Aparılan təmir işləri ilə əlaqədar iyulun 17-də saat 00:00-dan etibarən Bakı şəhəri, Mətbuat prospektində (Ə.Haqverdiyev küçəsindən A.Sultanova küçəsi istiqamətində) mərhələli şəkildə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılaraq əks istiqamətə yönləndiriləcək.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Qeyd edilib ki, 1-ci mərhələdə - A.Sultanova küçəsindən M.Rəhim küçəsinədək, 2-ci mərhələdə - M.Rəhim küçəsindən B.Vahabzadə küçəsinədək və 3-cü mərhələdə - B.Vahabzadə küçəsindən Ə.Haqverdiyev küçəsinədək nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq.
AAYDA sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını, təmir müddətində sözügedən hissələrdə hərəkətdə olarkən diqqətli olmalarını, təmir ərazilərində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələrini xahiş edir.
Ölkənin ən böyük özəl mobil operatoru “Bakcell” tətbiqində yeni süni intellekt (AI) dəstəkli "Tarif Məsləhətçisi" funksiyasını istifadəyə verib. Bu innovativ alət, abunəçilərin zəng və internet ehtiyaclarını nəzərə alaraq onlara ən uyğun tarif planlarını tövsiyə edir.
Son aylarda innovativ məhsulları ilə abunəçi təcrübəsini və məmnuniyyətini daha da artıran “Bakcell”, "Tarif Məsləhətçisi" funksiyasında qabaqcıl AI texnologiyasından istifadə edir.
Abunəçilər alətdən istifadə etməklə öz tarif planlarını optimallaşdıra, həm vaxt, həm də büdcələrinə qənaət edə biləcəklər.
"Tarif Məsləhətçisi" aləti hazırda "Bakcell" tətbiqində aktivdir. Tətbiqi bu linkdən yükləmək mümkündür: https://onelink.to/bakcell
Bu yaxınlarda yeni brend kimliyini təqdim edən “Bakcell”, abunəçilərinin gündəlik tələbatlarını ödəmək üçün daim yeni məhsullar təqdim edir. Belə ki, son həftələrdə “Bakcell” "Fiber 1" məhsulunu və “VoWiFi” texnologiyasını istifadəçilərin ixtiyarına verib.
"Azərbaycan Dəmir Yolları" QSC və İsveçrənin “Stadler Rail Group” şirkəti arasında imzalanmış müqaviləyə əsasən, nəzərdə tutulmuş 10 qatardan sayca 5-cisi Bakı Dəmiryol Vağzalına çatıb.
"Report" bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
"Ekologiyanın dostu, rahat və təhlükəsiz qatarlar xidmət sahələrimizdə test proseslərindən keçdikdən sonra sərnişinlərin istifadəsinə veriləcək", - deyə məlumatda qeyd olunub.
Bu gün Bakının Xətai, Səbail və Xəzər rayonlarının qaz təchizatında məhdudiyyət yaranacaq.
Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, Xətai rayonunda orta təzyiqli qaz xəttinin hava kompressoru vasitəsilə kipliyə sınaq olunması, Səbail rayonunda istismara yararsız siyirtmənin yenisi ilə əvəz olunması, Xəzər rayonunda isə qaz xətlərinin yerinin dəyişdirilməsi məqsədi ilə iyulun 16-da saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir-quraşdırma işləri görülən müddətdə Xətai rayonunun M. Hadi və X.Məmmədov küçələrinin, Səbail rayonunun Y.Bədəlov və Nestrov küçələrinin, Xəzər rayonunun isə Stansiya Qala yaşayış massivinin, Daxili Qoşunların ətraf hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
17 may - “Üç gözəl”
Valentin Krasnoqorovun pyesi əsasında hazırlanan tamaşanın premyerası bu il yanvarın 13-də keçirilib, quruluşçu rejissoru Azərbaycanın Xalq artisti Aleksandr Şarovskidir.
Tamaşada maraqlı zarafatlarla və şən əhvalatlarla dolu adi bir günün sevgi axtarışı üçün dönüş nöqtəsinə çevrilməsindən bəhs edilir. Müxtəlif xasiyyətli, fərqli taleli və temperamentli üç rəfiqə bir an içərisində öz talelərini kökündən dəyişmək və həyat yoldaşı tapmaq qərarına gəlirlər. Burada internet onların köməyinə gəlir.
18 may - “Yekaterinanın yataq otağında gecə” tamaşasının premyerası
Tamaşa Vladimir Ovsyannikovun “Gecə irəlidədir” pyesi əsasında hazırlanıb, quruluşçu rejissor Emin Mirabdullayevdir.
Əsərin qəhrəmanı Daşa atasının ağır xəstəliyi ilə əlaqədar çətin vəziyyətlə qarşılaşıb. O, etik normalardan uzaq olan üsullardan istifadə etməklə bu vəziyyətdən çıxış yolu tapmaq məcburiyyətindədir. Vaxtilə onunla bir sinifdə oxuyan, varlı ailədən olan Artyom nə vaxtsa tapdalanmış mənliyinə görə Daşadan intiqam almaq istəyir, lakin bunun fəsadlarını düşünmür. Nə xoş ki, həyatda yaxşı insanlar çoxdur. Bəzən tale çıxılmaz görünən vəziyyətlərdə kömək olur.
Tamaşanın birinci aktı 70 dəqiqə, ikinci aktı 60 dəqiqə davam edir.
19 may - “Qürur və qərəz”
Ceyn Ostinin əsəri əsasında ikihissəli qadın romanı 2013-cü il aprelin 14-də tamaşaçılara təqdim olunub. Quruluşçu rejissor İlqar Safat, quruluşun rəhbəri Azərbaycanın Xalq artisti Aleksandr Şarovskidir.
Süjet xətti mister Darsi ilə Elizabet arasında yaranan, qürur və qərəz sınaqlarından keçən sevgi tarixçəsini açır.
Tamaşanın birinci aktı 80 dəqiqə, ikinci aktı 70 dəqiqə davam edir.
25 may - “Səkkiz sevən qadın”
Ünsiyyət, ailə və nəsillərin münaqişəsi problemlərinin satirik tədqiqini təsvir edən təsirli detektiv pyesin quruluşçu rejissoru Raulya Turkkandır. Pyes 1958-ci ildə Rober Tom tərəfindən yazılıb və ilk dəfə Parisdə 1961-ci ildə “VII Eduard” teatrının səhnəsində tamaşaya qoyulub.
Hadisələr şəhərkənarı evdə səkkiz qadının Milad bayramını qeyd etməyə hazırlıqları səhnəsi ilə başlayır. Lakin birdən hər şey dəyişir, kabinetdə kürəyinə bıçaq sancılmış ev sahibinin meyiti tapılır. Müxtəlif səbəblərdən polisin gəlişi ləngiyir. Nəticədə səkkiz qadının hər biri şübhə altında olur.
Bir vaxtlar gözəl, xoşsifət qadınlar adətən çox çətin vəziyyətlərdə olduğu kimi bir-birini öldürməyə, mehriban və xoşbəxt ailə idilliyasını dağıtmağa hazırdırlar. Sirlər və gizli istəklər üzə çıxır, illərlə qalaqlanan ailə problemləri elə həvəslə müzakirə olunur ki, qətl mövzusu ikinci plana keçir.
26 may – “Kraliçanın sonuncu ehtirası”
Tamaşanın premyerası 2018-ci il fevralın 24-də baş tutub, quruluşçu rejissoru Azərbaycanın Xalq artisti Aleksandr Şarovskidir.
Melodrama Yelena Poddubnayanın “Yağış özü üçün elə hey yağırdı...” pyesi əsasında hazırlanıb.
İngiltərə kraliçası Elizabetin qarşısında mürəkkəb dilemma durur: öz hisslərini və yaşadıqlarını maska altında gizlədərək dövlətin hökmdarı olmaq, yaxud sevmək və sevilmək arzularına tabe olmaq...
Tamaşanın birinci aktı 60 dəqiqə, ikinci aktı 50 dəqiqə davam edir.
28 may - “Hekayəti-Müsyo Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadukuni-məşhur”
M.F.Axundzadənin məşhur komediyasının motivləri əsasında hazırlanan tamaşanın premyerası 2011-ci il dekabrın 17-də görkəmli Azərbaycan dramaturqunun 200 illiyi şərəfinə keçirilib. Quruluş teatrın baş rejissoru, Azərbaycanın Xalq artisti Aleksandr Şarovskiyə məxsusdur.
Hadisələr 1848-ci ildə Qarabağda cərəyan edir. Yerli növ bitkiləri öyrənməyə gələn fransalı nəbatatçı Jordan Hatəmxan ağanın qardaşı oğlu Şahbazı elm öyrənmək üçün Parisə aparmaq istəyir. Şahbazın nişanlısı Şərəfnisə və onun anası Şəhrəbanu xanım bu işə mane olmaqdan ötrü İrandan köməyə dərviş Məstəlini çağırırlar. Komediya ovaxtkı cəmiyyətin mövhumatını və savadsızlığını göstərir, habelə orta əsrlər feodal ideologiyasına qarşı yönəlib.
Tamaşanın birinci aktı 55 dəqiqə, ikinci aktı 50 dəqiqə davam edir.
31 may – “Voytsek”
XIX əsr alman dramaturqu, alim və şairi Georq Büxnerin 1837-ci ildə yazılmış və 1879-cu ildə Karl Emil Frantsozun əhəmiyyətli dərəcədə adaptasiyası ilə nəşr edilmiş pyesi əsasında hazırlanan tamaşanın premyerası bu il aprelin 28-də keçirilib.
Quruluşçu rejissor Azərbaycanın Xalq artisti Aleksandr Şarovskidir.
Süjet arvadını qısqanclıq zəminində öldürən və edam cəzasına məhkum edilən Leypsiq sakini Voytsek adlı bərbərin hekayəsi üzərində qurulub.
Tamaşanın əsasını real hadisə - ixtisasca həkim olan Büxnerin atasının əməkdaşlıq etdiyi tibb qəzetində ətraflı təsvir edilən cinayət işi təşkil edir. Müəllif onun iştirakçılarının xarakterlərini və sosial statusunu dəyişdirərək, kəskin sosial problemlərin qabardıldığı dramını səhnəyə çıxarıb.
“Voytsek” pyesi alman dramaturgiyasının ən böyük əsərlərindən biri kimi tanınıb və opera, musiqi və kino da daxil olmaqla bir çox interpretasiyalarda hazırlanıb.
Tamaşa antrakta fasilə verilmədən 1 saat 25 dəqiqə davam edir.
Tamaşalar 19.00-da başlayır.
Əlavə məlumatları 493 00 63, 493 76 54 nömrəli telefonlarla əldə etmək olar.
Mayın 14-də Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) təşkilatçılığı ilə “Yay mövsümünə hazırlıq” mövzusunda IV Baş Assambleya keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları ATAA-nın ikiillik fəaliyyətinə həsr olunan videoçarxı izləyiblər.
Tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov turizmin müxtəlif sahələrini birləşdirən ixtisaslaşmış ictimai birliklərin və bütövlükdə sənayenin təşkilatlanmasının dövlət-biznes tərəfdaşlığının inkişafında, sənaye ilə səmərəli və çevik əlaqələrin qurulmasında mühüm rol oynadığını qeyd edib.
O, Dövlət Turizm Agentliyinin Azərbaycan Turizm Agentlikləri Assosiasiyasına, eyni zamanda, turizm sahəsində fəaliyyət göstərən bu kimi birliklərin fəaliyyətinə daim dəstək verdiyini, həmçinin Agentliyin turizmin tənzimlənməsi, biznes və investisiya mühitinin yaxşılaşdırılması, turizm məhsullarının yaradılması, marketinq kimi bir sıra mühüm istiqamətlərdə sənaye ilə əməkdaşlığın genişlənməsində əlaqələrin vacibliyini vurğulayıb.
Assambleyada çıxış edən ATAA-nın İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov öz ətrafında 170 turizm şirkətini birləşdirən Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının əsas fəaliyyətinin ölkə turizminin tərəqqisi, üzvlərin hüquqlarının qorunması və fəaliyyətlərinə dəstək göstərilməsi, Azərbaycanı xarici ölkələrdə cəlbedici turizm destinasiyası olaraq tanıdılması, eləcə də ölkəyə turist axınının artırılması üzərində qurulduğunu qeyd edib. O, son illər ərzində ATAA-nın ölkə turizminin bərpası və inkişafı istiqamətində müxtəlif dövlət qurumları və təşkilatlarla, aviadaşıyıcılarla, beynəlxalq tərəfdaşlarla 300-ə yaxın görüş keçirdiyini, ikitərəfli və çoxtərəfli müzakirələrin aparıldığını diqqətə çatdırıb.
Dövlət-özəl sektorunun birgə fəaliyyətinin vacibliyinə toxunan G.Qəhrəmanov bu istiqamətdə əməkdaşlıq imkanlarının artırılmasının, digər sənaye subyektləri ilə də qarşılıqlı əlaqələrin genişləndirilməsinin ölkənin turizm sənayesinin sürətli inkişafına təkan verəcəyini bildirib.
Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının Ağsaqqallar Şurasının sədri Müzəffər Ağakərimov çıxışında pandemiyanın digər sektorlarla yanaşı, turizmə də böyük ziyan vurduğunu deyib. Qeyd edib ki, həmin illərdən sonra Azərbaycan Turizm Agentliyinin rəhbərliyi ilə müvafiq sahə yenidən dirçəlib, inkişaf etdirilib.
“Azərbaycan Turizm Agentlikləri Assosiasiyası səriştəli, bacarıqlı turizm şirkətləri ilə əməkdaşlıq edir, həmçinin Assosiasiyanın reytinqi ildən-ilə artır. Məhz Assosiasiyanın keçirdiyi tədbirlər bunun bariz nümunəsidir. Eyni zamanda, bizi işğaldan azad edilmiş ərazilərimizdə böyük işlər gözləyir. Turizm təkcə kommersiya deyil, o, həm də mədəniyyət, incəsənət, tarix və musiqinin təbliğidir”, - deyə Müzəffər Ağakərimov vurğulayıb.
Assambleyada Assosiasiyasının nizamnaməsinə əsasən quruma yeni İdarə Heyəti sədrinin və üzvlərinin seçkisi keçirilib. Göydəniz Qəhrəmanov yenidən Assosiasiyanın İdarə Heyətinin sədri seçilib. Seçki prosesində 122 nəfər iştirak edib. Onların 118-i lehinə, 4 nəfəri isə bitərəf olub.
Tədbir çərçivəsində yay mövsümünə hazırlıq və turist cəlbediciliyinin artırılması imkanları, turizmdə mövsümiliyin aradan qaldırılması, gəlmə və daxili turizminin inkişafı, getmə turizmdə yeni istiqamətlər, turoperatorlarla turizm şirkətləri arasında işbirliyi və bir sıra digər məsələlərə dair panel müzakirələri təşkil edilib, sənayeni maraqlandıran suallar cavablandırılıb və təkliflər dinlənilib.
Panel müzakirələrdə cari ilin ilk 4 ayının statistikasına əsasən ölkəyə səfər edən əcnəbi vətəndaşların sayında 40 faizə yaxın artımın olduğu qeyd edilib. Eləcə də qarşıdan yay turizm mövsümünün gəlməsi və növbəti aylarda ölkədə irimiqyaslı beynəlxalq tədbirlərin keçirilməsi kimi amillər nəzərə alınaraq ilin sonuna kimi müsbət dinamikanın müşahidə ediləcəyi, pandemiya səbəbindən turizmdə yaşanan böhrandan sonra 2024-cü ilin ən uğurlu il olacağı proqnozlaşdırılıb.
Ölkəmizin Türkiyədəki səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Dövlət Teatrlar Baş İdarəsinin müdiri Tamer Karadağlı ilə teatr sahəsində əməkdaşlıq perspektivlərini müzakirə edib.
AZƏRTAC xəbər verir ki, Dövlət Teatrlar İdarəsində baş tutan görüş zamanı idarənin rəhbəri Tamer Karadağlı Azərbaycanla bütün sahələrdə olduğu kimi, mədəniyyət və teatr sahəsində əməkdaşlığın inkişafının əhəmiyyətindən danışıb.
O, Türkiyədə yeni Azərbaycan Mədəniyyət Mərkəzinin yaradılmasının incəsənət və onun əsas qolu olan teatr sahəsində də əməkdaşlığın inkişafına öz töhfəsini verəcəyinə inandığını söyləyib.
Ölkəmizə səfərindən danışan Karadağlı Azərbaycan mədəniyyətinin onda böyük maraq doğurduğunu qeyd edib.
Samir Abbasov Azərbaycanın zəngin mədəniyyəti, teatr sahəsinin keçdiyi inkişaf yolu haqqında danışaraq, dövlətimizin Türkiyə ilə mədəni əlaqələrin inkişafına önəm verdiyini qeyd edib. O, gələcəkdə teatr sahəsində əlaqələrin inkişafında Türkiyədə yeni yaradılmış Azərbaycan Mədəniyyət Mərkəzinin mühüm layihələr həyata keçirəcəyini deyib. Diplomat gələcəkdə keçiriləcək mədəniyyət günləri çərçivəsində teatr truppalarının qarşılıqlı çıxışlarının dəstəklənməsi, rejissorların və artistlərin qarşılıqlı mübadiləsi ilə bağlı fikirlərini bölüşüb.
Görüşdə hər iki ölkənin teatrları arasında əlaqələrin yaradılması, inkişafı, Azərbaycan müəlliflərinin əsərlərinin Türkiyədə teatr səhnələrində tamaşaya qoyulması, bu istiqamətdə təcrübə mübadiləsi, qarşılıqlı səfərlərin reallaşdırılması, memorandumların imzalanması barədə təkliflər verilib. Samir Abbasov Türkiyədə keçirilən məşhur “Kültür yolu” festivalında da Azərbaycan teatrlarının iştirakı ilə əlaqədar iş aparılacağını bildirib.
Görüşdə iştirak edən Azərbaycan səfirliyinin birinci katibi Aygün Qocayeva ötən müddət ərzində diplomatik missiyamızın bu istiqamətdə apardığı işlər, Azərbaycan müəlliflərinin əsərlərinin Türkiyədə teatr səhnələrində tamaşaya qoyulması ilə bağlı təşəbbüsləri barədə danışaraq, bu işin yeni yaradılan Mədəniyyət Mərkəzi tərəfindən sistemli aparılacağına inamını bildirib.
Görüşdə birgə layihələrin həyata keçirilməsinə dair planın hazırlanması razılaşdırılıb.
Tamer Karadağlıya Türk və İslam mədəniyyətinin paytaxtı elan edilmiş Şuşa şəhərinə dair kitab hədiyyə olunub.
Göydəniz Qəhrəmanov yenidən Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri seçilib.
AZƏRTAC xəbər verir ki, bu, Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının IV Assambleyasında keçirilən səsvermə zamanı baş tutub. Səsvermə prosesində 122 nəfər iştirak edib. Onların 118-i lehinə, 4 nəfəri isə bitərəf olub.
Muğamı qüsursuz səsləndirmək ifaçıdan fitri istedad, müstəsna məharət, nəzəri hazırlıq, xüsusi yaradıcılıq fəaliyyəti tələb edir. Muğam ifaçılığının prinsipial əməli əhəmiyyətini tam dərk edib qiymətləndirmək üçün Xalq artisti, məşhur tarzən Bəhram Mansurovun sənəti olduqca səciyyəvidir. Bu qüdrətli ustad musiqiçinin çalğısı böyük sələflərinin zəngin yaradıcılıq təcrübəsini hifz edərək muğamı həqiqi öz ləyaqətində səsləndirməyin kamil nümunəsidir.
AZƏRTAC xəbər verir ki, bu gün görkəmli tarzən, muğamların mahir ifaçısı, Xalq artisti Bəhram Mansurovun vəfatından 39 il ötür.
Klassik Azərbaycan muğamlarının qorunub saxlanılmasında və təbliğində böyük xidmətləri olan Mansurovlar sülaləsinin nümayəndəsi Bəhram Mansurov 1911-ci ildə İçərişəhərdə dünyaya göz açıb.
Tarzən ailəsində dünyaya gələn Bəhram, Mansurovlar nəslinin musiqi ənənələrinin davamçısı olmaq şansı qazanmışdı. Mansurovların musiqi aurası Bəhramın peşəkar tarzən kimi püxtələşməsində böyük rol oynadı. Mahir tarzən olan atası Məşədi Süleyman oğlunun tara meylini görüb deyərdi: “Sən tar çalmağı tez öyrənəcəksən. Muğam sənin qanındadır”. Ata yanılmadı. Zaman onun nə qədər haqlı olduğunu göstərdi.
Bəhram səkkiz yaşından arzularını tarın kövrək tellərində köklədi. On doqquz yaşı olanda Müslüm Maqomayev onu Xalq Çalğı Alətləri Orkestrinə, daha sonra isə Opera və Balet Teatrına solist-tarzən kimi dəvət etdi. 1929-cu ildən Azərbaycan Dövlət Şərq Orkestrinin, sonralar Azərbaycan Dövlət Filarmoniyasının solisti oldu. Opera və Balet Teatrında Hüseynqulu Sarabski, Yavər Kələntərli, Hüseynağa Hacıbababəyov, Əlövsət Sadıqov, Həqiqət Rzayeva kimi korifeylərlə işlədi. Rübabə Muradova, Sara Qədimova, Əbülfət Əliyev, Gülxar Həsənova, Zeynəb Xanlarova, Mais Salmanov, Bakir Haşımov, Qulu Əsgərov, Arif Babayev, Nəzakət Məmmədova, Baba Mirzəyev və başqa sənətkarları müşayiət etdi.
Bəhram Mansurov ilk azərbaycanlı musiqiçidir ki, onun ifasında “Çahargah” və “Rast” muğamları nota alınıb, “Bayatı-Şiraz”, “Humayun”, “Şur”, “Bayatı-kürd”, “Çahargah” ilk dəfə UNESCO-nun xətti ilə vallara və CD-lərə yazılıb, bütün dünyaya yayılıb. O, 1978-ci və 1983-cü illərdə Səmərqənddə keçirilən Beynəlxalq Muğam Simpoziumunda Azərbaycanı təmsil edib.
Görkəmli tarzən 54 il Opera və Balet Teatrında çalışıb, muğam operalarında xanəndələri müşayiət edib. Onun ifasında olan bütün muğamlar, dəraməd, diringə, təsnif və rənglər oğlu Eldar Mansurov tərəfindən nota salınıb.
1971-ci ildə tanınmış görkəmli tarzən haqqında “Çalır Bəhram Mansurov” sənədli televiziya filmi çəkilib.
Xalq artisti Bəhram Mansurov 1985-ci il mayın 14-də, ömrünün 75-ci ilində vəfat edib.
Unudulmaz sənətkarın yaratdığı ölməz sənət inciləri bu gün də neçə-neçə gənc tarzənin yetişməsinə təkan verir, yol göstərir. Tar sənətimiz, muğamlarımız yaşadıqca, ölməz sənətkarımız Bəhram Mansurov da xatırlanacaq.
Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalına mayın 13-də Laçında yekun vurulub.
AZƏRTAC xəbər verir ki, “Aşıq mahnıları yeni səslənmədə” adlı konsert proqramı Həkəri çayı ətrafında açıq səma altında təşkil olunub.
Şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü İlham Qəhrəman bütün laçınlıları salamlayaraq, 30 ilə yaxın davam edən Vətən həsrətinin sona yetdiyini və Laçının toylu-büsatlı günlərə qovuşduğunu böyük şükranlıqla vurğulayıb. Bildirib ki, bu gün Laçının gözəlliyi bütün görənləri valeh edir.
Şuşadan başlayan “Xarıbülbül” festivalının Laçında davam etməsini yüksək qiymətləndirən şair bunu qala-şəhərin qardaş payı kimi qiymətləndirib. O, festivalın təşkilatçılarına minnətdarlığını bildirərək, hər kəsi maraqlı konsert proqramına baxmağa dəvət edib.
Konsertdə, həmçinin Xalq artistləri Aygün Kazımova, Nazpəri Dostəliyeva, Tünzalə Ağayeva, Əməkdar artistlər Ehtiram Hüseynov, Lalə Məmmədova, Elnarə Abdullayeva və digərləri tanınmış aşıqlarımızla duet oxuyublar.
Festival bütün iştirakçıların ifasında “Bütöv Azərbaycan” mahnısının sədaları altında başa çatıb.
Xatırladaq ki, “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalı mayın 11-də Şuşada başlamışdı.