Nüfuzlu “Əl Cəzirə” telekanalı ermənilərin Qarabağda məhv etdikləri Azərbaycan xalqına məxsus tarixi-mədəni irs abidələri haqqında reportaj yayımlayıb.
AZƏRTAC xəbər verir ki, reportajda tədqiqatçı Bayram Niftəliyev 30 ilə yaxın işğal dövründə ermənilərin tarixi mədəniyyət abidələrini, muzeyləri, təhsil müəssisələrini, kitabxanaları, qəbiristanlıqları, məscidləri, alban və rus ortodoks kilsələrini məhv etdiklərini söyləyib. Tarixçi Şaiq Aslanov isə telekanala müsahibəsində qeyd edib ki, müharibə təkcə dinc insanları və hərbçilərin həlak olması kimi fəlakətlər gətirməyib, həmçinin tarixi-mədəni irs abidələrinin də dağıdılmasına da səbəb olub. O əlavə edib ki, Qarabağda İslam və xristian abidələrinə qarşı vandal aktları törədilib. O ümidvar olduğunu bildirib ki, bəşəriyyətin mədəni irsinin ayrılmaz hissəsi olan tarixi abidələr bir daha məhv edilməyəcək.
Azərbaycanın Xocavənd rayonunda reportaj hazırlayan telekanalın müxbiri Rəsul Sərdar qeyd edib ki, atəşkəs elan edildikdən və silahlar susduqdan sonra Azərbaycan və Ermənistanı sülhə aparan uzun yol gözləyir. Lakin insanlar ümid edirlər ki, bu torpaqlarda yaşanan dəhşətli hadisələr bir daha təkrar olunmayacaq.
Avqustun 4-də Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Vasif Eyvazzadə ilə BMT-nin Sivilizasiyalar Alyansının Kabinet rəhbəri və sözçüsü Nihal Saad arasında görüş keçirilib.
Nazirlikdən Report-a verilən məlumata görə, görüş zamanı BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Migel Angel Moratinosun cari ilin iyun ayında Azərbaycana səfərinin nəticələri, səfər müddətində təqdimatı keçirilən “Mədəniyyət naminə sülh” qlobal kampaniyası və kampaniya çərçivəsində BMT-nin Sivilizasiyalar Alyansı ilə Azərbaycan arasında birgə hazırlanacaq Fəaliyyət Planı, həmçinin BMT-nin baş qərargahında keçiriləcək layihə və tədbirlər barədə müzakirələr aparılıb.
Nihal Saad Azərbaycana səfərin yüksək səviyyədə təşkili olunması ilə əlaqədar təşəkkür edərək səfərin nəticələrini müsbət qiymətləndirdiyini və səfər müddətində razılaşdırılmış təklif və təşəbbüslər üzərində işlərə başlandığını bildirib.
Vasif Eyvazzadə səfərin nəticələri ilə bağlı gözləntilərinin yüksək olduğunu, həmçinin ölkə başçısı cənab İlham Əliyevin “Bakı prosesi” təşəbbüsünün, BMT-nin Sivilizasiyalar Alyansının da tərəfdaşı olduğu Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun və “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının böyük əhəmiyyət daşıdığını qeyd edib.
Görüşün sonunda “Mədəniyyət naminə sülh” qlobal kampaniyası çərçivəsində həyata keçiriləcək Fəaliyyət Planının hazırlanması məqsədilə beynəlxalq mütəxəssislərin iştirakı ilə strateji işçi qrupunun formalaşdırılması və BMT-nin Sivilizasiyalar Alyansı ilə birlikdə BMT baş qərargahında sözügedən qlobal kampaniyanın təqdimat mərasiminin keçirilməsi imkanlarının araşdırılması qərara alınıb.
Acarıstan Muxtar Respublikasında yayımlanan və geniş oxucu auditoriyasına malik “Adjara.ps” portalında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar məqalə dərc edilib.
AZƏRTAC xəbər verir ki, məqalə Azərbaycan Respublikasının Batumi şəhərindəki baş konsulluğunun təşəbbüsü ilə yayımlanıb.
Məqalədə bildirilib ki, dünya ədəbiyyatının görkəmli nümayəndəsi dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir. Böyük sənətkarın xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlamaqdadır.
Mühüm mədəniyyət mərkəzlərindən olan qədim Azərbaycan şəhəri Gəncədə yaşayıb yaradan Nizami Gəncəvi Yaxın və Orta Şərq fəlsəfi-ictimai və bədii-estetik düşüncə tarixini zənginləşdirən ecazkar söz sənəti incilərini də məhz burada ərsəyə gətirib. Nizami Gəncəvinin geniş şöhrət tapmış “Xəmsə”si dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanır. Mütəfəkkir şair çox sayda davamçılarından ibarət böyük bir ədəbi məktəbin bünövrəsini qoyub. Nizaminin ən məşhur kitabxana və muzeyləri bəzəyən əsərləri Şərq miniatür sənətinin inkişafına da təkan verib.
Bildirilib ki, Nizami dühası hər zaman dünya şərqşünaslığının diqqət mərkəzində olub. Ölkəmizdə Nizami irsinin öyrənilməsi və tanıdılması sahəsində xeyli işlər görülüb, əsərlərinin nizamişünaslıqda yüksək qiymətləndirilən elmi-tənqidi mətni hazırlanıb, kitabları nəfis tərtibatda və kütləvi tirajla nəşr edilib.
Mütəfəkkir şairin doğma şəhəri Gəncədə məqbərəsi, Bakıda, Sankt-Peterburqda və Romada abidələri ucaldılıb.
Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutu və Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Nizami Gəncəvinin adını daşıyır. Böyük Britaniyanın Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzi uğurla fəaliyyət göstərir.
Nizami Gəncəvinin yubileyləri ölkəmizdə hər zaman təntənə ilə keçirilir. Dahi şairin 800 illik yubileyi onun irsinin tədqiqi və təbliğində əsaslı dönüş yaradıb.
Məqalədə qeyd olunub ki, Azərbaycanın klassik ədəbi-mədəni irsinə həmişə milli təəssübkeşlik və vətənpərvərlik mövqeyindən yanaşan ümummilli lider Heydər Əliyev Nizami irsinə də xüsusi diqqət yetirib. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1979-cu ildə qəbul olunmuş “Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” qərar Nizami yaradıcılığının tədqiqi və təbliği üçün yeni perspektivlər açıb. Ölməz sənətkarın 1981-ci ildə Ulu Öndərin bilavasitə təşəbbüsü və iştirakı ilə keçirilən 840 illik yubiley mərasimləri ölkənin mədəni həyatının əlamətdar hadisəsinə çevrilib. 2011-ci ildə Nizami Gəncəvinin 870 illiyi dövlət səviyyəsində silsilə tədbirlərlə geniş qeyd edilib. Bu il isə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Bu münasibətlə də həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda silsilə tədbirlər keçirilir.
Gələn ilin may ayında İtaliyada keçiriləcək “Eurovision 2022“ mahnı müsabiqəsinə ev sahibliyi etmək üçün 17 şəhər müraciət edib.
AZƏRTAC xəbər verir ki, namizədlər arasında Bolonya, Genuya, Florensiya, Milan, Roma, Turin və Triest kimi region paytaxtları ilə yanaşı, Alessandriya, Matera, Pezaro, Rimini və Viterbo kimi kiçik əyalətlərin mərkəzi şəhərləri də var.
Namizəd şəhərlərə öz təkliflərini təqdim etmək üçün tələb olunan detallı tələblər artıq göndərilib. Tələblər arasında təşkilatçı şəhərə ən yaxın beynəlxalq aeroportun maksimum 90 dəqiqəlik məsafədə olması, konsert arenasının 8-10 min tamaşaçı üçün nəzərdə tutulması və həmin məkanın azı doqquz həftə boyunca mahnı müsabiqəsinin sərəncamında olması, ətraf ərazilərdə ümumilikdə azı 2 min hotel otağının sifariş üçün sərəncamda olması kimi texniki detallar yer alır.
RAİ dövlət televiziyası Avropa Yayım İttifaqı (EBU) ilə birlikdə avqust ayının sonunadək namizədlər arasında ən münasib şəhəri seçəcək.
Mədəniyyət naziri Anar Kərimov Yunus Əmrə İnstitutunun rəhbəri Şeref Ateşin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Nazirlikdən Report-a verilən məlumata görə, Anar Kərimov nümayəndə heyətini səmimi salamlayıb, qardaş Türkiyədə baş vermiş meşə yanğınlarının törətdiyi fəsadlardan sarsıldığını bildirib, eləcə də yanğınlar zamanı həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı çatdırıb.
İnstitutun rəhbəri isə öz növbəsində qardaş Azərbaycanın göndərdiyi yardım heyəti və texnika dəstəyinə görə minnətdarlığını bildirib.
Görüşdə Azərbaycanla Türkiyə arasında mədəniyyət, kitabxana sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, həmçinin zəngin və qədim tarixi ilə tanınan Qarabağa həsr olunmuş filmlərin çəkilməsi, ortaq mədəni irsin qorunması, qarşılıqlı uzunmüddətli təlimlərin keçirilməsi, tarixi abidələrin araşdırılması ilə bağlı müzakirələr aparılıb. Digər layihələrin icrası ilə bağlı birgə fəaliyyət planının hazırlanması məsələləri müzakirə edilib.
Şeref Ateş qəbula görə Anar Kərimova təşəkkür edib, iki ölkə arasında tarixən mövcud olan dostluq və qardaşlıq münasibətlərinin mədəniyyət sahəsində əməkdaşlıqda da ön planda olduğunu və bundan sonra da Yunus Əmrə İnstitutu ilə Mədəniyyət Nazirliyi arasında birgə fəaliyyəti bundan sonra da uğurla davam etdirməyə hazır olduqlarını bildirib.
Görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Türkiyədə TADEV Yayınları nəşriyyatında yazıçı Varisin “Qızıl cib saatı” romanı nəşr olunub. AZƏRTAC xəbər verir ki, hazırda “Kitabyurdu”, “Kitab365.com” və digər platformar üzərində kitabın satışına başlanılıb.
Dünya miqyasında erməni millətçiliyinin riyakar maskasını 1893-cü ildə Osmanlı imperiyasındakı xəyanət fəaliyyətindən tutmuş 1993-cü ildə Qarabağdakı işğalçılıq fəaliyyətinədək yüz illik bir dövr ərzində aça biləcək “Qızıl cib saatı” romanı Britaniya, Türkiyə və Azərbaycan arxivlərinin materialları əsasında yazılan, sırf dünya oxucusuna ünvanlanmış bir romandır.
Azərbaycan Xalq Yazıçısı Kamal Abdullanın “Roman Azərbaycanın haqq səsinin dünyaya çatdırılması işinə yardımçı olacaq deyə onun müxtəlif dillərə tərcümə edilərək xarici ölkələrdə yayılması çox yaxşı olardı. Bu işdə ədəbiyyatın gücü digər güclərdən daha təsirlidir,” - deyə qiymət verdiyi roman Azərbaycan Respublikası Diasporla iş üzrə Dövlət Komitəsinin, habelə Türkiyə-Azərbaycan Dostluq, İşbirliyi və Dayanışma Vakfının dəstəyi ilə işıq üzü görüb. Romanı Türkiyə türkcəsinə İmdat Avşar çevirib.
Romanın başqa ölkələrdə nəşri də nəzərdə tutulur. O ki qaldı Azərbaycana, romanın ayrı-ayrı hissələri ilə Azərbaycan oxucuları “Ədəbiyyat qəzeti”ndən və “Azərbaycan” jurnalından tanışdırlar, tam romanla tanışlıq isə payız aylarında mümkün olacaq.
Azərbaycan Rəngkarlıq Muzeyində rəssamlığa həvəsi olan 16 yaşdan yuxarı gənclər üçün nəzərdə tutulmuş “Özünü kəşf et” adlı ustad dərsləri davam edir.
AZƏRTAC xəbər verir ki, bu ay ilk dərs bu gün Çingiz Babayevin iştirakı ilə “Eşq naxışları” mövzusunda olacaq. Eyni zamanda, növbəti dərs avqustun 11-də Gülarə İsrafilovanın iştirakı ilə “Səyahət”, 18-də İrina Eldarovanın iştirakı ilə “Güllər” mövzusunda davam edəcək. Avqust ayı ərzində sonuncu dərs 25-də Eliyar Əlimirzoyevin rəhbərliyi ilə “Rəssamın gözü” mövzusuna həsr olunacaq.
Qeyd edək ki, təcrübəsindən asılı olmayaraq hər kəs dərslərdə iştirak edə bilər. Bütün ləvazimatlar muzey tərəfindən qarşılanır.
Yerlər məhdud olduğundan qeydiyyatdan keçmək zəruridir. Qeydiyyat çərşənbə axşamı – bazar günü saat 12:00-dan 20:00-dək aparılır.
Ustad dərsləri ödənişsizdir.
Avqustun 4-də Mədəniyyət Nazirliyinin aparat rəhbəri Vasif Eyvazzadə ilə BMT-nin Sivilizasiyalar Alyansının Kabinet rəhbəri və sözçüsü Nihal Saad arasında görüş keçirilib.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüş zamanı BMT-nin Sivilizasiyalar alyansı üzrə ali nümayəndəsi Migel Angel Moratinosun cari ilin iyun ayında Azərbaycana səfərinin nəticələri, səfər müddətində təqdimatı keçirilmiş “Mədəniyyət naminə sülh” qlobal kampaniyası və kampaniya çərçivəsində BMT-nin Sivilizasiyalar Alyansı ilə Azərbaycan Respublikası arasında birgə hazırlanacaq Fəaliyyət Planı, həmçinin BMT-nin baş qərargahında keçiriləcək layihə və tədbirlər barədə müzakirələr aparılıb.
Nihal Saad Azərbaycana səfərin yüksək səviyyədə təşkili olunması ilə əlaqədar təşəkkür edərək səfərin nəticələrini müsbət qiymətləndirdiyini və səfər müddətində razılaşdırılmış təklif və təşəbbüslər üzərində işlərə başlandığını bildirib.
Vasif Eyvazzadə səfərin nəticələri ilə bağlı gözləntilərinin yüksək olduğunu, həmçinin ölkə başçısı cənab İlham Əliyevin “Bakı prosesi” təşəbbüsünün, BMT-nin Sivilizasiyalar Alyansının da tərəfdaşı olduğu Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun və “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının böyük əhəmiyyət daşıdığını qeyd edib.
Görüşün sonunda “Mədəniyyət naminə sülh” qlobal kampaniyası çərçivəsində həyata keçiriləcək Fəaliyyət Planının hazırlanması məqsədilə beynəlxalq mütəxəssislərin iştirakı ilə strateji işçi qrupunun formalaşdırılması və BMT-nin Sivilizasiyalar Alyansı ilə birlikdə BMT baş qərargahında sözügedən qlobal kampaniyanın təqdimat mərasiminin keçirilməsi imkanlarının araşdırılması qərara alınıb.