Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • “Oyaq gözəl” tamaşası yenidən Kukla Teatrının səhnəsində

    Mayın 18-də Azərbaycan Dövlət Kukla Teatrında “Oyaq gözəl” tamaşası növbəti dəfə nümayiş olunacaq.

    AZƏRTAC xəbər verir ki, tanınmış rus uşaq yazıçısı Vladimir İlyuxovun qələmə aldığı ikihissəli “Oyaq gözəl” pyesi əsasında hazırlanan eyniadlı tamaşa repertuarda yer alan maraqlı nümunələrdəndir.

    Rejissor Anar Məmmədovun quruluş verdiyi səhnə əsərinin əsas qayəsini böyükləri dinləmək, qəhrəmanlıq, güclə ağlın bərabərliyi və məntiqə əsaslanmaqla bütün maneələrdən keçmənin mümkünlüyü təşkil edir. Komik elementlərlə zəngin nağıl-tamaşa müasir üslubda hazırlandığından burada dövrün uşaqlarının yaxından tanıdığı və sevdiyi nağıl qəhrəmanlarının sintezinə nail olunub.

    Birhissəli uşaq tamaşasının bəstəkarı Əməkdar incəsənət xadimi Cahangir Zülfüqarov, rəssamı Əfşan Əsədovadır.

  • Azərbaycan beynəlxalq aşpazların yarışdığı I Qitə Çempionatına ev sahibliyi edəcək

    Azərbaycan beynəlxalq aşpazların yarışdığı I Qitə Çempionatına ev sahibliyi edəcək.

    "Report" xəbər verir ki, bunu Azərbaycan Kulinariya Mütəxəssisləri Assosasiyasının sədri Fərhad Aşurbəyli bu gün keçirilən mətbuat konfransında deyib.

    Onun sözlərinə görə, əsas məqsəd Azərbaycanı kulinariyanın peşəkar məkanına çevirməkdir:

    "Qitə çempionatı "İnterFood Azerbaijan 2024" sərgisi çərçivəsində təşkil olunacaq. Çempionatda Qırğızıstan, Şimali Kipr, Özbəkistan, Pakistan, Rusiya, Serbiya, Türkiyə aşpazları yarışacaqlar. Bununla bərabər, sərgidə yerli aşpazlardan ibarət komandalar da yarışacaqlar. Azərbaycanlı gənc aşpazlardan ibarət komandalardan uğur qazanan beynəlxalq yarışa göndəriləcək".

    Qeyd edək ki, qida və kənd təsərrüfatı məhsullarının nümayiş etdirildiyi "İnterFood Azerbaijan 2024" sərgisi mayın 15-16-17-də Bakı Ekspo Mərkəzində keçiriləcək.

  • Azərbaycanda qadınların avtoyürüşü keçiriləcək

    Məşhur “Qadınlar və yollar. Özünə doğru yol” layihəsi çərçivəsində müxtəlif sahələrdə fəal olan qadınların avtoyürüşü bu dəfə Azərbaycanda həyata keçiriləcək.

    "Report" xəbər verir ki, layihə çərçivəsində Bakıda və regionlarda avtoyürüş vasitəsilə müxtəlif sahələrdə çalışan qadınlarla görüşlər keçiriləcək və bu barədə film hazırlanacaq. Filmdə Azərbaycanın görməli yerləri də tamaşaçıların diqqətinə çatdırılacaq. Layihənin və filmin ideya müəllifləri bu məqsədlə ölkəmizdə səfərdədirlər.

    Bu gün “Bakı KOB evi”ndə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi, “Qadınlar və yollar. Özünə doğru yol” layihəsinin ideya müəlliflərinin və Azərbaycanda sahibkarlıq, təhsil, mədəniyyət və digər sahələrdə fəaliyyət göstərən qadınların iştirakı ilə dəyirmi masa və mətbuat konfransı keçirilib.

    Tədbirdə layihənin və bu çərçivədə hazırlanan filmin ideya müəllifləri Kristina Kretova və Anna Kameneva layihə barədə məlumat veriblər.

    Qeyd olunub ki, “Qadınlar və yollar. Özünə doğru yol” layihəsinin məqsədi avtomobillə müxtəlif istiqamətlərdə səyahət edərək yaradıcı və aktiv qadınları göstərmək, bu vasitə ilə digər qadınları da aktiv fəaliyyətə təşviq etməkdir. Layihə çərçivəsində indiyədək müxtəlif ölkələrdə 4 film cəkilib. Filmlər beynəlxalq mükafata da layiq görülüb.

    Layihə növbəti dəfə Azərbaycanda həyata keçiriləcək. Azərbaycanın işgüzar və yaradıcı qadınları müəyyən edilmiş marşrut üzrə avtoyürüş zamanı müxtəlif peşə sahibləri olan yerli qadınlarla görüşəcək, onlarla söhbət edəcəklər. Avtoyürüşün nəticələrinə dair hazırlanacaq filmdə Azərbaycan qadınlarının işgüzar və sosial-mədəni fəaliyyəti, dünyagörüşü, intellektual potensialı, milli-mənəvi dəyərlərimizə bağlığı, yaradıcı yanaşması, müxtəlif sahələrdəki uğurları ön planda olacaq. Həmçinin filmdə böyük turizm potensialına malik ölkəmizin gəzməli-görməli yerləri öz əksini tapacaq.

    Sonra qadın avtomobil yürüşünə rəsmi start verilib. Bakıdan start götürən “Qadınlar və yollar. Özünə doğru yol” avtoyürüşü mayın 17-dək davam edəcək. Avtoyürüş Bakı ilə yanaşı, İsmayıllı rayonunun Basqal və Lahıc qəsəbələrini, Qəbələ və Şəki şəhərlərini, Qobustanı əhatə edəcək.

  • Prezident KOB-ların vahid reyestri haqqında Əsasnaməni təsdiq edib

    Prezident İlham Əliyev “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestri haqqında Əsasnamə”ni təsdiqləyib.

    “Report” xəbər verir ki, İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestrinin fəaliyyətinin təşkili, saxlanılması və ondan səmərəli istifadənin təmin edilməsi üçün zəruri tədbirlər görülməsi tapşırılıb.

    Fərmana əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə reyestrin “Hökumət buludu”nda yerləşdirilməsi və aidiyyəti dövlət informasiya ehtiyatları və sistemləri ilə əlaqələndirilməsini Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə təmin etməlidir.

    Azərbaycan Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə isə reyestri mühafizə olunan telekommunikasiya kanalları ilə təmin etməsi və təhlükəsizlik meyarları üzrə onun monitorinqini həyata keçirilməsi, həmçinin və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə birlikdə reyestrin təhlükəsizliyinin təmin edilməsi məqsədilə digər tədbirlər görülməsi tapşırılıb.

  • Azərbaycan və Mərkəzi Baltik ölkələri şirkətləri arasında forum keçiriləcək

    Mayın 26-dan-iyunun 2-nə qədər Azərbaycanın 20-dən çox şirkəti Latviya, Estoniya və Finlandiyaya səfər edəcəklər.

    “Report” bu barədə “Caspian Energy Club International”a istinadən xəbər verir.

    Səfər Latviya, Estoniya, Finlandiya və Azərbaycan arasında iqtisadi-ticarət əlaqələrin inkişafı, biznes tərəfdaşlığın gücləndirilməsi, ikitərəfli münasibətlərin təşviqi məqsədi daşıyır.

    Qeyd edək ki, ziyarət müddəti ərzində Azərbaycanın özəl sektorunu təmsil edən nümayəndələrlə Latviya, Estoniya, Finlandiya iş adamları arasında B2B görüşlər və Demo Day təşkil ediləcək. Forum əsnasında Azərbaycan və Mərkəzi Baltik ölkələrini təmsil edən şirkətlər arasında memorandumların və əməkdaşlıq müqavilələrinin imzalanması planlaşdırılır.

    “Görüşlərdə iştirakı planlaşdırılan bütün sahibkarlar LEF Network Azerbaijan layihəsindən faydalanaraq fəal əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinə nail olacaqlar. Bu layihənin tərəfdaşlarının Azərbaycan iqtisadiyyatına marağı olduqca böyükdür. Daha öncəki görüşlərdə xarici ölkələrdən olan tərəfdaşlarımız Azərbaycanın biznes mühitiylə yaxından tanış olmuş, ölkədə keçirilən islahatları, özəl sektor üçün yaradılmış şəraiti yüksək qiymətləndirmiş, bu islahatların ikitərəfli əməkdaşlığa böyük töhfə verəcəyini bildiriblər”, - deyə "Caspian Energy Club International"ın idarəedici direktoru Günel Quliyeva bildirib.

    Xatırladaq ki, Caspian Energy Club International" "European Union Central Baltic" proqramı tərəfindən yaradılmış LEF Network Azerbaijan layihəsinin rəsmi tərəfdaşı seçilib. 3 illik LEF Network Azerbaijan layihəsi Azərbaycan, Latviya, Estoniya və Finlandiya arasında iqtisadi əməkdaşlığı inkişaf etdirmək məqsədi daşıyır. Keçən il start verilən layihə yaxın 3 il ərzində "yaşıl texnologiya"lar, informasiya texnologiyaları və təhsil sahəsində çalışan şirkətlərə dəstək olacaq. Bu layihə çərçivəsində Finlandiya, Estoniya və Latviyanın şirkətləri ilə Azərbaycan arasında 36 ay ərzində İKT, "yaşıl texnologiya"lar və təhsil sahələrində müqavilələrin imzalanması planlaşdırılır. Layihənin aparıcı tərəfdaşları sırasında Latviyanın Ticarət və Sənaye Palatası, Estoniyanın Ticarət və Sənaye Palatası və Finlandiyanın Satakunta Tətbiqi Elmlər Universiteti kimi qurumları yer alıblar.

  • Daşkənddə Ulu Öndər Heydər Əliyevin doğum günü qeyd edilib

    Azərbaycanın Özbəkistandakı səfirliyi, bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Ulu Öndərin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar Daşkənddəki Heydər Əliyev Meydanında mərasim təşkil edib.

    Mədəniyyət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, mərasimdə Özbəkistanda akkreditasiya olunmuş ondan çox diplomatik heyətin başçıları, Azərbaycan diasporunun fəalları, qardaş özbək xalqının nümayəndələri, jurnalistlər iştirak ediblər.

    Tədbirdə çıxış edən Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında məlumat verib. Səfir bildirib ki, Ulu Öndərin dövlət təhlükəsizlik orqanları, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, Siyasi Büronun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, nəhayət, müstəqil Azərbaycan Respublikasının Prezidenti vəzifələrində çalışdığı müddətlərdə Azərbaycanın inkişafı və tərəqqisi istiqamətində göstərdiyi xidmətlər heç zaman unudulmayacaq.

    H.Quliyev vurğulayıb ki, xarizmatik və müdrik lider olan Heydər Əliyev ölkəsinin həm Qərb, həm də Şərq ilə sıx əlaqələr qurmasına müvəffəq olub və bununla da Azərbaycanı dünya miqyasında mühüm əhəmiyyət daşıyan ölkələr sırasına daxil edib, ölkəmiz beynəlxalq aləmdə layiqli mövqe tutub.

    Diplomat bildirib ki, Heydər Əliyevin ideyalarını uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin çiçəklənməsi, iqtisadi gücünün artırılması istiqamətində mühüm işlər görüb və bu istiqamətdə fəaliyyət davam edir. O, həmçinin Azərbaycan-Özbəkistan dostluq əlaqələrinin möhkəmlənməsində Ulu Öndərin tarixi xidmətlərindən də söz açıb.

    Daha sonra Azərbaycanın Özbəkistandakı səfirliyi, ölkəmizin Özbəkistandakı Hərbi Attaşelik Aparatı, Türkiyə, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Rusiya, Belarus səfirlikləri və digər qurumlar adından, habelə mərasim iştirakçıları tərəfindən Ulu Öndər Heydər Əliyevin abidəsi önünə əklil və gül dəstələri qoyulub, xatirəsi hörmətlə anılıb.

  • Bakıda “Cadı” türk filminin qala gecəsi olub

    Bakıda “CineMastercard” premium kinoteatrında “Cadı” (Cadugər) türk filminin qala gecəsi keçirilib.

    AZƏRTAC xəbər verir ki, türkiyəli qonaqlar qırmızı xalıdan keçib və pərəstişkarları ilə foto çəkdiriblər.

    Ekran əsərinin baş rollarını məşhur aktyorlar Furkan Andıç, Buse Meral və Çağdaş Onur Öztürk canlandırıblar. Filmin rejissoru isə Erman Bostandır.

    Filmdə Osmanlı İmperiyasının dağılması zamanı gənc dul qadın Fikriyənin evlənmək məcburiyyətində qaldığı Naşit Nefi Əfəndi ilə bağlı cadugər dedi-qodularının sirrini aydınlaşdırmağa çalışarkən baş verən gərgin hadisələr və yaşadıqları malikanə ilə bağlı sirli hekayədən bəhs edir.

    AZƏRTAC-a müsahibəsində baş rol ifaçısı Furkan Andıç filmin qala gecəsinin Bakıda keçirilməsindən qürur və xoşbəxtlik hissi duyduğunu vurğulayıb.

    Film barədə danışan aktyor çəkiliş zamanı hər kəsin çox həvəslə çalışdığını deyib. Aktyorluq həyatı boyu xatırlayacağı təcrübələr qazandığını bildirən F.Andıç qısa müddətdə çox sürətli və gərgin hazırlıq prosesi keçirdiyini diqqətə çatdırıb.

    Qeyd edək ki, Furkan Andıç Azərbaycan tamaşaçısına “Kara Tahta”, “Her Yerde Sen”, “Meryem” seriallarından yaxşı tanışdır.

    Buse Meral “Bizim Hikaye”, “Destan”, “Baba” seriallarında, Çağdaş Onur Öztürk isə “Yuvamdaki Düşman”, “Avlu”, “Ömer” və digər layihələrdə rol alıb.

  • Mədəniyyət Nazirliyinin kollektivi Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini ehtiramla anıb

    Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar Mədəniyyət Nazirliyinin kollektivi Fəxri xiyabanda olublar.

    AZƏRTAC xəbər verir ki, onlar Ulu Öndərin məzarını ziyarət edib, abidəsi önünə gül dəstələri düzüblər.

  • Fidan Hacıyeva: İkinci Beynəlxalq Opera Festivalı da olacaq!

    Bu günlərdə Azərbaycanda keçirilən Fidan Hacıyevanın I Beynəlxalq Opera Festivalı başa çatıb. Yeddi gün ərzində Bakı və Gəncə şəhərlərində konsertlər verilib. Ən müxtəlif səhnələrdə adlı-sanlı xarici və yerli ifaçılar – həm gənc opera müğənniləri, həm də 4-14 yaş arasında gənc istedadlar çıxıblar. Festivalın təşkilatçısı, Azərbaycanın Xalq artisti Fidan Hacıyeva başa çatan festival barədə təəssüratlarını və gələcək planlarını AZƏRTAC-ın müxbiri il bölüşüb.

    -Fidan xanım, artıq festival başa çatıb. Təəssüratlarınız barədə danışardınız...

    -İndiyədək bu tədbirin təəssüratı altındayam! Çox çətin, eyni zamanda, olduqca maraqlı idi. Məndə elə təəssürat yaranıb ki, sanki yeddi gün deyil, tam yeddi il keçib. Bu vaxtadək konsertlər, tədbirlər təşkil etmişəm, amma bir və ya maksimim iki gün ərzində. Yeddi gün ardıcıl tədbir isə heç vaxt olmayıb. Çox böyük yük altında idim. Bu, hər şeydən əvvəl, bütün proseslərini – zalların, biletlərin, məşqlərin, partituraların, orkestrin, solistlərin, qonaqların təşkilindən ibarət idi. Qonaqları qarşılamaq, yerləşdirmək, onlara şəhəri göstərmək, məşqlərini planlaşdırmaq lazım gəlirdi. Festivalda uşaqlar çıxış etdilər. Onlarla işləmək böyük sevincdir, amma çox çətindir. Festival “Karmen” operasının yeni quruluşunun premyerası ilə açıldı və ondan əvvəl biz tam bir ay fasiləsiz məşq etdik. Bundan əlavə, Gəncəyə səfərimiz oldu.

    Mənə güc verdiyi üçün Allaha şükür etmək istəyirəm. Festival yeni başlayanda başa düşdüm ki, üzərimə çox böyük məsuliyyət götürmüşəm. Əllərimi qaldırıb dedim: “Mənə kömək et, çünki mən təkbaşına bacarmaram, bunu etmək üçün mənə güc ver”.

    Planlaşdırma məsələsində çox yaxşıyam. Hər günümü planlaşdırıram. Festivalda da hər şeyi əvvəlcədən planlaşdırdım və bütün işlər saat mexanizmi kimi getdi. Mən çox çalışdım. Amma Allah mənə kömək etməsəydi, belə bir uğur olmazdı.

    Bütün sevdiklərimə, dostlarıma, ailəmə, mənə kömək edən, dəstək olan həmkarlarıma, festivalda çıxış edən müğənnilərə, Opera və Balet Teatrının orkestrinə təşəkkür edirəm. Əlbəttə ki, tamaşaçılara çox minnətdaram, konsertlərimiz anşlaqla keçirdi, doğrusu, mən belə olacağını gözləmirdim. Biletlər bir-iki həftəyə satıldı.

    -Festivalın yeddi günündən sizin üçün ən əlamətdar olanı hansıdır?

    -Əlbəttə, festivalın hər bir günü mühüm və özünəməxsus şəkildə xüsusi oldu, onların hamısı müxtəlif idi. Amma mən ayrıca olaraq “Karmen” operasının yeni quruluşunu və bizim “Viva Opera”da yekun konsertimizi qeyd etmək istərdim. Orada möhtəşəm səslər vardı! Mən bir daha əmin oldum ki, bizdə istedadlı ifaçılar var. Onları dəstəkləmək lazımdır. Elə etməliyik ki, onlar təkcə Azərbaycanda yox, həm də bütün dünyada çıxış etsinlər. Gənclərə daha geniş yol açmalıyıq. Onlara imkan yaratmalıyıq ki, böyük səhnədə çıxış edə bilsinlər.

    -Bir ildən sonra II Beynəlxalq Opera Festivalını görə biləcəyik?

    -Bəli. Mütləq görəcəksiniz. Birinci festivalda iştirak edən qonaqlar ikinci festivala mütləq gələcəklərini, Azərbaycana yenidən səfər etmək istədiklərini və hər şeyi çox bəyəndiklərini söylədilər. Bizim solistlər isə deyirlər ki, gələn il mütləq festival təşkil etməliyik. Düşünürəm ki, həmin tədbir aprel ayında yenidən baş tutacaq, bu ay çox xoşuma gəlir, ilin çox gözəl, şən fəslidir, ətrafda hər şey çiçək açır. Artıq bəzi planlarım var. Maraqlı repertuar, maraqlı duetlər, bəlkə də yeni opera olacaq. Hələlik fikirlərimi açıqlamaq istəməzdim, qoy sürpriz olaraq qalsın. Amma deyim ki, ikinci festivalı insanlar üçün daha maraqlı etmək üçün bir az fərqli konsepsiya olacaq.

    İndi opera lazımdır, onu inkişaf etdirməliyik. Opera sənəti insanların daxili mədəni aləmini zənginləşdirir. Klassik musiqi düşünməyə sövq edir və bu, mənəvi dünyamızı da gözəlləşdirir.

  • Kino Agentliyinin Apellyasiya Komissiyası film layihələri ilə bağlı yekun nəticələri elan edib

    Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) 2023-cü il iyulun 18-də elan etdiyi film layihələri müsabiqəsinin qaydalarına əsasən, yaradılan Apellyasiya Komissiyasına müraciət olunan film layihələri ilə bağlı yekun nəticələr açıqlanıb.

    Agentlikdən AZƏRTAC-a verilən məlumata görə, komissiya təqdim olunan layihələrlə bağlı məzmun cəhətdən fərqlənən ssenariləri məqbul qiymətləndirib. Bununla yanaşı, kommersiya potensialı olan layihələrin 50 faiz və ya daha çox hissəsinə ARKA tərəfdən investor kimi maliyyə dəstəyinin göstərilməsinə qərar verilib.

    Aşağıdakı film layihələri Apellyasiya Komissiyasının müsbət rəyini alıb:

    “Rakurs Film-Media”, “Mənə bənzər adam” - tammetrajlı bədii

    “Karvan production”, “Ağalı” - tammetrajlı bədii

    “Rog Vfx Studio”, “Oriondan sevgilərlə” - qısa bədii

    “Vətən TV Media Şirkəti”, “Müharibənin gözləri” - qısa sənədli

    “Oskar Film”, “Danışır və göstərir Şuşa” - qısa sənədli

    “Birlik kinostudiyası”, “Nağıl istəyirəm!” - qısa animasiya

    Qeyd edək ki, komissiyadan keçən film layihələrinin məxsus olduğu istehsalçı şirkətlərlə müqavilə bağlandıqdan sonra filmlərin istehsalına start veriləcək.

    Bundan başqa, film layihələri müsabiqəsində qalib gələn istehsalçı şirkətlərə maliyyə vəsaitinin ödənilməsinə başlanılıb.