Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • “Matrix” seriyasından olan filmin dördüncü hissəsinin adı açıqlanıb

    “Warner Bros” kinostudiyası “CinemaCon”da “Matrix” seriyasından olan filmin dördüncü hissəsinin adını açıqlayıb.

    AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə “Deadline” nəşri məlumat yayıb.

    Məlumatda qeyd olunub ki, filmin yeni hissəsi “The Matrix: Resurrections” adlanır. Kianu Rivz əvvəlki hissələrdə olduğu kimi bu dəfə də baş rolda Neo obrazını canlandırır.

    “Warner Bros” filmin tereylerini artıq təqdim edib. Treylerə görə Neo özünü filmin birinci hissəsindəki reallığa bənzəyən monoton bir dünyada tapır. Filmin qəhrəmanı öz sevgilisi Trinitini kafedə görsə də onu tanımır.

  • Azərbaycanda “kinooperator” sözü ləğv olunub

    Azərbaycan Kinorejissorlar Gildiyasının İdarə Heyəti, kinooperatorların sovetdən qalmış “kinooperator” peşə adının “təsvir rejissoru” adı ilə əvəz olunması ilə bağlı, peşəkarlar tərəfindən daxil olmuş çoxsaylı müraciətlərə əsasən araşdırmalar aparıb.

    Bu barədə Report-a Gildiyadan məlumat verilib.

    Məlumata görə qərara gəlinib ki, “operator” (latın) sözünün etimalogiyası, hər-hansı bir işi görən, işlək mənasını daşıdığından, audiovizual əsərin təsviri ilə bağlı yaradıcı proseslərin rəhbəri olan və ona məsuliyyət daşıyan peşənin – “quruluşçu kinooperatorun” (bədii filmdə və tv seriallarda), kinooperatorun (sənədli və tv filmlərində) yaradıcı xarakterini və funksiyasını əks etdirmir.

    Digər tərəfdən “operator” sözünün mənasının ümumi və unversal xarakter daşıdığından, məsələn - avtooperatoru, qazoperatoru, radiooperator, rabitəoperatoru, turoperatoru, kompüter operatoru və s. 100-dən artıq peşə adlarının mövcudluğu, audiovizual sahənin inkişafında önəmli yer tutan bu peşənin nüfuzuna xələl gətirmək ehtimalını yaradır və belə bir vacib sənətin əhəmiyyətini azaldır.

    Bütün bunları nəzərə alaraq, Azərbaycan Professional Kinorejissorlar Gildiyasının İdarə Heyəti, Gildiyanın Kinooperator bölməsinin - bu sahənin peşəkarlarının təklifini qəbul edərək aşağıdakıları qərara alıb:

    - Audiovizual əsərlərin (filmlərin) yaradılmasında onun təsvir həllinə və bu həllin bədii formada daşıyıcılara həkk olunmasına məsuliyyət daşıyan yaradıcı peşə sahibinin “təsvir rejissoru” adlandırılmasını məqsədəuyğun hesab edilməlidir.

    - Bununla bağlı audiovizual sahədə fəaliyyət göstərən bütün ictimai təşkilatlara, özəl qurumlara, dövlət idarə və müəssisələrinə bu təklifi və onun praktiki istifadəsinin dəstəklənməsi məqsədi ilə müraciət ünvanlandırılmalıdır.

  • Azərbaycanın görkəmli teatr və kino aktyoru, Xalq artisti Həsən Məmmədovun anım günüdür

    O, milli kinomuzda Mirzə Səfər, Dədə Qorqud, Bəxtiyar, Qəmərlinski və başqa neçə-neçə unudulmaz obrazlar yaradıb. “Böyük dayaq” filmində çəkildiyi ilk rolu - Qaraş obrazı ilə kino aktyoru kimi özünün böyük potensialı olduğunu sübut edib. Yaratdığı rolların xarakterik xüsusiyyətləri həm də həmin obrazların qəhrəmanlardan ibarət olması idi...

    AZƏRTAC xəbər verir ki, bu gün kino sənətimizin inkişafında böyük xidmətləri olan Dövlət mükafatı laureatı, Xalq artisti Həsən Məmmədovun anım günüdür.

    Görkəmli aktyor Həsən Məmmədov 1938-ci il noyabrın 22-də Salyan rayonunda doğulub. Burada 2 nömrəli orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fizika-riyaziyyat fakültəsinə daxil olub. İkinci kursda universitetdən çıxıb və bir müddət müxtəlif teatrların yardım heyətində aktyorluq edib. 1958-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Tələbəlik illərində müəyyən fasilələrlə Dövlət radiosunda diktor işləyib, 1962-ci ildə məşhur səhnə xadimi Mehdi Məmmədovun kursunu bitirib və təyinatla Akademik Milli Dram Teatrına göndərilib. Həmin ildən başlayaraq on il ərzində kino çəkilişlər ilə əlaqədar fasilələrlə burada çalışıb.

    Kino aktyoru kimi ildən-ilə məşhurlaşan Həsən Məmmədov 1972-ci il fevralın 2-də “Azərbaycanfilm” kinostudiyasına işə qəbul edilib. O, 1989-cu ildə Cəmil Əlibəyovun “Gülüstanda qətl” dramının tamaşasında İlyas İbrahimov rolunu oynayıb. O, Akademik Teatrın direktoru və bədii rəhbəri Həsən Turabovun dəvəti ilə 1992-ci ildən ömrünün sonunadək doğma kollektivin aktyor truppasında çalışıb.

    Aktyorun rollar siyahısında milli və Avropa klassiklərinin, çağdaş Azərbaycan və əcnəbi dramaturqlarının əsərlərinin tamaşalarındakı səhnə obrazları var.

    Kinoda çəkildiyi çoxsaylı rollar Həsən Məmmədovun yaradıcılığında xüsusi yer tutur. O, “Böyük dayaq” (Qaraş), “Arşın mal alan” (Əsgər), “Gün keçdi” (Oqtay), “Arxadan vurulan zərbə” (Qəmərlinski), “Bizi bağışlayın” (Nəriman), “Birisi gün gecə yarısı” (Baba Əliyev), “İstintaq” (Murad), “Dədə Qorqud” (Dədə Qorqud), “Axırıncı aşırım” (Abbasqulu ağa Şadlinski), “Sevil” (Balaş), “Yeddi oğul istərəm” (Bəxtiyar), “Bir cənub şəhərində” (Murad), “Qızıl qaz” (Fərman), “Bakıda küləklər əsir” (General), “Alma almaya bənzər” (Qurban), “Səmt küləyi” (Əlibala), “İstintaq davam edir” (Əzimov), “Şahid qız” (Polkovnik), “Qəm pəncərəsi” (Məmmədhəsən əmi), “Papaq” (Mirzə Səfər), “Həm ziyarət, həm ticarət” (Əlimurad), “Zirvə” (Kamil) filmlərində yaddaqalan rollar yaradıb.

    Həsən Məmmədov teatr və kino sənətində göstərdiyi xidmətlərə görə 1971-ci ildə Əməkdar artist, 1982-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb. “İstintaq” bədii filmindəki Murad roluna görə 1981-ci ildə SSRİ Dövlət, "Birisi gün gecə yarısı" kino lentindəki Baba Əliyev obrazına görə isə Azərbaycan Respublikasının Dövlət mükafatları ilə təltif edilib.

    Görkəmli aktyor 2003-cü il avqustun 26-da vəfat edib.

  • VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək
    Oktyabrın 6-dan 10-dək Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək. Azərbaycan Respublikası Prezidentinin ölkəmizdə 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında müvafiq sərəncamının icrası ilə əlaqədar Nazirlər Kabinetinin təsdiqlədiyi Tədbirlər Planına uyğun olaraq builki sərgi-yarmarka dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr olunacaq. Cəmiyyətdə mütaliənin təbliğini, kitab işi sahəsində istedadlı şəxslərin geniş kütlələrə tanıdılmasını və xüsusilə COVİD-19 pandemiyası səbəbindən müəyyən çətinliklərlə üzləşən yaradıcı sənayelərin dəstəklənməsini hədəfləyən sərgi-yarmarkanın zəngin proqramı var. Kitab bayramında kitab təqdimatları, yazarlarla görüşlər, işgüzar toplantılar və Nizami Gəncəvinin həyat və yaradıcılığına dair müxtəlif tədbirlər sərgi ziyarətçilərinin marağına səbəb olacaq. 100-dək yerli nəşriyyat-poliqrafiya müəssisəsinin, kitab evinin, müxtəlif kütləvi və universitet kitabxanalarının, həmçinin Türkiyə və Rusiya daxil olmaqla, bir sıra ölkələrdən kitab işi sahəsində çalışan qonaqların sərgi-yarmarkada iştirakı gözlənilir. Sərgi-yarmarka iştirakçıları təşkilatçılar tərəfindən 6 kvadratmetrə qədər ekspozisiya sahəsi və lazımi avadanlıqlarla ödənişsiz təmin ediləcək. İştirakçıların və ziyarətçilərin sağlamlığının qorunması məqsədilə sərgi-yarmarkanın COVİD-19 pandemiyası ilə əlaqədar tətbiq olunan xüsusi karantin rejiminin tələblərinə tam uyğun təşkili planlaşdırılır. Sanitariya-gigiyena qaydalarının tətbiqi ilə yanaşı, sərgi-yarmarka məkanında sıxlığın yaranmaması üçün metronun müxtəlif stansiyalarının çıxışında ziyarətçiləri müəyyən fasilələrlə Bakı Ekspo Mərkəzinə daşıyan xüsusi avtobuslar ayrılacaq. Qeyd olunan tədbirlərlə bağlı əvvəlcədən kütləvi informasiya vasitələrində elanlar veriləcək. Sərgi-yarmarkaya iştirakçı və ya ziyarətçi qismində qatılmaq istəyənlər ətraflı məlumat əldə etmək üçün sərginin rəsmi veb-saytına (www.bakubookfair.az), sosial media hesablarına daxil ola və yaxud telefon (+99412 404 10 00), e-mail (bookfair@ceo.az) vasitəsilə müraciət edə bilərlər. Qeyd edək ki, Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası ilk dəfə 2009-cu ildə keçirilib.
  • Bu gün Xalq şairi Fikrət Qocanın doğum günüdür

    Fikrət Qoca yaradıcılığında milli ədəbi-bədii ənənələrdən bəhrələnərək çağdaş problemləri, qayğıları, müasir dövrü, zamanın bədii lirikasını canlandırıb. Şair həmçinin tarixə, keçmişə, milli-mənəvi dəyərlərə, qan yaddaşının oxunmamış səhifələrinə nəzər yetirib, vətənpərvərlik və milli ruhda şeirlər, hekayələr qələmə alıb. Onun poeziyasında müqəddəs vətən torpağına sonsuz məhəbbət, onun gələcəyinə olan nigarançılıq, vətən şəhidlərinin əziz xatirəsinə böyük ehtiram, yurdumuzun əsrarəngiz təbiət gözəllikləri, tarixi şəxsiyyətləri barədə düşüncələr əsasdır, aparıcıdır. Fikrət Qocanın əsərləri oxucunu vətən və millət haqqında düşünməyə vadar edir. Şairin vətənə həsr olunan şeirlərində bütövlükdə Azərbaycanın təkrarsız gözəllikləri, yurdumuzun igid, qəhrəman övladları, tariximizin şərəfli səhifələri poetik bir dillə vəsf olunub.

    AZƏRTAC xəbər verir ki, bu gün Xalq şairi Fikrət Qocanın anadan olmasının 86-cı ildönümü tamam olur.

    Fikrət Qoca 1935-ci il avqustun 25- də Ağdaş rayonunun Kotanarx kəndində anadan olub. Şair ədəbi yaradıcılığa kiçik yaşlarından meyil göstərib. O, 1964-cü ildə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunu bitirib.

    Əsərləri 1956-cı ildən mətbuatda çap edilir. Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsində, "Azərbaycan gəncləri" qəzetində, "Azərbaycan" jurnalında fəaliyyət göstərib, Azərbaycan Yazıçılar Birliyində beynəlxalq əlaqələr üzrə məsul katib olub.

    Çap etdirdiyi şeir kitablarında vətən məhəbbəti, vətənpərvərlik duyğuları, insan və zaman haqqında düşüncələri öz əksini tapıb. Dünyanın bir çox ölkəsində yaradıcılıq səfərlərində olub, həmin ölkələrdə gedən milli azadlıq hərəkatlarına şeirlər həsr edib, o cümlədən, Kubanın azadlıq mübarizi Ernesto Çe Gevara ("Ünvansız məktublar"), Qvineya-Bisaunun azadlıq hərəkatı xadimi Amilkar Kabral ("Amilkar Kabral"), Filippinin milli qəhrəmanı Xose Risal ("Xose Risal"), vyetnamlı gənc Li Vi Tom ("Li Vi Tom") və b. haqqında poemalar yazıb. 1990-cı illərdə yazdığı "Oddan keçənlər", "İnsan səviyyəsi", "Adi həqiqətlər" və s. poemalarında Azərbaycanda gedən azadlıq mübarizəsindən bəhs olunur. Onun bir sıra nəsr əsərləri də var. "Ölüm ayrılıq deyil" (1990), "Hələlik,-qiyamətədək" (2000) povestlərində 1990-cı ilin 20 Yanvar hadisələri öz əksini tapıb.

    Mixail Lermontov, Taras Şevçenko, Eduard Mejelaytis, İ.Volker, X.Risal, İ.Taufer və başqalarından tərcümələri var. Əsərləri bir sıra xarici dillərə tərcümə olunub.

    Şeirlərinə musiqilər bəstələnib ("Anacan, dostum evlənir", "Könlüm", "Günay", "Gəl ey səhər", "Çiçək tapa bilmədim", "Gecə yaman uzundur", "Payız gəldi" və s.). Onun mətni əsasında yazılan musiqi əsərləri tanınmış müğənnilərin repertuarına daxil edilib.

    Gənclərin qəhrəmanlıq və fədakarlığından bəhs edən "Təkərlər geri fırlanır", "Yaralı çiçəklər" və "Rəssam düşünür" poemalarına görə 1968-cı ildə Azərbaycan Komsomolu mükafatına, 90-cı illər yaradıcılığına görə "Humay" mükafatına (1998) layiq görülüb. Fikrət Qocanın uzunmüddətli səmərəli yaradıcılıq fəaliyyəti yüksək qiymətləndirilib. O, “Əməkdar incəsənət xadimi” və “Xalq şairi” fəxri adlarını alıb, Azərbaycan Respublikasının ali dövlət təltiflərindən olan “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenlərinə, Dövlət mükafatına və “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülüb.

    Bu günə qədər şairin "Qağayı", "Hamıya borcluyam", "Stixi", "Dənizdə ay çiməndə", "Od gəlini", "Yatmadığım gecələrdə", "Günlərin bir günü", "Gül ömrü", "İnsan xasiyyəti", "Ömürdən səhifələr", "Mavi dünyanın adamları", "Taleyin ağır taleyi", "Seçilmiş əsərləri", "Eldən elə - dildən dilə", "Sükutun səsi" və s. kitabları oxucuların ixtiyarına verilib.

    Yaradıcılığının əsasında dayanan yeni fikir, yeni ahəng uğrunda apardığı mübarizə diqqəti cəlb edir. Bu, o deməkdir ki, onun yaradıcılığında ənənə və novatorluq ayrıca çalarlar ilə üzə çıxır. Fikrət Qoca şeirləri heca vəznində yaratsa da, onun sərbəst düşüncələrində qafiyə axtarışı kənarda qalır. Bu keyfiyyətlər yaradıcılığında təbii və səmimi şəkildə üzə çıxdığı üçün diqqətəlayiqdir.

    Xalq şairi Fikrət Qoca 2021-ci il mayın 5-də, 85 yaşında vəfat edib və Fəxri xiyabanda dəfn olunub.

  • Məktəbli “Mehtəran” birliyinin ifası Malazgirt zəfəri mərasimində böyük təntənə yaradıb

    Türkiyədə Malazgirt zəfərinin 950-ci ildönümü münasibətilə müəyyən olunmuş yubiley mərasimlərinin rəngarəng proqramları çərçivəsində Ergezen Orta Məktəbinin şagirdlərdən ibarət “Mehtəran” birliyinin “Mehtər marşı” ifası böyük təntənə yaradıb.

    AZƏRTAC xəbər verir ki, Bitlisin Ahlat rayonunda fəaliyyət göstərən Azərbaycan mədəniyyətini tanıtma çadırının yaxınlığında təşkil olunan ifa rayon rəhbərliyinin iştirakı ilə izlənilib və hərarətli alqışlarla qarşılanıb.

    Xatırladaq ki, bu məkanda Azərbaycan mədəniyyətini tanıtma çadırı fəaliyyətini davam etdirir. Naxçıvan Dövlət Filarmoniyasının “Şuşa” muğam qrupu avqustun 25-də də əsrarəngiz ifası ilə yubiley mərasimlərinin əzəmətinə töhfə verəcək.

  • Malazgirt zəfərinin 950-ci ildönümü münasibətilə Ahlat rayonunda möhtəşəm bayraq yürüşü keçirilib

    Türkiyədə Malazgirt zəfərinin 950-ci ildönümü münasibətilə müəyyən olunmuş təntənəli yubiley mərasimləri rəngarəng proqramlarla davam edir.

    AZƏRTAC xəbər verir ki, Bitlis rayonunun Ahlat rayonunda avqustun 24-də təşkil olunan proqramlardan sonra 150 metr uzunluğunda Türkiyənin dövlət bayrağı ilə yürüş təşkil olunub.

    Türkiyə bayrağını çiyinlərində daşıyan izdiham rayonun mərkəzi ilə hərəkət edib.

    Yerli ictimaiyyət tərəfindən izdihamla qarşılanan yürüşdə Bitlis valisi Oktay Çağatay, Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Vedat Dəmiröz, AKP Bitlis millət vəkili Cemal Taşar, Ahlat rayon bələdiyyəsinin sədri Abdülalim Mümtaz Çoban və digər rəsmi şəxslər dövlət bayrağını çiyinlərində daşıyan aksiyaçılarla birlikdə irəlidə yüyürüblər.

    Bayraq yürüşü “Mehtəran” birliyinin “Mehtər marşı”nın sədaları altında həyata keçirilib.

    Xatırladaq ki, bu gün Malazgirt zəfərinin 950-ci ildönümü münasibətilə müəyyən olunmuş təntənəli yubiley mərasimləri başa çatacaq.

    Ahlat rayonunda tədbirlər çərçivəsində Azərbaycan mədəniyyətini tanıtma çadırı fəaliyyətini davam etdirəcək. Naxçıvan Dövlət Filarmoniyasının “Şuşa” muğam qrupu yenə də möhtəşəm ifası ilə Azərbaycan çadırının qurulduğu məkanda musiqisevərlərin könlünü oxşayacaq.

  • Turnerin rəsm əsəri təxminən 200 il sonra ilk dəfə sərgilənəcək

    Rəssam Turnerin “Malmesbury Abbey” əsəri Birləşmiş Krallığın Milli Piyanqo İrsi Fondunun qrantı hesabına alınıb.

    AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, əsər, insanların kiçik muzeylərə marağını artırmaq üçün İngiltərənin şəhərlərinin birində sərgilənəcək. İngiltərədə sərgilənən digər əşyalar arasında digər qədim tablolar da var.

    Romantizmin ən önəmli simalarından sayılan Joseph Mallord Villiam Turner 1775-ci il aprel 23-də Londonda anadan olub. Kiçik yaşlarından sənətə maraq göstərən Turner on dörd yaşında rəssam olmağa qərar verib. Bu məqsədlə İncəsənət Akademiyasına daxil olub. O, 76 yaşında 1851-ci ildə İngiltərədə vəfat edib.

  • “YARAT”da açılan "XX əsrin son çiçəkləri: Y nəsli" adlı sərgi davam edir

    “YARAT” Müasir İncəsənət Mərkəzində açılan və Azərbaycan, Gürcüstan, İsrail və Ukraynadan olan gənc perspektivli rəssamların yeni qrup sərgisi ziyarətçilər üçün fəaliyyətini davam etdirir.

    AZƏRTAC xəbər verir ki, "XX əsrin son çiçəkləri: Y nəsli" adlanan bu sərgi, millenialların şəxsiyyətini əsas mövzular, suallar və problemlər vasitəsilə araşdırır.

    "Y nəsli" və ya "milleniallar" – XX əsrdə doğulmuş, lakin yeni minillikdə böyümüş insanlardır. Onları əvvəlki və sonrakı nəsillərdən fərqli olan insanlar kimi dəyərləndirirlər ki, bu da həmin nəslin unikallığını vurğulayır. Ötən əsrin "son çiçəkləri" sayılan bu nəsil, mövcud reallığı şəxsi reallıqları vasitəsilə qurublar.

    Sərgi başlıca diqqəti sosial qavrayışın müxtəlif səviyyələri vasitəsilə özünüidentifikasiya və özünüifadə üsullarına cəlb edir. Sərgi sovet keçmişinə istinad edən reallığı əks etdirməklə rəssamların gənclik təcrübəsini ifadə edir. Statik və ya dinamik, durğun və ya mütərəqqi – burada insanların həyatı necə qavraması ilə bağlı müxtəlif təsvirlər var. Yaddaş və nostaljiyə qərq olan əsərlər, sözügedən nəslin formalaşmasında həlledici amil kimi çıxış edən sosial mühiti tədqiq edir. Əsərlər mədəniyyət, submədəniyyət və tendensiyalar kimi anlayışlara nəzər salaraq, həyat tərzi və davranışla bağlı əsas ahəngləri ortaya qoyur.

    "XX əsrin son çiçəkləri: Y nəsli" 6 gənc rəssamın video, fotoqrafiya və fotoinstalyasiyalarını bir araya gətirir. Alina Orlov (Israil), Giorgi Rodionov (Gürcüstan), Zamir Süleymanov (Azərbaycan), Yarema Malaşçuk və Roman Himey (Ukrayna), həmçinin Saşa Kurmazın (Ukrayna) seçilmiş əsərləri, eyni zaman kəsiyində yaşayan və müxtəlif ölkələrdən olan gənclərin fərqli reallıqlarını, dəyərlərini və qavrayışlarını nümayiş etdirir.

    Dekabrın 30-dək açıq qalacaq sərginin kuratoru Fərəh Ələkbərlidir.

  • Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi "Avropa nağılları" layihəsini təqdim edir

    Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi "Avropa nağılları" sosial layihəsi çərçivəsində Aİ-nin 27 üzv dövlətinin nağıl və əfsanələrini Azərbaycan dilinə tərcümə edib.

    Aİ-nin Azərbaycan Nümayəndələyindən AZƏRTAC-a bildirilib ki, rəngarəng kitab formasında nəşr olunan nağıllar toplusu, ölkənin müxtəlif uşaq evlərində, sığınacaqlarında və uşaq kitabxanalarında olan uşaqlar arasında paylanacaq.

    Bu kitab Azərbaycandakı uşaqlara Avropanın müxtəlif xalqları haqqında məlumat əldə etməyə, köklərini və ənənələrini və Avropa dəyərlərini kəşf etməyə kömək edəcək. Saysız-hesabsız müharibələrdən alovlanan bugünkü Avropa sülhə can atır. Bu sülh bir-birini başa düşməkdən, fərqlərə hörmət etməkdən, oxşarlıqlar tapmaqdan və əməkdaşlığı inkişaf etdirməkdən başlayır. Qoy bu kitab parlaq və dinc gələcəyə doğru nəcib bir yolda kömək olsun.

    Daha geniş ictimaiyyəti Avropa nağıllarının sehrli dünyası ilə tanış etmək üçün, çap versiyası ilə yanaşı, Aİ Nümayəndəliyi quruma üzv dövlətlərin səfirləri ilə birlikdə, səfirliklərin digər əməkdaşları tərəfindən danışılan nağılların videoversiyalarını hazırlayıb ki, onlar peşəkar aktyorlar tərəfindən Azərbaycan dilində dublyaj edilib. Videonağıllar avqustun 25-dən etibarən nümayəndəliyin https://www.facebook.com/EUDelegationtoAzerbaijan/  facebook  səhifəsində hər gün yayımlanacaq.

    Kitabın Azərbaycan dilində elektron versiyası Aİ Nümayəndəliyinin internet səhifəsində mövcuddur.