Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • “Fərhad – portret cizgiləri” adlı sənədli film yenidən bərpa olunub

    Azərbaycan Dövlət Film Fondunda “Fərhad – portret cizgiləri” adlı sənədli film yenidən bərpa olunub.

    Bu barədə AZƏRTAC-a Dövlət Film Fondundan bildirilib.

    SSRİ Xalq artisti, professor, görkəmli musiqi xadimi Fərhad Bədəlbəylinin yaradıcılığına həsr edilmiş film 1987-ci ildə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunub. Filmin rejissoru Cəmil Fərəcov, operatoru Sərdar Vəliyev, ssenari müəllifi Arif Əliyevdir.

  • Müslüm Maqomayevin doğum günündə xatirəsi yad olundu
    Avqustun 17-də dünya şöhrətli Azərbaycan musiqiçisi, müğənni və bəstəkar, milyonların qəlbini fəth etmiş Müslüm Maqomayevin (1942–2008) anadan olmasının 79-cu ildönümündə I Fəxri xiyabandakı məzarı başında anım mərasimi keçirildi. Sənətkarın məzarının üzərinə tər çiçəklər düzüldü, xatirəsi ehtiramla yad olundu. Anım mərasimində çıxış edən mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev bildirdi ki, musiqi sənətimizin böyük simalarından olan Müslüm Maqomayev bənzərsiz ifası ilə Azərbaycanı dünyanın bir çox yerlərində hər zaman böyük hörmət və məhəbbətlə təbliğ edib, sevdirib: “Onun yaradıcılığı sovet dönəmində və müstəqillik illərində hər zaman ulu öndər Heydər Əliyevin diqqətində idi və müğənni ümummilli liderimizin qayğısı ilə əhatə olunmuşdu. Sənətkar Azərbaycanın, keçmiş ittifaqın və Rusiyanın ali mükafatlarına layiq görülmüşdü. Müslüm Maqomayev dünyasını dəyişdikdən sonra Bakıda 26 nömrəli musiqi məktəbinə onun adı verildi, yaşadığı binaya xatirə lövhəsi vuruldu. Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq Bakı şəhərində Müslüm Maqomayevin heykəlinin qoyulması nəzərdə tutulub. O, hər zaman Azərbaycan xalqının qəlbində yaşayır. 66 il ömür yaşayan sənətkar musiqi tariximizdə iz qoydu, ömrünü yaradıcılığa həsr etdi”. Vaqif Əliyev sənətkarın bioqrafiyasından mühüm məqamlara diqqət çəkdi. Qeyd etdi ki, müğənni gənc yaşlarından beynəlxalq festivalların laureatı olub. Azərbaycan Dövlət Konservatoriyasında Şövkət Məmmədovanın sinfini bitirən M.Maqomayev həm Azərbaycan bəstəkarlarının, həm də dünya musiqisi incilərini möhtəşəm konsert zallarında məharətlə ifa edib: “Zaman keçəcək, nəsillər bir-birini əvəz edəcək, amma Müslüm Maqomayev öz səsi və yaradıcılığı ilə hər bir zaman qədirbilən xalqımızın yaddaşında yaşayacaq”. Üzeyir Hacıbəylinin Ev-Muzeyinin direktoru, Xalq artisti Sərdar Fərəcov M.Maqomayevin Azərbaycan estrada sənətinə verdiyi töhfələrdən söz açdı, onun bənzərsiz sənətkarlığından, fitri istedadından, zəngin yaradıcılığından bəhs etdi. Müğənninin ən çətin ariyaları, lirik estrada mahnılarını ecazkarlıqla səsləndirdiyi diqqətə çatdırıldı. Sərdar Fərəcov həmçinin sənətkarın mütəmadi olaraq Üzeyir bəyin əsərlərinə müraciət etdiyini diqqətə çatdırdı, onun ifasında  səslənən “Sevgili canan“ romansının ölməzliyini xüsusi vurğuladı. Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov müğənninin Bakıya sonsuz sevgisindən danışdı. Bildirdi ki, o, bütün ömrü uzunu doğulub boya-başa çatdığı şəhərinə sadiq idi. Ömrünün son gününə kimi Bakıdakı dostlarına zəng edərək doğma şəhərini və dostlarını xəbər alardı. Müslüm Maqomayev adına 26 nömrəli Onbirillik Musiqi Məktəbinin direktoru Gülşən Quliyeva təhsil ocağının fəaliyyəti və sənətkarın xatirəsinə həsr olunan layihələrdən bəhs etdi. Xatırladaq ki, Azərbaycanın və  SSRİ-nin Xalq artisti Müslüm Məhəmməd oğlu Maqomayev 1942-ci il avqustun 17-də Bakıda anadan olub. 1960-cı illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olan müğənni, İtaliyanın Milan şəhərindəki “La Skala“ teatrında təcrübə keçib. 1966-cı ildə Parisin “Olimpiya“ konsert salonunda ilk konsertini verib. 1968-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını (indiki BMA) bitirib, bir il sonra Polşanın Sopot şəhərində keçirilən beynəlxalq mahnı festivalında ilk mükafatını qazanıb. 1975-ci ildə Azərbaycan Dövlət Estrada-Simfonik Orkestrinin bədii rəhbəri təyin edilib. Bu orkestrlə Sovet İttifaqının bir sıra şəhərləri ilə yanaşı, Fransa, Bolqarıstan, Polşa, Finlandiya, Kanada və İranda konsert proqramları ilə çıxış edib. Görkəmli musiqiçi 2008-ci il oktyabrın 25-də Moskvada dünyasını dəyişib. Sənətkarın cənazəsi Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakıya gətirilərək I Fəxri xiyabanda torpağa tapşırılıb. Məzarı üzərində abidəsi ucaldılıb.
  • "Muzey eksponatının hekayəsini sən danış: Nizami Gəncəvi" müsabiqəsinin qalibləri müəyyənləşdi
    Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin elan etdiyi “Muzey eksponatının hekayəsini sən danış: Nizami Gəncəvi“ hekayə müsabiqəsinin qalibləri müəyyənləşib. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 5 yanvar tarixli sərəncamına əsasən, 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi ilə bağlı keçirilən müsabiqənin qalibi “Şəhid ilə Xarıbülbülün məhəbbəti” hekayəsinin müəllifi Nərgiz Həşimova seçildi. Eyni zamanda “Bəhram şah yeddi gözəlin portretinə baxır” hekayəsinin müəllifi Aişə Səfərova ikinci və “Nakam sevginin xatirəsi” hekayəsinin müəllifi Ömər Məmmədzadə üçüncü yerə layiq görülüb. Müsabiqə qaliblərinə mükafatların cari ilin sentyabr ayında təqdim edilməsi planlaşdırılır. Qalibləri təbrik edirik və müsabiqə iştirakçılarının hər birinə təşəkkürümüzü bildiririk.
  • “Vətən müharibəsi qəhrəmanları gənc rəssamların gözü ilə” sərgisinin iştirakçıları mükafatlandırılıb

    Respublika Gənclər Kitabxanasında “Vətən müharibəsi qəhrəmanları gənc rəssamların gözü ilə” virtual sərgisinin iştirakçılarına diplomlar təqdim edilib.

    AZƏRTAC xəbər verir ki, Respublika Gənclər Kitabxanasının “Zəfərə gedən yol” layihəsi çərçivəsində təşkil olunan “Vətən müharibəsi qəhrəmanları gənc rəssamların gözü ilə” virtual sərgisi izləyicilərə təqdim edilib. Virtual sərgisində 20-dən çox gənc, həvəskar rəssamların Vətən müharibəsi qəhrəmanlarına həsr etdikləri rəsm əsərləri onlayn rejimdə nümayiş olunub.

    Bu günlərdə virtual sərgidə öz işləri ilə çıxış edən həvəskar rəssamlar və tədbirin təşkilinə bilavasitə əmək sərf edən Respublika Gənclər Kitabxanasının uzun müddətdir ki, əməkdaşlıq etdiyi, birlikdə bir sıra uğurlu layihələrə imza atdığı Azərbaycan Rəssamlar İttifaqının fəxri üzləri Elnurə və Aygün İsgəndərovlar diplom və sertifikatlarla təltif ediliblər.

    Diplomlar Respublika Gənclər Kitabxanasının direktoru, tarix üzrə fəlsəfə doktoru Oruc Quliyev tərəfindən təqdim edilib. Diplomların təqdim edilməsi zamanı direktor Oruc Quliyev bu səpkili sərgilərin virtual formada olsa belə, təşkil edilməsi və keçirilməsi zəruriyyətini qeyd edib, bu işdə əməyi keçən Elnurə və Aygün İsgəndərovların zəhmətini xüsusi vurğulayaraq, onlara öz dərin minnətdarlığını bildirib. Oruc Quliyev kitabxananın gələcəkdə də, bu səpkili vətənpərvərlik aksiyalarını, sərgi və müsabiqələri təşkil edəcəyinə dair əminliyini dilə gətirərək sonda, sərgi iştirakçılarına gələcək işlərində uğurlar arzulayıb. Diplomların təqdim edilməsindən sonra iştirakçılar Şəhidlər xiyabanını ziyarət ediblər.

    Respublika Gənclər Kitabxanasının “Zəfərə gedən yol” layihəsi çərçivəsində təşkil olunan “Vətən müharibəsi qəhrəmanları gənc rəssamların gözü ilə” virtual sərgisinə kitabxananın instaqram səhifəsindən baxmaq olar.

     

  • IV “Animafilm” festivalının proqramı açıqlanıb

    “Peri Film” MMC şirkətinin təşkilatçılığı ilə sentyabrın 3-dən 7-dək Bakıda canlı formada IV “Animafilm” Beynəlxalq Animasiya Festivalı keçiriləcək.

    AZƏRTAC xəbər verir ki, festival beş gün ərzində uşaqlar və böyüklər üçün çəkilmiş onlarla yerli və xarici animasiya filmlərini təqdim edəcək. Builki festivalın mövzusu “Əlillik” adlanır.

    “Animafilm” festivalı boyunca tamaşaçılar həyəcanlı bir müsabiqəyə şahidlik edəcək. 40 müxtəlif ölkədən 134 əsərin daxil olduğu müsabiqədə iştirakçılar 12 yerli və xarici müsabiqə kateqoriyası üzrə mükafatlar uğrunda yarışacaqlar. Həmçinin festivalın müsabiqədənkənar və peşəkar proqramları da bu il çox zəngindir. Festival zamanı Polşa, Özbəkistan, Fransa filmləri və animasiya vorkşopları nümayiş olunacaq. Festivalın tədbirlərinə giriş ödənişlidir. Biletləri https://hadigro.com/en/activities/3305b1f/animafilm-festivali-4-cu-animafilm-beynelxalq-animasiya-festivali linkininə daxil olaraq əldə etmək olar. Bilet satışından əldə olunan gəlir fiziki məhdudiyyətli uşaqların ehtiyacları üçün sərf ediləcək.

    Əlilliyi olan şəxslərin festivalda iştirakı üçün ödənişsiz nəqliyyat təmin ediləcək. Öncədən qeydiyyatdan keçmək vacibdir. Tədbirdə iştirak Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarları əsasında tənzimlənəcək.

    Müsabiqə proqramının bütün filmləri orijinal dilində ingiliscə alt yazı ilə, bəzi xarici filmlər isə azərbaycanca alt yazı ilə nümayiş etdiriləcək.

    Festivalın məqsədi Azərbaycanda animasiya sənətinin inkişafını dəstəkləmək, animasiya filmlərinin nümayişi və animasiya kinosu üzrə yerli və xarici peşəkarlar arasında təcrübə mübadiləsi üçün platforma yaratmaq, yeni Azərbaycan animasiya filmlərinin, eləcə də beynəlxalq müştərək məhsulların yaradılmasını təşviq etməkdir.

    Qeyd edək ki, “Animafilm” Beynəlxalq Animasiya Festivalının direktoru rejissor Rəşid Ağamalıyevdir.

  • AZƏRTAC-ın büro rəhbərinin “Yosun ətri” romanı Türkiyədə nəşr olunub

    AZƏRTAC-ın Türkiyə bürosunun rəhbəri Sabir Şahtaxtının qələmə aldığı növbəti əsər, “Yosun ətri” romanı Avrasiya Yazıçılar Birliyi (AYB) tərəfindən Ankarada nəşr olunub. Türkiyənin məşhur “BENGÜ” yayın evi tərəfindən türkdilli oxuculara təqdim olunan nəşrin rəhbəri AYB-nin sədri, yazıçı-publisist Yaqub Öməroğlu, tərcüməçisi yazıçı-publisist Mətin Yıldırımdır.

    “Yosun ətri” romanı son dərəcə maraqlı və cəlbedici məzmunu, hadisələrin əhatə dairəsi, məlumat bolluğu, axıcı dili və həssas yazı üslubu, bədii gücü, ahəngdar təsvirləri, həyat gerçəklərinin dəqiq inikası, əxlaqi dəyərlərin tərənnümü, bir-birindən qüvvətli obrazların xarakterinə uyğun davranış normaları və s. yüksək keyfiyyətləri ilə dünya ədəbiyyatı üçün son dərəcə dəyərli bir vəsaitdir... Əsərin əsas qəhrəmanlarından olan Biruni, Bakıda təhsil alıb, Azərbaycan barədə xoş xatirələri var, əsər boyu Azərbaycan tarixinə və mədəniyyətinə dair çalarlar ana süjetdə qorunur.

    “Yosun ətri” romanı Əfqanıstanda xüsusi maraqları olan böyük güclərin qurduğu siyasi oyunların əzablarını yaşayan əfqan xalqının məşəqqətlərini əks etdirən eşq hekayəsidir.

    Əfqanıstanda işğala və istismara nail olmaq üçün tətbiq olunan siyasi oyunlar bir ailənin acısında qələmə alınıb. Sovet ideologiyasının təsiri altında əvvəlcə Moskvada təhsil alan əfqan gənc sovet qoşunlarının ölkədən çıxarılması səbəbindən təhsilini Bakıda davam etdirmək məcburiyyətində qalır...Vaxtilə Sovet qoşunları sırasında əfqan xalqına qarşı törədilən döyüşlərdə iştirak edən Qarabağ müharibəsi qazisi ilə dostluq, onun düşüncələrinin istiqamətini dəyişir...

    Əfqan mədəniyyəti, yerli ənənələr, milli mübarizlik, hazırda hər gün eşitdiyimi artıq “dəniz soyqırımı” adı alan su hövzələrində qaçqınların boğulması barədə faciə dolu xəbərlər Rəsul Biruni ailəsinin acı taleyi olaraq qələmə alınıb.

    Azərbaycanda hidrologiya mühəndisi üzrə təhsili alan əfqan gənc İstanbulda sevmədiyi əmisi nəvəsi ilə toy edərkən onun əsl sevgisi Sara adlı qulluqçu qız “Apardı sellər Saranı” mahnısının musiqi sədasında özünü dənizə atır. Ailənin ağır məşəqqətlərinin ikinci hissəsi də məhz burdan başlanır.

    ...Uzun fasilədən sonra ailədə doğulan qız övladına Sara adı verilir. Biruni hər zaman ölkəsini yaşıllıqlarla zəngin, böyük su hövzələri olan vətənə çevirmək arzusunda olub. Onu Liviyaya aparan da bu ölkənin hidroloji layihələrində iştirak etmək və sirləri mənimsəməkdir. Ailəsi ilə birlikdə Liviyaya gedir və azğın “ərəb baharı” çevrilişi ailəni orada da yaxalayır. Qaçaq yolla geri dönərkən ailənin xanımı dənizdə boğulur balaca Sara isə itkin düşür.

    ...Rəsul Biruninin qalan ömrü qızının axtarmaqla keçirir. Onun xidmətçi olduğu bir ailənin Dəniz adlı gəlini və körpə Səma onu öz doğmaları kimi sevirlər. Gerçəkdə isə Dəniz mavi sularda hərəkətsiz tapılan Sara, Səma isə onun nəvəsidir!

  • Xan Şuşinskinin 120 illik yubileyinə həsr olunmuş videoçarx hazırlanıb

    Azərbaycan muğam sənətinin korifeylərindən olan, Qarabağ xanəndəlik məktəbinin görkəmli nümayəndəsi Xan Şuşinskinin 120 illik yubileyi ilə əlaqədar Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli filialının əməkdaşı Afət Ağayeva videoçarx hazırlayıb.

    Baş İdarədən AZƏRTAC-a bildirilib ki, təqdim olunan videoçarxda Xan Şuşinskinin keçdiyi ömür yolundan, Azərbaycan muğam sənətinin, milli musiqi xəzinəsinin zənginləşməsində misilsiz xidmətlərindən söz açılır.

    Videoçarx Xan Şuşinskinin ifasında “Şuşanın dağları” mahnısının sədaları altında səsləndirilib.

    Onun yaratdığı ölməz sənət əsərləri Azərbaycan musiqisinin ən dəyərli inciləri kimi əsrlər boyu yaşayacaq və öz müəllifini hər zaman yaşadacaq.

    Videoçarxa kitabxananın feysbuk və insaqram səhifələrindən baxmaq olar.

  • “Bəxtiyar Vahabzadə - 96” adlı virtual kitab sərgisi təqdim edilib

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 96 illiyi münasibətilə "Bəxtiyar Vahabzadə - 96" başlığı altında virtual kitab sərgisi təqdim edib.

    Baş İdarədən AZƏRTAC-a bildirilib ki, sərgidə Bəxtiyar Vahabzadənin müəllifi olduğu kitablar, həmçinin seçilmiş əsərləri, o cümlədən onun haqqında yazılan ədəbiyyat nümunələri yer alıb.

    Bundan başqa, şairin müəllifi olduğu "Qürbət Vətən" şeiri səsləndirilib və haqqında videoçarx təqdim olunub.

    Materiallarla kitabxananın instaqram səhifəsində tanış olmaq olar.

  • Ukraynalı rəssam beynəlxalq sərgiyə Azərbaycana həsr etdiyi əsərlərilə qatılacaq

    Bu il oktyabrın 31-də İtaliyada Ümumdünya Təsviri İncəsənət Sərgisi keçiriləcək.

    Report-un Şərqi Avropa bürosunun verdiyi məlumata görə, Florenasiyada baş tutacaq tədbirdə 78 ölkədən rəssamların əsərləri nümayiş olunacaq.

    Ukraynalı tanınmış rəssam İrina Benderovskaya isə beynəlxalq sərgiyə “Azərbaycan xalçaları” adlı əsərləri ilə qatılacaq.

    O, "Report"un yerli bürosuna açıqlamasında bildirib ki, sərgi Avropa Parlamentinin, UNESKO-nun və İtaliya Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilir: “Bu sərgidə “Azərbaycan xalçaları” adlı əl işlərimlə iştirak edəcəyəm. Bundan çox məmnunam. Bununla bağlı Azərbaycan xalçalarının müxtəlif naxışlı variantları üzərində əsərlər işləmişəm. Əsərlər Azərbaycanın mədəni və milli irsinin orijinal elementlərini özündə əks etdirir”.

    İ.Benderovskaya hazırda Polşada yaşayır və indiyədək müxtəlif beynəlxalq sərgilərdə əsərləri ilə çıxış edib.

  • “Turizm Sahəsində Dual Təhsil Proqramı”na start verilib

    Peşə Təhsili üzrə Dövlət Agentliyi, Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu və Azərbaycan Hotel Assosiasiyası birgə peşə təhsil müəssisələrində aşpaz və turizm sahəsində iaşə üzrə mütəxəssis ixtisasları üzrə təhsil alacaq tələbələrin “Turizm Sahəsində Dual Təhsil Proqramı”na start verib.

    Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, proqramın məqsədi sənaye nümayəndələri ilə birlikdə təcrübə əsaslı biliklərin tələbələrə ötürülməsinə imkan yaratmaqdır.

    Proqram müddətində tələbələr ilk 1 ayı təhsil müəssisəsində keçirəcək və ilkin baza biliklərə sahiblənəcəklər. İkinci aydan etibarən seçilmiş tələbələr həftə ərzində bir neçə gün peşə təhsil müəssisəsində - teorik biliklərə, həftənin digər qismində isə hotellərdə onlara təyin olunmuş mentorlar vasitəsilə praktiki bacarıqlara yiyələnəcəklər.

    İlkin olaraq proqramın Bakı və Qəbələ şəhərlərində yerləşən peşə təhsil müəssisələrində ümumilikdə 4 qrup olmaqla tətbiqi nəzərdə tutulub. 1 illik tədris müddətinin sonunda tələbələr teorik biliklər, ölkənin qabaqcıl hotellərində təcrübəyə yiyələnmək imkanı ilə yanaşı diplom da əldə edəcəklər. Proqram Bakıda Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində və Bakı Turizm Peşə Məktəbində aşpaz ixtisası üzrə, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində isə aşpazlıq və turizm sahəsində iaşə üzrə mütəxəssis ixtisasları üzrə həyata keçiriləcəkdir.

    Dual təhsil proqramına tələbə qəbulu dövlət-özəl sektorun nümayəndələri tərəfindən müsahibə yolu ilə həyata keçiriləcək. Layihə çərçivəsində Abşeron Hotellər qrupu, Hilton Hotel, JW Marriott Absheron Baku, Qəbələ Hotellər Qrupu tərəfdaş qismində çıxış edirlər. Proqram çərçivəsində gələcəkdə digər hotellərlə əməkdaşlıq məsələləri də nəzərdən keçiriləcəkdir.

    Qeyd edək ki, "Turizm Sahəsində Dual Təhsil Proqramı"na qatılmaq istəyən şəxslər avqustun 20-dək http://portal.edu.az/ platforması üzərindən qeydiyyatdan keçərək ixtisas seçimini yekunlaşdırmalıdırlar.