Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • “The Rolling Stones” qrupunun zərbçisi vəfat edib

    Tanınmış “The Rolling Stones” qrupunun zərbçisi Çarli Uotts ömrünün 81-ci ilində vəfat edib.

    AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə ifaçının yaxını özünün Tvitter səhifəsində yazıb.

    Qeyd olunub ki, ifaçı London xəstəxanalarından birində, ailəsi yanındaykən rəhmətə gedib.

    Məlum olub ki, Çarli Uotts yaxınlarda cərrahiyyə əməliyyatı keçirdiyi üçün ABŞ-dakı qastrol səfərinə çıxa bilməyib. Əməliyyat zamanı ifaçının hansı prosedurdan keçdiyi və bunun səbəbinin nə olduğu açıqlanmır.

  • Reza Deqati Füzuli Beynəlxalq Hava Limanı ilə bağlı fotolarını paylaşıb

    Dünya şöhrətli fotojurnalist Reza Deqati Füzuli Beynəlxalq Hava Limanında görülən işlərlə bağlı çəkdiyi fotoları instaqram səhifəsində paylaşıb.

    AZƏRTAC xəbər verir ki, Reza Deqati paylaşımında yazıb: “2020-ci ilin oktyabrından bu günə qədər, 1992-ci ildən bəri Qarabağın işğalı dövründə baş verən dağıntıların fotoşəkillərini çəkirəm. Amma hələ yarısını belə çəkə bilməmişəm. Bu arada, demək olar ki, dərhal başlanan yenidənqurma işləri və yeni planlar bölgənin parlaq gələcəyini göstərir.

    Əsas maneə, erməni qüvvələri tərəfindən qoyulan milyonlarla minalardır ki, hətta üçtərəfli müqaviləni imzaladıqdan sonra da Ermənistan hökuməti bütün beynəlxalq qanunlara zidd olaraq mülki insanların ölümünə səbəb olan və yenidənqurma işlərini gecikdirməyə gətirib çıxaran mina xəritələrini verməkdən imtina edir.

    Ancaq davam edən işlər burada həqiqətən də möcüzədir və heç yerdə Füzuli hava limanı kimi, bir neçə ay ərzində tikilmir.

    Buraya İlk təyyarə sentyabrın 5-də enəcək! Daha çox “Qarabağ İntibahı” hekayələri üçün səhifəni izləməyə davam edin”.

  • Bölgələrdəki rəssamlarla əməkdaşlıq əlaqələri genişləndirilir

    Bölgələrdə yaşayıb-yaradan rəssamlarla əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə reallaşan yeni layihə davam edir.

    Qalereyadan AZƏRTAC-a bildirilib ki, layihənin əsas məqsədi bölgələrdə yaşayıb-yaradan rəssamların əlaqələr şəbəkəsini inkişaf etdirmək, şöhrət və nüfuz qazanacaqları əhatəni daha da genişləndirməkdən ibarətdir. Bununla da rəssamlar mədəniyyət müəssisələri (qalereyalar, muzeylər və s.) ilə əlaqələrini sıxlaşdıracaq və regionlarda rəssamlıq işinin keyfiyyətini artıra biləcəklər. Bəzən rəssamlar yaradıcılıq fəaliyyətinin nəticələrini (başqa sözlə əsərlərini), bədii fikir və axtarışlarını, konsepsiyalarını özlərində saxlamaqla kifayətlənir, geniş ictimaiyyətin bununla tanış ola bilməsi üçün zəruri addımları ata bilmirlər. Əgər bu fəaliyyətin tərkibinə əməkdaşlıq elementi daxil edilərsə, o zaman rəssamlar birgə işin, dərin təhlilin üstünlükləri ilə tanış olacaqlar. Həmçinin öz yaradıcılıq mühitinin müsbətə doğru dəyişilməsi üçün təsir imkanlarına malik olacaqlar.

  • Malazgirt zəfərinin qeyd olunduğu məkanda Azərbaycan mədəniyyətini təbliğ edən çadır fəaliyyət göstərir

    Türkiyədə Malazgirt zəfərinin 950-ci ildönümü münasibətilə müəyyən olunmuş təntənəli yubiley tədbirlərinin Bitlis vilayətinin Ahlat rayonu ərazisində nəzərdə tutulan hissəsinə start verilib. Bu məkanda Azərbaycan mədəniyyətini tanıtmaq üçün nəzərdə tutulan çadır qurulub.

    AZƏRTAC xəbər verir ki, zəfər münasibətilə keçirilən rəsmi açılışdan sonra “Mehtəran” birliyinin “Mehtər marşı”nın ifası olub.

    Sonra zəfərlə əlaqədar qurulan çadırlara və digər bölmələrə baxış olub.

    Malazgirt zəfərinin 950-ci ildönümü münasibəti ilə Ahlat rayonunun Çarho bölgəsində də 150 min kvadratmetr ərazidə milli park və 120 kvadrat metr sahədə “1071 Sultan Alparslan otağı” ilə 50 çadır qurulub.

    Avqustun 24-də isə rəşadətli zəfər münasibəti ilə Malazgirt bölgəsində açılış mərasimi keçiriləcək.

    Qeyd edək ki, Malazgirt döyüşləri 1071-ci il avqustunda baş verib. Bu savaşda Səlcuqlar və Bizans ordusu üz-üzə gəlib və döyüşdə Səlcuqlar rəşadətli qələbə çalıblar. Böyük Səlcuk hökümdarı Alp Arslan ilə Bizans İmperatoru Romen Diyojen arasında gedən müharibənin avqustun 26-da cəlcuqlu igidlərin Zəfəri ilə başa çatması Anadolunun qapılarını əbədi olaraq türklərə açıb. Bu zəfər sayəsində Səlcuqlarla Bizans arasında 50 illik müqavilə imzalanıb və beləliklə də Şərqi Anadolu torpaqları türklərə təslim edilib. Bəzi mənbələrdə göstərilir ki, bu qələbə münasibətlə Bağdad xəlifəsi Alp Arslanı təbrik edərək onu "İslamın nuru" adlandırıb.

  • Malazgirt zəfərinin 950-ci ildönümü möhtəşəm təşkil olunub

    Türkiyədə Malazgirt zəfərinin 950-ci ildönümü münasibətilə müəyyən olunmuş təntənəli yubiley tədbirləri möhtəşəm şəkildə təşkil olunub. Azərbaycan mədəniyyətini tanıtmaq üçün nəzərdə tutulan çadır Ahlat rayonu ərazisində mərasimlərin keçirildiyi ən cəlbedici məkandadır. Bu gün Azərbaycan çadırının da daxil olduğu bölmənin təqdimatı olacaq.

    AZƏRTAC xəbər verir ki, Bitlis vilayətinin Ahlat rayonu ərazisində təşkil olunan yubiley mərasimi müxtəlif bölmələrdən ibrətdir. Ayrı-ayrı ölkələrlə yanaşı, Türkiyənin əksər bölgələri burada müxtəlif formalarda təmsil olunurlar. Türkiyən tarixi, müasir həyatı, inkişaf istiqamətləri bu məkanda əzmlə təbliğ olunur.

    Böyük Səlcuk hökümdarı Alp Arslan böyük portreti mərasim məkanına xüsusi əzəmət verir.

    Qeyd edək ki, Malazgirt zəfərinin 950-ci ildönümü münasibətilə Ahlat rayonunun Çarho bölgəsində də 150 min kvadratmetr ərazidə milli park və 120 kvadratmetr sahədə “1071 Sultan Alparslan otağı” ilə 50 çadır qurulub. Artıq bu məkan fəaliyyət göstərir.

    Avqustun 24-də rəşadətli zəfər münasibətilə Malazgirt bölgəsində açılış mərasimi keçiriləcək.

    Tarixdən məlum olduğu kimi Malazgirt döyüşləri 1071-ci il avqustunda baş verib. Bu savaşda Səlcuqlar və Bizans ordusu üz-üzə gəlib və döyüşdə Səlcuqlar rəşadətli qələbə çalıblar. Böyük Səlcuk hökümdarı Alp Arslan ilə Bizans İmperatoru Romen Diyojen arasında gedən müharibənin avqustun 26-da cəlcuqlu igidlərin Zəfəri ilə başa çatması Anadolunun qapılarını əbədi olaraq türklərə açıb. Bu zəfər sayəsində Səlcuqlarla Bizans arasında 50 illik müqavilə imzalanıb və beləliklə də Şərqi Anadolu torpaqları türklərə təslim edilib. Bəzi mənbələrdə göstərilir ki, bu qələbə münasibətlə Bağdad xəlifəsi Alp Arslanı təbrik edərək onu “İslamın nuru” adlandırıb.

    Xatırladaq ki, avqustun 26-dək davam edəcək tədbirlərdə Azərbaycan mədəniyyətini tanıtma çadırı da ziyarətçilərin və tədbir iştirakçılarının xidmətində olacaq. Tədbir çərçivəsində pərvaz, uşaq oyunları, oxçular, atlı oxçular, dəri sənəti və s. bölmələr fəaliyyət göstərəcək.

  • “Ən dadlı doğum günü şirniyyatı” müsabiqəsinə başlanılıb

    Feysbukun Azərbaycanda fəaliyyət göstərən ən qocaman qruplarından olunan “Азербайджанская Кухня и не только” artıq 10 ildir maraqlı reseptlər, bir-birindən orijinal müsabiqələr, yarışmalar təşkil edir, faydalı rubrikalar ilə qrup iştirakçılarını daima kulinariyaya aid yeni məlumatlar verir.

    AZƏRTAC xəbər verir ki, qrupun 10 illik yubiley ilə əlaqədar “Ən dadlı doğum günü şirniyyatı” adlı müsabiqəyə start verilib.

    Müsabiqələrə kişilər və uşaqlar da cəlb olunurlar. Kişilər üçün növbəti dəfə “Beynəlxalq atalar günü”nə həsr olunmuş “Kişilər bişirir”, uşaqlar üçün isə “Dünya uşaqlarının müdafiəsi günü”nə “4 yemək” uşaq kulinariya müsabiqəsi keçirilib. Uşaqlar bir ay ərzində səhər, günorta və axşam yeməkləri və hətta şirniyyatların hazırlanmasında bacarıqlarını inkişaf etdirərək böyük təcrübə toplayıblar.

    Nəzərinizə çatdıraq ki, hazırda qrupda hər kəsin böyük marağına səbəb olan “Kişilər bişirir”, ay ərzində fəal iştirakçılara hədiyyələr qazandıran “Ayın ən aktiv iştirakçısı”, “Tasty tales” (Dadlı söhbətlər), “Кулинарный всезнайка” (Kulinariya haqqında hər şeyi bilən), “Maraqlı faktlar”, “Diqqətinizə” və s. kimi kulinariyaya aid maraqlı və faydalı rubrikalar da fəaliyyət göstərir.

    Bu günə qədər qrupda 3 ay davam edən və toyuq ətindən yeməklər hazırlanması şərt olan “Dad yarat”, tərkibində süd məhsullarının istifadəsi mütləq olan “Qaymaqlı dadlar”, Azərbaycanın tanınmış simalarının hazırladığı, qrup iştirakçılarının isə təkrarlamalı olduğu maraqlı “Ulduzu təkrarla” müsabiqəsi təşkil olunub. Bunların arasında 6 ay davam edən və qrup iştirakçılarına virtual olaraq bütün dünyanı gəzməyə imkan verən “Dünyanın dadı” müsabiqəsi xüsusi vurğulanıb. Belə ki, müsabiqə sayəsində iştirakçılar minlərlə yeni reseptlərə sahib olublar.

    “Qrup yarandığı gündən pozitiv və xoş ab-hava yaratmağa nail olub və bunu illərdir qoruyub saxlayır. Qrupumuzda dünyanın hər bir yerindən iştirakçı var. Onlara həm Azərbaycan mətbəximizi tanıdırıq, həm də özümüz dünya mətbəxini birlikdə kəşf edirik. Məhz buna görə qrupun üzərində böyük məsuliyyət var. Hər bir paylaşım, link, şərh bizim üçün çox vacibdir. Qrupun reputasiyası mənim üçün birinci yerdədir. Ailəmizə kimin qəbul olunması bizim üçün çox önəmlidir, ona görə də namizədlər ciddi feys kontroldan keçirlər. Fəxrlə demək istəyirəm ki, qrupda təşkil olunan hər bir müsabiqə müəllif ideyalara əsaslanır və hər bir detalına qədər düşünülür. Nəticədə həm iştirakçılar, həm də təşkilatçılar razı qalırlar. Hazırda da hamınızı bizim müsabiqəmizdə iştirak etməyə dəvət edirəm, çox gözəl hədiyyələrimiz var”, - deyə qrupun admini, səs aktyoru Kübra Kərimli vurğulayıb.

    Xatırladaq ki, “Азербайджанская Кухня и не только” qrupu 2011-ci ildən fəaliyyət göstərir və qrupun 26000 üzvü var və bu rəqəm günü-gündən artır.

    Müsabiqəyə qoşulmaq üçün feysbuk “Азербайджанская Кухня и не только” qrupuna üzv olmaq lazımdır. “Ən dadlı doğum günü şirniyyatı” müsabiqəsinin şərtləri haqqında ətraflı məlumat qrupda paylaşılıb. İştirak etmək üçün son gün avqustun 31-dir.

  • “Aerosmith” bütün hüquqlarını “Universal Music Group” səsyazma korporasiyasına ötürüb

    Amerikanın “Aerosmith” rok qrupu diskoqrafiyası və audiovizual layihələrinin bütün hüquqlarını “Universal Music Group” səsyazma korporasiyasına ötürmək üçün müqavilə imzalayıb.

    AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə “Variety” nəşri məlumat yayıb.

    Məlumatda qeyd olunub ki, qrupun gələcək musiqi layihələri, “Aerosmith” tarixinə həsr olunmuş yeni filmlərin, televiziya şoularının və digər audiovizual materialların hazırlanması, istehsalı və yayılması bundan sonra “Universal Music Group”un bazası əsasında aparılacaq.

    “Bu, musiqimizi əvvəllər heç vaxt bacarmadığımız bir şəkildə azarkeşlərə çatdırmağa imkan verəcək. Uzun müddətdir xəyal etdiyimiz budur. Bu, “Aerosmith”, “Universal Music Group” və nəticədə azarkeşlərimiz üçün bir qələbədir”, - deyə qrupun, gitaraçısı və təsisçilərindən olan Co Perri bildirib.

    “Aerosmith” 1970-ci ildə Stiven Tallariko, Co Perri və Tom Hamilton tərəfindən yaradılıb, sonradan onlara gitaraçı Bred Uitford və zərbçi Co Kramer qoşulub. 1973-cü ildə rokerlər eyniadlı ilk albomunu buraxıblar. 50 illik fəaliyyəti nəticəsində qrupun 150 milyon tirajla 15 albomu işıq üzü görüb. Sonuncu “Music from Another Dimension!” adlı disk 2012-ci ildə çıxıb. “Aerosmith” dördqat “Grammy” mükafatı qazanıb. “Aerosmith” hard rok, ağır metal, pop musiqi və blyuz elementlərini birləşdirərək müxtəlif musiqi istiqamətlərinin inkişafına güclü təsir göstərib. 2001-ci ildə qrup “Rock and roll şöhrət zalı”na daxil edilib və “Rolling Stone” jurnalı və VH1 onları bütün zamanların 100 ən böyük sənətçisi siyahısına salıb.

  • Marvel “Hörümçək adam: Geriyə yol yoxdur” filminin rəsmi treylerini buraxıb

    Marvel “Hörümçək adam: Geriyə yol yoxdur” filminin rəsmi treylerini buraxıb.

    AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, internet məkanında treylerin pirat versiyası çıxdığı üçün kinostudiya onu vaxtından tez nümayiş etdirib.

    Filmin rejissoru Con Uots olub. Yeni “Hörümçək adamda” rolları Tom Holland, Zendeya, Marisa Tomey, Benedikt Kamberbetç, C.K.Simons, Enqauri Rays və başqaları ifa edib.

    Filmin premyerası dekabrın 16-na nəzərdə tutulub.

  • “Doğma torpaq” bədii filminin ikinci hissəsinin çəkilişlərinə hazırlıq gedir

    “Narimanfilm” kinostudiyası “Doğma torpaq” bədii filminin ikinci hissəsinin çəkilişlərinin hazırlıq dövrünə başlayıb.

    Kinostudiyadan AZƏRTAC-a bildirilib ki, filmin ssenari müəllifi və quruluşçu rejissoru İlqar Safat, quruluşçu operatoru Mindia Esadze, prodüseri Nəriman Məmmədovdur. Film Azərbaycanın ən yeni tarixinin - azərbaycanlıların Qafandan qovulması, Xocalı soyqırımı və işğal olunmuş Qarabağ torpaqlarının azad olunması kimi üç mühüm hadisədən bəhs edir.

    "Doğma torpaq" filminin çəkilişlərində aktyorlar Rüstəm Cəbrayılov, Alina Vorontsova, Hacı İsmayılov, Orxan Abbasov, Azər Aydəmir, Rəşad Səfərov, Qorqud Cəfər, Əminə Abbasova və başqaları iştirak edirlər.

    Qeyd etməliyik ki, bu layihə Mədəniyyət Nazirliyi, Heydər Əliyev Fondu, “PAŞA Holding”, həmçinin, “Gazelli Group”, İTV, “Caspian Marine Services”, “Azmade”, “Azersun” şirkətlərinin dəstəyi ilə həyata keçirilir.

  • Kitabxana Nazim Əliverdibəyovun 95 illiyi münasibətilə virtual sərgi hazırlayıb

    Üzeyir Hacıbəylinin “Əsli və Kərəm”, “Leyli və Məcnun” operalarını yenidən orkestrləşdirmiş, eyni zamanda bir sıra xalq mahnılarını işləmiş və maraqlı əsərlər yazmış Nazim Əliverdibəyovun bu il anadan olmasının 95 illiyi qeyd olunur.

    Azərbaycan mədəniyyət, incəsənət tarixində əlamətdar günlər kimi qeyd edilən tarixlərə həmişə həssaslıqla yanaşan Respublika Gənclər Kitabxanası görkəmli bəstəkar və pedaqoq Nazim Əliverdibəyovun 95 illik yubileyi münasibətilə onun həyat və yaradıcılıq yoluna həsr edilmiş virtual sərgi hazırlayıb.

    Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə bəstəkarın həyat və yaradıcılığı haqqında geniş məlumat verilir, burada Nazim Əliverdibəyovun müəllifi olduğu əsərlərin, musiqisinin istifadə olunduğu filmlərin siyahısı təqdim edilir. Virtual sərgidə bəstəkarın layiq görüldüyü mükafatlar, müəllifi olduğu 10-dan çox kitabın annotasiyası verilib. Hazırlanan materialda həmçinin, “Əliverdibəyovlar” soyu haqqında məlumat verilib, bu soyun görkəmli nümayəndələrinin adı qeyd edilib. Bundan əlavə, virtual sərgidə izləyicilər üçün maraqlı ola biləcək digər məlumatlar da yer alıb.

    Nazim Əliverdibəyovun 95 illik yubileyi münasibətilə hazırlanan virtual sərgi kitabxananın instaqram səhifəsində yerləşdirilib.