Facebook Pixel Code
GoMap XƏRITƏ
PARTNYORLAR
asan xidmət
aerotur
asan kadr
azərbaycan respublikası mədəniyyət nazirliyi
azea construction
azərpoçt
dövlət imtahan mərkəzi
elektron hökümət portalı
qafqaz müsəlmanları idarəsi
iteca
kimi
bakı 2017 islam həmrəyliyi oyunları
icbari sığorta bürosunu
baku city circuit
qafqaz hazırlıq kursları
mərkəzi seçki komissiyası
baku shopping festival
metropark
bakı 2015 avropa oyunları
satgroup
sinam
taxilider

XƏBƏRLƏR


  • Mayın 20-dən 26-dək II Bakı Müasir Musiqi Günləri keçiriləcək

    Mayın 20-dən 26-dək Elm və Təhsil Nazirliyi və Mədəniyyət Nazirliyinin dəstəyi ilə “II Bakı Müasir Musiqi Günləri” festivalı keçiriləcək.

    AZƏRTAC xəbər verir ki, festivalda yerli musiqiçilərlə (Cadenza Orchestra, BCMS Ensemble) yanaşı, Avstriya, Almaniya, Macarıstan, Norveç, ABŞ və Rusiyadan dəvət olunmuş ifaçıların da iştirakı nəzərdə tutulur.

    Festivalın proqramı səhər, gündüz və axşam sessiyalarından ibarətdir – konsertlərin hamısı ictimaiyyət üçün açıqdır. Həmçinin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində və Beynəlxalq Muğam Mərkəzində ustad dərslərinin, seminarların və mühazirələrin keçirilməsi nəzərdə tutulur.

    Eyni zamanda, Beynəlxalq Muğam Mərkəzində və Muzey Mərkəzində “Portretlər” adlı yaradıcılıq gecələri keçiriləcək. Festivalın hər bir günü ya Beynəlxalq Muğam Mərkəzində, ya da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında axşam konserti ilə başa çatacaq.

  • Türkiyədə Azərbaycandan bəhs olunan filmin baş rol ifaçısı vəfat edib

    Türkiyəli məşhur aktrisa, Azərbaycanda Sovet hakimiyyətinə qarşı mübarizədən bəhs edən “501 nömrəli kamera” filmində əsas rollardan birini oynamış Aytən Gökçer 84 yaşında vəfat edib.

    “Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, o, mayın 15-də Zincirlikuyu qəbiristanlığında həyat yoldaşı Cüneyt Gökçerin məzarının yanında dəfn olunacaq.

    Aytən Gökçer 1940-cı il yanvarın 26-də Ankarada anadan olub. Peşəkar fəaliyyətə 1952-ci ildə Ankara Dövlət Konservatoriyasının balet bölümündə başlayıb. Altı il sonra Ankara Dövlət Teatrına keçib. Cüneyt Gökçerlə ailə qurub, Aslı Gökçer Oba adlı qızı var.

    “501 nömrəli kamera” rejissor Nüsrət Eraslanın çəkdiyi ikisi sənədli olmaqla, beş hissəli bədii filmdir. 1967-ci ildə çəkilən filmdə baş rolları Cüneyt Gökçer və Aytən Gökçer oynayıb.

    Üç saatlıq filmdə sovet rejimi dövründə Bakıda Hərbi Hava Məktəbinin Uçuş Bölməsinin komandiri olarkən “KQB”nin (DTK) zülmünə dözməyərək iki dostu ilə birlikdə Türkiyəyə qaçan və barələrində ölüm hökmü çıxarılmış azərbaycanlı zabitin fəaliyyətindən bəhs olunur.

    Filmdə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) bayrağı da bir neçə kadrda nümayiş etdirilir. Müəllif bununla sovet dövründə Xalq Cümhuriyyəti ideyaları ilə SSRİ-yə qarşı mübarizənin səngimədiyini göstərməyə çalışıb.

  • “Kod adı V.X.A” yenidən Gənc Tamaşaçılar Teatrının səhnəsində

    Mayın 25-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Kod adı V.X.A” tamaşası növbəti dəfə nümayiş olunacaq.

    Teatrdan AZƏRTAC-a bildirilib ki, tarixi-sənədli faktlara istinadla qurulan səhnə əsərində teatrın 70 nəfərlik böyük heyəti rol alır.

    Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadənin müəllifi və quruluşçu rejissoru olduğu tamaşa ötən əsrin 30-cu illərinin mənzərəsini təsvir edir.

    “Kod adı V.X.A” Şükriyyə Axundzadənin timsalında 26 min qadının məşəqqətli həbs və sürgün həyatına həsr olunub. İkihissəli tamaşanın quruluşçu rəssamı Mustafa Mustafayev, bəstəkarı Azər Hacıəsgərli, işıq üzrə rəssamı isə Vadim Kuskovdur.

  • Elmi Bərpa Mərkəzində tədbir: Heydər Əliyev və muzeylərimiz

    Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzində “Heydər Əliyev və muzeylərimiz” mövzusunda tədbir təşkil olunub.

    AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən mərkəzin direktoru, Əməkdar mədəniyyət işçisi Zərifə Məlikova Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyasından və dövlətin suverenliyi uğrunda gördüyü işlərdən bəhs edib.

    Əməkdar mədəniyyət işçisi Məhəbbət Mehdiyeva Ulu Öndərlə bağlı xatirələrini bölüşərək xalqımızın firavan, sülh və əmin-amanlıq şəraitində yaşaması üçün atdığı addımları diqqətə çatdırıb.

    Mərkəzin elmi işlər üzrə direktor müavini İranə İbrahimova və baş fond mühafizi Pakizə Almazova Heydər Əliyevin bütün sahələrdə olduğu kimi, muzeylərlə bağlı görülən işlərə də dəstək göstərdiyini vurğulayıb. O qeyd edib ki, Ulu Öndər muzey işçilərinə hər zaman qayğıkeş münasibət bəsləyib.

    Tədbir çərçivəsində Heydər Əliyevin təşəbbüsü və şəxsən iştirakı ilə muzeylərin açılış mərasimlərini əks etdirən videoçarx, həmçinin Mərkəzin həyata keçirdiyi təlim və seminarların ümumi təqdimatı nümayiş olunub.

  • “Qarabağın incisi Şuşa” kitabı Bosniya və Herseqovinada nəşr olunub

    Dövlət Tərcümə Mərkəzinin 2022-ci ildə ölkədə elan olunan “Şuşa İli”nə töhfə olaraq ərsəyə gətirdiyi “Qarabağın incisi – Şuşa” kitabı Sarayevoda nəşr edilib.

    Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, kitabda Azərbaycanın qədim mədəniyyət beşiyi, Qarabağ xanlığının müdafiə qalası və paytaxt şəhəri olaraq yaradılan Şuşanın tarixi, dini ibadətgahları, tarixi memarlıq abidələri, xarici ticarət əlaqələri, Azərbaycan və dünya mədəniyyəti tarixinə bəxş etdiyi dahi simalarının həyat və yaradıcılığını özündə əks etdirən mövzular əhatə olunub.

    “Şuşa – Qarabağ xanlığının paytaxtı”, “Şuşanın inşası”, “Şuşa şəhərinin gerbi və gerbdə təsvir olunan məşhur Qarabağ atları”, “Şuşanın təbiəti, mənzərəsi və iqlimi”, “Şuşanın əhalisi və məhəllələri”, “Şuşanın dini abidələri”, “Şuşa – sənətkarlıq və ticarət mərkəzi”, “Şuşa – maarif, mədəniyyət və sənət məbədi”, “Heydər Əliyev və Şuşa”, “Erməni qəsbkarlarının Şuşa arzusu”, “Şuşa, biz qayıtmışıq!”, “Yenilənən Şuşa” adlı fəsillər üzrə təqdim edən nəfis tərtibatlı kitab-albom Bosniya və Herseqovinanın zəngin ənənəli “Yesari Qrup” nəşriyyatında işıq üzü görüb.

    Nəşrin layihə rəhbəri Xalq yazıçısı Afaq Məsud, bosniya dilinə tərcümə müəllifi isə tanınmış tərcüməçi Admira Cosoviçdir.

  • Bu gün dünyaşöhrətli bəstəkar Qara Qarayevin anım günüdür

    Bu gün dünyaşöhrətli Azərbaycan bəstəkarı, pedaqoq, SSRİ Xalq artisti, akademik Qara Qarayevin vəfatından 42 il ötür.

    AZƏRTAC xəbər verir ki, Azərbaycan və dünya musiqi mədəniyyətinə böyük töhfələr vermiş Qara Qarayev milli və bəşəri xarakterli yaradıcılığı ilə gələcəyə yeni yollar açan novator sənətkar olub. Adını mədəniyyət tariximizə böyük hərflərlə yazdırmış fitri istedad sahibinin əsərləri hələ çox yüzilliklər insanların mənəvi dünyasının zənginləşməsinə, zövqünün formalaşmasına xidmət edəcək.

    Görkəmli bəstəkar 1918-ci il fevralın 5-də Bakı şəhərində məşhur həkim-pediatr Əbülfəz Qarayevin ailəsində doğulub. Dmitri Şostakoviç məktəbinin ən parlaq nümayəndələrindən olan Q.Qarayev 1946-cı ildə Moskva konservatoriyasında dahi bəstəkarın kompozisiya sinfini bitirib. O, hələ bundan xeyli əvvəl Azərbaycan xalqının musiqi yaradıcılığına dərindən yiyələnib. Bakı konservatoriyasında təhsil aldığı illərdə Azərbaycanın ilk peşəkar bəstəkarı Üzeyir Hacıbəyli onu milli folklorun, aşıq və muğam sənətinin incəlikləri ilə tanış edib.

    İkinci Dünya müharibəsinin başlaması ilə əlaqədar təhsilini yarımçıq qoyaraq Bakıya qayıdıb və Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında bədii rəhbər işləyib. Müharibədən sonra Moskvada yarımçıq qoyduğu təhsilini başa vuraraq Azərbaycan Dövlət Konservatoriyasında müəllim işləməyə başlayıb. Həmin il Cövdət Hacıyevlə birlikdə yazdığı “Vətən” operasına görə SSRİ Dövlət mükafatına layiq görülüb. 1948-ci ildə “Leyli və Məcnun” simfonik poeması isə ona Azərbaycan Dövlət mükafatını qazandırıb.

    Görkəmli bəstəkar Cənubi Afrika yazıçısı Piter Abrahamsın romanı əsasında yazdığı “İldırımlı yollarla” baletini müasir dövrün olduqca aktual bir mövzusuna - irqi ayrı-seçkilik və müstəmləkə xalqlarının azadlıq uğrunda mübarizəsinə həsr edib. Fransız yazıçısı Anri Barbüsün əsəri əsasında “Zəriflik” monooperasının, A.Puşkinin şeirlərinə bəstələdiyi “Mən sizi sevirdim” və “Gürcüstan təpələrində” romanslarının, “Könül mahnısı”, “Səadət mahnısı” kantatalarının müəllifidir.

    Qara Qarayev Azərbaycan musiqisi üçün yeni olan müzikl janrına da müraciət edib. Fransız dramaturqu E.Rostanın “Sirano de Brejerak” komediyası əsasında “Çılğın qaskoniyalı” müziklini yazıb. Kinonu xarakter etibarı ilə “böyük müasir bəstəkarlıq məktəbi” adlandıran Qarayev, bu janrda da məhsuldar işləyib, klassikaya çevrilən sənət nümunələri yaradıb. “Leyli və Məcnun”, “Tarixin ibrət dərsi”, “Uzaq sahillərdə”, “Bir məhəlləli iki oğlan”, “Dənizi fəth edənlər”, “Qızıl eşelon”, “Xəzər neftçiləri haqqında povest” və digər kinofilmlərə, “Nikbin faciə”, “Antonio və Kleopatra” tamaşalarına yazdığı musiqilər onun yaradıcılığının parlaq səhifələrindəndir.

    Qara Qarayev 1982-ci il mayın 13-də Moskva şəhərində vəfat edib. Bakıda Fəxri xiyabanda dəfn olunub.

  • Azərbaycan, Özbəkistan və Qvineya ritm ustaları “Xarıbülbül” festivalında geniş konsert proqramı ilə çıxış ediblər

    Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalı mayın 12-də Şuşada, Cıdır düzündə növbəti konsert proqramları ilə davam edib.

    AZƏRTAC xəbər verir ki, açıq səma altında qurulmuş səhnəyə bu dəfə Azərbaycanın, Özbəkistanın və Qvineyanın ritm ustaları çıxıblar.

    Azərbaycanın Xalq artisti Natiq Şirinovun rəhbərlik etdiyi “Natiq” ritm qrupunun konserti rəngarəng performansla yadda qalıb və anşlaqla izlənilib. Qrup “Qaytağı”, “Qaval rəqsi”, “Bir qəlbdə iki ruh” və tamaşaçı rəğbəti qazanmış digər kompozisiyaları ilə yanaşı, məhz bu konsert üçün hazırladığı yeni nömrələri ifa edib.

    “Natiq” ritm qrupu 2001-ci ildə Azərbaycanın qədim milli zərb aləti olan nağaranı tanıtmaq, təkmilləşdirmək və yeni ritmlər yaratmaq məqsədilə yaradılıb. Natiq Şirinov qrup rəhbəri olmaqla yanaşı, pedaqoq və ritm bəstəkarı kimi də fəaliyyət göstərir. “Natiq” ritm qrupu 2011-ci ildə Koreya Respublikasında Dünya Ritm yarışmasında “Dünya Qran Pri”sini qazanıb. Qrup ABŞ, Almaniya, Avstriya, BƏƏ, Çin, Fransa, İran, İsveçrə, İtaliya, Koreya Respublikası, Mərakeş, Norveç, Polşa, Rusiya, Türkiyə, Tayvan və digər ölkələrdə konsertlər verib, müxtəlif tədbirlərdə, festivallarda iştirak edib.

    Konsertdə “Natiq” ritm qrupu ilə yanaşı, Özbəkistanın Əməkdar artisti Abbos Qasımovun rəhbərlik etdiyi “Abbos” qrupu və Qvineyadan gəlmiş məşhur ritm ustası Abubakar Silla bir-birindən maraqlı, yaddaqalan nömrələr təqdim ediblər.

    Əvvəlcə Natiq Şirinov və Abbos Qasımovun təqdimatında Azərbaycan və Özbəkistan dostluğunu tərənnüm edən musiqi nömrələri səsləndirilib.

    Konsert boyu Natiq Şirinov, Abbos Qasımov və Abubakar Silla eyni səhnəni bölüşüb, bir-birindən maraqlı, şux, oynaq mahnılar səsləndiriblər.

    Təəssüratlarını AZƏRTAC-la bölüşən ritm ustası Abubakar Silla deyib ki, “Xarıbülbül” festivalının nə qədər əhəmiyyətli olduğunu səhnəyə çıxarkən bir daha hiss edib. “Festival xoş təsir bağışladı. “Natiq” ritm qrupu ilə ifam zamanı onların da həyəcanını yaşadım, çox böyük ləzzət almaqla yanaşı, həm də böyük məsuliyyət daşıdım. Azərbaycandan olduqca xoş təəssüratlarla ayrılacağam və Şuşa səfərim daim yaddaşımda qalacaq”, - deyə o əlavə edib.

    Qvineyalı ifaçı milli musiqimizin zənginliyindən, xalqımızın böyük qonaqpərvərliyindən, Şuşanın füsunkar təbiətindən də ürək dolusu danışıb: “Azərbaycanda olarkən bir daha əmin oldum ki, bizdəki kimi, burada da milli musiqiyə xüsusi həssaslıqla yanaşırlar. Bu, məni olduqca məmnun etdi. Çünki hər bir millət öz milli köklərinə bağlı olanda ona dünyada da sevgi və hörmətlə yanaşırlar”.

    Festivalın ikinci gününün son konsertinin yekun nömrəsi isə peşəkar ritm ustalarının təqdimatında milli “Yallı” rəqsinin səsləndirilməsi oldu. Bu ifanın sədaları altında bütün iştirakçılar bir daha xalqımızın həmrəyliyini, birliyini, sülhsevərliyini nümayiş etdirərək əl-ələ tutub rəqs etdilər. Bu, bir daha göstərdi ki, “Yallı” xalqı sülhə səsləyən musiqisi, möhtəşəm ritmik ahəngi ilə çox böyük emosional təsirə malikdir. Bu musiqinin qüdrəti insan mənəviyyatının saflığını ön plana çıxarır. Yallı təkcə musiqi və rəqs növü deyil, o, qədim Türk tarixinin başlıca möhürü, Azərbaycanın mənəvi emblemi və xalqımızın azərbaycançılıq simvoludur.

    Qeyd edək ki, Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalına mayın 13-də Laçın şəhərində yekun vurulacaq.

  • “Xarıbülbül” festivalı çərçivəsində “Qarabağnamə” adlı sərgi açılıb

    Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şuşada işə başlayan “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalı çərçivəsində mayın 12-də “Qarabağnamə” adlı sərgi açılıb.

    AZƏRTAC xəbər verir ki, Şuşa şəhərində yerləşən Yaradıcılıq Mərkəzində açılan sərgidə 23 rəssamın Qarabağın tarixi, zəngin mədəniyyəti, məişəti, xüsusilə də Şuşanın tarixi və memarlığını əks etdirən əsərləri nümayiş olunur.

    Qarabağın tarixinə, füsunkar təbiətinə boyalara həyat verən təsviri sənət ustalarımızın “Laləzar körpüsü”, “Saatlı məscidi”, “Azad Şuşa”, “Şuşa incisi”, “Ana Vətən” və digər əsərlərinin qarşısından dayanmadan keçmək mümkün deyil. Fırça ustalarımız Azərbaycanın dilbər guşəsi Qarabağa xüsusi həssaslıqla yanaşıblar. Qarabağın tarixi şəxsiyyətləri, başı qarlı dağları, çayları, dərələri əsərlərdə çox təbii alınıb.

    Sərgidə rəssamların seçilmiş mövzulu əsərlərini səciyyələndirən ilkin xüsusiyyət rəng-forma cəlbediciliyidirsə, ikinci əsas şərt bədii ümumiləşdimələr aparmaları, Qarabağın tarixi ənənələrinə bələdçilik, ana təbiətə, adət-ənənələrimizə maraq və sevgidir. Sərgilənən əsərlərdə Qarabağın stereotipləri, musiqi sənəti, süfrə mədəniyyəti, bayram coşqusu, milli mətbəxi kimi mövzular böyük həvəslə canlandırılıb.

    Əsərləri nümayiş etdirilən rəssamlar da öz sevinclərini bölüşərək öz yaradıcılıqlarında bundan sonra da doğma, əziz Qarabağımıza və onun baş tacı olan Şuşaya xüsusi yer ayıracaqlarını bildirdilər.

  • Şuşada “Xarıbülbül” beynəlxalq musiqi festivalı davam edir

    Mərakeşin və Birləşmiş Ərəb Əmirliklərinin musiqi qrupları festivalda çıxış ediblər

    Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şuşada “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalı davam edir.

    Festivalın ikinci günü Xan qızı Natəvanın Sarayı qarşısında Mərakeşin “Tizwit” və Birləşmiş Ərəb Əmirliklərinin “Almazyood” musiqi qruplarının konserti ilə başlayıb.

    Konsertdən əvvəl AZƏRTAC-a müsahibə verən Mərakeş Krallığının Mədəniyyət Nazirliyinin nümayəndəsi xanım Nada Mxatr “Tizwit” musiqi qrupunun ötən əsrin 60-cı illərində yarandığını və dünyanın bir çox ölkələrində beynəlxalq festivallarda uğurla çıxış etdiyini söyləyib. N.Mxatr Şuşada keçirilən festivalın onlar üçün çox maraqlı və əhəmiyyətli olduğunu bildirərək deyib: “Qrup bu gün “Gül” kompozisiyasını təqdim edəcək. Yaradıcı heyət bu festivala ciddi hazırlaşıb və öz repertuarında olan ən maraqlı musiqi nömrələrindən ibarət “buket” düzəldib. İnanıram ki, qrupun çıxışı hər kəsin ürəyincə olacaq”.

    Mərakeşin Mədəniyyət Nazirliyinin nümayəndəsi Azərbaycanda ilk dəfə olduqlarını və Şuşanın füsunkar təbiətinin onları valeh etdiyini diqqətə çatdırıb. “Sizin çox qədim mədəniyyətiniz və bənzərsiz musiqiniz var. Burada olarkən öyrəndik ki, Şuşa Azərbaycan mədəniyyətinə dəyərli musiqi xadimləri bəxş edib. Azərbaycan xalqının qonaqpərvərliyini, dadlı mətbəxini isə sözlə ifadə etmək çox çətindir. Burada olmaqdan, belə gözəl ənənələrə malik festivalda iştirak etməkdən məmnunuq. Biz Azərbaycandan çox yaxşı təəssüratla ayrılacağıq. Bu, olduqca xoşdur”, - deyə o əlavə edib.

    Sonra “Tizwit” və “Almazyood” musiqi qrupları açıq səma altında quraşdırılmış səhnədə yaddaqalan musiqi nömrələri təqdim ediblər. Onların təqdimatında nümayiş olunan rəqslərdə və təqdim edilən ifalarda özlərinə məxsus milli adət-ənənələr, folklor nümunələri və müasir rəqs üslubları yer alıb. Çıxışlar alqışlarla qarşılanıb.

    Qeyd edək ki, builki festivalda çıxış edən mədəniyyət və incəsənət xadimlərinin təmsil etdikləri ölkələr təsadüfi seçilməyib. İfaçılar və yaradıcı kollektivlər ICESCO-ya üzv ölkələrin təmsilçiləridir. Belə ki, Şuşa şəhəri 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan olunub. Azərbaycan Prezidenti İlham Əliyev ötən ilin noyabrında bununla bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Mədəniyyət vasitəsilə həmrəyliyi, dostluğu, sülhü və tolerantlığı tərənnüm edən “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalında Azərbaycanla yanaşı, Birləşmiş Ərəb Əmirlikləri, İndoneziya, İran, Qazaxıstan, Qətər, Qvineya, Mərakeş, Özbəkistan, Türkiyə də təmsil olunur.

    Xatırladaq ki, festival mayın 13-də Laçında konsert proqramları ilə davam edəcək. Dünyanın bir çox ölkələrindən çoxsaylı musiqiçilərin iştirak etdikləri bu dostluq və musiqi bayramı mədəni irsimizin zəngin ənənələrinin qorunub saxlanılması ilə yanaşı, müxtəlif ölkələrdən olan musiqiçilərə ünsiyyət və əməkdaşlıq üçün əlverişli şərait yaradaraq mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsinə töhfəsini verir.

  • Qara Qarayev adına VI Respublika elmi-ifaçılıq müsabiqəsinə start verilib

    Qara Qarayev adına VI Respublika elmi-ifaçılıq müsabiqəsinə start verilib.

    AZƏRTAC xəbər verir ki, ümumilikdə müraciət edən 150-yə yaxın gənc ifaçıdan 67-si müsabiqənin ikinci turunda iştirak etmək hüququ qazanıb.

    Professor Tərlan Seyidovun müəllif layihəsi əsasında həyata keçirilən müsabiqənin münsiflər heyətinin və təşkilat komitəsinin sədri Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, SSRİ-nin və Azərbaycanın Xalq artisti, professor Fərhad Bədəlbəylidir.

    Artıq 6-cı dəfədir həyata keçiriləcək elmi-ifaçılıq müsabiqəsinə Bakı şəhər məktəblərindən əlavə respublikanın Ağdam, Ağdaş, Bərdə, Biləsuvar, Gəncə, Goranboy, Göyçay, Quba, Qubadlı, Neftçala, Samux, Sumqayıt, Şamaxı, Şəki, Şirvan, Zaqatala və sair şəhər və rayonların musiqi təhsil müəssisələrindən 3 nominasiya üzrə gənc musiqiçilər qatılıblar.

    İlk turda iştirakçılar ifa etdikləri əsərlər barədə elmi məruzə ilə çıxış edib və proqramın təfərrüatlı təhlili əsərlərdən seçilən fraqmentlər əsasında nümayiş olunub.

    İkinci mərhələdə iştirakçı proqramı bütövlüklə ifa etməlidir.

    Professor Tərlan Seyidovun müəllif layihəsi və birbaşa rəhbərliyi ilə 1983-cü ildən etibarən keçirilən elmi-ifaçılıq silsilə müsabiqələri ölkəmizin mədəni həyatında mühüm hadisə kimi yadda qalıb. 2010-cu ildə isə böyük bəstəkar Qara Qarayev adına Birinci Beynəlxalq elmi-ifaçılıq müsabiqəsi uğurla keçirilib və sədası ölkə hüdudlarından kənarda da marağa səbəb olub.

    Bu kimi müsabiqələrin keçirilməsi gənc musiqiçilərin ifaçılıq bacarığı ilə yanaşı, nəzəri biliklərinin, habelə ifadəli nitq qabiliyyətlərinin hansı səviyyədə olmasını açıq aşkar nümayiş etdirməklə, həm də mövcud nöqsanlarla bağlı ölçü götürməkdə və yeni metodların hazırlanmasında yardımçı rolunu oynayır.