Avqustun 6-da “YARAT” Film Klubu “Artım” layihə məkanında "Nəsli kəsən yarış" filmini təqdim edəcək.
AZƏRTAC xəbər verir ki, film antropogen canlıların üzərinə düşən təhlükələrdən bəhs edən sənədli filmdir. Həmçinin film hadisələri alimlərin, fəalların və jurnalistlərin nəzər-nöqtəsindən göstərir.
Ekran əsəri “Beeco initiative” təşkilatının dəstəyi ilə nümayiş olunacaq.
Rejissoru Lui Psihoyos olan filmin xronometrajı 94 dəqiqədir.
O, mavi Xəzərin lacivərd sularını, sahilə çırpılıb qayıdan qırçınlı ləpələri, doğma Bakıya gecə-gündüz layla çalan dənizin pıçıltılarını çox sevirdi. Elə Bakının ədəbi keşikçisi olan Xəzəri, onun sərvətlərini, fauna və florasını da bir ana qayğısı ilə qoruyur, bir övlad kimi ona can yandırar, üstündə əsərdi...
AZƏRTAC xəbər verir ki, “Xəzərə bağlı ömür” sənədli film-portreti bütün varlığı ilə öz sevimli peşəsinə bağlı olan tanınmış ekoloq Lətifə Hüseynovaya həsr edilib.
Müxtəlif beynəlxalq festivallarda dəfələrlə uğur qazanmış istedadlı rejissor Yeganə Əbdülməmmədovanın yeni yaradıcılıq məhsulu olan film-portretdə ömrünü Azərbaycan təbiətinə, xüsusən də Xəzər dənizinin ətraf mühitinin mühafizəsinə həsr etmiş, Beynəlxalq Ekoenergetika Akademiyasının professoru, ekologiya üzrə beynəlxalq ekspert və Ekologiya və Təbii Sərvətlər Nazirliyi sistemində 40 ilə yaxın çalışmış Lətifə Hüseynovanın keçdiyi həyat yolundan, peşəkarlıq keyfiyyətlərindən söhbət açılır. Filmdə onun Xəzər dənizinin ekologiyasının qorunması sahəsində gördüyü işlər, qurduğu kompleks ekoloji monitorinq sistemi, ekoloji maarifləndirmə sahəsində fədakar fəaliyyəti öz əksini tapıb.
Lətifə Hüseynovanın "Əsrin kontraktı" sənədli filmində müxtəlif telesüjet və xronikalarda dəfələrlə ekspert kimi iştirak edib. Onun prinsipial münasibəti və analitik təhlili həmişə diqqəti cəlb edib və xalqımızın ümummilli lideri Heydər Əliyevin tapşırığı ilə “bp” şirkətinə Xəzər dənizində “Çıraq” yatağının istismarında "Saralin" qazma məhlulundan istifadəyə qadağan qoyulub, bir neçə ildən sonra bu qadağa Meksika körfəzinə də tətbiq edilib. Xəzər dənizinin ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyasının hazırlanmasında Azərbaycan tərəfindən işçi qrupun üzvü kimi Lətifə xanımın fəal iştirakı və bu həssas su hövzəsində sərt standartların tətbiqi üzrə konstruktiv təklifləri yazılı sənədlərdə öz əksini tapıb.
Film Lətifə Hüseynovanın yazdığı “Anam Xəzərim” kitabı əsasında çəkilib və onunla birlikdə işləyən həmkarları, tanınmış ekoloq və mütəxəssislər onun peşəkarlığı və işgüzar keyfiyyətləri haqqında xatirələrini bölüşüblər.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının əməkdaşları 44 günlük İkinci Qarabağ müharibəsində şəhid olmuş igid oğullarımızın Üçüncü Fəxri xiyabandakı məzarlarını ziyarət ediblər.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, kitabxana əməkdaşları hər bir şəhidi ayrı-ayrılıqda yad edib, onların döyüş yollarından və qəhrəmanlıqlarından danışıblar.
Vətən müharibəsi böyük Qələbəmizin ən şanlı səhifələrindən biridir. Ölməz şəhidlərin ruhlarını yad etmək hər bir kəsin vətəndaşlıq borcudur.
M.Ş.Vazeh adına Mərkəzi Kitabxanada şəhidlərə və Milli qəhrəmanlara həsr olunmuş guşələr yaradılıb, kitab sərgiləri təşkil olunub. Mərkəzi Kitabxanada “Tarix yazan igidlərimiz” layihəsi həyata keçirilir. Layihə əsasında şəhidlərə həsr olunmuş videoçarxlar və informasiya məktubları hazırlanır və oxuculara təqdim edilir, layihə əsasında tanıdılan hər bir şəhid ailəsi ilə əlaqə saxlanılır və şəhidin həyat yolu işıqlandırılır.
Kitabxananın əməkdaşları qeyd ediblər ki, hər bir şəhid bizim qürur mənbəyimizdir. Şəhidlərin məzarları önündə Qarabağ və Vətən haqqında şeirlər səsləndirilib.
Mədəniyyət naziri Anar Kərimov Yunus Əmrə İnstitutunun rəhbəri Şeref Ateşin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Anar Kərimov nümayəndə heyətini səmimi salamlayıb, qardaş Türkiyədə baş vermiş meşə yanğınlarının törətdiyi fəsadlardan sarsıldığını bildirib, eləcə də yanğınlar zamanı həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı çatdırıb.
İnstitutun rəhbəri isə öz növbəsində qardaş Azərbaycanın göndərdiyi yardım heyəti və texnika dəstəyinə görə minnətdarlığını bildirib.
Görüşdə Azərbaycanla Türkiyə arasında mədəniyyət, kitabxana sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, həmçinin zəngin və qədim tarixi ilə tanınan Qarabağa həsr olunmuş filmlərin çəkilməsi, ortaq mədəni irsin qorunması, qarşılıqlı uzunmüddətli təlimlərin keçirilməsi, tarixi abidələrin araşdırılması ilə bağlı müzakirələr aparılıb. Digər layihələrin icrası ilə bağlı birgə fəaliyyət planının hazırlanması məsələləri müzakirə edilib.
Şeref Ateş qəbula görə Anar Kərimova təşəkkür edib, iki ölkə arasında tarixən mövcud olan dostluq və qardaşlıq münasibətlərinin mədəniyyət sahəsində əməkdaşlıqda da ön planda olduğunu və bundan sonra da Yunus Əmrə İnstitutu ilə Mədəniyyət Nazirliyi arasında birgə fəaliyyəti bundan sonra da uğurla davam etdirməyə hazır olduqlarını bildirib.
Görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Özbəkistan hədiyyə kimi Qazaxıstanın Türküstan şəhərində 5 min yerlik böyük məscid kompleksi tikir. Burada İslam Mərkəzi, kitabxana və digər obyektlər də olacaq.
AZƏRTAC Özbəkistan mətbuatına istinadla xəbər verir ki, məscid Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəstəyi ilə inşa edilir.
Nadir şərq memarlığı üslubunda tikilən məscidin inşasında müasir materiallardan istifadə olunur. Məscid digər tikililərlə birlikdə 20 min kvadratmetr sahəni əhatə edəcək.
Kompleksin gələn il istifadəyə verilməsi nəzərdə tutulur.
Avqustun 4-də Beynəlxalq Avrasiya Mətbuat Fondunda dünyaca məşhur müğənni, amerikalı vokalçı Della Milesin “Qarabağ Azərbaycandır” klipinin təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Şuşaya həsr etdiyi “Xarıbülbül” şeirinə bəstələnən eyniadlı musiqi əsəri ilə bağlı fikirlər səsləndirilib. “Xarıbülbül” musiqi əsərinin müəllifi Azərbaycan Bəstəkarlar İttifaqının üzvü Tural Məmmədlidir.
Tədbiri giriş sözü ilə açan Beynəlxalq Avrasiya Mətbuat Fondun prezidenti Umud Mirzəyev bildirib ki, Della Miles Mədəniyyət Nazirliyi və Beynəlxalq Avrasiya Mətbuat Fondunun dəvəti ilə Azərbaycanda səfərdədir. Səfərin məqsədi 44 günlük Vətən müharibəsindən sonra erməni işğalından azad olunmuş Qarabağ torpaqlarına səfər etmək, erməni vandalizmi ilə tanış olmaq və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Şuşaya həsr etdiyi “Xarıbülbül” şeirinə bəstələnən eyniadlı musiqi əsərini ifa etməkdir.
Layihədə iştirak edən xanəndə Qoçaq Əsgərov bildirib ki, Della Miles Qarabağın Azərbaycanın əzəli torpağı olduğunu dünya mətbuatında səsləndirir və bu yolla dünya ictimaiyyəti Ermənistanın təxribatçı bir ölkə olduğunu görür. Bildirib ki, yaxınlarda “Xarıbülbül” mahnısını duet şəklində ifa edib, ancaq mahnı hələ ki, hazırlıq mərhələsindədir.
Azərbaycandan məmnun qaldığını deyən Della Miles söyləyib ki, dəfələrlə xarici ölkələrdə səfərdə olarkən dərisinin rənginə görə ayrı-seçkilik yaşayıb. Ancaq Azərbaycan tamamilə fərqli bir ölkədir. Burada irqçilik yoxdur, din bərabərliyi var. Qeyd edib ki, layihəyə dəvət olunanda Qarabağın tarixini oxumalı olub və bu torpaq haqqında mübarizənin səbəbini öyrənib. “Xarıbülbül” mahnısını oxumaqla mən özümü bir növ döyüşçü kimi hiss etdim”, - deyə Della Miles bildirib.
Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid vurğulayıb ki, Della Milesin haqqın tərəfində olması bu musiqidə də əks olunur. Qeyd edib ki, Şuşa musiqiçilər diyarıdır və oraya səfər etmək növbəti mahnının yaranmasına bir stimul olacaq.
Bildirib ki, Qoçaq Əsgərov gənc olmasına baxmayaraq, Azərbaycan musiqisini dünyaya daşıyan azsaylı insanlardan biridir. “Xarıbülbül” mahnısının bəstəkarı Tural Məmmədli, onu ifa edən Della Miles və Qoçaq Əsgərov cütlüyünün əməyi uğurlu alınıb”, - deyə R.Məcid vurğulayıb.
Sonra xanəndə Qoçaq Əsgərov və Della Miles birlikdə oxuduqları mahnıdan bir parça səsləndiriblər.
Xatırladaq ki, Della Milesin bir neçə ay öncə Azərbaycanın Qarabağ Zəfərinə həsr etdiyi “Qarabağ Azərbaycandır” adlı klipi işıq üzü görüb. Amerikalı müğənni ABŞ-ın Texas ştatında musiqiçi ailəsində dünyaya gəlib. Gənc yaşlarında Los-Ancelesə köçüb. O, burada Maykl Ceksonun məşhur “Sisterella” musiqili tamaşasının baş qəhrəmanı olan “Ella” obrazını canlandırıb. Tamaşadakı ifası ilə məşhurlaşan Miles sonralar Maykl Cekson və Uitni Hyuston başda olmaqla, bir çox müğənnilərin vokalçısı olub. Hazırda Türkiyənin İstanbul şəhərində yaşayır.