“Surqut neft-qaz”ın iştirakı ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “Salnamə” studiyası və “Caspian Media Group”un istehsalı olan “Mən neft tapdım – Salmanov” bioqrafik sənədli filmin çəkilişləri davam edir. Film geologiya sahəsində çox böyük mütəxəssis, dünyanın ən məşhur geoloq alimlərindən olan Azərbaycan xalqının ləyaqətli oğlu, görkəmli neftçi, Sosialist Əməyi Qəhrəmanı, Tümen neftini ilk kəşf edənlərdən biri Fərman Salmanovun 90 illik yubileyinə həsr olunur.
AZƏRTAC xəbər verir ki, filmin müəllifi Hüseyn Cavadzadə, operatoru Rauf Qurbanəliyev, ssenari müəllifi isə Ramiz Fətəliyevdir.
Filmin çəkilişləri Bakıda, onun doğulduğu Şəmkirdə, Rusiyanın Moskva, Surqut, Neftyuqansk şəhərlərində aparılır. Filmin Bakı, Şəmkir çəkilişləri artıq başa çatıb, hazırda pandemiya şəraiti ilə əlaqədar Rusiya çəkilişlərinə görə filmin təhvilvermə müddəti uzadılıb. Filmdə Milli Arxiv İdarəsinin kino-foto sənədləri, həmçinin Rusiya arxivlərinin kinomateriallarından istifadə olunması da planlaşdırılır.
Qeyd edək ki, mərhum Fərman Salmanovun filmdəki obrazını geoloqun adını daşıyan, ilk evliliyindən olan nəvəsi Fərman Salmanov canlandıracaq.
Layihənin ilin sonuna qədər ekranlaşdırılması və yerli kanallarla yanaşı, Rusiya telekanallarında da nümayiş etdirilməsi gözlənilir. Layihənin təşkilati və informasiya dəstəyi “Rossotrudniçestvo” (Müstəqil Dövlətlər Birliyi, xaricdə yaşayan soydaşlar və beynəlxalq humanitar əməkdaşlıq işləri üzrə Federal Agentlik) və Biznes Media Dialoq şirkətidir.
Özbəkistanın “ishonch.uz” portalı Azərbaycanın adət-ənənələri ilə bağlı özbək dilində geniş məqalə dərc edib.
AZƏRTAC xəbər verir ki, yazıda Azərbaycanın qonaqpərvərlik ənənələri, xalqımızın mətbəxi, bayramları haqqında məlumat yer alıb.
Bildirilir ki, Azərbaycanın qonaqpərvərlik ənənələri zəngin olduğu qədər də maraqlıdır. Qonaq gələn evdə bayram əhval-ruhiyyəsi hökm sürür. Qonaqlar süfrənin başında əyləşdirilir, onlara xüsusi qulluq göstərilir.
Yazıda Azərbaycanın ləziz yeməkləri-plov, dolma, piti, şirniyyatlar, şərbətlər haqqında söhbət açılır, 120 növ plov bişirildiyi vurğulanır.
Məqalədə Novruz bayramı, Novruzaqədərki çərşənbələr haqqında məlumat verilir, bu bayramın xüsusiyyətləri haqqında söhbət açılır.
Materialda, həmçinin Qurban bayramı, Ramazan bayramı və digər təqvimlər haqqında da oxuculara məlumat verilir.
Məqalə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə hazırlanıb.
44 günlük Vətən müharibəsi müddətində Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə qəhrəmanlıqla iştirak etmiş 8 nəfər mədəniyyət işçisi şəhid olub, 10 nəfər mədəniyyət işçisi isə yaralanıb. Mədəniyyət Nazirliyinin dəstəyi ilə şəhid olmuş mədəniyyət işçilərinin ailələrinə və döyüşlərdə yaralanmış mədəniyyət işçilərinə maddi yardım göstərilib. Eyni zamanda, nazirlik tərəfindən şəhid ailələri, döyüşlərdə yaralananlar və müharibə iştirakçıları daim diqqətdə saxlanılır, əlamətdar günlərdə şəhid ailələri ziyarət olunur və mövcud problemlərinin həlli məqsədilə müvafiq dəstək tədbirləri görülür.
Cari ilin 29 yanvar tarixindən bu günədək Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən 100 şəhid və yaralanmış şəxsin ailə üzvü, I və II Qarabağ müharibələri iştirakçıları və onların ailə üzvləri mədəniyyət müəssisələrində işlə təmin edilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, onlardan 53-ü şəhidlərin ailə üzvü, 10-u döyüşlərdə yaralanan, 21-i döyüşlərdə yaralananların ailə üzvü, 10-u müharibə iştirakçısı, 6-sı isə müharibə iştirakçısının ailə üzvüdür.
Mədəniyyət Nazirliyi bu istiqamətdə fəaliyyətini mütəmadi olaraq davam etdirir.
İyulun 28-də “Azərkitab” Kitab Təbliğatı Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun xatirəsinə ithaf edilmiş "Polad necə bərkidi" kitabının təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində Polad Həşimovun anası Səmayə xanım, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi hacı Şahin Həsənli, fəlsəfə doktoru, pedaqoq Mail Yaqub, KİV rəhbərləri və ziyalılar iştirak ediblər.
Tədbir zamanı ilk olaraq Azərbaycanın suverenliyi, ərazi bütövlüyü, torpaqlarımızın toxunulmazlığı uğrunda həlak olan şəhidlərin xatirəsi ehtiramla yad olunub.
Tədbirdə çıxış edən kitabın müəllifi yazar İlqar Kamil kitab haqqında iştirakçılara ətraflı məlumat verib. O qeyd edib ki, kitabda Polad Həşimovun həyat yoluna çox böyük önəm verilir: “Bu kitab şəhid generalımız Polad Həşimov haqqında yazılıb. Belə kitablar çox yazılmalıdır. Ümumiyyətlə, Polad Həşimov kimi şəxsiyyətlər haqqında bu cür məlumatların toplanması təqdirəlayiqdir. Biz bunu gələcək nəsillərə ötürməliyik”.
Daha sonra hər kəsə təşəkkürünü bildirən Səmaya xanım deyib: “Polad sözündən dönməyən mərhəmətli, iradəli, hərdən öz dünyasına qapılan bir uşaq idi. Foto çəkməyi sevərdi. Kənd uşaqlarının səkillərini çəkərdi. Çox cəsarətli idi, hər şeyi öyrənməyə çalışırdı. İdmanla məşğul olaraq, özü də bilmədən özünü bu həyata hazırlayırdı. Hərbi hissədə əsgərləri onu mənim komandirim deyə çağırardı. Kitaba gəlincə, bu işdə kimin zəhməti varsa hər kəsə öz dərin minnətdarlığımı bildirirəm. Mən fəxr edirəm ki, sizin kimi qədirbilən gənclərimiz var”.
Sonra kitab müəllifin imzası ilə tədbir iştirakçılarına təqdim edilib.
Çoxcildliyə yazıçının indiyədək latın qrafikası ilə nəşr olunmamış əsərləri, eləcə də az tirajla yayımlanmış kitabları daxil edilib
Bu il Azərbaycanın Xalq yazıçısı, filologiya elmləri doktoru professor Əzizə Cəfərzadənin (1921-2003) anadan olmasının 100 ili tamam olur. Yubiley ərəfəsində yazıçının çoxcildlik “Seçilmiş əsərləri”nin çapına başlanılıb və artıq bu il 12 cild nəşr olunub. “Elm və təhsil” nəşriyyatında yayımlanan cildlərə yazıçının indiyədək latın qrafikası ilə nəşr olunmamış əsərləri, eləcə də az tirajla yayımlanmış kitabları daxil edilib.
Əzizə Cəfərzadənin oğlu Turan İbrahimov AZƏRTAC-a müsahibəsində bildirib ki, birinci cild yazıçının “Natəvan haqqında hekayələr”i ilə başlayır. Müəllifin “Seçilmiş əsərləri”ndə, həmçinin “Qobustan çökəklərində” romanı, “Qaratel”, “Manar sahillərində”, “Qoşqar”, “Bir zərrə iz...” və başqa povestləri, qırx hekayəsi ilk dəfə nəşr edilib. Hekayə və povestlərin bir qismi Əzizə Cəfərzadənin 1948-ci ildə çap edilmiş və Moskvanın qərarı ilə mətbəədən yığışdırılaraq yandırılmış “Hekayələr” kitabına daxil olan, həmçinin 1948-1963-cü illər ərzində nəşr olunmağa icazə verilmədiyi dövrdə yazdığı əsərlərdir.
Əzizə Cəfərzadənin “Seçilmiş əsərləri”nə filologiya elmləri doktoru professor Vaqif Sultanlı “Ədəbiyyatın vətənsevərlik missiyasi” adlı geniş ön söz yazıb. O, həmçinin bir neçə cildin redaktorudur. Hekayə və povestlərin daxil edildiyi cildlərin tərtibatçısı, redaktoru və ön sözlərinin müəllifi Türkiyənin Mehmet Akif Ersoy Universitetinin müəllimi dosent Pərvanə Bayramdır.
Bu kitablar, ilk növbədə, respublikanın müxtəlif şəhərlərində yerləşən mərkəzi kitabxanalara hədiyyə ediləcək. Artıq xeyli kitabxana “Seçilmiş əsərləri” və son dövrdə nəşr olunmuş kitabları elektron versiyaları ilə birlikdə öz fonduna daxil edib. Yaxın günlərdə digər kitabxanalara da əsərlər veriləcək və yazıçının www.azizajafarzade.com saytında kitabların elektron versiyası yerləşdiriləcək. Bu isə Əzizə Cəfərzadənin ədəbi irsinin Azərbaycanda və respublikadan kənarda yaşayan geniş oxucu kütləsinə çatdırılmasına kömək edəcək.
Yazıçının digər əsərlərinin nəşri üzərində iş davam etdirilir və yeni hazırlanacaq iki cilddə oxuculara onun səyahətnamə janrında qələmə aldığı əsərləri təqdim ediləcək. Sonrakı cildlərdə yazıçının Azərbaycan klassik ədəbiyyatı, aşıq yaradıcılığı, həmçinin qadın aşıq və şairlərə həsr edilmiş elmi-tədqiqat işləri, publisistik məqalələri nəşr olunacaq.
Ötən il də Əzizə Cəfərzadənin yaradıcılığının təbliği baxımından uğurlu olub və onun “Folklor araşdırmaları” və “Anamın nağılları” kitabları işıq üzü görüb. Bu il “Qanun” nəşriyyatı yazıçının “Bakı-1501” romanını yenidən çap edib. Bundan əlavə, “Hədəf nəşrləri” Əzizə Cəfərzadənin “Tanıdıqlarım, sevdiklərim xatirələrimdə”, “Bir səsin faciəsi” və bir neçə digər kitabını rusca nəşr etməyi planlaşdırır. Eləcə də “Altun kitab” nəşriyyatı “Bakı-1501” və “Gülüstan”dan öncə” romanlarının uşaqlar üçün işlənmiş variantını bu il nəşr etməyi nəzərdə tutur. Azərbaycan Milli Kitabxanası isə Əzizə Cəfərzadənin geniş biblioqrafiyasını (yazıçının arxivinin təsviri ilə) nəşrə hazırlayır.
“NUR Art House” sənət məbədi bu dəfə tamaşaçıları gənc fotoqraf Tural Rəhmanlının “Mənim yolumda” adlı fərdi sərgisinə dəvət edir.
AZƏRTAC xəbər verir ki, Bakı Küçə Fotoqrafiyası Festivalının təqdim etdiyi sərginin ekspozisiyasında müəllif tərəfindən Türkiyədə, Ukraynada və Azərbaycanda çəkilmiş kadrlar yer alıb. Bu, müəllifin Azərbaycanda ilk fərdi sərgisidir. Tural Rəhmanlı küçə fotoqrafiyası janrında çəkən nadir fotoqraflardan biridir. Müəllif insanların problemlərində özünəməxsus gözəlliyi və estetikanı görərək, tamaşaçılara onları nəzərdən keçirməyi təklif edir. Sərginin kuratoru Xalid Zeynalovdur.
Sərgi iyulun 31–dən avqustun 9-dək “NUR Art House”da (İçərişəhər, Qəsr küç, 27) nümayiş olunacaq.
Madriddə fəaliyyət göstərən “Lyove” Fondu peşəkar sənətkarlar arasında müsabiqə elan edib.
AZƏRTAC xəbər verir ki, hər bir iştirakçı vahid bədii yaradıcılıq kontekstində tək bir əsər, ya da bir neçə əsərlə çıxış edə bilər.
Birinci yerin qalibinə 50 min avro məbləğində pul mükafatı veriləcək. Müsabiqə keramika, kitab cildləmə, zərgərlik, metal, dəri, tekstil, şüşə, ağac, kağız kateqoriyaları üzrə keçiriləcək.
İşlərin bir neçə rakursdan şəkli çəkilməli və www.loewecraftprize.com veb-səhifəsi vasitəsilə təqdim edilməlidir.
Həvəskar və peşəkar fotoqraflar arasında “Luis Valtuenya Beynəlxalq humanitar fotoqrafiya mükafatı 2021” elan olunub.
AZƏRTAC xəbər verir ki, müsabiqə İspaniyanın “Medicos del Mundo” təşkilatı tərəfindən təşkil edilib.
Hər iştirakçı ən azı 5 və çoxu 10 fotoşəkil təqdim etməlidir. Müsabiqə sağlamlıq, təbii fəlakətlər, humanitar fəaliyyət, beynəlxalq əməkdaşlıq, sosial təcrid, insan haqlarının pozulması, silahlı qarşıdurmalar, həssas qruplar, qaçqın və ya miqrant əhalisi nominasiyaları üzrə keçiriləcək.
Təqdim olunan fotoşəkillər 2020-2021-ci illər arasında çəkilmiş olmalıdır.
Birinci yerin qalibinə 6 min avro və “Leica Q2” professional fotokamerası veriləcək.
Müsabiqə haqqında ətraflı məlumat almaq və müraciət etmək üçün https://premioluisvaltuena.org/en/open-call/ linkinə daxil ola bilərsiniz.
Dominikan Respublikasının salsa və merenqe janrlarının tanınmış ifaçısı Conni Ventura ömrünün 82-ci ilində dünyasını dəyişib.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə “Hoy” qəzeti məlumat yayıb. Məlumatda bildirilib ki, ifaçının ölüm səbəbi ürəktutması nəticəsində baş verib.
Conni Ventura (Xuan de Dios Ventura Soriano) 1940-cı il martın 8-də Santo-Dominqo şəhərində dünyaya göz açıb. O, musiqi karyerasına 1959-cu ildə başlayıb. Həmin ildən ifaçı 50-yə yaxın albom buraxıb. Conni Ventura, həmçinin 1994-2002-ci illər ərzində Santo-Dominqo administrasiyasında müxtəlif vəzifələrdə çalışıb.
Xatırladaq ki, 2020-ci ildə ifaçı koronavirusa yoluxmuşdu.
ABŞ-ın Oklahoma ştatının qubernatoru Con Kevin Stittin başçılıq etdiyi nümayəndə heyəti İçərişəhəri ziyarət edib.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən AZƏRTAC-a bildirilib ki, qurumun əməkdaşları qonaqları Şirvanşahlar Sarayı Kompleksi və Qız qalası ilə yaxından tanış edib, onlara abidələrin tarixi və memarlıq xüsusiyyətləri barədə geniş məlumat veriblər.
Ziyarətçilər daha sonra ötən il açılışı olan Bakı Xan Sarayı Kompleksinin parkı və Yeraltı hamamla tanış olublar. Qonaqlar ərazidə aparılan konservasiya və bərpa işləri haqqında məlumatlandırılıb.
İçərişəhər qonaqlarda zəngin təəssürat yaradıb.