Bakı Xoreoqrafiya Akademiyasının (BXA) Tədris işləri üzrə prorektoru, rektor vəzifəsini müvəqqəti icra edən Əziz Qarayusifli və akademiyanın Bədii rəhbəri, Əməkdar artist Nailə Məmməmzadə Rusiyanın Sankt-Peterburq şəhərinə işgüzar səfər edib.
Bakı Xoreoqrafiya Akademiyasından AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində ilkin olaraq akademiya rəhbərliyi və Sankt–Peterburq Dövlət Mədəniyyət İnstitutunun rəhbərliyi arasında görüş keçirilib.
Görüşdə BXA nümayəndlərini institutun birinci prorektoru Sergey Şukşin qarşılayıb. Tərəflər mədəniyyət, xüsusən xoreoqrafiya sənəti sahəsində kadr hazırlığı, təhsil, elmi və mədəni əlaqələrin inkişafı, birgə müsabiqələr, festivallar və konfransların keçirilməsi məsələlərini müzakirə ediblər. Tələbə və müəllim heyəti arasında akademik mübadilə məsələlərinə xüsusi diqqət yetirilib.
Daha sonra qonaqlar institutun saray interyerləri, sinif otaqları, konsert salonları ilə tanış olublar. İnstitutun xoreoqrafiya şöbəsinin müdiri, pedaqoji elmlər namizədi E.Qromova və BXA-nın Bədii rəhbəri Nailə Məmmədzadə hər iki ali təhsil müəssisəsini maraqlandıran məsələləri qaldırıb və onların həyata keçirilmə yollarından danışıblar. Görüşün nəticəsi olaraq iki universitet arasında elm, təhsil və mədəniyyət sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb.
Daha sonra Mariinski teatrında Ə. Qarayusifli və məşhur balet tənqidçisi Aleksandr Maksov arasında görüş keçirilib. Görüşdə xoreoqrafiya sənətinin keçmişi, bu günü və gələcəyinə dair müzakirələr aparılıb. A.Maksovla növbəti görüş və müzakirə üçün razılıq əldə edilib.
Sonra BXA rəhbərliyi məşhur baletmeyster soydaşımız, Rusiyanın Əməkdar incəsənət xadimi, Sankt-Peterburqun Mariinski Teatrı Primorsk səhnəsinin baş baletmeysteri Eldar Əliyev quruluş verdiyi “Min bir gecə”, “Yatmış gözəl”, “Korsar” baletləri Mariinski teatrının tarixi səhnəsində nümayişində iştirak ediblər. “Min bir gecə” baletinin dirijoru isə Eyyub Quliyev olub. Balet tamaşalarının nümayişindən sonra E.Əliyev və Akademiya rəhbərliyi arasında görüş keçirilib. Gələcəkdə Eldar Əliyevin iştirakı ilə BXA-da ustad dəsrlərinin keçirilməsi, rusiyalı müəllimlərin akademiyada seminarlar keçməsi barədə razılıq əldə edilib. Payız aylarında razılaşdırlmış seminarlara start veriləcək.
Səfər ərəfəsində “Возрождение” teatr emalatxanasının baş direktoru Gennadiy Qalitski ilə də görüş baş tutub. Görüş olduqca məhsuldar keçib. G. Qalitski BXA-nın gələcək təmir və quruluşunda, eyni zamanda, avadanlıq və balet paltarlarını alınmasında köməklik göstərəcəyini deyib.
BAX-nın rektor vəzifəsini müvəqqəti icra edən Əziz Qarayusifli hazırda Sankt-Peterburqda təhsil alan BXA məzunu Murad Kərimovla da görüşüb. Görüşdə akademiya məzununun təhsili və fəaliyyəti ilə maraqlanılıb və M. Kərimov təhsilini bitirdikdən sonra BXA ilə əməkdaşlığa dəvət edilib.
Səfərin sonunda isə Azərbaycanın Rusiyadakı baş konsolu Soltan Qasımovla görüş keçirilib. Görüş əsasında tərəflər arasında fikir mübadiləsi aparılıb. Soltan Qasımov istedadlı BXA məzunlarına Sankt-Peterburqda təhsillərini davam etdirməyə köməklik göstərməyə hazır olduğunu bildirib. Eyni zamanda, BXA ilə Rusiya ali təhsil müəssisələri arasında əməkdaşlığın inkişafı üçün köməklik göstərəcəyini vurğulayıb.
Hər il avqustun 17-də zəmanəmizin görkəmli müğənnisi, SSRİ-nin və Azərbaycanın Xalq artisti Müslüm Maqomayevin xatirəsi anılır.
AZƏRTAC xəbər verir ki, bu gün Xalq artisti Müslüm Maqomayevin anadan olmasının 79-cu ildönümü tamam olur.
On dörd yaşında doğma şəhəri Bakıda dənizçilər klubunda çıxış edən Müslüm Maqomayev ilk uğurunu 1962-ci ildə qazanıb. Maestro Niyazinin tövsiyəsi ilə tələbə və gənclərin Helsinkidə keçirilən VIII Ümumdünya Festivalına yollanan Müslüm oradan medalla qayıdıb. Bu münasibətlə populyar "Oqonyok" jurnalı onun portretini və "Bakılı gənc dünyanı fəth edir" sərlövhəli məqalə dərc edib.
Müslüm Maqomayev XX əsrin 60-cı illərində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olub, Milanın dünya şöhrətli "La Skala" teatrında təcrübə keçib.
Ötən əsrin 60-70-ci illərində Müslüm Maqomayevin məşhurluğunun həddi-hüdudu yox idi. Konsert salonlarındakı yerlər azlıq etdiyindən o, stadionlarda minlərlə dinləyici qarşısında çıxış edir, daim qastrol səfərlərində olurdu. Mahnıları yazılan vallar çox böyük tirajla buraxılırdı. Məhz buna görə də onu sovet estradasının son yarım əsrdəki ən parlaq ulduzu, kralı, rəmzi adlandırırlar. Keçmiş SSRİ-də klassik opera ariyalarını estradaya məhz Müslüm Maqomayev gətirib. Təsadüfi deyil ki, o, 31 yaşında SSRİ xalq artisti fəxri adına layiq görülüb.
Dünya şöhrətli müğənninin repertuarında 600-dək əsər var. O həm də gözəl mahnılar müəllifidir. Müslum Maqomayevin ecazkar səslə ifa etdiyi mahnıların sırasında dahi Üzeyir Hacıbəylinin Nizami Gəncəvinin qəzəllərinə bəstələdiyi "Sənsiz" və "Sevgili canan" romanslarının xüsusi yeri var. Ona görə ki, burada üç dahi sənətkarımızın - şair, bəstəkar və müğənninin ruhu görüşür. Onu da etiraf etmək yerinə düşər ki, bu romanslar Müslümə qədər korifey sənətkarların ifasında səslənib. Amma o, bu romanslara elə çalarlar, elə bənzərsiz intonasiyalar gətirdi, elə sevgi ilə yanaşdı ki, onları fərqləndirməyi, özününküləşdirməyi bacardı, fəlsəfi yüksəkliyə qaldırdı.
Onun xalq şairi Nəbi Xəzrinin sözlərinə bəstələdiyi və dillər əzbəri olan, vətənimizin himni kimi əzəmətli səslənən "Azərbaycan" mahnısı da ölkəmizə ithaf olunmuş ən gözəl əsərlərdəndir. Müğənni həm də "Oxuyur Müslüm Maqomayev", "Nizami", "Moskva notlarda" filmlərində çəkilib.
Müslüm Maqomayev çoxşaxəli sənətkar idi. Belə geniş diapazonu, ürəkləri fəth edən həm lirik, həm də güclü səsə çox az rast gəlinir. Müslüm Maqomayev ifa etdiyi hər mahnıda, ariyada yeni bir dünya, öz dünyasını yaradırdı.
Azərbaycan xalqının zəngin musiqi ənənələrinin qorunub saxlanılmasında və müasir dövrdə layiqincə inkişaf etdirilməsində Müslüm Maqomayevin yaratdığı və rəhbərlik etdiyi Azərbaycan Dövlət estrada-simfonik orkestri mühüm rol oynayıb. Orkestrin rəngarəng proqramlarında M.Maqomayev əsil sənətkara xas əzmkarlıqla hər bir ifasını bir aktyorun teatrı səviyyəsinə qaldırmağa nail olub.
M.Maqomayevin milli musiqi mədəniyyətimizin inkişafı sahəsində mühüm nailiyyətləri yüksək qiymətləndirilib və o, müstəqil Azərbaycanın ali mükafatları – "Şöhrət" və "İstiqlal" ordenləri ilə təltif edilib. Ecazkar səsi ilə dünyanı fəth edən Müslüm Maqomayevin 70 illik yubileyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə silsilə tədbirlərlə qeyd olunub.
Onun yoxluğunun acısını daha çox hiss edən sənətkarın ömür-gün yoldaşı, SSRİ xalq artisti, məşhur opera müğənnisi Tamara Sinyavskaya deyir: "Müslüm Maqomayevi yığcam, qısa fikirlərlə təsvir etmək çətindir. O, böyük insan idi. Həyatımın müxtəlif illəri onunla birgə keçmişdir. Fikirlərini mənimlə bölüşərdi. O anlar mənim üçün unudulmaz olduğu qədər də əlçatmazdır. Müslüm Maqomayev ad gününü böyük salonlarda, hay-küylü keçirməyi xoşlamazdı, ancaq dostlarının əhatəsində qeyd edərdi. Hədiyyələri bir o qədər də sevməzdi. Ad günündə onun haqqında gözəl sözlər deyərdilər. Mən bunların şahidi olmuşam. Müslüm Maqomayev bütün dövrlərin musiqiçisidir və ikinci belə bir sənətkar dünyaya gəlməyəcəkdir".
Dünyaya göz açdığı 17 avqustu Azərbaycan təqvimində əlamətdar günə çevirən ölməz Müslüm Maqomayev qəlblərdə elə bir sənət abidəsi ucaldıb ki, onu sevənlərin sayı heç zaman azalmayacaq.
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının nəzdindəki istedadlı uşaqlardan təşkil olunmuş “Oyuq” teatr-studiyasının yetirmələri “Mənim atam qəhrəmandır” adlı silsilə layihəyə qatılıb.
Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Gənclər və İdman Nazirliyi, o cümlədən “Fire Land Production”ın təşkilatçılığı ilə Vətən müharibəsində şəhid olan qəhrəmanların övladları üçün təşkil olunan “Mənim atam qəhrəmandır” adlı bu silsilə layihədə balaca aktyorlar öz məharətlərini göstəriblər.
AZƏRTAC xəbər verir ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin ərazisində, Qız qalasının qarşısında təşkil olunan bu mərasimdə “Oyuq”çular həmyaşıdlarına müxtəlif tamaşalardan səhnəciklər, eləcə də vətənpərvərlik motivli kompozisiyalar nümayiş etdiriblər.
Teatrın repertuarındakı maraqlı səhnə nümunələrindən olan “Şəngülüm, Məngülüm” tamaşası, istedadlı aktrisa Ülviyyə Əliyevanın bu monotamaşası da alqışlarla qarşılanıb.
Milli və xarici nağıl qəhrəmanlarının maskot kuklaları, eləcə də müxtəlif kukla tamaşalarının qəhrəmanları tədbirə xüsusi rəng qatıb.
Xatırladaq ki, kuklaçıların şəhid ailələri, xüsusən də şəhid övladları üçün təşkil olunan tədbirlərdə, müxtəlif qurumların tərtib etdiyi düşərgələrdə çıxışları ənənə halını alıb və bu sistemli olaraq davam edəcək.
Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Nizami Gəncəvi İli" çərçivəsində yay tətilində rəssamlıq istedadı olan uşaq və gənclərin diqqətini çəkən mənzərə, hadisə və əşyaların öz düşüncələri ilə təsvir müstəvisində əks etdirmək bacarıqlarını inkişaf etdirmək məqsədilə “Mənim düşüncəm-2021” adlı respublika uşaq rəsm müsabiqəsi davam edir.
Xətai Sənət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, yaşı 21-ə qədər olan rəssamlar bu ilin oktyabr ayının 10-dək Xətai Sənət Mərkəzinin feysbuq qrupuna (https://www.facebook.com/groups/144172178999749/?ref=share) təqdim etdiyi əsərin fotosunu, əsərin adını, müəllifin adı, soyadı, təvəllüdü, təhsil aldığı məktəbi və əlaqə nömrəsini yerləşdirməklə müsabiqəyə qatıla bilərlər.
Əsərlər tək-tək yerləşdirilməli, məlumatlar dolğun olmalı, 2-dən çox əsər göndərilməməlidir.
Ən çox uşaqların öz duyğu və düşüncələri ilə işlənmiş əsərlər seçiləcək.
Seçim zamanı müəllifin yaşı nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi və ideya əsas götürüləcək.
Seçim zamanı kənar (müəllim, valideyn) müdaxiləsiz işlərə üstünlük veriləcək.
Müsabiqədə xarici ölkə vətəndaşları da iştirak edə bilərlər.
Seçim 3 yaş kateqoriyası üzrə aparılacaq və hər yaş kateqoriyasına ayrıca sərgi keçiriləcək: 11 yaşa qədər, 11-16 və 16-21 yaşarası.
Birinci turdan keçmiş müəlliflərin əsərləri sərgidə nümayiş olunmaq üçün Xətai Sənət Mərkəzinə dəvət olunacaq.
Əgər müsabiqənin münsiflərinin seçimlərindən narazı qalanlar olarsa (müəllim, valideyn və şagird) onlar seçimlərin elan olunduğu vaxtdan 3 iş günü ərzində xsm.2016@mail.ru e-mail ünvanına müraciət edə bilər və təyin olunmuş bir vaxtda münsif üzvünün nəzarəti ilə rəsm çəkməklə özünü təsdiq edə bilər.
Əsəri sərgidə nümayiş olunan müəlliflər sertifikatla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaqlar.
Müsabiqənin yekun sərgisi Xətai Sənət Mərkəzində təşkil olunacaq.
Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadə bütün yaradıcılığı ilə mənsub olduğu millətin yaddaşına hopmuş sənətkarlardandır.
AZƏRTAC xəbər verir ki, bu gün Bəxtiyar Vahabzadənin anadan olmasının 96-cı ildönümü tamam olub.
Müasir Azərbaycan ədəbiyyatının ən parlaq simalarından olan Bəxtiyar Vahabzadə öz yaradıcılığı ilə bədii fikrimizin zənginləşməsində mühüm rol oynayıb. Böyük söz ustası xalqımızın yüz illər boyu təşəkkül tapmış yüksək milli-mənəvi dəyərlərinin qorunması, adət-ənənələrimizin yaşadılması naminə altmış ildən artıq bir müddət ərzində yorulmadan yazıb, yaradıb. O azərbaycançılıq məfkurəsinə dərindən bağlı olan və özünüdərkə çağıran çoxsaylı əsərləri ilə ədəbiyyatımızın inkişafına töhfələr verib. Azərbaycan xalqının tarixinin qədim dövrlərdən bəri müxtəlif mərhələlərində baş vermiş taleyüklü hadisələr, böyük şəxsiyyətlərin parlaq simaları ustad sənətkarın diqqət mərkəzində olub.
Bəxtiyar Vahabzadənin bir alim kimi də Azərbaycan elmi qarşısında xidmətləri danılmazdır. Onun şifahi ədəbi irsimizin, klassik və müasir Azərbaycan ədəbiyyatının öyrənilməsi sahəsində axtarışlarının bəhrəsi olan əsərləri daim elmi ictimaiyyət tərəfindən maraqla qarşılanıb.
Bəxtiyar Vahabzadə ədəbi və elmi yaradıcılığı pedaqoji fəaliyyətlə uğurla əlaqələndirərək, uzun illər Bakı Dövlət Universitetinin professoru kimi Azərbaycanda yüksək ixtisaslı kadrların hazırlanmasına töhfələr verib. 1951-ci ildə "Səməd Vurğunun lirikası" mövzusunda namizədlik, 1964-cü ildə isə "Səməd Vurğunun həyat və yaradıcılığı" mövzusunda monoqrafiyasını müdafiə edib, filologiya elmləri doktoru alimlik dərəcəsini alıb. O, 1980-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib. 2000-cı ildən isə AMEA-nın həqiqi üzvü olub.
Yetmişdən çox şeir kitabı ilə böyük oxucu sevgisi qazanan B.Vahabzadə 2 monoqrafiyanın, 11 elmi publisist kitabın və yüzlərlə məqalənin müəllifi olaraq əsl alim kimi öz sözünü deyib.
Haqsızlığa, ədalətsizliyə qarşı üsyan Bəxtiyar şeirinin əsas leytmotivlərindəndir. Görkəmli söz ustası hələ ötən əsrin 60-cı illərindən ölkəmizdə sovet imperiyasına qarşı milli azadlıq hərəkatının öncüllərindən biri olub. 1959-cu ildə yazdığı "Gülüstan" poeması ilə iki yerə parçalanmış Azərbaycanın tarixi faciəsini dilə gətirərək, imperiya pəncəsi altında inləyən Azərbaycan xalqının azadlıq və istiqlal uğurundakı ədalətli mübarizəsinə qoşulub.
Bəxtiyar Vahabzadə yaradıcılığında baş mövzulardan biri də ana dilidir. Onun qəti qənaətinə görə, dil xalqın varlığının nişanələrindən biri olub, onun ən qiymətli sərvətidir, üstəlik nəsillər silsiləsini birləşdirən, babaların vəsiyyətini nəvələrə çatdıran qüdrətli tərbiyə vasitəsidir. Görkəmli şərqşünas alim Əhməd Şmide yaradıcılığını dərindən öyrəndiyi, əsərlərini alman dilinə tərcümə etdiyi Bəxtiyar Vahabzadə barədə belə deyib: "Bir insanın öz xalqını və öz doğma dilini dəlicəsinə sevə bilmək qabiliyyətini mən Bəxtiyar Vahabzadədən öyrəndim. Bəxtiyar Vahabzadə realist şairdir. Dolaşıq və müəmmalı ifadələr, aydın olmayan tərkiblər və əllaməlik onun sənətinə yaddır".
Bəxtiyar Vahabzadənin tariximizin bir çox hadisələrini canlandıran dram əsərləri gənc nəslin tərbiyəsində böyük rol oynayır. Müasir həyatdakı ziddiyyətlərin, qarşıdurmaların və mənəvi sarsıntıların təsviri ilə yanaşı, yüksək, pak və ülvi hisslərin tərənnümü ədibin dramaturgiyasında təcəssümünü tapıb. Təsadüfi deyil ki, onun pyesləri Azərbaycan, eləcə də xarici ölkə teatrlarının səhnələrində uğurla tamaşaya qoyulub, müəllifinə böyük şöhrət gətirib. Onun müasir mövzularda qələmə aldığı "İkinci səs", "Vicdan", "Yağışdan sonra", "Yollara iz düşür", "Hara gedir bu dünya?", "Fəryad", "Cəzasız günah", "Dar ağacı", "Rəqabət" və "Özümüzü kəsən qılınc" kimi lirik-psixoloji pyesləri günün aktual problemlərindən, müasirlərimizin daxili dünyasından, daim təzələnən həyat və insan münasibətlərindən söz açmaqla gerçəkliyin ən müxtəlif tərəflərinə diqqət cəlb edib, layiqli səhnə təcəssümü taparaq, yarım əsrədək bir müddətdə Azərbaycan səhnəsindən düşməyib. O, tarixi və müasir mövzuda 20-dən artıq irihəcmli poemanın müəllifidir.
Azərbaycan xalqının müstəqilik ideyalarının ilk carçılarından idi Bəxtiyar Vahabzadə. Bu azadlığın çətin və şərəfli iş olduğunu duyaraq bir an belə seçdiyi yoldan nəinki dönmədi, əksinə daim mübarizənin ön cərgəsində oldu. Bəlkə də bu səbəbdəndir ki, 20 Yanvar faciəsi ilə bağlı qələmə aldığı "Şəhidlər" poeması ilə yeni bir tarix yazdı.
Bəxtiyar Vahabzadə millətin məhəbbətinə layiq olduğunu təsdiq etmək üçün ziddiyyətlər içində keçən həyatının bütün cəfalarına çəkinmədən tab gətirib, heç vaxt sarsılmayıb. Elə buna görədir ki, şeirin Bəxtiyarı Azərbaycanın Bəxtiyarı olaraq qəlblərdə əbədi qalıb.
Qırğızıstanın “Piramida” televiziya kanalının “Dostluq körpüsü” proqramının növbəti buraxılışında qardaş Türkiyədə baş verən irimiqyaslı yanğınların söndürülməsində iştirak edən Azərbaycan Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının fəaliyyəti haqqında geniş süjet efirə verilib.
AZƏRTAC xəbər verir ki, proqramda eyni zamanda Qırğızıstanın Azərbaycana yeni təyin olunan səfiri Kayrat Osmonaliyevin bu ölkədəki Azərbaycan icmasının fəalları ilə görüşü və səfirin geniş müsahibəsi yayımlanıb.
Diplomat müsahibədə iki ölkə arasındakı münasibətlərin yeni mərhələyə çıxarılmasının vacibliyindən danışılıb. Səfir Azərbaycan ilə Qırğızıstan arasında indiyədək imzalanan müqavilələrdən irəli gələn vəzifələri yerinə yetirmək üçün səylərini əsirgəməyəcəyini bildirib.
K.Osmonaliyev Azərbaycana yola düşməzdən əvvəl verdiyi müsahibədə iki ölkə arasında əlaqələrin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini, işğaldan azad olunmuş Azərbaycan ərazilərində quruculuq-bərpa işlərinə Qırğızıstan iş adamlarını cəlb etməyə çalışacağını vurğulayıb. Eyni zamanda Bişkek şəhərində Azərbaycan mədəniyyət və ticarət evinin açılması üçün hər iki ölkənin hökumətləri qarşısında məsələ qaldıracağını bildirib.
Xatırladaq ki, proqramın aparıcıları Bişkekdəki “Türkel” Media Qrupunun rəhbərləri Hökümə Xəlilova və Ramiz Məşədihəsənlidir.
Misirin “Nil” dövlət televiziya kanalında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəviyə həsr olunmuş veriliş yayımlanıb.
AZƏRTAC xəbər verir ki, telekanalın redaktoru Fatima Əbdül Qadirin aparıcısı olduğu verilişdə Prezident İlham Əliyevin Sərəncamı ilə 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan edildiyi diqqətə çatdırılıb. Aparıcı Şərqin dahi şair və mütəfəkkirinin həyatı, zəngin yaradıcılığı, dünyaya gəldiyi Gəncə şəhəri haqqında ətraflı məlumat verib. Qeyd edilib ki, Nizami Gəncəvi məşhur “Leyli və Məcnun” poemasını ərəb məhəbbət dastanından ilham alaraq yaradıb. Həmçinin Misirin İsgəndəriyyə Kitabxanasında dahi şairin büstü qoyulub.
Verilişdə diqqətə çatdırılıb ki, gündən-günə qüdrətlənən Azərbaycan ötən il öz torpaqlarının işğaldan azad olunması uğrunda Ermənistana qarşı müharibədə Zəfər qazanaraq ərazi bütövlüyünü bərpa edib.
Süjetdə Azərbaycanın paytaxtı Bakı, ölkəmizin füsunkar təbiət mənzərələri və tarixi abidələrimiz nümayiş etdirilib. Misirli tamaşaçılara məlumat verilib ki, İslam ölkəsi olan Azərbaycan elm, mədəniyyət, təhsil sahələrində böyük uğurlar qazanıb, həmçinin qüdrətli iqtisadiyyata malikdir.
Verilişin qonaqları olan Azərbaycanın Misirdəki səfirliyinin əməkdaşı Emil Rəhimov və EPS dillər mərkəzinin rəhbəri İsra Adil diqqətə çatdırıblar ki, diplomatik nümayəndəliyimizin təşkilatçılığı ilə Qahirədə Nizami Gəncəviyə həsr olunmuş konfrans, habelə EPS dillər mərkəzi ilə birlikdə geniş tədbir keçirilib. Şərq ədəbiyyatı və fəlsəfi fikrinin ən görkəmli nümayəndələrindən olmuş Nizami Gəncəvinin yubileyi münasibətilə tədbirlər dil kurslarına gələn gənclərə Azərbaycan mədəniyyəti və ədəbiyyatı haqqında dərin biliklər verməyə kömək edir. Artıq Azərbaycan dilini öyrənən tələbələr dahi şairin əsərlərini ana dilimizdə oxuya bilirlər. Sonuncu tədbirdə misirli gənclər Nizaminin “Leyli və Məcnun” poeması əsasında hazırlanan kiçik tamaşa da təqdim ediblər.
Avqustun 17-də “YARAT” Film Klubu çərçivəsində “Artım” layihə məkanında keçiriləcək "Transumanato" və "XX-20" qısametrajlı filmləri nümayiş ediləcək.
AZƏRTAC xəbər verir ki, rejissoru və ssenari müəllifi Lena Skripkina olan "Transumanato" filmi "İlahi komediyanın" müəllifi Dantenin cəhənnəmdəki səyahətindən bəhs edir.
Digər ekran əsəri isə XX əsrin Xirosima, blokada və qulaq fəlakətlərini boş bir məzar obrazında təsvir edir. Müasir reallıqla əlaqəli, genetik yaddaş daşıyan və bir əsri özündə birləşdirən üç fəlakəti yenidən düşünməyə vadar edir.
Qeyd edək ki, Lena Skripkinanın əsərləri hazırda “Artım”da davam edən "Yüyürmə! Gördüyün yalnız sərabdır" adlı qrup sərgisində nümayiş olunur.
Bu günlərdə Avropa Milli Kitabxanaları Konfransı (CENL) təşkilatından Azərbaycan Milli Kitabxanasına məktub daxil olub.
Milli Kitabxanadan AZƏRTAC-a bildirilib ki, daxil olan məktubda kitabxananın 2019-cu il üçün hesabatı nəzərdən keçirilərkən bu qurumun ictimaiyyətlə əlaqəsi və ictimaiyyətin kitabxanaya cəlb edilməsi, habelə informasiya resurslarının toplanması məqsədilə həyata keçirdiyi yüksək səviyyəli layihələrin müsbət təcrübə kimi qiymətləndirildiyi qeyd olunub. Bu səbəbdən Azərbaycan Milli kitabxanasının bu sahədəki fəaliyyətinin digər Avropa kitabxanaları ilə bölüşməsi və onlar tərəfindən öyrənilməsi tövsiyyə olunub.
Buna görə də CENL-in bu ilin payızında keçiriləcək vebinarında Azərbaycan Milli Kitabxanasının ictimaiyyətlə əlaqələri və ictimaiyyətin kitabxanaya cəlb olunması, yaxud da kitabxana fandreyzinqi sahəsindəki fəaliyyəti barədə təcrübəsini digər CENL üzvləri ilə bölüşmək məqsədilə əsas məruzəçi kimi çıxış etməsi tövsiyə olunub. Azərbaycan Milli Kitabxanasından əsas məruzəçi təyin olunması barədə xahiş olunub.
Burada Milli Kitabxananın kitabın və mütaliənin təbliği, ictimaiyyətin kitabxanalara cəlb olunması istiqamətində həyata keçirdiyi tədbirlər – kitab təqdimatları və kitab müəllifləri ilə görüşlər, ənənəvi və virtual kitab sərgiləri, 7 gün və 24 saat ərzində fəaliyyət göstərən “Açıq kitabxana” tərəfindən keçirilən rəngarəng tədbirlər, kitabın və ədəbiyyatın təşviqi məqsədilə “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından nəşr olunan 80-dən artıq fundamental biblioqrafiyalar və digər layihələr, ölkə ərazisində nəşr olunan bütün çap məhsullarında pulsuz məcburi nüsxələrin toplanması, ayrı-ayrı nəşriyyatlarla aparılan kitabtoplama işləri, habelə digər ölkələrin milli və universitet kitabxanaları ilə aparılan aktiv fəaliyyət və bu istiqamətdə həyata keçirilən tədbirlər əsas meyar kimi nəzərə alınıb.
Milli Kitabxananın informasiya resurslarının toplanması və fandreyzinq sahəsində fəaliyyəti qiymətləndirilərkən Milli Kitabxananın Mədəniyyət Nazirliyi ilə birgə Heydər Əliyev Fondunun fəal dəstəyi ilə 2019-cu ildən həyata keçirməyə başladığı “Milli mənəvi dəyərlərimizin Vətənə qayıdışı” layihəsi çərçivəsində dünya milli kitabxanalarında mühafizə olunan Azərbaycan ədəbiyyatının klassiklərinə mənsub olan qiymətli əlyazmalarının rəqəmsal (digital) nüsxələrinin Azərbaycan Milli Kitabxanasına gətirilməsi istiqamətində həyata keçirilən tədbirlər xüsusilə diqqətəlayiq hesab olunub. Belə ki, 2019-cu ildə Nizami Gəncəviyə, İmadəddin Nəsimiyə, Məhəmməd Füzuliyə, Nəsrəddin Tusiyə, Xəqani Şirvaniyə, Sahib Təbriziyə və digər klassik şairlərimizə mənsub olan və bu və ya digər səbəbdən vaxtilə xarici ölkələrə daşınan 58 qiymətli əlyazmanın rəqəmsal nüsxələri ölkəmizə gətirilərək kitab şəklində çap olunaraq mütəxəssislərin istifadəsinə verilib.
“Nizami Gəncəvi İli” çərçivəsində bu il həmin layihə üzrə Heydər Əliyev Fondunun dəstəyi ilə dahi Nizami Gəncəvinin dünyanın müxtəlif kitabxana və muzeylərində mühafizə olunan 200-ə yaxın qiymətli əlyazmalarının rəqəmsal nüsxələrinin Azərbaycan Milli Kitabxanasına gətirilməsi təmin olunub. Hazırda bu əlyazmaların ən qiymətlilərinin üzərində işlər aparılır və ilin sonunadək onların elektron məlumat bazası ictimaiyyətə təqdim olunacaq.
Bütün bunları nəzərə alaraq CENL katibliyi bu ilin payızında keçiriləcək vebinarında Azərbaycan Milli Kitabxanasını əsas məruzəçi kimi çıxış etməyə dəvət edib.
Azərbaycan Milli Kitabxanası tərəfindən CENL-in bu ilin payızında keçiriləcək vebinarında əsas məruzəçi kimi kitabxananın Kitabxana-informasiya xidməti və beynəlxalq əlaqələr üzrə direktor müavini Ədibə İsmayılova təyin olunub.