Avqustun 20-də Ağdam Rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Rəssamlar İttifaqının fəxri üzvləri, sərgi-tədbir təşkilatçıları Elnurə və Aygün İsgəndərovaların Qarabağ Zəfərinə həsr olunmuş “Milli-Mənəvi dəyərlərimiz” adlı dekorativ-tətbiqi sənət nümunələrindən ibarət ilk fərdi yaradıcılıq sərgisi açılacaq.
AZƏRTAC xəbər verir ki, sərgi şəhid ailələri və media nümayəndələri üçün nəzərdə tutulub.
Sərginin təşkilatçıları Kanada-Azərbaycan diasporunun fəal nümayəndəsi Səbinə İsgəndərova, Milli Qəhrəman Asif (Fred) Məhərrəmov adına fondun rəhbəri Ədalət Məhərrəmov, Qızıl Aypara Cəmiyyətinin Kəlbəcər rayon bölməsinin sədri Gəncəli Mehdiyev və “Qalera” Sənət Mərkəzinin rəhbəri Mansur Əsgərlidir.
Sərginin kuratoru Xalq rəssamı Arif Hüseynovdur.
Chloe Zhaonın rejissorluq etdiyi “Marvel” filminin səbirsizliklə gözlənilən “Eternals” treyleri tamaşaçılara epik kosmik macəra təqdim edir.
AZƏRTAC marvel.com saytına istinadən xəbər verir ki, Angelina Jolie, Salma Hayek, Gemma Chan, Richard Madden, Kit Harington, Kumail Nanjiani, Brian Tyree Henry, Barry Keoghan, Lauren Ridloff, Lia McHugh, Ma Dongseok kimi tanınmış simaların rol aldığı, “Marvel” dünyasının ən çox maraqla gözləndiyi film noyabrın 1-də səhnələrə çıxacaq.
Aşağıdakı linkə daxil olaraq filmin treylerini izləyə bilərsiniz:
https://www.marvel.com/articles/movies/new-eternals-official-trailer-thanos
“YARAT” Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə Azərbaycan Rəngkarlıq Muzeyində açılan sərgilər artıq yay rejimində fəaliyyət göstərirlər.
“YARAT”dan AZƏRTAC-a bildirilib ki, sərgi ilə tanış olmaq istəyənlər çərşənbə axşamı və bazar günü olmaqla saat 12:00 –dan 20:00-dək bələdçi ilə sərgiyə baxış keçirə bilərlər. Eyni zamanda saat 21:00 – dan 22:00-dək sərgiyə sərbəst (bələdçisiz) baxmaq mümkündür.
Qeyd edək ki, hazırda muzeydə rəssam Rəşad Ələkbərovun "Özünsən!" solo sərgisi və "XX əsrin son çiçəkləri: Y nəsli" qrup sərgisi, eləcə də "Öz adanı kəşf et" adlı sərgi ziyarətçilər üçün açıqdır.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli filialı şairə Mirvarid Dilbazi haqqında "Bir şairə anamız vardı - Xalq şairi Mirvarid Dilbazi" adlı videoçarx hazırlayıb.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, videoçarxda Mirvarid Dilbazi haqqında geniş məlumatlar yer alıb.
Bildirilib ki, M.Dilbazi 1912-ci il avqustun 19-da Qazax rayonunun Xanlıqlar kəndində dünyaya göz açıb. Azərbaycan Pedaqoji İnstitutunun Dil və ədəbiyyat-ictimaiyyət fakültəsində təhsil aldıqdan sonra Quba Partiya Məktəbində ədəbiyyat müəllimi kimi əmək fəaliyyətinə başlayıb. İki ildən sonra Bakıya qayıdan Mirvarid xanım Azərbaycan Milli Elmlər Akademiyasının əlyazmaları fondunda şöbə müdiri, Azərbaycan Dövlət Nəşriyyatında tərcüməçi vəzifələrində çalışıb.
1997-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən “İstiqlal” ordeni ilə təltif olunub. Bununla da müstəqil Azərbaycanın tarixində Mirvarid xanım “İstiqlal” ordeni ilə təltif olunmuş ilk qadın şairimizdir.
XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən olan Mirvarid Dilbazi çoxçeşidli mövzularda yazdığı əsərləri ilə böyük bir yaradıcı ömür yaşayıb.
İctimai ağrılara, haqqa, ədalətə ürəyini söykəyən el anası, xalqının çox sevdiyi şairə Mirvarid Dilbazi 2001-ci il iyulun 12-də vəfat edib. Mirvarid Dilbazinin ədəbiyyatımıza bəxş etdiyi poeziya nümunələri bütün zamanlarda öz təravətini itirməyəcək və onun əziz xatirəsi daim xalqımızın qəlbində yaşayacaq.
Videoçarxa kitabxananın feysbuk və instaqram səhifələrindən baxmaq olar.
Bu gün Dünya Fotoqrafiya və ya Dünya Foto Günüdür. Həmin təqvim 2009-cu ildə avstraliyalı fotoqraf Korske Ara tərəfindən təsis edilib.
AZƏRTAC xəbər verir ki, ilk dəfə 2010-cu ildə qeyd olunan bu gün insanlara özlərini ifadə etməyə imkan verən və ictimaiyyətin diqqətini çəkən fotoqrafiya elminin və sənətinin qlobal bayramıdır.
Hər il avqustun 19-da dünyanın hər yerindən peşəkar və həvəskar fotoqraflar müxtəlif şəkillər çəkərək #worldphotoday həştəqi vasitəsilə izləyiciləri ilə paylaşırlar.
“YARAT” Müasir İncəsənət Məkanı “ART könüllü” proqramını uğurla davam etdirir.
AZƏRTAC xəbər verir ki, proqram müxtəlif layihələrdə iştirak etməklə yanaşı, təsviri incəsənət, teatr, kino, musiqi və digər sahələr üzrə təcrübə qazanmaq üçün əlverişli imkan yaradır.
Təcrübə dövrü 3 ay olan proqramın iş qrafiki həftədə 2 dəfə olmaqla, 4 saat çəkir.
XX əsrin 90-cı illərindən etibarən Azərbaycanın muğam incəsənəti bütün dünya dinləyicilərinin maraq dairəsində özünəməxsus yer tapıb. Muğamlarımızın sorağını alan əcnəbi ölkə musiqiçiləri bu sahədə öz addımlarını atmağa başladılar. Onlardan biri də ABŞ vətəndaşı Cefri Verbokdur. Cefri Verbok Amerika Muğam Cəmiyyətinin prezidenti, Azərbaycan muğamının tədqiqatçısı və kamança ifaçısıdır. O, hazırda xarici ölkələrdə və vətəndaşı olduğu ABŞ-da Azərbaycan muğamının ən fəal təbliğatçısıdır.
AZƏRTAC xəbər verir ki, bu günlərdə Cefri Verbok Beynəlxalq Multikultural Şəbəkənin, “Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi” İctimai Birliyinin qonağı olub. Mərkəzin işçi heyəti ilə birgə Azərbaycan mədəniyyətinin, multikulturalizm siyasətinin daha geniş təbliğatı ilə bağlı layihələrin təşkili istiqamətində qarşıya qoyulan məqsəd və vəzifələr ətrafında geniş fikir mübadiləsi aparılıb. Azərbaycan mədəniyyətinin, muğamının fəal əcnəbi təbliğatçısı kimi Cefri Verbok Beynəlxalq Multikultural Şəbəkənin “Fəxri səfiri” diplomuna layiq görülüb.
Görüşün sonunda Cefri Verbok səmimi ab-havada təşkil olunan görüş üçün Beynəlxalq Multikultural Şəbəkənin rəhbəri, “Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi” İctimai Birliyinin sədri Xəyalə Məmmədovaya və onun komandasına təşəkkürünü bildirərək, görüşdən məmnun qaldığını qeyd edib.
Respublika Gənclər Kitabxanası istifadəçilərini Qarabağ uğrunda gedən Vətən müharibəsinin qəhrəmanları, igid oğulları, cəsur əsgərləri ilə tanış etmək məqsədilə Vətən müharibəsinin qaziləri, igid döyüşçüləri ilə silsilə canlı yayımlarını davam etdirir.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, “Zəfərə gedən yol” layihəsi çərçivəsində təşkil olunan növbəti canlı yayımın qonağı müharibə iştirakçısı, qazi 36 gün erməni əsirliyində olmuş, Azərbaycan Ordusunun igid əsgəri Anar Əliyev olub.
Canlının ilk dəqiqələrində qazi Anar izləyicilərə özü haqqında məlumat verdi. Sonradan könüllü olaraq döyüş bölgəsinə yollanmağından, əsasən Cəbrayıl və Füzuli rayonları ərazisində olduğu döyüşlərdən, müharibənin təəssüratlarından, harada və necə yaralanmasından söhbət açdı. Dəfələrlə düşmənlə yaxın məsafədə olan igid əsgərimiz sonradan əsir alınmasından danışıb. Canlı yayımda əsirlik həyatının acı xatirələri, ağlasığmaz işgəncə və zülmləri, erməni “həkimlərinin” həkimlikdən uzaq davranışları dilə gətirilib.
Anar yalnız özü haqqında danışmaqla kifayətlənməyərək, onunla döyüşdə çiyin-çiyinə vuruşan və bu gün həyatda olmayan, ali şəhidlik zirvəsinə ucalan döyüş dostlarından böyük ehtiramla söhbət açıb. Qonaq dəfələrlə düşmənin necə namərdcəsinə döyüşməsindən, döyüş bölgəsindən qaçmasından, insani hərəkətlərdən uzaq olan terrorist davranışlarından – Gəncə və Bərdənin namərdcəsinə raket hücumuna məruz qalmasından da danışıb.
Canlı yayımın sonunda qazi Anar Əliyev Respublika Gənclər Kitabxanasına bu səpkili canlı yayımların təşkilinə görə öz minnətdarlığını bildirib.
İstifadəçilər qazi Anar Əliyev iştirakı ilə keçirilən canlı yayıma kitabxananın instaqram səhifəsindən baxa bilərlər.
Avqustun 19-da müasir Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, ilk qadın Xalq şairi Mirvarid Dilbazinin anadan olmasının 109 illiyi münasibətilə “Azərkitab” kitab mərkəzində tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə "Mirvarid Dilbazi poeziya məclisi” ictimai birliyinin sədri, şair, publisist Güllü Eldar Tomarlı açaraq Mirvarid Dilbazi yaradıcılığının Azərbaycan ədəbiyyatında vətənpərvərlik mövzusunda xüsusi yer tutduğunu və gənc nəsillərə bir örnək olduğunu vurğulayıb.
Tədbirdə "Mirvarid Dilbazi poeziya məclisi" ictimai birliyi və "Mişov" mədəniyyət dərnəyinin birgə təşəbbüsü və dəstəyi ilə ərsəyə gələn Aqşin Ağkəmərlinin "Təbrizdən Təbrizə" hekayələr kitabı ictimaiyyətə təqdim olunub. Kitabın "Ön söz" müəllifi Xalq şairi Nəriman Həsənzadə kitabın xüsusi incəliklə yazıldığını və oxucularının rəğbətini qazanacağını əminliklə vurğulayıb. O, sonra Azərbaycanın ilk qadın Xalq şairi Mirvarid Dilbazini xatırlayaraq, onun haqqında xatirələrini bölüşüb. Mirvarid Dilbazi adına yaradılmış ictimai birliyə xeyir-dualarını verərək, bu yolda şair, publisist Güllü Eldar Tomarlıya uğurlar arzulayıb.
Şair, nasir, publisist və tərcüməçi Aqşin Ağkəmərli "Təbrizdən Təbrizə" hekayələr kitabının belə əlamətdar gündə təqdim olunmasından məmnunluğunu bildirib.
Tədbirdə çıxış edən tarix elmləri doktoru Əkrəm Rəhimli, tənqidçi- şair Əsəd Cahangir, tədqiqatçı-yazıçı Ramiz Göyüşov, şairələr Südabə İrəvanlı, İlham Qazaxlı, Zeynəb Kazımova, Zərəngiz Dəmirçi Qayalı və başqaları çıxış edərək Mirvarid Dilbazinin yaradıcılığından danışıb, onunla bağlı xatirələrini bölüşüblər.
Qeyd edək ki, kitabın redaktoru şair, publisist Güllü Eldar Tomarlıdır.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının instaqram sosial şəbəkəsi üzərindən keçirdiyi “İzlə və hədiyyə kitab qazan” layihəsi yekunlaşıb.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, yarışmanın proqram vasitəsilə seçilən qaliblərini müəyyən edilib.
Birinci yeri qazanan @oriflame.business21 səhifəsi Ayzek Azimovun “Seçilmiç əsərləri”, Çingiz Abdullayevin “Eramızın əzəlində sui-qəsd”, Ramiz Dənizin “Christopher Columbus, Nasiradddin Tusi and real discovery of America” kitabları, ikinci yerin qalibi @bibiheybet_medeniyyet_evi_ səhifəsi Kurt Davidin “Çingiz Xan”, Ramiz Dənizin “Enigmatic discovery of Brazil”, üçüncü yerin qalibi olan @elnurceferov2021 səhifəsi isə Boris Pasternakın “Doktor Jivaqo” kitabları ilə mükafatlandırılıb.
Yasamal rayon MKS qalibləri təbrik edib, yarışmanın şərtlərinə əməl edib, səhifəni mütəmadi izlədiklərinə görə onlara minnətdarlığını bildirib.