Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda təşkilatın prezidenti Günay Əfəndiyeva ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradov arasında görüş keçirilib.
Fonddan AZƏRTAC-a bildirilib ki, görüşdə fondun fəaliyyəti haqqında məlumat verən Günay Əfəndiyeva, təşkilat tərəfindən türk dünyasının qədim və zəngin mədəniyyətinin təbliğ edilməsi, beynəlxalq aləmdə tanıdılması, gələcək nəsillərə ötürülməsi məqsədilə layihələrin həyata keçirildiyini, konfranslar, dəyirmi masalar təşkil edildiyini, kitablar nəşr etdirildiyini vurğulayıb.
Günay Əfəndiyeva Prezident İlham Əliyevin 2021-ci ili “Nizami Gəncəvi İli” elan etməsinin yalnız Azərbaycanın deyil, ümumilikdə türk dünyasının mədəni həyatında təqdirəlayiq addım olduğunu vurğulayıb. Fondun prezidenti “Nizami Gəncəvi İli” çərçivəsində fond tərəfindən bir sıra tədbirlərin, layihələrin keçirilməsi və dahi şairə həsr olunmuş kitabların çap olunması istiqamətində işlərin aparıldığını bildirib. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən görülən işləri yaxından izlədiyini qeyd edən Günay Əfəndiyeva, bu ilin may ayının 20-də mərkəz tərəfindən təşkil edilən Prezident İlham Əliyevin iştirak etdiyi “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı konfransın mühüm əhəmiyyət kəsb etdiyini bildirib. O, dövlətimizin başçısının öz çıxışında tarixi həqiqətləri bütün açıqlığı ilə dünyaya haqlı şəkildə çatdırmasının önəmini vurğulayıb.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradov görüşün baş tutmasına görə fondun prezidenti Günay Əfəndiyevaya təşəkkürlərini bildirib. O, mərkəzin dünyada sülh, dinc birgəyaşayış, ədalətin bərqərar olunması naminə qlobal tədbirlərin keçirilməsi, o cümlədən Nizami Gəncəvinin zəngin irsinin qorunması istiqamətində müxtəlif xarici ölkələrin keçmiş dövlət və hökumət başçılarını və nüfuzlu beynəlxalq ekspertlərini ətrafında birləşdirən bir təşkilat olduğunu qeyd edib.
Rövşən Muradov Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun türkdilli xalqların maddi-mədəni irsinin araşdırılması və qorunması istiqamətində çox dəyərli işlər gördüyünü vurğulayaraq, fond ilə mərkəz arasında əməkdaşlığın vacibliyi məsələsinə toxunub, tərəfdaşlıq münasibətlərinin gələcəkdə mühüm töhfələr verəcəyini bildirib. O, türk dünyasının dahi şairi Nizami Gəncəvinin zəngin yaradıcılığının tanıdılması, təbliği ilə bağlı Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində bir sıra layihələrin keçirilməsinin önəmindən bəhs edib.
Görüş fikir mübadiləsi ilə davam edib, tərəflər bir-birinə kitablar hədiyyə ediblər.
Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnaməfilm studiyası”nda “Azərbaycanın Milli qəhrəmanları” silsiləsindən olan sənədli filmlərin çəkilməkdə davam edir. Bu silsilədən “Salnaməfilm studiyası”da ekranlaşdırılan növbəti film “Yarıda qalmış uçuş” adlanır.
AZƏRTAC xəbər verir ki, “Yarıda qalmış uçuş” filmi Milli Qəhrəman, hərbi pilot Hikmət Muradov haqqındadır. Filmin ssenari müəllifi və rejissoru Yavər Rzayevdir. Hikmət Muradov AN-2 təyyarəsi ilə dəfələrlə müharibə gedən əraziyə uçuşlar etmişdi. Döyüşçülərimizə ərzaq, silah-sursat daşınmasında misilsiz işlər görmüşdü. O, sərt döyüş anında belə işindən bir addım geri çəkilməyib. Sonuncu əməliyyat zamanı isə Xocalı ərazisində onun idarə etdiyi AN-2 təyyarəsi güclü raket atəşinə məruz qalır. Hikmət Muradov Xocalı aeroportundan Yevlaxa apardığı 6 nəfər dispetçerlə birlikdə şəhid olmuşdur. Filmdə qəhrəmanın sinif yoldaşları, qardaşı, əmisinin qisasını almaq üçün II Qarabağ savaşına yollanan qardaşı oğlunun müsahibəsi və onun nakam, yarımçıq qalmış məhəbbət hekayəsindən danışılır. Filmdə qəhrəmanın şəxsi arxivindən istifadə edilərək uşaqlıq, məktəb illərinin, oxuduğu Kiyev Uçuş məktəbində çəkdirdiyi fotoşəkillərdən istifadə olunub.
Ekran əsərinin paytaxtda və bölgələrdəki mədəniyyət ocaqlarında, hərbi hissə və hərbi məktəblərdə, ali və orta ümumtəhsil məktəblərində, kino mərkəzlərində nümayişləri artıq təşkil olunub.
Filmin operatoru Rüfət Süleymanov, icraçı prodüseri Kamil Məmmədov, prodüseri Nazim Hüseynovdur.
Texnologiyanın inkişafı müasir cəmiyyətdə həm fərdlər, təşkilatlar həm də ölkələr, qitələr və mədəniyyətlər arasında məlumat mübadiləsinin yeni üsullarının geniş tətbiqinə səbəb olub. Davam edən COVID-19 pandemiyası şəraitində mədəniyyətlərarası mübadilə kanallarının əhəmiyyəti də artıb. Ziyarətçilərə daha yaxın olmaq və yeni şəraitə uyğunlaşmaq üçün Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Muzey Mərkəzi keçən ildən virtual sərgilər keçirməyə başlayıb. Belə ki, bu istiqamətdə növbəti addım olaraq Muzey Mərkəzinin veb-saytı yenilənib.
Muzey Mərkəzindən AZƏRTAC-a bildirilib ki, veb-saytın yeni versiyasının yaradılması mərkəzin uzunmüddətli əməkdaşlıq etdiyi MediaDizayn tərəfindən həyata keçirilib.
Saytın yeni versiyasında Muzey Mərkəzinin fəaliyyəti haqqında ətraflı məlumatlar, çoxlu sayda foto və video materiallar var və multimediya təqdimatının müasir üsulları onları görməyi asanlaşdırıb. İnternet texnologiyalarının ən son nailiyyətləri və yaradıcı dizayn həllərinin sintezi ilə Muzey Mərkəzinin zənginliyi həm Azərbaycanda, həm də bütün dünyada qlobal şəbəkə istifadəçilərinin ixtiyarına verilib.
Qlobal ekspert “Google PageSpeed Insights” Muzey Mərkəzinin veb-saytını yüksək qiymətləndirərək, mobil versiyaya mümkün olan 100 baldan 88 bal, kompüter versiyası üçün isə mümkün 100 baldan 97 bal verir.
Saytda Muzey Mərkəzinin ziyarətçiləri üçün lazım olan bütün məlumatlar, eləcə də, binanın təsviri və tarixi haqqında məlumat yer alıb. Cari, planlaşdırılan və keçirilmiş tədbirlərin ətraflı təsvirinə tədbirlər təqvimində xüsusi diqqət yetirilib. Saytın yeni versiyasında, Muzey Mərkəzinin Sərgi Qalereyasının fondunda olan rəsm və heykəllərə həsr olunmuş ekspozisiya bölməsi əhəmiyyətli dərəcədə təkmilləşdirilib. Hər bir əsərə, dünyanın aparıcı muzey saytları nümunələri səviyyəsində hazırlanmış, detallı məlumat verən bir səhifə ayrılıb. Sayta yeni bölmələr də əlavə edilib: Ziyarətçilərin rəyləri, Xəbərlər və mətbuat və Məhsullar.
Ayrı bir bölmədə Muzey Mərkəzində yerləşən “Rus muzeyi: virtual filial” informasiya – maarifləndirici mərkəzinin fəaliyyəti təsvir edilib.
Sayt, tədbirlər, sərgilər və digər bütün bölmələr təqvimi üçün ayrı -ayrılıqda nəticələri göstərən inkişaf etmiş bir axtarış sistemi ilə təchiz edilib.
Mərkəzin yenilənmiş veb-saytı ilə https://www.museumcenter.az internet ünvanına tanış ola bilərsiz.
Moskvada “İRS-Naslediye” jurnalının növbəti nömrəsi çapdan çıxıb.
AZƏRTAC xəbər verir ki, jurnalın bu nömrəsi nəşrin baş redaktoru Musa Mərcanlının “İkinci Qarabağ müharibəsi: müharibədən sülhə” adlı məqaləsi ilə açılır. Məqalədə 44 günlük Vətən müharibəsinin Azərbaycan xalqı üçün təkcə böyük siyasi və iqtisadi deyil, həm də mənəvi əhəmiyyəti qeyd olunub. Baş redaktor vurğulayıb ki, jurnalın yeni nömrəsində İkinci Qarabağ müharibəsindən bəhs edən silsilə yazılar dərc olunub.
Jurnalda oxuculara İkinci Qarabağ müharibəsi zamanı erməni silahlı qüvvələrinin Azərbaycan şəhərlərini artilleriya atəşinə tutması və bu terror aktlarının nəticələrini əks etdirən fotoşəkillər, “Azərbaycan rayonları -2020: Ermənistan dövlət terrorizmi” məqaləsi, Rusiya jurnalisti Andrey Vasilyevin “Qarabağ bloknotundan”, “İkinci Qarabağ müharibəsi: birinci gün”, “Dərbəndin qədimdə və orta əsrlərdə hərbi strateji əhəmiyyəti” və digər materiallar təqdim olunub.
Ölkəmizdə kino sənətinin inkişafı və kinematoqrafçıların professional fəaliyyəti üçün müsbət mühitin yaradılması məqsədilə Azərbaycan Prodüserlər Gildiyası bütün kino işçilərini əməkdaşlığa çağırır.
Azərbaycan Prodüserlər Gildiyasından AZƏRTAC-a bildirilib ki, Gildiyanın 2021-2022-ci illər üçün geniş fəaliyyət proqramı tezliklə kino ictimaiyyətinə təqdim olunacaq.
Qeyd edək ki, hazırda Azərbaycan Prodüserlər Gildiyasının İdarə Heyətinin Sədri vəzifəsinin icrası İdarə Heyətinin üzvü, Əməkdar mədəniyyət işçisi Nəriman Məmmədova həvalə olunub.
Avqustun 2–də “YARAT” Müasir İncəsənət Məkanının qarşısında, açıq havada Mədəniyyət Nazirliyi və “YARAT” Müasir İncəsənət Məkanının birgə əməkdaşlığı ilə Azərbaycan Kinosu Gününə həsr olunmuş kinosevərlər gecəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, proqram nüfuzlu film festivallarında uğur qazanan milli filmlərin premyeralarından ibarət olub. Filmlər Azərbaycan dilində (ingilis dilində altyazı ilə) nümayiş olunub.
Mədəniyyət naziri Anar Kərimov tamaşaçıları Milli Kino Günü münasibətilə təbrik edib. Bildirib ki, tədbirə bu qədər insanın toplaşması milli kinoya marağın göstəricisidir. Bu il Azərbaycan kinosunun 123-cü ilinin tamam olduğunu deyən nazir qeyd edib ki, kino ilk dəfə Fransada yarandıqdan cəmi 2 il sonra Azərbaycana gəlib. “Bu, böyük bir nailiyyətdir. Buna görə Azərbaycan kinosu ilə fəxr etməliyik”, - deyə nazir bildirib.
Qeyd edib ki, Azərbaycan kinosu zəngin ənənələrə malikdir: “Mədəniyyət Nazirliyi olaraq məqsədimiz kino sənətini irəli aparmaq, inkişaf etdirmək və bu ənənəni yaşatmaqdır”.
Rejissor Əlisəttar Quliyev çəkdiyi “Olimpiya” filmi barədə məlumat verib. Qeyd edib ki, filmin çəkilişlərinə ötən il başlanılıb. İlk olaraq filmin qısametrajlı bir formatda çəkilməsi nəzərdə tutulsa da, sonradan xronometrajı artırmaq qərara alınıb. Filmin “sountrack”ı isə tam olaraq müəllif musiqisidir.
Sonra filmlərin nümayişinə başlanılıb. İlk nümayiş olunan film Əlisəttar Quliyevin rejissorluğu ilə çəkilən “Olimpiya” melodraması olub. 2021-ci ildə Azərbaycan tərəfindən istehsal olunan “Olimpiya” ekran əsəri bir idmançının həyatından bəhs edir. Bu fərqli həyat hekayəsi 1980-ci ildə SSRİ-nin paytaxtı Moskva şəhərində başlayıb, 2015-ci ildə Azərbaycanın mənzərəli şimal-qərb bölgələrindən birində davam edib və uzaq Kubada sona çatıb. Moskva Olimpiadasının bürünc mükafatçısı İlqar Süleymanov uzun müddətdir, peşəkar idmandan uzaqlaşıb, doğma qəsəbəsində sakit həyat sürür. İlqar yerli orta məktəbdə bədən tərbiyəsi müəllimidir. Günlərin bir günü İlqarın evinin qapısı döyülür və həyatı tamamilə dəyişir...
Qısa fasilədən sonra “Daxildəki ada” dramının nümayişinə başlanılıb. Azərbaycan-Fransa istehsalı olan və 100 dəqiqə davam edən filmin rejissoru Rüfət Həsənovdur. Filmin süjeti Seymur Tahirbəyov adlı qrossmeyster üzərində qurulub. O, karyerasının ən önəmli oyunundan bir neçə həftə öncə özünü kəşf etmək məqsədilə yalnız bir nəfər sakini olan adaya xəlvətcə yola düşür.
Sonra Teymur Hacıyevin “Axşama doğru” qısa dramı göstərilib. Xronometrajı 12 dəqiqə olan film Azərbaycan istehsalıdır. Film ailə məclisində iştirak etmək üçün şəhər kənarına çıxan cütlükdən bəhs edir. Məişət məsələləri onları dayanmağa və hiss edilən, lakin gözlənilməyən reallığı kəşf etməyə sövq edir.
Gecənin son 21 dəqiqəsi “Quxuroba” filminə ayrılıb. Dram janrında çəkilən “Quxuroba” 2020-ci ildə Azərbaycanda istehsal olunub. Filmin süjet xəttinə görə taksi sürücüsü Rasim müdirindən çox vacib bir tapşırıq alır - o, şəhər kənarındakı ucqar bir kəndə gəlinlik paltarı çatdırmalıdır.
4 saat davam edən kinoseans zamanı tamaşaçılar filmləri maraqla izləyib. Tədbirdə pandemiya qaydalarına tam riayət olunub.
Respublika Gənclər Kitabxanasının “Zəfərə gedən yol” layihəsi çərçivəsində təşkil olunan “Vətən müharibəsi qəhrəmanları gənc rəssamların gözü ilə” virtual sərgisi izləyicilərə nümayiş olunub.
Kitabxanadan AZƏRTAC-a bildirib ki, virtual sərgi Azərbaycan Rəssamlar İttifaqının fəxri üzvləri Elnurə və Aygün İsgəndərovalarla birlikdə təşkil olunub. Sərgidə 20-dən çox gənc, həvəskar rəssamların Vətən müharibəsi qəhrəmanlarına həsr etdikləri rəsm əsərləri onlayn rejimdə nümayiş olunub. Virtual sərgidə Rəssamlıq Akademiyasının, Azərbaycan Pedaqoji İnstitutunun, “Odlar Yurdu” Universitetinin, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Gəncə Dövlət Universitetinin, Azərbaycan Texnologiya Universitetinin, Bakı Biznes və Kooperasiya Kollecinin, və s. ali və orta məktəblərin tələbə və şagirdlərinin, gənc həvəskar rəssamların 40-dan çox əl işləri yer alıb.
Virtual sərgidə izləyicilər Misir Maxsudlunun “Polad Həşimov”, Aysel Mayılovanın “Zəfər”, Ayxan İsayevin “Şuşa”, Cəmilə Cəfərzadənin “Zəfər” və s. işlər ilə tanış olmaq imkanı qazanıblar.
Sərgidə təqdim edilən rəsmlərin bir hissəsi Vətən müharibəsində qazanılan şanlı qələbənin görüntülərini təsvir etməklə yanaşı, əksəriyyəti məhz qəhrəman oğulların, şəhidlərin portretlərindən ibarətdir. Maraqlı və duyğusal anlardan biri odur ki, virtual sərgiyə iş təqdim edən Aytən Məmmədova adlı iştirakçı Vətən müharibəsində şəhid olan qardaşı Rəcəb Məmmədovun və əmisi oğlu Təbriz Bəkirovun portretlərini işləyib.
Virtual sərginin iştirakçılarına sertifikatlar təqdim edilib.
Qazaxıstanın populyar “Adebiportal. kz” ədəbiyyat portalı “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycan Xalq şairi Məmməd Arazın rus dilinə tərcümə edilmiş “İlhamım”, “Od kimi, su kimi” şeirlərinə və ədibin yaradıcılığı haqqında məlumata səhifə ayırıb.
Dövlət Tərcümə Mərkəzində AZƏRTAC-a bildirilib seirlərin rus dilinə tərcümə müəllifi Rusiyanın tanınmış şairi və tərcüməçisi Nikolay Qoroxovdur.
Qeyd edək ki, geniş oxucu kütləsi tərəfindən izlənən “Adebiportal.kz” müntəzəm olaraq səhifələrində Aleksandr Blok, Akutaqava Rünoske, Con Apdayk, Lilian Voynic, Virciniya Vulf, Herman Hesse, Knut Hamsun kimi dünya şöhrətli yazıçı və şairlərin yaradıcılığını işıqlandırır.