Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • “Özünü kəşf et” adlı ustad dərsləri davam edir

    Azərbaycan Rəngkarlıq Muzeyində rəssamlığa həvəsi olan 16 yaşdan yuxarı gənclər üçün nəzərdə tutulmuş “Özünü kəşf et” adlı ustad dərsləri davam edir.

    AZƏRTAC xəbər verir ki, sonuncu dərs avqustun 25-də Eliyar Əlimirzoyevin rəhbərliyi ilə “Rəssamın gözü” mövzusuna həsr olunacaq.

    Qeyd edək ki, təcrübəsindən asılı olmayaraq hər kəs dərslərdə iştirak edə bilər. Bütün ləvazimatlar muzey tərəfindən qarşılanır.

    Yerlər məhdud olduğundan qeydiyyatdan keçmək zəruridir.

    Dərslər ödənişsizdir.

  • Azərbaycan kinosunun Şahmarı

    Bu gün Xalq artisti Şahmar Ələkbərovun doğum günüdür

    Həmişə eşitmişəm ki, sənətkarların yaşadığı ömür heç vaxt bir-birinə bənzəməyib, özünəməxsus olub. Onların keçib-getdiyi yollar, döngələr, eniş- yoxuşlar yaşadıqları illərə öz naxışını vurub. Kimisində rənglər solğun, ya parlaq, kimisində tünd, yaxud açıq olub, hansısa rəngin çalarları daha qabarıq görünüb. Bunlar özünəxas keyfiyyətlərin, ştrixlərin məcmusu timsalında yaddaşlara həkk olunub. Kino yaradıcılığında da belədir: ssenarist, rejissor, eləcə də aktyor tanrının ona lütf etdiyi istedadı özünün zəhməti, bacarığı ilə üzə çıxarır, əks etdirir. Bu mənada sənətdə özünün parlaq obrazını yaradan Azərbaycanın Xalq artisti Şahmar Zülfüqar oğlu Ələkbərovun da sənət taleyi cazibədar olub.

    Bu fikirlər yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru Şəfəq Nasirin Azərbaycanın Xalq artisti Şahmar Ələkbərova həsr etdiyi “Azərbaycan kinosunun Şahmarı” məqaləsində yer alıb. Yazını oxuculara təqdim edirik.

    Onun yaradıcılıqda yaşadığı ömür 70 deyil, 60 deyil, 50, 40, heç 30 da deyil, cəmi 20 il oldu. Amma bu iki onillikdə Şahmarın sənətkarlığı yaradıcılığın üç qanadında özünü təsdiq edə, sevdirə bildi: aktyor, ssenarist, rejissor. Bu sahələrin hər birində Şahmar Ələkbərovun kinoşünaslar, tamaşaçı auditoriyası tərəfindən böyük sevgi, rəğbətlə qarşıladığı bənzərsiz işləri, məhsulları vardı. Bir insanın xarakterini, yaradıcılıq potensialını, imkanlarını, peşəkarlığını göstərə bilən ədəbi məhsullar!

    Yarım əsrə sığan ömrün yaradıcılıqla bağlı 20 ili rəngarəng sənət inciləri ilə o qədər zəngin olub ki, o, aktyor olaraq müxtəlif xarakterə, yaradıcılıq diapozonuna malik rejissorlarla işləyib, hər biri ilə çalışmalarında özünü maraqlı, canlı və təbii rollarda təsdiq edib.

    Şahmar Ələkbərov 1964-cü ildə Azərbaycan İncəsənət İnstitutunu bitirib. Teatr İnstitutunun aktyorluq fakültəsində isə görkəmli sənətkar Rza Təhmasibdən dərs alıb. Elə ilk vaxtlardan istedadı, bacarığı ilə ustad sənətkarların diqqətini cəlb edib. Görkəmli rejissor Adil İsgəndərov onu kinostudiyanın nəzdində özünün yaratdığı “Kino aktyorluğu” studiyasına dəvət edib. Hələ III kursdan Şahmar Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında işə qəbul olunur və böyük həvəslə, inamla özünü yetişdirməyə başlayır.

    “Azərbaycanfilm” kinostudiyasında aktyor, rejissor kimi fəaliyyət göstərən Şahmar teleradio sahəsində də özünü göstərə bilib. Bir çox proqramların aparıcısı olub. Televiziya tamaşalarında gözəl, bənzərsiz rollar yaradıb. Hətta bir çox filmlərin dublyajında iştirak edib. Onun çəkildiyi filmləri xatırlayanda gözümüzün önündə Şahmarın kinoya gətirdiyi yeni obrazlar canlanır. “Qızılqaz” (Rizvan), “Mən ki gözəl deyildim” (Məzahir), “Yeddi oğul istərəm” (Qəzənfər), “Axırıncı aşırım” (İmran), “Həyat bizi sınayır” (Arif), “Bizim küçənin oğlanları” (oğlanlardan biri), “Bakıda küləklər əsir” (Azad), “Qatır Məmməd” (Qatır Məmməd), “Firəngiz” (Feyzi), “Arxadan vurulan zərbə” (Gündüz Kərimli), “Gözlə məni” (Tahir), “Atları yəhərləyin” (İbrahim) və digər filmlərdə Şahmar Ələkbərov qəribə bir ifa tərzi, peşəkar oyunu ilə yaratdığı rollarına özünün möhürünü vurur. Bu filmlər yaradıcılıq karyerasında parlaq ştrixlərlə yadda qalıb.

    Onun ümdə arzularından biri də daxili potensialının, yaradıcılıq imkanlarının gücü ilə rejissor işinə başlamaq, sərbəst filmlər çəkmək idi. Az keçmir ki, bu arzusuna da çatır. Belə ki, o, rejissor kimi Gülbəniz Əzimzadə ilə “İmtahan” filmini çəkir və yaradıcı qrup işinin öhdəsindən bacarıqla gəldiyindən film tamaşaçı auditoriyası tərəfindən böyük rəğbətlə qarşılanır. Bundan sonra o, “Sahilsiz gecə”ni çəkir. Lakin bu film cəmiyyətdə birmənalı qarşılanmır, ətrafında böyük mübahisələr yaranır. Buna səbəb isə müharibə dövründə qadınlarımızın yaşam tərzində görünən acı məqamlar olmuşdur. İctimai motivlərə üstünlük verilən bu filmdə etiraz doğuran səhnələr qabarıq şəkildə yer almışdır. Eh, müharibə insanlara hansı çətinlik və acıları yaşatmamışdı! Təbii ki, bunlar qadınlarımızın da həyatına təsirsiz ötüşməmişdi. Onların arasında acından ölməmək, yaşamaq naminə pis yollara düşənlər də olurdu. Bu ştrixlərin filimdə öz əksini tapması qadınlar arasında böyük qalmaqal yaratmışdır. Elə bu səbəbdən də “Sahilsiz gecə” cəmi bir neçə dəfə nümayiş olunduqdan sonra ekranlardan çıxarıldı.

    Bu barədə filmə çəkilən aktyorlardan Tariyel Qasımov, Nuriyyə Əhmədova, Mehriban Xanlarova bəzi məqamlara, onun ekran nümayişindən sonra yaratdığı tamaşaçı təşvişlərinə bir növ aydınlıq gətirmiş, öz xatirə-təəssüratlarını açıqlamışlar.

    “Sahilsiz gecə” filminin çəkilişlərində Şahmar Ələkbərov amansız xəstəliklə, dil xərçəngi ilə çarpışırdı. Taleyin ona yaşatdığı xəstəliyin şiddətli vaxtlarında belə, dincəlmədən, nəfəs dərmədən ağrılarına tablaşaraq böyük səylə işləyirdi. Elə bil ömrün ona vəfa etməyəcəyini, arzularının gözündə qalacağını duymuşdu. Məhz buna görə də işini böyük səylə, sevgilə, uğurla başa çatdırmışdı.

    Çənə sümüyündə cərrahiyyə əməliyyatının aparılmasından ötrü onu Almaniyaya aparırlar. Az müddətdə səhhətində yaxşılaşma hiss edən Şahmar Ələkbərov özünün ssenarisi əsasında Əliağa Vahid haqqında sərbəst film çəkmək arzusunu həyata keçirir. 1990-cı ildə “Qəzəlxan” filmi üzərində işlər gedir. Burda şairin yaşadığı ədəbi mühit, Azərbaycan kəndlərinin adət-ənənələri bütün gerçəkliyi ilə öz əksini tapmışdır. O, xəstə olmasına baxmayaraq, işini böyük məsuliyyətlə apardığından film 1991-ci ildə ekranlara vəsiqə aldı. Heyf ki, Şahmar Ələkbərov ikihissəli “Qəzəlxan” filminin ekran nümayişinin doğurduğu əks-sədanın, onun xoş təəssüratlarının sevincini yaşaya bilmədi. Yaradıcılıqda üç sahənin mahir bilicisi 1992-ci ildə ağır sürən xəstəlikdən sonra dünyasını dəyişdi. Bu, ömrün elə bir çağı idi ki, sənətdə qazandığı təcrübə, mükəmməllik onun qarşısında yeni üfüqlər açmışdı. O, aktyor, rejissor, ssenarist kimi nə qədər filmlərə əbədiyaşarlıq verəcəkdi. Yeni yaradıcılıq amplualarında görünməsi ona çox sayda uğurlar gətirəcək, zəhmət və istedadının bəhrəsi olan tamaşaçı məhəbbəti qazandıracaqdı. Şahmar Ələkbərov məşhur Bakı milyonçusu Ağa Musa Nağıyevə həsr etdiyi mükəmməl bir ssenarini də başa çatdırmışdı. Onu da ekranlaşdırmaq arzusunda idi. Amma Şahmarın bu arzusu da ürəyində qaldı. Nə yaxşı ki, rejissor Rövşən Almuradlı 1995-ci ildə bu filmi ərsəyə gətirdi.

    Doğmaları, dostları xatırlayır ki, Şahmar çox səmimi, qayğıkeş, həlim xasiyyətli bir insan idi. Onunla bir dəfə görüşüb söhbətləşən, dərdləşən insan yeni görüşə can atardı. Həmsöhbətləri onun yaradıcı mükalimələrindən doymaz, həyat hadisələrinə xarakterik yanaşmaları haqqında fikrlərini aludəliklə dinləyərdilər. Həyatda hansı keyfiyyətlərə malik idisə (humanizm, insansevərlik, qayğıkeşlik), bunları rollarının təbiətində də yarada bilirdi. Çünki bu keyfiyyətlər onunla birgə doğulmuşdu. Bu səbəbdən də Azərbaycan kino salnaməsinin 20 ilindən Şahmar Ələkbərovun adı qırmızı xətlə keçir...

    Görkəmli sənətkarın az müddətdə böyük yaradıcılıq zəhməti ona bir sıra mükafatlar qazandırmışdır. Azərbaycan SSR Əməkdar artisti (1976), Azərbaycan SSR xalq artisti (1989), Azərbaycan SSR dövlət mükafatı, ən yaxşı bədii filmə görə mükafat (1991) onun layiq olduğu halal haqqı idi.

    Sözardı: Gələn qalmaz, gedən dönməz... Bu, Tanrının bəşər övladının alnına yazdığı qanundur. Amma həyatda əsl insan kimi yaşamaq, zəhməti, istedadı, bacarığı sayəsində əbədiyaşarlıq qazanmaq hər kəsin özünə məxsusdur. Bu özünəməxsusluğu ikinci həyatında yaşayanlardan biri də Şahmar Ələkbərov oldu...

  • Uşaqlar üçün nəzərdə tutulan rəsm müsabiqəsinə qeydiyyat davam edir

    Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Nizami Gəncəvi İli" çərçivəsində yay tətilində rəssamlıq istedadı olan uşaq və gənclərin diqqətini çəkən mənzərə, hadisə və əşyaların öz düşüncələri ilə təsvir müstəvisində əks etdirmək bacarıqlarını inkişaf etdirmək məqsədilə “Mənim düşüncəm-2021” adlı respublika uşaq rəsm müsabiqəsi davam edir.

    Xətai Sənət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, yaşı 21-ə qədər olan rəssamlar bu ilin oktyabr ayının 10-dək Xətai Sənət Mərkəzinin feysbuk qrupuna (https://www.facebook.com/groups/144172178999749/?ref=share) təqdim etdiyi əsərin fotosunu, əsərin adını, müəllifin adı, soyadı, təvəllüdü, təhsil aldığı məktəbi və əlaqə nömrəsini yerləşdirməklə müsabiqəyə qatıla bilərlər.

    Əsərlər tək-tək yerləşdirilməli, məlumatlar dolğun olmalı, 2-dən çox əsər göndərilməməlidir.

    Ən çox uşaqların öz duyğu və düşüncələri ilə işlənmiş əsərlər seçiləcək.

    Seçim zamanı müəllifin yaşı nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi və ideya əsas götürüləcək.

    Seçim zamanı kənar (müəllim, valideyn) müdaxiləsiz işlərə üstünlük veriləcək.

    Müsabiqədə xarici ölkə vətəndaşları da iştirak edə bilərlər.

    Seçim 3 yaş kateqoriyası üzrə aparılacaq və hər yaş kateqoriyasına ayrıca sərgi keçiriləcək: 11 yaşa qədər, 11-16 və 16-21 yaşarası.

    Birinci turdan keçmiş müəlliflərin əsərləri sərgidə nümayiş olunmaq üçün Xətai Sənət Mərkəzinə dəvət olunacaq.

    Əgər müsabiqənin münsiflərinin seçimlərindən narazı qalanlar olarsa (müəllim, valideyn və şagird) onlar seçimlərin elan olunduğu vaxtdan 3 iş günü ərzində xsm.2016@mail.ru  e-mail ünvanına müraciət edə bilər və təyin olunmuş bir vaxtda münsif üzvünün nəzarəti ilə rəsm çəkməklə özünü təsdiq edə bilər.

    Əsəri sərgidə nümayiş olunan müəlliflər sertifikatla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaqlar.

    Müsabiqənin yekun sərgisi Xətai Sənət Mərkəzində təşkil olunacaq.

  • Malazgirt zəfərinin 950-ci ildönümü münasibətilə təntənəli tədbir keçiriləcək

    Türkiyənin Malazgirt və Ahlat rayonlarında şanlı Malazgirt zəfərinin 950-ci ildönümü münasibəti ilə təntənəli tədbir keçiriləcək. Nazirlər Kabinetinin qərarı ilə "1071 Malazgirt Meydan Muharibəsi Tarixi Milli Parkı" elan edilən ərazidə Sultan Otağı ilə 16 çadır yubiley mərasiminə hazırdır.

    AZƏRTAC xəbər verir ki, bu münasibətlə Ahlat rayonunun Çarho bölgəsində də 150 min kvadratmetr ərazidə milli park və 120 kvadrat metr sahədə “1071 Sultan Alparslan otağı” ilə 50 çadır qurulub.

    Xatırladaq ki, avqustun 23-dən başlayıb 3 gün davam edəcək tədbirlərdə Azərbaycan mədəniyyətini tanıtma çadırı da ziyarətçilərin və tədbir iştirakçılarının xidmətində olacaq.

    Rəsmi açılış və bağlanış mərasimlərinin nəzərdə tutulduğu yubiley mərasimi çərçivəsində pərvaz, uşaq oyunları, oxçular, atlı oxçular, dəri sənəti və s. bölmələr fəaliyyət göstərəcək.

    Avqustun 23-də Ahlatda, ertəsi gün isə Malazgirtdə açılış mərasimləri keçiriləcək. Bağlanış mərasiminin keçirilməsi avqustun 26-da nəzərdə tutulub.

  • Şuşada yaranan zərb-məsəllər və deyimlər

    Zərb-məsəllər və deyimlər xalqın müdrikliyini özündə əks etdirən qısa kəlamlardır. Onlar adətən hansısa əhvalat və ya hadisə ilə əlaqədar yaranır və sonradan dildən-dilə düşərək xalq arasında yayılır. İndi dilimizdə hamının işlətdiyi bir sıra zərb-məsəllər və deyimlər var ki, onların yaranması Şuşa həyatı ilə əlaqədardır.

    Tədqiqatçı-jurnalist Vasif Quliyev onların bir neçəsinin yaranması ilə əlaqədar AZƏRTAC-ın müxbirinə deyib: “Məşhur “Hər oxuyan Molla Pənah, hər qatırçı Murad olmaz” zərb-məsəli XVIII əsrin axırlarında Şuşada yaranıb. Bu məsəl Molla Pənah Vaqifin saraya cəlb olunması Qarabağ hakimi İbrahimxəlil xan Cavanşirin baş məsləhətçisi Mirzə Vəli Baharlının adı ilə bağlıdır. Vaqif Şuşaya gələndən sonra Mirzə Vəli ilə yaxından tanış olmuş və dostlaşmışdı. Baş məsləhətçi şairin ağıl və zəka sahibi olduğunu görüb onu saraya cəlb etmək fikrinə düşür və bu barədə xana məlumat verir. Mirzə Vəli onları tanış etmək üçün əlverişli məqam gözləyir və nəhayət, həmin məqam yetişir.

    Bir gün Novruz bayramından əvvəl ilin son çərşənbə günü Molla Pənah Vaqif mədrəsədə uşaqlara dərs keçirdi. Birdən o, küçədə səs-küy eşidib eşiyə çıxanda böyük bir izdihamla qarşılaşdı. İbrahimxəlil xan öz əyan-əşrəfi ilə camaatın əhatəsində Çanaqqalaya sarı gedirdi. Mirzə Vəli də xanın yanında idi. Fürsəti fövtə verməyən şair “Bayram oldu” qoşmasını xana çatdırmaq üçün dostu Mirzə Vəliyə ötürdü... Vaqifin yazdığı şeir İbrahimxəlil xanın çox xoşuna gəlmişdi.

    Ertəsi gün İbrahimxəlil xan Molla Pənahı hüzuruna çağırtdırdı, Vaqifin ağıllı, şirin söhbəti, bəlağətli danışığı, zehni, düşüncəsi İbrahimxəlil xanı çox məmnun və xoşhal elədi. Xan əvvəl onu eşikağası, sonralar isə baş vəzir təyin etdi. Elə Vaqifin öz ağlı, kamalı ilə bu mənsəbə çatması da “hər oxuyan Molla Pənah olmaz” zərb-məsəlinin birinci hissəsinin yaranmasına səbəb olub.

    Deyirlər ki, İbrahimxəlil xanın Murad adlı qatır saxlayanı varmış və o, öz çalışqanlığı, peşəsinə vurğunluğu, ağasına sadiqliyi ilə xalqın böyük hörmət və ehtiramını qazanıbmış. Murad artıq yaşa dolanda İbrahimxəlil xan onun xidmətlərinin əvəzini layiqincə çıxmaq üçün qatırçıya ömürlük təqaüd kəsir, bəylik rütbəsi verir. Eyni zamanda Aşağı Qarabağın ən səfalı və məhsuldar bir yerində geniş torpaq sahəsi ayıraraq nökər-naib və rəncbərlər bağışlayır. Murad bəy özü Şuşa qalasında yaşasa da, ona məxsus kəndlilər burda əkin-biçin işləri ilə məşğul olur, bəyə yaxşı gəlir gətirirlər. Artıq bir neçə ildən sonra Murad Qarabağın ən varlı, sanballı bəylərindən birinə çevrilir. O, torpaq sahəsinin bir hissəsini özlərinə yurd-yuva qurmaq üçün rəncbərlərinə paylayır, kəndlilər alın təri ilə qazandıqları pulla və öz təzə ağalarının səxavəti və xeyir-duası ilə burada böyük bir kənd salır və ev-eşik sahibi olurlar. Yeni yaşayış məskəni onlara çörək verən bəyin adı ilə Muradbəyli adlanır.

    Olduqca zəngin və dəbdəbəli həyat sürən Murad bəyə çoxları həsəd aparır və gələcəkdə onun kimi varlı olmaq üçün şirniklərənərək İbrahimxəlil xana qatırçılıq etmək fikrinə düşür. Ancaq çox əlləşib-vuruşsalar da, Murad kimi qatırçı və böyük var-dövlət sahibi olmaq heç kəsə müyəssər olmur. Daha doğrusu, hər oxuyan Molla Pənah olmadığı kimi, hər qatırçı da Murad ola bilmir.

    Şuşada yaranan “Ey mıxı mismara döndərən Allah” məsəlinin tarixçəsi isə belədir: İran hökmdarı Ağa Məhəmməd şah Qacar Şuşanı alandan sonra bir çox adamları həbs etmişdi. Şahın əmri ilə dustaqların başı kəsilib onlardan minarə ucaldılmalı imiş. Dəmirçilər səfərbərliyə alınaraq mıx düzəltməklə məşğul idilər. Səhərə qədər lazımi miqdarda mıx hazır olmasaymış, onların da başı kəsiləcəkmiş. Lakin elə həmin gecə Ağa Məhəmməd şah Qacar qətlə yetirilir. Dəmirçilərə xəbər çatır ki, daha mıx lazım olmadı, şahın tabutu üçün yalnız bir neçə mismar lazımdır. Təhlükədən canını qurtaran dəmirçilərdən biri “Ey mıxı mismara döndərən Allah”- deyib sevincini belə ifadə edir. Bu sözlər məsəl kimi xalq arasında yayılır və bu günə qədər də işlənir.

    Şair Molla Pənah bu barədə “Ey Vidadi, gərdişi-dövrani kəcrəftara bax!” misrası ilə başlayan bir qəzəl yazıb dostu Molla Vəli Vidadiyə göndərmişdi.

    “Şuşada körpələr də muğam üstündə ağlayır” zərb-məsəli XIX əsrin ikinci yarısında yaranıb. Şəhərin qonaqları bir evin qarşısından keçərkən körpə uşaq səsi eşidir. Bir neçə gün dalbadal bu hadisənin şahidi olan müsafirlərdən biri heyrətini gizlədə bilməyib, “Pah atonnan, uşağa bax, elə bil ağlamır, muğamat oxuyur”,- deyə təəccübünü gizlədə bilmir. Musiqiyə, muğama dərindən bələd olan həmin adamın qeyri-ixtiyari dediyi bu sözlər sonralar xalq arasında hikmətli bir kəlama çevrilib.

    “Əgər oxumursansa, deməli, Şuşalı deyilsən” zərb-məsəli ötən əsrin iyirminci illərində yaranıb. Görkəmli rus şairi Sergey Yesenin 1924-1925-ci illərdə Bakının Mərdəkan kəndində yaşadığı dövrdə Azərbaycanın bir çox tarixi şəxsiyyətləri ilə dostluq əlaqəsi saxlamış, dəfələrlə şuşalı xanəndələrin, o cümlədən Cabbar Qaryağdıoğlunun məclislərində iştirak etmişdir. Bir dəfə Mərkəzi Komitə katibi Əliheydər Qarayevin evində olarkən şair bir neçə müğənnini dinləmiş, Cabbar Qaryağdıoğlunu “Şərq musiqisinin peyğəmbəri” adlandıraraq onun şərəfinə şeir qoşmuş və belə bir kəlam işlətmişdir: “Əgər oxumursansa, deməli, şuşalı deyilsən”.

    Həmin vaxtdan da deyim dillərə düşüb, indiyə qədər də məqamı gələndə işlənilir.

    Daha bir məsələnin yaranma tarixçəsi isə belədir: Bəy nəslindən olan Sadıq bəy Vəzirov xan nəslindən olan Qəmər xanım Əbrəxanova (Şeyda) ilə ailə həyatı qurmaq qərarına gələrkən qızın qardaşı Məhəmməd ağa əvvəlcə bu işə razı olur və xeyir dua verir. Lakin xan nəslindən olanlardan biri istehza ilə Məhəmməd ağaya: “Özün xan nəslindən ola-ola bacının niyə bəyə ərə getməsinə razılıq verirsən?”, - deyə onun başını dolduraraq fikrindən daşındırır. Ona görə də Məhəmməd ağa Qəmər bəyimlə söhbət zamanı bildirir ki, Sadıq bəylə onunku tutmaz. Nə qədər ki, gec deyil, bu fikri başından çıxarsın. ”Mən bəylərlə plov yemirəm ki, bığlarım yağa batar”, - deyə əsəblərini sakitləşdirə bilmir. Lakin çox çəkmədən Məhəmməd ağa yumşalır və bu izdivaca razılıq verir. Onun bu sözləri isə sonralar məşhur zərb-məsələ çevrilərək el arasında yayılır.

    Dahi Üzeyir bəy Hacıbəyov bu deyimi “Arşın mal alan” operettasında Soltan bəyin dilindən işlədib və həmin deyim daha çox populyarlaşıb.

    XX əsrin əvvəllərində Şuşada yaranan el deyimlərindən bir də “Molla Vəli, bez Qulama” məsəlidir. Məşhur muğam ustası və din xadimi Molla Vəli Axundov Qarabağda xeyir-dua məclislərinin yaraşığı idi, həm də el arasında duzlu, məzəli, yumorlu bir şəxs kimi tanınırdı. Bütün mollalar kimi o da iştahadan möhkəm idi. Molla Vəlinin belə bir şakəri vardı, xeyir-şər məclislərinə həmişə azyaşlı oğlu Qulamı da özü ilə aparardı. Yemək yeyiləndən sonra xidmətçiyə “Qulama bir boşqab da aş, ya da bir stəkan çay ver”,- deyərdi. Qulam uşaq olduğu üçün atasının sifarişi dərhal yerinə yetirilərdi. Məclis boyu bu hal bir neçə dəfə təkrar olunurdu. Molla Vəli isə oğlunun hesabına “bəsdi” deyincə yeyər və məclis sahibinə kifayət qədər ziyan vurardı. Ona görə də çoxlarının onun bu hərəkətindən xoşu gəlməzdi. Molla Vəlinin qarınqulu olması haqqında söz-söhbət də hər yerə yayılmışdı.

    Bir gün Yevlaxda yaşayan və Molla Vəlini yaxşı tanıyan köhnə qalalılardan birinin atası rəhmətə gedir. Mərhumun vəsiyyətinə görə, onun oğlu yas məclisini aparmaq üçün Şuşaya teleqram vurub Molla Vəlini Yevlaxa dəvət edir. Mərasim sahibi bilir ki, Molla Vəli oğlu Qulamı da mütləq özüylə gətirəcək. Ona görə də rusca yazılmış teleqramın sonuna bu sözləri də əlavə edir: “Molla Vəli, priezjay, tolko bez Qulama”. Həmin vaxtdan da bu sözlər dildən-dilə, ağızdan-ağıza keçərək zərb-məsələ çevrilib”.

  • “Everli qardaşları” duetinin sonuncu üzvü vəfat edib

    ABŞ-ın kauntri-rok ifaçısı Don Everli ömrünün 84-cü ilində Naşvildəki evində vəfat edib.

    AZƏRTAC lavanguardia.com saytına istinadla xəbər verir ki, ölümün səbəbi açıqlanmayıb.

    Rok musiqisinin öncüllərindən biri sayılan Don Everli “Everli qardaşları” duetinin sonuncu sağ qalmış üzvü idi. O, ötən əsrin 50-ci illərində qardaşı Fil ilə dueti yaratmışdı.

    “Don Everli ürəyinin səsinə qulaq asırdı. O, öz arzularını həyata keçirdiyi üçün, həmçinin onu “Everli qardaşları” səviyyəsinə çatdıran həyat yoldaşı Adelaya hər zaman minnətdar olub”, - deyə Don Everlinin ailəsi bildirib.

    “Rolling Stone” jurnalı tez-tez “Everli qardaşları” duetini “Rokun ən vacib dueti” kimi öz səhifələrində qeyd edirdi. “Everli qardaşları” dueti ötən əsrin 50-60-cı onilliklərini “Bye Bye Love”, “All I Have To Do Is Dream” və “Wake Up Little Susie” mahnıları ilə fəth edib.

    Qardaşların harmonik ifası musiqi tarixində “The Beatles”, “The Beach Boys” və “The Byrds” kimi böyük adlara təsir edib.

  • Respublika Gənclər Kitabxanasının “Kitabxana-informasiya elmləri” jurnalının ilk nömrəsi işıq üzü görüb

    Son bir neçə ildə Azərbaycan kitabxana-informasiya məkanında bir sıra yeniliklərə imza atmış Respublika Gənclər Kitabxanası yeni elmi-praktiki jurnal “Kitabxana və informasiya elmləri” Jurnalını təsis edib və onun ilk nömrəsi bu günlərdə işıq üzü görüb.

    Kitabxanadan AZƏRTAC-a bildirilib ki, jurnalın redaksiya heyəti və xüsusi qiymətləndirmə (ekspert) komissiyası, kitabxana və informasiya elmləri üzrə aktiv elmi tədqiqatlar aparan Azərbaycan və xarici ölkə alimlərindən təşkil edilib. “Kitabxana və informasiya elmləri” jurnalı – kitabxana və informasiya mütəxəssisləri, bu sahədə tədqiqat aparan alimlər və təhsil alan magistrant və doktorantlar üçün nəzərdə tutulmuş, resenziyalaşan beynəlxalq nəşrdir. Jurnalda kitabxana və informasiya elmləri üzrə aktual problemlərin həllinə yönəlmiş elmi tədqiqat işlərinin və yeni innovativ təcrübələrin nəticələri çap ediləcəkdir.

    Jurnalın birinci nömrəsində Azərbaycan və rus dillərində məqalələr çap edilib, onların tərtibatı və resenziyalaşması beynəlxalq nəşr standartının normalarına uyğun aparılıb. Respublika Gənclər Kitabxanasının direktoru, tarix üzrə fəlsəfə doktoru Oruc Quliyevin verdiyi məlumata görə, jurnal dünyanın nüfuzlu, tammətnli məlumat bazalarına daxil olunacaq, beynəlxalq istinad bazalarında indeksləşməsi təmin ediləcəkdir. “Kitabxana və informasiya elmləri” jurnalı bu sahədə ən keyfiyyətli tədqiqat işlərini dərc etməyi hədəfləyir.

    Jurnalın baş redaktoru, fəlsəfə doktoru, dosent Azad Qurbanovun verdiyi məlumata görə, “Kitabxana və informasiya elmləri” jurnalında heç bir nəşr və informasiya vasitələrində əvvəllər nəşr olunmayan orijinal əsərlər dərc olunacaq. Təqdim olunan bütün məqalələr beynəlxalq müəllif etikasına və tərtibat qaydalarına uyğun olmalıdır. Jurnala qəbul ediləcək hər bir məqalə beynəlxalq normalara uyğun olaraq iki mütəxəssisin rəyinə göndəriləcək və hər bir məqalə “antiplaqiat” ekspertizası keçdikdən sonra jurnalda çap olunacaq. Bununla da jurnalın yüksək reytinqi təmin ediləcək və öz sahəsinin mötəbər elmi platforması olaraq fəaliyyət göstərəcək.

  • “28” filminə onlayn baxış keçirilib

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 nömrəli filialında "28" bədii sənədli filminə onlayn baxış keçirilib.

    Baş İdarədən AZƏRTAC-a bildirilib ki, əslən Şuşadan olan Xatirə Sərdarqızının müəllifi olduğu və onun real həyat hekayəsi əsasında çəkilən bədii-sənədli film Türkiyədə Boğaziçi Mədəniyyət və İncəsənət Vəqfi tərəfindən keçiriləcək Diaspora Beynəlxalq Qısametrajlı Film Festivalında 120 ölkədən 3123 film arasından seçilərək finala çıxıb.

    Filmdə 1-ci Qarabağ müharibəsi zamanı 12 yaşında müharibənin şahidi olan, doğma şəhərindən ayrı düşən Şuşalı qızın Şuşa həsrəti, 28 ildən sonra öz doğma şəhərinə, uşaqlığına qayıtması əks olunub. Burada Qarabağdan didərgin düşmüş uşaqların yaşadığı qorxular, müharibənin buraxdığı sağalmaz yaralar nümayiş olunub. Müəllif videokonfrans zamanı filmdə yaşadığı reallığı əks etdirdiyini bildirib.

    Kitabxananın müdiri, əslən Şuşadan olan Arzu Xudayarova sonda müəllifə film üçün təşəkkür edib, filmin yaradıcı heyətinə uğurlar arzulayıb.

  • Ələkbər Əsgərovun balaban aləti üçün köçürmələri və işləmələri çap olunub

    Bu günlərdə “Azərbaycanın görkəmli nəfəs-çalğı alətlərinin virtuoz-novator ifaçısı Ələkbər Əsgərovun balaban aləti üçün köçürmələri və işləmələri” kitabı işıq üzü görüb.

    AZƏRTAC xəbər verir ki, nəşrin tərtibçisi və baş redaktoru mərhum balaban ifaçısının qızı, Azərbaycan Milli Konservatoriyası (AMK) Musiqi və tarixi nəzəriyyəsi kafedrasının doktorantı, Ərdahan Universitetinin (Türkiyə) müəllimi Mahirə Quliyevadır. Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sənubər Bağırova kitaba “Ön söz” yazıb.

    “Ön söz”də qeyd olunur ki, Ələkbər Əsgərov Azərbaycan xalq musiqisinin ümumi repertuarında bu gün “əriyən” bir çox məşhur, tez-tez ifa olunan rəqs melodiyalarının və muğam rənglərinin müəllifidir. O həmçinin, bu məcmuədə yerləşən bir çox əsərlərin – Azərbaycan və xarici bəstəkarların balaban üçün köçürmələrinin müəllifidir. Bu köçürmələr nəticəsində Ələkbər Əsgərov xalq nəfəs alətləri ifaçılarının ənənəvi repertuarının çərçivəsini xeyli genişləndirib, ona peşəkar Azərbaycan bəstəkarlarının (Üzeyir Hacıbəyli, Süleyman Ələsgərov, Cahangir Cahangirov, Ağabacı Rzayeva və b.) musiqisini, eləcə də rus, sovet və hətta Avropa bəstəkarlarının bir sıra əsərlərini daxil edib. Balabanda ifa olunan musiqinin repertuarının genişlənməsi, təbii ki, bu milli musiqi alətinin texniki və bədii imkanlarının daha da inkişaf etməsinə səbəb olub.

    “Zərdabi nəşriyyat-poliqrafiya” MMC-də çap olunan kitabın elmi məsləhətçisi Əməkdar incəsənət xadimi, professor Lalə Hüseynova, rəyçiləri professorlar Vamiq Məmmədəliyev, Arif Əsədullayev, Abbasqulu Nəcəfzadə, İlham Nəcəfov, Əməkdar artist Şirzad Fətəliyev, texniki redaktoru Ərdahan Universitetinin müəllimi Yusuf Altundur.

  • Sabina Şıxlinskaya: Satılan fotolardan gələn gəlir istifadə olunmuş batareyaların toplanmasına sərf ediləcək

    İki həftə boyunca Bakı Fotoqrafiya Evində gənc fotoqrafların “Defocused” adlı sərgisi keçirilirdi. 10 istedadlı azərbaycanlı fotoqraf ekologiya mövzusunda öz işlərini nümayiş etdirirdilər. Bugünkü auksion həmin sərginin davamı sayılır. Orada nümayiş olunan fotolar bugünkü auksionda satışa çıxarılıb.

    AZƏRTAC xəbər verir ki, bu sözləri layihənin kuratoru, Əməkdar incəsənət xadimi Sabina Şıxlinskaya Landmark Rotunda Terasda keçirilən xeyriyyə auksionunda deyib.

    “Nümayiş olunan işlər təbiətin gözəlliyini əks etdirir, eyni zamanda, ekoloji problemləri də qabardır, ətraf mühitin çirkləndiyini ön plana çəkirdi. Bu gün keçirdiyimiz auksion xeyriyyə məqsədi daşıyır. Burada satılacaq fotolardan gələn gəlir “Ecofront” Qeyri-Hökumət Təşkilatının hesabına köçürüləcək. Adını çəkdiyim təşkilat əldə edilən vəsait hesabına istifadə olunmuş batareyaları toplayaraq ətraf mühitin təmizlənməsinə öz töhfəsini verəcək. Burada nümayiş olunan işlər Azərbaycanda çəkilib və ölkəmizin füsunkar bir məkan olduğunu göstərir.

    Bu tədbirdə kurator və istedadlı gənclərin gördükləri işləri dəstəkləyən bir şəxs kimi çıxış edirəm. Mənim əsas vəzifəm yeni karyera quran gəncləri lazımi təşkilatlarla tanış etmək və işlərinə köməklik göstərməkdir. Çünki onların yaradıcı sahədə fəaliyyət göstərməsi olduqca vacibdir”, - deyə S.Şıxlinskaya bildirib.