Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • “Karabakh.Center” layihəsi çərçivəsində fotosərgi açılıb

    İyulun 27-də Qarabağ Dirçəliş Fondu uzun müddət ərzində davam edən erməni işğalı nəticəsində xalqımızın Qarabağda maddi-mədəni irsinə, bu regionun biomüxtəlifliyinə və təbii sərvətlərinə dəyən zərərə həsr olunmuş “Karabakh.Center” layihəsində yer alan fotoşəkillərdən ibarət sərgi təşkil edib.

    AZƏRTAC xəbər verir ki, bir müddət əvvəl ictimaiyyətə təqdim olunan “Karabakh.Center” layihəsi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Qarabağ Dirçəliş Fondu tərəfindən Ermənistan-Azərbaycan münaqişəsinin səbəbləri və Ermənistanın təcavüzünün nəticələri barədə obyektiv məlumatların sistemləşdirilməsi və geniş ictimaiyyətə çatdırılması məqsədilə yaradılıb.

    Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev Fondun yaradılması, məqsəd və vəzifələri, fəaliyyət istiqamətləri barədə məlumat verərək bildirib ki, “Karabakh.Center” layihəsi Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılıb. Qeyd edib ki, biz artıq qalib ölkənin vətəndaşlarıyıq və hər birimiz Qarabağın dirçəldilməsi istiqamətində görülən işlərə dəstək olmalı, bu mühüm vəzifə ətrafında güclərimizi birləşdirməliyik.

    “Karabakh.Center” internet resursunda 10 mindən çox foto və videogörüntülər əksini tapıb. Bütün fotoşəkillər və videolar saytın “Urbisid” bölməsində yerləşdirilib. Bölmədə, həmçinin memarlıq abidələrinin işğaldan əvvəl çəkilmiş yüzlərlə fotoşəkli ilə də tanış olmaq mümkündür.

    “Portalda tarixçilər, tədqiqatçılar, jurnalistlər tərəfindən münaqişə və Ermənistanın qeyri-qanuni fəaliyyəti haqqında 150 səhifəlik təhlillər və məqalələr əksini tapıb. Bundan əlavə, bu materiallar Azərbaycan və rus dillərində yerləşdirilib. Məqsədimiz bu materialları dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır. Buna görə də onun sosial şəbəkələrdə geniş təbliğinə başalamışıq. Bu layihəni təqdim etməklə çox güman ki, həmvətənlərimizin səylərini Qarabağın bərpasına səfərbər edəcəyik. “Karabakh.Center” internet resursunun çoxsaylı materialları konkret nümunələr əsasında Azərbaycan xalqının Qarabağda maddi-mədəni irsinə, bu regionun biomüxtəlifliyinə və təbii sərvətlərinə dəyən ziyanın miqyası ilə tanış olmaq imkanı yaradır”, - deyə Rəhman Hacıyev vurğulayıb.

    O, Qarabağ həqiqətlərinin geniş ictimaiyyətə çatdırılmasına xidmət edən bu internet resursunun yaradılmasının təşəbbüskarı olan Mehriban xanım Əliyevaya göstərdiyi etimada, fəal dəstəyə görə isə Müşahidə Şurasının üzvlərinə minnətdarlığını bildirib.

    Rəhman Hacıyev erməni işğalı nəticəsində xalqımızın Qarabağda maddi-mədəni irsinə, bu regionun biomüxtəlifliyinə və təbii sərvətlərinə dəyən zərərə həsr olunmuş fotosərginin əhəmiyyətindən danışaraq, bu formada tədbirlərin mütəmadi şəkildə keçiriləcəyini bildirib.

    O, həmçinin işğaldan azad edilmiş ərazilərdə çəkilmiş foto və videoların böyük bazasına çıxışı təmin edən Azərbaycan Dövlət İnformasiya Agentliyinə (AZƏRTAC) və “Azərbaycan Televiziya və Radio verilişləri” QSC-yə (AZTV) təşəkkür edib.

    Milli Məclisin deputatı, Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvü Fatma Yıldırım ermənilər tərəfindən Azərbaycan ərazilərində bütün infrastrukturun, sosial, iqtisadi, mədəni obyektlərin, tarixi və dini abidələrin tamamilə məhv edilməsi faktlarının əksini tapdığı “Karabakh.Center” portalının və Qarabağ həqiqətlərinin daha geniş kütləyə çatdırılmasında belə tədbirlərin önəmindən danışıb.

    Fatma Yıldırım hər kəsi Azərbaycan dövlətinin qarşısında duran bərpa-yenidənqurma işlərində fəal iştirak etməyə və bu istiqamətdə görülən işlərə bu və ya digər formada dəstək olmağa dəvət edib. Erməni işğalı nəticəsində ərazilərimizə dəyən zərərin miqyasından danışan deputat postkonflikt dövrünün bərpasının böyük maliyyə vəsaiti və resursların səfərbərliyini tələb edən bir proses olduğunu vurğulayaraq, bu dövrdə dövlət – özəl sektor əməkdaşlığının, vətəndaşların səylərinin Qarabağın dirçəlişinə böyük töhfə verə biləcəyini deyib.

    Qarabağ Dirçəliş Fondunun Fandreyzinq və kommunikasiya şöbəsinin rəhbəri Aybəniz İsmayılova abidələrin zənginliyi ilə seçilən, mədəniyyətimizin beşiyi hesab olunan Qarabağ bölgəsinin Ermənistanın işğalı nəticəsində orada olan bütün muzeylərin, məscidlərin, abidələrin dağıdılması barədə danışarkən, xalqımızın Birinci Qarabağ savaşında torpaqlarımızı itirməklə yanaşı, böyük bir sosioloji apokalipsis yaşadığını xüsusilə vurğulayıb. O qeyd edib ki, biz bu sosioloji kollapsı yalnız otuz ildən sonra, saysız ənənələrimiz, bizi biz edən etnik özəlliklərimiz, bölgəsəl yaşam tərzimiz əlimizdən çıxandan sonra görə bildik. Bu isə bir milyona yaxın insanın gündəlik, ənənəvi həyat tərzinin itirilməsi demək idi.

    Aybəniz İsmayılova Ermənistanın ərazilərimizi işğal etməsinin nəticəsi olaraq, azərbaycanlıların bütün mülkiyyətlərindən və həyat tərzlərindən məhrum olması, məhz bu işğal nəticəsində insanların evini, ocağını tərk etməyə məcbur olması, otuz ilə yaxın müddətdə doğma torpaqlarından ayrı düşməsini qeyd edərkən, bu gün qalib ölkənin nümayəndələri kimi, hər şeyi daha gözəl formada bərpa etmək iqtidarında olmağımızdan danışıb. O, keçmişi unutmamaqla gözəl gələcək qurmaq üçün hər bir azərbaycanlını səfərbər olmağa çağırıb.

    Qarabağ Dirçəliş Fondunun PR və kommunikasiya üzrə koordinatoru Pərvin Məmmədova bu mühüm vəzifədə Fonda ianə edərək dəstək olmaq, bərpa və quruculuq prosesinin iştirakçısına çevrilmək istəyən şəxslərin rahatlıqla ödəniş edə bilməsi üçün “İanə et” funksiyasının əlavə olunduğu platformalar haqqında məlumat verib. İanə prosesini asanlaşdırmaq və bütün mümkün platformalara bu funksiyanı əlavə etmək istiqamətində işlərin davam etdirildiyini diqqətə çatdıran Pərvin Məmmədova bildirib ki, yeniliklər barədə ictimaiyyətə mütəmadi olaraq məlumat veriləcək. O qeyd edib ki, Prezident İlham Əliyevin Fərmanı ilə yaradılan Qarabağ Dirçəliş Fondu bu işdə səylərin birləşdirilməsi üçün vahid və əlçatan platformadır.

    Sonra tədbirdə fotosərgi ilə yanaşı, dağıdılmış binaları, yerlə-yeksan olunan tarixi abidələri əks etdirən “Qarabağda Urbisid” adlı sənədli film və saytın təqdimat videosu nümayiş olunub.

  • “Qarabağ müharibəsi qəhrəmanları” fonduna yeni nəşrlər daxil olub

    Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında fəaliyyət göstərən “Qarabağ müharibəsi qəhrəmanları” fonduna nəşrlər toplanmaqda davam edir.

    Kitabxanadan AZƏRTAC-a bildiriblər ki, daxil olan nəşrlər fondu daha da zənginləşdirərək, tariximizin kitablar vasitəsilə gələcək nəsillərə ötürülməsi üçün olduqca böyük əhəmiyyət daşıyır. Fonda yeni daxil olan nəşrlər sırasında Qəzənfər Paşayevin “Xilaskarlar”, Rahil Məmmədin “Vətən oğlu”, həmçinin redaktoru Çinarə Ömray olan zəfər şəhidi baş leytenant Vüsal Kazımova həsr edilmiş “Vətən Vüsal dedi” adlı kitablar mövcuddur.

    “Xilaskarlar” kitabında müəllif ümummilli lider Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizin və xalqımızın tarixindəki mühüm rolundan bəhs edib.

    Nəşrlər sırasında yer alan Rahil Məmmədin müəllifi olduğu “Vətən oğlu” kitabında Azərbaycanın Milli Qəhrəmanı şəhid Murad Mirzəyev haqqında poema və vətənpərvərlik mövzusunda şeirlər toplanıb.

    “Vətən Vüsal dedi” kitabı Azərbaycan Ordusunun baş leytenantı, Vətən müharibəsi zamanı Füzuli əməliyyatında, Cəbrayıl uğrunda gedən döyüşlərdə, Xocavənd rayonunun və Şuşanın azad edilməsində qəhrəmancasına iştirak edərək şəhidlik zirvəsinə ucalan Vüsal Kazımov haqqındadır.

    Həmin nəşrlər AMEA-nın Mərkəzi Elmi Kitabxanasının e-kataloquna daxil edilərək rəqəmsallaşdırılır.

  • Mədəniyyət Nazirliyi şəhid olmuş mədəniyyət işçilərinin ailələrini daim diqqətdə saxlayır

    44 günlük Vətən müharibəsi müddətində Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə qəhrəmanlıqla iştirak etmiş 8 nəfər mədəniyyət işçisi şəhid olub, 10 nəfər mədəniyyət işçisi isə yaralanıb. Mədəniyyət Nazirliyinin dəstəyi ilə şəhid olmuş mədəniyyət işçilərinin ailələrinə və döyüşlərdə yaralanmış mədəniyyət işçilərinə maddi yardım göstərilib.

    AZƏRTAC xəbər verir ki, nazirlik tərəfindən şəhid ailələri, döyüşlərdə yaralananlar və müharibə iştirakçıları daim diqqətdə saxlanılır, əlamətdar günlərdə şəhid ailələri ziyarət olunur və mövcud problemlərinin həlli məqsədilə müvafiq dəstək tədbirləri görülür.

    Bu ilin yanvar ayının 29-dan bu günədək Mədəniyyət Nazirliyi tərəfindən 100 şəhid və yaralanmış şəxsin ailə üzvü, I və II Qarabağ müharibələri iştirakçıları və onların ailə üzvləri mədəniyyət müəssisələrində işlə təmin edilib. Onlardan 53 nəfər şəhidlərin ailə üzvü, 10 nəfər döyüşlərdə yaralan, 21 nəfər döyüşlərdə yaralanların ailə üzvü, 10 nəfər müharibə iştirakçısı, 6 nəfər isə müharibə iştirakçısının ailə üzvüdür.

    Mədəniyyət Nazirliyi bu istiqamətdə fəaliyyətini mütəmadi olaraq davam etdirir.

  • Kitabxana Nobel ədəbiyyat mükafatçısı Bernard Şou haqqında videoçarx hazırlayıb

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının Metodika-biblioqrafiya şöbəsi böyük ingilis dramaturqu, Nobel ədəbiyyat mükafatçısı Bernard Şouya həsr edilmiş videoçarx hazırlayıb.

    İdarədən AZƏRTAC-a bildirilib ki, videoçarx kitabxananın sosial media səhifələrində yayımlanıb.

    Videomaterialda dramaturq haqqında ətraflı məlumat verilib. Bildirilib ki, Bernard Şou 26 iyul 1856-cı ildə İrlandiyanın paytaxtı Dublində anadan olub. 20 yaşında Londona köçərək jurnalist kimi fəaliyyət göstərməyə başlayıb. 1882-1883-cü illərdə çap olunan “Artistin məhəbbəti” və “Həvəskar sosialist” romanları ilə ədəbi ictimaiyyətin rəğbətini qazanan Bernard Şounun “Piqmalion” pyesi bu gündə dünya teatrlarında uğurla oynanılır.

  • Qənirə Paşayeva məşhur fotojurnalist Reza Deqati ilə görüşüb

    Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva ictimai xadim, fotojurnalist, Milli Coğrafiya Cəmiyyətinin məşhur fotoqrafı, Fransa vətəndaşı Reza Deqati ilə görüşüb, onu doğum günü münasibətilə təbrik edib.

    AZƏRTAC xəbər verir ki, Mədəniyyət komitəsində baş tutan görüşdə Q.Paşayeva R.Deqatinin istər 90-cı illərdə, istərsə 44 günlük Vətən müharibəsində erməni vandalizminin fotofaktlarla ifşa edilməsi, Azərbaycan həqiqətlərinin beynəlxalq aləmdə yayılması sahəsində xidmətlərini minnətdarlıqla vurğulayıb:

    “Siz dünyanın harasında yaşayıb, çalışsanız da doğma Azərbaycana bağlılığınızı bir an belə unutmamış, necə deyərlər, Azərbaycanla nəfəs almısınız. Siz 1991-ci ildən etibarən Milli Coğrafiya Cəmiyyəti ilə əməkdaşlığa başlamısınız və Cəmiyyətin bir çox layihələrini həyata keçirmisiniz. Çəkdiyiniz şəkillər 25 jurnalın üz qabığı olub. Həyat yoldaşınız yazıçı Reyçel Diqqəti ilə birlikdə Parisdə “Webistan” Foto Agentliyinin əsasını qoymusunuz (1992). 1990-cı ildə Əfqanıstanda BMT-nin məsləhətçisi olaraq, ölkənin quzey əyalətlərində yenidənqurma və yardım proqramında 9 ay fəaliyyət göstərmisiniz. 1996-cı ildə, UNICEF və Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə əməkdaşlıq edərək Ruandada qaçqın şəhərciklərində şəkillər çəkməyə başlamısınız. Və bu şəkillər sonradan qarışıqlıq zamanı valideynlərini itirmiş övladlara öz valideynlərini (və ya övladlarını itirmiş valideynlərə öz övladlarını) tapmağa kömək olmuşdur. Konqo Demokratik Respublikasında olan 12 min uşağın şəklini çəkərək onları qaçqın şəhərciklərində nümayiş etdirmisiniz. Bütün bu və bənzəri çalışmalarınız içində, əlbəttə, doğma Azərbaycanda baş verən hadisələrə - özəlliklə, Qarabağın işğalına biganə qalmamış, çoxsaylı yaddaqalan fotolarınızla Ermənistanın vandalizm aktlarını dünyaya nümayiş etdirmisiniz. 44 günlük Vətən müharibəsində də, öz doğma xalqınıza və sənət kredonuza sədaqət nümayiş etdirərək, yeni fotolarla çıxış etmisiniz. Bu günlərdə sizin əsərləriniz Bakıda – Heydər Əliyev Mərkəzinin həyətində sərgilənməkdə və geniş tamaşaçı rəğbəti ilə qarşılanmaqdadır. Sizin uşaqlarla, qaçqınlarla bağlı layihələriniz beynəlxalq humanitar qurumların diqqətini cəlb edib”.

    Komitə sədri görkəmli sənətkara Qarabağ motivli xatirə hədiyyəsi və Komitənin təşəkkür məktubunu təqdim edib.

    Görüşdə sənətkarın bacısı, “Banu" Moda evinin modelyer-dizayneri Pəriçöhrə Deqati və “Nəfəs” İctimai Birliyinin sədri Firəngiz Balakişiyeva iştirak ediblər.

    R.Deqati səmimi görüş və fikir mübadiləsi üçün Komitə sədrinə təşəkkür edib.

  • Bu gün görkəmli bəstəkar Vasif Adıgözəlovun doğum günüdür

    Müasir Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli simalarından danışarkən bu məktəbin layiqli nümayəndəsi Vasif Adıgözəlovun yaradıcılığını xüsusilə qeyd etmək lazımdır. Musiqi mədəniyyətimizə möhtəşəm töhfələr verən Vasif Adıgözəlov bu gün də incəsənət xadimləri, musiqiçilər tərəfindən böyük minnətdarlıqla xatırlanır, əsərləri repertuarlardan düşmür. Vasif Adıgözəlov Azərbaycan musiqi tarixində öz yeri, öz dəst-xətti olan bəstəkarlardandır. Yaratdığı ölməz sənət inciləri ilə mənsub olduğu xalqın mədəniyyət tarixinə bənzərsiz töhfələr verən sənətkarın sənət dünyası əbədiyaşardır, bənzərsizdir...

    AZƏRTAC xəbər verir ki, bu gün Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrindən biri, Xalq artisti, professor, Dövlət mükafatı laureatı, "Şöhrət" və "İstiqlal" ordenli, unudulmaz bəstəkar Vasif Adıgözəlovun anadan olmasının 86-cı ildönümü tamam olur.

    Vasif Adıgözəlov 1935-ci il iyul ayının 28-də Bakıda məşhur muğam ustası Zülfü Adıgözəlovun ailəsində dünyaya göz açıb. İlk musiqi təhsilini konservatoriyanın nəzdindəki 10 illik musiqi məktəbində pianoçu kimi alıb. 1953-cü ildə Azərbaycan Dövlət Konservatoriyasına daxil olub. Bəstəkarlıq üzrə Qara Qarayevin , fortepiano üzrə Simuzər Quliyevanın sinfində təhsilini davam etdirib. 1959-cu ildə həmin təhsil ocağını iki ixtisas üzrə bitirib. 1958-ci ildən əmək fəaliyyətinə başlayan sənətkar müxtəlif mədəniyyət ocaqlarında məsul vəzifələrdə çalışıb. Bəstəkarın əməyi hər zaman yüksək qiymətləndirilərək ən yüksək fəxri adlara, orden və medallara layiq görülüb.

    Görkəmli bəstəkar 2006-cı il sentyabrın 16-da dünyasını dəyişib və Fəxri xiyabanda dəfn olunub.

    Vasif Adıgözəlovun yaradıcılığı milli musiqi mədəniyyətimizdə xüsusi rola və əhəmiyyətə malikdir. Onun əsərləri nəinki ölkəmizin, dünyanın bir çox yerlərində, o cümlədən, Almaniya, Bolqarıstan, Çexiya, Meksika, Kosta-Riko, Venesuela, Kuba, Türkiyə, İran və keçmiş SSRİ respublikalarının musiqi ictimaiyyətinə yaxşı tanışdır.

    V.Adıgözəlovun yaradıcılığı çox geniş və rəngarəngdir. Onun müxtəlif musiqi janrlarında yazdığı yüksək səviyyəli sənət əsərləri geniş dinləyici kütləsinin rəğbətini qazanıb. Bəstəkar 2 operanın - "Ölülər" və "Natəvan", 6 musiqili komediyanın - o cümlədən, "Nənəmin şahlıq quşu", bəstəkar Ramiz Mustafayevlə birgə yazdığı "Hacı Qara", "Boşanaq - evlənərik", "Aldın payını, çağır dayını", həmçinin, "Odlar yurdu", "Qarabağ şikəstəsi", "Çanaqqala-1915", "Qəm karvanı" oratoriyalarının, 3 simfoniyanın, "Segah" muğam-simfoniyasının, "Mərhələlər", "Afrika mübarizə edir" simfonik poemalarının, 5 instrumental konsertin, çoxlu sayda kamera-instrumental əsərlərin, 100-ə qədər mahnı və romansın, dram tamaşalarına və kinofilmlərə yazılmış musiqinin müəllifidir.

    Bəstəkarın müxtəlif janrları əhatə edən yaradıcılığının çox hissəsini fortepiano üçün musiqi təşkil edir. Bu da təsadüfi deyil. Onun bir pianoçu kimi istedadı musiqi ictimaiyyəti tərəfindən həmişə yüksək qiymətləndirilib. Bəstəkar hələ tələbəlik illərindən başlayaraq, fortepiano üçün prelüdlərdən tutmuş ən iri həcmli instrumental əsər - piano və orkestr üçün 3 "Konsert"in, skripka və orkestr üçün, violonçel və orkestr üçün konsertin müəllifidir.

    Bəstəkarın yaradıcılığında monumental vokal-simfonik əsərlər də üstünlük təşkil edir. Onun müxtəlif illərdə bəstələdiyi "Odlar yurdu", "Qarabağ şikəstəsi", "Çanaqqala-1915" oratoriyaları xalqın tarixini, onun azadlıq və müstəqillik uğrunda mübarizəsini və qələbəsini tərənnüm edən yüksək vətənpərvərlik ruhunda yazılmış sənət əsərləridir. Xüsusilə, "Çanaqqala-1915" qəhrəmanlıq epopeyasına ilk dəfə Azərbaycan bəstəkarı Vasif Adıgözəlov müraciət etmiş və bu monumental əsər Türkiyə xalqının həyatında əlamətdar bir hadisə kimi yüksək qiymətləndirilib.

    İri monumental əsərlərlə yanaşı, bəstəkarın mahnıları da öz səmimi, ecazkar melodiyası ilə xalqımızın ürəyinə yol tapıb. Onun dillər əzbəri olan "Qərənfil", "Bakı", "Xoşum gəlir", "Naz-naz", "Şuşa laylası", "Ana" kimi mahnıları insanın ülvi hisslərinin yüksək bədii təzahürüdür.

    Azərbaycan musiqi ictimaiyyəti V.Adıgözəlovu həm də fəal ictimai xadim kimi sevmiş və tanımışdır. O, müxtəlif illərdə Bakı Musiqi Texnikumunda direktor, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblında, Azərbaycan Dövlət Filarmoniyasında bədii rəhbər, Bakı Musiqi Akademiyasında kafedra müdiri və Azərbaycan Bəstəkarlar İttifaqında birinci katib kimi çalışaraq böyük təşkilatçılıq qabiliyyəti göstərməklə yanaşı, öz səmimi və mehriban xasiyyəti ilə ictimaiyyətin dərin rəğbətini qazanıb.

    Azərbaycan muğamlarının mahir bilicisi, görkəmli xanəndə Zülfü Adıgözəlovun ailəsində doğulub boya-başa çatmış Vasif Adıgözəlovun xalq musiqisi mühitində tərbiyə olunması onun yaradıcılığının milli zəmində formalaşmasına bilavasitə təsir göstərib. Müasir bəstəkarlıq texnikasının incəliklərini mənimsəməklə pianoçuluq məharətinə yiyələnməklə yanaşı, V.Adıgözəlov xalq musiqi qaynaqlarından bəhrələnərək, öz zəngin təxəyyülünün məhsulu olan orijinal əsərlər yaradıb.

    Qeyd edək ki, görkəmli bəstəkarın 80 illik yubileyi ölkəmizdə dövlət səviyyəsində qeyd olunub. Bu məqsədlə Azərbaycan Prezidenti İlham Əliyev "Vasif Adıgözəlovun 80 illik yubileyinin keçirilməsi haqqında" 2015-ci il 11 fevral tarixli Sərəncam imzalayıb. Sərəncama uyğun olaraq ölkəmizin hər yerində silsilə tədbirlər keçirilib.

    Vasif Adıgözəlovun yaratdığı ölməz sənət inciləri Azərbaycan musiqisinin ən dəyərli nümunələrindən biri kimi əsrlərboyu yaşayacaq, öz müəllifini heç zaman unudulmağa qoymayacaq. Bax, əsl sənətkarın da gücü və istedadı ondadır ki, onun yaratdıqları hər zaman əbədiyaşar olaraq qalır.

  • XII Qəbələ Musiqi Festivalı: Yeni görüşlər, yeni ifalar

    Qəbələ Azərbaycanın qədim və gözəl güşələrindən biridir. Qəbələnin qədim tarixə malik olması, əlverişli coğrafi şəraitdə yerləşməsi, günü-gündən inkişaf edən mədəniyyəti dünyaya səs salır. Öz yüksək musiqi-mədəni mühiti ilə hər zaman seçilən Qəbələ şəhəri bu il yenə də öz musiqisevərlərini sevindirəcək. 2009-cu ildə əsası qoyulan və ötən müddətdə dünya musiqi xəritəsində özünə layiqli yer qazanan Qəbələ Musiqi Festivalı XII dəfə sənətsevərlərin görüşünə gələcək. Heydər Əliyev Fondunun təşkilatçılığı və dəstəyi, həmçinin Azərbaycan Respublikasının Təhsil və Mədəniyyət nazirlikləri, Bakı Musiqi Akademiyasının dəstəyi ilə keçirilən, xarici və yerli musiqiçilərin rəğbətini qazanan, gözəl bir ənənəyə çevrilən festival bu dəfə iyulun 31-dən – avqustun 4-dək reallaşacaq.

    AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Milli Konservatoriyasının elmi katibi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Jalə Qulamovanın festival haqqında qələmə aldığı yazıda yer alıb.

    Müəllif yazıda qeyd edir: “Builki festival əlamətdar bir hadisəyə həsr olunub. Məlum olduğu kimi bu il Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illik yubileyi qeyd olunur. Azərbaycan mədəniyyəti tarixinə parlaq səhifələr yazan, musiqi sənətimizi ölkəmizin hüdudlarından uzaqlarda təmsil edən, öz yaradıcılıqları ilə tanınan görkəmli sənətkarların, tanınmış ifaçıların bir neçə nəsli məhz Bakı Musiqi Akademiyasının məzunlarıdır. Yubileyin keçirilməsi ilə bağlı Prezident İlham Əliyev 26 may 2021-ci il tarixində Sərəncam imzalayıb. Bununla bağlı Respublikamızın bir çox bölgələrində, musiqi-tədris ocaqlarında müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulub. Məlum olduğu kimi, sonuncu festival 2019-cu ildə keçirilib. Lakin məlum hadisələrlə əlaqədar, pandemiya dövrünə düşdüyü üçün ötən ilin yayında bu festivalın keçirilməsi mümkün olmadı. Bu il karantin şərtləri bir qədər yumşaldığı üçün XII Qəbələ Musiqi Festivalını keçirmək mümkün olacaq. Heydər Əliyev Fondu tərəfindən əsası qoyulan bu möhtəşəm incəsənət layihəsi hər il azərbaycanlılarla yanaşı, dünyanın tanınmış kollektivlərini, solistlərini bir araya gətirib. Müxtəlif ölkələrdən (Azərbaycan, İtaliya, İspaniya, Rusiya, Xorvatiya, Almaniya, Ukrayna, İsrail və s.) məşhur kollektivlərin, solistlərin və dirijorların qatıldığı Qəbələ festivalı hər dəfə yaddaşlarda silinməz izlər buraxmış, tamaşaçılara xoş anlar yaşatmışdır. Ötən festivallarda dünyanın 150-dən çox tanınmış musiqiçisi Qəbələ səhnəsində konsert verib – Dmitri Yablonski (festivalın bədii rəhbəri, Rusiya-ABŞ); Oksana Yablonskaya, Pavel Serbin (violin ifaçısı, Avstriya), Anastasiya Jivotovskaya (pianoçu, Rusiya), Cankarlo de Lorenzo (İtaliya Simfonik Orkestrinin dirijoru), Aleksey Miltıx (Azərbaycanın Əməkdar artisti, violonçel ifaçısı, Ukrayna), Aleksandr Qindin (rusiyalı pianoçu), Luis el Qranaino (“Barselona və Flamenko” ansamblının üzvü, İspaniya), Janna Qandelmann (violin ifaçısı, İsrail), Pol Mayer (fransalı dirijor), Taras Yaropud (violin ifaçısı, Ukrayna), Annel Qreqori, Olqa Yermakova, Eduard Vulfson, Nora Romanov-Şvartsberq, Tomer Lev, Mine Kurtoğlu, Mixail Xoxlov, Salvador Brotons və başqaları. Bu, əlbəttə, Azərbaycan musiqisinin dünyada tanıdılması üçün böyük imkanlar yaradır. Festivalın müxtəlif ölkələrdən olan iştirakçıları beynəlxalq musiqi bayramı haqqında, ölkəmizin zənginlikləri barədə təəssüratlarını bölüşüblər. Təəssüflər olsun ki, bu il məlum hadisələrlə əlaqədar xarici ölkələrdən qonaqların iştirakı nəzərdə tutulmayıb”.

    Festivalda iştirak edən orkestrlər və tanınmış şəxslərlə bağlı məlumat verən müəllif əlavə edib: “Festival çərçivəsində keçirilən konsertlərdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Baku Chamber Orchestra” Gənclər Kamera Orkestri, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tələbə Simfonik Orkestri, “Qaytağı” ansamblı, “Clarte” klarnet kvarteti, “Furioso” kvarteti, Yerusəlim Simfonik Orkestri, Jovenes Clasicos del Son instrumental qrupu (Kuba), Tbilisi Big Band orkestri (Gürcüstan), Gypsy Band (Budapeşt), Xalq artistləri Fərhad Bədəlbəyli, Murad Adıgözəlzadə, Yeganə Axundova, Şükür Səmədov, Ənvər Sadıqov, Samir Cəfərov, Əməkdar artistlər Fuad İbrahimov, Aleksey Miltıx, Sahib Paşazadə, Çinarə Heydərova, Emil Əfrasiyab, beynəlxalq müsabiqələr laureatları Səidə Tağızadə, Nərmin Nəcəfli, Cavad Tağızadə, Məhərrəm Hüseynov, Mahir Tağızadə, Taleh Yahyayev, Ziba Rəcəbli, Toğrul Hüseynli, Vurğun Vəkilov, istedadlı gənc solistlər, muğam ifaçıları və digərləri öz maraqlı konsert ifaları ilə çıxış ediblər. Xüsusən bu festivallarda Azərbaycan Milli Konservatoriyasının dəyərli muğam ustadları və onların tələbələrinin çıxışları, dahi Üzeyir bəyin ölməz operalarının məhz bu xanəndələr tərəfindən ustalıqla ifaları da hər zaman musiqisevərlərin dərin rəğbətini qazanıbdır. Festivallarda Xalq artisti, M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru Murad Adıgözəlzadə tərəfindən təşkil olunan və Xalq artisti, festivalın bədii rəhbəri Fərhad Bədəlbəyli tərəfindən dəstəklənən “Gənclərə dəstək” layihəsinin iştirakçıları, istedadlı musiqiçilər konsert proqramı ilə çıxış etmişlər. Musiqi ictimaiyyəti arasında böyük rəğbətlə qarşılanan Qəbələ Musiqi Festivalının builki proqramı çox zəngindir. Musiqisevərlər 5 gün davam edəcək festivalda bir çox musiqi kollektivlərinin maraqlı konsert proqramından zövq alacaqlar. Bu festivalda klassik musiqi ilə yanaşı, muğam, vokal, kamera musiqisi axşamları da təşkil olunub”.

    “Festivalın bədii rəhbəri SSRİ və Azərbaycanın Xalq artisti, professor Fərhad Bədəlbəyli, icraçı direktoru Əməkdar artist Səbinə Əsədova, festivalın koordinatoru və bukletin tərtibatçısı Azərbaycan Dövlət Akademik Filarmoniyasının quruluşçu rejissoru, musiqişünas Ayla Kərimova-Zəkəriyyə, festivalın təşkilat komitəsinin üzvləri, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tədris işləri üzrə prorektoru, Əməkdar müəllim, pedaqoji elmlər namizədi, professor Nərminə Quliyeva, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Beynəlxalq əlaqələr, ictimai əlaqələr və sosial məsələlər üzrə prorektoru, Xalq artisti, professor Yeganə Axundova, Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktor müavini Afət Mikayılov; festivalın aparıcıları Xalq artisti, professor Zəhra Quliyeva, Əməkdar artist Oleq Əmirbəyovdur.

    İlk olaraq iyulun 31-də saat 17.00-da Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələrinin konserti keçiriləcək. Heydər Əliyev Konqres Mərkəzində baş tutacaq konsertdə respublika və beynəlxalq müsabiqələr laureatları Leyla Zeynalova (piano), Atabala Manafzadə (piano), Cəmil Sədizadə (piano), Rəşid Behbudov (piano), Jalə Mayılova (piano), Osman Mustafazadə (violin), Səbinə Muradova (piano), Orxan Hüseynov (violonçel), Zərrin Əliyeva (violin), Aysel Abdullayeva (violin), Nigar Həsənli (viola), Nicat Məmmədov (fleyta), Gülər Ağayeva (piano, Mehman Səlimov (truba), Kənan Xəlilzadə (klarnet), Nigar Əsgərova (vokal), Sübhan Rüstəmov (vokal), Fəqan Həsənli (piano) çıxış edəcəklər.

    XII Qəbələ Musiqi Festivalının təntənəli açılışı saat 21.00-da açıq səhnədə (Qafqaz Resort) Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestrinin ifası ilə baş tutacaq. Açılışda bədii rəhbər və baş hərbi dirijor Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi Hərbi Orkestr Xidmətinin rəisi, Xalq artisti, general-mayor Yusif Axundzadə və orkestr rəisi, Əməkdar incəsənət xadimi, polkovnik-leytenant Rüfət Axundzadənin rəhbərliyi ilə hərbi dirijor baş leytenant Elnur Qurbanov və solistlər Arslan Növrəsli (tar), Aynur İsgəndərli (vokal), Kənan Qədimov (vokal), Gülnar Qüdrətli (xanəndə), Namiq Qurbanov (zurna, balaban), Anar Hüseynovun (nağara) ifası dinləniləcək.

    Növbəti gün saat 17.00-da Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələrinin konserti Heydər Əliyev Konqres Mərkəzində keçiriləcək.

    Axşam isə Heydər Əliyev Konqres Mərkəzində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin "Bakı Kamera orkestri"nin konserti gözlənilir.

    Avqustun 2-də Heydər Əliyev Konqres Mərkəzi öz tamaşaçılarını Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllimlərinin konserti ilə sevindirəcək. Həmin gün saat 21.00-da açıq səhnədə (Qafqaz Resort) Muğam Axşamı "Zəfər muğam kompozisiyası" muğamsevərlərin ürəyincə olacaq. Növbəti günün konsert proqramı Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının istedadlı müəllimlərinin ifasında bir-birindən maraqlı əsərlər dinləniləcək. Axşam isə açıq səhnədə Bədii rəhbər və baş dirijor Xalq artisti Rauf Abdullayevin rəhbərlik etdiyi Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə Əməkdar artist, istedadlı violin ifaçısı Elvin Qəniyevin konserti baş tutacaq. Avqustun 4-də 17.00-da Konqres Mərkəzində Respublika və Beynəlxalq müsabiqələr laureatı Eldəniz Ələkbərzadənin ifasında “Fortepiano musiqisi axşamı” keçiriləcək.

    XII Qəbələ Musiqi Festivalının təntənəli bağlanışı həmin gün saat 21.00-da açıq səhnədə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti əsasında Azərbaycan Milli Konservatoriyasının professoru, Xalq artisti Fəxrəddin Kərimovun dirijorluğu ilə “Viva opera” ilə olacaq. Ümid edirik ki, maraqlı və rəngarəng musiqi proqramının təqdim olunacağı builki festival qonaqların yaddaşında, Azərbaycan musiqi mədəniyyəti tarixində mənalı səhifələrdən biri kimi qalacaq”, - deyə yazıda qeyd edilir.

  • Azərbaycan simfonik musiqisi SONY leyblinin təqdimatında

    Bu günlərdə Azərbaycan klassik musiqisinə olduqca önəmli töhfə verilib. Dünya şöhrətli SONY leybli Avropanın ən yaxşı heyətlərindən biri olan – Liepay Simfonik Orkestrinin (LSO) ifasında Azərbaycan simfonik musiqisinin incilərindən ibarət disk buraxacaq.

    Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Azərbaycanın tanınmış dirijoru, respublikanın Xalq artisti Yalçın Adıgözəlovun ifasında Niyazinin “Rast”, Vasif Adıgözəlovun “Segah” simfonik muğamları, V.Adıgözəlovun və T.Elçinin “Qarabağ Şikəstəsi” oratoriyası ifa edilərək yazıya alınıb. Diskin üz qabığının tərtibatı Azərbaycanın məşhur rəssamı Toğrul Nərimanbəyovun əsəri əsasında hazırlanıb. Əsərlərin digər ifaçıları – solist xanəndələr Mənsum İbrahimovun, Elçin Haşımovun, Elnur Əhmədovun təmsil etdiyi “Qarabağ” triosudur.

    Azərbaycan simfonik xəzinəsi incilərinin ümumdünya səviyyəli səsyazma şirkəti tərəfindən ifa olunub, yazıya alınması mədəniyyətimiz adına əlamətdar hadisədir. Həm dünya standartlarına uyğun kamil keyfiyyətli səs yazısı, həm də ifaçıların məharətli ifası ölkəmiz və onun sənətsevərləri üçün olduqca önəmli və qürurvericidir.

  • Şəhid ailələrinə və müharibə iştirakçılarına yardımlar davam edir
    44 günlük Vətən müharibəsi müddətində Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə qəhrəmanlıqla iştirak etmiş 8 nəfər mədəniyyət işçisi şəhid olub, 10 nəfər mədəniyyət işçisi isə yaralanıb. Mədəniyyət Nazirliyinin dəstəyi ilə şəhid olmuş mədəniyyət işçilərinin ailələrinə və döyüşlərdə yaralanmış mədəniyyət işçilərinə maddi yardım göstərilib. Eyni zamanda, Nazirlik tərəfindən şəhid ailələri, döyüşlərdə yaralananlar və müharibə iştirakçıları daim diqqətdə saxlanılır, əlamətdar günlərdə şəhid ailələri ziyarət olunur və mövcud problemlərinin həlli məqsədilə müvafiq dəstək tədbirləri görülür.  Cari ilin 29 yanvar tarixindən bu günədək Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən 100 şəhid və yaralanmış şəxsin ailə üzvü, I və II Qarabağ müharibələri iştirakçıları və onların ailə üzvləri mədəniyyət müəssisələrində işlə təmin edilmişdir. Onlardan 53 nəfər şəhidlərin ailə üzvü, 10 nəfər döyüşlərdə yaralan,  21 nəfər  döyüşlərdə yaralanların ailə üzvü, 10 nəfər müharibə iştirakçısı, 6 nəfər isə müharibə iştirakçısının ailə üzvüdür. Mədəniyyət Nazirliyi bu istiqamətdə fəaliyyətini mütəmadi olaraq davam etdirilir.  
  • Azərbaycan simfonik musiqisi SONY leyblının təqdimatında
    Bu günlərdə Azərbaycan klassik musiqisinə olduqca önəmli töhfə verilib. Dünya şöhrətli SONY leybli Avropanın ən yaxşı heyətlərindən biri olan – Liepay Simfonik Orkestrinin (LSO) ifasında Azərbaycan simfonik musiqisinin incilərindən ibarət disk buraxacaq. Azərbaycanın tanınmış dirijoru, respublikanın Xalq artisti Yalçın Adıgözəlovun ifasında Niyazinin “Rast”, Vasif Adıgözəlovun “Segah” simfonik muğamları, V.Adıgözəlovun və T.Elçinin “Qarabağ Şikəstəsi” oratoriyası ifa edilərək yazıya alınıb. Diskin üz qabığının tərtibatı Azərbaycanın məşhur rəssamı Toğrul Nərimanbəyovun əsəri əsasında hazırlanıb.  Əsərlərin digər ifaçıları – solist xanəndələr Mənsum İbrahimovun, Elçin Haşımovun, Elnur Əhmədovun təmsil etdiyi “Qarabağ” triosudur. Azərbaycan simfonik xəzinəsi incilərinin ümumdünya səviyyəli  səsyazma şirkəti tərəfindən ifa olunub, yazıya alınması mədəniyyətimiz adına əlamətdar hadisədir. Həm dünya standartlarına uyğun kamil keyfiyyətli səs yazısı, həm də ifaçıların məharətli ifası ölkəmiz və onun sənətsevərləri üçün olduqca önəmli və qürurvericidir.