Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • XII Qəbələ Musiqi Festivalının açılış mərasimi olub

    Azərbaycanın dilbər guşələrindən olan Qəbələ şəhəri yenidən öz qapılarını sənətsevərlərin, Musiqi Festivalı iştirakçılarının üzünə açıb.

    "Report" xəbər verir ki, Heydər Əliyev Fondunun dəstəyi və təşkilatçılığı, Azərbaycan Respublikasının Təhsil və Mədəniyyət nazirliklərinin, Bakı Musiqi Akademiyasının və “Gilan Holdinq”in dəstəyi ilə iyulun 31-də başlayan XII Qəbələ Musiqi Festivalı avqustun 4-dək davam edəcək.

    Builki festival əlamətdar hadisəyə - Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illik yubileyinə həsr olunub. Yubileyin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2021-ci il mayın 26-da Sərəncam imzalayıb. Bununla bağlı respublikamızın bir çox bölgələrində, musiqi-tədris ocaqlarında müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulub. XII Qəbələ Musiqi Festivalı da yubileyə həsr olunmuş tədbirlərdən biridir.

    Musiqi ictimaiyyəti arasında böyük rəğbətlə qarşılanan Qəbələ Musiqi Festivalının proqramı bu il də çox zəngindir. Musiqisevərlər festival günlərində bir çox musiqi kollektivlərinin maraqlı konsert proqramından zövq alacaqlar. Festivalda klassik musiqi ilə yanaşı, muğam, vokal, kamera musiqisi axşamları da təşkil olunacaq.

    İyulun 31-də axşam saatlarında Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzinin kamera zalında musiqisevərlərə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələrinin iştirakı ilə festivalın ilk konserti təqdim olunub. Konsertdə respublika və beynəlxalq müsabiqələr laureatları çıxış ediblər. Pianoçular Leyla Zeynalova, Atabala Manafzadə, Cəmil Sədizadə, Rəşid Behbudov, Jalə Mayılova, Səbinə Muradova, Gülər Ağayeva və Fəqan Həsənlinin, violin ifaçıları Osman Mustafazadə, Zərrin Əliyeva və Aysel Abdullayevanın, violençel ifaçısı Orxan Hüseynovun, həmçinin viola, fleyta, klarnet və truba ifaçılarının, vokalçılar Nigar Əsgərova və Sübhan Rüstəmovun ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

    Konsertdə S.Raxmaninov, H.Venyavski, A.Messager, A.Skryabin, A.Piazzolla, F.Şopen, D.Şostakoviç, həmçinin Azərbaycan bəstəkarlarından Tofiq Quliyev, Fikrət Əmirov və Müslüm Maqomayevin əsərləri səsləndirilib.

    Gənc musiqiçilərin çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Sonra XII Qəbələ Musiqi Festivalının təntənəli açılış mərasimi olub.

  • Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın ilk iclası keçirilib
    İyulun 30-da Azərbaycan Milli Xalça Muzeyində Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın ilk iclası keçirilib. İclasda İctimai Şuranın əhəmiyyətindən danışılıb, görüləcək işlər barədə təkliflər dinlənilib. İclası giriş sözü ilə açan Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Vasif Eyvazzadə şuraya keçirilən seçkilərin nəticələri barədə məlumat verib. Bildirib ki, seçkilərin ötən ilin sentyabrında keçirilməsi nəzərdə tutulsa da, Vətən müharibəsinin başlaması səbəbindən bu iş təxirə salınıb. Bu ilin iyul ayında seçkilərin birinci və ikinci turu keçirilib. Nəticədə 9 namizəd səsvermənin qalibi olub. Mədəniyyət naziri Anar Kərimov bildirib ki, Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət sayəsində Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti genişlənib, QHT-lər dövlət idarəçiliyi və qanun yaradıcılığı prosesinin iştirakçısına çevriliblər. Mədəniyyət Nazirliyinin qeyri-hökumət təşkilatları ilə yaxından əməkdaşlıq etdiyini diqqətə çatdıran A.Kərimov yaradılan İctimai Şuranın bu sahədə görəcəyi işlərin əhəmiyyətindən danışıb. Nazir İctimai Şuranın üzvlərinə nazirliklə ictimaiyyət arasında səmərəli qarşılıqlı fəaliyyətin təşkili, onun fəaliyyətində aşkarlığın və şəffaflığın təmin olunması, dövlət siyasətinin formalaşması və qərarların qəbulu zamanı ictimai rəyin və vətəndaşların qanuni maraqlarının nəzərə alınması, əsas insan və vətəndaş hüquqlarının müdafiəsi kimi məqsədlərin həyata keçirilməsi istiqamətlərindəki fəaliyyətlərində uğurlar arzulayıb. Mədəniyyət nazirliyində yeni islahatlar aparacağını deyən nazir bildirib ki, nazirlik keçmiş sovetlər birliyində olduğu kimi müəssisələrin idarə edilməsilə məşğul olmamalı, ümumilikdə bütün sahələrlə işləməlidir: “Biz beynəlxalq standartlara cavab verən bir idarəçilik qurmalıyıq. Burada şəffaflıq təmin olunmalı, dayanıqlı maliyyələşdirmə və iqtisadi modellər tətbiq edilməli, özəl sektor mədəniyyət sahəsinə cəlb olunmalıdır. Müəssisələr rəqabətli bir sistemə keçsələr dövlətin mədəniyyət strategiyasına töhfə vermiş olarlar”. Sonra İctimai Şura üzvlərinin təklifləri dinlənilib.
  • “Özünü kəşf et” adlı ustad dərsləri davam edir

    Azərbaycan Rəngkarlıq Muzeyində rəssamlığa həvəsi olan 16 yaşdan yuxarı gənclər üçün nəzərdə tutulmuş “Özünü kəşf et” adlı ustad dərsləri davam edir.

    AZƏRTAC xəbər verir ki, növbəti dərs avqustun 4-də Çingiz Babayevin iştirakı ilə “Eşq naxışları” mövzusunda olacaq. Eyni zamanda, dərslər avqustun 11-də Gülarə İsrafilovanın iştirakı ilə “Səyahət”, 18-də İrina Eldarovanın iştirakı ilə “Güllər” mövzusunda davam edəcək. Avqust ayı ərzində sonuncu dərs 25-də Eliyar Əlimirzoyevin rəhbərliyi ilə “Rəssamın gözü” mövzusuna həsr olunacaq.

    Qeyd edək ki, təcrübəsindən asılı olmayaraq hər kəs dərslərdə iştirak edə bilər. Bütün ləvazimatlar muzey tərəfindən qarşılanır.

    Yerlər məhdud olduğundan qeydiyyatdan keçmək zəruridir. Qeydiyyat çərşənbə axşamı – bazar günü saat 12:00-dan 20:00-dək aparılır.

    Ustad dərsləri ödənişsizdir.

  • Milli Kitabxana “Ümumdünya İnsan Alverinə qarşı Mübarizə Günü” adlı virtual sərgi hazırlayıb

    Dünya birliyinin davamlı səylərinə baxmayaraq, insan alveri müasir dövrün ən aktual problemlərindən biri olaraq qalmaqdadır. Bu baxımdan əksər dövlətlər problemin kökündə dayanan sosial, iqtisadi, mədəni, siyasi və digər amillərin aradan qaldırılması, insan alverinin bütün formalarına qarşı mübarizənin sərtləşdirilməsi, onun qurbanlarına hərtərəfli yardımın göstərilməsi istiqamətində zəruri addımlar atırlar.

    İnsаn аlvеrinin mahiyyəti barədə məlumatlılığın аrtırılmаsı, bеynəlхаlq ictimaiyyətin diqqətinin qurbanların üzləşdiyi problemlərə yönəldilməsi məqsədilə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 2013-cü il 18 dekabr tarixli qətnaməsinə əsasən, hər il 30 iyul tarixi insan alverinə qarşı mübarizə üzrə beynəlxalq gün olaraq keçirilir.

    Dünyəvi, dеmоkrаtik, hüquqi dövlət quruculuğu yolunu seçmiş, insan və vətəndaş hüquq və аzаdlıqlаrının təmin еdilməsini dövlət siyasətinin prioritet istiqaməti еlаn etmiş Аzərbаycаn Respublikasında xeyli müddətdir ki, insan аlvеrinə qarşı mübarizə üzrə kompleks tədbirlər həyata keçirilməkdə və Аzərbаycаn bеynəlхаlq səviyyədə insan аlvеrinə qarşı mübarizəyə öz töhfəsini vеrməkdədir.

    AZƏRTAC xəbər verir ki, bu məqsədlə 30 iyul – Ümumdünya İnsan Alverinə qarşı Mübarizə Günü münasibətilə, M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən eyniadlı virtual sərgi hazırlanıb. Virtual sərgidə mövzu ilə əlaqəli kitablar, məqalələr, fotolar nümayiş olunur.

    Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Umumdunya_Insan_alverine_qarsi_Mubarize_Gunu/index.htm linkindən istifadə edə bilərlər.

  • Azərbaycan Kinosu Günü münasibətilə kinosevərlər gecəsi təşkil ediləcək

    Avqustun 2 –də “YARAT” Müasir İncəsənət Məkanının qarşısında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və “YARAT” Müasir İncəsənət Məkanının birgə əməkdaşlığı ilə Azərbaycan Kinosu Gününə həsr olunmuş açıq havada kinosevərlər gecəsi keçiriləcək.

    Nazirlikdən AZƏRTAC-a bildirilib ki, proqram nüfuzlu film festivallarında uğur qazanan milli filmlərin premyeralarından ibarətdir. Filmlər Azərbaycan dilində (ingilis dilində altyazı ilə) nümayiş olunacaq.

    Proqrama rejissor Əli-Səttar Quliyevin “Olimpiya”, rejissor Rüfət Həsənovun “Daxildəki ada”, rejissor Teymur Hacıyevin “Axşama doğru” və rejissor Teymur Qəmbərovun “Quxuroba” filmləri daxildir.

  • Yazıçı-dramaturq Ülviyyə Heydərovanın növbəti beynəlxalq uğuru

    Vilnüsdə rusca yazan və ya rus dilinə tərcümə olunan müəlliflər üçün “Baltiyskiy Qamayun” V Beynəlxalq Ədəbiyyat Festivalının birinci mərhələsi başa çatıb.

    Litva Respublikası hökuməti yanında Milli Azlıqlar departamentinin dəstəyi ilə Yazıçı və Publisistlərinin Beynəlxalq Assosiasiyasının həyata keçirdiyi festival böyük rus yazıçısı Fyodr Dostoyevskinin anadan olmasının 200 illiyinə həsr olunub. Tədbir çərçivəsində “Baltiyskiy Qamayun - 2021” beynəlxalq ədəbiyyat müsabiqəsinin qaliblərinin adları açıqlanıb. Müsabiqədə “Nəsr” nominasiyası üzrə 5 ölkədən 18 müəllif iştirak edib. Beş müəllif qalib seçilib.

    AZƏRTAC xəbər verir ki, onların arasında azərbaycanlı yazıçı-dramaturq Ülviyyə Heydərova da var. Yazıçı bu beynəlxalq müsabiqəyə “Külək” hekayəsi ilə qatılıb. Qaliblərin mükafatlandırılması mərasimi bu ilin noyabrın 20-də festivalın ikinci mərhələsində baş tutacaq.

  • “Zəfərə gedən yol” layihəsi çərçivəsində növbəti tədbir

    Respublika Gənclər Kitabxanası şanlı Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı qələbəyə həsr etdiyi “Zəfərə gedən yol” layihəsi çərçivəsində tədbirlərini davam etdirir. Əvvəlcə layihə çərçivəsində “Vətən müharibəsi qəhrəmanları hərbi jurnalistlərin gözü ilə” instaqram üzərindən hərbi jurnalistlərlə canlı yayımlar təşkil olunmuş, “Vətən müharibəsinin tarix yazan qəhrəmanları” adlı esse müsabiqəsi elan edilmişdir.

    Kitabxanadan AZƏRTAC-a bildirilib ki, avqustun 3-də bu silsilədən növbəti tədbir “Vətən müharibəsi qəhrəmanları gənc rəssamların gözü ilə” mövzusuna həsr ediləcək. Virtual sərgi Respublika Gənclər Kitabxanasının uzun müddətdir ki əməkdaşlıq etdiyi, birlikdə bir sıra uğurlu layihələrə imza atdığı Azərbaycan Rəssamlar İttifaqının fəxri üzləri Elnurə və Aygün İsgəndərovlar ilə birlikdə təşkil olunacaq. “Vətən müharibəsi qəhrəmanları gənc rəssamların gözü ilə” sərgisində 20-dən çox gənc, həvəskar rəssamların Vətən müharibəsi qəhrəmanlarına həsr etdikləri rəsm əsərləri onlayn rejimdə nümayiş olunacaq. Virtual sərgidə Rəssamlıq Akademiyasının, Azərbaycan Pedaqoji İnstitutunun və s. ali məktəblərin gənc həvəskar rəssamlarının 40-dan çox əl işləri yer alacaqdır.

    Tədbir avqustun 3-də saat 11:30-da “Zoom” platforması üzərindən təşkil olunacaq. Əlavə məlumatları kitabxananın email ünvanından (ryl.az@mail.ru), sosial şəbəkə səhifələrindən əldə etmək olar.

  • “Şəhidlik zirvəsi - Qobustan şəhidləri” kitab işıq üzü görüb

    Bu günlərdə “Elm və təhsil” nəşriyyat-poliqrafiya müəssisəsində yüksək poliqrafik üslubda hazırlanmış “Şəhidlik zirvəsi - Qobustan şəhidləri” adlı yeni kitab işıq üzü görüb.

    AZƏRTAC xəbər verir ki, kitab tanınmış şair-publisist Mətanət Ulu Şirvanlının şəhidlər haqqında yazdığı növbəti publisist təqdimatıdır. Kitab Birinci və İkinci Qarabağ döyüşlərindən bəhs edir. Müəllif kitabda erməni cəlladları tərəfindən torpağımızda törədilən cinayətlərdən bəhs edib, 30 illik vətən həsrətini qələmə alıb.

    Qarabağı canı-qanı bahasına qoruyan qobustanlı döyüşçülərin xatirəsini yad edən yazıçı onların taleyini və döyüş yolunu elegiya janrında oxuculara təqdim edib.

    Kitabda “Heç kim unudulmur, heç kim yaddan çıxmır” başlığı altında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobustan rayon bölməsi rəisinin müavini Samil Əzizov, yazıçı Seyran Səxavət, Azərbaycan Yazıçılar Birliyinin katibi, şair-publisist Rəşad Məcid, AYB-nin şöbə müdiri Sayman Aruz və yazıçı- dramaturq Elçin Hüseynbəylinin şəhidlərimiz haqqında fikirləri qeyd edilib, vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda igidlik göstərən şəhidlərimiz böyük ehtiramla yad olunub.

    Redaktoru tanınmış şair Hikmət Məlikzadə olan kitabda Vətən uğrunda canından keçmiş oğulların ömür yolu gənc nəslə əsl vətənpərvərlik nümunə kimi təqdim edilir.

  • Azərbaycan Kinosu Gününə həsr olunmuş açıq havada Kinosevərlər Gecəsi keçiriləcək
    2 avqust YARAT Müasir İncəsənət Məkanının qarşısında 20:00-dan  00:00-dək Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və YARAT Müasir İncəsənət Məkanının birgə əməkdaşlığı ilə  Azərbaycan Kinosu Gününə həsr olunmuş açıq havada Kinosevərlər Gecəsi keçiriləcək. Proqram nüfuzlu film festivallarında uğur qazanan milli filmlərin premyeralarından ibarətdir. Filmlər Azərbaycan dilində (ingilis dilində altyazı ilə) nümayiş olunacaq. Proqram: “Olimpiya”, 2021, Azərbaycan, melodrama, 67 dəq. Rejissor: Əli-Səttar Quliyev Bu fərqli həyat hekayəsi 1980-ci ildə SSRİ-nin paytaxtı Moskva şəhərində başlayıb, 2015-ci ildə Azərbaycanın mənzərəli şimal-qərb bölgələrindən birində davam edib və uzaq Kubada sona çatıb. Moskva Olimpiadasının bürünc mükafatçısı İlqar Süleymanov uzun müddətdir, peşəkar idmandan uzaqlaşıb, doğma qəsəbəsində sakit  həyat sürür. İlqar yerli orta məktəbdə bədən tərbiyəsi müəllimidir. Günlərin bir günü İlqarın evinin qapısı döyülür və həyatı tamamilə dəyişir... “Daxildəki ada”, 2020, Azərbaycan / Fransa, dram, 100 dəq. Rejissor: Rüfət Həsənov Treyler: https://www.youtube.com/watch?v=7GHhfIK4Clg Baş qəhrəman Seymur Tahirbəyov dünyanın qabaqcıl qrossmeysterlərindən biridir. Karyerasının ən önəmli oyunundan bir neçə həftə öncə özünü kəşf etmək məqsədilə yalnız bir nəfər sakini olan adaya xəlvətcə yola düşür. “Axşama doğru”, 2020, Azərbaycan, dram, 12 dəq. Rejissor: Teymur Hacıyev Treyler: https://www.youtube.com/watch?v=KrMyT4YooYI Fiziki yaxınlığı mənəvi yaxınlıq kimi görməyən cütlük, ailə məclisində iştirak etmək üçün şəhər kənarına çıxır. Məişət məsələləri onları dayanmağa və hiss edilən, lakin gözlənilməyən reallığı kəşf etməyə sövq edir. “Quxuroba”, 2020, Azərbaycan, dram, 21 dəq. Rejissor: Teymur Qəmbərov Treyler: https://www.youtube.com/watch?v=ORRZzxDxzJ4 Taksi sürücüsü Rasim, müdirindən mütləq yerinə yetirilməli olan çox vacib bir tapşırıq alır: O, şəhər kənarındakı ucqar bir kəndə gəlinlik paltarı çatdırmalıdır. Rasim yolüstü cavan bir qadın götürür: onların danışmağa heç bir mövzuları olmur, amma buna baxmayaraq bir-birlərinə deməyə yenə də sözləri var...   Əli-Səttar Quliyev (d. 1981, Bakı, Azərbaycan) Rejissor, “Mozalan” studiyasının direktoruş Onun “Çardaq” (2016) qısametrajlı, “Əlvida, Şmidt!”(2019) və “Olimpiya” (2021) tammetrajlı bədii filmləri bir sıra beynəlxalq festivalların iştirakçısıdır.   Rüfət Həsənov (d. 1987 , Bakı, Azərbaycan) 2009- cu ildə Beyts Kollec-dən (ABŞ), 2012-ci ildə isə Moskva şəhərində Ssenaristlər və Rejissorlar Ali Kurslarından məzun olub. 2013 -cü ildə Elvin Adıgözəl ilə çəkdiyi “Buqələmun” tammetrajlı bədii filmi Beynəlxalq Lokarno festivalının “Filmmakers of Present” proqramına daxil olmuş və “Golden Leopard” mükafatına namizəd olub. Rüfət Həsənov EAVE (Avropa Audio-vizual sahibkarlar) Berlinale Talents Network və SOFA (School of Film Advancement) məzunudur. O, 2020-ci il Sarayevo Film Festivalında “Daxildəki ada” filmi ilə “Ən yaxşı rejissor” mükafatını qazanıb. Teymur Hacıyev (d. 1982, Bakı, Azərbaycan) Elmar İmanovun Torn (2014) Tələbə Akademiya Mükafatı qalibi (Cannes, Quinzaine des Realisateurs, 2014) filmi daxil olmaqla, özəl şirkəti FIL Prodakşının məhsulu olan bir çox qısa filmi prodüser olaraq istehsal edən Teymur, rejissorluq debütünü qısa filmi “The Wound” (Yara) Palm Springs qısa film festivalında (2013) nümayiş etdirib. Onun ikinci qısametrajlı “Şanxay, Bakı” filminin premyerası Tampere Film Festivalında (2016) və üçüncü qısametrajlı filmi “Duz, İstiot zövqə görə” Rotterdam Beynəlxalq Film Festivalında nümayiş olunub və Kinoskopun “2019-cu ilin ən yaxşı beş qısa filmi” nə daxil edilib. Onun “Axşama doğru” filminin Kann kinofestivalında “Tənqidçilər Həftəsi”nə daxil edilməsi, Teymuru həm rejissor, həm də prodüser kimi Kannda olmuş yeganə azərbaycanlı rejissor edir. Teymur Qəmbərov (d. 1986, Bakı, Azərbaycan)  “Starcom Mediavest” və “Red Communications” kimi bir sıra PR agentliklərində çalışıb. Onun ilk ”Quxuroba” qısametrajlı filmi, Polşanın Poznan şəhərində baş tutan Avropa Short Pitch festivalının “Image Production” və “Mastering & Distribution” mükafatlarını qazanıb. 2020-ci ildə “Quxuroba” Sarayevo Film Festivalının Rəsmi Qısametrajlı Film Müsabiqəsinə seçilib.
  • Əlcəzair portalında “Karabakh.Center” layihəsində yer alan fotoşəkillərdən ibarət sərgi barədə xəbər və videomaterial yayımlanıb

    Əlcəzairin “Əl Hərir” portalında Qarabağ Dirçəliş Fondunun uzun müddət ərzində davam edən erməni işğalı nəticəsində xalqımızın Qarabağda maddi-mədəni irsinə, bu regionun biomüxtəlifliyinə və təbii sərvətlərinə dəyən zərərə həsr olunmuş “Karabakh.Center” layihəsində yer alan fotoşəkillərdən ibarət sərgi haqqında AZƏRTAC-ın xəbəri və videomaterialı yayımlanıb.

    Ərəbdilli oxucuların diqqətinə çatdırılıb ki, bir müddət əvvəl ictimaiyyətə təqdim olunan “Karabakh.Center” layihəsi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Qarabağ Dirçəliş Fondu tərəfindən Ermənistan-Azərbaycan münaqişəsinin səbəbləri və Ermənistanın təcavüzünün nəticələri barədə obyektiv məlumatların sistemləşdirilməsi və geniş ictimaiyyətə çatdırılması məqsədilə yaradılıb. “Karabakh.Center” internet resursunda 10 mindən çox foto və video görüntülər əksini tapıb. Bütün fotoşəkillər və videolar saytın “Urbisid” bölməsində yerləşdirilib. Bölmədə, həmçinin memarlıq abidələrinin işğaldan əvvəl çəkilmiş yüzlərlə fotoşəkli ilə də tanış olmaq mümkündür. “Portalda tarixçilər, tədqiqatçılar, jurnalistlər tərəfindən münaqişə və Ermənistanın qeyri-qanuni fəaliyyəti haqqında 150 səhifəlik təhlillər və məqalələr əksini tapıb.