən olan azərbaycanlı Əli və yaxın zamanlarda zadəgan titulu almış Kipiani nəslindən olan gürcü qızı Ninonun hekayəsidir. Bir-birini tanımaq yolunda sevgililər çox şey, o cümlədən mental mədəniyyətlər fərqinə üstün gəlməli olurlar. Lakin hisslər ağıldan daha güclüdür. Birinci Respublika dövründəki xoşbəxt ailə həyatına Qızıl Ordu və daşnak dəstələrinin hücumu son qoyur. Gənc ailənin taleyi necə olacaq? Cümhuriyyət uğrunda döyüşənlərin sıralarında qalmağa qərar verən ərinin seçiminə Nino necə reaksiya verəcək? Əli sağ qalacaqmı? Romanın hekayəsi 1911-1918-ci illərdə Bakıda baş verən real hadisələrə əsaslanır.

  • Milli İncəsənət Muzeyi “Muzeydə kino” adlı yeni layihəyə başlayır

    Fevralın 3-dən Azərbaycan Milli İncəsənət Muzeyi “Muzeydə kino” adlı yeni layihəyə başlayır.

    Muzeydən AZƏRTAC-a bildirilib ki, filmlərin nümayişi şənbə və bazar günləri muzeyin kinozalında keçiriləcək.

    Fevralın 3-4-də rejissor Şamil Nəcəfzadənin “Üfüqü ötənlər” tammetrajlı bədii-sənədli filminin nümayişi olacaq. İki hissədən ibarət film beş tanınmış avanqard rəssam – Cavad Mircavadov, Tofiq Cavadov, Əşrəf Murad, Rasim Babayev və Qorxmaz Əfəndiyevdən bəhs edir. 2011-ci ildə “Yaddaş” sənədli filmlər studiyasında istehsal edilmiş filmin ssenari müəllifi Sara Oğuz Nəsirova, operatoru Nizami Abbas, prodüseri Cavid İmamverdiyev, koordinatoru Şirin Məlikovadır.

  • “Akademiyanın həqiqi və müxbir üzvləri akademik Zemfira Səfərova haqqında” adlı kitab çapdan çıxıb

    “Akademiyanın həqiqi və müxbir üzvləri akademik Zemfira Səfərova haqqında” adlı kitab nəşr olunub.

    AZƏRTAC xəbər verir ki, kitabda AMEA Memarlıq və İncəsənət İnstitutunun “Musiqi tarixi və nəzəriyyəsi” şöbəsinin müdiri, Əməkdar elm və incəsənət xadimi, Şöhrət ordenli, AMEA-nın həqiqi üzvü Zemfira Səfərova haqqında akademiyanın həqiqi və müxbir üzvləri, Azərbaycanın görkəmli bəstəkarı, SSRİ Xalq artisti, akademik Qara Qarayev, SSRİ Xalq artisti, AMEA-nın müxbir üzvü Fikrət Əmirov, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti Firəngiz Əlizadə, Xalq yazıçısı, akademik Mirzə İbrahimov, akademik Firudin Köçərli, akademik Tofiq Hacıyev, akademik Rasim Əfəndiyev, akademik Bəkir Nəbiyev, akademik Rafael Hüseynov və AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin müxtəlif illərdə kitablarda, məcmuələrdə, qəzetlərdə dərc edilmiş fikir və düşüncələri yer alıb.

    Kitabın “Ön söz” müəllifi AMEA Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Ülkər Talıbzadə, kompüter tərtibçisi şöbənin kiçik elmi işçisi Tutu Hüseynovadır.