Bu günlərdə “Elm və təhsil” nəşriyyat-poliqrafiya müəssisəsində yüksək poliqrafik üslubda hazırlanmış “Şəhidlik zirvəsi - Şamaxı şəhidləri” adlı yeni kitab işıq üzü görüb.
AZƏRTAC xəbər verir ki, kitab tanınmış şair-publisist Mətanət Ulu Şirvanlının şəhidlər haqqında yazdığı növbəti publisist təqdimatıdır. Kitab Birinci və İkinci Qarabağ döyüşlərindən bəhs edir. Müəllif kitabda erməni cəlladları tərəfindən torpağımızda törədilən cinayətlərdən bəhs edib, 30 illik vətən həsrətini qələmə alıb.
Qarabağı canı-qanı bahasına qoruyan şamaxılı döyüşçülərin xatirəsini yad edən yazıçı onların taleyini və döyüş yolunu elegiya janrında oxuculara təqdim edib.
Kitabda “Heç kim unudulmur, heç kim yaddan çıxmır” başlığı altında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsinin rəisi, polkovnik-leytenant Pərviz Feyzullayev, yazıçı Seyran Səxavət, Azərbaycan Yazıçılar Birliyinin katibi, şair-publisist Rəşad Məcid, AYB-nin şöbə müdiri Sayman Aruz və yazıçı- dramaturq Elçin Hüseynbəylinin şəhidlərimiz haqqında fikirləri qeyd edilib, vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda igidlik göstərən şəhidlərimiz böyük ehtiramla yad olunub.
Redaktoru tanınmış şair Hikmət Məlikzadə olan kitabda Vətən uğrunda canından keçmiş oğulların ömür yolu gənc nəslə əsl vətənpərvərlik nümunə kimi təqdim edilir.
Azərbaycan Respublikasının Meksika Birləşmiş ştatlarındakı səfirliyinin dəstəyi ilə Meksika, Kolumbiya, Peru, Qvatemala, Kosta-Rika, Honduras və Panamanın media nümayəndələri ölkəmizdə səfərdədir.
Səfər 44 günlük Vətən müharibəsindən sonra regionda yaranmış vəziyyət, azad edilmiş ərazilərimizin durumu, məcburi köçkünlərin geri qayıtmasına münasibətdə mövcud maneələr, aparılan bərpa və quruculuq işləri, eləcə də digər məsələlərin bu ölkələrin kütləvi informasiya vasitələrində işıqlandırılması məqsədini daşıyır.
Qeyd olunan ölkələrin kütləvi informasiya vasitələrinin nümayəndələri Mədəniyyət nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətində olublar.
Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə Meksikanın “El Universal” qəzetinin redaktoru Qabriel Moyssen, Kolumbiyanın “Impacto Mundo” telekanalının aparıcısı Roberto Trobaxo, “Peru Jurnalistlər Federasiyası”nın vitse-prezidenti Rikardo Sançes, Perunun “La Razon” qəzeti və “Prensa21” xəbər portalının direktoru Karlos Linares Uarinqa və Kosta-Rika-nın “Horizontes TV” telekanalının aparıcısı Denis Mora Qusman iştirak ediblər.
Dövlət Xidmətinin nümayəndəsi Ağacavid Ramazanov qonaqları salamlayaraq Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı həyata keçirdiyi işğalçılıq siyasəti haqqında məlumat verib. Qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə 706-ı dövlət qeydiyyatında olmaqla 2600-dən çox tarix-mədəniyyət abidəsi var. 30 ilə yaxın bir müddətdə davam edən işğal dövründə Ermənistan tərəfi Azərbaycan xalqına məxsus tarixi abidələrə, mədəni irs obyektlərinə qarşı vandalizm aktı həyata keçirərək özününkiləşdirmiş və dağıntılar törətmişdir. Bütün bunlar Dövlət Xidməti tərəfində həyata keçirilən monitorinqlər nəticəsində qeydə alınır.
Ağacavid Ramazanov vurğulayıb ki, Azərbaycan bütün tarixi abidələri bərpa edərək, yenidən öz tarixi görkəminə qaytaracaq.
Görüşdə qeyd olunan məsələlər ətrafında fikir mübadiləsi aparılıb, qonaqları maraqlandıran suallar cavablandırılıb.
Azərbaycan ədəbiyyatını öz əsərləri ilə zənginləşdirən və ədəbiyyatımızın inkişafında böyük xidmətlər göstərmiş yazıçılardan biri də nasir və dramaturq Seyfəddin Dağlı olub.
AZƏRTAC xəbər verir ki, bu gün görkəmli yazıçı, şair, jurnalist, tərcüməçi və dramaturq Seyfəddin Dağlı anadan olmasından 100 il ötür.
Seyfəddin Dağlı ( Seyfəddin Əliağa oğlu Abbasov) 1921-ci il avqustun 27-də də Azərbaycana Cəfər Cabbarlı, Mikayıl Muşfiq, Cabir Novruz, Zeynəb Xanlarova, Şəfiqə Eyvazova kimi söz və sənət ustalarını bəxş etmiş Xızıda anadan olub.
Seyfəddin Abbasov yaradıcılığa məktəbdə oxuyarkən şeir və satirik hekayələrlə başlayıb. Sənaye texnikumunda oxuyanda "Kommunist" qəzeti ilə əməkdaşlıq edib, bu qəzetin ədəbi işçisi, şöbə müdiri, məsul katibi olub.
Böyük Vətən müharibəsi başlayanda o, Sovet Ordusu sıralarına çağırılıb və ömrünün on beş ilini hərbi xidmətə həsr etdi. "Ordu" qəzetinin ədəbi işçisi, "Diviziya" qəzetinin redaktoru oldu. 1944-1946-cı illərdə Sovet qoşun hissələrinin tərkibində İranda xidmət keçib.
Seyfəddin Abbasov jurnalistikaya 1938-ci ildə maraqlı felyetonları ilə gəlib. İlk kitabı “Dəniz kəşfiyyatçısı” on il sonra, 1948-ci ildə işıq üzü görüb. Onun əsərləri ilk gündən geniş oxucu kütləsinin rəğbətini qazanıb. İkinci Dünya müharibəsi dövründə felyetonları və satirik hekayələri "Vətən uğrunda" jurnalında, "Ədəbiyyat", Təbrizdə çıxan "Vətən yolunda" qəzetlərində çap olunurdu.
S.Dağlı 1952-1956-cı illərə Lenin adına Moskva Hərbi-Siyasi Akademiyasının redaktorluq fakültəsinin müdavimi olub. 1956-cı ildə Moskvada təhsilini başa vurandan sonra ordu sıralarından tərxis olunub və Vətənə qayıdıb. Bakıda o, jurnalist və ədəbi fəaliyyətini davam etdirib. 1956-1959-cu illərdə Dövlət Radio Komitəsinin baş redaktoru, Bakı televiziya studiyasının baş redaktoru, sədr müavini işləyib.
Seyfəddin Dağlı həmkarlarından özünəməxsus üslubu ilə seçilirdi. Onun yaradıcılığı zəngin və çoxşaxəli idi. O, bir çox hekayə, oçerk, povest, romanın müəllifi idi. "Adı sənin, dadı mənim", "Aydınlığa doğru", "Mənziliniz mübarək", "Təzə gəlin", "Kölgələr pıçıldaşır", "Bahar oğlu" romanı (Cəfər Cabbarlının həyatı haqqında), "Məşəl", "Kəcil qapısı", "Sabiqlər" adlı ədəbi şedevrlər yaratdı. Lakin çoxşahəli yaradıcılığında o, satirik-yumoristik janra üstünlük verirdi. Bu sahədə o, müasir Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri kimi tyanınırdı. Onun pyesləri bir çox teatrlarda dəfələrlə səhnəyə qoyulub.
S.Dağlı həm satirik, həm də yumoristik povestlər, hekayələr ustası idi. Onun əsərləri oxucuda şüurlu və mənalı gülüş yaradır, ona görə də onların süjet xətti, quruluşu, ifadə tərzi, dilinin sadəliyi və şirinliyi ilə yadda qalırdı. Onun yaradıcılığında məhz satirik axar xüsusilə seçilir. Yazıçının tənqid və satira hədəfi müasir cəmiyyətin eybəcərlikləri idi, bütün qəhrəmanları həyatdan götürülüb. Müəllif tərəfindən yaradılmış hər bir obrazın öz bədii xüsusiyyətləri var və bir-birindən xeyli fərqlənir.
Yazıçının fəaliyyətinin ən mühüm mərhələsi "Kirpi" satirik jurnalına rəhbərlik etdiyi dövr olmuşdu. O, 1959-cu ildən 1976-cı ilədək bu jurnalın baş redaktoru kimi fəaliyyət göstərib. Jurnal zamanın tələbinə uyğun olaraq 1952-ci ildə məşhur "Molla Nəsrəddin" ənənələrinin davamçısı kimi çıxmağa başlayıb. Məhz bu jurnalda işlədiyi illərdə yazıçının istedadı özünü daha parlaq göstərib.
Ömrünü ədəbiyyata, oxuculara həsr etmiş insanın əsl mükafatı isə onun yaradıcılığına olan ümumxalq məhəbbəti, kitabları, ölkənin teatrlarında tamaşaya qoyulan pyesləri, "Kirpi" jurnalının bir-birindən maraqlı onlarla nömrəsidir.
Seyfəddin Dağlı 1983-cü il yanvarın 18-də dünyasını dəyişib.
İsveçin məşhur “ABBA” pop qrupu beş yeni mahnısını buraxacaq.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə “Daily Mirror” qəzeti məlumat yayıb.
Məlumatda bildirilib ki, qrupun “The Visitors” adlı son albomu 1981-ci ildə işıq üzü görüb. “ABBA” yeni kompozisiyalarını sentyabrın 3-də təqdim edə bilər. Axır ki, “ABBA” qayıdır və son 39 ildə yeni treklərini buraxmağı planlaşdırır.
Tofiq Tağızadə dünya kinematoqrafiyasının mütərəqqi təcrübəsindən yaradıcı şəkildə bəhrələnərək nadir istedada malik böyük rejissor idi. O, ötən sərin 50-ci illərdə çəkdiyi üç filmlə milli kinomuza yeni üslub gətirmiş və mədəniyyət tariximizdə dərin iz qoymuşdu. Tofiq Tağızadə həmişə Azərbaycan mədəniyyətinin, kinosunun tarixində yaşayacaq. Çünki onun yaradıcılığı bənzərsiz, çəkdiyi filmlər böyük rejissor istedadının, qəlbinin məhsuludur...
AZƏRTAC xəbər verir ki, bu gün Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi, Xalq artisti Tofiq Tağızadənib anım günüdür.
Tofiq Mehdiqulu oğlu Tağızadə 7 fevral 1919-ci ildə Bakı şəhərində ziyalı ailədə dünyaya gəlib. O, 1938-ci ildə Azərbaycan Sənaye İnstitutunun energetika fakültəsinə qəbul olub. Amma bu institutda təhsilini başa çatdıra bilmədi. Müharibə Tofiq Tağızadənin də həyatını məcrasından çıxardı. Üçüncü kursda təhsilini yarımçıq qoyaraq cəbhəyə yollandı. 1941-ci ildə Rostov yaxınlığında gedən döyüşlərdən birində ağır yaralandı. Döyüş yolu bununla bitsə də, o dəhşətli günlərin xatirələri yaddaşından heç zaman silinmədi...
Geri döndükdən sonra Sənaye İnstitutunda təhsilini davam etdirmədi və 1946-cı ildə Moskva Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq fakültəsinə daxil oldu. Arzusunda olduğu bir aləmə düşdü. Bu ali təhsil ocağında məşhur kino xadimlərindən və pedaqoqlardan dərs aldı.
Bir müddət Moskvada çalışdı. Ancaq Tofiq Tağızadə vətəninə xidmət etmək arzusundaydı. Bu istək onu 1954-cü ildə Bakıya gətirdi. Cəfər Cabbarlı adına "Azərbaycanfilm” Kinostudiyasında fəaliyyətə başladı.
Tofiq Tağızadə "Görüş"lə gəldi sənətə. Azərbaycan və Özbəkistan pambıqçılarının dostluğundan bəhs edən bu film rejissora uğurlu bir yolun qapısını açdı.
Tofiq Tağızadə müharibənin odundan, alovundan keçmiş, ağrı-acılarını çəkmişdi. Milyonlarla insanın həyatına son qoyan, şəhərləri, kəndləri xarabalığa çevirən bu dəhşətli bəlanı təsvir edən film çəkmək fikri onu rahat buraxmırdı. Çox gözləməli olmadı. Azərbaycan xalqının şanlı oğlu, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin İkinci Dünya müharibəsi illərində İtaliya və Yuqoslaviyada faşist işğalçılarına qarşı apardığı mübarizəyə həsr edilmiş. "Uzaq sahillərdə” həm rejissora, həm ssenari müəlliflərinə, həm də aktyorlara böyük şöhrət gətirdi.
Bundan sonra Tofiq Tağızadə "Əsl dost”, "Mateo Falkone”, "Mən rəqs edəcəyəm”, "Arşın mal alan”, "Mən ki gözəl deyildim”, "Yeddi oğul istərəm”, "Qızıl qaz”, "Dədə Qorqud”, "Babamın babasının babası”, "Bağ mövsümü”, "Evin kişisi”, "O dünyadan salam” və başqa filmlərə quruş verdi.
Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi Tofiq Tağızadə ömrünün son illərində xüsusi studiya da yaradıb. Lakin amansız əcəl onun işlərini yarımçıq qoydu. Tofiq Tağızadə 1998-ci il avqustun 27-də dünyasını dəyişib.
Avqustun 26-da Beynəlxalq Azərbaycan Muğamı Günü və İpək Yolu üzərində yerləşən ölkələrin musiqisi günüdür.
Bu münasibətilə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Beynəlxalq Azərbaycan Muğamı və Musiqisi Günü” adlı virtual sərgi hazırlanıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə Azərbaycanın görkəmli şəxsiyyətlərinin muğam sənəti haqqında fikirləri, fotolar, mövzuya dair kitab və məqalələr nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Beynelxalq_Azerbaycan_mugami_ve_musiqisi_gunu/index.htm linkindən istifadə edə bilərlər.
Qeyd edək ki, 26 avqust bütün muğamsevərlərin, xüsusilə də, bu sənət növünü yaşadan və onun təbliğinə daim yaradıcılıq və həyat yolunu həsr edən şəxslərin bayramıdır. Artıq dünya ölkələrində Azərbaycan muğamı birmənalı olaraq qəbul edilmiş, dünyanın mədəni irs siyasında nadir əsər tək qorunur və təqdim olunur. Muğam sənəti Azərbaycanın professional musiqi mədəniyyətinin şifahi irsinin mühüm qismini təşkil etməklə, Azərbaycan xalqının mədəni ənələrində və tarixində dərin köklərə malikdir. Bu mədəni ənənənin Azərbaycanda köklərinin olması ölkədə onun daşıyıcılarının sayı, eləcə də onun Azərbaycan bəstəkarlarının, rəssamlarının, heykəltəraşlarının və şairlərinin tükənməz ilham mənbəyi olan milli mədəniyyətdə mühüm rolu ilə təsdiqlənir.
Həm milli mədəniyyət üçün, həm də bütün bəşəriyyətin mədəniyyəti üçün Azərbaycan muğamının bədii dəyəri, onun yüksək mənalılığı 2003-cü ildə UNESCO kimi nüfuzlu beynəlxalq təsisat tərəfindən etiraf olunub. UNESCO muğamı “bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərlərindən biri” elan edib.
Ana südü ilə canımıza, qanımıza hopmuş, yaddaşımızda əbədiləşmiş Azərbaycan muğamı həm də dünya musiqi xəzinəsinin incisidir. Görkəmli xanəndələrimizin ifasında bu sənət növü dilindən, milliyyətindən asılı olmayaraq dinləyicini ilahi başlanğıc, əbədi olum-ölüm həqiqətləri barədə düşünməyə sövq edir, ona məhəbbət, sevinc, kədər hisslərini yaşadır.
Qoca Şərqin ən qədim musiqi janrlarından biri olan muğam əsrlərdən bəri tədqiqatçıların diqqətini cəlb etmiş, bu gün də dünya musiqi mədəniyyətinin öyrənilməsində mühüm təhlil obyektidir. Azərbaycan xalqının qədim irsi olan bu incəsənət növü tarixən enişli-yoxuşlu yollardan keçsə də, xalqımız onu qoruyaraq və inkişaf etdirərək nəsildən-nəslə ötürə bilib. Müstəqil Azərbaycanda isə milli muğam ifaçılığı yeni inkişaf mərhələsinə qədəm qoyaraq dünyanı fəth edir.
AZƏRTAC xəbər verir ki, avqustun 26-sı Beynəlxalq Azərbaycan Muğamı Günü və İpək Yolu üzərində yerləşən ölkələrin musiqisi günü kimi qeyd olunur. 2010-cu ildə Kanadanın Niaqara şəhərinin meriyası və ənənəvi olaraq hər il keçirilən Beynəlxalq Niaqara Musiqisi Festivalının rəhbərliyi tərəfindən qəbul olunan bu qərar xalqımızın milli sərvəti olan muğamın bəşəri musiqiyə çevrildiyini bir daha təsdiq edir. Bu tarix muğamsevərlər, ömrünü bu sənətin yaşamasına və təbliğinə həsr edənlər üçün ən əziz bayramdır.
Azərbaycan muğamının müasir tarixində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ICESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli silsilə tədbirlər müstəsna rol oynayır. Bu fəaliyyətin nəticəsidir ki, son illər muğam ifaçılığı ən müxtəlif aspektlərdən hərtərəfli dəstək alaraq, sözün əsl mənasında, intibah dövrünü yaşayır. UNESCO-nun qərarı ilə dünya mədəniyyətinin qeyri-maddi irsinin bəşəri əhəmiyyətə malik sərvətləri sırasına daxil edilməsi muğamın, tar ifaçılığı sənətinin təkcə xalqımızın deyil, bütün bəşəriyyətin misilsiz mədəni sərvətinin ayrılmaz hissəsi kimi qiymətləndirilməsidir.
Ölkəmizdə “Muğam aləmi” Beynəlxalq muğam festivallarının, müsabiqələrin, muğam konsertlərinin, simpoziumların təşkili, “Qarabağ xanəndələri” albomunun buraxılması, “Muğam” jurnalının, “Muğam ensiklopediyası”nın nəşri, müasir texnologiyalara əsaslanan və 8 diskdən ibarət “Azərbaycan muğamı” multimedia toplusunun hazırlanması Heydər Əliyev Fondu, Azərbaycan Mədəniyyət Fondunun bu sahəyə göstərdiyi diqqətə bariz nümunələrdəndir.
Azərbaycan muğamına yeni bir həyat bəxş edən Mehriban Əliyeva bu bənzərsiz sənət inciləri ilə bağlı fikirlərini belə dilə gətirir: “Biz azərbaycanlılar hamımız, haqlı olaraq, öz doğma muğamlarımızla fəxr edirik. Hər bir azərbaycanlı üçün muğam xüsusi əhəmiyyət daşıyır. Qərblə Şərq arasında, Böyük İpək Yolu üstündə yerləşən Azərbaycan sivilizasiyaların qovuşduğu bir məkanda əsrlərboyu öz mədəniyyətini formalaşdırmışdır. Bəzi dövrlərdə biz müxtəlif imperiyaların daxilində yaşasaq da, dinimiz, milli dəyərlərimiz, dilimiz, mədəniyyətimiz bizi bir xalq kimi, millət kimi qoruyub saxlamışdır. Azərbaycanın zəngin mədəniyyətinin və tarixinin ən gözəl incilərindən biri olan muğam, muğam sənəti bizim milli sərvətimizdir. Muğam Azərbaycan xalqına xas olan ən gözəl xüsusiyyətlərin daşıyıcısıdır. Torpağa, köklərə bağlılıq, vətənpərvərlik, milli ləyaqət hissi, qonaqpərvərlik, xeyirxahlıq, mərhəmət, emosional zənginlik - bütün bu hisslər muğam fəlsəfəsinin əsasındadır. Odur ki, desəm muğam gözəlliyin və məhəbbətin rəmzidir - səhv etmərəm”.
Bəstəkarlarımız üçün ilham mənbəyi olan muğam, həm də milli musiqi mədəniyyətimizin uğurlarının əsasında durur. Dahi Üzeyir Hacıbəyli “Leyli və Məcnun” operasını muğam üzərində yazıb, Fikrət Əmirov “Şur” və “Kürd-Ovşarı” simfonik muğamları ilə dünya musiqisində simfonik muğam janrının əsasını qoyub. Niyazi, Qara Qarayev, Soltan Hacıbəyov, Cövdət Hacıyev, Aqşin Əlizadə, Arif Məlikov, Firəngiz Əlizadə və digər görkəmli bəstəkarlarımızın yaradıcılığında muğamdan irəli gələn bədii prinsiplər ən müasir kompozisiya texnikası ilə qovuşur. Vaqif Mustafazadə bu janrı caz sənətinə gətirib.
Tarixən Şuşada Xarrat Qulu Məhəmməd oğlunun, Mir Möhsün Nəvvabın, Şamaxıda Mahmud Ağanın, Bakıda Məşədi Məlik Mənsurovun məclisləri, bu məkanlardan çıxan böyük sənətkarlar muğamın milli musiqimizin ana dili olduğunu bir daha təsdiqləyir. Hələ 1922-ci ildə Bakıda açılmış ilk Avropa tipli musiqi tədris müəssisəsinin dərs proqramına muğamın tədrisi daxil edilib. Bu sənət rəssamlarımız, heykəltəraşlarımız, şairlərimiz, rejissorlarımız üçün bu gün də ilham mənbəyidir.
Bu gün dövlətimizin mədəniyyətimizə, o cümlədən muğam sənətinə, onu yaşadanlara böyük diqqət və qayğısı onları yeni-yeni yaradıcılıq axtarışına həvəsləndirir.
Ustad və novator sənətkar, hələ 1999-cu ildə UNESCO-nun Beynəlxalq Musiqi Şurasının birinci mükafatına layiq görülmüş Alim Qasımovun muğamı özünəməxsus ifası və təqdimi bu sənətin geniş imkanları ilə dünya auditoriyasını heyran qoyur.
Xalqımızın şərəfli və keşməkeşli tarixini səslərdə əbədiləşdirən muğamlarımız ən ağrılı-acılı günlərimizdə həm də təskinliyimizdir. Heyrətamiz hisslər, düşüncələr, müdriklik mənbəyi olan muğam bütün hallarda – qüssəli, sevincli anlarımızda ovqatımıza təsir edir, azadlığa və müstəqilliyə qovuşduğumuz anların fərəhini yaşadır və bizləri daima qələbələrə səsləyir.
Belarusun populyar “Stihi.bu” ədəbiyyat portalı görkəmli Azərbaycan şairi Əliağa Kürçaylının, rus dilinə tərcümə olunmuş “Etiraf”, “Elə bil dəniz də insandır”, “Yoluma işıq çıxdı” şeirlərinə və şairin yaradıcılığı haqqında məlumata səhifə ayırıb.
Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, şeirlərin rus dilinə tərcümə müəllifi – tanınmış Azərbaycan tərcüməçisi, mərhum şair Vladimir Qafarovdur.
Qeyd edək ki, bu ildən fəaliyyətə başlamış portal öz səhifələrində əsasən müasir dünya poeziyası nümunələrinin rus və belarus dilində tərcümələrini işıqlandırır.
Oktyabrın 6-dan 10-dək Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin ölkəmizdə 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında müvafiq Sərəncamının icrası ilə əlaqədar Nazirlər Kabinetinin təsdiqlədiyi Tədbirlər Planına uyğun olaraq, builki sərgi-yarmarka dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr olunacaq.
Cəmiyyətdə mütaliənin təbliğini, kitab işi sahəsində istedadlı şəxslərin geniş kütlələrə tanıdılmasını və xüsusilə COVID-19 pandemiyası səbəbindən müəyyən çətinliklərlə üzləşən yaradıcı sənayelərin dəstəklənməsini hədəfləyən sərgi-yarmarkanın zəngin proqramı var. Kitab bayramında kitab təqdimatları, yazarlarla görüşlər, işgüzar toplantılar və Nizami Gəncəvinin həyat və yaradıcılığına dair müxtəlif tədbirlər sərgi ziyarətçilərinin marağına səbəb olacaq.
100-dək yerli nəşriyyat-poliqrafiya müəssisəsinin, kitab evinin, müxtəlif kütləvi və universitet kitabxanalarının, həmçinin Türkiyə və Rusiya daxil olmaqla, bir sıra ölkələrdən kitab işi sahəsində çalışan qonaqların sərgi-yarmarkada iştirakı gözlənilir.
Sərgi-yarmarka iştirakçıları təşkilatçılar tərəfindən 6 kvadratmetrə qədər ekspozisiya sahəsi və lazımi avadanlıqlarla ödənişsiz təmin ediləcək.
İştirakçıların və ziyarətçilərin sağlamlığının qorunması məqsədilə sərgi-yarmarkanın COVID-19 pandemiyası ilə əlaqədar tətbiq olunan xüsusi karantin rejiminin tələblərinə tam uyğun təşkili planlaşdırılır. Sanitariya-gigiyena qaydalarının tətbiqi ilə yanaşı, sərgi-yarmarka məkanında sıxlığın yaranmaması üçün metronun müxtəlif stansiyalarının çıxışında ziyarətçiləri müəyyən fasilələrlə Bakı Ekspo Mərkəzinə daşıyan xüsusi avtobuslar ayrılacaq. Qeyd olunan tədbirlərlə bağlı əvvəlcədən kütləvi informasiya vasitələrində elanlar veriləcək.
Sərgi-yarmarkaya iştirakçı və ya ziyarətçi qismində qatılmaq istəyənlər ətraflı məlumat əldə etmək üçün sərginin rəsmi veb-saytına (www.bakubookfair.az), sosial media hesablarına daxil ola və yaxud telefon (+99412 404 10 00), e-mail (bookfair@ceo.az) vasitəsilə müraciət edə bilərlər.
Qeyd edək ki, Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası ilk dəfə 2009-cu ildə keçirilib.