Avqustun 20-də “Artım” layihə məkanında rejissor və ssenarist Deniel Kokbernin “Sən burdasan” filmi nümayiş ediləcək.
AZƏRTAC xəbər verir ki, rejissorun ərsəyə gətirdiyi fəlsəfi bədii film izləyiciləri meta-detektiv səyahətə çıxmağa dəvət edir.
Xronometrajı 78 dəqiqə olan ekran əsəri Azərbaycan dilində subtitrlərlə göstəriləcək.
Azərbaycan "Junior Eurovision 2021" mahnı müsabiqəsində iştirak edəcək.
Report İTV-yə istinadən xəbər verir ki, ölkəmizi müsabiqədə Sona Əzizova təmsil edəcək.
Hazırda mahnı seçimi işləri aparılır.
Qeyd edək ki, Avropa Yayım Birliyi (EBU) və Fransa Televiziyasının birgə təşkilatçılığı ilə ərsəyə gətiriləcək müsabiqə dekabrın 19-da Parisin Sequin adasındakı “La Siene Musicale” konsert salonunda keçiriləcək.
Daşkənddə özbək dilində çap olunan “Kitob dunyasi” qəzetinin Özbəkistanın Dövlət müstəqilliyinin 30 illiyi ilə bağlı keçirdiyi beynəlxalq poeziya müsabiqəsinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, azərbaycanlı şair Əkbər Qoşalı və vyetnamlı May Van Fan müsabiqənin qalibləri elan edilib.
Müsabiqənin münsiflər heyətinin tərkibində Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva da olub.
Qaliblərin şeirlərini özbək dilinə Raxmat Babajon və Mansur Jumayev tərcümə edib.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının əməkdaşı G.Məmmədova “Çəng” musiqi aləti haqqında videoçarx hazırlayıb.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, videoçarxda musiqi aləti haqqında ətraflı məlumat verilib.
Çəng–simli musiqi alətidir. Çağdaş arfanın sələfidir. Arfanın ən qədim növüdür. Bir sıra Şərq xalqlarının çəngi olsa da, Azərbaycanda olanı ən böyük diapozonlusu olub. Azərbaycan çənginin 31-32 simi olub.
Eramızdan çox-çox əvvəllərə aid edilən çəng musiqi aləti XVI əsrin II yarısına kimi Azərbaycanda istifadə edilib.
Onun üzünə ceyran və ya balıq dərisi çəkilir, simləri ipək və ya bağırsaqdan hazırlanıb. Orta əsrlərdə Azərbaycanda çox geniş yayılmış qədim musiqi alətlərindən biridir. Yazılı mənbələrdə və miniatür sənət əsərlərində çəng haqqında məlumat olduqca çoxdur.
Şərq əfsanələrində bu alətin ilahi qüvvə tərəfindən yaradıldığı deyilir. Hətta onu "Müqəddəs mələk" də adlandırıblar.
Videoçarxı kitabxananın feysbuk və yutub kanallarından izləyə bilərsiniz.
Avqustun 13-ü Xalq artisti Sədayə Mustafayevanın anım günüdür.
AZƏRTAC xəbər verir ki, 78 il ömür yaşamış sənətkar bir-birindən maraqlı obrazlar qalereyası yaradıb.
Sədayə Mustafayeva 1926-cı il iyulun 15-də Şəki şəhərində anadan olub. 5 illik orta təhsilini bitirdikdən sonra Böyük Vətən müharibəsi başladığından atası İsmayılı və qardaşı Məhəmmədi müharibəyə yola salan Sədayə Şəkidə fəaliyyət göstərən İpəkçilik kombinatında Lətifə adlı bir ustanın yanında işləməyə başlayıb.
Sonradan Şəki Dövlət Dram Teatrına aktrisa kimi gətirilib. Bir müddət burada bir-birinin ardınca maraqlı obrazlar qalereyası yaradan Sədayə Mustafayeva daha sonra fəaliyyətini Ağdaş və Göyçay teatrlarında davam etdirib.
1950-ci ilin mart ayında Gəncə Dövlət Dram Teatrının direktoru, Xalq artisti, teatr və kino aktyoru, rejissor Məhəmməd Bürcəliyevin dəvəti ilə Sədayə xanım Gəncə Dövlət Dram Teatrına aktrisa kimi dəvət alıb. Bu teatrın səhnəsində 400-dən artıq maraqlı obrazlar yaradıb. "Vaqif"də Xuraman, Gülnar, "Aydın"da Gültəkin, "Pəri Cadu"da Pəri, "Solğun çiçəklər"də Sara, Pəri, Gülnisə, "Otello"da Emilya, "III-Riçard"da Yelizaveta, "Sokratla söhbətlər"də Ksantipa, "İtkin gəlin"də Səbihə, "Yad qızı"nda Həcər xanım, "Dairəni genişləndirin"də Aliyə, "Təbilçi qız"da Nila, "Kəndçi qız"da Bənövşə, "Dəli Kür"də Şahnigar, "Ana vüqarı"nda Ana, "Bəraət"də Rəşidə xanım, "Atayevlər ailəsi"ndə Dilşad xanım, "Xurşidbanu Natəvan"da Natəvan, "Qonşular"da Mətanət, "Almaz"da Almaz, "Sən həmişə mənimləsən"də Nargilə, "Mahnı dağlarda qaldı"da Rəxşəndə xanım və s. obrazları S.Mustafayeva yaradıcılığının ən gözəl nümunələrindəndir. Bu gün Gəncə Dövlət Dram Teatrında fəaliyyət göstərən əksər aktyor və aktrisa truppası məhz S.Mustafayeva məktəbinin yetirməsidir.
Xalq artisti S.Mustafayeva, həmçinin Azərbaycan filmin istehsalı olan 20-dən artıq filmə çəkilib. "Qanun naminə"də Xatun, "Mən ki gözəl deyildim"də Gözəl, "Şərikli çörək"də Şamama, "Qaynana"da Mülayim, "Ölsəm bağışla"da Suğra xala, "Ağ atlı oğlan"da Mirvari nənə, "Həm ziyarət, həm ticarət"də Ana, Amerika kinematoqrafçılarının istehsal etdiyi "İlk körpü" filmində Əsmər və s. filmlərini misal göstərmək olar. 1958-ci ildə "Əməkdar artist", 1981-ci ildə isə "Xalq artisti" fəxri adlarına, həmçinin 2003-cü ildə Azərbaycan Respublikası Prezidentinin Fərdi təqaüdünə layiq görülüb.
Sədayə Mustafayeva 2004-cü il avqustun 13-də Gəncə şəhərində vəfat edib.
“Amazon” şirkətinin TV və film istehsalı bölməsi məşhur “Üzüklərin hökmdarı” (“The Lord of the Rings”) serialının bundan sonrakı çəkilişləri Yeni Zelandiyada yox, Böyük Britaniyada baş tutacaq.
Report xarici KİV-ə istinadən xəbər verir ki, birinci mövsümün çəkilişləri avqustun 2-də başa çatıb və növbəti çəkilişlər sentyabrda başlanacaq. Çəkilişlərin yekun mərhələsi 2022-ci ilin iyun ayınadək Yeni Zelandiyada davam etdirilsə də, ikinci mövsümün çəkilişləri Böyük Britaniyada aparılacaq. Bu barədə şirkət açıqlama verib.
Beləliklə, ingilis yazıçısı və Oksford Universitetinin professoru C.Tolkienin fantastik romanı əsasında ekranlaşdırılan serialın çəkilişləri ilk dəfə Yeni Zelandiya ərazisindən kənarda aparılacaq. Yeni Zelandiya iqtisadi inkişaf naziri Stuart Nəş bu qərardan məyus olduqlarını bildirib.
Azərbaycanlı opera müğənnisi, beynəlxalq müsabiqələr laureatı Məhərrəm Hüseynov Sankt -Peterburqdakı Mariinski Teatrının tarixi səhnəsində fransız bəstəkarı Leo Delibesin "Lakme" operasının nümayişi ilə çıxış edib.
AZƏRTAC Rusiya KİV-inə istinadən xəbər verir ki, "Ağ gecələrin ulduzları" musiqi festivalının proqramına daxil edilmiş "Lakme" operasında Nilakanta rolunu Məhərrəm Hüseynov canlandırıb. Onun çıxışı böyük maraqla qarşılanıb.
Qeyd edək ki, M.Hüseynov teatrın qonaq solistidir.
Tanınmış kinorejissor, ssenarist və prodüser Rüfət Əsədovun çəkdiyi “Əgər səni unutsam, ey Qüds” adlı sənədli filmin çəkilişləri yekunlaşıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan – İsrailin birgə istehsalı olan filmin çəkilişlərinə 2016-cı ildə başlanıb. Çəkilişlər Azərbaycanda – Bakı şəhərində, İsmayıllı rayonunun Müci-Qaftaran kəndində, İsraildə isə Qüds, Tel-Əviv və Hayfa şəhərlərində aparılıb.
Filmdə dağ yəhudisi Rəşid Ağayevin həyatından bəhs olunur. Ekran əsərində dağ yəhudilərinin Azərbaycanda yaşam tarixindən bəhs edilir. Filmdə Azərbaycandan olan yəhudilərin harada yaşamalarından asılı olmayaraq hər zaman Azərbaycanı xatırladıqları, sevdikləri bir daha nümayiş edilir.
Qeyd edək ki, rejissorun daha əvvəl çəkdiyi “Vahimə”, “Quba yəhudiləri”, “Antropoloji sənəd”, “Kənddə sonuncu yəhudi” və s. filmlər ABŞ, Xorvatiya, Fransa və digər ölkələrdə keçirilən nüfuzlu kinoforumlarda uğurla iştirak edərək mükafatlara layiq görülüb. Rüfət Əsədov Dağ Yəhudilərinin Mədəniyyət və Ənənələrinin Qorunub Saxlanılması Beynəlxalq Xeyriyyə Fondunun təsis etdiyi Sergey Vaynşteyn adına mükafatın laureatıdır.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı Ü.Zeynalova Qazaxın ilk şəhid-həkimi Adil Əfəndiyev haqqında videoçarx hazırlayıb.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, videoçarxda şəhidlik zirvəsinə ucalan hərbi həkim leytenant Adil Əfəndiyev haqqında geniş məlumatlar yer alıb.
Bildirilir ki, 44 gün davam edən və ölkəmizin tarixi Zəfəri ilə başa çatan Vətən müharibəsi bizləri eyni amal ətrafında bir yumruq kimi birləşdirib. Neçə-neçə igid Vətən oğulları, Qarabağın azadlığı uğrunda gedən haqq savaşının iştirakçısı, şəhid və ya qazi olublar. Şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərmək isə hər kəsin vətəndaşlıq borcudur. Tibb xidməti leytenantı Adil Əfəndiyev də belə igidlərdən biridir.
Azərbaycan Ordusunun leytenantı olan hərbi tibb qulluqçusu Adil Əfəndiyev 1995-ci il avqustun 12-də Qazax rayonunda anadan olub. 2001-ci ildə rayonun Mehdi Hüseyn adına məktəb-liseyində 1-ci sinfə başlayıb. 2012-ci ildə həmin məktəbi əla qiymətlərlə bitirdikdən sonra, Azərbaycan Tibb Universitetində “Hərbi həkim işi” ixtisasına daxil olub. 2018-ci ildə isə universiteti bitirib təyinatla Naxçıvan Muxtar Respublikasının Culfa rayonuna göndərilib. Burada tibb xidməti rəisi vəzifəsində çalışıb.
Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı, hərbi həkim Adil Əfəndiyev 2020-ci il oktyabrın 22-də Qubadlı rayonu istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
Videoçarxla kitabxananın feysbuk və instaqram səhifələrindən tanış ola bilərsiniz.
Azərbaycan ilə Türkiyə arasında turizmin inkişafı, turistik səfər saylarının artırılması, qarşılıqlı əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və təcrübə mübadiləsinin aparılması məsələləri avqustun 12-da Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı arasında müzakirə olunub.
Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə pandemiyadan öncə Azərbaycana səfər edən əcnəbilər arasında Türkiyə vətəndaşlarının ilk sıralarda yer aldığını deyən Fuad Nağıyev cari ilin iyunun 10-dan etibarən Türkiyə vətəndaşları üçün hava sərhəddinin açıq elan ediməsinin yenidən səfər sayının artımına müsbət təsir etdiyini bildirib. Agentlik sədri 2021-ci ilin yanvar - iyul aylarında Azərbaycana 92.550 türkiyə vətəndaşının səfər etdiyini qeyd edib.
Fuad Nağıyev Türkiyə səfirinə hazırda pandemiya şəraitinə uyğun olaraq iki ölkə arasında həyata keçirilən uçuşlar haqda məlumat verib, cari ildə Dövlət Turizm Agentliyinin, eləcə də turizm sənayesi nümayəndələrinin, turizm təşkilatlarının Türkiyədə keçirilən bir sıra tədbirlərdə iştirak etdiyini, turizm əlaqələrinin genişləndirilməsi üçün b2b formatlı görüşlər keçirdiyini diqqətə çatdırıb.
Agentlik sədri ölkə turizminin üzləşdiyi çətinliklərə baxmayaraq yenidən bərpa prossesinə başladığını, hələlik əsasən daxili turizmin inkişafında müsbət artımın olduğunu bildirib. Görüş zamanı Fuad Nağıyev türkiyəli turistləri Azərbaycanı yenidən kəşf etməyə, ölkənin regionlarına səfər etməyə çağırıb.
Uzun illər Azərbaycanlı turistlərin istirahət üçün üz tutduğu ölkələr sırasında Türkiyənin ilk yerlərdə olmasından məmnunluq hiss etdiyini deyən səfir Cahid Bağçı təkcə siyasi arenada deyil, turizm sahəsində də əməkdaşlıq əlaqələrininin daha da genişləndirilmsinə ehtiyac olduğunu bildirib.
Səfir qarşılıqlı səfərlərin artacağına, qardaşlıq və dostluq əlaqələrinin daha da inkişaf edəcəyinə inamını ifadə edib.
Görüş zamanı pandemiyadan sonrakı dövrdə turizmin bərpası istiqamətində planlaşdırılan işlər haqqında da qarşılıqlı fikir mübadiləsi aparılıb.