Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Xalq artisti Amaliya Pənahovanın yaşadığı binanın qarşısında barelyefi açılıb

    O, Azərbaycanın ən sevimli teatr və kino xadimi idi. Azərbaycan xalqı onu çox sevirdi. Amaliya xanım 40 il teatr sahəsində çalışdığı dövrdə bir-birindən maraqlı və yaddaqalan obrazlar yaratmışdı. Müstəqillik dövründə dövlətimiz tərifindən ən ali mükafatlara layiq görülüb. Onun yaşadığı binada barelyefinin qurulması dövlət tərifindən unudulmaz sənətkarımızın fəaliyyətinə göstərilən diqqətin göstəricisidir.

    AZƏRTAC xəbər verir ki, bu sözləri avqustun 2-də Xalq artisti Amaliya Pənahovanın yaşadığı binanın qarşısında (Fikrət Əmirov 1 ünvanı) barelyefinin açılış mərasimində mədəniyyət naziri Anar Kərimov söyləyib.

    Nazir deyib ki, Azərbaycan dövləti və xalqı Amaliya Pənahovanın xatirəsini daim əziz tutur, mədəniyyətimizin inkişafındakı xidmətlərini təqdir edir. Görkəmli sənətkarın teatr sahəsindəki əzmkar fəaliyyətinə diqqət çəkən nazir söyləyib ki, bundan sonra da teatr sahəsində Amaliya xanım kimi, onun yetişdirdiyi sənət adamları fədakarlıq göstərərək yolunu davam etdirəcək, arzularını həyata keçirəcəklər.

    Anar Kərimov bildirib ki, Amaliya xanım 1964-cü ildən bu günədək teatr və kino sahəsində beş yüzdən artıq obraz yaradıb: “Teatr və kino sənətinin inkişafındakı böyük xidmətlərinə görə ona 1974-cü ildə Əməkdar artist, 1985-ci ildə isə Azərbaycan SSR-in Xalq artisti fəxri adı verilib. 1982-ci ildə “İlin aktrisası” elan edilib, 1998-ci ildə isə türk dünyasının birinci kino festivalında türk dünyasının altı populyar aktyoru sırasında adı qeyd olunub”.

    Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Amaliya Pənahovanın həyat və fəaliyyətindən söz açıb: “Amaliya xanımın bir neçə mənzili var idi. Çalışdığı teatr, kinostudiya və Milli Məclis onun evi idi. Onun ifa etdiyi rollar yaşayır və bundan sonra da yaşayacaq. Bir arzusu var idi ki, Təhminə roluna yenidən çəkilsin. Ancaq amansız həyat buna imkan vermədi. Nə yaxşı ki, bizim həyatımızda, ömrümüzdə Amaliya Pənahova kimi insan var idi”.

    Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri professor Şəmsəddin Hacıyev aktrisanın siyasi fəaliyyətindən də söz açıb. O deyib ki, Amaliya xanımın sənət fəaliyyəti teatr ilə məhdudlaşmırdı. Onun fəaliyyəti çoxşaxəli idi: “Amaliya xanım Yeni Azərbaycan Partiyasının fəaliyyətində də yaxından iştirak edirdi. Özünəməxsus bir məktəb formalaşdırmışdı. O, xalqına sənəti kimi bağlı insan idi. Onun həyat və fəaliyyəti həm də çoxmənalı idi. Dövlətimiz də daim Amaliya xanımın fəaliyyətini yüksək qiymətləndirib”.

    Xalq artistləri Azər Paşa Nemətov, Rasim Balayev, Əməkdar incəsənət xadimi, polkovnik Abdulla Qurbani və digərləri çıxış edərək unudulmaz sənətkarla bağlı xatirələrini bölüşüb, onun sənət dünyasından bəhs ediblər. Çıxışlarda qeyd edilib ki, Amaliya xanım, həmçinin bacarıqlı rejissor kimi də özünü sınayıb. Sənət fəaliyyəti dövründə 12 televiziya və teatr tamaşasına quruluş verib ki, bunların çoxu lentə alınıb, hazırda televiziyanın Qızıl fondunda saxlanılır. O, 1992-ci ildə Bakı Bələdiyyə Teatrını yaradıb və bu teatra orta və yaşlı nəsillə yanaşı, gənc istedadlı aktyorları da cəlb edib və onların yaradıcılıq qabiliyyətinin inkişafı üçün hər cür lazımi şərait yaradıb. Amaliya Pənahova Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə gənc aktyorlar nəslinin yetişməsi üçün bir alim olaraq böyük əmək sərf edib. O, 2000-2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

    Sonra müəllifi heykəltəraş, Xalq rəssamı Natiq Əliyev olan barelyefin açılışını bildirən qırmızı lent kəsilib.

  • “ART könüllü” proqramı davam edir

    “YARAT” Müasir İncəsənət Məkanı “ART könüllü” proqramını uğurla davam etdirir.

    AZƏRTAC xəbər verir ki, proqram müxtəlif layihələrdə iştirak etməklə yanaşı, təsviri incəsənət, teatr, kino, musiqi və digər sahələr üzrə təcrübə qazanmaq üçün əlverişli imkan yaradır.

    Təcrübə dövrü 3 ay olan proqramın iş qrafiki həftədə 2 dəfə olmaqla, 4 saat çəkir.

  • Milli Qəhrəman Çingiz Qurbanov haqqında sənədli film çəkilib

    Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnaməfilm studiyası”nda “Azərbaycanın Milli Qəhrəmanları” silsiləsindən olan sənədli filmlər çəkilməkdə davam edir. Bu “Salnaməfilm studiyası”nın ekranlaşdırdığı “Hər şey yaxşı olacaq” filmi bu silsiləyə aid filmlərdən biridir.

    AZƏRTAC xəbər verir ki, ekran əsərinin paytaxtda və bölgələrdəki mədəniyyət ocaqlarında, hərbi hissə və hərbi məktəblərdə, ali və orta ümumtəhsil məktəblərində, kino mərkəzlərində nümayişləri artıq təşkil olunub.

    Sənədli film Milli Qəhrəman Çingiz Qurbanov haqqındadır. Filmin adı Çingiz Qurbanovun ailəsi ilə vidalaşarkən söylədiyi fikirdən götürülüb: “Hər şey yaxşı olacaq”.

    Filmin çəkilişləri Çingiz Qurbanovun boya-başa çatdığı Qusar rayonunda, Bakıda və Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində aparılıb. Film müşahidə janrında çəkilib. Filmdə Çingizin ata-anası, qardaşı, müəllimləri, sinif yoldaşları, məhəllə dostlarının onun haqqında qürurverici, xoş xatirələri yer alır. Filmdə qəhrəmanın şəxsi arxivindən və kino xronikadan da istifadə olunub.

    Ekran əsərinin ssenari müəllifi və rejissoru Kamran Qasımov, operatoru Mirzə Ələkbərov, icraçı prodüseri Azad Axundov, prodüseri Nazim Hüseynovdur.

  • “ASAN Könüllüləri” Təşkilatı “Nizami dünyası” kompozisiyasını təqdim edib

    “ASAN Könüllüləri” Təşkilatının “Mədəniyyət Carçısı” proqramının təşkilatçılığı, Bakı Dövlət Universitetinin tərəfdaşlığı ilə “Nizami dünyası” kompozisiyası təqdim olunub.

    Tədbir Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən elan edilmiş “Nizami Gəncəvi İli” çərçivəsində və Nizami irsinin təbliği məqsədilə baş tutub.

    Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov, Bakı Dövlət Universitetinin sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev, “ASAN Könüllüləri” Təşkilatının sədri Emiliya Bayramova və digər qonaqlar iştirak ediblər.

    Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

    Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, kompozisiyada Nizami Gəncəvinin həyatı ilə yanaşı, onun “Xəmsə” poemasına daxil olan “Sirlər Xəzinəsi”, “Leyli və Məcnun” “Xosrov və Şirin”, “Yeddi Gözəl”, “İsgəndərnamə” əsərləri də səhnələşdirilib.

    Tədbirin əsas məqsədi gənclər arasında dahi şairin yaradıcılığına xüsusi diqqət ayırmaqla təbliğatın aparılması və bu prosesdə onların birbaşa iştirakçılığını təşkil etməkdir.

    Sonda iştirakçılara sertifikatlar təqdim olunub.

  • Milli Kitabxanada “Azərbaycan Milli Kino Günü” adlı sərgi virtual rejimdə istifadəçilərə təqdim olunub

    Bu gün Azərbaycan Milli Kino Günüdür. Ümummilli lider Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə avqustun 2-si kino işçilərinin peşə bayramı – Azərbaycan Kinosu Günü kimi qeyd olunur.

    Fransada keçirilmiş ilk kinoseansdan iki il sonra – 1898-ci il avqustun 2-də Bakı elmi-foto dərnəyinin katibi, naşir və fotoqraf Aleksandr Mişon özünün lentə aldığı “Bibiheybətdə neft fontanı yanğını”, “Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi”, “Qafqaz rəqsi” xronikal sənədli və “İlişdin” adlı bədii süjetlərini nümayiş etdirmişdi. Həmin gün milli kinonun yaranma günü sayılır.

    Bu münasibətlə, M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Azərbaycan Milli Kino Günü” adlı virtual sərgi hazırlanıb.

    Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə Azərbaycanın görkəmli şəxslərinin milli kinomuz haqqında fikirləri, rəsmi sənədlər, mövzu ilə bağlı kitab və məqalələr nümayiş olunur.

    Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Milli_kino_gunu/index.html linkindən istifadə edə bilərlər.

  • Avqustun 2-si Azərbaycan Kinosu Günüdür

    Bu gün Azərbaycan Kinosu Günüdür. Ümummilli lider Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə avqustun 2-si kino işçilərinin peşə bayramı - Azərbaycan Kinosu Günü kimi qeyd olunur.

    AZƏRTAC xəbər verir ki, bu gün Azərbaycan kinosu yaranmasının 123-cü ildönümünü qeyd edir.

    Fransada keçirilmiş ilk kinoseansdan iki il sonra – 1898-ci il avqustun 2-də Bakı elmi-foto dərnəyinin katibi, naşir və fotoqraf Aleksandr Mişon özünün lentə aldığı “Bibiheybətdə neft fontanı yanğını”, “Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi”, “Qafqaz rəqsi” xronikal sənədli və “İlişdin” adlı bədii süjetlərini nümayiş etdirmişdi. Həmin gün milli kinonun yaranma günü hesab olunur.

    Ötən əsrin əvvəllərində “Pate”, “Pirone”, “Filma” kimi xarici kino şirkətləri Bakıda filiallarını açaraq film istehsalı ilə məşğul olublar. 1916-cı ildə yazıçı İbrahim bəy Musabəyovun eyniadlı povesti əsasında “Neft və milyonlar səltənətində”, 1917-ci ildə isə Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında “Arşın mal alan” qısametrajlı bədii filmləri çəkilib.

    Azərbaycan Xalq Cümhuriyyəti dövründə hökumət bir çox mədəni-siyasi islahatlar keçirib. Xarici aləmlə diplomatik, mədəni–iqtisadi əlaqələr dünya kinosunun ilk nümunələrinin Bakıya gətirilməsinə və ictimai baxışlara təkan verib. Bunun nəticəsində Bakıda kinematoqrafiya həvəskarlarının sayı artmağa başlayıb. 1918-ci ildə onlar “Kinematoqrafiya və teatr qulluqçuları şurası”nda birləşiblər.

    Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra 1923-cü ildə Azərbaycan Foto-Kino İdarəsi (AFKİ) yaradılıb və həmin il aprelin 28-də Birinci Dövlət Kinofabriki açılıb. Burada çəkilən ilk film xalq əfsanəsinin motivləri əsasında yaradılmış “Qız qalası” bədii filmi olub.

    1923-1926-cı illərdə kinostudiya Birinci Dövlət Kinofabriki, sonradan AFKİ Kinofabrik ilə birləşdirilərək “Azdövlətkino”, “Azərkino”, “Azərfilm”, “Azdövlətkinosənaye”, “Bakı kinostudiyası”, “Azərbaycanfilm” adlandırılıb. 1960-cı ildən Cəfər Cabbarlının adını daşıyır.

    “Azərbaycanfilm”də indiyədək iki mindən çox müxtəlif növ və janrda film istehsal olunub. Onların bir hissəsi, o cümlədən “Arşın mal alan”, “Şərikli çörək”, “Ad günü”, “Sevinc buxtası”, “İstintaq”, “Yaramaz” və başqaları Dövlət mükafatlarına, bir çox filmlər, o cümlədən “Ögey ana”, “Uzaq sahillərdə”, “Arşın mal alan”, “Bizim Cəbiş müəllim”, “Axırıncı aşırım”, “Nəsimi”, “Özgə vaxt”, “Sarı gəlin”, “Ovsunçu”, “Buta”, “Çölçü”, “Nabat”, “Axınla aşağı” və digərləri beynəlxalq və digər kinofestivalların mükafatlarına layiq görülüb.

    Ümummilli lider Heydər Əliyevin mədəniyyət və incəsənət xadimlərinə, kino sahəsində çalışanlara göstərdiyi diqqət və qayğı hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin “Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında” 2007-ci il 23 fevral tarixli Sərəncamı milli kinomuzun maddi-texniki bazasının möhkəmləndirilməsinə yeni təkan verib. Dövlətimizin başçısının müvafiq Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədilə bir çox mühüm işlər görülüb.

    Bu il 123-cü ildönümünü qeyd etdiyimiz Azərbaycan kino sənəti ötən müddətdə əlamətdar hadisələrlə zəngin özünəməxsus inkişaf yolu keçərək, xalqımızın mədəni-mənəvi həyatında mühüm rol oynayıb.

    Kino sahəsinin inkişafı məqsədilə dövlət büdcəsindən ayrılmış vəsait hesabına “Azərbaycanfilm” və digər dövlət studiyalarında, eləcə də müstəqil kino müəssisələrində milli maraq və mənafe baxımından xüsusi əhəmiyyət kəsb edən mövzularda 250-dən çox bədii, sənədli və cizgi filmi çəkilib. İstehsal edilən 60-dan çox ekran əsəri 60-a yaxın ölkədə keçirilən 230-dan çox beynəlxalq film festivalında iştirak edərək 146 müxtəlif mükafat qazanıb.

    Hazırda Azərbaycan mədəniyyətinin əsas aparıcı sahələrindən biri olan kino sənətinin inkişafı və bu sahənin modernləşdirilməsi istiqamətində ölkədə sistemli islahatların həyata keçirilməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” 2019-cu il 1 mart tarixli Sərəncamına əsasən hazırlanmış və kino sahəsinin bütün istiqamətlərində islahatların aparılmasını nəzərdə tutan “Azərbaycan kinematoqrafiyasının inkişaf Konsepsiyası”nın layihəsi dövlət qurumları ilə razılaşdırma mərhələsindədir.

    Diqqətə çatdıraq ki, hər il 2 avqust – Azərbaycan Kinosu Günü ilə bağlı müxtəlif tədbirlər, mərasimlər, yeni filmlərin təqdimatı keçirilir. Bu ilin əvvəlindən bəşəriyyəti çətin sınaq qarşısında qoyan koronavirus pandemiyasının ən çox mənfi təsir göstərdiyi sahələrdən biri də kino sahəsidir. Demək olar ki, bütün dünyada kino ilə bağlı kütləvi tədbirlər təxirə salınıb. Ümid edirik ki, bəşəriyyət tezliklə bu xəstəliyə qalib gələcək və həyat normal axarına düşəcək. Kino pavilyonları fəaliyyətini bərpa edəcək, böyük ekranlar yeni maraqlı filmlərlə tamaşaçıların görüşünə gələcək. Azərbaycanda da kino sahəsində yeni bir canlanma yaşanacaq.

    Azərbaycan Kinosu Günü münasibətilə bütün kino ictimaiyyətini təbrik edirik.

  • Bakı Fotoqrafiya Evində “Fokusdan kənar” adlı fotosərgi açılıb

    “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin (İdarə) dəstəyi və “F3.7 Union” Fotoqrafların Yaradıcı Birliyinin (Birlik) təşkilatçılığı ilə İçərişəhərdə yerləşən Bakı Fotoqrafiya Evində “Fokusdan kənar” adlı fotosərginin açılış mərasimi keçirilib.

    AZƏRTAC xəbər verir ki, estetik nöqteyi-nəzərdən ekoloji vəziyyəti əks etdirəcək sərginin əsas mesajı “Planet sənin onu yaratdığın kimidir” şüarıdır. Sərgidə Azərbaycanın müasir dövr fotoqrafları Yer planetinin bütün sakinlərinin üzləşdiyi və eyni zamanda, etinasız yanaşdığı ekoloji fəlakətlərin aktual olan həqiqətlərini çatdıran əsərlərini nümayiş etdiriblər.

    Avqustun 1-də isə sərgi çərçivəsində alman klassiki Vim Vendersin “Yerin duzu” adlı filmi nümayiş olunacaq. Eyni zamanda, sərginin fəaliyyətdə olacağı müddətdə iki tədbirin də keçirilməsi planlaşdırılıb. Onların biri fotoqrafların iştirakı ilə baş tutacaq, digəri isə “Femiscop” platformasının “EcoFeminist Fest” layihəsindən bəhs edəcəyi tədbir olacaq.

    Sərginin proqramına daxil olan son hissə isə hərrac keçirilməsi ilə bağlıdır. Belə ki, istənilən şəxs fotoqrafların əsərlərini satın alaraq milli fotoqrafiyanın inkişafına töhfə verə biləcək.

    Sərgi avqustun 15-dək davam edəcək.

  • Milli Xalça Muzeyinin direktoru beynəlxalq festivalda məruzə ilə çıxış edib

    Latviyanın Gulbene şəhərində “Divi Juliji” adlı IV Beynəlxalq İncəsənət Festivalı keçirilir. Festival bu şəhərdə anadan olmuş tanınmış iki rəssam – Yulius Straume və Yulius Madernieksin xatirəsinə həsr olunur.

    Milli Xalça Muzeyindən AZƏRTAC-a bildirilib ki, iyulun 30-da festival çərçivəsində Gulbene Bələdiyyə Tarix və İncəsənət Muzeyində IV Beynəlxalq elmi-praktiki konfrans təşkil olunub.

    Tədbirdə Azərbaycan Milli Xalça Muzeyinin direktoru, ICOM Azərbaycan Milli Komitəsinin sədri Şirin Məlikova “Azərbaycan xalça mədəniyyəti: Ənənə və müasirlik” mövzusunda məruzə ilə çıxış edib. Ş.Məlikova tədbir iştirakçılarına qədim xalça sənəti, Azərbaycan Milli Xalça Muzeyinin tarixi və onun yaradıcısı, görkəmli alim Lətif Kərimov, vaxtilə Qafqaz Kustar Komitəsinin rəhbəri olmuş, latviyalı Yulius Straumenin Qafqazdakı fəaliyyəti haqqında müfəssəl məlumat verib. Direktor ölkəmizdə xalçaçılıq sənətinin əsas inkişaf istiqamətləri, o cümlədən müasir rəssamların yaradıcılığında ənənələrin yaşadılması prosesini xüsusi olaraq vurğulayıb. Bu kontekstdə də Azərbaycan Milli Xalça Muzeyinin həm ölkəmizdə, həm də xaricdə keçirdiyi layihələrin ictimaiyyət tərəfindən böyük maraqla qarşılandığını, son dövrdə ənənələrin yeni interpritasiyada təqdim edilməsini müasir rəssamlar Faiq Əhməd, Çingiz Babayev (CHINGIZ) və digərlərinin əsərlərində müşahidə edildiyini söyləyib.

    Ş.Məlikovanın qeyd etdiyi Azərbaycan xalçaçılıq sənətinin günümüzdə davamlı olaraq yeni yanaşmalarla daha da zənginləşməsinin bariz nümunəsi olan ən son layihələr – Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş xalça eskizi müsabiqəsi və Kazan şəhərində təşkil olunmuş “Xalça sənəti – mənaların təkamülü” sərgisi haqqında təqdimatı konfrans iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

    Çıxışdan sonra Şirin Məlikova iştirakçıların xalçaların hansı məqsədlə və hara üçün toxunduğu, onların ornamentlərinin semantikası, qədim xalçatoxuma texnologiyalarının dirçəldilməsi, Azərbaycanda xalçaçılıq sənətinin dövlət tərəfindən dəstəklənməsi haqqında çoxsaylı suallarını cavablandırıb. Ş.Məlikova bu sahədə ölkəmizdə təhsil ocaqlarında gənc kadrların hazırlanması, xalça sənətində toxucu və rəssam qadınların mühüm rolundan söhbət açıb.

    Konfransda, həmçinin Latviya, Türkiyə, Danimarka, İrandan olan mütəxəssislər müxtəlif mövzularda məruzələrlə çıxış ediblər.

    Sonda konfrans iştirakçıları arasında müzakirələr aparılıb.

    Gulbene Bələdiyyə Tarix və İncəsənət Muzeyinə Azərbaycan Milli Xalça Muzeyinin nəşrləri təqdim olunub, konfrans iştirakçılarına isə muzeyin promomaterialları – açıqcaları, broşürləri paylanılıb.

     

  • Xalq yazıçısı Kamal Abdullanın yeni romanı çap olunub

    Xalq yazıçısı Kamal Abdullanın “Laokoon…Laokoon… yaxud bir romanın “gerçək” yazılma tarixçəsi” adlı yeni kitabı işıq üzü görüb.

    AZƏRTAC xəbər verir ki, yazıçının sayca beşinci romanı olan əsərdə müəllif məşhur “Yarımçıq əlyazma” romanının yazılma tarixçəsini özünəməxsus bədii-fəlsəfi formada təqdim edir.

    Roman iç-içə süjetlər və fəsillər vasitəsilə, mifoloji zamanla çağdaş zaman arasında sıçrayışlarla müşayiət edilən hadisələr şəklində qurulub.

    Əsərin qəhrəmanı olan Vaqif bir roman yazmaqdadır, bütün düşüncəsi, varlığı həmin əsəri yazarkən içinə dolan “tanış və yad sonsuz lüğət”lə bağlı suallarla dolur. Vaqif öz şübhələrini sevgilisi Firəngizin gözlənilməz suallarında, gözlənilməz şəkildə məsələnin məğzinə işıq tutan baxışlarında yəqinləşdirir. Əsər həm Vaqiflə Firəngizin sevgi əhvalatı mənasında romandır, həm də Vaqif əsər boyu yazmaqda olduğu kitab mənasında roman.

    “Köhlən” nəşriyyatında işıq üzü görən kitabın redaktoru Cavid Zeynallıdır.

    Kitabın “Ön söz”ü çoxmüəlliflidir. “Ön söz”də Xalq yazıçısı Kamal Abdullanın yaradıcılığı haqqında Umberto Eko, Franko Kardini, Maks Statkiyeviç, Anastasiya Yermakova, Lüdmila Lavrova, Lev Anninskiy, Klod Aliber, Sudha Svarnakar, Anar, Ramiz Rövşən, İsa Həbibbəyli, Arif Acaloğlu, Tehran Əlişanoğlu, Azər Turan, Vaqif Nəsib, Aqşin Yenisey, Elnarə Akimova, Mətanət Vahid, Maraq Yaqubova, Qismət Rüstəmov, Nargis və Ülvi Babasoyun fikirləri yer alıb.

    Kamal Abdulla yeni əsəri haqqında fikrini belə ifadə edib: “Bu roman Laokoona inanan Troya haqqındadır”.

  • Fariz Əhmədov: Bu il kinostudiyada istehsalı bərpa etməyə müvəffəq olduq

    Bu gün Azərbaycan kinosu yaranmasının 123-ci ildönümünü qeyd edir. Bu münasibətlə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Fariz Əhmədovla görüşüb milli kinomuzun qarşısında duran vəzifələrdən, reallaşdırılan layihələrdən, görülən işlərdən, əldə olunan uğurlardan və mövcud problemlərdən danışdıq. Fariz Əhmədovun AZƏRTAC-a müsahibəsini təqdim edirik.

    -Bu gün Azərbaycan kinosu yaranmasının 123-ci ildönümünü qeyd edir. İlk növbədə bu münasibətlə Sizi və rəhbərlik etdiyiniz kollektivi təbrik edirəm. Zəngin və böyük inkişaf yolu keçmiş Azərbaycan kinosunun hazırkı durumunu necə qiymətləndirirsiniz?

    -Minnətdaram! Bir ildən artıqdır ki, dünyanı öz ağuşuna almış COVID-19 pandemiyasının həyatın bütün sahələrinə gətirdiyi əngəllər kino sənətindən də yan keçmədi. Amma bu il kinostudiyada istehsalı bərpa etməyə müvəffəq olduq. Qeyd etmək istəyirəm ki, rejissor Elçin Musaoğlunun “Məryəm” tammetrajlı bədii filminin çəkilişlərini tamamlamışıq və film hazırda istehsal sonrası (“post-production”) mərhələsindədir. Rejissor Vaqif Mustafayevin “Həyat, deyəsən gözəldir” (Fəryad II) tammetrajlı bədii filmi istehsaldadır. Rejissor Asif Rüstəmovun “Mərmər soyuğu” adlı tammetrajlı bədii filminin hazırlıq işləri davam edir. Bundan əlavə Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsində göstərdiyi şücaət və şanlı zəfərini əhatə edən “Görünməyən qəhrəmanlar” adlı 5 sənədli-salnamə janrında filmlər çəkilir. Bakı Media Mərkəzi ilə birgə istehsal etdiyimiz “Biz” sənədli filminin 26 İyun - Silahlı Qüvvələr Günündə ordumuza həsr edilmiş ilkin premyerası Heydər Əliyev Sarayında baş tutdu.

    -Son vaxtlar eyni vaxtda iki bədii və iki sənədli filmi çəkməyə imkan verən ən müasir avadanlıqlarla təmin edilməyiniz barədə məlumatlıyıq. Şübhəsiz ki, bu, C.Cabbarlı adına “Azərbaycanfilm Kinostudiyası” üçün yeni texniki imkanlar deməkdir. Bilmək istərdik ki, bu, işinizdə hansı yeniliklərə səbəb olacaq?

    -Azərbaycan milli kinosunun məbədi, kinostudiyamızın 40 ilə yaxın bir müddətdən sonra yeni avadanlıqlarla təmin edilməsi çox mühüm məsələ idi. Müasir beynəlxalq kino sənayesi sürətlə inkişaf edir, bu proqresi filmlərin bütün istehsal vasitələrində, kino-kameraların, müxtəlif kamera və işıq qurğularının fonunda aydın görə bilirik. Müasir kinonun istehsal standartlarına çatmaq üçün istənilən studiyada bu avadanlıqların təminatı mütləqdir. Təbii ki, kinostudiyanın istehsal həcmini və böyüklüyünü nəzərə alanda texniki bazamızda hələ də müəyyən çatışmazlıqlar var. “Məryəm” filmini bu yeni avadanlıqların iştirakı ilə istehsal etdik, hazırda istehsalda olan və qarşıda duran layihələrimizi də həmçinin bu texnikalarla həyata keçirəcəyik.

    -Kino sahəsində beynəlxalq əməkdaşlıqla bağlı hansı işlər görülür, ümumiyyətlə bu istiqamətdə iş aparılırmı?

    -Bəli, qeyd etdiyiniz istiqamətdə də bu il təşəbbüskar addımlar atıldı və müəyyən nəticələr var. Rejissor Tahir Əliyevin “Fulya” sənədli filmini Türkiyənin “Dada Yapım” şirkəti ilə birgə istehsal etdik. Rejissor Elçin Musaoğlunun “Məryəm” tammetrajlı bədii filmi Türkiyənin ən mühüm film layihələrinin inkişafı və istehsalı platformalarından biri olan “12 Punto” - 2021, TRT Beynəlxalq Birgə İstehsal Mükafatlarının qalibləri arasında yer aldı. Rejissor Asif Rüstəmovun “Mərmər soyuğu” filmi isə Fransanın nüfuzlu film istehsalı şirkəti “Arizona Productions”ın birgə istehsala qoşulması ilə həyata keçirələcək. Eyni zamanda, rejissor Vaqif Mustafayevin “Həyat, deyəsən gözəldir” (Fəryad II) tammetrajlı bədii filminin büdcə planına əsasən ölkənin ən nüfuzlu banklarından biri ilə danışıqlarımız davam edir.

    -Televiziyalarla layihələrinizi davam etdirirsinizmi?

    - İctimai TV ilə yaradıcı və məhsuldar əməkdaşlığımız davam edir. “Bizim Kino” adlı 24 hissəli kinojurnal layihəmiz artıq yekunlaşır. Kinojurnalın yayımlanmış buraxılışlarını izləyicilərimiz “Azərbaycanfilm” Kinostudiyasının sosial media kanallarında izləyə bilər. Bu ilin “Nizami Gəncəvi İli” elan edilməsi ilə bağlı istehsala buraxılan “Xosrov və Şirin” 12 seriyalı bədii televiziya layihəsini İctimai Televiziya və Radio Yayımları Şirkəti ilə birgə həyata keçiririk. Mirsadıq Ağazadənin “Eviniz abad” bədii televiziya filminin çəkiliş materialları əsasında hazırlanmış, “Köşk” adlı 5 hissəli televiziya layihəsinin montaj işləri tamamlanıb.

    -Mədəniyyət Nazirliyi tərəfindən elan olunmuş “Böyük Qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsində seçilmiş 11 layihə barədə nə deyə bilərsiniz?

    -Müsabiqədə seçilmiş, “Fulya” sənədli filminin çəkilişləri tamamlanıb və hazırda montaj mərhələsindədir. “Müharibə uşaqları” sənədli filmi isə istehsal öncəsi hazırlıq mərhələsindədir.

    - Son illər çəkilən Azərbaycan filmlər dəfələrlə beynəlxalq festivallarda uğur qazanıb. Tamaşaçılar bu ekran əsərlərini böyük səbirsizliklə izləmək marağındadır. Bu istiqamətdə hansı işlər aparılır?

    -Kino böyük bir istehsalat prosesidir. Əyləncə növü olmaqla yanaşı, kino həm də böyük bir sənaye sahəsidir. Bu qədər geniş spektrli sahədə inkişaf üçün nəticəni qısa müddətdə gözləmək sadəlövhlük olar. Birincisi, kino yaradıcı bir prosesdir. Yaradıcı insanların sənət əsəri ortaya çıxarması üçün sənətkarların - ssenarist, rejissor, operator, rəssam, aktyor və digər müəlliflərin iş mühitinin, atmosferinin yüksək şəkildə təşkil olunması lazımdır. Bu isə sistemin yenidən qurulması deməkdir. Hər hansı bir sahədə sistemin qurulması, iş mühiti və atmosfer yaratmaq böyük və qlobal bir prosesdir.

    Kino həm də böyük bir sənayedir. Filmin istehsalı ilə proses yekunlaşmır. Növbəti mərhələlər filmin marketinqi, PR işləri, distribyusiyası, satışı, festival həyatı və nəhayətində də müxtəlif təbəqədən olan tamaşaçılara çatdırılması problemi ortaya çıxır. Bizim də böyük bir kino industriyası yaratmaq üçün apardığımız fəaliyyət əgər nəticəsini verərsə, tamaşaçı bu filmləri, sənətkarlarımızın istehsal etdikləri film nümunələrini görə biləcəklər. Bunun üçün Kino konsepsiyasında nəzərdə tutulan bütün məsələlər həll olunmalıdır. Burada bizdən asılı olan və olmayan səbəblər var. Hüquqi bazanın da qısa müddətdə həll olunması lazımdır. Kinematoqrafiya haqqında qanunda müasir dünyanın tələblərinə uyğun dəyişikliklər baş verdikdən sonra, digər proseslər də corab söküyü kimi arxasından gələcək. Çünki, hüquqi baza möhkəm olmalıdır. Bu hüquq bazanın yaradılmasında kino sahəsində vergi və digər iqtisadi məsələlərin çözülməsi məsələləri də həllini tapmalıdır.

    Hazırda bir neçə istiqamətdə bu proseslər davam edir. Kino sənətkarları, rejissorlar, ssenaristlər oturmayıblar, var qüvvələri ilə yüksək keyfiyyətli filmlərin istehsalını davam etdirirlər. Digər tərəfdən, bu filmlərin müxtəlif bazarlara çıxış yolları üzərində hərtərəfli iş gedir. Nəticədə, həm öz tamaşaçımızın zövqünü oxşayacaq filmlərin çəkilməsi, həm də filmlərimizin dünya arenasında uğurları ilə bütün vətəndaşlarımızın sevinəcəyi, qürurlanacağı bir Azərbaycan kinosunun müjdəsi çox yaxındadır.

    Sizə bu yolda uğurlar arzulayırıq və müsahibə üçün təşəkkür edirik.