Xaçmaz Regional Mədəniyyət İdarəsi Quba rayon MKS-nin Alpan kənd kitabxana filialı tərəfindən açıq havada “nağıl saatı” təşkil olunub. MKS-nin Mərkəzi və Hacıhüseynli kənd kitabxanalarının əməkdaşları isə açıq havada səyyar kitabxana xidməti təşkil ediblər.
AZƏRTAC xəbər verir ki, Masallı Regional Mədəniyyət İdarəsi Masallı rayon Heydər Əliyev Mərkəzində “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı çərçivəsində rayonun bir qrup gənci üçün yay ekskursiyası təşkil edilib. Mərkəzin bələdçisi Şəfa Xəlilova gəncləri ekspozisiya ilə tanış edib.
Ağdaş Regional Mədəniyyət İdarəsinin tabe müəssisəsi – Göyçay şəhərindəki rayon Heydər Əliyev parkında gənc həvəskar rəssam İlahə Bəkirovanın rəsm sərgisi keçirilib. Göyçay rayon Heydər Əliyev Mərkəzində isə “Sağlam gəncliyimiz” layihəsi çərçivəsində görüş baş tutub. Görüşdə insan sağlamlığına ciddi ziyan vuran zərərli vərdişlərdən qurtulmaq metodları, dövrün ağır bəlası olan narkomaniya və onunla mübarizə yolları, o cümlədən sağlam həyat tərzi üçün zəruri addımlar diqqətə çatdırılıb.
Lənkəran Regional Mədəniyyət İdarəsi Lənkəran rayonu Tatova kənd, Haftonu qəsəbə Sənətkarlıq klubları və Astara rayonunun sənətkarları Bilgəh istirahət mərkəzində təşkil edilən “Etnobazar” sərgisində iştirak ediblər. Sərgi zamanı cənub bölgəsinə xas olan həsir, zənbil, toxunma papaq, eləcə də bambukdan əl işləri nümayiş olunub.
Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı Beyləqan rayon Heydər Əliyev Mərkəzində rayon Mədəniyyət Mərkəzinin “Gənclik” xalq teatrının üzvləri ilə görüş keçirib. Görüşdə xalq teatrının üzvlərinin təklifləri müzakirə olunub. İdarənin rəisi kollektivin gələcək fəaliyyətinin daha da səmərəli təşkili istiqamətində tapşırıqlar verib. Regional idarənin Xocavənd rayon Mərkəzi Kitabxanası isə açıq havada kitab sərgisi keçirib.
Ağstafa Regional Mədəniyyət İdarəsi Tovuz rayon Heydər Əliyev Mərkəzi və Dövlət Rəsm Qalareyasının birgə təşkilatçılığı ilə 12 avqust – Beynəlxalq Gənclər Günü ilə bağlı “Qələbə əzmli gənclik” mövzusunda dəyirmi masa və gənclərin əl işlərindən ibarət sərgi təşkil edilib.
Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mərkəzi Kitabxanası tanınmış yazıçı, Əməkdar mədəniyyət işçisi Ələviyyə Babayevanın (1921–2014) 100 illiyinə həsr olunmuş “Məğrur Azərbaycanın məğrur, sevimli yazıçısı” adlı tədbir keçirib.
Bərdə Regional Mədəniyyət İdarəsi Yevlax şəhər MKS-nin Səmədabad kənd kitabxana filialı oxuculara səyyar kitabxana xidməti təşkil edib.
Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon MKS-nin Mərkəzi Kitabxanasının oxuculara xidmət şöbəsi Xalq şairi Qabilin (1926–2007) anadan olmasının 95 illiyi ilə əlaqədar videoçarx hazırlayıb.
İsmayıllı Regional Mədəniyyət İdarəsi Şamaxı rayon M.Ə.Sabirin Ev-Muzeyində “İnsanı insanlara sevdirən nasir – Ələviyyə Babayeva” mövzusunda dəyirmi masa təşkil edilib. Tədbir yazıçının anadan olmasının 100 illiyinə həsr edilib.
Şəki Regional Mədəniyyət İdarəsi Oğuz rayon MKS-nin Baş Daşağıl kənd kitabxana filialının və kənd Sənətkarlıq klubunun birgə təşkilatçılığı ilə “Ən qorxulu xəstəliklərin mənbəyi – narkomaniya” mövzusunda informasiya saatı keçirilib. Regional idarənin Zaqatala rayon MKS-nin Kəpənəkçi kənd kitabxana filialı isə kənddəki körpələr evində “Sevimli nağıllarımız” başlıqlı nağıl saatı təşkil edib.
Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Vətən müharibəsi şəhidi Cabbarov Şahgündüz Habil oğluna həsr olunmuş “Gözləyin dağlar, gəlirəm” adlı kitabın təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, avqustun 12-də Mərdəkan Mədəniyyət Sarayının qarşısında təşkil olunan tədbirdə rayon icra hakimiyyətinin təmsilçiləri, şəhidin ailə üzvləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə qonaqlar Xəzər rayonunun gənc rəssamları tərəfindən çəkilən “Şəhid Şahgündüz Cabbarov gənc rəssamların gözü ilə” adlı rəsm sərgisi və şəhidimizə həsr olunan guşə ilə tanış olublar.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Təqdimat mərasimində Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında zəfər çaldığımız 44 günlük Vətən müharibəsində şəhid və döyüşçülərimizin şücaətindən danışıb.
Daha sonra Milli Məclisin deputatı Soltan Məmmədov, Mahir Abbaszadə, Xəzər Rayon Ziyalılar Cəmiyyətinin sədri Təvəkkül Səlimov, Laçın Rayon İcra Hakimiyyəti başçısının müavini Aynurə Həsənova və digər natiqlər çıxış edərək, Zəfər gününə qədər Qarabağda və arxa cəbhədə gedən proseslərdən, xalqımızın yumruq kimi birləşərək ordunun arxasında durmasından danışıblar. Natiqlər qeyd ediblər ki, şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi onların müqəddəs ruhları qarşısındakı hər bir kəsin borcudur.
Sonra kitabın redaktoru, “Laçın yurdu” jurnalının baş redaktoru Arif Məmmədli nəşrin ərsəyə gəlməsindən söz açıb.
Şəhid Şahgündüz Cabbarovun atası Habil Cabbarov kitabın hazırlanmasında, işıq üzü görməsində və təqdimat mərasiminin keçirilməsində zəhməti olan hər kəsə ailəsi adından minnətdarlığını bildirib.
Sonda gənc rəssamlar tərəfindən çəkilən rəsm əsərləri şəhidin ailə üzvlərinə təqdim olunub.
“YARAT” Müasir İncəsənət Mərkəzində açılan Azərbaycan, Gürcüstan, İsrail və Ukraynadan olan gənc perspektivli rəssamların yeni qrup sərgisi ziyarətçilər üçün fəaliyyətini davam etdirir.
AZƏRTAC xəbər verir ki, "XX əsrin son çiçəkləri: Y nəsli" adlanan bu sərgi, millenialların şəxsiyyətini əsas mövzular, suallar və problemlər vasitəsilə araşdırır.
"Y nəsli" və ya "milleniallar" – XX əsrdə doğulmuş, lakin yeni minillikdə böyümüş insanlardır. Onları əvvəlki və sonrakı nəsillərdən fərqli olan insanlar kimi dəyərləndirirlər ki, bu da həmin nəslin unikallığını vurğulayır. Ötən əsrin "son çiçəkləri" sayılan bu nəsil, mövcud reallığı şəxsi reallıqları vasitəsilə qurublar.
Sərgi başlıca diqqəti sosial qavrayışın müxtəlif səviyyələri vasitəsilə özünüidentifikasiya və özünüifadə üsullarına cəlb edir. Sərgi sovet keçmişinə istinad edən reallığı əks etdirməklə rəssamların gənclik təcrübəsini ifadə edir. Statik və ya dinamik, durğun və ya mütərəqqi – burada insanların həyatı necə qavraması ilə bağlı müxtəlif təsvirlər var. Yaddaş və nostaljiyə qərq olan əsərlər, sözügedən nəslin formalaşmasında həlledici amil kimi çıxış edən sosial mühiti tədqiq edir. Əsərlər mədəniyyət, submədəniyyət və tendensiyalar kimi anlayışlara nəzər salaraq, həyat tərzi və davranışla bağlı əsas ahəngləri ortaya qoyur.
"XX əsrin son çiçəkləri: Y nəsli" 6 gənc rəssamın video, fotoqrafiya və fotoinstalyasiyalarını bir araya gətirir. Alina Orlov (İsrail), Giorgi Rodionov (Gürcüstan), Zamir Süleymanov (Azərbaycan), Yarema Malaşçuk və Roman Himey (Ukrayna), həmçinin Saşa Kurmazın (Ukrayna) seçilmiş əsərləri, eyni zaman kəsiyində yaşayan və müxtəlif ölkələrdən olan gənclərin fərqli reallıqlarını, dəyərlərini və qavrayışlarını nümayiş etdirir.
Dekabrın 30-dək açıq qalacaq sərginin kuratoru Fərəh Ələkbərlidir.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli filialı yazıçı Ələviyyə Babayevanın 100 illiyi ilə əlaqədar "Zərif qəlbli məğrur yazıçı” adlı videoçarx hazırlayıb.
AZƏRTAC xəbər verir ki, XX əsr Azərbaycan nəsrində öz dəstxəti ilə seçilən, müraciət etdiyi həyati mövzularla oxucuların rəğbətini qazanan ədiblərdən biri də yazıçı Ələviyyə Babayeva olub.
Ələviyyə Hənifə qızı Babayeva 1921-ci il avqustun 12-də Bakıda dünyaya göz açıb. Orta təhsilini başa vurduqdan sonra Tibb İnstitutuna qəbul olunub. Üçüncü kursda oxuyarkən hiss edib ki, qəlbində həkimlik sənəti yox, ədəbiyyat, şeir çağlayır. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olan Ələviyyə tələbə ikən ədəbi yaradıcılığa dərin maraq göstərib.
Görkəmli ədəbiyyatşünas, professor Əkrəm Cəfər yazıçının yaradıcılığını yüksək qiymətləndirərək yazıb: “Elmi-bədii ədəbiyyat əsəri necə olar? Əgər məndən bunu soruşsaydılar, deyərdim: “Gedin, Ələviyyənin əsərlərini oxuyun”.
Taleyi qəhrəmanlarının həyatına bənzəyən Ələviyyə xanım Tanrının verdiyi ömür payını təmənnasız yaşayıb. Ahıl çağlarında ümummilli lider Heydər Əliyev ona Prezident təqaüdü verib. O, bu haqda yazır: “Yazıçılar Birliyindən Prezident təqaüdünə xeyli yazıçı təqdim edilir. Deyilənə görə, Heydər Əliyev siyahını başdan-ayağa oxuyub və deyib: “Bəs Ələviyyə Babayevanın adı hanı?” Heç kəsin cavabını gözləmədən öz əli ilə adımı həmin siyahıya yazıb. Heydər Əliyev mənim yaradıcılığımı, mərdliyimi, cəsarətimi qiymətləndirib. Əsərlərimi oxuyurdu və bəyənirdi”.
İstedadlı qadın yazıçılarımızdan olan Ələviyyə Babayeva 23 sentyabr 2014-cü ildə, 93 yaşında dünyasını dəyişib.
Türkiyənin “Net Kitaplık” nəşriyyatında gənc musiqişünas Ecem Tuğçe Akbulutun “Maestro Niyazi Tağızadə: Sovet dövründə Azərbaycan və Türkiyə münasibətlərində mədəniyyət elçisi” adlı monoqrafiyası türk dilində nəşr olunub.
Kitab gənc tədqiqatçının eyni mövzuya həsr olunmuş İstanbul Universiteti Humanitar Elmlər İnstitutunda uğurla müdafiə etdiyi magistratura dissertasiyası işi əsasında hazırlanıb.
AZƏRTAC xəbər verir ki, zəngin mənbələr və sənədlər əsasında yazılmış və üç fəsildən ibarət olan bu monoqrafiyanın birinci fəsli “Mədəni diplomatiya anlayışı və SSRİ dövründə Türkiyə-Azərbaycan mədəni münasibətləri”nə həsr edilib. Bu fəsildə mədəni diplomatiyanın nəzəri –konseptual əsasları tədqiq olunur, keçmiş sovet dövründə Azərbaycan və Türkiyə arasında mədəni əlaqələrin əhəmiyyətli məqamları çoxsaylı mənbələr əsasında tədqiq edilir.
Niyazinin həyat və yaradıcılığına həsr olunmuş ikinci fəsildə maestronun uşaqlıq və gənclik illəri, yaradıcılıq dövrü, dirijorluq sənətinə aparan yol nəzərdən keçirilir. Həmçinin Niyazinin bir sənətkar kimi yetişməsində ölkənin musiqi elitasına məxsus ailəsinin yaratdığı sənət mühitinin əhəmiyyətli rolu, xüsusilə əmisi, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin rolu bir yarımfəsildə ayrıca olaraq araşdırılır. Niyazinin dirijorluq və bəstəkarlıq fəaliyyətinin musiqişünaslıq nöqteyi- nəzərdən geniş şəkildə tədqiq olunduğu bu fəsildə, həm də Azərbaycan xalqının və müstəqil Azərbaycan dövlətinin dahi sənətkarın musiqi mirasına və xatirəsinə verdiyi əməli qiymət konkret faktlarla xüsusi olaraq nəzərə çatdırılır.
Monoqrafiyanın üçüncü fəsli Niyazinin 1960 və 1980-ci illər arasında Türkiyədə yaradıcılıq fəaliyyətinə həsr olunub. Bu fəsildə Niyazinin Türkiyədə çalışdığı dövr ərzində dirijorluq etdiyi musiqi əsərləri haqqında məlumat verilir, onun Nazim Hikmət, Adnan Sayqun, Cəmal Rəşid Rey, İdil Biret kimi türk ziyalıları və incəsənət xadimləri ilə münasibətləri xüsusi şəkildə təhlil edilir. Müəllif tərəfindən Niyazinin Türkiyədəki yaradıcılığı həm türk simfonik musiqisinin inkişafı kontekstində, həm də ideoloji buxovların hakim olduğu sovet dövründə Azərbaycan-Türkiyə mədəni münasibətlərində oynadığı əhəmiyyətli rol baxımından dəyərləndirilir.
192 səhifədən ibarət kitabın sonunda tədqiqatın mahiyyətini ifadə edən geniş nəticə, ədəbiyyat siyahısı və Niyazinin Türkiyədəki fəaliyyət dövrünü əks etdirən fotosalnamə oxuculara təqdim edilir.
İranın İRNA dövlət informasiya agentliyinin saytında “Dünyanın ən gözəl muzeyləri memarlıq sənəti obyektivindən” sərlövhəli məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalədə dünyanın ən gözəl və ecazkar muzeylərinin memarlıq xüsusiyyətlərindən bəhs edilir. Belə ki, ABŞ, Braziliya, İspaniya və digər ölkələrin bənzərsiz memarlıq nümunələri haqqında məlumatlar verilir.
Məqalədə məşhur memar Zaha Hadid tərəfindən layihələndirilən Heydər Əliyev Mərkəzinin memarlıq xüsusiyyətləri haqqında da məlumatlar yer alıb.
Qeyd edək ki, Bakıda yerləşən Heydər Əliyev Mərkəzinin binası dünya memarlığının incisi kimi tanınır və ilk gündən müasir Bakının memarlıq simvoluna çevrilib.
Avqustun 12-də Azərbaycan Prezidenti İlham Əliyev görkəmli qazax şairi və ictimai xadim Oljas Süleymenovu qəbul edərkən ona “Şərəf” ordenini təqdim edib.
Report-un xəbərinə görə, Prezident İlham Əliyev görüş zamanı Oljas Süleymenovun Azərbaycanın bir neçə ali mükafatı ilə təltif olunduğunu xatırladıb.
Dövlət başçısı Oljas Süleymenovun Azərbaycanla Qazaxıstan arasında mədəni əlaqələrin inkişafına verdiyi töhfələrə görə bu ilin may ayında “Şərəf” ordeni ilə təltif edildiyini bildirib və ordeni görkəmli qazax şairinə təqdim edib.
Mədəniyyət Nazirliyinin “İslam irsimizi tanıyaq” layihəsi çərçivəsində təqdim etdiyi növbəti material İçərişəhərdəki “Cümə” məscidinə həsr olunub.
Bu barədə AZƏRTAC-a Mədəniyyət Nazirliyindən bildirilib.
Məlumatda qeyd edilir ki, İçərişəhərdə yerləşən məscid qədim atəşgah məbədinin yerində ucaldılıb. Məscidin divarına həkk olunmuş bir yazıda binanın inşası haqqında belə deyilir: “709-cu ilin (1309-1310) rəcəb ayında Əmir Şərəf-Əddin Mahmud bu tikilini yeniləmək əmri vermişdir”.
Оtаqlаrı çохbölməli, düzgün оlmаyаn аltıbucаq fоrmаlı məscidin qеyri-аdi plаnı, еləcə də kvаdrаtа dахil edilib və pilləli qübbələr sistеmi ilə örtülmüş nisbətən iri ibаdət zаlı, binаnın dахili məkаnının хüsusi gözəlliklə tikilməsinə zəmin yaradıb.
ХV əsrdə ibаdət zаlının охu üzrə məscidin şimаl divаrındа, möminləri ibаdətə çаğırmаq üçün еyvаn funksiyasını daşıyan stаlаktit qurşаqlı, tаclı, möhtəşəm minаrə tikilib. Minаrənin şаquliliyi və ibаdət zаlının еcаzkаr kаşılı günbəzinin kоnus fоrmаsı, mеmаrlıq sənətinin inkişаfını göstərir və məscidin ümumi kоmpоzisiyаsınа nоvаtоrluq еlеmеnti, gətirir. Bu Şirvаnşаhlаr Sаrаyı kоmplеksi abidələrində də öz əksini tаpmış qеyri-аdi stilistik istiqаmət idi.
Minarənin tarixi Came məscidinin inşasından daha əvvəlki dövrə aiddir. Minarənin, arxeoloji qazıntılar nəticəsində aşkar olunan bünövrə daşındakı kitabədə Elxani sultanı Məhəmməd Olcaytunun yarlığının mətni həkk olunub.
ХIХ əsrin sоnu ХХ əsrin əvvəllərində Bаkının vаrlı аdаmlаrındаn biri Hаcı Şıхəli Dаdаşоv хеyriyyə məqsədilə qədim аbidənin yеrində tаmаmilə yеni məscid binаsını ucаltdı. Məscidin kiçik diаmеtrli günbəzini, mərkəz hissəsində dörd sütunlа sахlаyаn kvаdrаt fоrmаlı ibаdət zаlı tаmаmlаyır. Binаnın memarlığında Şərq və Аvrоpа klаssik mоtivlərindən istifаdə olunub.
Girişin pоrtаlındа Аzərbаycаn mеmаrlığının əsаs prinsipləri əks olunub: dаş üzrə оymаlаr, gеniş nахış pаlitrаsı, bədii еpiqrаfikа və s. Əsаsən dаş üzərində tikinti və nахış işlərinin kеyfiyyəti mükəmməldir. Məhаrətli dаş yоnаn ustаlаr tərəfindən əfsus ki, nаməlum mеmаrın fikirlərinin bədii ifаdəsi insаnı hеyrаn еdir.
İçərişəhərin qədim tarixi memarlıq abidələrindən olan Cümə məscidi dövlət hesabına 2008-ci ildə əsaslı təmir və bərpa edilərək, istifadəyə verilib. Təcrübəli tikinti mütəxəssisləri, memarlar və rəssamların gərgin əməyi sayəsində məscid tam bərpa olunmuş, burada müasir istilik və işıqlandırma sistemləri quraşdırılıb. Məscidin divarlarında naqqaşlar əl ilə gözəl ornamentlər işləmiş, müqəddəs “Qurani-Kərim”dən surələr yazmışlar.
2 avqust - Beynəlxalq Gənclər Günüdür. 1998-ci il avqustun 8-dən 12-dək Lissabonda gənclərlə iş üzrə nazirlərin iştirakı ilə keçirilən beynəlxalq konfransda hər il avqustun 12-nin dünyada Gənclər Günü kimi qeyd olunması qərara alınmışdır.
Tarixən hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini, ilk növbədə, gənc nəsillə bağlayır. Gənc nəslin yetişdirilməsi hər bir ölkə üçün ən başlıca məsələdir. Çünki ölkənin gələcəyi, müqəddəratı indiki gənclərdən asılı olacaqdır.
Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması onun mənsub olduğu xalqın rifahının, ölkənin çiçəklənməsinin rəhnidir. Bu gün böyük iftixarla demək olar ki, müasir Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata-babalardan qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi qoruyub yaşadır.
12 avqust - Beynəlxalq Gənclər Günü münasibətilə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən eyniadlı virtual sərgi hazırlanıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə Azərbaycanın görkəmli şəxslərinin gənclərimizlə bağlı fikirləri, rəsmi sənədlər, fotolar, mövzu ilə əlaqədar kitab və məqalələr nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Beynelxalq_gencler_gunu/index.htm linkindən istifadə edə bilərlər.
İordaniyanın “Əl Ənbat” qəzetində rus mənşəli iordaniyalı jurnalist, ölkəmiz haqqında silsilə məqalələrin müəllifi Yelena Neduqinanın “Ərəb və iordaniyalı turistlərin Azərbaycan və Qafqazın turizm məkanlarına marağı artır” sərlövhəli məqaləsi dərc olunub.
AZƏRTAC xəbər verir ki, ölkəmizin füsunkar təbiəti və qədim tarixindən bəhs edən müəllif yazır: “Son bir neçə ayda İordaniya və bir sıra ərəb ölkələrinin vətəndaşları vatsap və mesencer vasitəsilə, həmçinin telefonla zəng edərək mənə Azərbaycana necə səyahət edəcəkləri, oradakı turizm, istirahət, sağlamlıq turizmi barədə suallar verirlər. Xüsusən, tarixi və mədəniyyət abidələri həvəskarları, cəmiyyətdə sosial statusu yüksək olanlar və imkanlı şəxslərdən müraciətlər daxil olur. Bakıya getmək istəyən iordaniyalı və digər ərəb ölkələrinin vətəndaşlarına kömək məqsədilə onlara Azərbaycanın tarixi-mədəni abidələri, görməli yerləri, səfalı kurort və sanatoriyaları, restoran və otelləri barədə müfəssəl məlumat verməyə çalışıram. Bəzi ərəb səyahətçilər Azərbaycanda ibadət edəcəkləri, ələlxüsus cümə namazları qılacaqları məscidlər haqqında informasiya verməyi də xahiş edirlər”.
Y.Neduqina diqqətə çatdırır ki, potensial turistlərin əksəriyyəti Körfəzin ərəb ölkələri vətəndaşlarıdır. Onlar iqlimi nisbətən əlverişli olan İordaniyaya da səyahət edirlər və sabitlik, təhlükəsizliyin yüksək səviyyədə olduğu Azərbaycana səfər etmək istəyirlər. Ərəblər üçün yaxşı iqlimi ilə yanaşı, xalqının qonaqpərvərliyi ilə də seçilən bu ölkə hazırda İslam aləminin ən fəal üzvlərindən biri, İslam Əməkdaşlıq Təşkilatının üzvü, Qoşulmama Hərəkatının sədridir. Ərəb ölkələrinin demək olar ki, hamısında Azərbaycanın səfirlikləri və konsulluqları fəaliyyət göstərir. Ərəb turistlər Əmman və ya Akabadan Bakıya birbaşa aviareyslərin açılmasından sonra rahatlıqla Azərbaycana səfər edə biləcəklər.
Məqalədə Azərbaycanın təbii sərvətləri və sürətli iqtisadi inkişafı barədə də ətraflı məlumat verilib.