Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Plasido Dominqo Marbeya şəhərində 3 min dinləyicini bir araya gətirib

    Avqustun 19-da İspaniyalı tenor Plasido Dominqo İspaniyanın “Starlite Festival de Marbella” səhnəsində çıxış edib.

    AZƏRTAC elpais.com saytına istinadla xəbər verir ki, Marbeya şəhərində alqışlarla qarşılanan 80 yaşlı ifaçını Yudjin Konun rəhbərliyi altında Malaqanın simfonik orkestri müşayiət edib.

    Gecənin ən maraqlı məqamı ispaniyalı müğənni Marta Sançesin çıxışı olub. Plasido Dominqo ilə səhnəni bölüşən müğənni konserti bitirmək üçün öz tərzində İspaniyanın himnini oxuyub. Onların çıxışı tamaşaçı tərəfindən ayaq üstə alqışlarla qarşılanıb. Dinləyicilərin sırasında İspaniyanın sabiq prezidenti Xose Mariya Aznar da olub.

  • “Artım” layihə məkanında iki qısametrajlı film nümayiş olunub

    “YARAT” Film Klubu çərçivəsində “Artım” layihə məkanında "Transumanato" və "XX-20" qısametrajlı filmləri nümayiş olunub.

     AZƏRTAC xəbər verir ki, rejissoru və ssenari müəllifi Lena Skripkina olan "Transumanato" filmi "İlahi komediyanın" müəllifi Dantenin cəhənnəmdəki səyahətindən bəhs edir.

    Digər ekran əsəri isə XX əsrin Xirosima, blokada və qulaq fəlakətlərini boş bir məzar obrazında təsvir edir. Müasir reallıqla əlaqəli, genetik yaddaş daşıyan və bir əsri özündə birləşdirən üç fəlakəti yenidən düşünməyə vadar edir.

    Qeyd edək ki, Lena Skripkinanın əsərləri hazırda “Artım”da davam edən "Yüyürmə! Gördüyün yalnız sərabdır" adlı qrup sərgisində nümayiş olunub.

  • “Bermud üçbucağı” haqqında videoçarx yayımlanıb

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı Ü.Zeynalova “Bermud üçbucağı” haqqında videoçarx hazırlayıb.

    Baş İdarədən AZƏRTAC-a bildirilib ki, videoçarxda bu sirli məkan haqqında geniş məlumatlar yer alıb.

    “Bermud üçbucağı” və ya “Şeytan üçbucağı” — Atlantik okeanın şimalında Florida, Bermud adaları və Puerto-Rikonu birləşdirən şərti xətlərin əhatə etdiyi üçbucaq ərazidir. Təqribən yarım milyon kvadrat mil sahəni tutur. “Bermud üçbucağı” burada çoxlu itmiş obyektə görə sirli yer və anomal zona sayılır.

    Bu sahə gəmilərin, qayıqların və təyyarələrin itdiyi yüksək qəza bölgəsi kimi qeyd edilib. “Bermud üçbucağı” kütləvi informasiya vasitələrinin təqdimatında naməlum fizika qanunlarının etibarlı olduğu və ya fizika qanunlarının işləmədiyi qeyri-adi bölgə kimi məşhurlaşıb. Bu üçbucaqda bir çox təyyarə və gəmilərin qeybə çəkildiyi kimi bir inanc olduğu halda, ABŞ və bir çox digər dövlətlərin statistikaları bu cür qəzaların digər səyahət bölgələrində də çox olduğunu təsdiq edirlər.

    Videoçarxı kitabxananın feysbuk və istaqram səhifələrində izləmək olar.

  • Xalid Hüseyninin Əfqanıstan haqqında yazdığı əsərlər Rusiyada maraqla qarşılanıb

    Əfqan əsilli amerikalı yazıçı Xalid Hüseyninin yazdığı kitabların satışı Rusiyada avqustun 16-da pik həddinə çatıb. Bu, “Taliban”ların yerli hakimiyyəti devirdikləri tarixə təsadüf edib.

    AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Rusiyanın “LitRes” kitab satışı kompaniyası məlumat yayıb.

    Bildirilib ki, Əfqanıstanda baş verən hadisələrin fonunda Xalid Hüseyninin əsərlərinin satışı əvvəlki həftələrə nisbətən bir neçə dəfə artıb.

    X.Hüseyni 1965-ci ildə Əfqanıstanın Kabil şəhərində diplomat ailəsində anadan olub. 1980-ci ildə onun ailəsi ABŞ-da siyasi sığınacaq alıb. Onun romanlarının süjeti Əfqanıstanda törədilən faciəvi hadisələr fonunda cərəyan edir, əsərin qəhrəmanları olan adi insanlar müharibə və siyasi çevrilişlərin qurbanlarına çevrilir.

  • “Forsaj 10” filminin nümayiş tarixi açıqlanıb

    Macəra film həvəskarlarının uzun müddətdir gözlədiyi “Forsaj 10” filminin nümayiş tarixi açıqlanıb.

    AZƏRTAC hollywoodreporter.com saytına istinadən xəbər verir ki, Justin Linin rejissorluq etdiyi, Vin Dizel və Tyrese Gibson kimi dünya şöhrətli ulduzların rol aldığı film 2023-cü ilin aprelində nümayiş olunacaq.

    Qeyd edək ki, “Forsaj” filmləri 2001 ildən istehsal olunur və “Universal Pictures” studiyasının ən böyük və gəlirli layihəsi hesab edilir. Bu filmlərin ümumi gəliri 6 milyard dolları keçib.

  • Nizami Gəncəviyə həsr olunan konfransa tezis qəbulu avqustun 31-dək aparılacaq

    Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu tərəfindən sentyabrın 24-də “Nizami Gəncəvi və Şərq ədəbiyyatları: ədəbi təsirin hüdudları” mövzusunda keçiriləcək beynəlxalq elmi konfransa tezis qəbulu davam edir.

    İnstitutdan AZƏRTAC-a bildirilib ki, tezislər konfrans-880@mail.ru ünvanına avqustun 31-dək göndərilməlidir. Təşkilat komitəsi tezisləri seçmək, mətndə düzəlişlər etmək və tezisləri geri qaytarmaq hüququna malikdir.

    Beynəlxalq konfransda iştirak üçün məruzələrin tezisləri Azərbaycan, türk, rus, ingilis və ərəb dillərində qəbul edilir və bir səhifədən artıq olmamalıdır.

    Xatırladaq ki, konfrans “Nizami Gəncəvi İli” çərçivəsində təşkil ediləcək.

  • “Azərbaycanlı etnik qruplar” adlı videoçarx hazırlanıb

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının İnformasiya-resurs şöbəsi etnik qruplar haqqında hazırladığı videoçarxı təqdim edib.

    Baş İdarədən AZƏRTAC-a bildirilib ki, “Azərbaycanlı etnik qruplar” adlı videoçarxda izləyicilərə Azərbaycan etnoqrafiyası haqqında məlumat verilib.

    Məlumatlar sırasında iqtisadiyyatda, mədəniyyətdə və gündəlik həyatda hər biri özünəməxsus xüsusiyyətləri olan bir neçə azərbaycanlı etnik qrup haqqında informasiya nümayiş olunub.

    Videoçarxa kitabxananın yutub kanalından baxa bilərsiniz.

  • Beynəlxalq Muğam Mərkəzi TÜRKSOY-un Macarıstanda təşkil etdiyi festivalda təmsil olunur

    Beynəlxalq Muğam Mərkəzi (BMM) TÜRKSOY-a daxil olan ölkələrin müstəqilliyinin 30 illiyi münasibətilə təşkil edilən beynəlxalq festivalda milli musiqi alətlərimizi təbliğ edən proqramla təmsil olunur.

    BMM-dən AZƏRTAC-a bildirilib ki, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanın mədəniyyət və sənət adamlarının iştirak etdiyi festival avqustun 17-dən 23-dək Macarıstanın paytaxtı Budapeştdə keçirilir. TÜRKSOY-un təşkil etdiyi festival çərçivəsində türk dünyasının folklor musiqisi, fotosərgi və müxtəlif sənət növlərini təmsil edən iştirakçıların ustad dərsləri nümayiş olunacaq.

  • UNESCO dünya təşkilatlarını Əfqanıstanda mədəni abidələri qorumağa çağırıb

    UNESCO dünya təşkilatlarını Əfqanıstanda mədəni abidələri qorumağa çağırıb.

    AZƏRTAC TASS agentliyinə istinadla bildirir ki, bu barədə təşkilatın mətbuat xidmətindən Tom Malar xəbər verib.

    “UNESCO Əfqanıstanda baş verən hadisələri diqqətlə izləyir və heyətin təhlükəsizliyini qorumaq üçün Birləşmiş Millətlər Təşkilatının tabeliyində olan agentliklərlə öz hərəkətini nizamlayır”, - deyə T.Malar bildirib.

    “Əfqanıstanın ərazisində yerləşən zəngin mədəni irs dünya ictimaiyyəti üçün xüsusi dəyərə malikdir və bu irs qorunmalıdır”, - deyə T.Malar vurğulayıb.

    Qeyd edib ki, söhbət ilk növbədə Kabildə yerləşən Əfqanıstan Milli Muzeyindən, Qəznidəki İslam Sənəti Muzeyindən, Cem minarəsindən, həmçinin Bamiyan vadisindəki digər arxeoloji tapıntılardan gedir.

  • Zəfər yürüşünün ildönümü münasibətilə sərgi açılacaq

    Azərbaycan Rəssamlar İttifaqı noyabr ayının birinci yarısında rəşadətli Azərbaycan Ordusunun qələbəsinə həsr edilmiş sərgi keçirəcək.

    AZƏRTAC xəbər verir ki, sərgidə iştirak etmək istəyən fırça ustalar əsərlərini oktyabrın 25-dən 30-dək Azərbaycan Rəssamlar İttifaqına təqdim etməlidirlər.

    Sərgidə rəngkarlıq, qrafika, heykəltəraşlıq, metal, xalça və rəssamlığın digər növlərilə məşğul olan peşəkarlar çıxış edəcək.

    Münsiflər heyəti noyabrın 1-dən 5-dək sərgiyə təqdim olunan əsərlərə baxış keçirəcək.

    Rəssamlar İttifaqı rəssamları sərgidə iştirak etməyə dəvət edir.