Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 4 nömrəli filialı milli kinomuzun yaranma tarixi haqqında videoçarx hazırlayıb.
İdarədən AZƏRTAC-a bildirilib ki, kitabxananın sosial hesablarında izləyicilərinə təqdim olunan videoçarxda milli kinomuzla bağlı müxtəlif fotolardan istifadə olunub.
Videoçarx dahi Üzeyir Hacıbəylinin ölməz "Koroğlu" operasından məşhur "Uvertüra" ilə müşayiət olunub.
Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnaməfilm studiyası”nda “Azərbaycanın Milli qəhrəmanları” silsiləsindən olan sənədli filmlərin çəkilişləri davam edir. Bu silsilədən “Salnaməfilm studiyası”da ekranlaşdırılan növbəti film “Oğuz elinin qəhrəmanı” adlanır.
AZƏRTAC xəbər verir ki, “Oğuz elinin qəhrəmanı” filmi Milli Qəhrəman Rafiq Alıcanov (1965-1993) haqqındadır. Rafiq Alıcanov zabit kimi Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Kəlbəcər, Ağdam, Tərtər, Füzuli, Zəngilanda və Naxçıvanda döyüşlərdə iştirak edib, qəhrəmanlıqlar göstərib.
Filmin çəkilişləri Milli Qəhrəmanın doğulduğu Qazax rayonunda və Bakıda aparılıb. Filmin ssenari müəllifi və rejissoru Kəmalə Musazadə, operatoru Rüfət Süleymanov, icraçı prodüseri Azad Axundov, prodüseri Nazim Hüseynovdur.
“Bakı Jazz” Beynəlxalq Caz Festivalı çərçivəsində gənc ifaçılar üçün “İ Am Jazzman!” adlı müsabiqə elan olunub.
AZƏRTAC xəbər verir ki, müsabiqə 14-30 yaşlı musiqiçilər üçün nəzərdə tutulub.
Seçim turu iki mərhələdən ibarət olacaq, burada peşəkar münsiflər heyəti istiqamət verəcək və iştirakçının musiqi biliklərini qiymətləndirəcək. Müsabiqədə koordinator və müəllimlər işləyəcəklər.
Birinci yerin qalibinə mükafat olaraq min manat məbləğində pul veriləcək.
Müsabiqədə iştirak etmək istəyənlər Nizami 90A, Landmark, 22 mərtəbə ünvanına yaxınlaşaraq müraciət edə bilərlər.
Bakıda keçiriləcək 12-ci Beynəlxalq Qısa Filmlər Festivalında yerli və əcnəbi rejissorlar üçün film qəbulu elan edilib.
Festivalın Təşkilat Komitəsindən Report-a verilən məlumata görə, 12-16 noyabr tarixlərində Bakıda baş tutacaq festivala filmlərin qəbulu avqustun 25-nə kimi davam edəcək.
Yaşı 35-ə qədər olan rejissorlar 35 dəqiqədən çox olmayan qısa filmlərini festivalın beynəlxalq, yerli və “Cinemobil” bölmələrinə təqdim edə bilərlər.
Yerli müsabiqədə “Ən yaxşı bədii film”, “Ən yaxşı sənədli film”, “Ən yaxşı animasiya filmi”, “Ən yaxşı sosial çarx” nominasiyaları üzrə qaliblərə festivalın əsas mükafatı “Qızıl Nar” və pul mükafatı təqdim ediləcək.
Festivalın yerli müsabiqəsinin ümumi mükafat fondu 5 000 AZN təşkil edir.
Festivala göndərilən filmlər Seçim Komissiyası tərəfindən seçilərək müsabiqəyə daxil ediləcək. Kinoforumun rəsmi proqramı 1 noyabrda açıqlanacaq.
Xatırladaq ki, Bakı Beynəlxalq Qısa Filmlər Festivalına hər il dünyanın müxtəlif ölkələrindən 2000-dən çox film göndərilir. Onların arasında Kann, Venesiya, Berlin Film Festivallarında, “OSKAR”da mükafat və uğur qazanmış filmlər də yer alır. Festivalın müsabiqə bölümündə isə fərqli yanaşma tərzi ilə seçilən filmlər yarışır.
“Amazon” şirkəti 2022-ci il sentyabrın 2-də “Üzüklər hökmdarı” serialını təqdim etməyi planlaşdırır.
Report “Kommersant”a istinadən xəbər verir ki, serialın ilk mövsümünün çəkilişləri Yeni Zellandiyada baş tutub. Şirkət çəkilişlərə 465 milyon ABŞ dolları xərcləyib.
Dünya tarixinin ən bahalı seriallarından olacaq “Üzüklər hökmdarı”nın 5 mövsüm davam edəcəyi gözlənilir. Serialda hadisələr R.R.Tolkinin "Hobbit və ya oraya və geriyə", eləcə də “Üzüklər hökmdarı” romanlarındakı hadisələrdən min illər öncə cərəyan edir.
F.Köçərli adına Respublika Uşaq Kitabxanası Azərbaycan Milli Kino Günü münasibətilə videomaterial hazırlayıb.
AZƏRTAC xəbər verir ki, Respublika Uşaq Kitabxanası tərəfindən hazırlanan 10 dəqiqəlik videomaterialda Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında müstəqillik dövrünə qədər və müstəqillik illərində ərsəyə gələn bədii filmlər, animasia filmləri, Dövlət Film Fondunda qorunub saxlanılan eksponatlar, afişalar, fotolar haqqında ətraflı məlumat verilib.
Bu gün görkəmli dirijor və bəstəkar, SSRİ Xalq artisti, Azərbaycan və SSRİ Dövlət mükafatları laureatı, C.Nehru adına Beynəlxalq mükafat laureatı, Sosialist Əməyi Qəhrəmanı Maestro Niyazinin vəfatından 37 il ötür.
AZƏRTAC xəbər verir ki, bu məqsədlə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin və onun filialı Niyazinin mənzil-muzeyinin əməkdaşları, tanınmış musiqiçilər və ictimaiyyətin nümayəndələri Fəxri xiyabanda sənətkarın məzarını və Bakı şəhərindəki abidəsini ziyarət ediblər.
Muzeydə “Açıq qapı” günündə Niyazi haqqında müxtəlif illərdə çəkilmiş sənədli filmlər, videokonsertlər, musiqisinin müəllifi olduğu filmlər nümayiş olunub. Muzeyə gələn ziyarətçilərə Niyazinin həyat və yaradıcılığı haqqında geniş məlumat verilib.
Həmçinin Əməkdar mədəniyyət işçisi, görkəmli publisist Fazil Rəhmanzadənin işıq üzü görmüş “Ən böyük Niyazi, ondan böyük yox!..” kitabının təqdimatı da keçirilib.